Super User

Super User

Çərşənbə axşamı, 31 Oktyabr 2023 15:51

İrəvan mətbəxi gündəmdədir

 

Qərbi Azərbaycana dönüş - yaxın onilliklərin mesajı budur və bu işin gerçəkləşməsi üçün əməli fəaliyyət göstərən hər kəs Azərbaycan üçün qiymətlidir. Təbii ki, o cümlədən Azərbaycan Kulinarlar Assosiasiyasının prezidenti Tahir Əmiraslanov da! Bir müddət öncə İrəvan mətbəxi barədə sanballı bir kitab ortaya qoyaraq beynəlxalq aləmdə kulinariya mövzulu ən yaxşı kitab dəyərlənməsinə layiq görülən Tahir Əmiraslanov bununla kifayətlənmir. Onun görəcəyi növbəti iş 

“İrəvan xanlığının mətbəxi” ongünlüyünün təşkilidir. 

 

“Ədəbiyyat və incəsənət” portalının Tahir Əmiraslanovdan aldığı bilgiyə görə, “İrəvan xanlığının mətbəxi” ongünlüyünə noyabrın 1-dən etibarən “Xanədan” etno-restoranında start verilib. 4 noyabr saat 12-də restoranda ongünlüyün rəsmi açılış mərasimi olacaq. 

“Biz özümüzə məxsus olan o torpaqlara qayıtmaq üçün öncə bu məxsusluğu dünyaya sübut etməliyik. Sübut üçün tarixi faktlarla yanaşı mədəniyyət artefaktları da başlıca rol oynayır. Mətbəx isə bu sıralanmada xüsusi əhəmiyyət kəsb edir”, - deyə Tahir Əmiraslanov bildirir.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Çərşənbə axşamı, 31 Oktyabr 2023 16:30

Yeni uşaq kitabı gəlir

 

Ölkədə uşaq kitabları çox qıtdır. Çünki slrf uşaqlar üçün yazan müəlliflərin sayı barmaqla hesablanacaq qədərdir. Ona görə də bu sahədəki boşluğu doldurmağa yönəli atılan hər addım alqışalayiqdir. 

Valideyinlər, uşaqlarınızı muştuluqlayın, yeni uşaq kitabı gəlir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tanınmış yazıçı-publisist Səyadulla Kərimlinin üzərində çoxdandır ki, çalışdığı,  kiçik yaşlı məktəblilər ücun yazdığı şeir, hekayə, nağıl və tapmacalar toplanmış "Balalara töhfə" kitabı artıq  Qanun Nəşrlər Evində çapa hazırdir.

Kitabın redaktorları Tapdıq Əlibəyli və Shahbaz Xuduogludur. 

Qədəmləri uğurlu olsun!

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Rəsm qalereyası: Nigar Helmi Abbasbəyli, “Qadın ətri” solo sərgisindən bir kompozisiya. 

 

Nigar Helmi Abbasbəylinin Müasir İncəsənət Muzeyində sərgilənən “Qadın ətri” adlı solo sərgisində nümayiş olunan  bu sənət əsəri Türkiyədə baş verən faciəli zəlzələ zamanı dağıntılar altından xilas edilmiş bütün uşaqlara həsr olunub.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Çərşənbə axşamı, 31 Oktyabr 2023 12:15

Şarjadan kədərli salam var

 

Şəmil Sadiq yazır

 

ANAİB təşkilatının sədri Şəmil Sadiq Şarja şəhərində düzənlənən nəşriyyat işi ilə ilişgili beynəlxalq tədbirdə - Şarja Naşirlər Konftansında iştirak edir. O, öz təəssüratlarını “Ədəbiyyat və incəsənət” portalının oxucularına çatdırır:

 

-Nəşriyyat sektoru ilə bağlı beynəlxalq tədbirlərdə iştirak etdikcə, adam düşünür ki, biz bu sektorda nə qədər geridəyik ilahi. Təəssüflər olsun ki, uzun illərdir, nə Mədəniyyət Nazirliyi, nə də bu sahədə olan şəxslər maarifləndirici işlər görməyib, məktəb formalaşdırmayıb. Bizdə kitab deyəndə, müəllif və mətbəə xatırlanır, adətən. Amma sektorun o qədər incəlikləri, o qədər dərinlikləri var ki, bu gün bu sahədə mütəxəssilərimiz yoxdur.  

