“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
53-CÜ DƏRC
13-CÜ PROSES.
TELMAN QDLYAN
Bu da nəhsinci – 13-cü proses. Axirət insanı üçün 13 rəqəmi, qara pişik, tək səbir kimi nəhs əlamətləri bir əhəmiyyət kəsb etməz, amma bu gün ittiham olunan Əsas dünyanın nümayəndəsi olduğundan 13 rəqəmi onu çox ilgiləndirirdi.
-Qalxın, Divan gəlir!
Tamaşaçılar ayağa qalxıb Divan heyətini alqışladılar. Səhnədə növbəti portretin üzərindən ağ örpək götürüldü. Yaşlı bir kişiydi, xırda gözləri ilə diqqəti cəlb edirdi. Həmin an mühafizəçilər portretdəki şəxsi müttəhim kürsüsünə gətirdilər, kulisdən isə onun adı oxundu:
-Özbək xalqına qarşı amansız cinayətlərdə ittiham olunan Telman Xorenoviç Qdlyan, 80-ci illər SSRİ prokurorluğunun xüsusi müstəntiqi, “Pambıq işi”, yaxud “Özbək işi” deyilən tarixə düşmüş ən çirkin və ən amansız istintaq işinin rəhbəri.
Qdlyan “Gərək elə bu nəhs rəqəm mənə düşəydi?” kəlmələriylə narazılığını bildirib müttəhimlər kürsüsündə əyləşdi.
Dərhal arayış səsləndi:
-Arayış: ““Pambıq işi”, yaxud “özbək işi” Özbəkistan SSR –də Rəşidov idarəçiliyi dönəmində iqtisadi cinayətlər və korrupsiya faktlarını araşdırmaq məqsədi ilə keçirilmiş istintaqların, qaldırılmış cinayət işlərinin ümumi adıdır. Bu prosesə geniş önəm verilmiş, bununla digər Sovet Respublikalarındakı milli kadrlara da “yolunu azmamaq” dərsi verilmişdir. Həmin vaxtda SSRİ iqtisadi tənəzzül dövrünə qədəm qoyurdu, bu proses xalqa günahkarlar təqdim etməyə hesablanmışdı ki, tutalım, uzaq Pribaltikada hansısa bir latış ərzaq qıtlığına görə ölkə rəhbərliyini deyil, Özbəkistanın hansısa kolxoz sədrini müqəssir bilib lənətləsin. Ümumilikdə 800 cinayət işi qaldırılmış, 4 mindən artıq insan cinayət məsuliyyətinə cəlb olunmuşdur.”
Qdlyan yerini rahatladı, onun prosesi 13-cü idisə, demək, o, müttəhimlər sırasını 13-cü tərk etmişdi, orada cəmi 4 nəfər qalmışdı, müttəhimlər kürsüsündən müttəhimlər sırasında qalmış həmin o 4 nəfərə əl elədi, yumruğunu düyünləyib tərpətdi, ermənicə “menk xaktenq” söylədi, erməni dili tərcüməçisi “O dedi ki, biz qalib gələcəyik” deyə Qdlyanı tərcümə elədi, dərhal auditoriyadan narazı ifadələr, fit səsləri eşidildi.
Baş Hakim prosesi açıq elan etdi, bir şəxsin bütün bir xalqa qənim kəsilməsini mümkün edən sovet imperiyasını lənətləyib özbək xalqının dərdinə şərik olduğunu bildirdi, dərhal Qdlyanın tərcümeyi-halı ilə tanış olmaq üçün diktorların dinlənilməsini istədi.
Kişi diktor uca səslə oxumağa başladı:
-Telman Xorenoviç Qdlyan 1940-cı ildə Gürcüstanın Axalkalaki bölgəsində, ermənilərin kompakt yaşadığı Böyük Samsar kəndində anadan olub. Saratov hüquq institutunda təhsil alıb. Əmək fəaliyyətinə Ulyanovsk vilayəti prokurorluğunda müxtəlif vəzifələrin icrası ilə başlayıb, 1983-cü ildə SSRİ Prokurorluğu yanında xüsusi mühüm işlər üzrə baş müstəntiq təyin olunub. Həmin il onu Özbəkistandakı pambıq pripiskası və korrupsiya işini araşdırmaq üçün ora yollayıblar, həmin iş nəticəsində başda aqrar-sənaye birliyinin rəhbəri A.Adılov olmaqla bir neçə yüksək vəzifəli məmur, hətta nazir həbs olunub, bir neçəsi, o cümlədən daxili işlər nazirinin müavini Davıdov intihar edib, Özbəkistana rəhbərlik edən şəxslər – 1-ci katib və Nazirlər Sovetinin sədri vəzifəsindən kənarlaşdırılıb. Bu proses, hətta 1-ci katib Şaraf Raşidovun intiharı səviyyəsinədək gedib çıxıb.
