Super User
Musiqi janrları barədə nələri bilirik?
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Hər bir xalqın mədəniyyətinin bir hissəsini təşkil etmiş musiqi tarix boyu əxlaqi tərbiyə, əqidə və dünya görüşünün, estetik zövq və ideyaların formalaşmasında mühüm rol oynamış və bu gün də bu vəzifəyə xidmət etməkdədir.
Hər bir musiqi əsərinin müəyyən bir forması olduğu kimi, o həm də müəyyən bir janra aid olur.
Musiqi ümumiyyətlə iki yerə bölünür. Xalq musiqisi və peşəkar musiqi.
Xalq musiqisinin eyni ilə şifahi xalq ədəbiyyatı kimi ayrı-ayrı və konkret bir müəllifi olmur. Adından da məlum olduğu kimi bu musiqinin yaradıcısı xalqdır.
Peşəkar musiqi isə ayrı-ayrı və konkret bəstəkarların yaradıcılıq məhsuludur.
Musiqinin maddi əsası insan səsi və müxtəlif musiqi alətlərinin səslərindən ibarət olduğu üçün o bu səbəblə əsasən üç janra ayrılır. Vokal musiqisi, instrumental musiqi və vokal-instrumental (yəni qarışıq) musiqi.
Və bu üç musiqi növünün də öz janrları mövcuddur.
Vokal musiqinin janrları
Mahnı - Şeirlə musiqinin vəhdətindən ibarət olan ən yığcam və ən geniş yayılmış vokal əsərdir. Xalq yaradıcılığında, məişət musiqisində peşəkar (bəstəkar) musiqidə geniş yayılmışdır. Musiqini ən qədim növüdür və məzmunca lirik, qəhrəmanlıq, əmək, vətənpərvərlik, uşaq və s. növləri mövcuddur.
Romans - Səs və instrumental (çox zaman fortepianoda) müşaiyətlə oxunan musiqi əsəridir. Azərbaycanda romans janrının yaradıcısı, məşhur "Ölkəm", "Sərhədçi", "Sual", "Seyran" romanslarının müəllifi bəstəkar Asəf Zeynallı olmuşdur.
Ariya - Opera, oratoriya və kantatada simfonik orkestrin müşayiəti ilə bir vokal ifaçı tərəfindən ifa olunan bir musiqi nömrəsidir. Ariya dram əsərlərindəki monoloqun musiqi dili ilə emosional ifadəsidir. Hər bir ariyada obrazın (qəhrəmanın) musiqi xarakteristikası verilir. Adətən, 2 hissəli formada yazılır.
Xor - Vokal musiqi ifaçıları kollektividir. Xor yunan sözü olub, “oxuyanların böyük ansamblı” deməkdir.
Xor tipinə görə həmcins və qarışıq, növünə görə isə tək səsli (unison) və çox səsli olur. Xorda 4 səs partiyası olur: soprano, alt, tenor, bas. Müstəqil əsər, opera və operettalarda ayrıca musiqi nömrəsi kimi olur.
İnstrumental musiqi janrları
Sonata - 1 və ya 2 musiqi aləti üçün sonata formasında yazılmış əsərdir. İtalyanca “conare” sözündən götürülmüş, “hər hansı bir musiqi alətində çalma” mənasındadır.
Simfoniya - Orkestr üçün sonata formasında yazılmış irihəcmli əsərdir. Simfoniya yunanca “həmahənglik” mənasındadır. Simfoniyalar quruluşuna görə 1 hissəli və genişlənmiş ola bilir.
Vokal-instrumental (qarışıq) musiqi janrları:
Opera - Vokal-instrumental musiqli dram əsəridir. Opera italyan dilindən tərcümədə "əsər" deməkdir. Operada əsərin mətni musiqinin müşayiəti ilə ifa edilir. Müasir operada solu , xor, vokal ifaçılığı və rəqs vəhdət təşkil edir. Opera bəstəkarla libretto müəllifinin birgə əməyinin məhsuludur.
Operetta - Vokal-rəqs səhnələrindən və danışıq epizodlarından ibarət komediya məzmunlu musiqili səhnə əsəridir. Operetta eyni zamanda musiqili komediya da adlanır. İlk operetta Fransada XIX əsrin ortalarında Jak Offenbax tərəfindən yazılıb.
Operetta libretto əsasında yazılır.
Balet – Musiqili- xoreoqrafik tamaşadır. Balet - fransız dilindən tərcümədə "rəqs edirəm" deməkdir. İlk balet əsəri də elə Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub.
Bu italyan Baltazarini tərəfindən quruluş verilmiş "Kraliçanın gülməli baleti" tamaşası olub.
Oratoriya - Solistlər, xor və simfonik orkestr üçün yazılmış çoxhissəli vokal-simfonik əsərdir (lat. “oratio” – natiqlik deməkdir).
Kantata – Bir, yaxud çoxhissəli, təntənəli nağıl-epik xarakterli vokal-simfonik əsərdir.
Solist, xor və simfonik orkestr üçün yazılmış, müəyyən məzmuna əsaslanan, səhnə hərəkəti olmayan silsilə mahiyyətli əsərdir. (italyanca “cantare”– oxumaq deməkdir).
Azərbaycanda kantata janrının yaradıcısı dahi bəstəkarımız Üzeyir Hacıbəyli olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)
Bu gün Sabir bağında kitab sərgisi açılır
“Heydər Əliyev İli”nə töhfə olaraq bu gündən - noyabrın 2-dən noyabrın 4-dək Bakının mərkəzi Sabir bağında (“İçərişəhər” metrostansiyası) Azərbaycan Dövlət Tərcümə Mərkəzi Tərcümə Agentliyinin təşkilatçılığı ilə kitab sərgisi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalının Tərcümə Mərkəzindən aldığı məlumata görə, kitaba, ədəbiyyata, mütaliəyə sevgi aşıladılması məqsədini daşıyan sərgi çərçivəsində aparıcı dünya ədəbiyyatları, eləcə də müasir Azərbaycan yazıçı və şairlərinin kitabları, uşaq nağılları və ensiklopediyalar, lüğət və sözlüklər, eləcə də digər fərqli formatlı nəşrlərin nümayişi və güzəştli satışı həyata keçiriləcək.
Noyabrın 2-dən etibarən səhər saat 10:00-dan 19:00-dək açıq olacaq sərgidə axşam saatları tanınmış yazıçı və şairlərlə görüşlər və imza saatları da təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət” portalının əldə etdiyi məlumata görə, noyabrın 4-də Gürcüstanda yaşayan soydaşımız, nasir və tərcüməçi İmir Məmmədlinin imza saatı baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Rəhim Təkindən “Ölümə doğru” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Rəhim Təkinin şeirlərini təqdim edir.
Rəhim Təkin
Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxıb, ali məktəb təhsili alıb, indi isə sevgi ilə, diqqət ilə içindən coşan duyğuları qələmə alır.
ÖLÜMƏ DOĞRU
Deyirsən bu qədər qəmin yiyəsi,
Bəs niyə saçları bu cür qaradı?
Sən ki, məni məndən yaxşı tanırsan,
Sözlərin qəlbimə dəyən yaradı.
Soyuq baxışlarla, gözündə yaşlar,
Buza dönür, buza! Çörəyə buz səp.
Mənim işim daha yaradan keçib,
Yaradan ayrılan sümüyə duz səp.
