Super User

Super User

Çərşənbə axşamı, 31 Oktyabr 2023 11:45

Aqata Kristinin sirli qeyboluşu

R. N. İrukin, “Ədəbiyyat və İncəsənət”

 

1890-cı ildə Torquay şəhərində doğulan ingilis yazıçı Aqata Kristi detektiv janrına 80 roman töhfə vermişdir.

 

 

Detektiv janrında yazan ən dəyərli yazıçılardan biri olan Aqata Kristi həm də Meri Uestmakot (Mary Westmacott) ləqəbi ilə də romantik janrda əsərlər yazmışdır.

Erkür Puaro adlı detektiv qəhrəmanın yaradıcısı olan Aqata, kiçik yaşlarından atasını itirib, anası tərəfindən böyüdülüb, tərbiyə olundu. O həm də hələ kiçik yaşlarından hekayələr yazmağa başlamışdır. Kristi 1914-cü ildə pilot Arçibald K. ilə evlənərək Fransaya qayıtdı.

Kristi burda sıxılmamaq üzrə detektiv janrında romanlar oxuyarkən, bu romanlardan daha yaxşılarını özünün yaza biləcəyinin fərqinə vararaq "The Mysterous Affair at Styles" adlı ilk romanını qələmə alır.

 

Roman yazmaq qərarını alanda bacısı Madge Aqatanın yaxşı bir roman ortaya qoya bilməyəcəyinə dair mərcə girir. Maraqlıdır ki, beləliklə, Aqatanın möhtəşəm yaradıcılıq karyerasının başlanğıcının bacı rəqabətindən yarandığını deyə bilərik.

 

Kristi romanı yazıb bitirdi və roman altı nəşriyyat tərəfindən rədd edildikdən sonra 1920-ci ildə "Bodley Head" nəşriyyatı tərəfindən çap olundu.

Maraqlıdır: 1926-cı ildə Kristi ortadan itir və düz 11 gün tapılmır. Bir gölün kənarında ona aid avtomobil və çantalar tapılır. 11 gün sonra Kristi yenidən ortaya çıxsa da, bunun haqqında heç bir məlumat vermir. Bu mövzu barədə bir neçə fikir olsa da, dəqiq məlumat yoxdur.

Aqata Kristinin kitabları həm ingilis dilində, həm də digər dillərə tərcümə olunaraq ümumilikdə 2 milyarddan çox satış sayı əldə edərək uğurlar əldə etdi, o, Şekspirdən sonra dünyada ən çox kitabı satılan yazıçı oldu. 

 

Aqata 1976-cı ildə dünyaya gözlərini yumdu. 15 il ərzində (1960-1975) qələmə aldığı ətraflı avtobioqrafiyası isə öldükdən bir il sonra, 1977-ci ildə nəşr olundu. 

Onun heyranedici həyatını oxumaq və Aqata Kristinin gizli sirlərindən agah olmaq istəyirsinizsə, bu kitabı mütləq oxuyun. 

Lakin təəssüflər olsun ki, kitab hələ də dilimizə tərcümə edilməmiş olaraq qalır...

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Beyinlər və çənələrin eyni işləmədiyi hamımıza məlumdur. Çox danışan və eynilə bir o qədər az düşünən insanlar var.

Bizim yaşadığız cəmiyyətdə statistika tamam dəyişikdir. 

 

Düşüncələrlə, ağzından çıxan ifadələr tamam fərqlidir.

İnsanlar bir-birinə ancaq yalanlar danışır, hətta özlərinə belə.

Kaş hər kəsin bir gündəliyi olsaydı və bir gün gələrdi, hər kəs açıb baxardı çox yaxşı tanıdığı insanların kim olduğuna.

Əslində, başqasını anlamaqlarına da gərək yoxdur. Özləri özlərinin kim olduğunu bilsə, ən azından bir dəfə olsun özlərinə özləri haqqında doğruları danışsalar, axxx!!,, nə gözəl olardı bu dünya... Məsələn, keçib güzgünün qabağına; hə mən tənbələm, hə, mən yalançıyam, hə, mən axmağam, hə, mən alçağam, amma bunların hamısının öhdəsindən gələ bilərəm, hər şeyi başqa cür edə bilərəm!!!- deyə bilsələr...

Hər kəsin "danışıq obyekti" olan, böyüklərini, xüsusən də universitet, kollec, bir sözlə, elimlə, sənətlə, hər hansısa bir peşə ilə məşğul olurlarsa öz yaşdılarını bəyənməyən, özü ilə fəxr edən "İndiki gənclər"…

Təbii ki, bu sözlər hər kəsə aid deyil.

Qızlar, xüsusilə də rayon, kənd yerlərindən şəhərlərə, ən çox da Bakıya gələnlər müasirlikdən dəm vururlar.

Bizim ölkənin bəzi qızları müasirliyi- kropda, yaxası, kürəyi açıq libaslarda, koftalarda, cırıq cinslərdə, mini ətəklərdə, bol-bol makyaj etmələrdə, yaraşıqlı sevgili ilə gəzməkdə görürürlər.

Statsuları da bütün günü kafelər, restoranlar, əllərində oxumadığı kitablarla verdiyi pozalarla, sevgilisi ilə dava edən kimi "hər kəs üzür qadınları, ayrılanda "məndə qıydım saçlarıma" videoları, şəkilləri ilə dolub daşır.

Statsularınıza baxanların çox vecinədir sizin sevgilinizlə olan problemləriniz? Statusu kim üçün qoyursunuz ? Mesaj göndərirsiniz bununla sevgilinizə?

Bu qədər qorxaq olduğunuz üçün üzülən siz olursunuz. Onun yerinə danışın əlini tutub, heç buraxmaq istəmədiyiniz insanla.

Bax buna görə sənlə danışmıram, bax bu xasiyyətindən, davranışından, sözündən xoşum gəlmir, əgər bunları etməsən, əgər onun yerinə bu olsa, elə etsək, belə etsək davam edə bilərik- deyin. Yox, görürsünüzsə, verdiyiniz şanslar boşunadır, ayrılın getsin də. Nəyə lazımdır bu qədər absurdluq? Şokaladlara gömülmək (türk seriallarından əla şeylər öyrənmisiniz də), saçlarınızı kəsmək, nəbilim e başqa etdiyiniz mənasizliqlar. Şokalad həm cibinizə, həm də  cildinizə ziyandır... Həm də kökəlirsiniz.

Üstünə bir də saçlar gedir... 

Yoxe, saçınızı kəsəndə nolur axı? Yenidən uzadıb, başqa birisinə sığal çəkdirirsiniz.

Adı da olur müasir dövr anlaşa bilmədik, ayrıldıq, nəbilim, məni heç kim anlamır, dərd çəkirəm. Sonra heç əlaqəsi olmadan mentalitetə  keçirsiniz.

95% qızın keçmiş sevgilisi üçün “mən onun üçün çox darıxıram, unuda bilmirəm, ondan başqasını heç vaxt sevməyəcəm” və buna bənzər dediyi sözlərin hamısı yalandıır.

Saç kəsmək də dəb olub, ölkədə hər ayrılan saçını kəsdirir.

İndi bu yazını oxuyan qızlar, sizə sual verirəm: Həqiqətən, hələ də bilmirsiniz, o saçların niyə kəsildiyini?

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Çərşənbə axşamı, 31 Oktyabr 2023 16:00

Baş, yoxsa ayaq? - ESSE

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Öncə cism yaradıldı, sonra cismə ruh üfürülüb yer üzünə atıldı.

Həmən gün cənnətdən qovulan Adəm dönüb oldu Adam.

Və tarixin tozlu səhifələrinin arasında milyon illər ərzində insan övladları törənib bütün yer üzünü tutdular.

Onlar necə də axmaq idilər.

Adəmi adam etdiyini düşünən sürü əqli formalaşmadığı vaxtda belə başladı baş-ayaq davası etməyə.

Misirlilər, arilər, şummer-iskitlər və saymadığım neçə tayfalar ilk dəfə tayfaya başçı seçib onu tanrı etdi, zəif bəndləri də məğlubiyyətə düçar edib tanrının ayağından yarandığını iddia etdilər.

Bir az zaman keçdi, şüur inkişaf etdi və təbii ki, bəndələrin avamlığı da, öz növbəsində inkişafdan qalmadı. İki kəliməni düzgün deyə bilməyib, kəndlinin hesabına qarnını doyduran, torpağı çox ağalar və bəylər məclislərin başı oldu, halal zəhməti ilə bir qarın çörək üçün əli qabar edən kəndli yenə oldu ayaq təbəqə.

Başa qayıtdıq, yenə cənnəti ananın ayağı altında zəmin edən millət, yenə cəhalətindən dala qalmayıb, başını açan Sevilə dinsiz deyib, Cəfər Cabbarlının səfalətinə göz yumdu..

