Super User
Napoleon: “Uğur qazanmaq üçün böyük səbr tələb olunur” - Uğur barədə 10 aforizm
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.
Bu gün daha 10 aforizm:
Uğur qazanıb yolunu azmayan adam, başqa uğurlar da qazanar.
H.Laski
Babanın kim olması deyil, onun nəslinin necə olması əhəmiyyətlidir.
A.Linkoln
Uğur qazanmaq üçün əlimizdən gələn hər şeyi etdiyimiz halda, xoşbəxt olmaq üçün heç bir səy göstərmirik.
Lukian
Viktor Hüqodan: «Uğur qazanmaq üçün əhəmiyyətli olan nədir: pul, iş ya ağıl?», - deyə soruşduqda, o demişdir: «Təsəvvür edin ki, üçtəkərli maşınınız var. Sizcə, təkərlərdən hansı daha əhəmiyyətlidir?»
Naməlum
Uğur istedad, zəhmət və bəxtin birliyindən yaranır.
Naməlum
Uğur qazanmaq üçün böyük səbr tələb olunur.
Napoleon
Uğur və sevgi cəsurların tərəfindədir.
P.Ovidi
Uğur başda əks-səda verir, uğursuzluq ürəkdə.
L.Piter
Hər bir insan öz uğurunun memarıdır.
Q.Sallyusti
Təbiətə qalib gəlmək üçün əvvəlcə ona itaət etmək lazımdır.
M.Sksiro
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
Qazaxıstan Rəssamlar İttifaqına müasir Azərbaycan rəssamlarının tabloları hədiyyə ediləcək
Qazaxıstan Respublikası Rəssamlar İttifaqının 90 illik yubileyi il əlaqədar və birgə keçiriləcək sərgi çərçivəsində Azərbaycan Rəssamlar İttifaqı müasir Azərbaycan rəssamlarının əsərlərini qazax həmkarlarına hədiyyə edəcək. Həmin rəsm əsərləri Abılxan Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyi və Qazaxıstan Milli Muzeyi eksponatlarının bir hissəsi olacaq.
Azərbaycan Rəssamlar İttifaqından AzərTAC-a bildiriblər ki, noyabrın 7-də Almatı şəhərindəki Qazaxıstan Dövlət İncəsənət Muzeyində qazax rəssamlarının ən yaxşı əsərlərinin təqdim ediləcəyi yubiley sərgisinin açılışı olacaq. Dekabrın 13-də isə həmin sərgi ölkənin paytaxtı Astanada – Qazaxıstan Milli Muzeyində nümayiş olunacaq. Sərginin ekspozisiyasına, həmçinin tanınmış azərbaycanlı rəssamların da rəsmləri daxil ediləcək.
Qazaxıstandakı sərgiyə Nazim Rəhmanovun (“Ana və uşaq”, 2009), Həmzə Abdullayevin (“Abşeronda bahar”, 2023), Bəhram Xəlilovun (“City Red Medit”, 2001), Adil Yusifovun (“Gəmi”, 2020) rəsmləri göndəriləcək.
Azərbaycan Rəssamlar İttifaqı 90 illik yubiley münasibətilə ünvanladığı təbrik məktubunda Qazaxıstan Rəssamlar İttifaqına ən səmimi arzularını çatdırıb və son illər Mərkəzi Asiya regionunun qardaş ölkələri ilə Azərbaycan arasında genişlənən mədəni mübadiləni alqışladığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(31.10.2013)
2024-cü il üçün elan olunan qrant müsabiqəsinin şərtləri necədir?
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının Sual-cavab rubrikasında bu dəfə bir neçə oxucumuz, o cümlədən Bakıdan Rza Quliyev, Könül Ələkbərli, eləcə də Biləsuvardan Malik İbadov və Göyçaydan Tərlan Quliyev 2024-cü il üçün QHT-lər üzrə elan edilən qrant müsabiqəsinin şərtləri ilə tanış olmaq istəyirlər.
Biz ilkin mənbəyə istinadən oxucularımızı tam məlumatlandıracağıq. Düşünürük, digər oxucularımız üçün də bu məlumat maraqlı və faydalı olacaq.
1.