Qəmin çoxluğundan ağarar saçlar,
Mənim içərimə sanki qar yağıb.
Sanki sümüklərim kəfən gözləyir,
Saçımın yerinə onlar ağarıb.
Gözü yaşlı ölsəm, silməyin onu,
Öz yasımda qoyun özüm ağlayım.
Mənim kəfənimi qara götürün,
Öz yasımı qoyun özüm saxlayım.
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)
“Sübhənallah” - HEKAYƏ
Əlişükür Cavadov, “Ədəbiyyat və incəsənət” üçün
Gecənin qaranlığı hər tərəfi ağuşuna almışdı. Bizim yataqxana da gecəyə təslim olaraq işıqlarını keçirmiş, gecənin rənginə bürünümüşdü. İşıqlar təzə keçirildiyindən koridorda gəzən tələbələrin, açılıb-örtülən qapıların səsləri adda-budda eşidilirdi. Mən otağımızı bürüyən səssizlik içində çarpayımda uzanmış, baxışlarımı tavana zilləyib bəzisi lazımlı, bəzisinin isə gecənin bu vaxtı yadıma nə üçün düşdüyünü anlamadığım fikirlərin arasında vərd-vürd edirdim. Yerli yersiz fikirlərimin məni get-gedə mürəkkəb bir labirintə saldığını hiss edib bu fikirləri özümdən uzaqlaşdırmaq üçün nəzərlərimi tavandan çəkib pəncərədən çölə baxmağa başladım. Pəncərədən intəhasız səma və yataqxanamızın yaxınlığındakı yeganə binanın pəncərələrindən düşən işıqlar görünürdü. Çarpayım pəncərənin yanında olduğundan fikirlərimin məni əldən saldığı gecələrdə zilləndiyim səma və yaxınlıqdakı yeganə binanın pəncərələrindən düşən işıqların yaratdığı mənzərə mənimçün doğma bir görüntüyə çevrilmişdi. Həyatın məni haralara sovuracağından asılı olmayaraq bu mənzərənin mənim yaddaşımda həmişəlik qalacağına əmin idim.
İntəhasız səmada ulduzlar sayrışır, ay da onlara baxıb fərəhlənirdi. Ona baxdıqca qoşunla üstümə gələn fikirləri işığı ilə pərən-pərən salan ayın fərəhi mənə də sirayət edirdi. Daxilimdə özünə yavaş-yavaş yer edən fərəh otağımızın qapısının açılması ilə bir andaca yox oldu. Qapını açan son zamanlar dini sualları ilə sanki bizim dini biliklərimizi yoxlayırmış kimi hardansa qəfil peyda olan Əşrəf idi. Ona görə bizim deyirəm ki, qrupda dini bilikləri çox olan mən və mənim otaq və qrup yoldaşım Ceyhun idi. Qrupda kim dini məsələlərlə bağlı nəyi bilmirdisə bizə üz tuturdu. Son zamanlar bizə ən çox sual yağdıran adam da Əşrəf idi. Onun bu sualların cavabı öyrənəndən sonra tətbiq etdiyini heç görməmişdik. Və bu sualların cavabını nə etdiyi barədə heç bir fikrimiz yox idi. Əşrəf bizdən öyrəndikləri ilə nə istəsə edərdi. Namaz da qılardı, oruc da tutardı, Həccə də gedərdi... Ancaq di gəl ki, o hələ də öyrənməklə məşğul idi...
Bu ərəfələr mən və Ceyhunun özümüzü dində tapdığımız ərəfələr idi. Bizi birləşdirən də elə din idi deyə bilərik. İlk dəfə bir-birimizlə söhbətimiz zamanı dini biliklərimizin olduğunu görüb daxilən sevinmişdik. Bir-birimizlə çoxlu dini söhbətlər edə biləcəyimizi başa düşüb bir-birimizə daha da yaxınlaşmışdıq. Bu yaxınlıq bizi o qədər birləşdirmişdi ki, hətta çapyılarımızın da (arada mənim dolabım sonra Ceyhunun dolabı olmaq şərti ilə) yanaşı olmağına səbəb olmuşdu. Hər ikimizin dolabında ya şəriət, ya əxlaq, ya da başqa dini mövzuda olan kitablar olardı. Biz həmin kitabları böyük bir şövqlə oxuyar və bir-birimizə ötürərdik. Səhər, günorta və axşam namazlarını birlikdə qılar, hətta bəzən namazdan sonra namaz otağında Quran da oxuyardıq... Nə mənə nə də Ceyhuna həyatda özümüzü tapmağa dindən başqa birşey lazım deyildi. Biz bütün suallarımıza dində cavab tapmışdıq. Həyatın mənasından tutmuş onun mənasızlığına qədər bütün suallara cavabımız vardı. O cavabları isə dolablarımızda olan dini kitablardan oxumuşduq...
Əşrəf qapının kandarında dayanıb otağa girmək üçün icazə istədi, icazəni alandan sonra isə birbaşa mənə tərəfə gəlib çarpayımda əyləşdi. Pəncərədən düşən ay işığı onun mənə sarı çevirdiyi sifətinin bir tərəfinə düşürdü. Ümumi hal-əhvaldan sonra Əşrəfin yenə də dinlə bağlı bir sualının olduğu məlum oldu. Əşrəf soruşurdu ki, Ramazan ayı ay gözlə görünmədən də girə bilərmi? Yəni bəzən elə hallar olur ki, ay adi gözlə görümür amma teleskopla görünür. Belə olan halda da ramazan ayının girdiyini deyə bilərikmi?
Qabağdan Ramazan ayı gəldiyindən təxminən iki həftə bundan qabaq bu sual məni də maraqlandırmışdı və cavabını tapmaqdan ötrü əlimdə olan bütün şəriət kitablarını bir daha nəzərdən keçirmiş ancaq dəqiq cavab tapa bilməmişdim. Əmimoğluna zəng edib kənddəki evimizə getməyini lazım olan kitabları götürüb Ramazan ayı və ayın görünməyi barədə olan hissələri oxuyub dəqiq cavabı mənə bildirməyini xahiş etmişdim. O da dediyimi etmiş, lazım olan cavabı oxuyub öyrənmiş, cavabın yazıldığı hissənin şəkilini də hər ehtimala qarşı mənə göndərmişdi. Ona görə də Əşrəfin bu sualının cavabını dərhal verdim. - Ayı teleskopla görmək də Ramazan ayı olduğunu bildirir- Cavabımdan razı qalan Əşrəfin sifətində təbəssüm çiçək açmaq istəyirdi ki, yan çarpayıdan Ceyhunun ötkəm səsi eşidildi. Səhv deyirsən, bu belə deyil. Mən bir qədər susuram və - necədir bəs ? – deyirəm. O, - ayı gözlə görmək lazımdı - deyir. Mən bu variantla razılaşmır və öz dediyimdə dururam. O dolabındakı kitabları götürüb guya səhv dediyimi sübut etmək üçün Əşrəfin verdiyi sualın cavabını axtaranda mən də telefonumu çıxarıb əmimoğlunun mənə göndərdiyi şəkili ona göstərirəm. Ceyhun telefonumu əli ilə yana edib ayın işığında öz kitablarını vərəqləyir. Mən də onun inadına inad öz dolabımdakı kitabları da onun qabağına töküb – al bunlara da bax – deyib gülümsəyirəm. Ceyhuna baxanda bir neçə gün bundan qabaq bu sualın cavabını özümün də necə böyük bir narahatlıqla axıtarıdığımı xatırlayıram. Ona görə də bir qədər yumşalıb Ceyhuna telefonumdakı şəkili göstərir, şəkildə olan cavabın yazıldığı kitabın adını xoş bir tonda deyir, telefonu yenidən ona tərəf uzadıram. Cehyun isə heç cür mənim dediklərimlə razılaşmır, önünə tökdüyü kitabların arasında vurnuxur...