Bunu edə-edə hələ utanmadan, hanı başımızın üstündəki Allah deyib üsyan etdi. Bəs yaxşı sən ey Allahın cənnətdən qovulan ilk bəndəsinin törəməsi, başının üstündə Allahı axtaranda, ayağının altında cənnət daşıyan anaya "arvad mənim ayağımın çarığıdır, harda xoşum gəlməsə orda dəyişərəm" deyəndə Allahın sənin onu axtaran gözlərini kor edəcəyini bilmirdinmi?Ey naşükür, sənin qəlbinin gözləri zatən tutulub!

Sonra yenə baş-ayaq məsələsi atıldı ortaya.

Dost başa baxdı, düşmən ayağa. Bu dəfə günah təkcə ayağa baxanda yox, ayağa baxmayanda da, oldu. Ayağa baxan sadəcə, ayağımızın tozunu, ayaqqabımızın çirkabını gördü deyə bizə düşmən oldu. Axillesin dabanı misalı ən zəif nöqtəmizdən, yəni elə ayağımızın tozundan qanımıza zəhər qatmağa başladılar. Dost görünümlü üzü pərdəlilər də boyun qaçırdı ayağımızın tozunu silməyə kömək etməkdən.

Onlar sadəcə başa baxdığından üzümüz güləndə ortalığa çıxıb, qəmə qərq olanda çəkildilər qeybə. Yıxılıb dizimiz qanayanda, ürəyimizin qanadığını kimlər anladı axı?

Zəmanə dəyişdi, dağlar aşıldı, dərələr keçildi, hər kəs hər kəsə qarışdı, əlimizdəki telefonlar dünya içində kiçicik dünyamız oldu.

Bu zaman yenə baş-ayaq hadisələr su kimi axıb gedirdi.

Kasıbların minlərlə balası gedib qartalın ayağına yaxın qanadının qanını öz qanları ilə sarğılayıb, öz canlarıyla yaraya məlhəm oldular. Evdə onları gözləyən anaları, yolaşları, övladları da, qanayan qəlblərinə duz basıb bəyaz çöhrədə "Vətən sağ olsun"dedilər.

Boş başını dolu cibinə əmanət edən digər qövm də, ekranlarda pafoslu çıxışlar etdi. 

 

Unutma əziz oxucu, baş içində düşünən, dəyişməyə, inkişafa, elm öyrənməyə, xeyir işlər görməyə çalışan beyin olmasa, nə ürək qan dövranını hərəkətə gətirər, nə də ayağın səni düzgün cığırlarla işıqlı yollara aparar..

Zaman su kimi axıb gedəcək. Dövran dəyişəcək, amma yenə eyni period dövr edəcək. Bəlkə hər gələn qövm özündən əvvəlki qövmdən daha betər olar, bəlkə də, hər şey çox gözəl olar.

Önəmli olan bu gün, bu an, bu dəqiqədir. Önəmli olan sənsən, sənin vicdanındır, sənin mənəviyyatın, şərəf və ləyaqətindir. 

Başının ayaqlarını işıqlı  yoldan azdırmasını istəməyən hər kəsin başına tac etdikləri ilə ayağındakı toz olanları düzgün seçə bilməsi diləyi ilə.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Çərşənbə axşamı, 31 Oktyabr 2023 14:00

“Bar qadını” - Təranə Dəmirin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı Proza bölümündə adətən şeirləri ilə tanıdığımız Təranə Dəmirin “Bar qadını” helayəsini təqdim edir. 

 

Qadın masaların arasıyla gəzişir, arada ona göz vuran kişilərə süni təbəssüm edir, hərdən də yüngül əl işarəsi ilə onu  masasına çağıranlara yaxınlaşıb onların nə   istədikləri ilə maraqlanırdı. Adama elə gəlirdi ki, bütün bunların hamısını ürəksiz və candərdi edir. Hər halda qıraqdan belə təsir bağışlayırdı. 

Ya da bu işdən əməllicə yorulub usanmışdı. Amma ona uzadılan pullardan da imtina etmirdi. Deyəsən, qadın özündən də, pullardan da, bu gecədən, bu yarımqaranlıq bardan da qaçmaq istəyirdi. Bir ayağı qaçaraq idi. Bəs niyə gedə bilmirdi? Onu nə vadar edirdi qalıb belə davam etməyə? Axı halal zəhmətilə yaşayan namuslu, qeyrətli qadınlar da yetərincə çoxdu. Nəyinə lazımdı bu ləkəli ömür, bu əxlaqsız  həyat? 

Qadın  ona toxunmaqçun əldən, ayaqdan gedən içkili, sərxoş kişilərin baxışları altında əzilə -büzülə  masaların arasında gəzişir , şərab qoxuyan otağın ağır havasından boğula-boğula öz işini (bu da işdimi? ) yerinə yetirməyə çalışırdı. Birdən gözü  ən son masadakı arıq, kürən kişiyə sataşdı. Deyəsən o da kişinin diqqətindəydi. Bayaqdan kişi sakitcə ona baxırdı. Hərdən qədəhindəki içkidən bir udum içib stolun üstündəki məzələrdən ağzına atırdı. Fikriysə qadındaydı. Qaşqabağı yerlə gedirdi. Qadına elə gəldi ki, bu kişi ömründə belə yerlərdə olmayıb. Elə bil onu kimsə zorla çəkib gətirmişdi bura. Heç kimə bənzəmirdi. Həm həyəcanlı, həm də əsəbi idi. Hər halda qadına elə gəldi. İstər-istəməz kişiyə yaxınlaşdı. Gülümsədi:

-Salam.

-Salam.

-Nəsə lazımdı?

-Lazım olsa deyərəm.

Kişi bu sözləri elə sərt və acıqla dedi ki, qadın pərt oldu. Üzünün ifadəsi dəyişdi. Yavaşca:

-Yoxsa xoşagəlməz nəsə olub?-dedi.

-Heç nə olmayıb. İşinə bax.

Qadın pərt oldu. Hələ belə qarşılandığı vaxt olmamışdı.

Dönüb getmək istədi:

-Otur.

Kişinin səsindəki bu amiranəlik qadına xoş gəldi nəsə. Qeyri-ixtiyari keçib oturdu. 

Kişi hiss etdi ki, qadın da içkilidi. Nəfəsindən və baxışlarından hiss etdi.

-İçmək istəyirsənsə özünə də qədəh gətir.

-Yox, yox. Mən qədərimi  içmişəm. Sərxoş olub dünyanı özümə güldürə bilmərəm. Çox içəndə danışığımı, hərəkətimi bilmirəm.

Kişi fikrindən keçirdi ki, guya oyaq vaxtında hər hərəkətinə nəzarət edirsən axı. Amma fikirləşdiyini dilinə gətirmədi.

-Nə vaxtdan bu işlə məşğulsan?

-24 yaşımdan. 10 ildi. Niyə soruşduz?

-Heç. Unutmaqçun bu yolu seçmisiz?

-Anlamadım.

-Yəni hiss edirəm ki, bu işdə məcbur çalışırsız. Qadınlar adətən nəyisə unutmaqçun belə yerlərə üz tutur.

-Yox. Unutmadım. Özümü unutdum sadəcə.

Kişi danışdıqca qadını daha çox maraq götürürdü. Ömründə onunla  belə maraqlanan olmamışdı.  Kişiyə qarşı bir doğmalıq və yaxınlıq  hiss etməyə başlayırdı. Kövrəlmişdi bir az da:

-Siqaretiniz var?

-Çəkən deyiləm.

-Bağışlayın.

Hiss edirdi ki, bu kişidən həm də qorxub çəkinir. Onu incitməkdən, zərər verməkdən qorxur həm də.

Qadın özündən utanırdı bu dəqiqələrdə. Əynindəki gödək ətəyindən, açıq  sinəsindən, boyalı dodaqlarından utanırdı. İlk dəfə özünü yığışdırmağa, hərəkətlərinə çəki-düzəm verməyə çalışdı. Axı bu kişi heç kimə bənzəmirdi. Ətəyini çəkişdirə-çəkişdirə qalmışdı.

-Narahatsızsa niyə bu paltarı geyinirsiz? Nə vacibdi axı? Əvvəllər narahat olurdum. Sonra öyrəşdim. Deyəsən bu yerlərə birinci dəfədi gəlirsiz?

-Hardan bildiz?

-Verdiyiniz suallardan, baxışınızdan, səsinizin tonundan.

-Hmm.

