Super User

Super User

Kitabın, mütaliənin əhəmiyyətini çoxlarımız dərk etmək istəmirik. Hər dəfə bunu isbatlamağa nəsə bir fakt gətirirəm. Bu dəfə Braziliyaya güzar edəcəyik. 

 

Demək, Braziliyada məhbusların çəkdikləri cəza müddətini azaltmağın orijinal bir yolu var. Hər bir oxunan kitab cəza müddətinin dörd gün azaldılması deməkdir. Ona görə də məhbusların yanına gələn yaxınları onlara kitablar gətirirlər, kitablar - həm ən yaxşı hədiyyədir, həm də azadlığa ən qısa yoldur. 

Sağ əlləri bizimkilərin başına! 

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Cümə, 27 Oktyabr 2023 09:00

Brilyant Atəşin ay işığı

Güllü Eldar Tomarlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Brilyant Atəşi çoxdan tanıyıram. Bizi söz və mənəvi dəyərlər birləşdirib. Azərbaycan  qadıınının xanım-xatınlıq, abır-həya siması bilirəm onu. Həmişə Aşıq Pəri, Mirvarid Dilbazi sevgisiylə məni özünə doğmalaşdırıb. Mirvarid Dilbazi poeziya bulağından su içdiyini dilə gətirir. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyini yaradanda mənə uğur diləyənlərdən biri də Brilyant xanımdır. Bizim dostluğumuzun bağları günü-gündən möhkəmlənir.

Brilyant xanımda örnək götürüləsi o qədər mənəvi dəyərlər var ki, onları həvəslə ətrafına ötürür. Bu, onun qəlbinin genişliyindən, xeyirxahlığından, diqqətindən xəbər verir. Şeirləri də özü kimidir – səmimi, duyğusal və işıqlı.

İnsan dünyaya gələn, gözünü açan kimi işıq axtarır, ilk gördüyü işıq olur. İnsan işıq təşnəsidi. İşıq taleyinə yazılanları yerinə yetirmək üçün Tanrının insana bəxşişidir, xeyirxah əməllərə münbit şərait yaradır. 

Brilyant Atəş bir ilahi yol seçib - işığa doğru yol. İşığa bələnmiş düşüncələrini “Bir işığın arxasınca...” kitabına toplayıb sözsevərlərə təqdim edib. Bu ağ rəngə bürünmüş şeirlər toplusu onun ömrünün və sözünün Ağ yoludur. Bu yolun hər addımı insan ovqatına köklənmiş söz havalarıdır. Bu havalarda sevinc də var, kədər də, sevgi də var, nifrət də, görüş də var, həsrət də. Əsas məsələ odur ki, bu əhval-ruhiyyələrdə işıq həmişə duyğularla yanaşı durur.

Şair xanımın sözünün işığnın arxasınca getməyi qərara aldım, anladıqlarımı, duyduqlarımı qələmə almağa çalışdım. Onun yaradıcılığının ana xətti Vətənə, ana torpağa, yurda, insana, mənəvi dəyərlərimizə sevgidir. Bu sevgi onu hələ orta məktəbdə oxuyarkən ovsunlayıb, bu gün də ağ işığını əsirgəmir.

“Yağıların gözünə ox kimi batan, kökünün üstündə məğrur duran” Vətən qəhrəmanlarının ikinci Vətən Müharibəsində - 44 günlük savaşdakı tarixi zəfərini mənalı ömrünü yeni nəsil vətəndaş yetişdirməyə sərf edən müəllim-şair ürəyi, təbi, qələmi ilə alqışlayır, əsgər balalara “həmişəlik dərdi qovaq, düşmənin birdəfəlik gözün ovaq” tapşırığı verir. Şam kimi yana-yana Vətən balalarının zəkasına nur paylayan Brilyant xanımın tapşırığını Vətənin əsgər balaları qanı, canı bahasına yerinə yetirdi, Vətən torpaqları yağı tapdağından azad oldu:

 

 Uğrunda oğullar canından keçdi,

 Qalxanda düşməni zəmitək biçdi,

 Neçə yol qələbə şərbəti içdi,

 Sabahı işıqlı görən Vətənim.

 

Söz adamını əbədiyaşar edən yazdıqlarıdır. Şair xanımın yazdıqlarından Vətən çörəyinin ətri gəlir, torpağının nəfəsi, çəmənlərinin güllü-çiçəkli əlvanlığı, dağlarının məğrurluğu, çöllərinin genişliyi, bulaqlarının saflığı, çaylarının kükrəyişi var. Onun şeirlərində ana Vətən  laylasını eşidirik, ana torpağın isti qucağında rahatlıq tapırıq. Onun, kövrək sevgi dolu ürəyi Vətənimizə göz dikən xain, bədxah, nankor düşmənə rast gələndə tamamilə dəyişir, düşmənə nifrət püskürür, o, “torpağa daş, Vətənə qul, anasına baş tacı olan bir şəhidin əvəzinə yüz yağını didməyə hazırdı”. 

Bu zaman onun qisasının qarşısını kəsəcək heç bir qüvvə  tapılmaz:

 

Mən Atəşəm, bütün şəhid oğlanlara bacıyam,

Vətənimə göz dikənin al qanının acıyam.

 

“Ağ işığın arxasınca” bir ömür yol gedən Brilyant Atəş sönməz atəşə dönüb Odlar Yurdunun hər qarışını qoruyanda həmişə “yol bələdçisi həqq”ə söykənib. Onun istər müəllimlik yolu, istərsə də söz yolu məhz buna görə işıqlı olub. Bu işıq məktəblilərə və sözsevərlərə mənəvi qida verib. Bu mənəvi nemətdən doymayanların,  brilyant kimi xas, atəş kimi ölməz insanların Vətəni uzun müddət vəhşi və quduz düşmən pəncəsində qala bilməzdi. Necə ki, artıq düşməndən tam azaddır. Qarabağin və ətrafının hər qarışı artıq Azərbaycandır, üçrəngli bayrağımızın məğrur dalğalandığı Oğuz – Türk yurdudur. Yurdu göz bəbəyi kimi qoruyan oğullar düşmən qarşısında alınmaz qalaya dönəndə nəinki analar, bacılar, heç Xarıbülbüllər də həsrət yükü çəkməyəcək, “qəm daşı”nı birdəfəlik atacaqlar.

 

 Cıdır düzü, boş saraylar,

 Gəzib Vaqifi haraylar,

 Heç çəkmədi illər, aylar,

 Atdıq “daşı”, Xarıbülbül.

 

Hər bir söz adamı doğulub boya-başa çatdığı, yaşadığı, çörəyini yeyib suyunu içdiyi, havasını udduğu Vətən torpağının bir guşəsinin söz portretidir – o yerin təbiətinin, insanının hər emosional anını özündə yaşadan canlı portreti. Brilyant xanımın söz bulağının hər damcısında doğma el-obanın söz mühitinin ətrini duyuruq. Onun qoşmalarını, gəraylılarını oxuduqca bir ilahi dünyaya – həqiqi sözün sehrinə düşürük. O sehir sözlə birləşib oxucunu özünə çəkir, sazla sözün qovuşuğunda ilham qanadlı quşa dönüb könüllərə xoş müjdələr gətirir, yaşam stimulu verir:

 

 Tez-tez başımı qatan,

 Dərdi belimdən atan,

 Baxışıyla dan sökən,

 Məni nuruna bükən

 Yaxın, doğma, əzizim,

 Göyərən, bitən sözüm,

 Atəşəm, sönməz közüm.

 Arxamda qalan izim –

 Mənim yazılarımdır.

 

 “Əvvəl adını axtaran, sonra “bacı”, “xala”, “nənə” yolu keçən, ömrünün müdrik ağbirçək çağına çatan, ancaq qəlbinin atəşi gündən-günə alovunu artıran, Prometey kimi o müqəddəs odu qoruyan Brilyant Atəş həmişə axtarışdadır – “dağda, düzdə, ormanda, gecə-gündüz hər yanda, insanların gözündə, sözündə yaxşını axtarır”.

 

 Yaxşını axtarıram,

 Bütün dünya içində.

 Göz yumub bu dünyadan

 Köçənlərin içində.

 

Şeirin bir çox janrlarında qələmini sınayır Brilyant xanım. Təcnisləri, qoşmaları klassik aşıq ədəbiyyatının nümunələri kimi könüloxşayandır. Müxəmməsləri isə (15-16 hecalı beşlik) klassik poeziya örnəklərinə bənzəyir. Belə çətin şeir janrına indi müraciət edənlər azalsa da, şair xanımın bu cəsarətinə səbəb klassik ədəbiyyatı dərindən bilməsidir. Onun müxəmməslərində zamanın nəbzi vurur, ictimai, siyasi, sosial və psixoloji  motivlər əsas yer tutur. Mənəvi aləmin saflığına çağırış klassikliklə yeniliyin vəhdətində çözülür:

 

Ölümü qəbul edərəm, nakişiyə enmərəm,

Özgə yuvasın dağıdıb, öz evimdə gülmərəm, 

Yaxşı yadı unudaraq, pis qohumla ölmərəm,

Hər atlaza yapışıb da, ondan libas biçmərəm,

Haqq yoluyla düz gedərəm, əyri yolu seçmərəm.

 

Gecə-gündüz zəhmət çəkə, halal çörək qazana,

Düz əl, ayaq, ruzi üçün dua edə yazana,

Düz davrana, düz danışa, haram girməz qazana,

El içində süfrə sala, ola kor gözə didə,

Kasıb-kusuba əl tuta, nə gərək Həccə gedə?

 

Çağdaş ədəbi mühitdə uşaq şeiri yazanların kasadlığı açıq-aşkar hiss olunur. Niyə bu janra biganəlik var? Mənim düşüncəmə görə, uşaq şeiri yazmağın asan olmadığını anlayanlar bu çətinlikdən qorxurlar. Uşaqları aldatmaq, zəif, mənasız, uzun sicilləmə şeirlərlə onların başını qatmaq bu gün mümkün deyil. Uşaqlar daha tələbkar oxuculardır, hər cızma-qaranı böyüklər kimi bəh-bəhlə alqışlamırlar. Brilyant xanım təcrübəli pedaqoqdur, uşaq psixologiyasını əla bilir. Uşaq şeiri yazmaq üçün iti müşahidə qabiliyyətinin olmasını anlayır. Onun “Dedim” uşaq şeiri yığcamdı - cəmi iki bənd, həm də sadə dildə yazılıb. Hər ikisi vacib şərtdir. Atası qızına “qucaq-qucaq oyuncaq alır”, biri də kukladı. Kuklanı alıb ki, onunla birgə tez yuxuya gesin. Ancaq balaca qızcığaz belə fikirləşmir:

 

 Oyuncaqları alıb,

 Kuklanı ona verdim.