Sonra diktor –Diqqət monitora- söylədi, hamı monitora baxmağa başladı. Monitorda SSRİ Mərkəzi Televiziyasının 1989-cu ilə aid “Pambıq işi” ilə bağlı süjet göstərilirdi. Qdlyan idi, Moskvada – SSRİ rəhbərlərinin qarşısında şəstlə dayanıb onlara həbsxanalara saldığı özbəklərdən müsadirə olunan qızıl-zinyət əşyalarından yaranmış təpəni göstərirdi.
Diktor mətni isə oxunmaqda idi: - Bəli, 1983-cü ildə - SSRİ rəhbəri Andropovun dövründə başlayan və 1991-ci ildə digər rəhbər olan Qorbaçovun dövründə yekunlaşan bu proses doğrudan da Qdlyana böyük məşhurluq gətirmişdi. O, özünü teleulduz ampluasında çox gözəl hiss edirdi. Qorbaçov perestroykasının tarixin ağ ləkələrini aradan götürmək missiyasını həyata keçirən “Vzqlyad” proqramına çıxır, kommunist rejimin cinayətlərini Özbəkistan üzərində isbatlamağa çalışırdı. Hətta SSRİ rəhbərliyinin təmsilçisi Yeqor Liqaçov söyləmişdi ki, Telman Qdlyan və onun həmkarı Nikolay İvanov SSRİ-nin dağılmasına Pambıq işi prosesi ilə ciddi töhvə vermişlər.
Süjet nümayişi bitəndən sonra diktor mətni davam etdi:
-Rəsmən Sovet və Rusiya ictimai-siyası xadimi kimi tanınan müstəntiq Qdlyan SSRİ dağılanda isə Moskvada yeni prosesə cəlb olundu, bu dəfə korrupsiyaya qurşanmış ittifaq rəhbərlərinə kompromat toplayırdı, demokratlara qoşulması, Qavriil Popovla birgə bütün müxalifət mitinqlərində iştirak etməsi isə siyası ambisiyalardan daha çox özünüqoruma instinktləri ilə bağlıydı. Çünki onu istintaq altında olanlardan rüşvət almaqda ittiham edənlər vardı. Qdlyanın başında həmişə zil qara panama olardı və insanlar uzaqdan tribunadakı panamalını görməyə alışmışdılar.
Baş Hakim diktora xitabən söylədi:
- Moskvada həmin o mitinqlərin birinin mən də canlı şahidi olmuşam, Qavriil Popovu mən də tanıyırdım, demək ki, böyründəki panamalı Qdlyan imiş. Amma diktorun indicə ötəri toxunduğu bir detalı mütləq şərh etmək lazımdır. Mühakimə etdiyimiz şəxsin demokrat libasına bürünməsinin konkret səbəbi 1989-cu ilin mayında SSRİ Prokurorluğunun ona qarşı cinayət işi qaldırması idi. SSRİ-nin o vaxtkı prokuroru A.Suxarev 2011-ci ildə keçmiş xatirələrindən söz aşarkən “Pambıq işi”nə də toxunmuş, belə söyləmişdi. Bir dəqiqə, qoyun oxuyum.
Baş Hakim Qdlyanın “Mən etiraz edirəm. Bu, şər və böhtandır” deyə çığırmasının müşayiəti altında qeyd dəftərindən oxumağa başladı:
-”Mən baş prokuror idim, ən son işim Qdlyanın işi oldu. O, prokurorluq əməkdaşı olsa belə korrusiya yolunda dayanmışdı. Qdlyan o dövrdə çox məşhurlaşmışdı, Ali Sovetin deputatlığına yüksəlmişdi. Mənimçünsə bu iş şərəf işi idi. Biz dərhal müəyyən sanksiyalara nail olduq. 1990-cı ilin fevralında o, partiya sıralarından xaric edildi, aprelddə SSRİ Ali Soveti Qdlyanın fəaliyyətindəki nöqsanları faş elədi, ardınca o, Prokurorluqda tutduğu vəzifəsindən də azad edildi. Amma Ermənistanda dərhal öz adamlarına yiyə duranlar tapıldı, Qdlyanı Ermənistan Alı Sovetinin deputatı etdilər, o, Moskvada yaşaya-yaşaya toxunulmazlıq statusu əldə etməklə dərhal “Demokratik platforma” deputat qrupunda yer aldı, ”Demokratik Rusiya” hərəkatına üzv oldu. Çox təəssüf ki, SSRİ-nin dağılması səbəbindən “siyasi şəraitin dəyişməsi” formulirovkası ilə 1991-ci ildə Qdlyanın cinayət işinə xitam verildi.”
Qdlyan yerindən var gücü ilə bağırdı:
-Bu necə mötəbər yerdir ki, orada boş, absurd sözlər səslənir? Suxarev sadəcə o vaxtlar mənim karyera yüksəlişimi həzm edə bilməyib yerimə göz dikmişdi, sonradan da ağlına gələnləri yazdı, onun cızma-qaralarının ədalət divanına əsla dəxli yoxdur.