-Bilirsiz,həyatdı bu. Həyatın hər üzü var. O eyni vaxtda  hamının üzünə gülmür nə yazıq ki. Hərəyə bir cür dərs verir. Heç kim öz istəyilə çirkabın içinə düşməz. Hərənin bir səbəbi var.  Mənim də gözəl ailəm vardı. Pərvanəydim o ailənin başına. Ərimi də, qızımı da dəlicəsinə sevirdim. Ta ki, şərəfsiz  mənə bir küçə qadını ilə xəyanət edənəcən. Hiss etmişdim. Amma üzünə vurmurdum. Onu itirməkdən qorxurdum. Sevirdim axı. O isə heç cür öz əməlindən əl çəlmirdi. Sonra ikincilər, üçüncülər, dördüncülər gəldi. Anladım ki, daha belə davam edə bilməz. Ərizə yazıb boşandım ondan. Amma ona qarşı hirsim, hikkəm o qədər çox idi ki, özüm də, həyatım da yaddan çıxmışdı. Elə bilirdim dünya uçub, altında qalmışam. Bir də ayılıb  gördüm ki, bataqlığın içindəyəm. Sonrakı peşmançılıqsa fayda verməz. Bax belə. Nə qədər gec deyil çıxın gedin burdan. Sizlik deyil buralar. Gedin bir dəstə çiçək alın və xanımınıza götürün. Könlünü alın. Bu etdiyiniz çıxış yolu deyil. Bir az da keçsə burdakı adamlardan fərqiniz olmayacaq. Başlamamış bitirin. Həyatınızı zəhərləməyin.

Kişi elə maraqla və heyrətlə dinləyirdi ki, bu məkanı da, burdakıları da unutmuşdu. Qadın ona əməllicə həyat dərsi keçirdi. Özü də gələndən nifrətlə baxdığı, dünyanın ən pis sözünə layiq bildiyi qadın. Həm də elə səlist və ardıcıllıqla  danışırdı ki...

Dili kilidlənmişdi. Qadının gözlərinin içindən əzab qarışıq peşmançılıq tökülürdü... 

Kişi nə fikirləşdisə tez ayağa durdu. Burdan qaçmaq  istəyirdi. Özü də bir an belə  

vaxt itirmədən. Saata baxdı. Gecədən xeyli  keçmişdi. Artıq 3-ə 15 dəqiqə qalırdı . Tələmtələsik hesabı masanın üstünə tulladı  və iti addımlarla məkandan çıxdı. Çöldə hava tər-təmiz idi. Yaxasını açdı. Dərindən nəfəs aldı. Narın yağış da yağırdı. Gödəkçəsinin boynunu yuxarı qaldırdı və  iri addımlarla yolu keçdi. Tələsirdi. Vaxt itirmədən burdan uzaqlaşmaq istəyirdi. Ayaqları yerə dəymirdi sanki. Hiss edirdi ki,   bir az da geciksə yolu tapmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Səhər Xiyavinin şeirlərini təqdim edir. 

 

Səhər Xiyavi

Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə xiyav və ya meşgin şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.

Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar,"Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.

Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının azərbaycan ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.

 

 

YALQIZLIQ KAFESİ

 

Ax... Nə təmtəraqlı dünyam var mənim,

Dinc bir kafedəyəm qaynayır çayım.

Yalqızlıq dünyamın padişahıyam,

Bəsimdir dünyadan bu şirin payım.

 

Min əlli ələyir qar dışarıda,

Pəncərəm yaş tökür, ağlayır sıcaq.

Közərir odunlar şominə içrə,

Nə gözəl, nə şirin yanır bu ocaq?

 

Çay töküb gətirrəm nabatlı bir çay,

Oturram masanın çarpayısında.

Həsrətim ürəkdə, yalnız masanın,

Kaş ki oturaydın sən o tayında.

 

Deyəydik, güləydik, qar-soyuq nədir?

Əllərin əlimi sığallasaydı.

Sənsizlik zəhərdir, zəhərdir yaşam,

Gözlərin gözümlə bir ağlsaydı.

 

Gedibsən, yalqızlıq kafesindəyəm,

Tənhalıq dünyamın padişahıyam.

Sanki qar-yağışlar içimdə yağır,

Bütün hicranların nisgil ahıyam.

 

Yox, mənə şirinlik day gərək deyil,

Nabatsız çayımı sənsiz içirəm.

Gül əkdik doyunca sevgi bağında,

Nədəndir bu gün mən, tikan biçirəm?!

 

Gedibsən, heç kimlə dolmayır yerin,

Dövrəmi adamıar alsa da belə.

Sən yoxsan dümyada, qəribəm gülüm,

Milyonlar adamlar olsa da belə.

 

Diskinib ansızın gəlib özümə,

Görürəm nə çay var, nə kafe, masa!

Yadımdan çıxıbdır, sobam da yanmır,

Yoxluğun qəmində batmışam yasa...

 

 “Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Çərşənbə axşamı, 31 Oktyabr 2023 12:30

“Həyat şəkillərdən ibarətdir” - ESSE

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Həyatımız hər zaman öz əlimizdədir. Onu cənnətə çevirən də bizik, cəhənnəmə çevirən də bizik. Ona istədiyimiz kimi yön verə bilərik, şəkilləndirə bilərik.

 

Şəkillər...

Həyatımız an etibarı ilə şəkillərdir. Keçmişə dönüb baxdıqda bu şəkillərin bir xatirə olduğunu anlayırıq. İnsanı insan edən də bu xatirələrdir.

Bəs biz keçmişə dönüb baxdıqda hansı şəkilləri görürük, hansı xatirələri yada salırıq? Cənnəti, yoxsa, cəhənnəmi yaşadığımızı düşünürük? Ya hər ikisi bu dünyadadırsa? Yaşadığımız gözəl anlar bizim cənnətimiz, pis anlar cəhənnəmimiz, qabağımıza çıxan yaxşı insanları mələk, pis insanları şeytan adlandırsaq bir kitabın və ya bir nağılın parçası olduğumuzu anlayarıq. Bəs biz bu nağılın hansı qəhrəmanıyıq? Əsəri yazan bizə hansı obrazı verib? Ruhu verən bizi bizdən qabaq yazıb, yoxsa zəri atıb gedişi sən oyna deyib? Bəlkə də həyatda uğur qazanmış insanlar bu oyunu oynamağı bacaran insanlardı?

 

Biz kimik? Yaxşı oyunçu, şeytan ya mələk? Biz kimik? Hansısa şəklin bir parçası, ya bir kitabın obrazı? Rəsm, yoxsa rəssam bizik? 

 

Həyatımızın rəsmi çoxdan çəkilib, bizə isə sadəcə onu rəngləmək qalır. Başımıza gələn hər hadisədə ona rəng verib qiymətləndirən bizik. Əgər hər şeyə qismət deyiriksə, həyatı ağ-qara şəkillərdə yaşamış oluruq. Yox əgər başımıza gələn hər hadisəni dəyərləndirə biliriksə bax onda əsl rəngarəngə çatıb rəssamın bizə nə göstərmiş olduğunu görə bilirik.

 

Bu cümlələri oxuyub beynini qarışdıra bilərsən. Bəlkə də nə vaxtsa əzilmiş və parçalanmış şəkli beynində qurub, yarımçıq qalmış boşluqları doldura və onu düzəldə bilərsən. Amma düşünmə ki, parçaları birləşdirib düzəltdiyin üçün hər şeyi sən yaratmısan. Xeyr, şəkil əzəldən olub, sadəcə hər şey qarışıb bir-birinə və sən o parçalanmış yerlərdə ilişib qalmısan. 

Sən gec-tez özünə lazım olan hər şeyi tapıb rəsmi tamamlayacaqsan.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

 “Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

 

50-Cİ DƏRC

 

Zala iniltili ah dalğası çökdü. Ekspert azacıq toxtayıb davam etdi:

-Amerika mətbuatının yazdığına görə, cənab Kerkoryan, siz Serj Sarkisyanla dostluq edirmişsiniz. Hətta Serj Avropada olarkən kazinoda 70 milyon avro uduzanda ona yardım əlinizi də uzatmısınız. Amma o, sizə naxələf çıxdı, “arzunuz” ürəyinizdə qaldı, haram pullarınız xalqınıza yox, tək bir adama – Serjə qismət oldu. Oğru, fırıldaqçı, qaniçən və xain Sərkisyan Qarabağa yardım adı altında o pulu ləzzətlə yedi. Yəqin əsla xəbəriniz yoxdur ki, hazırda Ermənistan əhalisinin 70 faizindən çoxu nəinki yoxsulluq həddindədir, hətta aclıqdan əziyyət çəkir. İşsizliyin səviyyəsi 50 faizə qədər yüksəlib. 2,5 milyard dollar büdcəsi olan ölkənin xarici borcu 5 milyarda yaxınlaşır. Sizlər öz xalqınıza rifah yox, aclıq və səfalət gətirmisiniz, biləsiniz!