 -Kuklanı bacıma ver,

 Qoy o tez yatsın, - dedim.

    

“Bir işığın arxasınca” boylanda sonda bir kövrək bayatı gördüm. İncə mətləbləri bizə ötürən kitabın sonundakı tənha bayatı əzəmətli fikir zirvəsidir:

 

 Ağacda yarpaq ağlar,

 Ağlar, könlümü dağlar.

 Dağlarda insaf olsa, 

 Yaramı buzla bağlar.

 

“Dağlar” sözünü sinə dağı kimi anladım, bu subyektiv fikrimdir. Bəs siz?

Brilyant Atəş milli dəyərlərimizə bağlı, onların keşiyində sayıq dayanan söz adamı olmaqla bərabər milli ruhlu Azərbaycan xanımıdır. Şeirlərində mənəvi-əxlaqi dəyərlər - abır, həya, ismət, namus, nənələrdən miras qalan digər insanlıq keyfiyyətləri önə çəkilir. Nənələrimizin üz aydınlığı, babalarımızın nənələrimizə ərmağan etdiyi sülh, barış rəmzi milli baş örtüyümüz  kəlağayı haqqında şeilərində şair xanım o, zərif ipəyin gözəlliyini poetik sözlərlə təqdim edir. Onun şeirləri millətin mənəvi ruhunun daşıyıcısı kəlağayını təkcə baş örtüyü kimi təbliğ etmir, onu həm də sənət əsəri, xalqımızı xaricdə tanıdan milli düşüncə hesab edir.

Rəhbəri olduğum  Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təqdim etdiyi Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə “Kəlağayı əlvan, qıyğacı” layihəmiz qalib elan olundu. Bu yaxınlarda Qazax şəhərində “Kəlağayı əlvan, qıyğacı” layihəsi çərçivəsində görüş və “Kəlağayı əlvan, qıyğacı” kitabının təqdimatı keçirildi. Görüşdə Brilyant xanım da iştiarak etdi, özünün “Kəlağayı” şeirini söylədi. AYB-nin Qazax şöbəsinin sədri, Əməkdar İncəsənət Xadimi şair Barat Vüsal Brilyant xanımın şeirini alqışladı, belə ədəbi nümunələrin xalqımızın milli ruhunu yaşatmasında əhəmiyyətini xüsusi qeyd etdi.

Brilyant Atəş üçün kəlağayı “həm o taya, həm bu taya bir sovqatdır, xoş ovqatdır, başda tacdır, nənələrin izidir, həm də:

 

 Aşiq butasından şərbət içibdi, 

 Üzüyün gözündən sərbəst keçibdi,

 Kini, ədavəti kökdən biçibdi,

 Nənəmin namusu tül kəlağayı.  

 

Şair xanım bizi özümüzə qaytaran, bizi özümüzə və yadlara tanıdan, nənələrimizin rənginə, naxışına görə xeyir-şərə uyğun başına örtdüyü “butası məhəbbət” noxudu, soğanı, heratı kəlağayıların yaşatdığı milli ruhu çox incəliklə şeirə çevirir. Bunun üçün kəlağayının bizə ötürdüyü mənəvi ismarışı bilmək lazımdır. Bunu anladır bizə Brilyant xanım:

 

 Çəməndə çiçəkdən naxış götürmüş,

 Evlərə toy-büsat sevinc gətirmiş,

 Davanı, dalaşı, qanı yatırmış,

 Adı ağızlara bal kəlağay.

 

 Toyda nəmər olub, müjdə alıbdı,

 Xalqın sərvətindən töhfə qalıbdı,

 İllərin qoynundan çıxıb salıbdı –

 Keçmişdən sabaha yol kəlağayı.

 

Daim milli-mənəvi dəyərlərin keşiyində dayanan milli ruhlu, düşüncəli Azərbaycan qızı, anası, nənəsi Brilyant Atəşə arzularımı “Bir işığın arxasınca...” kitabına ön söz yazan Tahirə xanım Tapdığın üç cümləsi ilə çatdırmaq istəyirəm:

“Yaşayın, Brilyant xanım, yaşayın ki, ürəyinizdən ağ vərəqlərə zərtək incilər hopsun, qələminiz qoy iti olsun! Yazın, yaradın. Yaşayın ki xalqım, Vətənim üçün söz dəryasından düymə-düymə, zərif-zərif söz incilərini mirvarilərtək ipə-sapa düzüb əsrarəngiz sənət əsərləri yaradasınız.”

 

 “Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Payız olsa da dənizkənarı parkda bir xeyli adam vardı. Əli uşaqlı analar, qocalar, yaşlılar, qadınlar, gənclər dəstə-dəstə qızın yanından keçirdilər. Biri də o olan tərəfə baxmırdılar. Sanki heç kim görmürdü bu qızı və ya əksinə, görməzdən gəlirdilər. 

Arada əlini açıb nəsə desə də onu heç kim eşitmirdi. Kirli ləçəyinin altından qara, qıvrım saçları küskün-küskün çiyninə dağılmışdı. Uzun, köhnə ətəkləri yer süpürürdü. Rəngi  bozarmış yay ayaqqabılarından göyərmiş  barmaqları görünürdü. Corabsız idi. Çiyninə atdığı şala möhkəm möhkəm bürünmüşdü. Görünür, çoxdandı burdaydı. Üşüyürdü. Payız girəndən onsuz da havalar əməllicə soyumuşdu. Üstəlik də dənizdən əsən külək havanı bir az da sərinləşdirmişdi. 

Bir qədər aralıda, skamyaların birində oturan orta yaşlı qadın bayaqdan bu qıza baxırdı. 

“Bu qız ya dilənçi deyil, ya da onu məcbur edirlər dilənçiliyə. Yoxsa çoxdan hamının əlinə, ayağına düşüb pul yığardı... Əcəb də qəşəng qızdı. Köhnə paltarların içində itib batıb bu gözəllik". 

İstədi qızı yanına çağırıb sual-cavab etsin. Nədənsə vaz keçdi.

“Eh, bəlkə özünü elə aparır. Bu da təzə dilənmək metodudu bəlkə. Ya da çoxbilmişdi. Bu yolla diqqəti özünə cəlb etmək istəyir". 

Qız  bir az fəallaşmışdı  deyəsən. Könülsüz-könülsüz gəlib gedənin qarşısına keçir, öyrəndiyi dualardan təkrarlaya-təkrarlaya  əllərini irəli uzadırdı. Bəziləri söyüb keçir, bəziləri gülə-gülə uzaqlaşır, bəziləri də ciblərində olan qəpikdən, quruşdan qızın ovcuna tullayırdılar.

Qız ovcuna yığdığı pulları tələsik parça heybəsinin(Görünür onu da kimsə vermişdi. Əldə tikilənə oxşayırdı) içinə yığırdı. Sonra təzədən əllərini gəlib gedənə sarı uzadırdı. Utanırdı deyəsən. Heç kimin gözünün içinə baxmırdı. 

Bayaqdan onu izləyən qadını bir az da maraq götürdü.

“Yox e, gedib yaxınlaşacam. Bu qız hər gün rastıma çıxan sırtıq dilənçi qızlara heç bənzəmir. Bu qədər maskalanmaq olmaz. Burda nəsə bir ayrı şey var". 

Qızı yanına çağırdı. Qız tərəddüd edə-edə qadına yaxınlaşdı:

-Salam.Mənimləsiz?

-Salam. Bəli. Bayaqdan səni izləyirəm. Fikirləşirəm ki, belə dilənmək olmaz. Sakit dayanıb baxmaqla heç kim sənə pul verməz. Bizim millət öyrəşməyib sakit dilənçiliyə. İstəyirsənsə sənə pul versinlər, fəal ol. Sənin kimisin birinci dəfədi görürəm.

-Mən dilənçi deyiləm. Anam xəstədi. Ona görə məcbur olmuşam.

Qadının ürəyi ağrıdı. Dediklərinə peşman oldu. Fikirləşdi ki, tanımaz, bilməz gərək bu sözləri deməzdi qıza. Amma yenə maraq güc gəldi:

-Anan nə xəstəsidi? Sizə baxacaq, yardım edəcək heç kiminiz yoxdu? Təhsilin də yoxdu yəqin.

-Anam iflicdi. Yataq xəstəsidi iki ildi. Atam biz balaca olanda dünyasını dəyişib. Qohumlar da özlərini zorla dolandırır. Hara gedirəm iş vermirlər. Hər yerdə adam, tanışlıq lazım olur. Küçə süpürgəçiliyi üçün də gərək kiminsə tapşırığı ola.

Qadın qıza elə diqqətlə qulaq asırdı ki, ətrafda baş verənlər, uşaqların səsi, küyü, gənclərin şaqqanaq çəkib gülməsi, qocaların çəliklərinin taqqıltısı - heç nə onu maraqlandırmırdı. Həm də qızın zahiri gözəlliyi də onu heyran etmişdi. Fikirləşirdi ki, heyf bu cür qızdan, bu zəriflikdən.

-Neçə yaşın var?

-20 olacaq fevralın 18 də.

"Doğulduğu günü görəsən nə vaxtsa qeyd ediblər? Görəsən  bu qızın bir xoş günü olub? Gözlərindəki mənaya bax hələ. Abırlı, həyalıdı həm də"

Qadını elə maraq bürümüşdü ki, bu qızın bütün tərcümeyi halını öyrənmək istəyirdi. Dənizkənarı parkı da, gəlib gedən insanları da, dənizi də unutmuşdu.

Adətən küçədə, ictimai yerlərdə həyasızca  gəlib-gedənin qabağına yüyürən, hər vasitə ilə adamlardan pul qoparmağa çalışan qadınlardan xoşu gəlməzdi.

Fikirləşirdi ki, əcəb peşə tapıblar özlərinə. Asanlıqla pul qazanmağın yolu. Əslində mənliklərini, şərəfini itirdiklərindən xəbərləri yoxdu. Allah sizə əl-ayaq verib. Yanağınızdan qan damır. Sapsağlam insanların dilənib pul yığması nə qədər düzgündü?

"Amma bu qız tamam fərqlidi. Üzündən, gözündən həya tökülür. Bu qızı məcbur ediblər bu həyata."

Özündən asılı olmayaraq bu qızı dərindən öyrənmək, tanımaq keçdi ürəyindən.

Qız ondan uzaqlaşmaq istəyəndə isə tez çantasını açıb pulqabısından  bir iyirmilik çıxardı və ürəklə qıza uzatdı.

-Al, qızım. Amma sən mənə ünvanınızı da de. Nəsə maraqlı qıza bənzəyirsən. Bəlkə sizə köməkliyim də dəyər.

Qız utana-utana pulu götürdü və bildiyi, öyrəndiyi dualardan edə-edə uzaqlaşmaq istədi. 

Qadın dediyi sözləri bir də təkrarladı.

