Üç gündür ki, paytaxtımız böyük bir tədbirə evsahibliyi edir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilən Musiqi Forumu bu gün - oktyabrın 31-də iki panel iclasından sonra başa çatacaq.
Hələlik isə “Ədəbiyyat və incəsənət” portalı sizə festivalın ikinci günü - yəni dünən baş vermiş əsas hadisələr barədə məlumat verəcək. Əsas hadisələr isə iki panel sessiyanın keçirilməsi idi.
“Milli musiqi sənayesinin inkişafı”
Birinci plenar sessiya belə adlanlrdı. “Gamma group” şirkətinin direktoru, pianoçu Zəhra Bədəlbəylinin moderatorluğu ilə keçirilən “Milli musiqi sənayesinin inkişafı” adlı panel sessiyada musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları, musiqi sənayesində əqli mülkiyyət hüquqları, dinləyici kütləsinin cəlb olunması yolları, alternativ və underground musiqi cərəyanlarının perspektivləri (rok, rep, meyxana və s.) kimi məsələlər ətrafında çıxışlar dinlənildi.
Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli əqli mülkiyyət, musiqi əsərlərinin satınalması məsələlərindən danışdı.
"Xəzər" TV-nin prezidenti, "M Group Production" şirkətinin rəhbəri, Xalq artisti Murad Dadaşov televiziyanın kütlənin zövqünə təsir imkanları və yaradıcılıq sənayesinin tənzimlənməsi mexanizmlərindən bəhs etdi.
Bəstəkar, Əməkdar artist Rain Sultanov musiqi təhsili ocaqlarında sənət təhsili ilə yanaşı, prodüser, marketinq-menecment üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini vurğuladı.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Apeks Advayzers" hüquq şirkətinin təsisçisi Nazlı Əhmədova milli musiqi sənayesinin inkişafının hüquqi aspektlərini, müəlliflik məsələsi ilə bağlı fikirlərini bölüşdü.
Bəstəkar, pianoçu İsa Məlikov musiqi təhsilində təcrübəli mütəxəssislərin çatışmazlığı məsələsini gündəmə gətirdi. Bunun üçün dünyada qəbul olunmuş vahid sistemin ölkəmizdə tətbiqinin zəruriliyini vurğuladı.
Prodüser və televiziya aparıcısı Emin Əfəndi qeyd etdi ki, musiqi sənayesi bir çox hallarda yalnız “toy bazarı” ilə tənzimlənir. Halbuki, sənətçi gəlirini toylardan əldə etmək məcburiyyətində qalmamalıdır.
Çıxışlarda zəngin ənənələri, görkəmli simaları olan musiqimizdə hazırda bir xaosun müşahidə edildiyini, istehsalçı ilə istehlakçı arasındakı rabitəsizlik kimi məqamlara toxunuldu, təkliflər səsləndirildi.
Sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.
Bundan sonra tədbir iştirakçıları İsveç masasına buyurub nahar etdilər və ikonci panel ssessiyasında iştirak üçün zala qayıtdılar.
“Milli mədəni ənənələrin qlobal miqyasda təbliği"
Oktyabrın 30-da Musiqi forumunda keçirilən ikinci panel sessiya bu cür adlanırdı. Əməkdar incəsənət xadimi, musiqişünas Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən iclasda İstanbul musiqi festivalının direktoru Efruz Çakırkaya, Rusiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin, “K2İD Productions" şirkətinin rəhbəri, yunanıstanlı İlias Kokotos və “Real World Music Label"in təsisçi və bədii rəhbəri, danimarkalı Karolina Vallejo məruzələrlə çıxış etdilər.
Sessiyada akademik musiqinin təqdimatında yeni çağırışlar, müasir multikultural cəmiyyətlərdə etnik ənənələrin qorunması, bu günün musiqi ənənələri: hamar ötürülmə, yaxud kəskin dəyişiklik, musiqi sənayesinin dövriyyədə olan rəqəmsal vasitələrinin tətbiqində yaranan təmayüllər, qlobal mədəniyyət mübadiləsində Azərbaycan musiqisi və musiqiçilərinin iştirak perspektivləri: kənardan baxış kimi mövzular diqqət mərkəzinə gətirildi.
Efruz Çakırkaya klassik musiqi ənənəsi və tamaşaçının klassik musiqiyə marağının artırılması problemlərindən söz açdı, rəhbərlik etdiyi İstanbul musiqi festivalının tarixi və fəaliyyəti haqqında məlumat verdi.
Baletmeyster Ruslan Pronin Azərbaycan xoreoqrafiya məktəbinin köklü ənənələrə malik olduğunu bildirdi, bu sənətin beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl addımlar atılmasının əhəmiyyətini vurğuladı.
Almaniyadan gəlmiş musiqiçi və musiqi meneceri Nikolas Rexroth ölkəsində 240 peşəkar musiqi təsisatının olduğunu bildirdi, Berlində yeddi böyük simfonik orkestrin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, bu təsisatların əksəriyyəti dövlət tərəfindən maliyyələşir. O, pandemiyadan sonra mədəni layihələrin təbliğatı, klassik musiqiyə marağın artırılması istiqamətində marketinqin tətbiqi üsulları, dizayn, afişa təqdimatı, habelə konsertlər üçün uğurlu məkan seçimi kimi məsələlərə də toxundu.
Yunanıstanlı qonaq İ.Kokotos “Avroviziya” mahnı müsabiqəsi ilə məşhurlaşan təşkilatlarının fəaliyyətindən söz açdı. Dedi ki, “K2İD Productions" təşkilatı müsabiqə üçün iştirakçıları təşviq edir.
Böyük Britaniyadan Linda Riçardson musiqi təhsili sahəsindəki yeniliklərlə bağlı məruzə etdi. Musiqi təhsilində innovasiyalar, bu sahəyə dəstək üçün maliyyə mənbələri və şagirdlərin təqaüdlə təmin edilmələri ilə bağlı məlumat verdi. Təhsildə beynəlxalq təcrübə, yeni çağırışlar istiqamətində atılan addımların əhəmiyyəti vurğulandı.
Bu panel sessiya da iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmaqla başa çatdı.
Və əminik ki, bu gün də Musiqi Forumu maraqlı və canlı keçəcək.
(Qeyd: Çıxışçıların çıxış mətni hazırlanarkən AzərTAC-ın stenoqramından istifadə edilmişdir)
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)