-Mən etiraz edirəm, etiraz edirəm!

Kerkoryan zəif səslə yerindən qışqırdı, ermənilər əyləşən sıradan da etirazlar gəldi. Kerkoryanın yenidən halı pisləşdi, şəfqət bacıları yenidən onun köməyinə gəldilər.

Baş Hakim elə bu şəraitdə də bugünkü prosesi yekunlaşdırdı:

-Möhtərəm tamaçaçılar, Kerkoryan bir zamanlar öz uğur formulunu bu cür izhar etmişdi: “Mən heç vaxt əti silib süpürüb sümükdən tam aparmıram, heç vaxt heç bir işdə qiymətlərin maksimuma çatmasını gözləmirəm. Axı qəfildən qalxan qiymətlərin qəfildən qopmaq adəti də var. Mən öz seçimimi gəlir mənə qənaətbəxş və ədalətli olanda edirəm.” Amma tarix göstərdi ki, əsas gəlirlərini məhz insan ömürlərini zəhərləyən qumar biznesindən götürməklə və qazandığının əsas hiissəsini bir xalqın digər xalqın insanlarını qırıb torpaqlarını işğal etməsinə xərcləməklə cənab Kerkoryan heç də ədalətli ola bilməyib. Divan Kerkoryan Kirk Aqaronoviçə qeybedilmə cəzası çəkir.

Hökmün icrasını Baş Hakim özü alqışlarla qarşıladı, hətta Kerkoryanın fanatları belə eşitdikləri həqiqətdən sonra əks cəbhəyə keçmişdilər, onlar da Divanın hökmünü alqışladılar.

Daha bir gün beləcə sona yetdi. Proses bitən kimi yüngül meh əsməyə başladı. Əsən meh uzaqlardan çiçək qoxusu gətirirdi, qızılgül qoxusu idi, Axirətin baş şəhərinə bayramdan bayrama bu qoxu gəlib yayılırdı, küləklər dağlardan o üzdəki qızılgüllər vadisinin ən müxtəliv növ, rəngbərəng, ətrindən doyulmayan çiçəklərinin qoxusunu gətirməkdə israrlı idilər.

Axirət əhli fərqinə vardı ki, bu gün axı heç bir bayram deyil, bəs niyə qizilgül vadisinin ətri gəlsin axı? Tək xanım əməkdaşın ad gününəmi görə?

Sonra bir nəfər tək hamısı anladı ki, zəfərin qalib gəlməsi elə ən böyük bayram imiş.

 

 

12-Cİ PROSES

EDUARD QRİQORYAN

 

Kulisdən səs gəldi:

-Bu gün Divan qurulacaq şəxs Qriqoryan Eduard Robertoviçdır, onun heç bir titulu yoxdur, bəlkə də bu ad heç kəsə heç nə deməyəcək.

Sifətindən aşkar mənfilik sezən sarışın, gözlərinin gilələrinin şəkildə belə oynadığı sezilən şəxsin portretinin üstü açıldı, sonra mühafizəçilər onu gətirib Müttəhimlər kürsüsündə əyləşdirdilər.

Gözlərinin xırda gilələri qaçırdı, fırlanırdı, gah tamaşaçılar səmtə atlanır, gah hakimlərə, Divan üzvlətinə tuşlanırdı.

Baş Hakim sözə başladı:

-Eduard Qriqoryan adlı şəxs doğrudan da prosesə cəlb edilən digər on altı ermənidən fərqli birisidir, bəs fərqi nədədir? Ondadır ki, digərlərinin bir qismi öz xalqlarına fayda vermək baxımından millətçilik xəstəliyinə tutularaq əllərini bilavasitə digər millətlərin qanına batırıblar, bir qismi digər millətlərin qanını tökmək üçün ya maliyyə ayırıblar, ya ideologi liderlik ediblər, bu şəxs isə bilmərrə əlini öz xalqının qanına batırıb, neçə-neçə insanı öldürüb, neçəsinə qarşı zorakılıq hallarına yol verib.

Diktor Qriqoryanın dosyesini oxumağa başlayanda izləyici kütlə bir qədər də təəccüblü və heyrətli görünməyə başladı. Necə yəni, guya ki, milli ideya zəminində öz xalqını qır, qadınları zorla. Bu necə millətçilikdir? Bu ki vəhşilik, qaniçənlikdir, manyaklıqdır.

Diktorsa oxumağında idi:

-Eduard Robertoviç Qriqoryan 16 dekabr 1959-cu ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olmuşdur, milliyyətcə erməni, bitərəf, orta təhsilli, ailəlidir, himayəsində iki uşağı vardı, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi, ev 19/13, mənzil 20 ünvanında pasport qeydiyyatında olub, faktiki olaraq Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 71 ünvanında yaşayıb, Azərbaycan Boru Prokatı zavodunda Stan-140 qurğusunda çilingər işləyib, dəfələrlə məhkum olunub. Birinci məhkumluğu: 17 dekabr 1976-cı ildə Sumqayıt şəhər Xalq Məhkəməsi tərəfindən Azərbaycan SSR CM-nin 207-ci maddəsinin 3-cü hissəsi ilə 3 il azadlıqdan şərti məhrumetmə cəzası; İkinci məhkumluğu: 30 yanvar 1981-ci ildə Azərbaycan SSR CM-nin 105-ci maddəsi ilə əmək haqqının 20 faizi tutulmaqla 1 il islah işləri; Üçüncü məhkumluğu: 5 aprel 1982-ci ildə Azərbaycan SSR CM-nin 108-ci maddəsinin 2-ci hissəsi, 143-cü maddəsinin 2-ci hissəsi, 215-3-cü maddənin 2-ci hissəsi və 215-ci maddəsi ilə 5 il 2 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası.

Əvvəllər müxtəlif cinayətlərə görə dəfələrlə məhkum olunmuş E.R.Qriqoryan sanki asta-asta əsas cinayətinə doğru gəlirmiş: 1988-ci il fevralın 28-də həyata keçirdiyi cinayətinə doğru. Həmin gün Qriqoryan Sumqayıt şəhərinin mikrorayonlarında və məhəllələrində ermənilər yaşayan mənzillərdə talanlar, dağıntılar, qəsdən yandırmalar və başqa oxşar əməllərlə müşayiət olunan kütləvi iğtişaşlarda bilavasitə iştirak etməkdə, bu iğtişaşların gedişində erməni millətindən olan vətəndaşların şəxsiyyəti və şəxsi mülkiyyəti əleyhinə bir sıra cinayətlər, eləcə də milli düşmənçiliyin və ayrıseçkiliyin qızışdırılmasına yönəlmiş əməllər törətməkdə ittiham edilmişdir.

Paşa ləqəbli E.Qriqoryan hadisələr zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını isə zorlamışdır. Bundan başqa onun bir dəstə rəhbəri kimi törədilmiş bütün cinayətlərdə əlinin olduğunu tərtib olunmuş ittiham aktları sübuta yetirir.

Məhkəmə Qriqoryanın təhriki ilə iğtişaşlarda iştirak etmiş azərbaycanlı Əhməd Əhmədov haqqında ölüm hökmü çıxarmış və hökm dərhal icra olunmuşdur. Əsas günahkar Qriqoryana isə 12 il iş kəsilmişdir, 1991-ci ildə cəza müddətinin çəkilməsi üçün Azərbaycandan çıxarılan Qriqoryan bir neçə ildən sonra naməlum səbəblər üzündən azadlığa buraxılmışdır. Hazırda o, Rusiyada yaşayır.

Baş Hakim dərhal söz götürdü:

-Dərhal deyim niyə naməlum səbəbə. Çünki, sübut olunub ki, Sumqayıt hadisələrini Qərb qarşısında SSRİ-ni dağıtmaq öhdəliyi, ermənilər qarşısında isə Dağlıq Qarabağın Ermənistana verilməsi öhtəliyini götürmüş Qorbaçovun  DTK-sı, həmin o məşhur sözlə desək, KQB-si Ermənistan KQB-sinin köməkliyi ilə törədib, Qriqoryan bu işdə başlıca rol alıb, rolun öhtəsindən məharətlə gəldiyi üçün də gözdən pərdə asmaq üçün həbs edilsə də, az keçmədən ölməsi barədə şayiə yayılaraq azadlığa buraxılıb.  Hazırda Qriqoryan Rusiyanın paytaxtı Moskvanın yaxınlığındakı Sergiyev Posad şəhərində, beşmərtəbəli yaşayış binasındakı mənzillərdən birində məskunlaşıb. Mən Divana hazırlıq mərhələsində onun yaşayışı ilə tanış da olmuşam. Tam eyş-işrət. Qəşəng qadınlar, yaxşı pul-para, kabab və araq məclisləri, ovçarka cinsindən sevimli it... Bu adamın heç vaxt öldürdüyü həmyerlilərinə görə vicdanı göynəməyib amma.