 Bu gün ölkəmizdə əksər nəşriyyat və ya naşir, sadəcə xaricdən bir-iki müəlliflik hüququ almaqla işini bitmiş hesab edir. Onunla da müəyyən gəlir əldə edib, gününü keçirir. Bizim nəşriyyat sektorunun problemləri o qədər dərindədir ki, yaxın illərdə bunu aradan qaldırmaq belə mümkün deyil.  

Kitab İndustiriyasında kitab marketinqi yox, müəllif hüquqları agentliyi yox, kitab satış meneceri yox, dizayn, qrafika məktəbi yox, yox ki yox.  

BƏƏ-də keçirlən Şarja Naşirlər konfransında  ölkəmizi 5 nəşriyyat təmsil edir. Bu, bildiyiniz kitab sərgisi deyil, bu, naşirlərin üz-üzə görüşü, bir-birinə kitab təklifidir. İlk onu deyim ki, burda naşirlərdən daha çox müəllif hüquqları alıb satan agentliklər üçün daha faydalıdır və dünyanın bir çox ölkəsindən nəşriyyatları təmsil edən agentliklər gəlir. Ağlamalı orasıdır ki, bizim ölkədə müəllif hüquqları alıb satan bir dənə də agentlik yoxdur. Bir iki şəxs var ki, bu mövzuda bir az bilgilidir, vəssalam.  Şarja dünyada məşhurdur bu sahədə. Layihənin maraqlı tərəfi həm də odur ki, burda bir-birindən kitab alıb satanlara fond olaraq kitabın öz ölkəndə çapı üçün maliyyə dəstəyi də verilir. Bundan əlavə hər bir ölkənin özünün dəstək proqramı var, yəni öz ölkəsinin ədəbiyatının təbliği üçün dövlət vəsait ayırır ki, sən mənim ədəbiyyatımı öz ölkəndə çap etsən, onun tərcümə və ya digər xərclərini mən qarşılayıram. Bu bir dövlət proqramıdır. Amma və lakin, bizim ölkəmizin dəstək proqramı da yoxdur. Əsərlərimizi təqdim edir, təbliğ edirik, ilk sual budur, ölkənizdə dəstək proqramı varmı, utanaraq, kədərli şəkildə yox deyirik. Azərbaycanı varlı ölkə kimi tanıyırlar, ona görə də ilk sual bu olur, “riili?”. Başımızı sallayaraq deyirik, bəli ‘’riili’’.  

 Düzdür, kitab da bir biznesdir, amma onun biznes olmasından öncəki funksiyası maarifçilikdir. Ona görə də müəyyən təşviqlər olmalıdır, heç bir zaman bizim naşirlərin, müəlliflərin bu cür tədbirlərə qatılmasına dövlət dəstəyi olmadı. Hər kəs öz imkanı ilə gedir. Heç bir zaman naşirləri yığıb QHT-lər qədər dəstək vermədilər ki, iştirak edin, ölkəmizin mədəniyyətini təbliğ edin, kitab satın. Bununla bağlı ciddi təlimlərə, treyninqlərə, seminarlara ehtiyac var. Bizim məmur yazarlar da bu sahədə heç bir iş görməyib təssüflər olsun ki. Sadəcə öz kitablarını öz siyasi güclərindən istifadə edib tanıdıqları nəşriyyatlarda çap etdiriblər. Bununla da işlərini bitmiş hesab ediblər… 

