BİRİ İKİSİNDƏ - Allahşükür Ağanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Allahşükür Ağanındır.

 

 

PƏNCƏRƏDƏ HƏYAT

 

Pəncərədən gözəl görünür həyat,

Baxıb deyərsən ki,

Mən də uşaqlar kimi qartopu oynaya bilərdim,

Amma istəmədim.

Atları elə çapardım ki,

Ayaqların səsində tanış bir ritmi tuta bilərdim.

Dedim, nəyimə lazım,

Mən ki onu əbədi saxlaya bilməyəcəm.

Pəncərədən baxırsan, sanki

Qatarda yorğun bir bələdçi ilə söhbət eləyirsən.

Məsələn, qatar Bakıya saat neçədə çatır,

Sualını verirsən.

Onsuz da özün bilirsən.

Ancaq onun deməyi sənə ləzzət eləyir.

Pəncərədən baxırsan,

Pişik pəncəsini yalayır.

Qovsan onu, ancaq qar üstündə

Ayaq izləri qalar.

Baxıb düşünürsən:

Bu pişiyin nə gözəl xətti var.

 

 

PƏNCƏRƏDƏN GÖZƏL GÖRÜNÜR PAYIZ...

 

Ayrılıqlar yağır meşəyə,

Kirpiklər toxunur şüşəyə,

Uzaqdan, lap uzaqdan,

Gözəl səslənir nəğmə.

 

Ayrılıqlar yağır meşəyə,

Küləklər yarpağı endirir göyə.

Uzaqdan gözəl görünür  payız,

Xüsusən pəncərədən baxanda.

 

Ayrılıqlar yağır meşəyə,

Quşlar ayrılığı qaldırır göyə,

Lakin  ayaqlarının şəkilləri

Payız yağışıtək  tökülür gölə.

Uzaqdan gözəl görünür ayaqlar...

 

Ayrılıqlar yağır meşəyə,

Pəncərədən gözəl görünür payız.

Bəlkə də, payız deyir,

Pəncərədə gözəl görünür bir qız...

 

 

QÜRBƏT

 

İçimi üşüdür qürbət,

Mən vətəndən uzaqda deyiləm axı,

Bəs nədir içimi yeyən?

O buz dağı.

 

Bir dostum da var –

Adı da Qürbət,

Şirin söhbət,

Dili şərbət,

Başdan-ayağa sevgi –

məhəbbət.

 

Buralar od tutub yanır,

Bəs məni üşüdən nədir, görən?

Barmaqlarım sanki buz kimi,

Sallanır əllərimdən.

 

Gözlərim donmuş damcıdır,

Nə vaxt isinər, görən?

 

Lap uzaqda bir ayrılıq var,

Bax,onu indidən

Görürəm mən.

Qorxudan

Donuram

Mən...

 

 

XOŞBƏXTLİK

 

Könlüm deyir ki,

Bir saman qoxusu olsa,

Burnunun ucuna tutub

Xoşbəxtlik  iksiri  kimi

Yaşamaq olar.

 

Könlüm deyir ki,

Dükanın qabağında çömələn pişiyin

Xoşbəxtliyini  düşünə bilsən,

Bütün bazarı

Evinə daşımaq olar.

 

İndi evə əlidolu  gedirəm,

Bu gün bir uşağın  atasının əlindən tutub

Atıla-atıla getdiyini  görmüşəm.

Gözlərim bu xoşbəxtliyi gördüyünəgörə

Allaha min dəfə şükür eləmişəm.

Düşünürəm, elə beləcə də yatacam,

Uşaqlarım üzümdə  

Həmin uşağı görüb sevinəcəklər,

Bugünlük bəsimdi...

 

 

QAPI AÇARAM İŞIĞA

 

Divara qurban olum,

Sirr yaşayır daşında.

Bir vaxt türmə divarıydı,

Müşfiq var yaddaşında.

 

Divarın o üzündə,

Adam gəzir gün işığı.

Bir çiçək boy atıbdı,

Boynunda sarmaşığı.

 

Suvağının altında

Gizli şeirlər yazılıb.

Şipşirin arzuların

Qəbri divarda qazılıb.

 

Əlimi sürtdüm divara,

Döndüm qərib aşığa.

Dırnağımla qazaram,

Qapı açaram işığa.

 

 

BİR SAATA QAYIDIRAM

 

Açılan  səhərlərin atəş üzünə and olsun,

Mən öləndən sonra yazıram şeirlərimi.

Məsələn, bir saatlıq ölürəm.

Gedib  şeir gətirirəm bir saatlığa,

Çiçək dəstələri kimi,

Sonra dirilirəm.

 

Mənim  şeirlərim bu dünyada olmur,

Ölürəm, açılır başqa bir sabah,

Başqa bir pəncərə…

Ölməklə sağ olmağın arasında

Nazik bir qapı var.

Nə kilidi var, nə  açarı.

Gedirəm, açılır,

Gəlirəm,

Bağlanır.

Dayanın, bir dəqiqə,

Yenə  gedirəm

Sizə şeir gətirməyə.

Burda olun,

Bir saata qayıdıram.

 

 

TOP-XATİRƏ

 

Uşaqlıq illərində

ev dərdi,

maşın dərdi,

çörək dərdi

bilməzdim.

Bütün qayğılardan da uzağıydım

atalı,

analı uşaqlar kimi.

 

Öz dünyama qapılardım.

Dan yerinin sökülməsini

həsrətlə gözləyərdim.

Qızarmış üfüq günəşi top kimi atardı

göy üzünə.

Günəş uçardı rəqib qapısına –

günbatana...

 

 

NƏĞMƏ

 

Quzu otaranın,

Dərsə gedənin,

Gedən qatarın,

Şeiri çap olunmayan şairin

Dodağında bir göyərmiş nəğmə var...

 

Adamı o nəğmə yaman yandırır,

Nə quzular başa düşər onu,

Nə getdiyi məktəb,

Nə sərnişin,

Nə də oxucu.

 

İllah ki, şair kənd şairi ola,

İllah da  biləsən  bu quzuları qəssablar sevir,

Qatarlar səni ayırır

Və kənd adamları deyirlər,

Əsl şair şəhərdə yaşayar,

Allahşükür, səni yandıracaq

Bu nəğmə,

Başına çarə qıl...

 

 

ŞƏKİL

 

Mən səni yadımda belə saxladım,

Danışıb eləmə, şəkil kimi qal.

Əlini tərpətmə, gəl keç yanımdan,

Gördün, darıxırsan, xəyallara dal.

 

Şəklin xəyalları çox dərin olur,

Nəyi düşünürsən, götür özünə.

Guya ki, bu səhər gəlin köçürsən,

Şəklini örtüktək dur çək üzünə.

 

Gözündə qəribə kədər varıydı,

Güldürmə, qoy elə eləcə qalsın.

Xalqın gəlinləri böyüyüb getsin,

Qoy mənim sevdiyim balaca qalsın.

 

Bir axşam üzündə qəmi sındırıb,

Anan söyləməsin Allaha şükür.

Bax onda gözündə şəklini cırıb,

Verər küləklərə bu Allahşükür...

 

 

AXTARIŞ

 

Soyuqdan soruşuram:

– İstiliyin hanı?

– Şimşəkdə qalıb, – deyir.

Şimşəkdən soruşuram:

– İstiliyin hanı?

– Günəşdə qalıb, – deyir.

Günəşdən soruşuram:

– Şəfəqin hanı?

– Körpə bu uşaqda qalıb, – deyir.

Körpədən soruşuram,

Gülümsünür...

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.