Qriqoryan istehza ilə yerindən söz atdı:

-Mən adam zad öldürməmişəm, Sumqayıtda erməniləri öldürürdülər, azərbaycanlılar da günahı mən yetimin üstünə atdılar ki, guya erməniləri öldürən öz erməniləridır.

Bu zaman dözə bilməyib yaşlı hakim müdaxilə etdi, əlindəki fotonu texniki heyətə verdi ki monitorda nümayiş etdirsinlər. Dama-dama ətəkdə, boz jaketdə, saçı pırtlaşıq bir qadın (erməni millətindən olması dərhal sezilirdi) bir neçə nəfərin arasında oturmuş Qriqoryanı əli ilə göstərirdi.

Yaşlı hakim fotoya şərh verdi:

-Bu foto 1988-ci il Sumqayıt hadisələrinin istintaqı zamanı çəkilib. Zərərçəkmiş Mejlumyan onu zorlamış Qriqoryanı bır neçə nəfərin əhatəsində olsa belə dərhal tanıyır.

Ardını Baş Hakim gətirdi:

-Qriqoryan, 3 min vərəqdən ibarət 60 cildlik istintaq sənədləri var əldə, sizin cinayətiniz ən xırda təfərrüatlarıyla birgə tam sübut olunub, indi burda artistlik etməyə nə lüzum? Mən təkrar edirəm, əlinizi öz xalqınızın qanına batırmısınız, bu illər ərzində, nə az, nə çox üstündən düz 31 il keçib, heçmi vicdan əzabı çəkməmisiniz?

Qriqoryan gözlənilmədən valı dəyişdi:

-Onlar satqınlar idi.

Auditoriyada çaşqınlıq yarandı. Dərhal Baş Hakim bu çaşqınlığı aradan götürmək üçün şərh verəsi oldu:

- Maraqlısı ondan ibarətdir ki, hadisələr zamanı SSRİ DTK-sının əsas məqsədi millətlərarası münaqişəni odlandırmaq, SSRİ-ni Qarabağ məsələsi ilə Sumqayıtdan başlayaraq dağıtmaq idisə də Ermənistan KQB-si də öz çirkin məqsədlərini ortaya qoymuşdu, istənilən ermənilər yox, məhz Sumqayıtda yaşayıb separatçıların yaratdıqları "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilər qətlə yetirilmişdi. Bu barədə Eduard Qriqoryan ətraflı təlimatlandırılmış və ona Sumqayıtda yaşayan həmin ermənilərin dəqiq siyahısı və ev ünvanları verilmişdi.

Auditoriya qəzəb və hiddət içində replikalar atmağa, fikir bildirməyə başladı.

Baş Hakim bir nüansa da toxundu, o söylədi ki, Sumqayıt hadisələrini günü bu gün də erməni millətçiləri əldə bayraq tutaraq “zavallı dinc ermənilərin vəhşi türklər tərəfindən genosidi” kimi qələmə verirlər, hətta 1992-ci ildə törətdikləri dəhşətli Xocalı soyqırımını da bəzi erməni mənbələri Sumqayıt hadisələrinə cavab reaksiyası adlandırırlar, hadisələrin törədilmə tarixləri də bunu sübut edir, 1988-ci ilin 28 fevralı və 1992-ci ilin 26 fevralı.

Sonra Baş Hakim dedi, gəlin internet axtarış resurslarında eksperiment üçün bir “Sumqayıt” sözü yazaq, görək nə çıxır.

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Bildiyiniz kimi, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi, Şirvan Xeyriyyə Cəmiyyətinin isə təşkilati dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirir.

 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqəyə iki yüzdən artıq hekayə ünvanlanıb, Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Ötən gündən etibarən, portalımızda 8 finalçının hekayələri dərc edilməkdədir.

Qeyd edək ki, müsabiqənin qalibi və mükafatçılar noyabr ayının ikinci yarısında elan ediləcək.

Bu gün Elay İsmayılov öncə özünü, sonra isə hekayəsini təqdim edəcək.

 

1989-cu il 5 aprel tarixində Bakı şəhərində dünyaya gəlmişəm. Ailəliyəm, bir oğlum var. Marketinq üzrə bakalavr və magistr təhsilliyəm. İllərdir ixtisasıma uyğun işləyirəm. 19 yaşından periodik olaraq böyük və ya qısa fasilələrlə ədəbiyyatla məşğulam. Son il ədəbiyyatla fasiləsiz məşğul olmağa çalışıram. İki roman və bir sıra hekayələrin müəllifiyəm. İyun ayının əvvəli nəticələri açıqlanmış “Zəfərin uşaqları” hekayə müsabiqəsində “Dörd balaca nəhəng və Elxan” adlı hekayəmlə birinci yerə layiq görülmüşəm. Payıza yeni romanımın nəşri planlaşdırılıb.

Anar müəllimin 85 illik yubileyinə həsr olunmuş müsabiqəyə isə “Böyük kişi olasan, Vidadi” adlı hekayəmlə qatılıram. Məhz bu müsabiqə üçün xüsusi yazdığım bu mətnin yaradıcılığımda özünəməxsus yer tutacağından əminəm. Hekayəmi oxuyacaq hər kəsə əvvəlcədən minnətdaram.

 

***

Elay Ismayılov

 

Böyük kişi olasan, Vidadi

 

Kimə yaxud nəyə oxşadığımı soruşsanız - səsimə oxşayıram. Eynən onun kimiyəm. Görünmürəm, hiss olunmuram, amma varam. Nə səsimi görə bilirəm, nə özümü, ancaq hər ikisinin var olduğunu bilirəm. Səsimi də yalnız özüm eşidirəm. Xırıltılı, sakit, bəzən də titrəyən.

Hər şey gecəyarısı ağrıdan oyanmağımdan sonra başladı. Əslində hər şeyin o an bitdiyini desəydim daha düzgün olardı. Kürəyim yanırdı. Sanki içimə kömür doldurub maşa ilə qarışdırırdılar. Yerimdən qalxıb qonaq otağına addımladım. Sevil də dalımca gəldi. Sevil iyirmi ildən çoxdur ki, həyat yoldaşım idi. Səs-küyə ayılan qızım Asiman qapının ağzında dayanıb baş verənləri seyr edirdi. Sevil pis olduğumu anlayan kimi təcili tibbi yardımı yığmağa başladı. Ağrı bir anlıq elə kəskin oldu ki, nəfəsim dayandı. Öldüyümü anlayırdım. Zülmət, qaranlıq tunelin sonunda işıq, həyatdan köçmüş qohumlarımı gözləsəm də, heç biri olmadı. Əvəzində, dünyanın bütün rənglərini görməyə başladım. Adlarını bildiyim və ilk dəfə gördüyüm o qədər rəng var idi ki. Al-əlvan yumru şarlar döşəmənin, tavanın, divarın hər yerində dayanmadan sayrışırdılar. Ağrı kəsən kimi şarlar itdi. Burnuma zəfəran iyi gəldi. Sevil ağlayırdı. Əlimi atıb başına sığal çəkmək istədim. Əlimi hiss etmədi... Ölümün rəngli olduğunu və zəfəran ətri verdiyini anladım.

Gedib qızımın yanında dayandım. Divanda başı çənəsinə düşmüş özümü və Sevili görürdüm. İllər onu dəyişmişdi. Elə məni də. Kənardan özünə baxmaq demək belə olur.

Filmlərdə olduğu kimi qışqır-bağır salıb, əşyaları tərpətməyə cəhd etməyin əvəzinə küncə sıxılıb, oradaca qaldım.

İlk öncə qonşular gəldi. Qızımı apardılar. Asiman ki balaca uşaq deyildi. Bilmirəm niyə razılaşdı. Düzünü desəm, onun getməyinə pis oldum. Bir müddət sonra təcili yardım da yetişib, öldüyümü qeydə aldı. Nəhayət qohumlar gəlməyə başladı. Bir xeyli adam yığışdıqdan sonra məni xalçaya büküb məscidə apardılar. Onlarla gedən iki mən var idi - biri çiyinlərdə, digəri kölgə kimi arxada. Kölgəsi olmayan kölgə kimi idim. Bilmirsən güləsən, yoxsa ağlayasan. Sulu qar yağırdı, amma mənə soyuq deyildi. Ölünü yuyan mürdəşirin elə mənalı gözləri var idi ki. Ömrümdə ilk dəfə belə gözlər görürdüm. Əlləri qabar bağlamış, beli bükülmüş, dərisinin rəngi qaralmış, daha çox ölünü xatırladan bu insanın gözlərində olan məna və həyat işığı məni valeh etmişdi. Nə yaxşı ki, məni başqası yox, o yuyurdu. Qəbiristanlığa getmədim. Gedə bilmədim. Sağlığımda da başqalarının dəfninə baxmaq ağır gəlirdi mənə, o ki qaldı özümünkünə. Qabaqlar daha maraqlı idi. Balaca dayım rəhmətə gedəndə, onu son mənzilə klarnetlə yola salmışdılar. Görünür, illər öncə dirilər daha zövqlü, ölülər isə daha dəyərli və əziz idilər. Mərhumu yuduqdan sonra məsciddən geri gətirər, evin ortasına qoyardılar. İndi isə ölüyə əziyyət verməyək deyib, aparırlar birbaşa basdırmağa.