Mən yenə də onun mənimlə razılaşmadığını gördükdə bu dəfə ona güldüm. Gülüşüm qeyri-ixtiyari olaraq Ceyhuna toxundu. O, mənə baxıb – nəyə gülürsən? – dedi. Mən də - sənin yersiz inadına – cavabını verdim.
- İnad ? Mən inad edirəm ?
- Hə.
- Deyirəm ki, mən deyəndi.
- Mən də deyirəm ki, mən deyəndi
Çarpayımda oturmuş Əşrəf təccüblə ikimizə də baxıb az qala pıçıltı ilə - indi kim deyəndi? - deyir. İkimiz də birdən ona baxıb bərkdən, eyni vaxtda və eyni əsəblə - mən deyəndi – deyirik. Əşərfin baxışlarından karıxdığı, verdiyi sualla axşam vaxtı belə səs-küyə səbəb olmağına görə peşman olduğu duyulur. O, - əsəbləşməyin qardaşlar -deməklə kifayətlənir. Onun bu sözünün isə bizə zərrə qədər də təsiri olmur. Ceyhun yenidən əsəb saçmağa başlayır, əlini mənə tərəf tutub – nə bilire bu dini – deyir. Mən də onun əsəb saçmağına özümdən çıxıb partlayır – Əsl sən nə bilirsəne ? Nə bilirsənsə də hamısını məndən öyrənmisən - deyib kitablarını əlimlə qarışdırıram. Ceyhun bu sözümdən sora özünü saxlaya bilməyib mənə cumur. Biz tutaşırıq. Əşrəf və digər otaq yoldaşlarım yaranan səs-küyə şirin yuxularından oyanıb bizi aralamağa başlayırlar. Bizi aralayıb hərəmizi otağın bir küncünə aparırlar. Biz əsəb içində fınxırır yenidən tutaşmağa can atırıq. Yaranan vəziyyətə görə ən çox Əşrəf özünü günahkar hiss etdiyindən ən çox o əl-ayağa düşür. Üzünü gah mənə gah da Ceyhuna tutub – eləməyin qardaşlar, eləməyin. Yaraşmır sizə - deyir. Mən – birinci o başlatdı – deyirəm. Bu vaxt otağın qapısı açılır və yataqxana komendantı içəri girir. Tərs-tərs bizə baxıb – nə səs-küydü salmısız, yata bilmirsiz? – deyir. Özünü hələ də günahkar hiss edən Əşrəf – Zaraftlaşırdıq, üzürlü sayın - deyir. Komendant – zarafatın da vaxtı var. İndi zarafat vaxtı deyil. Yatmaq vaxtıdı. Bir də səsiniz gəlsə rəhbərliyə məlumat verəcəm – deyir, bir qədər sükut içində bizə baxır və qapını örtərək gedir. Biz qəzəbli olsaq da daha dinmirik. Mən özümü ələ almağa çalışıram. Yaratdığımız səs-küyün sorağının dekana gedib çıxsa onun alacağı sifət gəlib gözümün qabağında dayanır. Rəhbərliyə məlumat veriləcəyi təqdirdə valideynlərimin çağırılmağı və töhmət almağım ehtimalları da sakitləşməyimə əməlli başlı kömək edir. Ceyhuna baxıram. Hiss edirəm ki, o da mənim düşündüyüm şeyləri düşünür. Əşrəf aranın sakitləşməyə doğru getdiyini görüb sağollaşır və gedir.
Mən yenidən çarpayımda uzanmış intəhasız səmaya, səmada parlayan aya, sayrışan ulduzlara baxmağa başladım. İndi ay mənə fərəhsiz görünürdü. O daha sevinclə parlamırdı. Sanki təssüflə işıq saçaraq başını bulayırdı... Ceyhun da mən də otaqda olan digər üç otaq yoldaşım da dərin bir sükut içində susurduq. Birdən otağın ən qaranıq tərəfində öz çarpayısında uzanan Oqtayın qalın səsi qaranlıqda çaxan ildırım kimi çaxaraq bir sual səsləndirdi.
– Sübhənallah sözünün mənası nədi ?
Qaranlıqdan çıxıb üstümə cuman bu sual sanki bir vedrə soyuq su olub üzümə çırpılmışdı. Sanki mən hamının içində birdən lüt qalmışdım. Çünki mən qaranlıqdan çıxıb boğazımdan yapışan bu sualın cavabını bilmirdim. Bu sualın cavabını bilmədiyimi büruzə verməməkdən ötrü dinmədim. Sakitcə yanakı nəzərlərlə Ceyhuna baxdım. O da narahat şəkildə yerində dikəlib mənə baxırdı. O da susurdu. O da bu sualın cavabını bilmirdi...
Ay ikimizə də rişxəndlə gülürdü. Ulduzlar isə öz aralarında pıçıldaşırdılar.
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
52-Cİ DƏRC
Və bir şeyi də qeyd edim. 1991-ci ilin yanvar ayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı A.Kiçixin Moskvada nəşr olunan “Stolitsa” jurnalında yazırdı: “Biz Sumqayıtda qanlı hadisələrin baş verəcəyi haqqında məlumatlı idik. Bu haqda DTK-ya məlumat verdik. Onlar da Mərkəzi Komitəni xəbərdar etdilər. Bizim bütün yazılı və şifahi məlumatlarımız MK-nın divarları arasında sükutla qarşılanırdı. Partiya rəhbərliyi separatçıların və cinayət dəstələrinin qarşısını almaq üçün heç nə etmədi”.
Sonra Aydın Məmmədov - Dövlət Təhlükəsizliyi Komitəsi Sumqayıt şəhər şöbəsi sədrinin sabiq müavini söz aldı:
-Sumqayıt hadisələrinin ssenarisi əvvəlcədən tutulmuşdu. SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Paponinin rəhbərliyi altında 30 nəfərdən ibarət bir heyət Sumqayıta gəldi. Onların Azərbaycan xalqının xeyrinə heç bir tədbir görmədiklərinin şahidi olduq, əksinə, ermənilərlə söhbətlərində onları azərbaycanlılara qarşı qızışdırırdılar. Qoşunların gözləmə mövqeyi də hamının təəccübünə səbəb olmuşdu. Məsələ isə aydın idi. Sumqayıtda təxribat törədilməli idi və törədildi də.