Müsabiqənin müddəti:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini ötən ay elan edib
hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2023-cü il noyabrın 10-dan etibarən başlanacaq. Müraciət üçün son tarix 10 dekabr 2023-cü ildir.
2.
Qaliblərin elan olunma vaxtı:
Layihələrin qəbulu başa çatdıqdan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
Müsabiqənin nəticələri 2024-cü ilin fevralında elan olunacaq.
3.
Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:
• Kiçik qrant müsabiqələri üzrə: 15000 manat (icra müddəti 6 ayadək); • Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək); • Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək).
4.
Bir QHT neçə müsabiqəyə qoşula bilər:
QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi arzuolunandır.
5.
Mövzular hansılardır?
Müsabiqələr aşağıdakı kateqoriyalar üzrə mövzuları ehtiva edir:
A. Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf
(Ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkomaniya, tütünçəkmə, yoluxucu xəstəliklər ilə mübarizə, yaşıl nəqliyyatın, “yaşıl düşüncə”nin inkişafı və s.) təşviqinə, həssas əhali qrupları (müharibə veteranları, şəhid ailələri, uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr və s.) ilə işə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük verilir)
B. Cənubi Qafqazda sülh və etimad quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi
(Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş sakinlərlə işə, Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin sürətləndirilməsinə, dinc birgəyaşayışın təşviqinə, beynəlxalq təşkilatlar üçün alternativ hesabatların hazırlanmasına dair təkliflərə üstünlük verilir);
C. İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə
(azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük verilir)
D. Qərbi Azərbaycana qayıdış prosesi
(Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə, xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə, xarici ölkələrdə beynəlxalq tədbirlərin təşkili təkliflərinə, beynəlxalq qurumlar üçün hesabatların hazırlanması təşəbbüslərinə üstünlük verilir);
E. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər
(A, B, C, D kateqoriyaları üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin və iştirakçılığın təşviqinə dair təşəbbüslərə üstünlük verilir).
5.
Hansı sənədlər verilməlidir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:
• layihə təklifi (nümunə əlavə olunur - kiçik, orta, böyük qrantlar üzrə ); • layihənin icra planı (nümunə əlavə olunur); • layihənin xərclər smetası (nümunə əlavə olunur); • layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə) (nümunə əlavə olunur); • QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri; • QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti; • QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti; • qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar; • orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat (nümunə əlavə olunur); • orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 3 (üç) və ya 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 10 (on) və ya 20 (iyirmi) informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd (nümunə əlavə olunur).
6.
İstisnalar:
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
• QHT-nin Nizamnamə məqsədlərinə uyğun olmayan layihələr; • məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 237 və 238 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr; • Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr; • Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri.
7. Meyarlar:
Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:
• layihənin məqsədinin aydınlığı; • layihənin innovativliyi; • layihənin icra müddətinin əsaslandırılması və davamlılığı; • layihənin büdcəsinin qrant məbləğinə uyğun olması; • QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi; • layihə üzrə risklərin təhlili; • layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi; • layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq; • QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu; • layihədən gözlənilən nəticələr.
8.
Texniki tələblər:
• QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2023-cü il noyabrın 10-dan dekabrın 10-dək Agentliyin saytında aktiv olacaq); • Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.
9.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20. Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (+994 12) 493-15-81
Müsabiqəyə qoşulmaq istəyən hər bir təsisata portalımız adından müvəffəqiyyətlər arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı noyabr repertuarını açıqlayıb. Noyabr ayında teatr maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
1 noyabr - “İnanıram”
2 noyabr - “Bir nəfəs Dədə Qorqud”
3 noyabr - “Günəşə toxunan uşaq”
4 noyabr - “Qulliver cırtdanlar ölkəsində”, “Yarımçıq qalmış”
5 noyabr - “Şirinlər”, “Balaca kişilər”
11 noyabr - “Buratinonun macəraları”, “Aydın”
12 noyabr - “Sindbad”, “Ana”
16 noyabr - “Mauqli”
17 noyabr - “Çirkin ördək balası”
18 noyabr - “Uzuncorab Pippi”
19 noyabr - “Çipollino”
25 noyabr - Kod adı: “V.X.A.”