-Ünvanını de, qızım. Ya da düş qabağıma, mənimlə gedək sizə.

-Çox sağ olun. Amma mən sizə ünvan verə bilmərəm.

Qadın daha israr etmədi. 

Onu da bildi ki, bu qız onun yaddaşında hələ uzun müddət qalacaq.

....Sərgidə bir xeyli adam vardı. Rəfiqəsi Nazlı Zeynəbi  da dartıb gətirmişdi bura. Həm səhhətinə görə (qızıl yel onu çox incidirdi), həm də havaya görə evdən çölə çıxmaq isəmirdi. Amma rəfiqəsinin uzun israrından sonra axır ki, ona qoşulub sərgiyə gəlmişdi - gənc rəssamların yay festivalıydı. Bir-birindən gözəl rəsm əsərlərini gördükcə heyranlığını gizlədə bilmirdi. Hələ bura gəlmək istəmədiyi üçün özünü danlayırdı da.

“Baxdıqca adamın ürəyi açılır. Gör ölkədə nə qədər istedadlı gənclər var. Fəxr olunası haldı. Yaxşı ki, Nazlı məni sürüyüb gətirdi bura. Yoxsa işdən evə, evdən işə nə qədər olar axı? Belə yerlərə də gəlmək lazımdı arada".

Hər rəsm əsəri bir möcüzəydi. Sanki rənglər adamla danışıb söhbət edirdi. Rəsmlər adamın üzünə gülürdü. Bu rəsmlərdən pul  verib alanlar da olurdu. Birdən bir neçə insanın bir rəsmin başı üzərində dayanıb heyrətlə baxdıqlarını gördü. Maraqlandı. Rəsmə yaxınlaşdı. “Günəş qadın". Əsər belə adlanırdı. Heyrətindən gözləri böyüdü. Dənizkənarı park, insanlar, skamyada oturan bir qadın və onun başı üstə dayanmış dilənçi qız. İlahi, hər şey  elə gözəl təsvir olunmuşdu ki, Zeynəb bir müddət yerində donub qaldı. O payız günü, yerə səpələnən xəzəllər, dənizlə danışan adamlar, payız günəşi, dilənçi qızın üzündəki məsumluq, qadının gözlərindəki şəfqət, heyranlıq və mərhəmət hissi elə ustalıqla təsvir edilmişdi ki, özünü bir anlıq orda hiss etdi. Skamyanın sağ tərəfində yuxuya getmiş pişik də diqqətdən yayınmamışdı. Hələ günəş şüalarının qadının üzündəki əks-sədası bir ayrı gözəllik qatmışdı əsərə.

"Axı o gün mənim qızla dialoqumu kimsə görməmişdi. Bəlkə kimsə uzaqdan izləyirmiş, xəbərim olmayıb"

Birdən ağlına gələn fikirdən diksindi. “Yoxsaa..."

Dönüb ətrafa baxdı. Tanıdığı kimsə yox idi. Nazlı onu axtarırdı.

-Hardasan, ay qız. Səni güclə gətirdim bura. Heç gəlmək istəmirdin. İndi də çıxara bilmirəm.

Heç nə demədi. Üzü gülürdü. Elə ürəyi də. Sərgidən çıxanda gün günortadan keçmişdi. Günəş elə gözəl parıldayırdı ki. 

İlk dəfəydi Zeynəb günəşi bu qədər çox sevdiyini anlayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

.Sirli-sehirli poeziya dünyasına kim baş vurmaq istəməyib. Bu dünya həm ruh oxşayır, həm duyğulandırır, həm təsirləndirir. “Ədəbiyyat və incəsənət” portalı POETİK QİRAƏT rubrikasında iki gün dalbadal Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Həmzəyevanın şeirlərini təqdim edir. Bəri başdan deyək ki, təqdim etdiyimiz şeirlər sevgi şeirləridir.

 

Kövrək xatirələrin üstünə getmə

Kövrək xatirələrin üstünə getmə
Hələ üzərindən yel də keçməyib
Nə illər bacardı, işə yaradı
Nə də duyğuları ölüb bitməyib


Yenə həmin baxış, yenə həmin söz
Sənin gözlərindən süzülən sevgi
Yenə həmin nəğmə, yenə həmin köz
Qəlbimin telinə hörülən sevgi


Nə nəğməsi susub, nə şeiri bitib
Donub sükutunun pərdələrində
Yol çəkən gözümün kökündə itib
Yanır aram-aram sənin hicrində

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.

Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.

Bu gün 10 aforizm:

 

Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər.

Ç.Marden

 

Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar.

J.Kopp

 

Bizim üçün ən böyük qələbə uğur qazanacağımızı rəqiblərimizə hiss etdirməkdir.

M.Qandi

 

Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.

J.Labrüer

 

İrəli getmək gözləməkdən yaxşıdır.

M.K.Atatürk

 

İrəlini görməyən yerində sayır.

R.Beyker

 

Öhdəsindən gələ bilməyəcəyimiz ən çətin iş arzuları cilovlamaqdır.

Budda

 

«Hörmət etmək» və «təqdir etmək» ayrı-ayrı anlayışlardır. «Hörmət», ümumiyyətlə, insana, «təqdir» isə yalnız uğur qazanana aiddir.

A.Düma

 

Uğur sağlam düşüncəli insanları sevir.

Evripid

 

Uğur bizi uğursuzluğa qarşı dözümsüz edir. Uğursuzluq bizi uğura qarşı dözumsuz edir.

U.Feder

 

 “Ədəbiyyat və incəsənət”

(27.10.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Səhər Xiyavinin şeirlərini təqdim edəcək. 

 

Səhər Xiyavi

Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə xiyav və ya meşgin şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.

Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar,"Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.

Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının azərbaycan ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.

 

 

ISLAQ ANILARIM

 

Islaq anılarımı

Sərmişəm cansız qış günəşinin şəritinə.

Anılarım küf gedir şəritdə,

Könülsüzcə

Divar üstündə bir pişik,

Hüzünlü başını tovlayır mənə.

Nənəlikdən tənbih görmüş uşaq kimiyəm,

Qurumur göz yaşlarım,

Tökülmür köksümü ağırladan daşlarım

Aslaq qalmışam anılarımdan,

Islaq qalmışam fəsillərin yol ayrıcında

Boşluqdan doludur yaşam.

Saxtadır...

Saxtadır...

Bu günəş,

İsindirmir məni

Gözlərinin qovuran günəşi olmasa.

 

 “Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Bu günə təsadüf edən əlamətdar günləri və tarixi hadisələri nəzərinizə çatdırırıq:

27 oktyabr. Ümumdünya audiovizual irsiyyət günü

World Day for Audiovisual Heritage. Bu günün məğzi odur ki, keçmiş barədə xatirələri qoruyub saxlamağın necə vacib olmasını hamı bilsin. Əgər əvvəllər keçmiş barədə informasiyanı insanlar yazılı şəkildə qoruyub saxlayır, nəsildən-nəsilə çatdırırdılarsa hazırkı texniki tərəqqi əsrində bunu yeni, unikal vasitələrlə edirlər, bu vasitə rəqəmsal texnologiyalardır. Bu epoxanın əvvəlində isə ilk səsyazma qurğusunun – fonoavtoqrafın kəşfi dayanır ki, bu kəşf də 1857-ci ilə aiddir. Sonradan qrammafon, fonoqraf, patefon, elektrofon yaranıb. Eşitmə cihazlarından görmə cihazlarına keçid isə inkişafın pikindən xəbər verib. Video qurğular tarixi yaddaşı görüntülü çəkildə daşımağa yardımçı olmaqla bəşər irsinin qorunub saxlanılması yolunda əsl inqilab sayılıblar.

 

27 oktyabr. Beynəlxalq qaynanalar günü

Bizim qaynana barədə ən gözəl sözümüz rəhmətlik Nəsibə Zeynalovanın canlandırdığı obrazla deyilib. Sanki bu qaynana bütün qaynanalarımızın simvoluna, ümumiləşdirilmiş obrazına çevrilib. Amma orta statistik azərbaycanlı kişisi qaynanasevən olur, orta statistik azərbaycanlı qadınından fərlənir bu cəhətdən. Gəlin bir ağızdan qaynanaları təbrik edək. Və sizi inandırım ki, həqiqətən Bakıda Olimpiya stadionuna 100 min insan doldurub futbol matçı keçirərkən fasilədə “kimin cibində qaynanasının şəkli varsa ona maşın hədiyyə ediləcək” elanı verilsə, təşkilatçılar bankrot olarlar, çünki azı 200-300 azərbaycanlı mobil telefonundakı rəsm albomundan qaynanası ilə şəkdirdiyi  silsilə şəkillərini üzə çıxarıb maşına iddia ortaya qoya bilər.

 

27 oktyabr. Türkmənistanda pitbul saxlamazlar

Bu gün əmək terapiyası günüdür. Məğzi nədir? İş yerlərində sağlam atmosfer yaratmaq. Pitbulları tanımaq günüdür. Bu qorxunc itləri tanısaq nə olar, tanımasaq nə olar? Deyək ki, onlar iki yerə bölünürlər, teryer tipi və buldoq tipi. Buddanın enməsi günü. Deyilənə görə, Budda məhz 27 oktyabrda daş-qaşla bəzənmiş üç pilləli pilləkənla aşağı – insanların içinə enmişdir. Yunanlar bayraq gününü, əlcəzairlər isə ağacəkmə gününü qeyd edirlər. Dünyanın ən totalitar ölkələri reytinqində liderlərdən biri olan Türkmənistan bu gün müstəqillik gününü qeyd edir. Sent-Vinsent də həmçinin. Konqoda 3 Zair günüdür. Bəs bu nə deməkdir? Konqonun qabaqkı adı Zair olub, 3 Zair deyəndə ölkə, onun pul vahidi və Zair çayı nəzərdə tutulur. Əlbəttə ki, sualınızı eşidirəm, soruşursunuz bəs Amerikada bu gün hansı mətbəx bayramı qeyd ediləcək? Düz buyurursunuz, bugün onlarda növbəti mətbəx günüdür, Amerika Pivəsi Günü. Amerikalılar bəs deyincəyə qədər bu gün pivə içəsidirlər.

1984-cü ildə Baykal-Amur magistralı tikintisinə başlayıblar.  1982-ci ildə Çinin əhalisi 1 milyarda çatıb. 1858-ci ildə məşhur Teodor Ruzvelt – 26-cı ABŞ prezidenti doğulub. 1855-ci ildə rus bioloq İvan Miçurun, 1811-ci ildə məşhur Zinger tikiş maşınının sahibi Ayzek Zinger, 1728-ci ildə isə məşhur ingilis səyyahı Ceyms Kuk doğulublar.