Ardınca Azərbaycanın sabiq daxili işlər naziri Ramil Usubov çıxış etdi:
-O vaxt Sumqayıta "DQMV-nin Ermənistan SSR-yə birləşməsi uğrunda Komitə"nin ("Krunk") fəal üzvü, erməni polkovniki Kələntərov gəlmişdi. Onda şəhərdə yaşayan ermənilərin siyahısı və ünvanları var idi. O, vaxtı ilə Sumqayıtın hərbi komissarı işləmişdi. Hadisələr zamanı məhz "Krunk"a üzvlük haqqı ödəməyən ermənilərin ailələri zorakılığa məruz qaldı. İstintaq müəyyən etdi ki, həlak olmuş ermənilərin əksəriyyəti "Krunk" komitəsinə pul ödəməkdən imtina edənlər idi. İğtişaşları qızışdıran təxribatçıların sırasında öz aralarında erməni dilində danışan, eyni zamanda Azərbaycan dilini gözəl bilən, əyinlərində qara plaş, gödəkçə olan adamlar var idi. Onlar kütlənin arasında təbliğat aparır, gənclərə spirtli içki və soyuq silah paylayırdılar.
Sonra isə 1988-ci ilin fevralında Azərbaycan KP Bakı Şəhər Komitəsininin 1-ci katibi olmuş Fuad Musayev çıxış etdi:
-Fevralın ortalarından Ermənistandan Bakıya yüzlərlə qaçqın gəlməyə başladı. Onlar Abşeron yarımadasının əslən ermənistanlı olanların məskunlaşdığı qəsəbələrində yerləşdirilirdi. Səhərlər oraya avtobuslar göndərilirdi və qaçqınlar şəhərə yollanırdı, lakin onlar şikayət etmək üçün Nazirlər Sovetinə, MK-ya və digər instansiyalara deyil, fəhlə və tələbə yataqxanalarına gedirdilər. Onların Ermənistanda ermənilərdən çəkdikləri təhqir, məhrumiyyət və zülm haqqında danışdıqları camaatı son dərəcə hiddətləndirirdi. Başa düşdüm ki, iş qırğına doğru gedir və bu qəsəbələrdən şəhərə gedən bütün yolları bağlamağı əmr etdim. Əmr yerinə yetirildi. Biz onları Bakıya buraxmadıq, əfsus ki, Bakıdan 25 kilometr aralıda yerəşən kimyaçılar şəhəri Sumqayıtı onların üzünə bağlaya bilmədilər. Fevralın 27-də orada talan başlandı.
Prosesdə fasilə elan edildikdən sonra daha 9 şahid ifadə verdi və Baş Hakim üzünü Qriqoryana tutdu:
-Cənab Qriqoryan, bəlkə Divana sözünüz var?
Qriqoryan istehza ilə “Sözüm çoxdur, amma məqamında deyəcəyəm” söylədi, belədə Baş Hakim qəzəbini gizlətmədən Qriqoryan səmtə sözlər yağdırdı:
-– Cənab Qriqoryan, Sumqayıtda yerli agenturanın yerli DTK-ya verdiyi məlumata görə, hadisələr ərəfəsində Yerevandan sənin yanına iki emissar gəlmişdi. İkisi də qara plaş geyinmişdi. Bu, bir növ parol idi. Qaraplaşlılar uzaqdan biri-birini tanıyır, birgə hərəkət edirdilər. Sumqayıt DTK-sı həmin geyimlərlə maraqlananda əllərinə şəkillər keçib. Öyrəniblər ki, Sovetin NKVD adlı cəza qurumunun arxivində həmin qara plaşlardan var. O plaşları 1943-cü ildə alman faşistləri onlara qulluq edən xüsusi təyinatlı ermənilərə verib təxribat törətməyi tapşırırmışlar. Ermənilərin 2-ci dünya müharibəsi illərində yaşadıqları sovetlər ölkəsinin tərəfində yox, düşmən faşistlərin tərəfində vuruşmasına biz Divan qurmuşuq artıq. Bu öz yerində. Bu, sizin xislətinizdir. İndi isə davamını gətirirəm. Şəxsən sənin Sumqayıt hadisələrinə rəhbərlik etmək faktın gözlənilmədən üzə çıxanda və sən həbs olunanda istər Yerevanda, istər Moskvada, istərsə də xarici mətbuatda səninlə bağlı böyük bir təbliğat kampaniyası başlanmışdı. Guya, Azərbaycanda sənə işgəncələr verilir, səni, ailəni incidirlər. Bunları bəhanə edən Kremlin rəhbərliyi hüquq-mühafizə orqanlarına tapşırdı ki, səni Ermənistana, ordan da Rusiyaya köçürsünlər. Sən beləcə Budyonovska gətirildin, orda sənə gözəl şərait yaradıldı. Tamaşaçılar bəlkə inanmaz, ancaq bu, həqiqətdir, sənə ayda bir dəfə Amerikadan ərzaq və geyim əşyalarından ibarət böyük bağlama gəlirdi. Almaniyadan dərman preparatları göndərilirdi. Çünki sən vərəm idin. Hər kəs sənin qayğına qalırdı. Sən həbsxanada yatmırdın, sanki, sanatoriyada dincəlirdin. Sən indi də öz kefindəsən. Moskva ətrafında bəy balası kimi yaşayırsan. İçki, narkotik, qadınlar. Amma başının üstündəki qara kabusu görmürsən, sənin sonun artıq yetişib.
Qriqoryan yerindən qışqırdı:
-Mənim sonum yetişə bilməz, çünki mən ölümsüzəm, mən ölməz Koşşeyəm.
Divanın qaydalarına görə burda heç bir mətləb qaranlıq qala bilməzdi. Baş Hakim tamaşaçıların Ölməz Koşşeyin nə anlam daşıdığını anlamadıqlarını görəndə aydınlıq gətirdi ki, bu, bir slavyan migologiyası qəhrəmanının adıdır. Ardınca da Qriqoryana irad tutdu ki, bu düşüncənlə də yanlışsan, çünki ölməz adlandırılan Koşşeyin canı çox gizlin bir yerdə - okeandakı bir adada, bir palıd ağacının altındakı sandığın içindəki dovşanın daxilində yerləşən ördəyin içindəki iynədə olsa belə sonda hər halda tapılır və Koşşey öldürülür, necə ki, sənin də həmin bu sonun gəlib.
Baş Hakim təntənə ilə elan etdi:
-Divan insanlığa sığmayan cinayətlərinə görə Eduard Robertoviç Qriqoryana qeybedilmə cəzası kəsir və hökmün dərhal icra edilməsini tələb edir.
Qriqoryan qəhqəhə ilə ucadan güldü, qollarından tutub onu aparmaq istəyən mühafizəçilərə maneçilik törətmək məqsədi ilə dartındı, amma güclü mühafizəçilər bir anda onu səhnənin arxasına çəkib apardılar.
Hələ də eşitdiklərinə inanmayan bəzi tamaşaçılar Baş Hakimi əhatəyə alıb ona müəyyən suallar verir, bəzi qaranlıq məqamlara aydınlıq gətirməsini ondan xahiş edirdilər. Erməni millətinə aid olmaları duyulan bu şəxslər heç cür inanmaq istəmirdilər ki, erməni millətçiliyinin bu cür rəzil, çirkin tərəfləri varmış. Baş Hakim, eləcə də onun köməyinə yetişmiş yaşlı həmkarı bu şəxslərin tərəddüdlərinə inamla son qoymağı bacardılar.
Bu gün də beləcə sona yetdi.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)
Drayzer: “Həyatda başlıca məqsəd xoşbəxtlik olmalıdır, əks halda, qəlbinizin atəşi kifayət qədər gur yanmayacaq” - Uğur barədə 10 aforizm
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.
Bu gün daha 10 aforizm:
Uğurun yol yoldaşı nizam-intizamdır.
