Super User

Super User

 

Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

 

A.Hüseynov Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Xalq rəssamı Arif Hüseynovun bu gün 80 yaşı tamam olur.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

 

Noyabrın 1-dən 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək. Bu möhtəşəm festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək.

 

“Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan daxil olan məlumata görə festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edəcək.

Festivalda, həmçinin Türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri bir araya gələcək, qardaş ölkələrdə bu sahənin inkişaf məsələləri müzakirə olunacaq.

Beynəlxalq tədbir çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, festival münasibətilə TÜRKSOY-un sədri Sultan Rayev sabah Bakıya gələcək. 

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Bazar ertəsi, 30 Oktyabr 2023 11:45

Apellyasiya Komissiyasının iclasları yekunlaşıb

19-26 oktyabr 2023-cü il tarixlərində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyasının iclasları keçirilmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, iclaslarda Apellyasiya Komissiyasının üzvləri - nazirin müşavirləri Cahangir Səlimxanov və Oleq Əmirbəyov, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov və Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimovanın iştirakı ilə 47 nəfər namizədin nəticələrinə yenidən baxılmışdır. 47 namizəddən 9 nəfərin müsahibə nəticəsi dəyişdirilmiş, 38 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılmışdır.

 

Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunmuşdur.

 

Rəcəbova Mesed Ramiz qızı, Əliyeva Leyla İlqar qızı, Abbasova Gülnarə Çingiz qızı, Nəbiyeva Tərgül Rauf qızı, Aslanova Anaxanım Nəsir qızı, Mustafazadə Gülay Telman qızı, Dəmirzadə Xanım Dəmir qızı, Aslanova Nərmin Şahin qızı, Şükürova Aytən Asif qızı iclaslarda iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Komissiya üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunmuşdur. Sonda Komissiya üzvlərinin səsverməsinə əsasən müvafiq Qərarlar qəbul edilmişdir.

 

Qərarlara əsasən Şahbazlı Tamira Arzu qızı (30 bal), Əlləzova Sevinc Nadir qızı (25 bal), Abduləzimova Nazdı Azad qızı (21 bal), Eyvazova Ülkər Coşqun qızı (21 bal), Səfərova Vüsalə Əyyub qızı (21 bal), Qurbanova Aynur Yunis qızı (21 bal), İsgəndərov Fərid Rizvan oğlu (21 bal), Eynullayeva Turan Nadir qızı (21 bal) və Möyləyeva Gülüsüm Vüsal qızının (21 bal) əvvəl keçirilmiş müsahibə nəticələrinə dair müraciətləri təmin edilmişdir.

 

Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Bazar ertəsi, 30 Oktyabr 2023 08:30

Musiqi Forumunun ilk günü başa çatıb

MƏDƏNİYYƏT NAZİRİ FORUMDA ÇIXIŞ EDİB

 

Azərbaycanda ilk dəfə Musiqi Forumu keçirilir. Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, oktyabrın 29-da “Gülüstan” Sarayında forumun açılış mərasimi keçirilib.

Əvvəlcə Forumun iştirakçıları Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı olmuş Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Sonra Fəxri xiyabanda dahi Üzeyir Hacıbəyli başda olmaqla, görkəmli musiqi xadimlərinin də məzarları ziyarət olunub.

Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

 

ADİL KƏRİMLİNİN ÇIXIŞI

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli (qapaq şəkli) qeyd edib ki, il ərzində Ulu Öndərin 100 illiyinə həsr olunmuş teatr, kino və Azərbaycan dili və ədəbiyyat forumları keçirilib. Bu gün isə ölkəmizdə ilk dəfə olaraq Musiqi Forumu təşkil edilir. “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik qərarları nəticəsində ölkəmizin mədəni həyatında köklü dəyişikliklər baş verib. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi hər iki dövrdə bütün sahələrlə yanaşı, musiqi sənətinə də xüsusi qayğı və diqqət göstərib. Onun peşəkar musiqinin inkişafı ilə bağlı imzaladığı sənədlər, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı bu gün də öz bəhrəsini verir. Ona görə də Ulu Öndərin 100 illiyi çərçivəsində Musiqi Forumunun təşkil edilməsinin çox böyük önəmi var”, - deyə nazir vurğulayıb.

Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan mədəniyyətinin yeni mərhələyə qədəm qoyduğunu deyən A.Kərimli qeyd edib: “Ölkəmiz mədəniyyəti, xüsusilə musiqisi ilə xaricdə tanınıb. Milli dəyərlərimizin dünya miqyasında təbliği və tanıdılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər xüsusilə diqqətəlayiqdir. 2003-cü ildə Azərbaycan musiqisinin ən dəyərli incilərindən olan muğam UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib və özünün bədii təkrarolunmazlığını, dünya mədəniyyəti üçün dəyərini təsdiqləyib.

Diqqətə çatdırılıb ki, üç gün ərzində davam edəcək tədbir çərçivəsində ölkənin tanınmış musiqi xadimləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş qonaqların da bu sahənin çağdaş vəziyyəti ilə bağlı fikirləri dinləniləcək, fikir mübadiləsi aparılacaq. Forum günlərində, həmçinin Azərbaycan milli musiqi ənənələrinin yaşadılması, dünyaya tanıdılması ilə bağlı məsələlər diqqət mərkəzində olacaq. Forumda səsləndirilən təkliflər ümumiləşdiriləcək, təhlil ediləcək və “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli çıxışında mədəniyyətin təbliğində musiqinin önəmini qeyd edib. 

 

 

Söyləyib ki, musiqiçilərimiz bu gün bütün dünyada ölkəmizi uğurla təmsil edirlər.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə çıxışında irihəcmli və akademik əsərlərə böyük ehtiyac duyulduğunu deyib. O, həmin qəbildən tədbirlərin musiqi sahəsinin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

 

 

Çıxışlardan sonra Azərbaycan musiqisinin keçdiyi yolu özündə ehtiva edən videoçarx nümayiş olunub.

Açılış mərasimindən sonra forum işini panel müzakirələrlə davam etdirib.

Cadenza kamera orkestrinin bədii rəhbəri, bəstəkar Türker Qasımzadənin moderatorluğu ilə keçirilən “Azərbaycanda musiqi təhsili - bəstəkarlıq və ifaçılıq məktəbləri” adlı panel sessiyasında “Ölkədəki musiqi təhsili sisteminin nailiyyətləri və çətinlikləri”, “Ali musiqi təhsili: yeni peşə yönümləri və ixtisaslaşmalar tələbi qarşısında”, “Bəstəkar musiqisinin ifaçılıq problemləri: aktual problemlər və onların həlli yolları”, “Musiqi repertuarının zənginləşdirilməsi və bəstəkarlara dövlət sifarişləri sisteminin yenilənməsi”, “Azərbaycanda bəstəkar musiqisinin nəşri, səs yazısı və yayımlanma problemləri” mövzuları müzakirə olunub.

Çıxışçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri Turxan Süleyman, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov , Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru, professor Adilə Yusifova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, bəstəkar Tahir İbişov olan paneldə sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlərim həlli yolları araşdırılıb və Forum iştirakçılarının sualları cavablandırılıb.

 

Paneldə bəstəkarların əsərlərinin alınması, onlara musiqi sifarişlərinin verilməsi, gənc bəstəkarların əsərlərinin çapı, musiqi dərsliklərinin hazırkı vəziyyəti, musiqi məktəblərində mövcud problemlər, televiziya kanallarında musiqimizin düzgün təbliği məsələləri əsas müzakirə mövzusu olub.

Günün ikinci yarısında Forum işini “Ənənəvi musiqi janrları” adlı panel sessiyası ilə davam etdirib.

