Cənnətin itirilmiş xəritəsi - İsbiru və sabiru Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

"Zaman geciksə də, nəticə geciksə də, səbr edən mütləq zəfər çalar..."

İmam Əli 

 

Bir dəfə bir tələbə yoldaşım

"Səbrin sonunda nə olur?"-,  deyə bir sual vermiş, mən də cavabında: "Məsələn tırtıl kəpənəyə çevrilir..."-, dermişdim. 

 

Tırtıl kəpənəyə çevrilir demişdim, çünki uşaqkən bir dəfə bir cizgi filmi izləmişdim. Filmin baş qəhrəmanı kiçik bir tırtıl idi. Bu kiçik tırtıl həmişə gözəl qanadları olan kəpənəkləri həsrətlə izləyir, özü də bir gün gözəl bir kəpənəyə çevrilib onların sırasına qatılmaq, qanadlarını çırparaq çiçəkdən-çiçəyə qonmaq, səmada pərvazlanmaq istəyirdi.

Fəqət günlər keçsə də bu kiçik tırtıl niyəsə kəpənəyə çevrilmirdi. 

Bəzi böcəklər kiçik tırtılı ələ salır ona gülürdülər.

"Sən balaca, çirkin bir qurdsan, heç vaxt gözəl qanadları olan bir kəpənəyə çevrilə bilməyəcəksən"-,  deyirdilər.

Kiçik tırtıl bu sözləri eşitdikcə onun ümidləri tamamilə qırılır və o çox kədərlənirdi.

Lakin bəzi müdrik və mehriban böcəklər də vardı ki, onlar qayğı və nəvazişlə kiçik tırtıla səbr etməli olduğunu söyləyir və hər cəhdlə onu bir gün onun da gözəl bir kəpənəyə çevriləcəyinə inandırmağa çalışırdılar. 

Bu, az da olsa kiçik tırtılı ümidləndirirdi. Kiçik tırtıl inanırdı ki, bir gün bir möcüzə baş verəcək və o da mütləq gözəl bir kəpənək olacaq. Və səbrlə bu möcüzənin baş verməsini gözləyirdi.

Beləcə, günlər keçir və bir gün balaca tırtıl bir pup düzəldib onun içinə girir. Bir müddət keçdikdən sonra o möhtəşəm möcüzə baş verir, pup qırılır və o kiçik tırtıl bənzərsiz gözəllikdə qanadları olan möhtəşəm bir kəpənəyə çevrilir.

Bu kəpənəyin o qədər gözəl qanadları olur ki, bütün böcəklər həsədlə onun qanadlarına tamaşa edirlər.

O öz gözəl qanadlarını ədayla çırparaq səmada pərvazlanıb digər kəpənəklərlə birlikdə yaşıl çəmənlərdə baş qaldıran rəngarəng çiçəklərin arasında uçmağa başlayır. 

 

Bəli, Əziz oxucu, səbrin sonu bir tırtılın kəpənəyə çevrilməsi anı kimidir.

Bu səbəbdən də mənim üçün hər zaman kəpənəklər yer üzündə ümid, səbr və möcüzələrin təcəssümüdür.

Ərəb dilində "İsbiru və sabiru"  deyə çox sevdiyim bir ifadə var. 

"Səbr edərkən, səbr etməyə səbr etmək"  kimi tərcümə olunan bu kiçik ifadənin necə də gözəl və böyük bir anlamı var.

Bəli, bəzən səbr də yorular çünki və bu zaman səbr etməyin özünə də səbr etmək gərək olar.

Doğrudur, əlbəttə hər tırtıl  kəpənəyə çevrilə bilmir təəssüf ki, eləcə də insan da hər dilədiyinə yetişə bilmir bəlkə, amma səbr edib dilədiyinə çatanda da, çox gözəl olur.

Bəzən Allah gecikdirəndə, daha da gözəl olur nəticə və yaxud da bəzən Allah sənin istədiyini sənə vermir, sən məyus olursan. Lakin sən Allahın sənin üçün uyğun bildiyi bu qərara səbr edərək  bəzən  bir zaman sonra anlayırsan ki, elə bəlkə də o şeyin olmamağı məsləhət imiş, elə bəlkə də xeyirlisi belə imiş. Çünki bizim xeyir bildiyimizdə bir ziyan, olmadı deyə kədərləndiklərimizdə isə bir xeyir vardır, onu biz öz baxış bucağımızdan görə və bilə bilmərik, amma Allah görər və bilər.

Həzrəti Əlinin də dediyi kimi Allahın məni sevdiyini istədiyim hər şeyi verməməsindən anlayıram.

Səbr etmək sizə ən çətin gələn anlarda həzrəti Zəhranın "O qədər səbr etdim ki, səbr mənə baxıb utandı"-, sözlərini xatırlayın. 

Səbr edin və də səbr edin.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.