 

27 oktyabr. Ən nəhayət, Qara pişiyə minnətdarlıq günü

Böyük Britaniyada keçirilən bu gün çox ibrətamizdir. Necə yəni, Qara pişiyə minnətdarlıq günü? Məgər qarşımıza çıxdı deyə nəhs gətirən işlərə görə hamımız onu lənətləmitik? Mövhumatçı adamlar hətta tale əhəmiyyətli iş dalınca gedəndə belə qara pişiklə rastlaşma səbəblərindən pişiyi lənətləyərək bu işi təxirə salırlar. Hətta qara pişikləri kütləvi qıran xalqlar da var.

Britaniyalılar isə məsələyə başqa cür yanaşırlar, qara pişik qarşıdakı təhlükələr barədə xəbərdarlıq edir deyə ona minnətdarlıq etməyi zəruri bilirlər.

Nə deyə bilərik, ya zəlzələdən olsun, ya vəlvələdən, təki qarşımızdan qara pişik keçməsin.

Taleyindən qara pişik keçənlərə isə Allahın rəhmi gəlsin.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Allahşükür Ağanındır.

 

 

PƏNCƏRƏDƏ HƏYAT

 

Pəncərədən gözəl görünür həyat,

Baxıb deyərsən ki,

Mən də uşaqlar kimi qartopu oynaya bilərdim,

Amma istəmədim.

Atları elə çapardım ki,

Ayaqların səsində tanış bir ritmi tuta bilərdim.

Dedim, nəyimə lazım,

Mən ki onu əbədi saxlaya bilməyəcəm.

Pəncərədən baxırsan, sanki

Qatarda yorğun bir bələdçi ilə söhbət eləyirsən.

Məsələn, qatar Bakıya saat neçədə çatır,

Sualını verirsən.

Onsuz da özün bilirsən.

Ancaq onun deməyi sənə ləzzət eləyir.

Pəncərədən baxırsan,

Pişik pəncəsini yalayır.

Qovsan onu, ancaq qar üstündə

Ayaq izləri qalar.

Baxıb düşünürsən:

Bu pişiyin nə gözəl xətti var.

 

 

PƏNCƏRƏDƏN GÖZƏL GÖRÜNÜR PAYIZ...

 

Ayrılıqlar yağır meşəyə,

Kirpiklər toxunur şüşəyə,

Uzaqdan, lap uzaqdan,

Gözəl səslənir nəğmə.

 

Ayrılıqlar yağır meşəyə,

Küləklər yarpağı endirir göyə.

Uzaqdan gözəl görünür  payız,

Xüsusən pəncərədən baxanda.

 

Ayrılıqlar yağır meşəyə,

Quşlar ayrılığı qaldırır göyə,

Lakin  ayaqlarının şəkilləri

Payız yağışıtək  tökülür gölə.

Uzaqdan gözəl görünür ayaqlar...

 

Ayrılıqlar yağır meşəyə,

Pəncərədən gözəl görünür payız.

Bəlkə də, payız deyir,

Pəncərədə gözəl görünür bir qız...

 

 

QÜRBƏT

 

İçimi üşüdür qürbət,

Mən vətəndən uzaqda deyiləm axı,

Bəs nədir içimi yeyən?

O buz dağı.

 

Bir dostum da var –

Adı da Qürbət,

Şirin söhbət,

Dili şərbət,

Başdan-ayağa sevgi –

məhəbbət.

 

Buralar od tutub yanır,

Bəs məni üşüdən nədir, görən?

Barmaqlarım sanki buz kimi,

Sallanır əllərimdən.

 

Gözlərim donmuş damcıdır,

Nə vaxt isinər, görən?

 

Lap uzaqda bir ayrılıq var,

Bax,onu indidən

Görürəm mən.

Qorxudan

Donuram

Mən...

 

 

XOŞBƏXTLİK

 

Könlüm deyir ki,

Bir saman qoxusu olsa,

Burnunun ucuna tutub

Xoşbəxtlik  iksiri  kimi

Yaşamaq olar.

 

Könlüm deyir ki,

Dükanın qabağında çömələn pişiyin

Xoşbəxtliyini  düşünə bilsən,

Bütün bazarı

Evinə daşımaq olar.

 

İndi evə əlidolu  gedirəm,

Bu gün bir uşağın  atasının əlindən tutub

Atıla-atıla getdiyini  görmüşəm.

Gözlərim bu xoşbəxtliyi gördüyünəgörə

Allaha min dəfə şükür eləmişəm.

Düşünürəm, elə beləcə də yatacam,

Uşaqlarım üzümdə  

Həmin uşağı görüb sevinəcəklər,

Bugünlük bəsimdi...

 

 

QAPI AÇARAM İŞIĞA

 

Divara qurban olum,

Sirr yaşayır daşında.

Bir vaxt türmə divarıydı,

Müşfiq var yaddaşında.

 

Divarın o üzündə,

Adam gəzir gün işığı.

Bir çiçək boy atıbdı,

Boynunda sarmaşığı.

 

Suvağının altında

Gizli şeirlər yazılıb.

Şipşirin arzuların

Qəbri divarda qazılıb.

 

Əlimi sürtdüm divara,

Döndüm qərib aşığa.

Dırnağımla qazaram,

Qapı açaram işığa.

 

 

BİR SAATA QAYIDIRAM

 

Açılan  səhərlərin atəş üzünə and olsun,

Mən öləndən sonra yazıram şeirlərimi.

Məsələn, bir saatlıq ölürəm.

Gedib  şeir gətirirəm bir saatlığa,

Çiçək dəstələri kimi,

Sonra dirilirəm.

 

Mənim  şeirlərim bu dünyada olmur,

Ölürəm, açılır başqa bir sabah,

Başqa bir pəncərə…

Ölməklə sağ olmağın arasında

Nazik bir qapı var.

Nə kilidi var, nə  açarı.

Gedirəm, açılır,

Gəlirəm,

Bağlanır.

Dayanın, bir dəqiqə,

Yenə  gedirəm

Sizə şeir gətirməyə.

Burda olun,

Bir saata qayıdıram.

 

 

TOP-XATİRƏ

 

Uşaqlıq illərində

ev dərdi,

maşın dərdi,

çörək dərdi

bilməzdim.

Bütün qayğılardan da uzağıydım

atalı,

analı uşaqlar kimi.

 

Öz dünyama qapılardım.

Dan yerinin sökülməsini

həsrətlə gözləyərdim.

Qızarmış üfüq günəşi top kimi atardı

göy üzünə.

Günəş uçardı rəqib qapısına –

günbatana...

 

 

NƏĞMƏ

 

Quzu otaranın,

Dərsə gedənin,

Gedən qatarın,

Şeiri çap olunmayan şairin

Dodağında bir göyərmiş nəğmə var...

 

Adamı o nəğmə yaman yandırır,

Nə quzular başa düşər onu,

Nə getdiyi məktəb,

Nə sərnişin,

Nə də oxucu.

 

İllah ki, şair kənd şairi ola,

İllah da  biləsən  bu quzuları qəssablar sevir,

Qatarlar səni ayırır

Və kənd adamları deyirlər,

Əsl şair şəhərdə yaşayar,

Allahşükür, səni yandıracaq

Bu nəğmə,

Başına çarə qıl...

 

 

ŞƏKİL

 

Mən səni yadımda belə saxladım,

Danışıb eləmə, şəkil kimi qal.

Əlini tərpətmə, gəl keç yanımdan,

Gördün, darıxırsan, xəyallara dal.

 

Şəklin xəyalları çox dərin olur,

Nəyi düşünürsən, götür özünə.

Guya ki, bu səhər gəlin köçürsən,

Şəklini örtüktək dur çək üzünə.

 

Gözündə qəribə kədər varıydı,

Güldürmə, qoy elə eləcə qalsın.

Xalqın gəlinləri böyüyüb getsin,

Qoy mənim sevdiyim balaca qalsın.

 

Bir axşam üzündə qəmi sındırıb,

Anan söyləməsin Allaha şükür.

Bax onda gözündə şəklini cırıb,

Verər küləklərə bu Allahşükür...

 

 

AXTARIŞ

 

Soyuqdan soruşuram:

– İstiliyin hanı?

– Şimşəkdə qalıb, – deyir.

Şimşəkdən soruşuram:

– İstiliyin hanı?

– Günəşdə qalıb, – deyir.

Günəşdən soruşuram:

– Şəfəqin hanı?

– Körpə bu uşaqda qalıb, – deyir.

Körpədən soruşuram,

Gülümsünür...

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

48-Cİ DƏRC

 

Bu yerdə yaşlı hakim Baş Hakimin icazəsi ilə müttəhimə bir sual ünvanladı:

-Cənab Njde, siz türkləri bolqarlara və ruslara, rusları ermənilərə, erməniləri antikommunizm ideologiyasına, sovet xalqını və müttəfiqləri faşistlərə, sonradan façistləri müttəfiqlərə satmısınız, öz həyat yoldaşınızı və övladınızı mənfur ideologiyanıza qurban vermisiniz, bəs öz cəbhədaşlarınızı necə, onları da satmısınızmı?

Njde :”Cəfəngiyyat danışırsınız” deyə ona cavab verəndə yaşlı hakim söylədi:

-Müharibənin sonuna yaxın satqınlığının sayı-hesabı olmayan sizin - Qareqin Njdenin utanmadan Stalinə ünvanladığı məktubunda general Dro barədə bu sözlər yazılıb: “Mən vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim.” Halbuki siz Dronu özünüzün müəlliminiz adlandırmışdınız və xəyanətkarlıqda, qaniçənlikdə ondan heç də geri qalmırdınız. Hətta onu dəfələrlə üstələyirdiniz də. 1944-cü il noyabrın 2-də hərbi cani qismində Stalinin xüsusi göstərişi ilə yaradılmış “Smerç” qrupunun üzvü tərəfindən ifşa edilərək tutuldunuz, amma, müəlliminizi ələ verməyiniz belə sizə kömək olmadı..

Prosesi bitirmək vaxtı çatmışdı, bütün cinayətləri sübut olunmuş Qaregin Njdenin hökmünü artıq səsləndirmək vaxtı idi.

Son söz söyləmək məqamı yetişəndə Njde mızıldandı ki, mən bilərəkdən cinayət törətmənmişəm, mən nə etmişəmsə xalqımın, onun azadlığının naminə etmişəm. “Əgər səhv olmuşamsa, xalqım məni bağışlasın” deyərək son sözünü bitirdi. Baş ekspertin “Bəs qətlinə fərman verdiyin yəhudilər, ruslar, ermənilər, türklər, azərbaycanlılar, onlar necə, onlar da səni bağışlasın?”  sualı isə havadan asılı qaldı.

Baş Hakim Njdenin qeybedilmə cəzasına məhkum edilməsi xəbərini gözlənilən təntənə ilə deyil, çox adi səsləndirdi, bunu isə ona görə etdi ki, bu şəxsin cinayətləri qarşısında ən ağır cəza alması o qədər adi haldır ki, onu xüsusi pafosla deməyə belə lüzum yoxdur.