“Media FM” radiosunun direktoru, musiqişünas Rüstəm Əliyevin moderatorluğu ilə keçirilən paneldə çıxışçılar Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, bəstəkar, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, professor, musiqişünas Nailə Rəhimbəyli, Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas, Əməkdar İncəsənət xadimi Sənubər Bağırova, Azərbaycan Milli Konservatoriyasının dosenti, ozan Fəxrəddin Baxşəliyev, Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova, bəstəkar Pikə Axundova olublar.

Panel sessiyada “Muğam sənəti: dəstgah ənənəsi və sərbəst kompozisiya”, “Aşıq musiqisinin ənənələrinin canlandırılması yollar”, “Ənənəvi musiqi nümunələrinin toplanılması və sistemləşdirilməsi problemləri”, “Ənənəvi musiqi ifaçılığında problemlər və onların dəyərləndirilməsi” və “Azərbaycan milli musiqi ənənələrinin müasir janrlarında mövcudluğu və problemlər” mövzuları ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Foruma sabah -  oktyabrın 31-də yekun vurulacaq.

 

 

(Yazı AzərTAC-ın materialları əsasında hazırlanmışdır)

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Hər bir söz öz informativ mənasında işlənməlidirmi? Bu sözlər əks mənanı bildirmək gücünə malikdirmi? Maraqlı suallara daxil edilən bir sual...

 

Bəzən beyində öz informativ mənasını sübüt edən sözlər qəlbin gözündə ayrı cür təsvir olunur.

Gəlin bu sözlərdən bir neçəsi ilə tanış olaq.

"Uzaq" sözü. Gözlərinizi yumun, Sizə uzaq olan, amma hər zaman qəlbinizdə olan birini düşünün. Fərqi yoxdur, o dostdur, sağdır, ölüdür, ya qeyri- birisidir. Əsas odur ki, onun varlığı Sizin varlığınızda nişanədir...

Hə, indi O Sizə uzaq oldu, ya yaxın? Düşünürəm ki, uzaq adı altında "pərdəyə bürünən yaxın" oldu.

  

Keçək "həqiqət" sözünə. Neçə yalan həqiqət pərdəsi ilə həqiqəti sarsıtmaq istədi, lakin əvvəllər bacarsa da, sonra məyusluğa qucaq açdı. Qəlb gözü ilə görənlər "Saxta həqiqəti" bir baxış ilə  sezdilər. "Daşqəlbli" çağırdılar. Amma, anlamadılar ki, bu "daşqəlbli" əvvəllər, bəlkə də, ən həssasqəlbli insan idi. Onun qəlbinin yumşaqlığından istifadə edib hər küncünü bərkitmək üçün daş divarlar hördülər. İndi kimdir daşqəlbli? Qəlbi daşla hörülənmi, ya daşları düzənlər?

“Gülən sima" Sizi cəlb etdimi? Bu sima dünyanın ən xoşbəxt siması rolunu mükəmməl oynayırdı,  lakin bu simadakı gözlər qəlbdəki ağrını istəməsə də, bildirməkdə idi.

Bəs dil necə? Hər zaman həqiqətimi dedi? Bəzən o , məcbur olduğu üçün danışdı, bəzən isə məcbur qalıb susdu... Nə qəribədir, bəzi anlarda fikrimizi gizlətmək üçün danışırıq.

Eh, suallar, təzadlar elə çoxdur ki, düşündükcə düşüncə dəryasında yoxa çıxırsan. Ən əsas odur ki, Səbri unutmayaq, səbirli davranaq və addımlarımızın istiqamətini "100 ölç 1 biç"  prinsipi ilə ataq.

Çox güman ki, bu zaman sözlərin informativ mənası məcazi mənada işlənməz. Kaş ki, bütün məcazlar bədii üslubu "gəlin kimi" bəzəmək üçün işlədilsin!

      

 “Ədəbiyyat və incəsənət”

(30.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Səhər Xiyavinin şeirlərini təqdim edir. 

 

Səhər Xiyavi

Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə xiyav və ya meşgin şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.

Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar,"Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.

Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının azərbaycan ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.

 

 

DARIXMA, XANIM

 

Qadın oturmuşdu ayna önündə,

Özündən getmişdi, özündə dalğın.