İnanın adamın ürəyi ağrıyır, bu işlərlə bizdən öncəki nəsil yaxından tanış olub, nə AYB-si, Nə Tərcümə Mərkəzi, Nə Mədəniyyət nazirliyi niyə bu institutun, bu sistemin yaradılmasına maraqlı olamyıblar? Axı bizlərdən daha ağıllı, daha bacarıqlı idilər. Adlarını deməsəm də, hamınız yaxşı tanıyırsınız o şəxsləri, biri sinəsini ortaya verib, bunları dövlətə təklif etmədi, nəinki dövlətə, öz imkanları ilə də edə bilərdirlər, amma etməyiblər. Səriştəsizcəsinə, boynubükük şəkildə onun-bunun ağzına baxırıq. Amma ANAİB yaranandan bir-birimizi həvəsləndirir, məlumatlandırır, nəsə etməyə çalışırıq, ümid edirəm, formalaşmaqda olan gənc naşirlər bu proseslərə ciddi şəkildə qol çırmalayıb qoşulacaqlar. Təkcə kitab almağa yox, hazırladıqları layihələrlə, yerli müəlliflərin əsərləri ilə gələcəklər. Bacarmırıq, bizlik deyil demək yanlışdır. MİMTA yayınları Konfransda iştirak edir, Efiyopiyalı bir naşir onların kitablarının üz qapaqlarını görüb, çox bəyənib, təklif edir ki, biz sizə üz qapağı sifariş etmək istəyirik. Qədim Qala Nəşriyyatı öz menecerlərini göndərib, Elnarə xanım bu işlərin çox yaxşı bilicisidir və ciddi əlaqələri var, hamımıza ətraflı məlumatlar verir, bilgiləndirir. Yəni bacarıqsız deyilik, bilgisizik!

Cırmaq-cırmaq Azərbaycan nəşriyatçılığına yeni hava gətirməyə çalışırıq. Ümid edirəm ki, ANAİB-in gənc komandası birlik olaraq bu prosesi çiyninə götürdüyü kimi, şərəflə də daşıyacaq. Sevindirici haldır ki, 5 il bundan öncəyə qədər bu işləri bir, maksimum iki nəşriyya edirdisə, artıq hər dəfəsində 5-10 Azərbaycan nəşriyyatı iştirak edir, nələrəsə cəhd edir. Görürük, götürürük, edəcəyik.  

Hazırda BƏƏ-nin Şarja şəhərində tədbirin təəəssüratları ilə Azərbaycan Naşirlər forumunun layihəsini hazırlayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

 

 X Uluslararası İstanbulensis şeir Festivalı 25-27 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Sultanbəyli bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib. Festivalda Azərbaycan da təmsil olunub. 

Tanınmış şair, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir X Uluslararası İstanbulensis Şeir Festivalında Azərbaycanı təmsil edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşara müraciət edərək festival barədə bilgilər alıb. 

Bu festival hər il müxtəlif ölkələrdən olan şairlərin iştirakı ilə keçirilir. Bu il Beynəlxalq şeir festivalında Azərbaycan, Türkiyə, Tunis, İran, Suriya, Fələstin, Seneqal, Mavritaniya, İordaniya, Bosniya və Hersoqovina və başqa ölkələrdən şairlər iştirak ediblər. Festivalın açılış tədbirində Sultanbəyli bələdiyyəsinin sədri Hüseyn Kəskin iştirakçıları salamlayaraq festivalın əhəmiyyətindən danışıb. O, Sultanbeyli bələdiyyəsinin mədəniyyət sahəsində göstərdiyi fəaliyyətlər haqqında festival iştirakçılarına məlumat verib. Açılış tədbirində Türkiyənin və xarici ölkələrin şairləri öz şeirlərini oxuyublar. O cümlədən bizim təmsilçimiz Rəsmiyyə Sabir də öz şeirlərini oxuyub.

Festival çərçivəsində müxtəlif liseylərdə məktəblilərlə şairlərin görüşləri keçirilib. Şairlər şagirdlər üçün öz şeirlərini oxuyublar və şagirdlərin ədəbiyyatla bağlı suallarını cavablandırıblar. Rəsmiyyə Sabir məktəblilərə Azərbaycan şairləri, müxtəlif ədəbi birliklər (Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Yazarçılar Birliyi) ölkəmizdə nəşr olunan ədəbi dərgilər haqqında ətraflı məlumat verib.