26 noyabr - “Dəcəl keçi”.
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
Qısa ömürlərə sığan böyük həyatlar...
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Bəşəriyyətə hər hansı bir formada və hər hansı bir yolla - istər elm yolu ilə olsun, istər fəlsəfə və düşüncə yolu ilə, istərsə də sənaye, ixtira və kəşflər, əxlaq və əməli hikmət yolu ilə - xidmət etmiş şəxslərin hamısının bəşəriyyətin boynunda haqqı var. Lakin bəşəriyyətin boynunda şəhidlər qədər heç kəsin haqqı yoxdur. Buna görə də insanlar şəhidlər barəsində digər qruplarla müqayisədə daha çox emosional reaksiya göstərir və hisslərini daha ixlasla büruzə verirlər.
“Şəhidlərin haqqının bəşəriyyətə xidmət etmiş digər qruplardan daha böyük olmasının səbəbi nədir?
Bunun, şübhəsiz, səbəbi var. Bəşəriyyətə xidmət etmiş digər dəstələrin hamısı şəhidlərə borcludur, amma şəhidlər onlara ya borclu deyil, ya az borcludur. Alim öz elmi, filosof öz fəlsəfəsi, ixtiraçı öz ixtirası, əxlaq ustadı öz əxlaqi təlimləri ilə xidmət edə bilmək üçün münasib və azad mühitə ehtiyaclıdır. Şəhid fədakarlıq göstərərək öz canından keçən və yanıb kül olaraq başqalarına münasib mühit və şərait yaradan şəxsdir.”
(Mürtəza Mütəhərri)
Bəli, vətəni uğrunda, yurdunun insanı əmin-amanlıq içində yaşayıb yarada bilsin deyə canından keçən yüzlərlə şəhidimiz var ki, onların üzərimizdəki haqqı danılmaz və əbədidir.
Bu gün də sizlərə məhz o şəhidlərimizdən biri haqqında, qısa ömrünə böyük bir həyat sığdırıb hələ ömrünün bahar çağındaykən vətən uğrunda şəhid olan Rahib Cəbrayılovdan danışmaq istərdim.
Cəbrayılov Rahib Ramin oğlu 26 dekabr 2001-ci ildə Yevlax rayonunun Quşçu kəndində anadan olub. Valideynləri yaşadıqları kənddən kənarda yerləşən ferma və yataqlarda çalışdıqları üçün Rahibə hələ lap körpə vaxtlarından etibarən nənə-babası və xalaları baxıb. İlk təhsilinə doğulduğu Quşçu kəndi ümumi orta məktəbində başlayan Rahib daha sonra təhsilini Xaldan kənd tam orta məktəbində davam etdirib.
Səhhətindəki bəzi problemlər səbəbi ilə Rahibi hərbi xidmətə aparmırlar.
Lakin onun səhhətindəki bu problem hərbiçi olmaq arzusuna maneə olsa da, vətənə xidmət etmək arzusunun qarşısını ala bilmir.
Özünün ard-arda etdiyi könüllü müraciətləri nəticəsində 27 may 2020-ci ildə Rahib nəhayət hərbi xidmətə yollanır.
Hərbi xidmətini əvvəl Bakıda, daha sonra isə Ağcəbədidə N saylı hərbi hissədə davam etdirir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahib Cəbrayılov Madagizin (Suqovuşan) azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Və müharibənin ikinci günü 28 sentyabr 2020-ci il tarixində şəhid olaraq Yevlaxda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş hədəflərin icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə və Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Ailə üzvlərinin və müəllimlərinin söylədiklərinə görə Rahib çox zəhmətkeş əlləri qabarlı vətənpərvər bir gənc olub. Daim ailəsinin daha yaxşı və əziyyətsiz yaşaya bilməsi üçün çalışıb. Hərbiçi olmaq istəyirmiş, amma səhhətindəki problem onun hərbiçi olmasına mane olub. Bu səbəbdən hərbi xidmətə də getməməli olan Rahib “mənim əsgər gedən yoldaşlarımdan nə əksiyim var ki, mən də onlar kimi gedib xidmətimi edəcəm” deyirmiş.