Keçmiş xatirələr keçir önündən

Mat qalıb özünə, üzündə dalğın.

 

Əl çəkib üzünün cizgilərinə,

Ah çəkib içindən şivən qopardı.

Xəyalı bir ləhzə, bir an içində,

Gəlinlik, gənclik çağa apardı.

 

Kremlə gizlətdi cizgilərini,

Dodağa nar rəngi matiki yaxdı.

Gözünün altına çəkib midadı,

Birazca sevincək üzünə baxdı.

 

Nə vaxtdan süzürdü qadını, əri,

Xanımın düşünüb gəldi arxaya.

Dedi: "Boş ver, xanım, bu şey-şüyləri,

Bunlarsız bənzirsən canımçün, aya.

 

Yaşayış yolunun çal-çuxurunda,

Ağaran saçının olum qurbanı.

Üzündə cizginin qadasın alım,

Səni bəyənmişəm hər halda yəni.

 

Üzülmə, darıxma, ömür ilində,

Hər anın, hər fəslin gözəlliyi var.

Xınalı payız da gözəldir gülüm,

Payızın başqa bir özəlliyi var.

 

Darıxma, darıxma, ana köksünü,

Hazırla körpəcik nəvəli çağa.

Gülümsə, gülümsə bütün ömrünü,

Bircə gülüşünə verim sadağa.

 

Anamsan, bacımsan, həm də yoldaşım,

Bütüncə həyatım üzünə qurban.

Gözündən başlandı ömür təqvimim,

Ağlama, yaşarma, gözünə qurban."

Sarıldı boynuna, aldı qadını,

Kişi qollarının çərçivəsinə.

Qadının qəlbinə dinclik gəldi,

Başını dayadı sol sinəsinə...

 

Tapbatap vururdu ikicə ürək,

Dodaqlar qovuşmaq üçün yanırdı.

Nağılın sonunda çəkildi pərdə,

Ulduz yaşmaq çəkib ay utanırdı.

 

 “Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Rəhman Orxan yazır

 

“Ədəbiyyat və incəsənət” portalı qocaman jurnalist Rəhman Orxanın mırhum şair Vaqif İbrahimin anım gününə həsr edilmiş yazısını təqdim edir

 

Poeziyası ilə dünya arenasına çıxırdı, yolu... yolda kəsildi…

M.Qorki adına Beynəlxalq mükafat laureatı, respublikanın gənc qələm sahiblərinin qayğıkeş himayədarı, bütün varlığı ilə şair olan Vaqif İbrahimin faciəli ölümündən 35 il ötdü.

 

Çox qısa - cəmi 38 il ömür yaşasa da, Vaqif İbrahim öz istedadı, bənzərsiz poetik yaradıcılığı ilə yalnız Azərbaycanda deyil, hətta keçmiş Sovetlər İttifaqında, Polşa, Çexoslovakiya və Bolqarıstanda da tanınırdı. Xalqımızın korifey şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim, Xəlil Rza, görkəmli rus şairləri Mixail Lukonin, Oleq Dmitriyev, Vadim Kuznetsov və başqaları onun poeziyasını həmişə yüksək qiymətləndirirdilər. Rusiyanın tanınmış şairləri, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun adlı-sanlı, nüfuzlu ədəbiyyatşünasları, şair və yazıçılar Vaqif İbrahimin iştirakçısı olduğu VI Ümumittifaq Poeziya Festivalında və digər ədəbi tədbirlərdə həmişə onu arayıb-axtarar, çox təvazökar və bir qədər də utancaq olan bu gənc Azərbaycan şairi ilə hökmən görüşüb, poeziya barədə söhbətlər etməyi, onu dinləməyi xoşlayar, şeirlərini həvəslə rus dilinə tərcümə edərdilər. 

Təsadüfi deyil ki, artıq 32 yaşında onun "Vaxt" ("Времена") adlı ilk kitabı Moskvanın məşhur "Molodaya qvardiya" nəşriyyatında 25 min tirajla çap olunmuş və oxucular tərəfindən çox qısa bir zamanda alınmış, satılıb qurtarmışdı.