Bir sözlə, X Uluslararası İstanbulensis Şeir Festivalı ölkələr arasında bir poetik körpü yaratmağa müvəffəq olub.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Çərşənbə axşamı, 31 Oktyabr 2023 13:20

Soltan Soltanlı bu dəfə İndoneziyada fərqlənib

Tanınmış karikaturaçı rəsaam Soltan Soltanlı İndoneziyada keçirilən "Universitet" mövzusunda beynəlxalq karikatura yarışmasına qatılıb.

 

“Ədəbiyyat və incəsənət” portalının Soltan Soltanlıdan aldığı məlumata görə, öncə 150 əsər seçilib. Son dəyərləndirmədə isə 30 finalçı əsər seçilib və Soltanln işi də orada yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Çərşənbə axşamı, 31 Oktyabr 2023 15:30

POETİK QİRAƏTdə İqbal Nəhmətdən “Xətrinə”

“Ədəbiyyat və incəsənət” portalınln Poetik qiraət rubrikasında bu gün sizlərə İqbal Nəhmətin “Xətrinə” şeirini təqdim edirik. 

 

 

Çox seylər bilirəm desəm qan düşər,

Qanı saxlayıram suyun xətrinə.

Danışmaq yaxşıdı, susmaq lap yaxşı,

Bir nəslin xətrinə, soyun xətrinə.

 

Olaq qaranlığın qulu, hakimi 

Desənə oyadaq biz daha kimi,

Gəl gecə yatmayaq sabaha kimi,

Günəşi gözləyək ayın xətrinə.

 

Ürəyim sənindir parçala, ya deş,

Sevə bilirsənsə qiymətindi beş,

Bu dəfə yek ataq, gələn dəfə  şeş,

Ömrü yaşamayaq oyun xətrinə.

 

Qanmaz qanmaz olsun,qanmasa yaxşı,

Pis öz pisliyini danmasa  yaxşı,

Vicdanı olanlar  sınmasa yaxşı,

Bir tikə çörəyin, payın xətrinə.

 

Qaytara bilmədik gedənimizi,

Bax ayrı saldılar bizlərdən bizi,

Gəlin birləşdirək Vətənimizi

Xan Araz deyilən çayın xətrinə.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Leyla Səfərova və Cəfər Atayev, “Ədəbiyyat və incəsənət” üçün. 

 

Leyla Səfərova Cəfər Atayevlə birliktə bəndləşərək bu şeiri yazmışlar. İki müəllifdən nəsr nümunəsi çox görmüşük, nəzm nümunəsi isə yəqin ki, bir ilkdir. 

 

Gül üzlüm, gül üzün güllərdən gözəl.

Güllərim utansın deyəmi varsan?

Güləndə könlümə güllər düzülər,

Günlərim gül qoxsun deyəmi yarsan?

 

Ay üzlüm, ay üzün aydan da parlaq,

Kainat işığın səndənmi alır ?!

Olmasan ömrümə gün doğmayacaq..

Çün mənim varlığım, varlığındadır..

 

Bilmirəm, nə hissdir dolub qəlbimə..

Bəlkə qoxun dolsun ciyərlərimə?

Deyirəm, gülmələr necə yaraşır

Sənin şirin səsin, gözəl üzünə..

 

Mən aydan, günəşdən daha yüksəyə

Sevgini daşıdım qəlbimdə sənin,

Ayrılıq kəlməsin gətirmə dilə,

Gəl, zirvəmiz kədər qoxmasın bizim

 

Gedirəm deyirsən insafsız yarım..

Burnumdan qoxunu apar özünlə

Burada qalmağın imkansız, barı

Gedəndə məni də apar özünlə..

 

Sən orda alovlan, mən burda yanım,

Bəlkə də qarışar közüm közünlə.

Gedəndən gözlərim səmada qalıb

Bir ümid, rastlaşar gözüm gözünlə.