Hökm səslənəndən və kulisdən ecazkar xanım səsi ilə prosesin bitdiyi elan olunandan sonra Baş ekspert yavaş-yavaş boşalan Baş meydana göz qoyarkən birdən nəsə xatırladı, mikrofonları söndürüb kabelləri yığan texniki heyətdən xahiş etdi ki, mikrofonun birini qoşsunlar. Mikrofon qoşulduqda o, qalanlara belə bir hadisə barədə danışdı:

-Xanımlar və cənablar! 2012-ci ildə Rusiyanın cənubunda – Armavir şəhərində -Erməni Apostol kilsəsində erməni millətçiləri ağlasığmaz bir işi rellaşdırmışdılar, quldur Qaregin Njdeyə xatirə lövhəsi qoyulmuşdu, şəhər rəhbərinin tarixdən bixəbər rus müşaviri Vladimir Pavlyuçenko da mərasimdə iştirak etmişdi. Armavir şəhərinin sakinləri bundan bərk qəzəbləndilər, necə yəni, alman façistləri onların dədə-babasına qan uddurduğu halda həmin faşistlərə qul kimi itaət etmiş bir şəxsə onların gözü qabağında abidə qoymaq nə imiş? Şəhər rəhbərliyindən xatirə lövhəsinin çıxardılması tələb olundu. Tələb yerinə yetmədikdə Armavir Dövlət Dumasının deputatı Aleksey Vinoqradov lövhəni qara rəngə boyadı. 2019-cu ildə memorial lövhə hər halda oradan çıxarıldı. Mən əminəm ki, gec olar, güc olar. Quldur Njdenin abidəsi Yerevandan da götürüləcək, Qafandakı mavzoleyi də söküləcək! Erməni xalqı qəflət yuxusundan ayılıb əsl qəhrəmanları və əsl cinayətkarları seçə biləcək.

Baş Hakim çıxışını bitirən gözləri yaşarmış Baş ekspertə yaxınlaşıb onun çiyinlərini qucaqladı. İki ədalət keşikçisinin məğrur silueti qaralan havanın fonunda bir müddət tərpənməz qaldı.

 

 

11-Cİ PROSES.

KİRK  KERKORYAN

Rahat bir gün, nisbətən xeyli rahat proses. Nəfəs dərmək olar, yüngülləşmək, zarafatlaşmaq olar. Divan əhli bu gün xeyli şən, qayğısız görünürdü, deyib-gülürdülər. Hətta proses öncəsi arxiv üzrə mütəxəssis olan çexiyalı xanım tort da bişirib gətirmişdi, hamını qonaq eləmişdi. Bəxtdən, bu rahat gün həm də onun ad günü idi.

Bu gün havanın da şıltaqlıq etməyəcəyi hiss edilirdi. Səma aydın idi, küləksiz idi. Bircə yarpaq belə tərpənmirdi.

Üçüncü zəng çalındı.

Kulisdən gələn səs Baş Meydandakı stullarda səs-küy qopara-qopara əyləşməkdə olan tamaşaçıları dərhal sakitləşdirdi.

-Əziz tamaşaçılar, hörmətli proses iştirakçıları, bu gün Divanda hökm oxunacaq şəxsin adını elan edirik: erməni milyardçısı Kirk Aqaronoviç Kerkoryan.

Dərhal alqış və fit səsləri qopdu. Daha bir portretin üzündəki ağ mələfə açılar-aşılmaz alqışlar daha da şiddətləndi. Kerkoryan rəsmən cinayətkar sayıla bilməzdi, o nə Njdeydi, nə Dro, nə Andronik idi ki, ayağında minlərlə insane qətli olsun. Onu hamı kazinolar kralı kimi tanıyırdı, küfr sayılsa belə bəziləri onun xidmətlərindən istifadə belə etmişdilər. Ona görə də əvvəlki qatı cinayətkarlardan sonra belə bir şəxsin prosesi onlarda bir qədər xoş ovqat doğurmuşdu, alqışlar da bu səbəbdən idi.

Həddən artıq qoca olan, çənəsi və ağzı əsən şəxsi iki mühafizəçi qoluna girərək çətinliklə addımladıb Müttəhimlər kürsüsünə gətirib əyləşdirə bildilər.

Kişi diktor dərhal Kirk Kerkoryanın dosyesini oxumağa başladı. Baş Meydanda tamaşaçı qismində ermənilər də var idilər, onların bu insana heyranlığı və rəğbəti dərhal sezildi, ayağa durub öz kumirlərini dosye oxunan müddətdə alqışlamağa, erməni dilində “sirel mard” (əziz insan) sədaları ilə simpatiya bildirməyə başladılar. Onun dosyesi isə həddən artıq uzun idi, 98 il ömür sürmək, tam macəra içində, hadisələrlə bol illər yaşamaq sizə asan gəlməsin.

Kişi diktor:

-İlk rəsmi erməni milyardçısı, ABŞ vətəndaşı olan, tarixə Las-Veqas qumarxanalarının yaradılmasında həlledici rol oynayan şəxs kimi düşmüş, Hollivudun devi təxəllüslü, hətta Vatikan kilsəsini belə pulla almış, 98 il ömür sürmüş Kirk Kerkoryan (əsl adı Qriqor Qriqoryan) tarixin ən məşhur erməniləri sırasındadır, hətta ilk üçlükdədir. Gümrü şəhərində ona abidə də ucaldılıb. 2004-cü ildə Ermənistanın milli qəhrəmanı adına layiq görülüb, “Vətən” ordeni ilə təltif olunub. Kerkoryan 1917-ci ildə - Vladimir Lenin bolşevik inqilabı edib Çar Rusiyasını taxtdan salanda uzaq Amerikada – Kaliforniya ştatının Fresno şəhərində, Rusiyadan köç etmiş erməni mühacirlərinin ailəsində doğulmuşdur, 9 yaşından məktəbi ataraq pul qazanmaq üçün avtomexanik işləməyə başlamış, sonradan müxtəlif sahələrdə özünü sınamışdı, bu müxtəlifliyi o, özünə kumir saydığı Teodor Ruzveltdən – ovaxtkı ABŞ prezidentindən öyrənmişdi. Kirk yeniyetməliyindən boks rinqlərində şöhrət axtarmağa başlamış, Olimpiya çempionu olmaq eşqiylə yaşamışdı, amma uzağı şəhər birinciliyi mükafatçısı ola bilmişdi, sonra pilotçuluğu öyrənib yüngül konstruksiyalı təyyarələrdən başlayaraq ən mürəkkəb, ən müasir təyyarələri idarə etməyə keçmişdi, 2-ci dünya müharibəsində Amerika ordusunun tərkibində aviasiyada xidmət eləmiş, “Moskito” qırıcı təyyarələrini idarə etmişdi. Sonradan o, Britaniya Hərbi Hava Qüvvələrində çalışmış, iki il yarım xidmət dövründə 33 təyyarəni Avropadan Amerikaya aparmışdır, hər bir uçuşa görə min dollar qazanan Kerkoryanın gələcək biznesi də məhz bu pullarla qurulmuşdur. Daha sonar o, yeni bir sahəyə -kino sahəsinə əl atmış, prodüsser kimi bir neçə film çəkmişdir, Hollivudun ən böyük kinokompaniyalarına sahibliyə qədər gedib çıxmışdır. Sonra isə sahibkarlıq və biznes fəaliyyətinə girişmişdir. Aksiyalar alıb satmaqla böyük pullar qazanmış, hətta Detroyt üçlüyü –Kraysler, Daymler-Bens və General motors şirkətlərinin səhmlərinin bir hissəsini əldə etmişdir. Sonradan isə Ford şirkətinin sahiblərindən birinə çevrilmişdir.

Ermənilər Kerkoryanı ayaq üstündə alqışladılar.

-2015-ci il iyunun 16-da Əsas dünyadan bizim Axirət dünyamıza köç edən bu şəxs Beverli-Hillsin ən varlı adamlarından biri sayılıb. “USA Today”- 2015-ci il üçün onun sərvətini 3,6 milyard dollar həcmində qiymətləndirib. K.Kerkoryanı habelə “böyük himayədar”, “böyük donor” adlandırıblar. Onun təsis etdiyi “Linsi” Fondu 1989-cu ildən 2011-ci ilədək fəaliyyət göstərib. Fondun xətti ilə Ermənistana və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundakı tanınmayan rejimə 22 il ərzində 1 milyard dollardan çox vəsait verilib.

K.Kerkoryanın əsas gəlirini “MGM Grand” şirkətindən götürdüyü qazanc təşkil edirdi. O, 2000-ci ildə 6,4 milyard dollara “Mirage Resort”, 2004-cü ildə isə 4,8 milyard dollara “Mandalay Resort Group” şirkətlərini satın aldıqdan sonra “MGM Grand”şirkətini “MGM Resorts International” şirkətinə çevirib. Şirkət “Bellagio” və “Mandalay Bay” kimi tanınmış kazinoların operatorudur.

Bu yerdə gənc hakim Baş Hakimdən Kerkoryanı nəyə görə mühakimə etdiklərini soruşdu. Düşüncəsini dilə gətirdi, dedi, qumarxanalara görədir yəqin. Baş Hakim ona barmağını dodağının üstünə qoymaqla cavab verdi.

Mətn isə oxunmaqda idi:

-Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən zəbt edilməsi və işğal altında saxlanması, Azərbaycana qarşı elan olunmamış müharibə aparılması üçün əsas maliyyə vəsaiti xarici ölkələrdəki erməni diasporunun, o cümlədən Kirk Kerkoryan kimi varlı ermənilərin ianələri hesabına təmin olunub.

Baş Hakim gənc hakimin qulağına pıçıldadı:

-Tək qumarxanalara görə deyil. Məsələn, həm də buna görə.

Kerkoryanın tərcümeyi halının oxunuşu isə diktor mətni ilə davam edirdi:

-98 yaşındakı erməni milyarder həyatının son dönəmində müsahibələr vermir və açıq çıxışlar etmirdi. “Bloomberg” agentliyi xatırladır ki, 2008-ci il dünya maliyyə böhranı milyarderə ciddi maliyyə itkiləri vermişdi. İttiham etdiyimiz şəxsin “Ford Motor Co” kompaniyasındakı səhmlərindən maliyyə itkiləri təxminən 600 milyon dollar olmuşdu. Milyarder həmçinin “MGM Resorts International” mehmanxanalar şəbəkəsinin səhmlərinin qiymətinin aşağı düşməsindən xeyli zərər çəkmişdi. Çox yaşlı olsa da bu şəxs aktiv olaraq biznes fəaliyyətini heç kəsə etibar etmədən özü idarə edirdi, buna görə də biznesinə yönəlmiş zərbələr onu sarsıtmışdı.

