“Ədəbiyyat və incəsənət” portalınln Poetik qiraət rubrikasında bu gün sizlərə İqbal Nəhmətin “Xətrinə” şeirini təqdim edirik.
Çox seylər bilirəm desəm qan düşər,
Qanı saxlayıram suyun xətrinə.
Danışmaq yaxşıdı, susmaq lap yaxşı,
Bir nəslin xətrinə, soyun xətrinə.
Olaq qaranlığın qulu, hakimi
Desənə oyadaq biz daha kimi,
Gəl gecə yatmayaq sabaha kimi,
Günəşi gözləyək ayın xətrinə.
Ürəyim sənindir parçala, ya deş,
Sevə bilirsənsə qiymətindi beş,
Bu dəfə yek ataq, gələn dəfə şeş,
Ömrü yaşamayaq oyun xətrinə.
Qanmaz qanmaz olsun,qanmasa yaxşı,
Pis öz pisliyini danmasa yaxşı,
Vicdanı olanlar sınmasa yaxşı,
Bir tikə çörəyin, payın xətrinə.
Qaytara bilmədik gedənimizi,
Bax ayrı saldılar bizlərdən bizi,
Gəlin birləşdirək Vətənimizi
Xan Araz deyilən çayın xətrinə.
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)