Ən ağır, məclisdən sonrakı günlər oldu. Sevillə Asimanın tək qaldığı günlər. Sonradan yas abu-havası asta-asta dəyişməyə başladı. Ağlaşma səsləri yavaş-yavaş azaldı. İkinci cümə axşamında molla dedi ki, mərhumun ruhu hələ evdədir və qırx günü, öldüyü vədədə evdən çıxacaq. Bunun üçün həmin vaxt qapı və pəncərələri açıq saxlamaq lazımdır.

Hər kəs yatdıqdan sonra evi qulyabanı kimi gəzirdim. Ruhlar yatmır, daha doğrusu yata bilmir. Çıxıb evin ətrafına da dolana bilərdim. Evin ətrafı nədir ki, ürəyim hara istəsə gedə bilsəm də, məni saxlayan bir şey var idi. Daha doğrusu iki şey - qızım və yoldaşım. Qırxa qədər, onları bacardığım qədər çox görmək istəyirdim. Sonra bilmədiyim harasa çıxıb gedəcəkdim. Yəqin ruhların dünyasına. Mollanın dediyindən sonra bir gecə Sevilin yanında, o biri gecə isə Asimanın yanında səhərə kimi dayanırdım. Qızım böyüsə də, gözümdə elə həmin balaca kukla idi. Dünyaya gələn övladımın qız olduğunu biləndə kefim pozulmuşdu, lakin sonra elə peşman olmuşdum ki. Deməli, düz deyirlər, qız övladı kişinin son məhəbbətidir. Ömür-gün yoldaşım Sevili də çox istəyirdim. O mənə həm dost, həm dayaq olub. İllər onu xeyli dəyişib. Hər onun yanında dayandığım gecə bunu daha da aydın görürdüm. Saçlarına düşən dən, gözlərinin qırışı, əllərinin kobudluğu, bədənindəki dəyişikliklər. Ancaq yenə də mənim üçün ən gözəl və mehriban qadın o idi. Sevil mənim üçün bir dənə idi. Mənə ən çox ehtiyacı olduğu zaman necə qoyub gedəcəkdim axı? Zibilə qalmış ürəyim də vaxt tapdı dayanmağa. Siqaret, görünür, öz işini məndən xəbərsiz bala-bala görübmüş.

Səhərlərin birində Sevil masadan qalxaraq iti addımlarla mətbəxdən çıxdı. Bir az tərəddüd edib arxasınca getdim. Ümumiyyətlə çox tərəddüd edirdim. Bilməli və görməli olmadıqlarımdan qorxurdum. Ölünün ən qorxduğu şey məncə elə budur.

Yataq otağına girəndə, Sevilin böyük dolabı açıb mənə aid paltarları çıxardığını gördüm. Dolabın qapısı yenə açılıb sallanmışdı. Neçə dəfə yazıq deyirdi ki, düzəldim, amma elə yadımdan çıxırdı. Əslində yadımdan çıxmırdı, yorğun olurdum deyə tənbəllik edirdim. Kaş qapını düzəldə bilmək üçün geriyə dönüb bir saat artıq yaşaya biləydim.

- Neynirsən? - Asimanın səsini arxamdan eşitdim.

- Görmürsən?

- Görürəm.

-Atanın paltarlarını məscidə göndərmək istəyirəm, - qəhər dolu səslə cavab verdi.

- Hamısını? - Asiman da doluxsundu.

- Hamısını.

- Bibi qızının toyu üçün aldığı göy kostyumu da verəcəksən?

- Verəcəm, balam.

- Bəlkə yadigar saxlayasan...

- Yadigar sən varsan, - başını qaldırıb qızımıza baxdı. - Durma orada, gəl kömək elə...

Bir neçə saat sonra mənə aid olan xeyli şey yığmışdılar. Bu balaca evdə belə böyük  yer tutduğumu təsəvvür edə bilməzdim.

Qırxıma get-gedə daha az vaxt qalırdı. Hər günüm evi qarış-qarış gəzib hər bir əşyanın yerini əzbərləməklə keçirdi. Gedəcəyim yerdə xatırlaya bilməm üçün bacardığım qədər çox şeyi yadımda saxlamaq istəyirdim... Günlər günləri, həftələr həftələri elə əvəzləyirdi ki... Artıq mənim yoxluğuma yavaş-yavaş öyrəşirdilər. İlk dəfə qızımın gülüşünü eşidəndə çox pis oldum. Bir anlıq özümü tərk edilmiş hiss etdim. Otağından, əlində telefon çıxaraq anasının yanına qaçdı. Uzadılan ekrana Sevil də baxdı... Qızım kimi qəhqəhə çəkib gülməsə belə o da gülümsədi. Məndən fərqli olaraq, onlar üçün həyatın davam etdiyini o an başa düşdüm.

Qırx məclisindən sonra ən yaxınlar qonaq otağında oturub divardakı saata baxırdılar. O saatı aldığımız gün də yadımdadır. Yeddi-səkkiz il öncə evin divar kağızlarını dəyişmişdik. Əlimizdə qalan pulla bəzi əşyaları almalı idik. Elə isti hava var idi ki. Sevil bu saatı görüb donub qaldı. Çox istədi... Mən də aldım. Ümumiyyətlə ona “yox”u qəti deyə bilmirdim. Desəm belə, hərlənib fırlanıb həmin gün də olmasa, daha sonra istədiyini alardım. Adamın üstündə Allah var, heç vaxt ayağımı bir başmağa dirəmirdi. Saatı aldıqdan sonra yorulduğumu, qalan şeyləri isə sabahda birigündə alacağımı dedim. Səhəri Sevilə bildirmədən borc edib əskiklərimizi almışdım. Əqrəblər 01:12-ni göstərirdi. Saniyəni saniyəyə dəyişən qırmızı əqrəb şaqqıltı ilə irəliləyirdi. Adi vaxtı eşidilməyən səs indi çox ucadan gəlirdi. Bir də sanki saniyələr uzanırdı. Bəlkə ruh getməyə hazırlaşanda belə olur?

- Vaxt dəqiq yadındadır? - bacım Sevildən soruşdu.

- Yadımdadır, - yoldaşımın pıçıltısı eşidildi. - 01:17 idi.

- Allah rəhmət eləsin, yaxşı insan idi, - bacımın əri dilləndi. - Məzarı nurla dolsun.

Heç zaman ondan xoşum gəlmirdi. Məni yola salacaq ən axırıncı adam idi. Bu da durub gəlmişdi. Görəsən hansı üzlə?

01:14-da hamı səssiz bir-birinə baxırdı. Sevil sol barmağındakı bəxt üzüyünü fırladırdı. O həmişə hirslənəndə və ya həyəcanlananda belə edirdi. Asiman isə yerdə oturub divana söykənmişdi. Qızımın necə anama oxşadığına bir daha əmin oldum. Rəhmətlik anama... Deməli, ad yalnız hərf yığını deyil. Az qalmışdı, anamla da qovuşacaqdıq.

01:15-da qızımın tələbə olduğunu xatırladım. Görəsən, gələn il təhsil haqqını necə verəcəklər? Hələ uşağın pal-paltarı, dəftər-kitabı da alınmalıdır. Yeni notebook da söz vermişdim ona. Sentyabrda sonuncu kursa gedəcəkdi qızım... Qəbul olduğunu bildiyi gün necə də sevinmişdi... Evdə yaxşı bir qonaqlıq vermişdim. Hər gələn də eyni sözü deyirdi - “toyunda Allah qoysa”. Balamın toyunu görə bilməsəm belə ona arxayınam. Yaxşı qız böyütmüşəm. Onun hər şeyi gözəl olacaq. Sevil də ağıllı qadındır.

01:16... hamı sanki nəyinsə yaxınlaşdığını hiss etdi. Yerlərini düzəltdilər. Gözlərini ovxaladılar. Yuxusu gələn də yuxusunu qaçırtdı. Mən də özümü hazırladım.

Qırmızı əqrəb sonuncu dövrünü vurub on ikinin üstündə dayandı...