Həmin kitaba ön söz yazan tanınmış şair və tərcüməçi Oleq Dmitriyev xüsusi olaraq qeyd edir ki, "Poeziya festivallarının, gənc yazıçıların ədəbi müşavirələrinin səsli-küylü, qaynayıb-coşan iştirakçıları arasında Vaqif İbrahimin nurlu, gülərüz simasını görmək həmişə xoş olur. Vaqifin şeirlərində onun ürəyi oxuculara bütün genişliyi ilə açılır. Poeziyada o, oxucunu öz ədəbi dünyasına çağırmır, onun qarşısında qəlbini evinin qapısını döyən bir yolçuya açdığı kimi qonaqpərvərliklə açır".

Vaqif İbrahimin ilk kitabı İttifaq miqyasında elə böyük maraqla qarşılanır ki, çox keçmədən Moskvada onun daha bir şeirlər kitabı - 70-ə qədər yeni şeirinin daxil edildiyi "Qapını döyəcəyəm" ("Постучусь в твою дверь") adlı kitabı oxuculara təqdim edilir.

Ötən əsrin 80-ci illərində öz orijinal poeziyası, süjetli şeirləri, lirik poemaları ilə sevilən Vaqif İbrahimin poeziya nümunələri çex, polyak, bolqar və s. dillərə də tərcümə edilərək, müəllifin şöhrətini daha da artırır. Azərbaycanın gənc və perspektivli şairi kimi poeziya aləmində böyük nüfuz qazanmasının nəticəsi idi ki, həmin dövrdə Vaqif İbrahim SSRİ-nin və Bolqarıstanın birgə ədəbi almanaxı olan "Drujba" jurnalının respublikamız üzrə məsul nümayəndəsi və Sovet İttifaqından olan 5 nəfərdən biri kimi redaksiya heyətinin üzvü seçilmişdi. O, Azərbaycan şair və yazıçılarının yeni yaradıcılıq nümunələrinin həmin nüfuzlu jurnalda dərc edilməsi, ölkəmizin ədəbi uğurlarının sovet və bolqar oxucularının diqqətinə çatdırılması üçün çox böyük səylə, yorulmadan, əzmkarlıqla çalışırdı.

...Vaqif İbrahim 30 sentyabr 1945-ci ildə Şəki şəhərində dünyaya gəlmişdi. Sonralar ailəsi Sumqayıta köçmüş və o, bu şəhərdə təhsil almış, Kimya-texnologiya texnikumunu, sonralar isə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu uğurla bitirmişdi (texnikum yoldaşları şair Nurəddin Mənsur və respublikanın Əməkdar məşqçisi Əhməd Rəcəbli xatırlayırlar ki, bir vaxtlar yaxın dost olduqları Vaqif İbrahim fakültənin ən yaxşı riyaziyyatçısı və "fiziki" idi).

Hələ uşaqlıqdan Azərbaycan poeziyasının, dahi şairimiz Nizami Gəncəvi, Səməd Vurğun, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə yaradıcılığının vurğunu olan Vaqif İbrahim ilk şeirlərini hələ 14-15 yaşından yazmağa başlamışdı. İlk vaxtlar şəhər qəzetində, sonralar "Azərbaycan gəncləri", "Ulduz" və "Azərbaycan" jurnallarında şeirləri dərc olunmağa başlayan gənc şair tezliklə həm oxucuların, həm də görkəmli Azərbaycan şairləri Rəsul Rzanın, Bəxtiyar Vahabzadə və Əli Kərimin diqqətini cəlb etmişdi.

İlk vaxtlar Sumqayıt şəhər Radio Verilişləri redaksiyasında məsul katib kimi əmək fəaliyyətinə başlayan Vaqif İbrahim şəhər radiosu vasitəsilə Azərbaycan ədəbiyyatının klassiklərinin və Sumqayıtın gənc ədəbi qüvvələrinin təbliğinə geniş yer verirdi.

