HEKAYƏ MÜSABİQƏSİ FİNALÇILARI – Elay İsmayılov, ”Böyük kişi olasan, Vidadi” Featured

Bildiyiniz kimi, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi, Şirvan Xeyriyyə Cəmiyyətinin isə təşkilati dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirir.

 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqəyə iki yüzdən artıq hekayə ünvanlanıb, Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Ötən gündən etibarən, portalımızda 8 finalçının hekayələri dərc edilməkdədir.

Qeyd edək ki, müsabiqənin qalibi və mükafatçılar noyabr ayının ikinci yarısında elan ediləcək.

Bu gün Elay İsmayılov öncə özünü, sonra isə hekayəsini təqdim edəcək.

 

1989-cu il 5 aprel tarixində Bakı şəhərində dünyaya gəlmişəm. Ailəliyəm, bir oğlum var. Marketinq üzrə bakalavr və magistr təhsilliyəm. İllərdir ixtisasıma uyğun işləyirəm. 19 yaşından periodik olaraq böyük və ya qısa fasilələrlə ədəbiyyatla məşğulam. Son il ədəbiyyatla fasiləsiz məşğul olmağa çalışıram. İki roman və bir sıra hekayələrin müəllifiyəm. İyun ayının əvvəli nəticələri açıqlanmış “Zəfərin uşaqları” hekayə müsabiqəsində “Dörd balaca nəhəng və Elxan” adlı hekayəmlə birinci yerə layiq görülmüşəm. Payıza yeni romanımın nəşri planlaşdırılıb.

Anar müəllimin 85 illik yubileyinə həsr olunmuş müsabiqəyə isə “Böyük kişi olasan, Vidadi” adlı hekayəmlə qatılıram. Məhz bu müsabiqə üçün xüsusi yazdığım bu mətnin yaradıcılığımda özünəməxsus yer tutacağından əminəm. Hekayəmi oxuyacaq hər kəsə əvvəlcədən minnətdaram.

 

***

Elay Ismayılov

 

Böyük kişi olasan, Vidadi

 

Kimə yaxud nəyə oxşadığımı soruşsanız - səsimə oxşayıram. Eynən onun kimiyəm. Görünmürəm, hiss olunmuram, amma varam. Nə səsimi görə bilirəm, nə özümü, ancaq hər ikisinin var olduğunu bilirəm. Səsimi də yalnız özüm eşidirəm. Xırıltılı, sakit, bəzən də titrəyən.

Hər şey gecəyarısı ağrıdan oyanmağımdan sonra başladı. Əslində hər şeyin o an bitdiyini desəydim daha düzgün olardı. Kürəyim yanırdı. Sanki içimə kömür doldurub maşa ilə qarışdırırdılar. Yerimdən qalxıb qonaq otağına addımladım. Sevil də dalımca gəldi. Sevil iyirmi ildən çoxdur ki, həyat yoldaşım idi. Səs-küyə ayılan qızım Asiman qapının ağzında dayanıb baş verənləri seyr edirdi. Sevil pis olduğumu anlayan kimi təcili tibbi yardımı yığmağa başladı. Ağrı bir anlıq elə kəskin oldu ki, nəfəsim dayandı. Öldüyümü anlayırdım. Zülmət, qaranlıq tunelin sonunda işıq, həyatdan köçmüş qohumlarımı gözləsəm də, heç biri olmadı. Əvəzində, dünyanın bütün rənglərini görməyə başladım. Adlarını bildiyim və ilk dəfə gördüyüm o qədər rəng var idi ki. Al-əlvan yumru şarlar döşəmənin, tavanın, divarın hər yerində dayanmadan sayrışırdılar. Ağrı kəsən kimi şarlar itdi. Burnuma zəfəran iyi gəldi. Sevil ağlayırdı. Əlimi atıb başına sığal çəkmək istədim. Əlimi hiss etmədi... Ölümün rəngli olduğunu və zəfəran ətri verdiyini anladım.

