Super User

Super User

Cümə axşamı, 02 Noyabr 2023 09:30

Filarmoniyadan musiqi sədaları əskik deyil

Könül, “Ədəbiyyat və incəsənət”

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası hər gün bir konsertə evahibliyi etməkdədir. Biz də son iki gündə keçirilən iki konsert barədə sizləri bilgiləndirmək istədik. 

 

1-Cİ KONSERT

Kamera və Orqan Musiqisi Zalında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Xor Kapellasının konserti oldu.

 

 

Konsertdə  bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Nərmin Rzayeva, Elxan Niftiyevin müşayiətilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Ağasıyev, Anton Ferştandt, beynəlxalq müsabiqələr laureatları Nigar İsmayılova, Nəsibə Bədəlbəyli, Adil Baxışlı, Safura Aslanova və İntiqam Allahverdiyev öz ifalarını musiqisevərlərə təqdim etdilər.

Proqramda Üzeyir Hacıbəylinin “Ey vətən”, “Milli marş”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Qara Qarayevin “Bayrağımızdır”, Tofiq Quliyevin “Azərbaycan”, Aqşin Əlizadənin “Ana torpaq”, Elza İbrahimovanın “Ey vətən”, Vasif Adıgözəlovun “Bakı”, Müslüm Maqomayevin “Odlar yurdu”, Cavanşir Quliyevin “Zirvə”, Elnarə Dadaşovanın “Alqış qeyrətinə” və digər əsərlər səsləndirildi.

 

İKİNCİ KONSERT

Filarmoniyada təşkil edilən digər konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində oldu.

 

Konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (piano) və Əbdüləli Hüseynli (piano) çıxış etdilər. 

Solistlər dinləyicilərə R.Schumannın piano və orkestr üçün Konsertini (a-moll, op.54) və F.Lisztin “Ölülər rəqsi”, op.40 əsərini təqdim elədilər. 

Qeyd edim ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu İsveçrənin Bern şəhərində qədim türk yazıları olan petroqliflərə, tamgalara və runik işarələrə həsr olunan sərgi açılıb.

 

AzərTAC xəbər verir ki, sərgi Qazaxıstan Respublikasının İsveçrədəki səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Qazaxıstanın Milli Bayramı - Respublika Gününə həsr olunub.

 

Tədbirdə İsveçrə Xarici İşlər Nazirliyinin rəhbərliyi, ölkədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, dövlət qurumlarının, işgüzar və akademik dairələrin nümayəndələri, türkoloqlar, elm və mədəniyyət xadimləri, eləcə də ölkədəki qazax diasporunun, KİV-in təmsilçiləri iştirak ediblər.

 

Sərginin açılış mərasimində çıxış edən Qazaxıstanın İsveçrədəki səfiri Kayrat Sarjanov ölkənin Milli Bayramının tarixi əhəmiyyətini, davam edən struktur islahatlarının, Prezident Kasım-Jomart Tokayevin qazax xalqına müraciətinin əsas müddəalarının mahiyyətini vurğulayıb. O, Qazaxıstan-İsveçrə əməkdaşlığının siyasi, ticari-iqtisadi və humanitar sahələrdə dinamik inkişafını qeyd edib.

 

Səfir Türk dünyasının ayrılmaz parçası olan Qazaxıstanın mədəni irsinin qorunması və beynəlxalq miqyasda təbliği yönündə həyata keçirilən layihələrə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edib.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış zamanı Qazaxıstanın Respublika Günü münasibətilə səfir Kayrat Sarjanovu və bütün qazax xalqının nümayəndələrini təbrik edərək türk xalqlarının çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin təbliği istiqamətində təşkilatın fəaliyyət və məqsədlərindən söz açıb.

 

G.Əfəndiyeva qədim türk yazılarına həsr olunan sərginin rəhbərlik etdiyi Fond tərəfindən başladılan genişmiqyaslı layihənin bir hissəsi olduğunu bildirib. O, sərginin Avropa məkanında növbəti dəfə keçirilməsinin məqsəd və əhəmiyyətindən bəhs edib.

 

Sərgidə qədim türk yazılarının və simvollarının daş və keramika üzərindəki bədii oymalarından ibarət müxtəlif əl işləri, türk ölkələrinin tanınmış tətbiqi sənət ustalarının – Sabit Qurbanovun (Azərbaycan), Sanjar Jubanov (Qazaxıstan) və Jumagul Tashiev (Qırğızıstan) sənətkarlıq nümunələri təqdim olunub.