Ən nəhayət, Kerkoryanın şəxsi həyatı barədə onu deyək ki, o, amerikalı rəqqasə Cin Mari Xardi ilə nigahda olub, Treysi və Linda adlı iki qızı var.

Baş Hakim üzünü Kerkoryana tutdu və soruşdu ki...

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Bildiyiniz kimi, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi, Şirvan Xeyriyyə Cəmiyyətinin isə təşkilati dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirir.

 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqəyə iki yüzdən artıq hekayə ünvanlanıb, Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Ötən gündən etibarən, portalımızda 8 finalçının hekayələri dərc edilməkdədir.

Qeyd edək ki, müsabiqənin qalibi və mükafatçılar noyabr ayının ikinci yarısında elan ediləcək.

Bu gün Cavid Babayev öncə özünü, sonra isə hekayəsini təqdim edəcək.

 

Mən, Cavid Sərdar oğlu Babayev 1999-cu il mayın 7-də Gəncə şəhərində anadan olmuşam. 2006-cı ildə B.Cəfərov adına Kəlbəcər rayon 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 2016-cı ildə məktəbi bitirmiş və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Mühasibatlıq fakultəsinə qəbul olmuşam. 2020-ci ildə təhsilimin magistr pilləsinə Bakı Mühəndislik Universitetinin İqtsadiyyat və İdarəetmə fakultəsində davam etmişəm. 2022-ci ildən etibarən Ali & Nino kitab mağazaları şəbəkəsində kitab məsləhətçisi olaraq çalışıram.

 

ÜÇ NƏFƏRLİK MOTOSİKLETLƏR

 

Sən demə, məşhur Benzlər ailəsinin uşağı olmurmuş.

Avtomobil sənayesinin pioneri Karl Benz ilk gördüyü andan etibarən Bertha Ringerə aşiq olur, onunla evlənir, lakin sonradan Berthanın heç vaxt dünyaya uşaq gətirə bilməyəcəyi gerçəyiylə üzləşir. Elə Bertha da bu gerçəklikdən evlilikdən sonra xəbər tutur və dərhal Karldan ayrılma qərarı alır. O, Karlı o qədər çox sevirmiş ki, onun sağlam, doğurğan bir qadınla ailə həyatı qurmasını və hələ evliliklərindən əvvəl Karlın həvəslə söhbət açıb dil boğaza qoymadan danışdığı “oğlan uşağı arzusu”nun reallaşmasını istəyirmiş. Bir axşam Karl əlində şərab şüşəsi, qoltuğunda qırmızı lentlə bağlanmış şokolad qutusuyla evə girib şad-şalayın işlərin necə əla irəlilədiyiylə bağlı sözə başlayanda Bertha ağlamaqdan özünü güclə saxlayır. O özünü Karlın bu böyük xoşbəxtlik şorbasının içinə düşmüş murdar bir milçək kimi hiss edir. Şam yeməyi boyu Karlın dilindən, gözündən sıçrayıb getdikcə ətrafı öz ağuşuna alan sevinc qığılcımlarının atəşinə tab gətirmir və ağlaya-ağlaya içini tökür. İş-güc əlindən arvadıyla doğru-düzgün vaxt keçirə bilməyən Karl o an bu qadının qəlbindəki gizli ağrılardan bu vaxtacan necə bixəbər qaldığının fərqinə varır. Həmin gecə, mətbəxdə yemək masası başında arvadını bərk-bərk qucaqlayıb üz-gözündən öpən Karl Benz özünə bir söz verir: söz verir ki, bundan sonra atacağı hər addım arvadının xoşbəxtliyinə xidmət edəcək.

İllər keçir və Benzlər işlərində uğur qazanırlar. Bildiyiniz kimi, Karl Benz işində uğurlu olmaqla qalmır, hətta adını tarixə “avtomobilin atası” olaraq yazdırmağı da bacarır. Həyatları maddi baxımdan qaydasına düşən Benzlər pillə-pillə bütün problemlərdən xilas olduqca uzun müddətdir mətbəxlərinin tavanından asılı qalan o səssiz boşluq daha çox gözə batmağa başlayır. Karl uşaq mövzusunu yenidən açmaq barəsində haqq sahibi olmadığını düşündüyündən həmişə söhbətin istiqamətini Berthanın müəyyənləşdirməsini gözləyir. Nəhayət Berthanın bir sualı hər şeyin başlanğıcı olur: “Niyə düzəltdiyin maşın 1 yox, 3 yox, 5 yox, məhz, 2 nəfərlikdir?” Yəqin, təxmin edə bilirsiniz, bu sual başqa hansı suallara açar ola bilər. Bertha bu açarı kilidə özü qəsdən salmışdı. Beləliklə bəzi qapılar açıldı və Benzlər övladlığa uşaq götürmək qərarına gəldilər. Qara saçlı, qara gözlü, qarayanız iki yaşlı bir oğlan uşağı. Yox, üç yaşlı... yox, beş. İlahi o necə də tez böyüyür. Çox keçmədi, Karl Benz anladı ki, artıq onun həyatında iki nəfərlik şeylərə yer yoxdur. İki nəfərlik çarpayılar üç adam tuturmuş. Beşiklər balaca otaqları daraltmır, böyüdür. Hər şeyi üç bərabər hissəyə bölmək olar. Hər şeyi! Bəs velosipedləri necə? Onları da üç bərabər hissəyə bölmək olar? Karl Benz ilk dəfə “ata” deyə çağırılanda anlamışdı... Anlamışdı ki, olar. Kağız üstündə cızmaqara və budur, Berthanın velosipedinin artıq 3 təkəri var. Velosipedi Karl idarə edir, arxasında Bertha və möhkəm borularla yan hissəyə bərkidilmiş böyük təkər üstündəki oturacaqda qara bir uşaq. Bu da son şəkil. Bilmirəm, Benzlər xoşbəxt oldu ya yox, amma deyə bilərəm ki, üç nəfərlik motosikletlər bax belə yarandı.

Bütün bunları mənə Deyşa demişdi. Deyşa qəhvəyi gur saçlı, geniş kürəkli, hündür boy 29 yaşlı bir qız idi. Mən isə o vaxtlar 11 yaşlı cılız bir oğlan uşağıydım. Qara Qarayev metro stansiyası yaxınlığındakı beş mərtəbəli binalardan birində, beşinci mərtəbədə nənəmlə birlikdə yaşayırdım. Günüm məktəblə ev arasında nənəmin öyüdlərini dinləməklə keçirdi. Qarayevdə birlikdə vaxt keçirə biləcəyim cəmi bir dostum var idi. Adını bura yazmağın doğru olmayacağını düşünürəm, ona görə də, hələlik ona T deyək. Dərslərin əlindən çölə çıxmağa çox da imkan olmurdu, ancaq olan kimi T’ylə maşın yolunda top oynamağa gedərdik. Futbol stadionunu əvəz edə biləcək başqa bir yer yox idi. Maşın yolu Deyşanın qaldığı iyirmi mərtəbəli binayla bizim binanı biri-birindən ayırır, qıvrılaraq məhəllələrdən keçir, metrostansiyaya qədər uzanırdı. Biz ta uşaqlıqdan burada məskən salmışdıq, ancaq bir dəfə də olsun Deyşa adlı birinə rast gəlməmişdik. Deyşanın bura nə vaxt gəldiyiylə bağlı heç kim heç nə demirdi. Sanki o qəflətən yolun altından çıxıb qarşı binaya düşmüşdü. İndiyədək “Deyşa” deyə bir ad eşidən də olmamışdı, ona görə, onun hansı torpaqlardan gəldiyi də hamıya qaranlıq idi. Soruşacaqsınız ki, bəs niyə bütün bunları kimsə onun özündən soruşmurdu? Məsələ burasındadır ki, o bir az, necə deyərlər, təhlükəli görünürdü. Məsələn, ətrafda ondan başqa tək yaşıyan adam tanımırdıq. Hələ-hələ qadın olaraq tək yaşamaq bu məhəllələrə yad bir şey idi. Deyşa bütün qadınlardan iri, hətta kişilərin bəzilərindən də hündür və cüssəli görünürdü. Onun gözəl olduğuyla hamı, yəqin ki, razılaşardı, lakin zeytun dənəsi kimi qara gözləri insanların cəsarətini qırır, ona yaxınlaşmalarına əngəl olurdu. Kişilər kimi geyinərdi. Heç kim onu yubkada, donda, ya da adi ətəkli paltarda bir dəfə də olsun görməmişdi. Saçlarını mismara bənzər qəribə dəmirlərlə yığar, heç vaxt makiyaj etməz, əynində dəri kurtka, onunla dəst şalvar və qoltuğunda dəbilqəsi olardı. Hə, yanlış eşitmədiniz! Dəbilqə. Çünki, onun üç nəfərlik motosikleti vardı. O vaxtadək üç nəfərlik motosiklet görməmişdim və əminəm ki, bizim məhəllənin adamları da görməmişdi. Qarayev küçələrində yalnız iki təkərli kuryer motosikletlərinə rast gələ bilərdin. Hər səhər Deyşanın motosikletinin səsi eşidilərdi. Məktəb avtobusuna çatmaq üçün səhərlər tezdən – saat 6-da oyanıb hazırlaşar, evdən çıxana yaxın o səsi eşidər və Deyşanın da yola düşdüyünü anlayardım. Məktəbdən qayıdıb eyvanımızda çay səfası sürərkən də çox keçməz küçə başından motosikletin səsi gələr, Deyşa eyvanımızın qabağına çatarkən sağa burulub üzbəüz evlərin arasıyla 20 mərtəbəli binaya doğru irəliləyərdi. 13-cü mərtəbədə qaldığını bilirdim, çünki bu mərtəbənin eyvanında onu görmüşdüm. Nə qədər uzaqda olursa olsun, onu tanımamaq mümkün deyildi. Gecə gec saatlara qədər dərs oxuyardım və fasilələrdə hərdən eyvana çıxıb boş-boş qarşı binalara baxardım. Deyşanın mənzilinin işıqları həmişə yanılı olardı. O vaxtlar qaranlıqdan qorxduğu üçün işıqları açıq buraxdığını düşünərdim, amma sonra onun pəncərə qarşısından o yan -bu yana keçdiyini, arabir eyvana çıxdığını görəndə sadəcə yata bilmədiyini başa düşdüm. Lap işıqlar sönülü olsa da, pərdəyə yansıyan mavi şüadan televizorun açıq olduğunu anlamaq olurdu. Axı, necə belə gec yatıb tez oyana bilirdi? Hara gedirdi? İşləyirdi? Nə işləyirdi? Bunları da bilmirdim. Ən maraqlısı da bu idi ki, o niyə tək yaşadığı halda belə böyük, 3 nəfərlik bir motosikletə sahib idi?! Ona kiçik kuryer motosikleti və ya iki nəfərlik adi motosiklet bəs edərdi axı. Ağlıma da gəlməzdi ki, bir gün onun motosikletinə oturmaq və bu sualı ona şəxsən ünvanlamaq imkanım olacaq.