Gedib qızımın yanında dayandım. Divanda başı çənəsinə düşmüş özümü və Sevili görürdüm. İllər onu dəyişmişdi. Elə məni də. Kənardan özünə baxmaq demək belə olur.

Filmlərdə olduğu kimi qışqır-bağır salıb, əşyaları tərpətməyə cəhd etməyin əvəzinə küncə sıxılıb, oradaca qaldım.

İlk öncə qonşular gəldi. Qızımı apardılar. Asiman ki balaca uşaq deyildi. Bilmirəm niyə razılaşdı. Düzünü desəm, onun getməyinə pis oldum. Bir müddət sonra təcili yardım da yetişib, öldüyümü qeydə aldı. Nəhayət qohumlar gəlməyə başladı. Bir xeyli adam yığışdıqdan sonra məni xalçaya büküb məscidə apardılar. Onlarla gedən iki mən var idi - biri çiyinlərdə, digəri kölgə kimi arxada. Kölgəsi olmayan kölgə kimi idim. Bilmirsən güləsən, yoxsa ağlayasan. Sulu qar yağırdı, amma mənə soyuq deyildi. Ölünü yuyan mürdəşirin elə mənalı gözləri var idi ki. Ömrümdə ilk dəfə belə gözlər görürdüm. Əlləri qabar bağlamış, beli bükülmüş, dərisinin rəngi qaralmış, daha çox ölünü xatırladan bu insanın gözlərində olan məna və həyat işığı məni valeh etmişdi. Nə yaxşı ki, məni başqası yox, o yuyurdu. Qəbiristanlığa getmədim. Gedə bilmədim. Sağlığımda da başqalarının dəfninə baxmaq ağır gəlirdi mənə, o ki qaldı özümünkünə. Qabaqlar daha maraqlı idi. Balaca dayım rəhmətə gedəndə, onu son mənzilə klarnetlə yola salmışdılar. Görünür, illər öncə dirilər daha zövqlü, ölülər isə daha dəyərli və əziz idilər. Mərhumu yuduqdan sonra məsciddən geri gətirər, evin ortasına qoyardılar. İndi isə ölüyə əziyyət verməyək deyib, aparırlar birbaşa basdırmağa.

Ən ağır, məclisdən sonrakı günlər oldu. Sevillə Asimanın tək qaldığı günlər. Sonradan yas abu-havası asta-asta dəyişməyə başladı. Ağlaşma səsləri yavaş-yavaş azaldı. İkinci cümə axşamında molla dedi ki, mərhumun ruhu hələ evdədir və qırx günü, öldüyü vədədə evdən çıxacaq. Bunun üçün həmin vaxt qapı və pəncərələri açıq saxlamaq lazımdır.

Hər kəs yatdıqdan sonra evi qulyabanı kimi gəzirdim. Ruhlar yatmır, daha doğrusu yata bilmir. Çıxıb evin ətrafına da dolana bilərdim. Evin ətrafı nədir ki, ürəyim hara istəsə gedə bilsəm də, məni saxlayan bir şey var idi. Daha doğrusu iki şey - qızım və yoldaşım. Qırxa qədər, onları bacardığım qədər çox görmək istəyirdim. Sonra bilmədiyim harasa çıxıb gedəcəkdim. Yəqin ruhların dünyasına. Mollanın dediyindən sonra bir gecə Sevilin yanında, o biri gecə isə Asimanın yanında səhərə kimi dayanırdım. Qızım böyüsə də, gözümdə elə həmin balaca kukla idi. Dünyaya gələn övladımın qız olduğunu biləndə kefim pozulmuşdu, lakin sonra elə peşman olmuşdum ki. Deməli, düz deyirlər, qız övladı kişinin son məhəbbətidir. Ömür-gün yoldaşım Sevili də çox istəyirdim. O mənə həm dost, həm dayaq olub. İllər onu xeyli dəyişib. Hər onun yanında dayandığım gecə bunu daha da aydın görürdüm. Saçlarına düşən dən, gözlərinin qırışı, əllərinin kobudluğu, bədənindəki dəyişikliklər. Ancaq yenə də mənim üçün ən gözəl və mehriban qadın o idi. Sevil mənim üçün bir dənə idi. Mənə ən çox ehtiyacı olduğu zaman necə qoyub gedəcəkdim axı? Zibilə qalmış ürəyim də vaxt tapdı dayanmağa. Siqaret, görünür, öz işini məndən xəbərsiz bala-bala görübmüş.