Baş Hakim “Biz Divanda ən mötəbər mənbələrə müraciət edirik, cənab Qdlyan” sözləri ilə Qdlyanı yerində oturdub diktordan davam etməsini xahiş etdi. Diktor da davam etdi:
-Qdlyan əməllicə əl-qol açmışdı, hətta o dövrün olduqca populyar proqramı olan, Qorbaçov perestroykasının ruporu sayılan “Vzqlyad” teleproqramının aparıcısı Yevgeni Dodolevlə birgə “Piramida 1” kitabını ərsəyə gətirmişdi. Rusiya Xalq Partiyasını təsis etmiş, İnsan hüquqlarının müdafiəsi və mərhəmət Fondlarını yaratmışdı. Xüsusən, Özbəkistanda törətdiyi qanunsuzluqlar və haqsızlıqlar, insan haqlarının kökündən tapdanması, şantaj və cəzavermələrlə dolu istintaq, dəlil-sübutsuz insanları həbs etmək, onların həyat yoldaşlarını, azyaşlı uşaqlarını belə həbsxanaya salmaq kimi qansızlıqlar və rəzalətlər törədən bir kəsin “mərhəmət”, “insan hüququ müdafiəçisi” ampluası hədsiz riyakarlıq kimi görünürdü. 1991-ci ilin avqustunda qiyam nəticəsində SSRİ-də hakimiyyət dəyişikliyi olanda demokrat imicli Qdlyan da həbs olunaraq VDV kazarmasında yatmalı oldu. Həbsdən çıxdıqdan sonra daha aktiv şəkildə ictimai fəaliyyətə qoşuldu, Dodolevlə birgə “Piramida 2” və “Qanunsuzluq dövrünün mafiyası. Kreml işi” kitablarını da yazdı. Bu kitablarda Qdlyan özünü Kreml və Özbəkistanın qorxunc korrupsioner mafiyası ilə təkbaşına mübarizə aparan qəhrəman ampluasında təsvir etmişdi.
Yaşlı hakim özünü saxlaya bilməyib yerindən söz atdı:
-Çox riyakar bir siyasət!
Qdlyan da sükutda qalmayıb ona dərhal cavab qaytardı:
-Xeyir, mən həqiqətən demokrat olmuşam, Qorbaçovun devrilməsi, yerinə demokrat Yeltsinin gəlməsi bizim iradəmiz hesabına baş tutub. O vaxtlar...
Baş Hakim müdaxilə edib Qdlyandan diktora mətni oxuyub tamamlamasına imkan verməyi xahiş etdi.
Diktor oxunuşa davam etdi:
-1992-1994-cü illərdə Qdlyan siyası olimpdə bir az da parladı, Yeni Rusiya siyası blokuna rəhbərlik etməyə başladı. Rusiya Prezidenti yanında İctimai Palataya üzv seçildı. 1995-ci ildə ictimai-siyası vəzifələrinə birini də əlavə etdi, “Novıy vzqlyad” qəzetində köşə aparmağa başladı. Yazılarında hey Özbəkistan və Kreml mafiyasını vurur, onları “vətən mafiyası-daxili faşistlər” kimi qələmə verirdi. 1995-1999-cu illərdə yaşadığı Moskvanın Babuşkino dairəsindən Dövlət Dumasına deputat seçildi. Avroparlamentlə əlaqələr üzrə nümayəndə heyətinə başçılıq etdi. Rusiya regionları üzrə deputat qrupunun üzvü oldu, “Rusiya-Yunanıstan” parlament qrupuna başçılıq etdi. O ki qaldı, bugünkü Qalyana, Qdlyan hələ də ona “çörək vermiş” Özbəkistan işi barədə müsahibələr verir, açıqlamalarla gündəmə gəlir. Hələ də özünü qəhrəman sanır. Özbəkistanda isə onun əməllərinə gec də olsa lazımi qiymət verilməsini tələb edirlər.
Diktor mətnini bitirdi, Baş Hakim ona minnətdarlıq edib ekspertlərdən xahiş elədi ki, Özbəkistan – Ermənistan münasibətləri barədə mütləq arayış səsləndirsinlər. Amma indilikdə isə diktorun son cümləsinə aydınlıq gətirilməsini istədi Baş Hakim: Özbəkistanda Qdlyandan nə kimi narazılıqlar və şikayətlər var? Bu ki, prosesə əlavə rəng qatır, çalarlar verir?
Baş ekspertin göstərişi ilə ekspertlərdən biri – alman kürsüyə çıxıb öz alman dəqiqliyi ilə hazır arayışı oxumağa başladı:
-“Yaxın zamanda Özbəkistanın bir qrup ictimai xadimi respublika prokurouna müraciət edərək 80-ci illərdə SSRİ Prokurorluğunun xüsusi işlər üzrə müstəntiqi olmuş, hazırda Moskvada yaşayan milliyyətcə erməni Telman Qdlyan barədə cinayət işi açmağı xahiş etdi. Müraciəti imzalayanlar tarixçi-publisist Şöhrət Salamov, psixoloji elmlər doktoru Mahmud Yuldaşev, Kaşkadarya vilayət Daxili İşlər Nazirliyi siyası şöbəsinin keçmiş müdiri Ollomurod İsakulov, ehtiyatda olan podpolkovnik Şokir Dolimov və yazıçı Akbar Mirzo idilər”.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)