Dekabr ayının tam ortasında, soyuğun bıçaq kimi kəsdiyi günlərdən birində dərs çıxışı sonrası kəskin qarın ağrısı səbəbindən məktəb tualetində qıvrına-qıvrına qalmışdım. T də xəstələnmiş və dərsə gəlməmişdi. Bütün günümü və tualetdəki ağrılarımı təkbaşına yaşadıqdan sonra birtəhər özümü toplayıb həyətə çıxanda bizim xidmət avtobusunun artıq məktəbdən uzaqlaşdığını gördüm. Arxalarıyca nə qədər əl yelləyib çığır-bağır salsam da, fərqimə varmadılar. Məni yaddan çıxarmışdılar. Hələ davam edən ağrıyla əlim qarnımda dayanacağa sarı gedəndə düz yanımda tanış səsi eşitdim. Bu Deyşanın motosikleti idi.

Kaskanın altından səs eşidildi: “Gəl, mən səni aparım”. İlk dəfəydi, onu belə yaxından görürdüm. Dəbilqəsinin şüşəsində qəribə şəkildə buruşmuş əksimi görüb özümü toplamağa çalışdım. Əvvəlcə etiraz etdim, çünki, sözün düzü, deyəsən, mən də ondan bir qədər qorxurdum. İsrarla oturmağımı istədi. Nəhayət, çantamı kürəyimdən çıxarıb qucağıma aldım və yan oturacaqda büzüşdüm. Kəlmə kəsmədən bir xeyli yol getdik. Motorun səsi qulaq batırırdı. Qaranlıq otaqdaymışam kimi ətrafa diqqət kəsilmişdim. Açara keçirilən brelok gözümə sataşdı. Bu heyvanı biologiya kitabında görmüşdüm. Kuala. Ara küçələrdə kəskin dönüşlər etdikcə balaca kuala fiquru o yan bu yana yellənirdi. Birdən Deyşa başını mənə sarı çevirdi. Özümü itirib gözlərimi tez yellənən brelokdan çəkdim və solumdan axıb gedən mağazalara baxmağa başladım.

– Nolub? Qarnın ağrıyır? – Deyşa qəfil soruşdu.

– Nə?

– Deyirəm qarnın ağrıyır?

– Hə, bir az.

Əlini oturacağımın yanına salıb kiçik bir termos çıxardı.

– Götür iç! Yəqin, soyuqlamısan.

Qapağı açanda zəncəfil qoxulu çayın ətri məni vurdu. Soyuqda buxarlanan çaydan içə-içə öz-özümə düşünürdüm: “Səsi təsəvvür etdiyim kimi kobud deyilmiş. Əksinə mehribandır.”

Yol boyu bir çox şeyin təsəvvür etdiyim kimi olmadığını başa düşdüm. Oğrun-oğrun ona baxır, xəyal dünyam və reallıq arasındakı fərqlərdən təəccüblənirdim. Axır, gəlib çatdıq. Məni binamızla üzbəüz marketin qarşısında düşürdü. Mən təşəkkür edib uzaqlaşmaq istəyərkən dedi:

– Yaxşıca dincəl! Anana deyərsən, sənə isti şorba hazırlayar. Yaxşı?

– Mənim anam yoxdur. Nənəmlə qalıram. – qeyri-ixtiyari bu kəlmələr ağzımdan töküldü.

Duruxdu, qaldığım binaya baxdı. Kaskanın altında hansı ifadənin gizli qaldığını bilmədim.

– Onda nənənə deyərsən. – dedi və motoru işə salıb ara küçələrdə gözdən itdi.

O axşam nə düz əməlli yemək yeyə, nə də dərs oxuya bildim. Elə hey Deyşa haqqında düşünürdüm. Düzü, heç qarın ağrısını da hiss etmirdim. Özlüyümdə qərar verdim ki, bu haqda mütləq T ilə danışmalıyam. Belə də etdim.

Sabahısı olanları T-yə danışdım, lakin o mənə inanmadı. Deyşaya kiminsə yaxın düşə biləcəyini mümkünsüz sayırdı. Ona izah etməyə çalışdım ki, təsəvvürümüzdəkilər yalandır, ancaq T məni dinləmədi. Bircə yolum qalırdı. T-ni o motosikletə mindirmək. Nə olur olsun, bunu bacarmalıydım. Plan qurmağa başladım. Onun məktəb avtobusuna minməsinin qarşısını almalı, özümlə dayanacağa aparmalı və nəhayət, Deyşanın oradan keçməsini gözləməliydim.

Gün boyu T-yə tez-tez sudan, çaydan, bufetdən aldığım meyvə şirələrindən təklif etdim. Dərs çıxışında isə mənlə ayaqyoluna qədər gəlməsini istədim. Əlbəttə ki, o da içəri keçmə ehtiyacı duydu. Elə bu an barmaq uclarımda cəld içəridən çıxıb təmizlikçinin qapı yanındakı dolaba söykədiyi saplı süpürgəni T-nin qapı kilidinə bərkitdim. Ayağımla süpürgəyə dayaq oldum. Planımın geri qalanı öz axarıyla getdi. T-ni inandırmağa çalışdım ki, qapı öz-özünə kilidlənib və mən də guya açmağa kömək edirəm.

Təbii ki, biz çıxanda avtobus artıq yox idi. T mənlə dayanacağa getməyə məcbur oldu. Geriyə Deyşanın gəlməsinə ümid bağlamaq qalırdı. Hər şey gözlədiyimdən də tez baş verdi. Uzaqdan motosikletin gəldiyini görən kimi cəsarətimi toplayıb əlimi azca yuxarı qaldırdım, ancaq tez də endirdim. T nə etdiyimi anlamağa macal tapmamış motosiklet qarşımızda dayandı və Deyşa kaskanın şüşəsini qaldırıb muncuq kimi gözləriylə bizə baxdı.

– Bu dəfə ikiniz də avtobusu ötürmüsünüz? – soruşdu.

– Hə. – cavabladım.

Sonra olanları anlatmağıma ehtiyac belə yoxdur. T gözlədiyim kimi yan oturacaqda quruyub qalmışdı. Heyrətdən ağzını bıçaq açmırdı. Mən isə dediklərimin doğruluğunun isbatından zövq ala-ala Deyşanın arxasında oturub onun belindən yapışmışdım. Yol boyu özümü həm xoşbəxt, həm də bir qədər qəribə hiss edirdim. Deyşanın belini qucaqlamağımın nə mənaya gəldiyini anlamağa çalışırdım. Filmlərdəki oğlanlar kimi hiss edirdim özümü. Uşaq ağlımla, sanki Deyşanın mənim olduğuna qərar vermişdim. O vaxtlar bu hissin nə olduğunu anlaya bilməmişdim. O nişanlım, sevgilim, dostum, bacım, yoxsa anam idi? Bəlkə hamısı birdən? Bəlkə heç biri? “Əsas odur ki, xoşbəxtəm” deyə düşünüb bütün suallardan imtina etdim.

Ancaq xoşbəxtliyim çox uzun sürmədi. Növbəti gün T vacib bir məsələ ilə bağlı danışmaq istədiyini deyib məni bir küncə çəkdi.

– Anam o motosikletə mindiyimizi öyrənib. – dedi.

– Nə olsun ki?

– Dedi ki, bir də olmasın!

– Niyə?

– Çox bir şey demədi, sadəcə dedi ki, o yaxşı qız deyil. Onun yanında olmamalıyıq.

– Dəli olmusan? Soyuqda qarın ağrısından qıvrıla-qıvrıla küçələrdə qalanda məni evə aparan o oldu. Bəs dünən ikimiz də avtobusu ötürəndə bizə kim kömək etdi?

– Bilirəm. Bəs indi nə edək?

– Qulaq as, böyüklər hələ də elə bilirlər ki, Deyşa təhlükəli, pis bir adamdır. Biz onlara göstərməliyik ki, bu belə deyil. Əgər onun bizə necə kömək etdiyini hamı görsə, onda hər şeyi özləri başa düşəcəklər. Lap biz özümüz də onlarla söhbət edərik.

Həmin gün T ilə ətraflı söhbət edib axşam evə yenə Deyşayla qayıtmağa razı saldım. Bu dəfə Deyşayla aramdakı sədlərin qırıldığını, bağlarımızın gücləndiyini hiss edirdim. Onunla söhbət edib suallar verirdim. Motosiklet belində onu qucaqlamaq içimi güvən hissi ilə doldururdu. Əmin əllərdə idim və ən əsası, ilk dəfə idi ki, məni qoruyacaq, yanımda ola biləcək, problemlərimi bölüşüb birlikdə həll yolları yarada biləcəyim bir insana sahib olmağa başladığımı duymuşdum. O axşam Deyşaya üç nəfərlik motosikletlər barədə olan sualımı da verdim. O da Karl Benzlə bağlı həmin o hekayəni danışdı. Bəlkə də, hekayəni birbəbir mən yazdığım sözlərlə, mən yazdığım formada nəql etməmişdi, ancaq hər-halda mövzu da, məqsəd də eyni idi.

Bir gün daha keçdi və hər şeyin necə daha bərbad bir hal aldığının fərqinə vardım. T döyülmüşdü.

– Anam dedi ki, bir də sözündən çıxsam, lap pis olacaq. – T tənəffüsdə başını aşağı salıb sulu gözlərlə olanları danışmağa başladı. – Dedi ki, hər şeyi gedib nənənə deyəcək!

– Nənəmə?

– Hə. Üstəlik, dedi ki, özü Deyşanın ağlını başına gətirəcək.

– Bu nə deməkdir?!

– Bilmirəm! Dedi ki, əgər sən də motosikletdən əl çəkməsən bizi birlikdə oynamağa qoymayacaq.

– Axı, niyə?!

– Deyir, Deyşa yaxşı qız deyil. Siqaret çəkir, pivə içir, gecələr tək qalır. Deyir... deyir...

– Nə deyir?

T üzünü yana çevirib asta səslə deyəcəyi son sözləri də dedi:

– Deyir ki, o pozğundur!

– Pozğun?!

Qulaqlarıma inanmırdım. Bu deyilənlər doğru ola bilməzdi. Hər şey yalan idi, yalan!

T ilə dərs çıxışına qədər demək olar ki, kəlmə kəsmədik. Olanlar qarşısında deməyə sözümüz qalmamışdı. Çıxışda hamı avtobusa tərəf irəlilədi. T də hamıyla birgə. Mən yerimdən tərpənmədim. T geri çevrilib gəlmədiyimi gördü. Çarəsizcə gözlərimə baxdı. Baxışlarımızla sağollaşdıq.

