“Sübhənallah” - HEKAYƏ Featured

Əlişükür Cavadov, “Ədəbiyyat və incəsənət” üçün                            

 

Gecənin qaranlığı hər tərəfi ağuşuna almışdı. Bizim yataqxana da gecəyə təslim olaraq işıqlarını keçirmiş, gecənin rənginə bürünümüşdü. İşıqlar təzə keçirildiyindən koridorda gəzən tələbələrin, açılıb-örtülən qapıların səsləri adda-budda eşidilirdi. Mən otağımızı bürüyən səssizlik içində çarpayımda uzanmış, baxışlarımı tavana zilləyib bəzisi lazımlı, bəzisinin isə gecənin bu vaxtı yadıma nə üçün düşdüyünü anlamadığım fikirlərin arasında vərd-vürd edirdim. Yerli yersiz fikirlərimin məni get-gedə mürəkkəb bir labirintə saldığını hiss edib bu fikirləri özümdən uzaqlaşdırmaq üçün nəzərlərimi tavandan çəkib pəncərədən çölə baxmağa başladım. Pəncərədən intəhasız səma və yataqxanamızın yaxınlığındakı yeganə binanın pəncərələrindən düşən işıqlar görünürdü. Çarpayım pəncərənin yanında olduğundan fikirlərimin məni əldən saldığı gecələrdə zilləndiyim səma və yaxınlıqdakı yeganə binanın pəncərələrindən düşən işıqların yaratdığı mənzərə mənimçün doğma bir görüntüyə çevrilmişdi. Həyatın məni haralara sovuracağından asılı olmayaraq bu mənzərənin mənim yaddaşımda həmişəlik qalacağına əmin idim.

İntəhasız səmada ulduzlar sayrışır, ay da onlara baxıb fərəhlənirdi. Ona baxdıqca qoşunla üstümə gələn fikirləri işığı ilə pərən-pərən salan ayın fərəhi mənə də sirayət edirdi. Daxilimdə özünə yavaş-yavaş yer edən fərəh otağımızın qapısının açılması ilə bir andaca yox oldu. Qapını açan son zamanlar dini sualları ilə sanki bizim dini biliklərimizi yoxlayırmış kimi hardansa qəfil peyda olan Əşrəf idi. Ona görə bizim deyirəm ki, qrupda dini bilikləri çox olan mən və mənim otaq və qrup yoldaşım Ceyhun idi. Qrupda kim dini məsələlərlə bağlı nəyi bilmirdisə bizə üz tuturdu. Son zamanlar bizə ən çox sual yağdıran adam da Əşrəf idi. Onun bu sualların cavabı öyrənəndən sonra tətbiq etdiyini heç görməmişdik. Və bu sualların cavabını nə etdiyi barədə heç bir fikrimiz yox idi. Əşrəf bizdən öyrəndikləri ilə nə istəsə edərdi. Namaz da qılardı, oruc da tutardı, Həccə də gedərdi... Ancaq di gəl ki, o hələ də öyrənməklə məşğul idi...

Bu ərəfələr mən və Ceyhunun özümüzü dində tapdığımız ərəfələr idi. Bizi birləşdirən də elə din idi deyə bilərik. İlk dəfə bir-birimizlə söhbətimiz zamanı dini biliklərimizin olduğunu görüb daxilən sevinmişdik. Bir-birimizlə çoxlu dini söhbətlər edə biləcəyimizi başa düşüb bir-birimizə daha da yaxınlaşmışdıq. Bu yaxınlıq bizi o qədər birləşdirmişdi ki, hətta çapyılarımızın da (arada mənim dolabım sonra Ceyhunun dolabı olmaq şərti ilə) yanaşı olmağına səbəb olmuşdu. Hər ikimizin dolabında ya şəriət, ya əxlaq, ya da başqa dini mövzuda olan kitablar olardı. Biz həmin kitabları böyük bir şövqlə oxuyar və bir-birimizə ötürərdik. Səhər, günorta və axşam namazlarını birlikdə qılar, hətta bəzən namazdan sonra namaz otağında Quran da oxuyardıq... Nə mənə nə də Ceyhuna həyatda özümüzü tapmağa dindən başqa birşey lazım deyildi. Biz bütün suallarımıza dində cavab tapmışdıq. Həyatın mənasından tutmuş onun mənasızlığına qədər bütün suallara cavabımız vardı. O cavabları isə dolablarımızda olan dini kitablardan oxumuşduq...