Allah şəhidimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
Naxçıvan Dövlət Filarmoniyası Qars şəhərində konsert proqramı ilə çıxış edib
Oktyabrın 29-da Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Türkiyə Cümhuriyyətinin Qars şəhərində Azərbaycan Respublikasının buradakı Baş konsulluğunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə konsert proqramı ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayan konsertdə bir sıra bəstəkar və xalq mahnıları təqdim edilib.
Prezident mükafatçısı Cahangir Qurbanovun dirijor olduğu musiqi bayramında Filarmoniyanın solisti Vəli Səfərovun ifasında “Kor ərəbin mahnısı” və “Çırpınırdı, Qara dəniz” əsərləri, Prezident mükafatçısı Nurlan Nuriyevin kamançada və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin tarda solo ifaları, duetləri türkiyəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert “Sarı gəlin” xalq mahnısının ifası ilə sona çatıb.
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
Musiqi Forumu bu gün başa çatacaq
Üç gündür ki, paytaxtımız böyük bir tədbirə evsahibliyi edir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilən Musiqi Forumu bu gün - oktyabrın 31-də iki panel iclasından sonra başa çatacaq.
Hələlik isə “Ədəbiyyat və incəsənət” portalı sizə festivalın ikinci günü - yəni dünən baş vermiş əsas hadisələr barədə məlumat verəcək. Əsas hadisələr isə iki panel sessiyanın keçirilməsi idi.
“Milli musiqi sənayesinin inkişafı”
Birinci plenar sessiya belə adlanlrdı. “Gamma group” şirkətinin direktoru, pianoçu Zəhra Bədəlbəylinin moderatorluğu ilə keçirilən “Milli musiqi sənayesinin inkişafı” adlı panel sessiyada musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları, musiqi sənayesində əqli mülkiyyət hüquqları, dinləyici kütləsinin cəlb olunması yolları, alternativ və underground musiqi cərəyanlarının perspektivləri (rok, rep, meyxana və s.) kimi məsələlər ətrafında çıxışlar dinlənildi.
Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli əqli mülkiyyət, musiqi əsərlərinin satınalması məsələlərindən danışdı.
"Xəzər" TV-nin prezidenti, "M Group Production" şirkətinin rəhbəri, Xalq artisti Murad Dadaşov televiziyanın kütlənin zövqünə təsir imkanları və yaradıcılıq sənayesinin tənzimlənməsi mexanizmlərindən bəhs etdi.
Bəstəkar, Əməkdar artist Rain Sultanov musiqi təhsili ocaqlarında sənət təhsili ilə yanaşı, prodüser, marketinq-menecment üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini vurğuladı.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Apeks Advayzers" hüquq şirkətinin təsisçisi Nazlı Əhmədova milli musiqi sənayesinin inkişafının hüquqi aspektlərini, müəlliflik məsələsi ilə bağlı fikirlərini bölüşdü.
Bəstəkar, pianoçu İsa Məlikov musiqi təhsilində təcrübəli mütəxəssislərin çatışmazlığı məsələsini gündəmə gətirdi. Bunun üçün dünyada qəbul olunmuş vahid sistemin ölkəmizdə tətbiqinin zəruriliyini vurğuladı.
Prodüser və televiziya aparıcısı Emin Əfəndi qeyd etdi ki, musiqi sənayesi bir çox hallarda yalnız “toy bazarı” ilə tənzimlənir. Halbuki, sənətçi gəlirini toylardan əldə etmək məcburiyyətində qalmamalıdır.
Çıxışlarda zəngin ənənələri, görkəmli simaları olan musiqimizdə hazırda bir xaosun müşahidə edildiyini, istehsalçı ilə istehlakçı arasındakı rabitəsizlik kimi məqamlara toxunuldu, təkliflər səsləndirildi.
Sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.
Bundan sonra tədbir iştirakçıları İsveç masasına buyurub nahar etdilər və ikonci panel ssessiyasında iştirak üçün zala qayıtdılar.