Bu dəfə lap çox gözlədim, amma nəhayət küçə başından burulan motosikleti gördüm və sevincək ayağa qalxıb yola yaxınlaşdım. Deyşa kəskin tormozla düz qabağımda dayandı. Sonra kaskasını çıxardı. Saçları batan günəşdə parıldayır, balaca burnu qızarırdı. Ancaq nədənsə baxışlarını gözlərimdən yayındırırdı.

– Yenə avtobusu ötürmüsən?

– Yox, sadəcə sənlə getmək istədim.

Deyəsən bu cavabı gözləmirdi, çaşqınlığı gözlərindən bəlli oldu. Ətrafa boylandı, baxışları məktəbimin divarlarında gəzişdi. Sonra üzünü mənə tutdu:

– Qulaq as, əslində mən indi başqa yerə gedirəm. Bəlkə bu dəfə avtobusla gedəsən? Əgər üstündə pulun yoxdursa, mən verərəm.

– Yox, pulum var! Amma çox soyuqdur. Bayaqdan burdayam. Məni heç olmasa yaxın bir yerdə düşürə bilmərsən?

Deyşa iç çəkib o yan-bu yana baxdı.

– Həm də qarnım ağrıyır! – bunu yalan dedim.

– Yaxşı, otur getdik.

Sevincimin hüdudu yox idi. Yan oturacaq boş olsa da, Deyşanı qucaqlaya bilmək üçün arxa oturacaqda oturdum. O da heç nə demədi. Saçları daşda bitən güllər kimi kaskanın altından çıxıb üzümə toxunurdu. O an T-nin dediklərini düşündüm. İstədim Deyşaya bütün olanları söyləyib həqiqətləri öyrənim, ancaq demədim. Bir şeyi anlamışdım. Anlamışdım ki, mən artıq Deyşanı sevirəm. O lap, doğurdan da, siqaret çəkib içki içirsə belə, mən yenə onu sevirəm. Əlbəttə bunlar pis vərdişlərdir, ancaq əgər onu sevirəmsə və əgər bu içki, siqaret məsələləri həqiqətdirsə, onda mən özüm Deyşanın bu pis vərdişlərdən uzaq durmağına, onları tərgitməyinə kömək etməliyəm. Sevgimi göstərməliyəm. Qaldı ki, onun haqqında deyilən başqa nalayiq ifadələrə, bunların heç birinə inanmayacaqdım. Artıq Deyşanı tanıyırdım. Onun necə biri olduğunu ona uzaqdan baxıb yaxın durmayan, dalınca danışan ikiüzlülər yox, mən bilə bilərdim. Bir də ki, zamanla hər şeydən danışıb bir-birimizi daha yaxşı tanıyacaqdıq. Uşaq qəlbim mənə bunları dedikcə Deyşanı daha möhkəm qucaqladım, yanağımı kürəyinə qoydum. Ürək döyüntülərini hiss edirdim. Elə bil qəlbi yerindən çıxacaqdı. Mənə elə gəldi ki, bədəni şam kimi titrəyir. Yoxsa külək məni aldadırdı?!

– Üşüyürsən? – ondan soruşdum.

– Yox. – boğuq səslə cavab verdi. – Üşümürəm.

Yanacaqdoldurma məntəqəsində saxladı. İkimizə də isti şorba aldı. Həm motosikletin, həm də özümüzün qarnını doyurduq və yenidən yola düşdük. Biz metrostansiyaya çatanda yağış yağmağa başlamışdı. Stansiya çıxışında saxladı.

– Yaxşı, hələlik, burdan o yana özün getməli olacaqsan.

Kaskanın şüşəsindən damcılar süzülürdü. Sağollaşdıq. Çantamı başıma tutub evə yüyürdüm.

Sonrasını yazmaq, nələrin baş verdiyini danışmaq mənim üçün hər nə qədər ağır olsa da, deməliyəm.

Evə gələn kimi nənəm məni o ki var döydü. Anasının T-yə dediyi şeylərin eynisini nənəm də mənə dedi. Nənəm qoca qadın idi, qarşı qoya bilərdim, lakin alınmadı. Uşaq ürəyim içinə düşdüyü vəlvələdən, iyrənclikdən titrəkləşib daha da cılızlaşdı. Sanki hər şey bir uşağın heç vaxt anlaya bilməyəcəyi, böyüklüyü və bulanıqlığı içində boğulacağı şeylərdən hörülmüşdü. İnsanları belə qəzəbli görməmişdim. Dünya artıq mən bilən dünya deyildi. Bütün sözlər mənim lüğətimdən kənarda dayanmışdı. Ağlaya-ağlaya pəncərəmdən Deyşanın mənzilinə baxdım. İşıqları yanırdı. Yalan demişdi, başqa yerə yox, elə birbaşa evə getmişdi. Yavaş-yavaş böyüklərin real dünyasını anlayırdım. Yalan və gizlilik.

Növbəti gün müəllimlərimin ağzından çıxan heç nəyə qulaq vermir, T ilə danışmır, səssizcə son dərsin son zəngini gözləyirdim. Əslində nəyi gözlədiyimi özüm də başa düşmürdüm. Daha nə olacaqdı ki? Nə ola bilərdi?

Çıxış zəngi ürəyimi saldı. Sərxoş halda partamdan qalxdım. Dumanlı fikirlərlə küçəyə çıxdım. Sıraya girən uşaqlar bir-bir avtobusa minirdi. Hər kəsi özümdən qabağa buraxırdım. Bir müddət daha küçə başına baxdım. Çiskinli havada hər şey bulanıq idi. Qəfil bu bulanıqlıq içindən uzaqda dayanmış motosikleti gözlərim seçdi. Ürəyim çırpındı. Ancaq motosiklet yerindən tərpənmirdi. Gözlərimi çəkmədən dayanacağa doğru bir-iki addım atdım. Elə bu vaxt motosiklet hərəkətə gəldi, sürət götürdü, mənə doğru istiqamət aldı, sonra qəfil burulub sol küçəyə girdi və gözdən itdi. Siqnal səsi məni ayıltdı. Hamı yerini almışdı, bir mən qalmışdım. Avtobusa mindim. Yalnız ən arxa oturacaqlarda boş yer qalmışdı. Avtobusun qapısı bağlandı. Başımı aşağı salıb arxaya keçəcəkdim ki, sürücümüz Hikmət dayı məni çağırdı. Ona yaxınlaşdım. Alçaq səslə dedi:

– İndicə qəşəng bir qız bunu mənə verdi və dedi ki, sənə çatdırım. – gülə-gülə ovcuma nəsə basıb əlimi bərk-bərk sıxdı. – Hə, indi keç yerini al, gedək.

Uşaqların səs-küyü, gülüş dolu söhbətləri arasından keçib arxaya doğru irəliləyə-irəliləyə ovcumu açdım. Bu brelok idi. Kuala breloku. Yerimdə oturdum. Avtobus tərpəndi. Çevrilib arxa şüşədən son dəfə baxdım küçəyə. Çantamı çıxardım, yerimi rahatladım. Yanağımdan bir neçə damcı ovcuma – brelokun üstünə düşüb əridi. Avtobus sürət götürdü. Breloku çantamın zəncirbəndinə bərkitdim. Evə yollandıq.

Bu Deyşanı son görüşüm idi. Uzaqdan da olsa. Onu bir daha görən olmadı. 13-cü mərtəbənin pəncərələri uzun müddət qaranlığa gömüldü. Deyşa hara getdi? Nə vaxt getdi? Heç kim bilmədi. Qeybdən gəldiyi kimi, birdən-birə qeybə də çəkildi.

 

Bu hadisələrin üstündən illər keçib, çox şey dəyişib. Artıq evliyəm və bir oğlum var. Nənəm torpaq altına, T isə Avropaya yollandı. Mən elə indi də Qarayev metrosu yaxınlığında yaşayıram. Oğlum özəl liseylərdən birində təhsil alır, həyat yoldaşım atçılıq mərkəzində çapar kimi yarışlara çıxır, mənsə vəkiləm. Qısası həyatımdan narazı deyiləm. Uşaqlığımda baş verən bu hadisələri yazmaq ehtiyacı isə sonralar baş qaldırdı. Belə ki, mən uzun müddət sonra təsadüfən öyrəndim ki, üç nəfərlik motosikletlər heç də Deyşanın mənə danışdığı hekayədəki kimi yaranmayıbmış. Ümumiyyətlə, Karl Benzin bu məsələyə heç aidiyyatı yoxdur. Benzlər ilk avtomobili ortalığa çıxaranda artıq uşaqları da varmış. Özü də, doğmaca, nə az, nə çox, düz 5 uşaq. Üç nəfərlik motosiklet ideyası isə Jean Bertoux adında bir fransız ordu zabitinə məxsusdur. Belə başa düşdüm ki, bu motosikletlər elə ən çox müharibənin işinə yarayıb. Britaniyalılar pulemyotlarını qoymağa yer axtaranda görüblər ki, belə bir motosikletin yan oturacağına qoysalar elə yollarını gedə-gedə istədikləri yerə rahatca atəş aça bilərlər. Nəysə, bax belə. Üzülməyin, Karl Benzlə olan  hekayənin çox şirin olduğunu mən də bilirəm, amma nə etmək olar?! Həqiqətlər şirin deyil. Düşünürəm, görəsən, Deyşa mənə həqiqəti olduğu kimi desə, nə olardı ki? Yoxsa onun özünü də aldatmışdılar? Nə bilim. 11 yaşlı uşağa həqiqətləri olduğu kimi deməyin çətinliyi bir yana, doğruluğu da sual altındadır. Şirin bir yalanla uşaq qəlbini isitmək, onu bu yolla “yaxşı bir insana” çevirməyə çalışmaq...

Maşında orta güzgüdən arxada oturmuş oğluma baxıram. Onun dünyayla bağlarının vaxtından tez qırılmaması naminə neçə cür yalan danışmışam? Sağımda oturan arvadıma baxıram. Görəsən, o neçə şirin yalan sayıb mənim ovcuma? Bu arada öz maşınım daxil bugünkü maşınların əksəriyyəti 4 nəfərlikdir. Mənim ailəmsə 3 nəfərlik. Orta güzgüdən oğluma baxdığım kimi oğlumun yanındakı həmin o bir nəfərlik boşluğa da baxıram hərdən. Qoca Deyşanı orada xəyal edirəm. Saçları küləkdə uçuşur, burnunun ucu qızarır. Bu qədər şeyi danışmışkən bir sirri də aşkara çıxarım artıq: nənəmi belə xatırlamağa çətinlik çəkdiyim bu yaşımda, olmayan anamı təsəvvür etməyə çalışarkən gözlərimin qarşısında Deyşa dayanır.

Bir vaxtlar bel çantamda yırğalanan kuala isə indi maşınımın açarından yapışıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.