Çin atalar sözü
Qələbə günü yorğunluq hiss olunmaz.
Fars atalar sözü
Uğuru həzm edə bilmək uğursuzluğun başlanğıcıdır.
İtalyan atalar sözü
İnsan heç vaxt uğurdan doymaz.
Yunan atalar sözü
Məqsədə yaxınlaşmaq hələ onu əldə etmək demək deyil, çünki məqsədə bir addım qalmış, heç cür adlaya bilməyəcəyin uçuruma rast gələ bilərsən.
L.Blanki
Məqsədi böyük olan iş böyük sayıla bilər.
A.Çexov
Həyatda başlıca məqsəd xoşbəxtlik olmalıdır, əks halda, qəlbinizin atəşi kifayət qədər gur yanmayacaq, hərəkətverici qüvvə lazımınca güclü olmayacaq və nəticədə siz öz məqsədinizə tam nail ola bilməyəcəksiniz.
T.Drayzer
Məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görə bilmirsən.
D.Didro.
Məqsədlərimizi gerçəkliyi nəzərə alaraq müəyyənləşdirməliyik.
R.Emerson
Hər cür çətinlik qüvvəni artırır.
C.Ferrari
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
HEKAYƏ MÜSABİQƏSİ FİNALÇILARI – Səma Quliyeva, ”Bilinməyən həqiqət və şəkər malyariyası”
Bildiyiniz kimi, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi, Şirvan Xeyriyyə Cəmiyyətinin isə təşkilati dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqəyə iki yüzdən artıq hekayə ünvanlanıb, Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Ötən gündən etibarən, portalımızda 8 finalçının hekayələri dərc edilməkdədir.
Qeyd edək ki, müsabiqənin qalibi və mükafatçılar noyabr ayının ikinci yarısında elan ediləcək.
Bu gün Səma Quliyeva hekayəsini təqdim edəcək.
BILINMƏYƏN HƏQIQƏT VƏ ŞƏKƏR MALYARIYASI
Gözlərimi açanda özümü onun gözlərində tapdım. İllər sonra bu gözlər torpaq qədər qəhvəyi qıyıqlığını itirməmişdi. Mən onu magistral avtomobil yolunda görmüşdüm. Gözləri qıyıq, sanki özündə illərin yorğunluğunu daşıyan, sarısaç, ortaboylu biri indicə hardasa yanımdan keçirdi. Onu gördüyüm an qəlbimin hərarəti artdı. Bəlkə də, bu mənim yaşaya bilmədiyim uşaqlıq illərimin içindən qurtula bilmədiyim kabusum idi. Ya da, bəlkə də, çirkin qızlar sürmədən çox istifadə etdiyi kimi mən də çirkin həyatımı süni bəzəklərlə doldurmaq istəyirdim. Onu gördükdən sonra bir qəribə olmuşdum. Özümdən asılı olmayaraq magistral yolun qarşısındakı avtomobil servisinə yaxınlaşdım. Bəli, o bura maşınını yumaq üçün gəlmişdi. Və, deyəsən, buraların köhnə müştərisi idi.
Evə qayıtdım. Biixtiyar necə qayıtdığımı bilmədim. Özümdən asılı olmayaraq maşınının nömrəsini götürmüşdüm. Bir daha görmək üçün Allaha yalvarırdım. Beynimdə 1001 fikir, ağlımda özümün özümlə apardığı qarışıq sualların müzakirəsi.
O gecə səhərə qədər yatmadım, gözümə yuxu belə getmədi. Səhər ayılanda ilk işim götürdüyüm nömrə ilə onun avtomobilinin yerini öyrənmək oldu. Avtobusa mindim, dünən gecə yazdığım və indi mənim balaca dostum olan o məktubumla. Gəlib çıxdığım yer, deyəsən, onun iş yeri idi. Maşınını axtardım. Çox da yaxınlaşmamağa çalışıb məktubu onun şüşəsinin yanına yerləşdirdim. İçərisinə öz nömrəmi də yazmışdım. Daha doğrusu, saxta nömrəm. Ordan qaçaraq uzaqlaşdım. Bilmirdim amma, yazacağına ümid etmirdim. Hansı adam maşınından tapdığı nömrəyə yazardı axı? İndi onun düşüncələri bu yöndə çalışırdı: Görəsən, indi hansı tanışdı məni yoxlamaq, ya da ələ salmağa çalışır. Bu, ilk baxışda adi insanın düşünə biləcəyi fikirlərdir.
Evə qayıdıb kompüteri işə salaraq nömrəni ona birləşdirdim və heç bir zaman bilinməyəcək olan bir yalanın həqiqət adı altında icrasına başlamağa qərar verdim. Özümü niyə məxfi agent kimi apardığıma məna verə bilmirdim. Amma ilk dəfə qəlbimin səsini dinləməyə belə həvəsli idim. Axşama qədər gözlədim. Birdən gözlədiyim o mesaj gəldi. ”Salam, kim idi, buyurun”. Mesaj burda bitirdi, amma yeni bir hekayə başlayırdı. Mən isə “ciddiyətimi” qoruyub saxlamaqla “Salam, bağışlayın narahat edirəm, ama mənə bir mövzuda köməyiniz lazımdır, peraşki dükanı açmaq üçün nə qədər pul lazımdır, sizcə?” İlk baxışdan absurd mövzuya bənzəyən bu söhbət ikimizə də maraqlı gəldi. Cavabında mənə “hmm.. peraşki dükanı çox da büdcəli bir yer deyil. Dadlı olsa, bəlkə”.
Yağışlı bir axşam. Anamın dəmlədiyi o çox gözəl çayın əsrarəngiz ətri və qulaqcığımda səslənən “Bayatılar”. Həmin gecə söhbəti uzatmağa çalışaraq nə qədər danışdıq. Belə başladı bu kiçik, ama eyni zamanda mürgülü xatirələr. Ya da böyük bir yalan. Həm də çox böyük.
Danışdığımızın 3-cü günü onu özümə daha da bağlamaq üçün şəkillər atmağa başladım. Beləcə, biz həm dərd ortağı, həm dost, həm də bir-birinə bağlanmış 2 axmaq olduq. Sizə gülünc gələcək, amma hətta biz o peraşki məsələsini belə zarafata salıb gülürdük. Gələcəkdə hardasa oturub peraşki və vanilyalı tort yeməyi də düşünürdük. O incə qəlbli, zərif duyğulu, təkliyinə düşkün, ağzından sözü yalnız çəkic ilə almaq olan Hitler sevdalısı “Leonardo DiKapriom” idi. Yox, o ivrit dilindən tərcüməsi olmayan yazılı kitabəm idi. Ya da. Müalicəsi olmayan xəstəliyim.
Qısa zaman ərzində o qədər yaxın olduq ki, hətta mənə hər gecə öz təsirli hekayələrini danışmağa başladı. Anasının öldüyünü. “Anamın məni qazlı su belə içməyə qoymazkən indi atıb gedib əbədi tənhalıq və yalnızlığımla baş-başa, içkiylə üzbəüz qoyması” sözü məni 1 həftə o qədər duyğulandırmışdı ki, onun anasını necə təkrar qaytarmaq olar deyə fikirləşirdim. Amma təəssüf ki gedən heç nə, itirilən heç bir şey yenidən qayıtmır, əvvəlki kimi olmur.