Əşrəf qapının kandarında dayanıb otağa girmək üçün icazə istədi, icazəni alandan sonra isə birbaşa mənə tərəfə gəlib çarpayımda əyləşdi. Pəncərədən düşən ay işığı onun mənə sarı çevirdiyi sifətinin bir tərəfinə düşürdü. Ümumi hal-əhvaldan sonra Əşrəfin yenə də dinlə bağlı bir sualının olduğu məlum oldu. Əşrəf soruşurdu ki, Ramazan ayı ay gözlə görünmədən də girə bilərmi? Yəni bəzən elə hallar olur ki, ay adi gözlə görümür amma teleskopla görünür. Belə olan halda da ramazan ayının girdiyini deyə bilərikmi?

Qabağdan Ramazan ayı gəldiyindən təxminən iki həftə bundan qabaq bu sual məni də maraqlandırmışdı və cavabını tapmaqdan ötrü əlimdə olan bütün şəriət kitablarını bir daha nəzərdən keçirmiş ancaq dəqiq cavab tapa bilməmişdim. Əmimoğluna zəng edib kənddəki evimizə getməyini lazım olan kitabları götürüb Ramazan ayı və ayın görünməyi barədə olan hissələri oxuyub dəqiq cavabı mənə bildirməyini xahiş etmişdim. O da dediyimi etmiş, lazım olan cavabı oxuyub öyrənmiş, cavabın yazıldığı hissənin şəkilini də hər ehtimala qarşı mənə göndərmişdi. Ona görə də Əşrəfin bu sualının cavabını dərhal verdim. - Ayı teleskopla görmək də Ramazan ayı olduğunu bildirir- Cavabımdan razı qalan Əşrəfin sifətində təbəssüm çiçək açmaq istəyirdi ki, yan çarpayıdan Ceyhunun ötkəm səsi eşidildi. Səhv deyirsən, bu belə deyil. Mən bir qədər susuram və - necədir bəs ? – deyirəm. O, - ayı gözlə görmək lazımdı - deyir. Mən bu variantla razılaşmır və öz dediyimdə dururam. O dolabındakı kitabları götürüb guya səhv dediyimi sübut etmək üçün Əşrəfin verdiyi sualın cavabını axtaranda mən də telefonumu çıxarıb əmimoğlunun mənə göndərdiyi şəkili ona göstərirəm. Ceyhun telefonumu əli ilə yana edib ayın işığında öz kitablarını vərəqləyir. Mən də onun inadına inad öz dolabımdakı kitabları da onun qabağına töküb – al bunlara da bax – deyib gülümsəyirəm. Ceyhuna baxanda bir neçə gün bundan qabaq bu sualın cavabını özümün də necə böyük bir narahatlıqla axıtarıdığımı xatırlayıram. Ona görə də bir qədər yumşalıb Ceyhuna telefonumdakı şəkili göstərir, şəkildə olan cavabın yazıldığı kitabın adını xoş bir tonda deyir, telefonu yenidən ona tərəf uzadıram. Cehyun isə heç cür mənim dediklərimlə razılaşmır, önünə tökdüyü kitabların arasında vurnuxur...

Mən yenə də onun mənimlə razılaşmadığını gördükdə bu dəfə ona güldüm. Gülüşüm qeyri-ixtiyari olaraq Ceyhuna toxundu. O, mənə baxıb – nəyə gülürsən? – dedi. Mən də - sənin yersiz inadına – cavabını verdim.

-       İnad ? Mən inad edirəm ?

-       Hə.

-       Deyirəm ki, mən deyəndi.