Səhərlərin birində Sevil masadan qalxaraq iti addımlarla mətbəxdən çıxdı. Bir az tərəddüd edib arxasınca getdim. Ümumiyyətlə çox tərəddüd edirdim. Bilməli və görməli olmadıqlarımdan qorxurdum. Ölünün ən qorxduğu şey məncə elə budur.

Yataq otağına girəndə, Sevilin böyük dolabı açıb mənə aid paltarları çıxardığını gördüm. Dolabın qapısı yenə açılıb sallanmışdı. Neçə dəfə yazıq deyirdi ki, düzəldim, amma elə yadımdan çıxırdı. Əslində yadımdan çıxmırdı, yorğun olurdum deyə tənbəllik edirdim. Kaş qapını düzəldə bilmək üçün geriyə dönüb bir saat artıq yaşaya biləydim.

- Neynirsən? - Asimanın səsini arxamdan eşitdim.

- Görmürsən?

- Görürəm.

-Atanın paltarlarını məscidə göndərmək istəyirəm, - qəhər dolu səslə cavab verdi.

- Hamısını? - Asiman da doluxsundu.

- Hamısını.

- Bibi qızının toyu üçün aldığı göy kostyumu da verəcəksən?

- Verəcəm, balam.

- Bəlkə yadigar saxlayasan...

- Yadigar sən varsan, - başını qaldırıb qızımıza baxdı. - Durma orada, gəl kömək elə...

Bir neçə saat sonra mənə aid olan xeyli şey yığmışdılar. Bu balaca evdə belə böyük  yer tutduğumu təsəvvür edə bilməzdim.

Qırxıma get-gedə daha az vaxt qalırdı. Hər günüm evi qarış-qarış gəzib hər bir əşyanın yerini əzbərləməklə keçirdi. Gedəcəyim yerdə xatırlaya bilməm üçün bacardığım qədər çox şeyi yadımda saxlamaq istəyirdim... Günlər günləri, həftələr həftələri elə əvəzləyirdi ki... Artıq mənim yoxluğuma yavaş-yavaş öyrəşirdilər. İlk dəfə qızımın gülüşünü eşidəndə çox pis oldum. Bir anlıq özümü tərk edilmiş hiss etdim. Otağından, əlində telefon çıxaraq anasının yanına qaçdı. Uzadılan ekrana Sevil də baxdı... Qızım kimi qəhqəhə çəkib gülməsə belə o da gülümsədi. Məndən fərqli olaraq, onlar üçün həyatın davam etdiyini o an başa düşdüm.

Qırx məclisindən sonra ən yaxınlar qonaq otağında oturub divardakı saata baxırdılar. O saatı aldığımız gün də yadımdadır. Yeddi-səkkiz il öncə evin divar kağızlarını dəyişmişdik. Əlimizdə qalan pulla bəzi əşyaları almalı idik. Elə isti hava var idi ki. Sevil bu saatı görüb donub qaldı. Çox istədi... Mən də aldım. Ümumiyyətlə ona “yox”u qəti deyə bilmirdim. Desəm belə, hərlənib fırlanıb həmin gün də olmasa, daha sonra istədiyini alardım. Adamın üstündə Allah var, heç vaxt ayağımı bir başmağa dirəmirdi. Saatı aldıqdan sonra yorulduğumu, qalan şeyləri isə sabahda birigündə alacağımı dedim. Səhəri Sevilə bildirmədən borc edib əskiklərimizi almışdım. Əqrəblər 01:12-ni göstərirdi. Saniyəni saniyəyə dəyişən qırmızı əqrəb şaqqıltı ilə irəliləyirdi. Adi vaxtı eşidilməyən səs indi çox ucadan gəlirdi. Bir də sanki saniyələr uzanırdı. Bəlkə ruh getməyə hazırlaşanda belə olur?