“Milli mədəni ənənələrin qlobal miqyasda təbliği"
Oktyabrın 30-da Musiqi forumunda keçirilən ikinci panel sessiya bu cür adlanırdı. Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən iclasda İstanbul musiqi festivalının direktoru Efruz Çakırkaya, Rusiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin, “K2İD Productions" şirkətinin rəhbəri, yunanıstanlı İlias Kokotos və “Real World Music Label"in təsisçi və bədii rəhbəri, danimarkalı Karolina Vallejo məruzələrlə çıxış etdilər.
Sessiyada akademik musiqinin təqdimatında yeni çağırışlar, müasir multikultural cəmiyyətlərdə etnik ənənələrin qorunması, bu günün musiqi ənənələri: hamar ötürülmə, yaxud kəskin dəyişiklik, musiqi sənayesinin dövriyyədə olan rəqəmsal vasitələrinin tətbiqində yaranan təmayüllər, qlobal mədəniyyət mübadiləsində Azərbaycan musiqisi və musiqiçilərinin iştirak perspektivləri: kənardan baxış kimi mövzular diqqət mərkəzinə gətirildi.
Efruz Çakırkaya klassik musiqi ənənəsi və tamaşaçının klassik musiqiyə marağının artırılması problemlərindən söz açdı, rəhbərlik etdiyi İstanbul musiqi festivalının tarixi və fəaliyyəti haqqında məlumat verdi.
Baletmeyster Ruslan Pronin Azərbaycan xoreoqrafiya məktəbinin köklü ənənələrə malik olduğunu bildirdi, bu sənətin beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl addımlar atılmasının əhəmiyyətini vurğuladı.
Almaniyadan gəlmiş musiqiçi və musiqi meneceri Nikolas Rexroth ölkəsində 240 peşəkar musiqi təsisatının olduğunu bildirdi, Berlində yeddi böyük simfonik orkestrin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bu təsisatların əksəriyyəti dövlət tərəfindən maliyyələşir. O, pandemiyadan sonra mədəni layihələrin təbliğatı, klassik musiqiyə marağın artırılması istiqamətində marketinqin tətbiqi üsulları, dizayn, afişa təqdimatı, habelə konsertlər üçün uğurlu məkan seçimi kimi məsələlərə də toxundu.
Yunanıstanlı qonaq İ.Kokotos “Avroviziya” mahnı müsabiqəsi ilə məşhurlaşan təşkilatlarının fəaliyyətindən söz açdı. Dedi ki, “K2İD Productions" təşkilatı müsabiqə üçün iştirakçıları təşviq edir.
Böyük Britaniyadan Linda Riçardson musiqi təhsili sahəsindəki yeniliklərlə bağlı məruzə etdi. Musiqi təhsilində innovasiyalar, bu sahəyə dəstək üçün maliyyə mənbələri və şagirdlərin təqaüdlə təmin edilmələri ilə bağlı məlumat verdi. Təhsildə beynəlxalq təcrübə, yeni çağırışlar istiqamətində atılan addımların əhəmiyyəti vurğulandı.
Bu panel sessiya da iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmaqla başa çatdı.
Və əminik ki, bu gün də Musiqi Forumu maraqlı və canlı keçəcək.
(Qeyd: Çıxışçıların çıxış mətni hazırlanarkən AzərTAC-ın stenoqramından istifadə edilmişdir)
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)
“Sea Breeze Resort”da Fuad Axundovun yaradıcılıq axşamı keçirilib
“Sea Breeze Resort”da tarixçi Fuad Axundovun yaradıcılıq axşamı keçirilib. Hər şeylə maraqlanan və şövqlü ekskursiyaçı tədbirə toplaşanlara “Bakıətrafı qəsəbələrin bədii əhvalatları” proqramını təqdim edib.
Unikal hekayəçi özünəməxsus tərzdə tarixində mədəniyyətlərin qarışığının təbii şəkildə baş verdiyi Bakıya bədii səyahət həyata keçirib. Mədəniyyətlər qarışığı şəhərətrafı bağların memarlığında öz əksini taparaq, onlara füsunkarlıq verib. Bütün bunlar, öz növbəsində, keçmişin və hazırkı dövrün istedadlı şairləri üçün ilham mənbəyi kimi xidmət edib.