 

 “Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi dekabrın 7-dən 13-dək Rusiya Federasiyasının Arxangelsk şəhərində keçiriləcək VII Beynəlxalq “Arctic Open” Film Festivalında iştirak edəcək.

 

Kinostudiyanın mətbut xidmətinin yaydığı məlumata görə, “Mərmər soyuğu” festivalın tammetrajlı filmlər bölməsinə qəbul edilən 11 ekran əsərindən biridir.

 

Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.

 

Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

 

Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

“Ədəbiyyat və incəsənət” pprtalının POETİK QİRAƏT rubrikasında bu gün tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Qazax şöbəsinin sədri Barat Vüsalın “Sümüyümdən iliyiməcən” şeiri təqdim edilir. 

 

Əyri olmamışam, olammaram da,

Düzəm, sümüyümdən iliyiməcən!

Tez-tez güzgülənən, nurlanan, aydın

Üzəm, sümüyümdən iliyəməcən!

 

Ünvanım özümdə, xanəm özümdə,

Dünyam-varlığımda, mənam-sözümdə.

Məni yazda doğub anam, özüm də

Yazam, sümüyümdən iliyiməcən!

 

Qanım qaynasa da, düz oğlu düzə,

İstilik versəm də, ocağa, közə,

Adama yovuşmaz buz oğlu buza,

Buzam, sümüyümdən iliyiməcən!

 

Canım para-para, yara-yaradır,

Bəzən heç bilmirəm hara haradır?

Yarpaqları deyil, məni saraldır,

Xəzan... Sümüyümdən iliyiməcən! 

 

Dostam məni məndən ala bilənə,

Könlümə limhalim dola bilənə,

Basıb öz bağrına çala bilənə

Sazam, sümüyümdən iliyiməcən!

 

Ay Barat, ruhumun gül nəfəsiyəm,

Mən niyə bu qədər ləl xəznəsiyəm?!

Mən başdan ayağa "Ol" kəlməsiyəm,

Sözəm, sümüyümdən iliyiməcən!

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 11-dən 15-dək Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgidə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərginin Təşkilat Komitəsində 30-dan çox xarici və yerli təşkilatın iştirak müraciəti nəzərdən keçirilir.

 

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.

 

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master- klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

 

Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.

 

Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır. Fəxri qonaq ölkənin kitab sənətinin və ədəbi-mədəni irsinin nümayişi məqsədilə Rusiya Federasiyası tərəfindən sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Həmçinin Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamları sərgidə iştirak edəcəklər.

 

Eyni zamanda, Türkiyə Respublikası görkəmli yazarları, elm adamları, tanınmış aktyorları və xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunacaq.

 

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək.

 

Sərgiyə giriş ödənişsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 09:00

Teatr bu dəfə Şuşadan başladı…

Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılışı olub

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan türk dünyasının teatr mərkəzinə çevrilib. Və teatr xadimləri öncə Şuşada, ardınca Bakıda teatrın aktual məsələlərini həll etməkdə, ən yaxşı tamaşaları nümayiş etdirməkdədirlər.

 

Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi oldu. 

Festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir. Və festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirildi.

 

ADİL KƏRİMLİ

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən sonra bir çox silsilə tədbirlərin keçirildiyini bildirdi. Onun sözlərinə görə, bu gün işə başlayan I Beynəlxalq TÜRKSOY Teatr Festivalı da bu silsilənin davamıdır.

Nazir qarşıdakı illərdə də davamlı olaraq Türk dünyasında bu festivalın təşkil ediləcəyinə inamını ifadə etdi.

 

SULTAN RAEV

TÜRKSOY-un Baş katibi Sultan Raev festivalın əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, bu festival altı fərqli türk dövlətini və onların sənətçilərini bir araya gətirib.

“Festivalın əsas məqsədi bir- birimizi daha da yaxından tanımaq və incəsənətimizi daha da inkişaf etdirməkdir. Teatr sənəti bunu yaşadır və gələcək nəsillərə ötürür”, - deyə Baş katib vurğuladı.

 

İŞTİRAKÇILAR

Festival noyabrın 4-dək davam edəcək. Festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edir.