- Vaxt dəqiq yadındadır? - bacım Sevildən soruşdu.

- Yadımdadır, - yoldaşımın pıçıltısı eşidildi. - 01:17 idi.

- Allah rəhmət eləsin, yaxşı insan idi, - bacımın əri dilləndi. - Məzarı nurla dolsun.

Heç zaman ondan xoşum gəlmirdi. Məni yola salacaq ən axırıncı adam idi. Bu da durub gəlmişdi. Görəsən hansı üzlə?

01:14-da hamı səssiz bir-birinə baxırdı. Sevil sol barmağındakı bəxt üzüyünü fırladırdı. O həmişə hirslənəndə və ya həyəcanlananda belə edirdi. Asiman isə yerdə oturub divana söykənmişdi. Qızımın necə anama oxşadığına bir daha əmin oldum. Rəhmətlik anama... Deməli, ad yalnız hərf yığını deyil. Az qalmışdı, anamla da qovuşacaqdıq.

01:15-da qızımın tələbə olduğunu xatırladım. Görəsən, gələn il təhsil haqqını necə verəcəklər? Hələ uşağın pal-paltarı, dəftər-kitabı da alınmalıdır. Yeni notebook da söz vermişdim ona. Sentyabrda sonuncu kursa gedəcəkdi qızım... Qəbul olduğunu bildiyi gün necə də sevinmişdi... Evdə yaxşı bir qonaqlıq vermişdim. Hər gələn də eyni sözü deyirdi - “toyunda Allah qoysa”. Balamın toyunu görə bilməsəm belə ona arxayınam. Yaxşı qız böyütmüşəm. Onun hər şeyi gözəl olacaq. Sevil də ağıllı qadındır.

01:16... hamı sanki nəyinsə yaxınlaşdığını hiss etdi. Yerlərini düzəltdilər. Gözlərini ovxaladılar. Yuxusu gələn də yuxusunu qaçırtdı. Mən də özümü hazırladım.

Qırmızı əqrəb sonuncu dövrünü vurub on ikinin üstündə dayandı...

01:17... Heç bir şey dəyişmədi. Mən burada, evimdə idim.

- Baxın-baxın! - bacım pəncərəni göstərdi. - Pərdə tərpəndi.

- Mən də yel hiss elədim, - Asiman dilləndi. - Elə bil nə isə yanımdan keçdi.

- Mən də hiss etdim.

- Kəramətinə qurban olum, ay Allah! - tanımadığım bir qadın əllərini qaldırıb dua etməyə başladı.

- Sanki çilçıraq da tərpəndi, - bacımın zəhləm getmiş əri ağıllı-ağıllı tavana baxdı.

- Çıxıb getdi, - bacım ayağa qalxıb hönkürə-hönkürə yoldaşımı qucaqladı. - Allah rəhmət eləsin.

Sevil əlləri ilə üzünü tutub ağlamağa başladı. Mən təəccüblə ilk olaraq pərdəyə, sonra isə tavana baxdım. Nə tərpəndi? Yel haradan əsdi? Kim çıxıb getdi? Bunlar nə danışır? Anlaya bilmirdim.

Yarım saatın içində maşınla olanlar getdilər, ardınca qonşular dağılışdılar, yolu uzaq olanlar isə qaldılar. Gedənlərin hamısı özləri ilə ruhu evdən çıxmış mərhumun yuxaya bükülü halvasından da apardılar. Ruhumu çilçırağa dolayıb yel kimi pəncərədən yola salan insanlar xırda bir məsələni gözdən qaçırmışdılar. Mən hələ də burada idim. Dirilər niyə ölülərin yerinə qərar verirlər axı? Kim onlara bu haqqı verib?