01:17... Heç bir şey dəyişmədi. Mən burada, evimdə idim.

- Baxın-baxın! - bacım pəncərəni göstərdi. - Pərdə tərpəndi.

- Mən də yel hiss elədim, - Asiman dilləndi. - Elə bil nə isə yanımdan keçdi.

- Mən də hiss etdim.

- Kəramətinə qurban olum, ay Allah! - tanımadığım bir qadın əllərini qaldırıb dua etməyə başladı.

- Sanki çilçıraq da tərpəndi, - bacımın zəhləm getmiş əri ağıllı-ağıllı tavana baxdı.

- Çıxıb getdi, - bacım ayağa qalxıb hönkürə-hönkürə yoldaşımı qucaqladı. - Allah rəhmət eləsin.

Sevil əlləri ilə üzünü tutub ağlamağa başladı. Mən təəccüblə ilk olaraq pərdəyə, sonra isə tavana baxdım. Nə tərpəndi? Yel haradan əsdi? Kim çıxıb getdi? Bunlar nə danışır? Anlaya bilmirdim.

Yarım saatın içində maşınla olanlar getdilər, ardınca qonşular dağılışdılar, yolu uzaq olanlar isə qaldılar. Gedənlərin hamısı özləri ilə ruhu evdən çıxmış mərhumun yuxaya bükülü halvasından da apardılar. Ruhumu çilçırağa dolayıb yel kimi pəncərədən yola salan insanlar xırda bir məsələni gözdən qaçırmışdılar. Mən hələ də burada idim. Dirilər niyə ölülərin yerinə qərar verirlər axı? Kim onlara bu haqqı verib?

03:34... Divanın, elə mənim son nəfəsimi verdiyim hissəsində oturan Sevil diqqətlə saata baxırdı. Pəncərələr artıq bağlı idi. Ruhu yola salan insanlar bəlkə onun  fikrini dəyişərək birdən geri qayıda biləcəyini niyə düşünməmişdilər? Yerdə oturub düz onun üzünə baxırdım. Yanlarında olduğumu, qızımı və onu necə çox istədiyimi bağırırdım. Ancaq nə fayda? Dəli olacaqdım az qala. Görəsən, ölülər də dəli ola bilir? Sonra Asimanın yanına getdim. Onu da sevdiyimi dəfələrlə bağırdım. Gözlədiyim kimi xeyri olmadı. Evdə olan hər kəsə yaxınlaşdım. Bəlkə kimsə məni eşidə, hiss edəydi. Hamı şirin yuxusunda idi. Bircə Sevillə məndən başqa. Sevilin yanına qayıtdım. O, yerində yox idi. Hamam otağının aralı qapısında işıq görünür, suyun səsi gəlirdi. İşığa doğru getdim. Sevil əl-üzünə su vuraraq güzgüdə özünə baxırdı. Birdən əl saxlayıb danışmağa başladı.

- Möhkəm olmalısan! Eşidirsən? Qızın üçün möhkəm olmalısan. Bir az yığılmış pulun var, qızılın da var. Qurban olsun hamısı Asimana.

- Mən sənin yanındayam, - arxasına keçib onu qucaqladım.

- Ağlamaq, zırıldamaq vaxtı deyil. Allahın hökmü necədirsə, elə də olmalıdır. Ərimi aparmalı idi, apardı.

- Məni aparmayıblar Sevil... Evdəyəm, evimizdəyəm.

Suyu bağlayıb, divara bərkidilmiş plastik qabdan yaşıl diş fırçasını götürdü. Geridə qırmızı və sarı olanlar qaldı.

- Vidadi burada olsaydı, yas saxladığım üçün abrımı bükərdi. Zəhləsi gedirdi ağlaşma quranda.

Adımın Vidadi olduğu yadıma düşdü... Qabda qalan sarı fırçanın Asimanın, qırmızının isə Sevilin olduğunu xatırladım. Yaşıl olansa, mənim idi.

Fırçanı mətbəxdəki zibil qutusuna atan Sevil, qonaq otağına keçdi. Masada olan şəkili öpüb bağrına basdı.

- Vaxtsız getdin, Vidadi...

Şəkil əlində divana oturub bir az sonra yuxuya getdi. Bir də ayıldım ki, evdə olanlardan yalnız arvadımı və qızımı tanıyıram. Bacım da burada idi, amma, onu artıq xatırlaya bilmədim. Evi dolandım, hər kəsin üzünə diqqətlə baxdım. Heç birini tanımırdım. Həyatda olduğum vaxt yaşadığım, gördüyüm, hiss etdiyimin hamısını xatırlasam da üzlər yadımda deyildi. Belə çıxır ki, ruhlar özləri heç yana getmirlər, gedən onların yaddaşının bir parçasıdır... Belə çıxır ki, üzünü unutduğum molla yanılırdı... Yazıq, öləndə çox təəccüblənəcək. Dərs olar ona, adam bilmədiyini danışmaz. Molla isə heç danışmaz.

Mən hər şeyi unuda bilərəm, bircə Sevillə Asimanımı unutmayım... Sarı Asimanın, qırmızı Sevilin, yaşıl mənim - Vidadinindir. Vaxtsız gedən Vidadinin.

Son cümlə xoşuma gəldi - “Vaxtsız gedən Vidadi”. Gülməlisi isə, heç yana getməyib hələ də evimdə olmağım idi. Yadıma zibil vedrəsində olan yaşıl fırçam düşdü. Getmək lazımdı Vidadi. Səni onsuz yola salıblar. Dirilərin yanında ölülərə yer olmaz. Sonuncu dəfə Sevillə Asimana baxıb evdən çıxdım. Parkda yeriyirdim ki, skamyada oturan bir uşaq gördüm. Uşaq başını çevirib mənə baxdı və gülümsədi.

- Məni görürsən?

- Görürəm əmi...

Tez onun yanına qaçdım.

- Təksən burada?

- Biz çoxuq, uşaq əli ilə ətrafını göstərdi.

Çevriləndə, dairəyə alındığımı gördüm. Hamısı mənə baxıb gülümsəyirdi.

- Mənim bu gün qırxım olub, - ağlıma gələn ilk cümləni dedim.

- Hamını unutmusan? - arxamdan kimsə soruşdu.

- Hər kəs yadımdadır! - hirslə çevrilib cavab verdim.

Gülən üzlər mənə maraqla baxırdılar.

- Adlarını deyə bilərsən? - uşaq soruşdu.

Adların yadımda olmadığını anladım.

- Aramıza xoş gəldin, - uşaq ayağa qalxaraq məni qucaqladı.

Uşağı hiss etdim. Onu bərk-bərk bağrıma basdım. Ağlamağa başladım.

- Bəs öz adın yadındadır, əmi? - başını qaldırıb soruşdu.

- Yox.

- Vidadi!

- Necə?

- Vidadi, - bir daha təkrar elədi. - Qoy adın Vidadi olsun.

- Olsun.

- Ad günün mübarək, Vidadi.

Ətrafımda olan hər kəs adımı bağırmağa başladı. Vi-da-di! Vi-da-di! Vi-da-di!

 

Gözümü açanda başımın üstündə dayanan Sevillə Asimanı gördüm.

- Mən sağam?

- Əlbəttə, sağsan, - Sevil qəhqəhə çəkərək güldü. - Ölürsən də bu divanda yatmaqdan ötrü.

- Dur, ay ata, - Asiman ucadan səsləndi.

Necə də anama oxşayırdı.

- Tez dur, hazırlaş... Bacın qızının toyudur. Köynəyini ütüləmişəm. Təzə göy kostyumun da hazırdır.

Başımı qaldırıb saata baxdım. Qırmızı əqrəb ömürdən şaqqıldada-şaqqıldada irəliyə gedirdi. Qara əqrəblər isə 15:43-ü göstərirdi.

- Alətlərimi gətirin, - yerimdən qalxaraq oturdum.

- Nə alətlər, ay kişi? - Sevil təəccüblə baxdı.

- Vidadi kişi siqaret çəkməyəndə bir təhər olur, - Asiman masadakı qutunu götürüb mənə gətirdi.

- İstəmirəm, anam, - ayağa qalxaraq qızımı öpdüm. - Çəkməcəyəm daha bu zəhrimarı.

- Ay kişi, nə olub sənə?

- Çox yaşamaq istəyirəm, Sevil xanım. Olmaz?

Ana-bala bir-biri ilə baxışdılar.

- Mən gedirəm ayaqyoluna. Alətlərimi tapıb gətirin ki, yataq otağındakı paltar dolabının qapısını düzəldim.

- Məgər indi onun yeridi? - Sevil hirsləndi. - Biz toya hazırlaşırıq, sənin ustalığın tutub. Gedə-get batıracaqsan aləmi.

- Qapı düzəlməmiş toya getdi yoxdur...