 

Mən bir az kədərli, bir az sakitəm

Gəlmişəm danışım sənə özümdən

İndi gəlib sənə getmə deyirəm

Gedəndə qəlbimi apar özünlə.

 

Apar ki, sevməsin daha kimsəni,

Apar, gözləməsin, məndən gedəni…

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Çərşənbə axşamı, 31 Oktyabr 2023 12:45

HƏR GÜN YARIM SƏHİFƏ - Yadda qalan fraqmentlər

Varis, “Sonuncu ölən ümidlərdir”

 

...“Sonuncu ölən ümidlərdir...” Əcəb başlıqdır. Doğrudandamı, ümid sonda ölür, insanın özündən sonra?

Ta qədimdən insanlar ümidlə yaşayıblar. Bilmirəm, vəhşi insanların hansı ilk dəfə ümidi kəşf edib, ancaq təxmin edirəm ki, bu kəşfetmə ov prosesi ilə bağlı olub. Yəni dördayaqlı vəhşi insan daş alətlə ova çıxıb qənimət əldə etmək istəyəndə onun içində ilk dəfə ümid cücərib. O, ümid edib ki, ov ovlaya biləcək, kahasına əliboş qayıtmayacaq...

Min illər keçsə də, insan ən gözəl vərdişindən - ümidlə yaşamaq vərdişindən hələ də vaz keçməyib. İndiki ümidlər keçmişdəkilərə nisbətən xeyli inkişaf ediblər, təkmilləşiblər. Ancaq öz mahiyyətlərini dəyişməyiblər. Ümid insanı yaşadan sonuncu nəsnə, son tutalqadır. Bəzən ümid okeanda batan birisi üçün yapışmaq istədiyi saman çöpü qədər öz əhəmiyyətini kiçiltsə belə, yenə də insan mövcudluğunun ən vacib atributudur...

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Çərşənbə axşamı, 31 Oktyabr 2023 12:15

“Hər şey uşaq ikən gördüyü çətinliklərdən başladı”

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Raulun Piriyevin 9 yaşı var idi. Özündən kiçik qardaşı Raufun isə 7 yaşı. Ataları onları səhər saat 6-da oyadardı. Bu artıq onlarda vərdiş halına gəlmişdi. Ataları qalxın deyən kimi, dərhal qalxırdılar. Sanki bir əsgər rejimində idilər. Tez durmalı, saatla geyimlərini geyinməli idilər. Və iki qardaş hər səhər qaçardılar. Qaçışdan sonra bəzi idman hərəkətləri ilə məşğul olardılar. Daha sonra qış-yay bilmədən soyuq su ilə yuyunardılar. Su buz olsa, yaxud çox şaxtalı qış günü keçərdisə, yenə də fərq eləməzdi. Bu vərdişləri yerinə yetirib, səhər yeməklərini də  yeyəndən sonra məktəbə gedərdilər. Hər dəfə vərdişlər təkrarlanda isə ataları həm qaçış saatını, həm də turnik hərəkətlərinin  sayını artırardı. 

Nəcibə ananın igid oğulları  bu minvalla böyüdü.

Raul futbola çox həvəsli idi. Xoşu gəlirdi desəm, çox adi olar. Ruhu ilə, canı ilə bağlı idi futbola. O həmişə deyirdi ki, mən futboldan yorulmuram, dincəlirəm. Bütün ruhum, bədənim dincəlir. İzləyəndə də, həmçinin oynayanda da. 

Keçmiş yazılarımdan bilirsiniz ki, Raulumuzun Xüsusi Təyinatlı Qoşunlara (XTQ) xüsusi marağı, istəyi, arzusu var idi. Mən də anası Nəcibə xanım kimi düşünürəm ki, bu idman sevgisi, qatı rejim Raulda XTQ-yə olan sevgini yaradıb və hər zaman artırıb. Nəcibə xanım nə qədər yoldaşına “heç olmasa, bazar günü uşaları oyatma, qoy yatsınlar” desə də, oğullarını qoçaq görmək istəyən ata övladlarını bu rejimdə böyüdür. Bu rejim sayəsində Raul heç vaxt xəstələnməzdi. 15 yaşından sonra artıq böyüdükləri üçün atası onları sərbəst buraxır, özləri nə bacarırsa, onu edirdilər.