Belə ki, Bakı sirrlərinin tanınmış toplayıcısı tədbirin qonaqlarına Murtuza Muxtarovun Mərdəkandakı bağında Sergey Yeseninin məşhur “Fars motivləri”nin necə yazılması barədə əhvalatı danışıb, Vladimir Mayakovskinin sətirlərində Bakının “Qafqaz Amerikası” kimi göz qabağına gəlməsini izah edib. Aleksandr Qorodnitskinin yaradıcılığında artıq raritetə çevrilmiş “Bakı dəftəri”ndə müasir Bakının daha parlaq və cəlbediciliyi Fuad Axundovun çox maraqlı təqdimatında izləyicilərə təqdim edilib.
Bu barədə AzərTAC məlumat yayıb.
“Ədəbiyyat və incəsənət”
(30.10.2023)
AYB-də kəlbəcərli şairin kitabı təqdim edildi
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubu növbəti tədbirə evsahibliyi etdi. Bu tədbir digərlərindın fərqləndi amma. Çünki orda sözlə sazın ahəngi bir-birinə qarışmışdı…
Bu dəfə Natəvan klubunda kəlbəcərli şair Nəbi Dilsuzun (Molla Nəbi Kəlbəcərlinin) "Yaxşılıq bir güldür, solmaz dünyada" adlı kitabının təqdimatı keçirildi.
Qeyd edək ki, kitaba əsasən, ötən əsrin ortalarında yazıb-yaratmış şair Nəbi Dilsuzun ayrı-ayrı arxivlərdən toplanmış müxtəlif mövzuları əhatə edən şeirləri, 1939-cu ildə “Azərbaycan xalq dastanları” seriyası ilə buraxılmış “Dilsuz və Xəzangül”, həmçinin “Fəzli və Məhluqa” dastanları daxil edilib. Kitabın “ön söz” müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent İlham Məmmədli, redaktoru AYB üzvü Namiq Dəlidağlıdır. Tədbiri giriş sözü ilə açan şair Namiq Dəlidağlı tarixi bir dönəmdə yaşadığımızı, nəhayət, torpaqlarımızın işğaldan azad olunduğunu, suverenliyimizin tam bərpa edildiyini vurğuladı. O, bu günlərin həyatımızda xüsusi əhəmiyyət kəsb etdiyini dilə gətirdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi. N.Dəlidağlı tədbiri aparmaq üçün sözü filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədliyə verdi. İlham Məmmədli şair Nəbi Dilsuzun həyat və yaradıcılığından geniş söz açdı, onu ustad dastan yaradıcısı, incə ruhlu şair kimi xarakterizə etdi. Millət vəkili Aqil Məmmədov son olaylara toxunaraq qeyd etdi ki, otuz il düşmən tapdağında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz tam təmin edildi. Bu gün şair Nəbi Dilsuzun da, məzarı 30 ilə yaxın yağı girovluğunda qalan digər soydaşlarımızın da ruhları şaddı: “Deməli, Azərbaycan, sadəcə, düşməni məğlub etmədi, həm də tarixi ədaləti, cənab Prezident dediyi kimi, milli qürurumuzu bərpa etdi. Biz tezliklə doğma Kəlbəcərimzə dönəcəyik və belə tədbirləri orada keçirəcəyik”, deyə o vurğuladı. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid Nəbi Dilsuzun yaradıcılığı ilə tanış olduğunu, kitabda toplanan ədəbi nümunələrə xoş münasibətini bildirdi. Şairlərdən Nəsib Nəbioğlu, Mirsəyyaf Zamanlı, Ələmdar Keştəkli, Zöhrab Şirinov, Mehman Göytəpəli, Rövşən Hüseynli, Həbib Nəbioğlu, Zöhrab Kərimov, ziyalı hacı İlham, şairin nəvəsi Yusif Kərimov və digərləri şairin yaradıcılığından nümunələr söylədilər, öz fikirlərini bildirdilər. Sonra söz saza verildi. Tanınmış saz ustadı Aşıq Ədalət Dəlidağlı N.Dilsuzun şeirlərindən saz havası üstə səsləndirdi. Sonda şairin oğlu, kitabın tərtibçisi Novruz Nəbioğlu atası barədə kövrək xatirələrini danışdı, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. “Ədəbiyyat və incəsənət”
(30.10.2023)
Xarəzmdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabının təqdimatı olub