Bəzən yaxşı insanlar çirkin insanların çirkin əməllərinin qurbanı olur. Onun da anası içki əyyaşı atasının qurbanı olmuşdu. İndi atası həbslərdə çürüyür, anası isə əbədi olaraq sonsuzluğa qovuşmuşdu. Bəs özü? O yaşamırdı, nəfəs alırdı sadəcə. Zatən onun necə əzab və iztirablar içində qıvrıldığını yorğun gözlərindən anlamışdım. O yorğun, qəhvəyi, eyni zamanda qıyıq gözlər. O gözlər ki, nə gözlər. Bəstəvü-kanə bir ömürlük pay. Amma o gözlər çox ağrı, acı çəkmişdi. İtib batdığı bu qədər dərd arasında mən ona sanki dərman olmuşdum. İtirdiklərini məndə tapmağa çalışdığını hiss edirdim. O bu dəfə itirmək yox, qazanmaq istəyirdi. Qazanmağın yolunun itirməkdən keçdiyinin fərqində deyildi, bəlkə də. Təbiətən cinayətkar olmayan bir adam cinayət törətməyə məcbur olub qatil olanda onun beynində xeyir və şər cəngavərləri mübarizə aparır. Yalnız güclü və iradəli insanlarda xeyir və şərdən biri qalib gəlir. Zəif insanlarda isə bu mübarizə sonu görünməyən savaş meydanına çevrilir. Bu isə böyük bir faciədir.
Niyə yaxşı insanlar dünyadan tez köçür? Bir kitabda Allah sevdiyi insanları dərgahında tez görmək istədiyi və onların daha az günah işləməsi üçün yanına aldığını oxumuşdum. Bəs pis insanlar? Niyə Allah pislərə daha yaxşı həyat, təklif, imkan, şərait bəxş edir? Bu tarazlıqsız qanunauyğunluqlar mənim canımı sıxmağa başlamışdı. Doğurdan da, insanlar heç vaxt təmiz olmayacaqlar. Doğurdan da, onların xislətində bir iblis var. Onlar sevdiklərini incidib, doğmalarına əzab verirlər.
İndi onun ən böyük düşməni mən idim. Ona nə qədər yaxın olsam da, bir o qədər də uzaq idim. Aramızdakı sərhədlər getdikcə uçuruma çevrilirdi. Dərin bir uçuruma. Sonu görünməyən, bilinməyən, çox dərin bir uçurum həm də. Bir məsəl vardır, düşündüyün fikirlərin dərinliyinə getsən daha da dəli olarsan. Mən də onun dərinliyinə addım atdıqca, onu daha da yaxından kəşf etdikcə qapılar öz özünə açılırdı. Mən onun batağlığında gəzir, o isə mənim bataqlığımda boğulurdu. Yenə tarazsız tarazılıq. Təbiətin xaotik ahəngindən danışardım ona. Qıyıq gözlərinin ona necə yaraşdığını. Mənimsə onun qıyıq gəmisində “Titanik” kimi batmağımı söyləyərdim. Gülərdi həmişə. Qoyduğum sərhədlər onu artıq sıxmağa başlamışdı. Mənə isə şirin bir yuxu kimi gəlirdi. Bitməsini heç istəmədiyim bir yuxu. Mənim internet üzərində olan elektron robotlardan fərqim yox idi. Nostalji hisslərin sonu hər zaman qəm-kədərdir. Bu yazılmamış, amma təsdiqini tapmış bir qanundur. Get-gedə uzaq məsafə dibi görünməyən cəhənnəmə, çıxışı olmayan 4 divarlı zindana çevrildi. Biz isə bu fəlakətdə fırtına ilə üzləşən qayıqçılar idik. Mən avar çəkirdim, o isə dənizin necə də gözəl olmasına tamaşa edirdi.
Belə olmayacağını bilirdim, onu da, özümü də çoxdan başlamamış, bitməsi gərəkən bu cəfəngiyyatdan uzaqlaşdırmağı qərara aldım. Elə həmin gün mübahisə yaradıb danışmamağı qərara aldıq. Bitişi çətin, uzun bir ayrılıq idi bu. 6 ay danışmadıq. O 6 ay mən kitablara daha çox bağlandım, daha çox oxudum. Getdiyim hər yerdə, oxuduğum hər şeydə onu tapmağa çalışdım. Nə qədər güclü görünsə də olduqca zəif biri. Onun ürəyi demək olar ki yox idi. Çox saf idi. Ətrafındakı insanlar onun saflığını başqa yerlərə çəkirdilər. İçi mən qarışıq. Etdiyim heç düz hərəkət deyildi. Saxta adamın saf bir adamın qəlbinə yol tapıb ora yerləşməsi. Hər gün şiddətli vicdan əzabı və baş ağrısı ilə tanrıdan məni bağışlamasını istəyirdim. Etdiklərimin əffi yox idi. Onunla yenidən.. yenidən tanış olmaq istəyirdim. Ondan danışsam kağız, qələm yetməz.
6 ay sonra mən ona yenidən yazmağı qərara aldım. Gördüyüm yuxu məni buna vadar etdi. Kaş ki yazmazdım. Mənə nişanlı olduğunu, bir də yazmasam sevinəcəyini bildirdi. Gecikmişdim. O tanıdığım ən mükəmməl bir insan, əvəzi olmayan brillyanta çevrilmişdi. Bu xülya 2 ay sonra yenidən başladı. Onun şəkər xəstəliyinə tutulduğunu öyrəndim. Öyrəndiyim an dünyam başıma yıxıldı. Ona hər zaman yanında olacağını yazdım. Sonradan onun nişanlı olmaması üzə çıxdı. Özünü məndən uzaqlaşdırmaq üçün bu yalanı uydurduğunu boynuna aldı. Sona qədər yanında oldum. Şəkərlə mübarizənin çətinliklərini bilə-bilə asanlaşdırmağa çalışırdım. Şəkər simptomu insanın canından can alır, onu qanına qədər sümürüb sonra öldürür. Bu çətin zamanlarda artıq ona doğrudan da, sözün əsl mənasında bağlanmışdım. Ona zarafat üçün “şəkər olduğun üçün şəkər xəstəliyinə tutulmusan” deyirdim. Gizlin-gizlin göndərdiyim motivasiya məktubları, kitablarımı satıb bazardan aldığım ruhu sakitləşdirən çaylar, bağımızdan dərdiyim meyvələr, güllər... Hər gün yeni bir şey kəşf edib ona göndərirdim. Ömrünün sonlarını mənim yanımda keçirmək istədiyini deyirdi. Qəbul edə bilməyəcəyimi dediyim gün “Onda çıx və get həyatımdan, niyə qalmısan” dedi və bitdi. Mən də bitdim. O da bitdi. Yarımçıqlar yarandı. Əksikliklər bir-birini tamamlamırdı artıq. İllər keçdi, mən onu izlədim, izini heç zaman itirmədim. Amma tale onu mənə çox gördü. Günlərin bir günü e-postama “axtardığınız adamın məzarı Gənclər yaşayış kompleksinin yanındakı qəbirstanlıqdadır. Buyurun” yazısı gəldi. Bu postu oxuyanda nə məzarı, nə qəbirstanlığı deyə düşündüm. Yanlışlıq olduğunu zənn etdim. Yox, heç bir yanlışlıq yox idi. O keçən axşam ölmüşdü. Həmin an özümü hiss etmədim. Həmin gün mən də öldüm. Fəlakətdən sağ qalan təkcə islanmış mən və sınıq salxaq gəmim idi. Onu artıq birdəfəlik itirdim. Belə bir şey də var ki, itirməkdən qorxduqlarımızın dəyərini itirdikdən sonra anlayırıq. Həmin gün o qədər ağlamışdım ki, gözlərimdən yaş əvəzinə qan axırdı. Azca da olsa özümə gələndə dayanmayıb onun məzarına ziyarətə getdim. “Gedirəm, gəlməsəm yada sal məni” ilə başlayan sözlər. Deyəcəyim sözlər boğazımda kilidləndi. Sonsuz ayrılıq idi bu. Ayrılıq, ayrılmaq. Yad terminlərdir, eynköklü olsalar da. Gözlərimi açanda özümü onun gözlərində tapdım. İllər sonra bu gözlər torpaq qədər qəhvəyi qıyıqlığını itirməmişdi. Amma artıq o gözlər yerdən deyil, məzar daşından baxırdı.. Siz siz olun, sevdiklərinizin dəyərini vaxtında bilin.
Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var,
Oyatma bənövşəni,
Kol dibində ayaz var...
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)
BİRİ İKİSİNDƏ - Əlibalanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Əlibalanındır.
SƏSLƏNİŞ
Gilas tumundakı qarışqaya
sarı, quru torpağa baxdığın günlər....
İndi keçmişini köməyə çağırırsan.
Yay axşamlarını köməyə səsləyirsən,
sərin daşlar üstündə
dişlərini yuduğun anları
düşünürdün –
bir qadın
yastığının altına nanə qoyur…
qorxmadan yatırsan,
heçbir kabus görmədən...
Və inanırdın, zaman
meyvələrin arasında
sıxışıb –
uşaq kimi sevimli üzüylə
baxır və gülür
sənə....
Günlər keçir,
Nə qədər ki gələcək qurulmayıb,
məhv olmayan keçmişini köməyə çağırırsan....
ÇƏHRAYI
Dumanlı gözlərlə böyük bir gölü izləmək....
Bir tərəfdə çəhrayı güllər üzür
və
biraz kənardan
iti şüşələr baş vurur su üzünə....
Amma
bu mübarizəni gözləmək lazım deyil.
Bəlkə də, hardasa
bir uşaq gülümsəyir – (indi ilk dəfə inək sağmağı öyrənir)
Və ətirlər səsləyir ümidə cəhd edənləri.
Gözləri yummaq;
İnanmaq
bir almanın qoxusuna....
TƏLQİN
Boz daşlar üstündə bir yaşıl üzüm yarpağı...
İndi yavaş-yavaş kiçilsə barmaqların,
ayağını ona qoyub
bir göl üzündə süzsən...
Eşitməzsən,
daha
səni incidən səslərin heç birini...
NƏFƏS
Toyuqlara səpilən dənin qoxusu
axşamçağını bürüdü,
bir anlıq düşündün ki, bütün kainat səni sevir,
yaxınlıqda yaşıl yarpaq üstündə
bir qırmızı cücü var...
Bir ev uzaqda
ördəklərin yanında
ananın ayaqları palçıqda sürüşür
isti yay palçığında
və oğlu tutur onu
sonra yaşıl kollara baxıb gülümsəyirlər.
Səpilən dənin qoxusu ağaclara dırmaşır.
NÖQTƏLƏR
Gecə –
sarı işıqda
yaşıl yarpaqlar...
Sevin –
pul-pul titrəyən
zireh dəmirləri deyil…
axtardığın hər gücü bəsləyən
kiçik nöqtədir ora,
dərk edilmir
ağlının
səs dolu
ölümündə....
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)
Bu gün Jurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
2 noyabr. Yeni əhatə dairəsi axtarışı günü
Dost və tanışlar səni qane etmirlər? Onda lütfən bu gün hər şeyə yenidən başla, dostları və tanışları dəyiş. Özünə yeni “kruq” tap. Əslində ilk baxışda bu çox çətin görünür. İllərlə fortmalaşan münasibətləri necə qırasan, başqasıyla təzədən necə münasibət qurasan? Azərbaycanda bir məsəl də var, hər şeyin təzəsi, dostun köhnəsi. Yəni, mental olaraq azərbaycanlılar bu cür gedişlərə hazır deyillər, bizdə ailəni, dost dairəsini dəyişmək istisna hallarda baş verir. Ona görə də 2 noyabrdakı bu təyinat necə olsa da bizə yad görünəcək.
2 noyabr. Jurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günü
Son on ildə 700-dən çox jurnalist cinayətin qurbanı olmuşdur. YUNESKO-nun Baş direktorunun məruzəsinə görə, 2006-2013-cü illərdə jurnalistlərə qarşı cinayətlərin cəmi 6 faizi (593 hal) təhqiqata cəlb edilmişdir. 171 iş üzrə (28 faiz) hələ də müxtəlif instansiyalarda təhqiqatlar dolaşıb qalmışdır, 384 cinayətin isə (68, 8 faiz) üstü sadəcə örtülmüşdür. Bu cür cəzasızlıq jurnalistlərə qarşı cinayətkarlıq hallarını daha geniş miqyasa çatdırmaqdadır. Yeri gəlmişkən, 2005-ci ilin martında güllələnən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də bu qəbildəndir. 2013-cü ildə BMT Baş Assambleyası öz 68-ci sessiyasında 2 noyabrıJurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günü elan edəndə bu cəzasızlığa tez bir zamanda son qoyulmasına inamını da bildirmişdi.
Bəs niyə məhz 2 noyabr? Çünki 2013-cü ilin 2 noyabrında iki fransız jurnalisti Malidə öldürülmüşdü, yerli hakimiyyət isə hadisəni ört-basdır etməyə çalışırdı.
2 noyabr. Koronasiya və ölülər günü
Bu gün şimal qonşumuz İmperator kəlməsini gen-bol işlədəcək. 1721-ci ildə Senat 1-ci Pyotra imperator titulu verib. 1884-cü ildə də imperator 2-ci Nikolay taxta çıxıb.
İrlandiyada Bernard Şounun – dramaturq, publisist, Nobel mükafatı laureatının anım günüdür, kişi 1950-ci ildə haqq dünyasına gedib.
Bu gün əfsanəvi Selassienin koronasiyası günüdür deyə həm Qvatemala, həm Honduras, həm Salvador – üç Mərkəzi Amerika ölkəsi, həm də Boliviya – Cənubi Amerika ölkəsi ölülər gününü qeyd edəcəklər. Şimali Amerika ölkəsi olan Meksikada isə bu gün İkinci ölülər günüdür, çünki birincisi noyabrın 1-nə təsadüf edirdi. Gözünə döndüyüm əsas Amerika ölkəsində - ABŞ-da isə ölü-filan söhbəti yoxdur, növbəti Milli mətbəx bayramıdır, içi marinə edilmiş tərəvəzlə doldurulmuş yumurta günüdür.
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)
70-ə nə qaldı ki?
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Məncə elmlər doktoru, professor, hətta akademik də olmaq mümkündür. Vaxtında yaxşı təhsil alıb yorulmadan elmlə məşğul olsan, bu adları qazana bilərsən. Amma “kişi adam” adını qazanmaq hər adamın hünəri deyil, oxumaqla, vəzifədən-vəzifəyə yüksəlməklə nail olmaq olmur. Gərək yaranışdan təyinatın buna olsun...