 

“QARABAĞNAMƏ”

İlk olaraq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası təqdim olundu. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Elnar Qarayev, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Nigar Güləhmədova, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Corc Qafarov və Tural İbrahimov ifa ediblər.

Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun musiqi əsərlərindən istifadə olunub.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib.

Festival bu gün maraqlı tamaşalarla davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Bu gün - noyabrın 2-də Uşaqlıq duyğularımın rəngləri” adlı şou–sərginin açılış mərasimi olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Xətai Sənət Mərkəzinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu başa çatıb.

Təqdim olunan əsərlər arasında uşaqlığa qaytaran, xatirələr canlandıran əsərlər əsas yer tutub.

Elanda qeyd olunduğu kimi, sərgidə bəzi müəlliflər uşaq ikən çəkdikləri rəsmlərlə təmsil olunurlar.

Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 15:30

Hər gün bir abzas

...Sonuncu ölən ümidlərdir... Bəlkə, ümidlər, ümumiyyətlə, heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər? Sonra da ruhla birgə yaşayırlar?... Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir?...

 

Varis, “Sonuncu ölən ümidlərdir”

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 10:45

Heydər Əliyev və Türk dünyası

TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar  “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyalar müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də bu layihələrə meydan verəcək. 

Mərkəz 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.

2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə TÜRKSOY-un planladığı “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.

Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən  məlumat verilib.

 

Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.

Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.

Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb. 

Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər. 

Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.

Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.

Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Cümə axşamı, 02 Noyabr 2023 16:00

Azərbaycan kinosunun anası Elmira Şabanova

“Ədəbiyyat və incəsənət” portalı dramaturq, ssenarist Ülviyyə Heydərovanın Elmira Şabanovanın doğum gününə həsr etdiyi yazısını təqdim edir. 

 

Ötən gün sevimli aktrisam Xalq artisti Elmira Şabanovanın doğum günü idi. 83 yaşı tamam olurdu sənətkarımızın. Ona olan sonsuz hörmətimi bir Allah bilir, bir də özü. Elmira xanımın o gözəl səsini bu vaxta kimi ancaq telefonda eşitmişəm. Sənətkarımıza can sağlığı arzulayıram. Bir də onu arzulayıram ki, Elmira xanımı canlı görüm. Bu arzumdan xəbəri var, hələ ki gözləyirəm. Çox yaşayın əzizim Elmira xanım! 

Sənətkarımız haqqında kiçik yazımı təqdim edirəm. 

 

AZƏRBAYCAN KİNOSUNUN ANASI 

Kino Elmira Şabanova üçün xəyallarının təsviridir. O, məktəbi bitirən kimi böyük ümidlərlə arzularına - Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutuna yollanır. Məşhur kinorejissor Sergey Qerasimovun imtahanından keçsə də atası VQİK xəyallarının üstündən xətt çəkir. Buna baxmayaraq gənc Elmira kino sevgisindən əl çəkmir. Bakıda Teatr İnstitutuna daxil olur, istedadı ilə elə birinci kursdan rejissorların diqqətini çəkir. İlk çəkildiyi «Əsl dost» filmi ona doğrudan da əsl dostlar qazandırır. Filmin ikinci rejissoru Rüfət Şabanovla isə nəinki yaxın dost olur, həyatını belə bağlayır.

«Səhər» filmində sevib-sevilən Sevda obrazı Elmira Şabanovanın kinoda gənclik illərinin son görüntüsüdür. O, 20 il sanki «özgə vaxt» yaşayır. Həyat yoldaşı, rejissor Rüfət Şabanov aktrisanın kino lentindən gənclik illərini alsa da, sənət ömrünə toxunmur. Aktrisa 30 il indiki Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə aktyorluğun sirrini öyrədir.

Elmira Şabanova yenidən kinoya qovuşanda Azərbaycan kinosuna sanki analıq eləməyə başlayır. O, həyatda necə qayğıkeş, ailəsinə bağlı anadırsa, canlandırdığı ana obrazları da pafosdan uzaqdır.  

Elmira Şabanova «Ötən ilin son gecəsi»ndə «Qəm pəncərəsi»ndən də baxa bilər, amma o, «40-cı qapı»nı açmağı bacaran aktrisadır.

Sevimli sənətkarımıza can sağlığı arzusuyla... 

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.