03:34... Divanın, elə mənim son nəfəsimi verdiyim hissəsində oturan Sevil diqqətlə saata baxırdı. Pəncərələr artıq bağlı idi. Ruhu yola salan insanlar bəlkə onun  fikrini dəyişərək birdən geri qayıda biləcəyini niyə düşünməmişdilər? Yerdə oturub düz onun üzünə baxırdım. Yanlarında olduğumu, qızımı və onu necə çox istədiyimi bağırırdım. Ancaq nə fayda? Dəli olacaqdım az qala. Görəsən, ölülər də dəli ola bilir? Sonra Asimanın yanına getdim. Onu da sevdiyimi dəfələrlə bağırdım. Gözlədiyim kimi xeyri olmadı. Evdə olan hər kəsə yaxınlaşdım. Bəlkə kimsə məni eşidə, hiss edəydi. Hamı şirin yuxusunda idi. Bircə Sevillə məndən başqa. Sevilin yanına qayıtdım. O, yerində yox idi. Hamam otağının aralı qapısında işıq görünür, suyun səsi gəlirdi. İşığa doğru getdim. Sevil əl-üzünə su vuraraq güzgüdə özünə baxırdı. Birdən əl saxlayıb danışmağa başladı.

- Möhkəm olmalısan! Eşidirsən? Qızın üçün möhkəm olmalısan. Bir az yığılmış pulun var, qızılın da var. Qurban olsun hamısı Asimana.

- Mən sənin yanındayam, - arxasına keçib onu qucaqladım.

- Ağlamaq, zırıldamaq vaxtı deyil. Allahın hökmü necədirsə, elə də olmalıdır. Ərimi aparmalı idi, apardı.

- Məni aparmayıblar Sevil... Evdəyəm, evimizdəyəm.

Suyu bağlayıb, divara bərkidilmiş plastik qabdan yaşıl diş fırçasını götürdü. Geridə qırmızı və sarı olanlar qaldı.

- Vidadi burada olsaydı, yas saxladığım üçün abrımı bükərdi. Zəhləsi gedirdi ağlaşma quranda.

Adımın Vidadi olduğu yadıma düşdü... Qabda qalan sarı fırçanın Asimanın, qırmızının isə Sevilin olduğunu xatırladım. Yaşıl olansa, mənim idi.

Fırçanı mətbəxdəki zibil qutusuna atan Sevil, qonaq otağına keçdi. Masada olan şəkili öpüb bağrına basdı.

- Vaxtsız getdin, Vidadi...

Şəkil əlində divana oturub bir az sonra yuxuya getdi. Bir də ayıldım ki, evdə olanlardan yalnız arvadımı və qızımı tanıyıram. Bacım da burada idi, amma, onu artıq xatırlaya bilmədim. Evi dolandım, hər kəsin üzünə diqqətlə baxdım. Heç birini tanımırdım. Həyatda olduğum vaxt yaşadığım, gördüyüm, hiss etdiyimin hamısını xatırlasam da üzlər yadımda deyildi. Belə çıxır ki, ruhlar özləri heç yana getmirlər, gedən onların yaddaşının bir parçasıdır... Belə çıxır ki, üzünü unutduğum molla yanılırdı... Yazıq, öləndə çox təəccüblənəcək. Dərs olar ona, adam bilmədiyini danışmaz. Molla isə heç danışmaz.

Mən hər şeyi unuda bilərəm, bircə Sevillə Asimanımı unutmayım... Sarı Asimanın, qırmızı Sevilin, yaşıl mənim - Vidadinindir. Vaxtsız gedən Vidadinin.

Son cümlə xoşuma gəldi - “Vaxtsız gedən Vidadi”. Gülməlisi isə, heç yana getməyib hələ də evimdə olmağım idi. Yadıma zibil vedrəsində olan yaşıl fırçam düşdü. Getmək lazımdı Vidadi. Səni onsuz yola salıblar. Dirilərin yanında ölülərə yer olmaz. Sonuncu dəfə Sevillə Asimana baxıb evdən çıxdım. Parkda yeriyirdim ki, skamyada oturan bir uşaq gördüm. Uşaq başını çevirib mənə baxdı və gülümsədi.

- Məni görürsən?

