“Heydər Əliyev İli”nə töhfə olaraq bu gündən - noyabrın 2-dən noyabrın 4-dək Bakının mərkəzi Sabir bağında (“İçərişəhər” metrostansiyası) Azərbaycan Dövlət Tərcümə Mərkəzi Tərcümə Agentliyinin təşkilatçılığı ilə kitab sərgisi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalının Tərcümə Mərkəzindən aldığı məlumata görə, kitaba, ədəbiyyata, mütaliəyə sevgi aşıladılması məqsədini daşıyan sərgi çərçivəsində aparıcı dünya ədəbiyyatları, eləcə də müasir Azərbaycan yazıçı və şairlərinin kitabları, uşaq nağılları və ensiklopediyalar, lüğət və sözlüklər, eləcə də digər fərqli formatlı nəşrlərin nümayişi və güzəştli satışı həyata keçiriləcək.
Noyabrın 2-dən etibarən səhər saat 10:00-dan 19:00-dək açıq olacaq sərgidə axşam saatları tanınmış yazıçı və şairlərlə görüşlər və imza saatları da təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət” portalının əldə etdiyi məlumata görə, noyabrın 4-də Gürcüstanda yaşayan soydaşımız, nasir və tərcüməçi İmir Məmmədlinin imza saatı baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)