-       Mən də deyirəm ki, mən deyəndi

           Çarpayımda oturmuş Əşrəf təccüblə ikimizə də baxıb az qala pıçıltı ilə - indi kim deyəndi? -  deyir. İkimiz də birdən ona baxıb bərkdən, eyni vaxtda və eyni əsəblə - mən deyəndi – deyirik. Əşərfin baxışlarından  karıxdığı, verdiyi sualla axşam vaxtı belə səs-küyə səbəb olmağına görə peşman olduğu duyulur.  O, - əsəbləşməyin qardaşlar -deməklə kifayətlənir. Onun bu sözünün isə bizə zərrə qədər də təsiri olmur. Ceyhun yenidən əsəb saçmağa başlayır, əlini mənə tərəf tutub – nə bilire bu dini – deyir. Mən də onun əsəb saçmağına özümdən çıxıb partlayır – Əsl sən nə bilirsəne ? Nə bilirsənsə də hamısını məndən öyrənmisən - deyib kitablarını əlimlə qarışdırıram. Ceyhun bu sözümdən sora özünü saxlaya bilməyib mənə cumur. Biz tutaşırıq. Əşrəf və digər otaq yoldaşlarım yaranan səs-küyə şirin yuxularından oyanıb bizi aralamağa başlayırlar. Bizi aralayıb hərəmizi otağın bir küncünə aparırlar. Biz əsəb içində fınxırır yenidən tutaşmağa can atırıq. Yaranan vəziyyətə görə ən çox Əşrəf özünü günahkar hiss etdiyindən ən çox o əl-ayağa düşür. Üzünü gah mənə gah da Ceyhuna tutub – eləməyin qardaşlar, eləməyin. Yaraşmır sizə - deyir. Mən – birinci o başlatdı – deyirəm. Bu vaxt otağın qapısı açılır və yataqxana komendantı içəri girir. Tərs-tərs bizə baxıb – nə səs-küydü salmısız, yata bilmirsiz? – deyir. Özünü hələ də günahkar hiss edən Əşrəf – Zaraftlaşırdıq, üzürlü sayın - deyir. Komendant – zarafatın da vaxtı var. İndi zarafat vaxtı deyil. Yatmaq vaxtıdı. Bir də səsiniz gəlsə rəhbərliyə məlumat verəcəm – deyir, bir qədər sükut içində bizə baxır və qapını örtərək gedir. Biz qəzəbli olsaq da daha dinmirik. Mən özümü ələ almağa çalışıram. Yaratdığımız səs-küyün sorağının dekana gedib çıxsa onun alacağı sifət gəlib gözümün qabağında dayanır. Rəhbərliyə məlumat veriləcəyi təqdirdə valideynlərimin çağırılmağı və töhmət almağım ehtimalları da sakitləşməyimə əməlli başlı kömək edir. Ceyhuna baxıram. Hiss edirəm ki, o da mənim düşündüyüm şeyləri düşünür. Əşrəf aranın sakitləşməyə doğru getdiyini görüb sağollaşır və gedir.    

Mən yenidən çarpayımda uzanmış intəhasız səmaya, səmada parlayan aya, sayrışan ulduzlara baxmağa başladım. İndi ay mənə fərəhsiz görünürdü. O daha sevinclə parlamırdı. Sanki təssüflə işıq saçaraq başını bulayırdı... Ceyhun da mən də otaqda olan digər üç otaq yoldaşım da dərin bir sükut içində susurduq. Birdən otağın ən qaranıq tərəfində öz çarpayısında uzanan Oqtayın qalın səsi qaranlıqda çaxan ildırım kimi çaxaraq bir sual səsləndirdi.

 – Sübhənallah sözünün mənası nədi ?

Qaranlıqdan çıxıb üstümə cuman bu sual sanki bir vedrə soyuq su olub üzümə çırpılmışdı. Sanki mən hamının içində birdən lüt qalmışdım. Çünki mən qaranlıqdan çıxıb boğazımdan yapışan bu sualın cavabını bilmirdim. Bu sualın cavabını bilmədiyimi büruzə verməməkdən ötrü dinmədim. Sakitcə yanakı nəzərlərlə Ceyhuna baxdım. O da narahat şəkildə yerində dikəlib mənə baxırdı. O da susurdu. O da bu sualın cavabını bilmirdi...

 Ay ikimizə də rişxəndlə gülürdü. Ulduzlar isə öz aralarında pıçıldaşırdılar.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.