Qısa ömürlərə sığan böyük həyatlar... Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Bəşəriyyətə hər hansı bir formada və hər hansı bir yolla - istər elm yolu ilə olsun, istər fəlsəfə və düşüncə yolu ilə, istərsə də sənaye, ixtira və kəşflər, əxlaq və əməli hikmət yolu ilə - xidmət etmiş şəxslərin hamısının bəşəriyyətin boynunda haqqı var. Lakin bəşəriyyətin boynunda şəhidlər qədər heç kəsin haqqı yoxdur. Buna görə də insanlar şəhidlər barəsində digər qruplarla müqayisədə daha çox emosional reaksiya göstərir və hisslərini daha ixlasla büruzə verirlər.

 

“Şəhidlərin haqqının bəşəriyyətə xidmət etmiş digər qruplardan daha böyük olmasının səbəbi nədir?

Bunun, şübhəsiz, səbəbi var. Bəşəriyyətə xidmət etmiş digər dəstələrin hamısı şəhidlərə borcludur, amma şəhidlər onlara ya borclu deyil, ya az borcludur. Alim öz elmi, filosof öz fəlsəfəsi, ixtiraçı öz ixtirası, əxlaq ustadı öz əxlaqi təlimləri ilə xidmət edə bilmək üçün münasib və azad mühitə ehtiyaclıdır. Şəhid fədakarlıq göstərərək öz canından keçən və yanıb kül olaraq başqalarına münasib mühit və şərait yaradan şəxsdir.”

(Mürtəza Mütəhərri)

 

Bəli, vətəni uğrunda, yurdunun insanı əmin-amanlıq içində yaşayıb yarada bilsin deyə canından keçən yüzlərlə şəhidimiz var ki, onların üzərimizdəki haqqı danılmaz və əbədidir. 

Bu gün də sizlərə məhz o şəhidlərimizdən biri haqqında, qısa ömrünə böyük bir həyat sığdırıb hələ ömrünün bahar çağındaykən vətən uğrunda şəhid olan Rahib Cəbrayılovdan danışmaq istərdim. 

Cəbrayılov Rahib Ramin oğlu 26 dekabr 2001-ci ildə Yevlax rayonunun Quşçu kəndində anadan olub. Valideynləri yaşadıqları kənddən kənarda yerləşən ferma və yataqlarda çalışdıqları üçün Rahibə hələ lap körpə vaxtlarından etibarən nənə-babası və xalaları baxıb. İlk təhsilinə doğulduğu Quşçu kəndi ümumi orta məktəbində başlayan Rahib daha sonra təhsilini Xaldan kənd tam orta məktəbində davam etdirib.

Səhhətindəki bəzi problemlər səbəbi ilə Rahibi hərbi xidmətə aparmırlar.  

Lakin onun səhhətindəki bu problem hərbiçi olmaq arzusuna maneə olsa da, vətənə xidmət etmək arzusunun qarşısını ala bilmir.

Özünün ard-arda etdiyi könüllü müraciətləri nəticəsində 27 may 2020-ci ildə Rahib nəhayət hərbi xidmətə yollanır.

Hərbi xidmətini əvvəl Bakıda, daha sonra isə Ağcəbədidə N saylı hərbi hissədə davam etdirir. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı Rahib Cəbrayılov Madagizin (Suqovuşan) azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Və müharibənin ikinci günü 28 sentyabr 2020-ci il tarixində şəhid olaraq Yevlaxda dəfn edilib. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş hədəflərin icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə və Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib. 

 

Ailə üzvlərinin və müəllimlərinin söylədiklərinə görə Rahib çox zəhmətkeş əlləri qabarlı vətənpərvər bir gənc olub. Daim ailəsinin daha yaxşı və əziyyətsiz yaşaya bilməsi üçün çalışıb. Hərbiçi olmaq istəyirmiş, amma səhhətindəki problem onun hərbiçi olmasına mane olub. Bu səbəbdən hərbi xidmətə də getməməli olan Rahib “mənim əsgər gedən yoldaşlarımdan nə əksiyim var ki, mən də onlar kimi gedib xidmətimi edəcəm” deyirmiş. 

Allah şəhidimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.