Deyir ki:- “Mənə elə gəlir, insan öz yaşını hiss eləmir. İnsan yaşını hiss eləsə, ona uyğunlaşsa, onun üçün çox çətin olar. Yəqin bu, həyat enerjisiylə, ətraf mühitlə bağlı bir məsələdir. Bunu bioloji baxımdan izah etmək çətindir, çünki insanın yaşlanmağı, qan damarlarının vəziyyəti, beynin iş qabiliyyəti, insanın özünün fiziki göstəriciləri yaşda əks olunur. Amma insanı cavan saxlayan və gənc göstərən onun ruhu, düşüncəsidir. Stalinə sual verirlər ki, insan nə vaxt yaşlanır, deyir, zamanı hiss eləməyəndə. Mənim də işim elə gətirib ki, televiziya həyatı, pedaqoji fəaliyyətim, jurnalistika mühiti, istər-istəməz onun özünün dinamizmi həyatıma təsir eləyir. Görünür, xarakter də burda rol oynayır. Amma ən əsası ruhun vəziyyəti ilə bağlıdır. İnsan içində ölübsə, istəyir 30 yaşı olsun, istəyir 50, əlbəttə ki, ölüvay görünəcək...”
Noyabrın 2-də altmış doqquz yaşın kürəyini yerə vuracaq, fəqət çevikliyini hələ də itirməyib. Oturaq həyat keçirmək, süstlük, hərəkətsiz yaşamaq ruhuna zidd əlamətlərdəndir. Necə deyərlər, burdan vurub, ordan çıxır. Pedaqoji fəaliyyəti ilə yanaşı, dostların xeyir-şərində, mədəni kütləvi tədbirlərdə, televiziya ekranlarında onu tez-tez görmək olur. Nəvələrinin əksəriyyəti xarici ölkələrdə təhsil alır. Bir də görürsən ki, onların diplomalma mərasimlərində iştirak edib, sosial şəbəkələrdə şəkil paylaşır. Sevincini dostları ilə bölüşməyə tələsir. Bütün bu hərəkətlərin hamısı adamdan böyük enerji tələb edir. Enerjinin mənbəyi isə təkcə düzgün qidalanmaqda deyil, gərək niyətin saf, qəlbin təmiz, ruhun sağlam olsun...
“Adam ictimailəşibsə, müəyyən çərçivəni qəbul etməlidir. Hardasa şüuraltı yaşın ölçüləriylə hesablaşmalısan. Qadağalar olmalıdır, bu, təbiidir. Önəmli olan özün üçün belə sərhədlər qoymamağındır. Mən etik məsələləri nəzərdə tutmuram. Əlbəttə, bu yaşda şortik geyinib hər hansı bir məclisdə görünsən, sənə başqa cür baxacaqlar. Təbii ki, yaşadığın cəmiyyətin qaydalarını nəzərə almalısan. Eyni zamanda onu əsas gətirib bütün hərəkətlərinə məhdudiyyət qoymaq da olmaz. Deməlisən də, gülməlisən də, məclislərdə də olmalısan. Özünə uyğun çevrən olmalıdır. Xoşbəxtlikdən məndə həmişə belə bir çevrə olub. İkincisi, çox vaxt gənclərin əhatəsindəyəm. Onlarla çox vaxt ruhi vəziyyətimiz uyğun gəlir. Dərsdə tələbələrləyəm, onların ritmiylə müzakirələr aparıram. Mentaliteti də, yaşı da, qadağaları da nəzərə almalısan. Amma əsas odur ki, bütün bu qadağaların içində həm də ruhunu diri saxlayasan. Bu, çətindir, amma mən nə dediyimi yaxşı bilirəm...”- söyləyir.
Ailəsi çox da böyük deyi. İki qızı var, onlar da ailə qurublar. Ömür-gün dostu Zemfira xanım Məhərrəmli ilə tələbə yoldaşı olublar. O da media adamıdır. Bədii yaradıcılıqla aktiv məşğul olur. Bir sıra kitabların müəllifidir...
Zəngin və parlaq uşaqlığı olub. Zəngilanda doğulsa da 5 yaşında atası rəhmətə getdiyindən onu Şuşada internat məktəbinə qoyublar. İnternat məktəbdə oxumağı xarakterinə, həyatına çox ciddi təsir edib. Kollektiv mənafeni, sözün yerini, yaxşılığı, şərə qarşı dayanmağı, zəifin tərəfini saxlamağı, zalıma qarşı çıxmağı orada öyrənib. Hətta bəzi yazılmamış qanun və qaydaları da burada mənimsəyib. Məsələn, hər gördüyün şeyi demək olmaz, oğurluq eləmək kişilikdən deyil, döyülənə kömək etməlisən və s..
Deyir ki,- “Bir dəfə başqa rayonlardan bizim oxuduğumuz məktəbdəki pioner düşərgəsinə uşaqlar gəlmişdi. Özləriylə ərzaq gətirmişdilər, biz tər tökə-tökə o ərzağı boşaltdıq. Beş nəfəriydik, bizi sıraya düzüb üstümüzü axtardılar. Yəni birdən biz ordan konfet, peçenye götürmüş olarıq. Sarsılmışdıq bu hərəkətdən. Gedib müəllimimizə dedik ki, biz bu anbarı dağıtmalıyıq, çünki təhqir olunmuşuq. Heysiyyətimizi tapdalayanları cəzalandırmalıyıq. Müəllim nəsihət verdi, sonra dedi ki, necə istəyirsiniz eləyin. Orda elə həngamə qopardıq ki, bizdən üzr istədilər. Anladılar ki, heç bir uşağın heysiyyətini tapdalamaq olmaz. İnsan özünün ləyaqətini qorumursa, o, çox yararsız adamdır. Haqsızlığa qarşı çıxmaq lazımdır...”
Müstəqil yaşamağı uşaqlıq illərindən öyrənib. Qoçaq və dalaşqan olub. Təsəvvür edin ki, 5-ci, 6-cı siniflərdə oxuyanda İsa bulağına gedib pul qazanırdı. Çör-çöp yığaraq orada kabab bişirmək istəyən adamlara satırdı. Tələbəliyi də pis keçməyib. Yaşadığı yataqxanada müxtəlif ziyafətlərdə içib də, dava da salıb, şənlənib də. Döyüldüyü də az olmayıb, amma heç vaxt kimlərinsə təsiri altına düşməyib, sarsılmaz iradəsi var...
Bəli, haqqında söhbət açdığım professor Qulu Məhərrəmlinin sərt, amansız qaydalar altında böyüməsi onun həyatında mühüm rol oynayıb. Ona görə də mərd, döyüşkən, cəsur, dinamik adamdır. Bəlkə də çoxunuz bu faktları bilmirdiniz, ad günü ərəfəsində yadıma düşdü və sizinlə bölüşmək istədim. Xalq artisti, rəhmətlik Fuad Poladov isə onun haqqında belə söyləyib: “Qulu Məhərrəmli mənim üçün böyük mənəvi gücü olan, bizim reallıqda istedadla şəxsiyyəti birləşdirə bilmiş çox az ləyaqətli adamlardan biridir”...
Təbrik edirik, Qulu müəllim! 70 illik yubileyinizdə görüşənədək...
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)