- Yuxuda nə görmüsən, atacan? - qızım boynuma sarıldı.

- Gözəllər-gözəli bir qız, - bərk-bərk hər iki yanağından öpüb, saçlarının ətrini içimə çəkdim. - Adı da Asiman idi.

Qapını tez bağlayıb, unitazın suyunu çəkər-çəkməz hönkürtü ilə ağlamağa başladım. Yaşıl diş fırçamı əlimdə sıxaraq Allahdan ömür istədim. Ayaqyolunun dua üçün uyğun yer olmadığını bilirdim. Ancaq özümü Allaha bu qədər yaxın bir daha heç zaman hiss etməyəcəyimi də bilirdim. Suyu daha bir-neçə dəfə çəkməli oldum.

- Ad günün mübarək, - güzgüdən baxan əksimə pıçıldadım. - Böyük kişi olasan, Vidadi!

 

 “Ədəbiyyat və incəsənət”

(31.10.2023)

 

Çərşənbə axşamı, 31 Oktyabr 2023 11:30

BİRİ İKİSİNDƏ - Cahan Seyidzadənin şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Cahan Seyidzadənindir.

 

 

 

20 MART

 

İndi yaxşı anlayıram

"Ayrılıq" üç-beş sözə sığdıra biləcəyimiz cümlələr deyilmiş.

 

"Ayrılıq" pencəyinin sağ cibindən çıxan

doğma xətlə yazılmış "nərdivan" şeiridir.

"Ayrılıq" sonuncu dəfə söykəndiyin divarın

əzbərlədiyim bir neçə santimetrlik yeridir.

 

"Ayrılıq" ölüm deyil,

ölmək deyil,

"Ayrılıq"

heç vaxt şuxluğunu itirməyən,

aramızda yaşayan diridir.

 

İndi yaxşı anlayıram,

Bir dəfə vidalaşa bilməyəndə insan

hər gün vidalaşmalı olur doğmalarıyla.

Hər dəfə də bir başqa cür.

Bakının boz və solğun küçələrində

"Ayrılıq" çiyinlərimizə ən ağır yük kimi

Hər dəfə bir başqa cür düşür.

 

İndi yaxşı anlayıram,

Daha ağac olsam,

yarpağım da səni sevəcək.

İndi yaxşı anlayıram,

mən öləndə torpağım da səni sevəcək...

 

Mənə uzaqlardan salam yolla,

Elə salam ki, səni xatırlatsın:

Bir körpənin gülümsəməsində,

Bir qağayının səsində,

Bir insanın gəlməməsində.

 

Bilim ki, bunu sən etdin,

sən etdin, ata.

Hər yerə bahar gəlmişdi,

sən niyə getdin, ata?

 

 

MAĞARANIN DİVARINA YAZILMIŞ ŞEİR

 

Yorğunam.

Yaralıyam.

Qorxuram.

Yaxşı ki, bu mağaranın yerini unutmamışam,

İllər əvvəl tərk edib getdiyim kimidir.

Heç nəyi dəyişməyib, divarlarındakı cızıqlar,

                        həmin qaranlıq ab-hava.

Axırıncı dəfə gələndə isinmək üçün

                        qaladığım ocağın izləri də hələ qalıb.

Onda elə bilirdim ki, bura bir daha dönməyəcəm.

Yanılmışdım.

Hər insan kimi.

Çünki bir gün hamı öz mağarasına geri qayıdır,

Çünki ora bizim əbədi sığınacaq yerimizdir.

Özümüzlə baş-başa qaldığımız və yaralarımızı

                        sağaltmaq üçün qaçıb gizləndiyimiz yer.

Ətrafa göz gəzdirirəm: divardakı şeirə sataşır gözüm.

Mən yazmışdım bunu, günəşli bir aprel səhəri:

 

Hər fırtına gəlməmişdən əvvəl

öz sakitliyini göndərir

bəzi yaralar ən çox sağalandan sonra

göynədir...

 

Qorxma, balaca, uzat əllərini, mən səni aparmağa gəlmişəm,

Biz sənin saçlarını uzaq diyarların torpaqlarına əkərik.

Saçlarının ətri yayılar evlərə,

insanlar qucaqlarında dəstə-dəstə saçlarını apararlar

sevdiklərinə.

Sonra əllərini uçurarıq səmaya,

qanadlılar kimi yalqız insanların çiyinlərinə qonarlar.

 

Dünyada savaşlar oldu, balaca;

insanlar savaşdılar...

Yaxşı dost olacaq ikən,

sevgili olacaq ikən,

qarşı-qarşıya dayandılar.

Bəlkə də, bir vaxtlar əcdadları eyni mağaraya sığınıb

birlikdə qorunmuşdu təhlükələrdən.

Əcdadları bir mağaraya sığan insanlar

                        nəhəng bir dünyaya sığışa bilmədilər.

Sığışdıra bilmədilər təkəbbürlərini bapbalaca qəlblərinə...

Heç vaxt onların olmayacaqlar üçün dayanmadan didişdilər...

 

Onda balaca bir mamont balası

gülümsəmişdi istehzayla:

həyatda hər şey vərdişdir,

ovlamağa bir şey tapmayanda

özünüzü ovlamağa başlayacaqsınız,

özünüzə çevriləcək silahlarınız.

 

Bu nağıl deyil, balaca.

Mamont balaları da gülümsəyə bilir, inan...

Dünyadakı bütün canlılar ağlaya bildikləri kimi,

gülümsəyə də bilir...

 

Mən bapbalaca bir saman çöpündən də

yapışardım, balaca.

Böyüdərdim, böyüdərdim, dünyanın ən

nəhəng çinarı edərdim onu gözümdə,

əgər getməsəydin...

 

İndi isə

özündən ağır yükü aparmağa çalışan

balaca qarışqayam,

həm də bir az başqayam.

 

Pişiklərlə danışıb,

çiçəklərə gülürəm,

insanlardan daha çox

ağacları sevirəəəəmmmm.

 

Gözlərimi dikirəm

Günəşin gözlərinə,

Soruşuram: İnsanın

bu dünyayla dərdi nə?!

 

Özümü maşınların önünə,

Parkda gəzişən insanların qarşısına atıb

Qışqırmaq istəyirəm:

Anidən baş verəcək hər şey,

anidən.

Birinin ağlında xatirəyə çevriləcəksiniz,

birinin evində əşyaya.

Bir də gəlmək şansınız olmayacaq dünyaya

Onunçün də gec olmadan

qollarınızı açın səmaya

qucaqlayın günəşi,

Yaşayın doya-doya!

 

 

***

 

Mərhum qum hissəciklərindən

yaranmış

kirli şüşə qarşısında dayanıb düşünürəm:

gecəni biz uydurmuşuq

darıxmaq,

darıxmaq,

darıxmaq üçün!

 

Mərhum qum hissəciklərindən

yaranmış soyuq divarlar arasında

dayanıb düşünürəm:

Keçmişi biz uydurmuşuq

Darıxmaq,

Darıxmaq,

Darıxmaq üçün!

 

Yəni

Məni dustaq edən keçmiş

işıq da verə bilər...

 

Ondan nə yaratdığına bağlı...

Məsələn,

mən Tanrını uydurdum ki,

Özümü bağışlaya bilməyəndə

O, məni bağışlasın...

 

Səni isə uydurdum ki,

Özümü öldürə bilməyəndə

Sən məni öldürəsən...

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

 

Çərşənbə axşamı, 31 Oktyabr 2023 11:15

“Könüllər oxşayır sözü aşığın”

Azərbaycan Aşıqlar Birliyi (AAB) mütəmadi olaraq ustad aşıqların şeir, deyişmə və dastan yaradıcılığından ibarət kitablar nəşr edir. Bu sıradan olan növbəti kitab Şirvan aşıq mühitinin ustad sənətkarlarından olan Cavid Əmiraslanovun yaradıcılığına həsr olunub. “Könüllər oxşayar sözü aşığın” adlı kitabda ustad aşığın gəraylı, qoşma, təcnis, müxəmməs və digər şeirləri ilə yanaşı, onun ayrı-ayrı aşıq və şairlərlə deyşmələrindən nümunələr də yer alıb.

Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Cavid Səfəralı oğlu Əmiraslanov 1939-cu ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. Şirvan aşıq mühitinin yetirməsi olan aşıq məlahətli səsi və özünəməxsus ifa tərzi ilə seçilməsi ilə yanaşı, həm də çoxlu dastan və rəvayətlər bilməsi ilə məşhurdur, kamil bir sənətkar kimi tanınır, bədii yaradıcılıqla məşğul olur.

Aşıq Cavid eyni zamanda şəhid atasıdır – oğlu Bəxtiyar Əmiraslanov Birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.