Poeziyada daim yeni söz, yeni fikir deməyə çalışan Vaqif İbrahim həyatda da yenilikçi, novator olmağa çalışırdı. O, özünün ustadı və böyük dostu hesab etdiyi görkəmli şair Əli Kərimin 1969-cu ildə, vaxtsız - 38 yaşında ölümündən təsirlənərək, onun adını yaşatmaq və yaradıcılığını təbliğ etmək, şəhərin istedadlı gənc ədəbi qüvvələrini bir araya gətirmək, onların istedadlarının qayğısına qalmaq məqsədilə Sumqayıtda respublikada ilk dəfə olaraq Poeziya Klubunu yaratmışdı. Ancaq təəssüf ki, xoş məramla yaradılmış həmin Kluba və onun özünə qarşı qısqanclıqla yanaşan bəzi bədxahlar hər vəchlə onun işinə mane olmağa çalışırdılar (Əli Kərim adına həmin Poeziya Klubunun ilk üzvlərindən biri kimi yadımdadır ki, hətta Sumqayıtda yaşayan şairlərdən ibarət kiçik bir dəstə bir gün Kluba... üstlərində gizlətdikləri, lakin bizə haqqında qabaqcadan məlumat çatdırılan soyuq və odlu silahla gələrək, Vaqif İbrahimə təzyiq göstərməyə, Poeziya klubunun fəaliyyətinin dayandırılmasına çalışmışdılar, ancaq Vaqif müəllimin təmkinli, müdrik davranışı onları "tərksilah" etmişdi).

Lakin fəaliyyətinə bədxahların maneçilik törətmək cəhdlərinə, hədə-qorxu və təzyiqlərinə baxmayaraq, respublikanın tanınmış şair və yazıçıları ilə Sumqayıtda keçirilən çoxsaylı tədbirlərlə (Sumqayıt Poeziya Klubunun sorağı o vaxtlar nəinki Moskva və Leninqrada, hətta uzaq Hovosibirskə də çatmışdı. Oranın yazıçı və şairləri ilə sıx ədəbi əlaqələr qurulmuşdu, Sumqayıtın gənc ədəbi qüvvələri Novosibirskdə, sibirlilər isə bizim gənclik şəhərində dəfələrlə olmuşdular), çoxşaxəli fəaliyyəti ilə şəhər rəhbərliyinin, onun mədəniyyət şöbəsinin nüfuzunu qazanan, onların dəstəyinə arxalanan Vaqif İbrahim sonralar "Ulduz" və "Göyərçin" jurnallarında məsul vəifələrə irəli çəkildi. Özünün təşəbbüsü və təşkilatçılıq istedadı ilə yaratdığı Gənc yazıçıların Respublika Ədəbi Birliyində sədr kimi geniş fəaliyyəti ilə, gənc ədəbi qüvvələrin yaradıcılığının radio və televiziyada geniş təbliği, onların əsərlərinin qəzet və jurnallarda mütəmadi çapına nail olması ilə, Ədəbi Birlikdə görkəmi şair və yazıçıların "ustad dərslərini" təşkil etməklə, respublikanın müxtəlif rayonlarında gənc şair və yazıçılarla oxucuların görüşlərini keçirməklə və özünün nümunə olan poeziyası ilə Vaqif İbrahim daha da böyük hörmət və nüfuz sahibi olmuşdu. Lakin heyf ki, daim yaratmaq eşqilə çırpınan o coşqun, çılğın qəlbin istedadlı sahibinin ömrü gözlənilmədən, kor, bədbəxt bir təsadüf nəticəsində Bakı-Sumqayıt yolunda... yarı yolda qırıldı.

Ancaq böyük Azərbaycan şairi Səməd Vurğun demişkən:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada

El qədrini canından daha artıq bilənlər!

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər!