- Görürəm əmi...

Tez onun yanına qaçdım.

- Təksən burada?

- Biz çoxuq, uşaq əli ilə ətrafını göstərdi.

Çevriləndə, dairəyə alındığımı gördüm. Hamısı mənə baxıb gülümsəyirdi.

- Mənim bu gün qırxım olub, - ağlıma gələn ilk cümləni dedim.

- Hamını unutmusan? - arxamdan kimsə soruşdu.

- Hər kəs yadımdadır! - hirslə çevrilib cavab verdim.

Gülən üzlər mənə maraqla baxırdılar.

- Adlarını deyə bilərsən? - uşaq soruşdu.

Adların yadımda olmadığını anladım.

- Aramıza xoş gəldin, - uşaq ayağa qalxaraq məni qucaqladı.

Uşağı hiss etdim. Onu bərk-bərk bağrıma basdım. Ağlamağa başladım.

- Bəs öz adın yadındadır, əmi? - başını qaldırıb soruşdu.

- Yox.

- Vidadi!

- Necə?

- Vidadi, - bir daha təkrar elədi. - Qoy adın Vidadi olsun.

- Olsun.

- Ad günün mübarək, Vidadi.

Ətrafımda olan hər kəs adımı bağırmağa başladı. Vi-da-di! Vi-da-di! Vi-da-di!

 

Gözümü açanda başımın üstündə dayanan Sevillə Asimanı gördüm.

- Mən sağam?

- Əlbəttə, sağsan, - Sevil qəhqəhə çəkərək güldü. - Ölürsən də bu divanda yatmaqdan ötrü.

- Dur, ay ata, - Asiman ucadan səsləndi.

Necə də anama oxşayırdı.

- Tez dur, hazırlaş... Bacın qızının toyudur. Köynəyini ütüləmişəm. Təzə göy kostyumun da hazırdır.

Başımı qaldırıb saata baxdım. Qırmızı əqrəb ömürdən şaqqıldada-şaqqıldada irəliyə gedirdi. Qara əqrəblər isə 15:43-ü göstərirdi.

- Alətlərimi gətirin, - yerimdən qalxaraq oturdum.

- Nə alətlər, ay kişi? - Sevil təəccüblə baxdı.

- Vidadi kişi siqaret çəkməyəndə bir təhər olur, - Asiman masadakı qutunu götürüb mənə gətirdi.

- İstəmirəm, anam, - ayağa qalxaraq qızımı öpdüm. - Çəkməcəyəm daha bu zəhrimarı.

- Ay kişi, nə olub sənə?

- Çox yaşamaq istəyirəm, Sevil xanım. Olmaz?

Ana-bala bir-biri ilə baxışdılar.

- Mən gedirəm ayaqyoluna. Alətlərimi tapıb gətirin ki, yataq otağındakı paltar dolabının qapısını düzəldim.

- Məgər indi onun yeridi? - Sevil hirsləndi. - Biz toya hazırlaşırıq, sənin ustalığın tutub. Gedə-get batıracaqsan aləmi.

- Qapı düzəlməmiş toya getdi yoxdur...

- Yuxuda nə görmüsən, atacan? - qızım boynuma sarıldı.

- Gözəllər-gözəli bir qız, - bərk-bərk hər iki yanağından öpüb, saçlarının ətrini içimə çəkdim. - Adı da Asiman idi.

Qapını tez bağlayıb, unitazın suyunu çəkər-çəkməz hönkürtü ilə ağlamağa başladım. Yaşıl diş fırçamı əlimdə sıxaraq Allahdan ömür istədim. Ayaqyolunun dua üçün uyğun yer olmadığını bilirdim. Ancaq özümü Allaha bu qədər yaxın bir daha heç zaman hiss etməyəcəyimi də bilirdim. Suyu daha bir-neçə dəfə çəkməli oldum.

- Ad günün mübarək, - güzgüdən baxan əksimə pıçıldadım. - Böyük kişi olasan, Vidadi!

 

 “Ədəbiyyat və incəsənət”

(31.10.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.