Raul hətta 3-cü kursdan XTQ-yə qoşulmaq istəsə də, anası bu peşənin nə qədər çətin olduğunu bildiyinə görə hər bir ana kimi övladının əziyyət çəkməsini istəmədiyi üçün, onu yayındırır. Raul da heç vaxt valideyinlərinin sözündən çıxmazdı. Hara yönləndirildisə ora da getdi. Öz arzularından ailəsinə görə imtina edən Raul heç vaxt ailəsinə mən bu sənəti istəmirəm demədi. Anası hətta düşünür ki, yəqin, bir həvəs idi, gəldi, getdi. O düşünür ki, oğlum daha XTQ-yə qoşulmağı istəməz. Amma elə deyilmiş. Raul əsgər getdikdən sonra öz arzusunu yerinə yetirir. Raul universetə girəndə də idman universetinə daxil olmaq istəyir, ona da icazə vermir ailəsi.

Raul universetdə də, işlədiyi iş yerində də hər zaman yarışlara qatılar və uğur qazanardı.

Hər kəsə məlumdur ki, orduda bir illik əsgərləri XTQ-yə götürmürlər. Amma Raul bir illik əsgər olduğunu bildirməmişdi. XTQ-yə yazılmışdı. Ailəsi onun bu sənəti seçdiyini o Ağcəbədidən Cəlilabada gəldiyindən sonra bilir. Bir il müddətində nə qədər məşqlərdə iştirak edir. Təbii ki, hər ana kimi Nəcibə ana da oğlunun belə çətin və məsuliyyətli işdə olmasından, əziyyət içində məşqlər etməsindən narazı idi. Hər dəfə danışanda Raul anasının könlü xoş olsun deyə, “mama, bilirsən, nə gözəl yerləri görürük biz” deyərdi. Ən təsirli cümləsi bilirsinizmi nədir?! Deyirdi ki: “Ana, qardaşım  Namiqin oyuncaq silahlarınln əsli bu gün mənim əlimdədir".

Anasını ovundurmağa çalışan Raul oranın rahatlığını, bu peşəni çox sevdiyini, heç əzab çəkmədiyini deyərdi.

Raul hətta anası ilə şərt də kəsir, deyir ki: “Ana,sən əgər icazə versən, mən əsgərlikdən gələndən sonra bu işimi davam elətdirim, gələcəm. Əgər mən gəldikdən sonra icazəverməyəcəksənsə, gəlməyəcəm, mən burda qalacam".

Anası artıq razılaşmaq məcburiyyətində qalır. Deyir ki: “Əlbəttə gəl, bala, harda istəsən işləyərsən. Heç vaxt daha işinə qarışmayacağam".

Raul bu işini necə sevirdisə, deyirdi ki: “Ana, hər zaman siz deyəni etmişəm, seçmişəm, nə olar, icazə verin, bu dəfə öz sevib seçdiyim yolla gedim".

Məcbur qalan ana razılaşır. Düşünür ki, həqiqətən, Raulun körpəlikdən şəhid olduğu günə kimi bir övlad kimi tələbi, istəyi olmayıb. Anası deyir: “Biz ona nə aldıqsa, geydi, nə verdiksə, yedi. Heç zaman bizə qarşı dönmədi".

Ona görə də bu dəfə Raulu öz istəkləri ilə baş-başa buraxırlar. Razılaşırlar. Sevinə -sevinə yolunu gözləyirlər. Raul anasına söz vermişdi. Oktyabrın 15-nə kimi gələcəm deyən Raul, sözünü tutdu, amma şəhid kimi gəldi.

Qeyd etmək istəyirəm ki, bu mətn Raulun anası Nəcibə xanımla şəxsi söhbətimiz  əsasında qələmə alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.