Təsadüfi deyil ki, unudulmaz şairi tanıyanlar və oxucular onun xatirəsini daim əziz tuturlar. Respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday ustadı hesab etdiyi Vaqif İbrahimin xatirəsinə özünün hələ çox gənc vaxtında – 23 yaşında böyük sevgi ilə həsr etdiyi “Dünya saxlamalıydı onu” şeirində yazır:

Dünya saxlamalıydı onu

ata əvəzi,

saxlaya bilmədi -

yamanca qarışıb

başı dünyanın.

Dünya ağlamalıydı onu

ana əvəzi,

ağlaya bilmədi -

heyrətdən qurumuşdu

gözlərinin

yaşı dünyanın...

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Dünən qardaş Türkiyədə Cumhuriyyətin 100 illiyi qeyd edildi. Bu şərəfli tarix münasibətilə  Türk Ədəbiyyatı Vakfı “Milli Mücadilə Roman yarışması” təşkil etmişdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı Vakfın sədri Serhad Kabaklıya istinadən xəbər verir ki, şənbə günü yarışmanın ödül törəni Altunizade Kültür Merkezi-ndə gerçəkləşdirildi. Dərəcəyə giren dəyərli yazarlara ödülleri təqdim edildi. 

Ayrıca Vaqfin 100 ilin oktyabr ayına düşən ədəbi orqanınln 600-cü sayı 824 səhifəlik abidə bir əsər olaraq yayımlandı və bu əsərin də təqdimatı keçirildi. 

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Bazar ertəsi, 30 Oktyabr 2023 10:15

Uğur barədə 10 aforizm

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

 

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.

 

Bu gün daha 10 aforizm:

 

 

 

Uğurun nələrin bahasına başa gəldiyini düşünəndə ona qarşı bir həqarət duyuram.

 

Q.Flober

 

 

 

İnsanlar uğursuzluqla qarşılaşmaq qorxusundan təslim olmağı üstün tuturlar.

 

H.Ford

 

 

 

Kim öz uğuruna inanırsa, gec-tez onu əldə edəcək.

 

K.Gebbel

 

 

 

İynəni tikməyi bacaran adama verirlər.

 

A.Hoffman

 

 

 

Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!

 

   C.Rumi

 

 

 

Heç vaxt ümidsizliyə qapılmayan adam üçün dünyada qeyri-mümkün iş yoxdur.

 

Xaqani

 

 

 

Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır.

 

A.Kamyu

 

 

 

Qələbənin ilkin şərti cəsarətdir.

 

A.Kembell

 

 

 

Yalnız həyatın sirlərini bilən insanlar uğur  qazana bilər.

 

C.Kollenz

 

 

 

Kamalındır dövlətin, kamalına arxalan.

 

N.Gəncəvi

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

 (30.10.2023)

 

 

 

 

Sirli-sehirli poeziya dünyasına kim baş vurmaq istəməyib. Bu dünya həm ruh oxşayır, həm duyğulandırır, həm təsirləndirir. “Ədəbiyyat və incəsənət” portalı POETİK QİRAƏT rubrikasında iki gün dalbadal Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Həmzəyevanın şeirlərini təqdim edir. Bəri başdan deyək ki, təqdim etdiyimiz şeirlər sevgi şeirləridir.

 

 

İstəmirəm yerlə səma mənim olsun

 

İstəmirəm yerlə səma mənim olsun
İstəyirəm yerin, göyün arasında
Sakit, rahat, dinc bir guşə
Və… sevgilim mənim olsun!..


Istəmirəm mavi dəniz mənim olsun
İstəyirəm dodaqlarım sudan ötrü
Yanıb külə dönməməkçün
Bir gilə su mənim olsun!


İstəmirəm sevinc içrə üzüm hər an
İstəyirəm kədərimin yarısıcan
Xoş anlarım, gülər günüm
Təbəssümüm mənim olsun!


Istəmirəm bir əbədi ömrüm olsun
İstəyirəm, nə qədər ki yaşayıram
Öz sevgimi dəfn etməyim.
Mənim sevgim mənim olsun!…

 


“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.