Mədəniyyətimizin təbliğində ciddi işlər ortaya qoyan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində silsilə tədbirlər keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Mərkəzindən daxil olan məlumata görə, həftə çərçivəsində Xarəzm Vilayətinin Ürgənc Dövlət Universitetində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabının təqdimatı və Azərbaycan mədəniyyəti və ədəbiyyatına dair tədbir təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan tarixi, dövlətçiliyi, milli mədəniyyətimizə dair sərgi ilə tanış olublar. Sərgidə Heydər Əliyev Fondunun layihəsi ilə çap olunan kitablar, Azərbaycan ədəbiyyatı, mədəniyyətinə aid nəşrlər nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Ürgənc Dövlət Universitetinin rektoru, professor Baxrom Abdullayev qonaqları salamlayaraq Özbəkistanla Azərbaycan arasındakı əlaqələrdən söz açaraq bunu hər iki xalqın tarixi müvəffəqiyyəti kimi qiymətləndirib. Rəhbərlik etdiyi ali təhsil ocağının da bu əlaqələrin güclənməsində böyük marağının olduğunu bildirən rektor bundan sonra da Azərbaycanın elm-təhsil, mədəniyyət ocaqları ilə əməkdaşlığa hazır olduqlarını bildirib. B.Abdullayev Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Ürgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi haqqında da məlumat verərək bu mərkəz vasitəsilə gələcəkdə bir çox birgə elmi, mədəni-ədəbi layihələr planlaşdırıldığını da vurğulayıb.
Özbəkistanın Xarəzm Vilayəti rəhbərinin müavini Batır Saidov artıq ikinci dəfədir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunmuş tədbirlərin təşkil edildiyini qeyd edərək, bu tədbirlərin ilki qardaş xalq arasında daha qırılmaz bağların yaranmasına səbəb olduğunu vurğulayıb. “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa haqqında söz açan Batır Saidov Xivə şəhərinin Şuşa ilə qardaşlaşmış şəhər olduğunu qeyd edib.
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı nəşrdən söz açan natiq sözügedən kitabın Şuşa ilə bağlı ilkin məlumatları əldə etmək üçün çox dəyərli bir mənbə olduğunu vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” tədbirləri və Mərkəzin Şuşa, habelə Ümummilli Lider Heydər Əliyevlə bağlı gerçəkləşdirdiyi layihələr barədə məlumatlar verib. Ürgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışını və “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beşdilli ensiklopedik nəşrin “Şuşa İli” eləcə də Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə həyata keçirildiyini vurğulayıb.
Şuşanın Azərbaycan xalqı üçün əziz, doğma və əvəzsiz olduğunu bildirən Samir Abbasov fikirlərini Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin “Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarixdir” sözləri ilə yekunlaşdırıb.
Daha sonra çıxış edən tərcüməçi-alim Babaxan Şərif də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beşdilli ensiklopedik nəşrdən söz açaraq bu kitabın Şuşa şəhəri haqqında dəyərli informativ bir mənbə olduğunu və ələlxüsus da beş dildə – Azərbaycan, özbək, türk, rus, ingilis dillərində olmasını xüsusi qeyd edib.
Tədbirdə Universitet tələbələri tərəfindən Azərbaycan şairlərinin şeirlərindən nümunələr səsləndirilib, Azərbaycan tamaşalarından səhnəciklər nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Azərbaycandan dəvət edilmiş “Simurq” Muğam ansamblının üzvləri tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva, kamança ifaçısı Elnur Mikayılov, tar ifaçısı Zəki Vəliyev və Əməkdar artist, nağara ifaçısı Kamran Kərimovun ifasında milli muğamlarımız, Özbəkistanda tanınmış azərbaycanlı saz ifaçısı İlham Abdullayevın icrasında oyun havalarımız, Ürgənc Dövlət Universitetinin rəqs qrupunun ifasında milli Azərbaycan rəqsləri tamaşaçılara təqdim edilib.
Xatırladaq ki, tədbirlərə Azərbaycanın Xalq şairi Vahid Əziz də qatılıb.
“Ədəbiyyat və incəsənət”
(30.10.2023)