Super User
Bığlı nənələrin balladası
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
-Aaa, Aybəniz, salam, necəsən?
-Salam Nuray, yaxşıyam, sən necəsən?
-Çox sağol. Mən də, bildiyin kimi. Deyəsən nişanlanmısan, hə?
-Aha, yaraşıbmı?
-Həə, sarı saç sənə çox yaraşır. Anam deyir ki, nişanlan, sənin saçına da baxarıq.
-İnanırsan, elə mənimki də o fikirdə idi.
Anlamıram güya, saçını boyayan qızların hamısı evlidir?
-Yox canım. Sadəcə bilirsən axı, rayon yerində belə şeylərə pis baxırlar.
-Deyəsən bu adət elə qədimlərdən gəlib bu günümüzə qədər çıxıb.
-Hə, anamın cavanlığına baxıram o da, qız vaxtı nə qaşını alıb, nə də ki, saçını boyayıb.
-İnanırsan, nənələrimiz heç evlənənə qədər bığlarını da almayıblar.
-O vaxtın tərbiyəsi başqa idi axı.
Əfsuslar olsun ki, tərbiyə deyiləndə bu cəmiyyətdə ancaq qadınlar, güc deyəndə ancaq kişilər məsuliyyət daşımalı olur. Ancaq ki, bu mentalitetin qəlibləşmiş düşüncələri zaman keçdikcə inkişaf edə bilib ki, günümüzdə qadın-kişi arasında güc və tərbiyə bölgüsü çox da aparılmır. Ümumiyyətlə, bu, heç də ədalətli bir prinsip olmazdı. Həqiqətdə isə yaşlı nənələrdən gələn qızı gəlindən ayıra bilmək üçün istifadə olunan "tük fərqi" taktikası əlbət ki, öz doğruluğunu tapmamışdır. Məsələ burasındadır ki, cəmiyyətdə formalaşan bir şəxsiyyətin mühafizəkar və ya sərbəst bir ailədə böyüməsindən müəyyən dərəcə asılı olmasına rəğmən insanlar seçimləri qarşısında sərbəst, əqidələri qarşısında cavabdehdirlər. Buraxın hər kəs özü üçün əxlaq çərçivəsi təyin etsin. Əgər əxlaqlı və tərbiyəli cəmiyyət görmək istəyirsinizsə öz qəlbinizə ayna tutun.
Və lütfən düşüncələrinizi davranışlarınıza uyğun idarə edin.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
“Cümə günü Əbülfəzqızının 10 sualı ilə"də Elvin İntiqamoğlu
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı yaradıcımız- AYB-nin üzvü, Prezident təqaüdçüsü, "14-cü qızılgül" şeirlər kitabının müəllifi Elvin İntiqamoğludur.
Xoş gördük, dəyərli Elvin bəy. Bilirəm ki, Siz də filoloqsunuz və həmkarımla söhbət çox maraqlı olacaq. "Vaxt qızıldır" ifadəsinə riayət edib suallarımıza keçid edirəm.
1) " Səssizlik ağacında dinclik meyvələri yetişər." ( A. Şopenhaur)
Elvin İntiqamoğlunun sükutunu pozan hansı amillər ola bilər? Onu özündən nə asanlıqla çıxara bilir?
-İlk növbədə bir məsələni qeyd edim ki, mən kimləsə fikir mübadiləsi aparanda çox vaxt dediklərimdən sonra nümunə çəkməyi xoşlayıram. Mənə elə gəlir ki, fikrimi hər hansısa misalla əsaslandırmasam, teorem aksiomsuz qalacaq və qarşı tərəf düzgün başa düşməyəcək. Bu faktı ona görə dedim ki, ümid edirəm siz də "məsələn"lərimdən bezməyəcəksiniz.
Suala gəldikdə, iki amil var ki, onlar məni çox zaman asanlıqla özümdən çıxarmağa qadirdir. Bunlardan birincisi, şəxsi həyatımla bağlı mənə ünvanlanmış lazımsız sual törəmələridir. Məsələn, biri soruşur ki: "Harada işləyirsən?", deyirəm: "Sumqayıt şəhər Poeziya Evi"ndə. Burası təbiidir və gözləniləndir. Sonra əlavə edir ki: "Nə qədər maaş alırsan?" və ya "Orada nə iş görürsən?" Baxın, bunlar artıq törəmələrdir. Maraqlı olan işləməyim və işlədiyim yerdir, ondan sonra deyəcəklərim bekarçılıqdan yaranan vaxt itkisidir.
İkincisi də, mənə aid olmayan işin israrla müsbət qarşılığı olmadan mənə tapşırılmasıdır. Hə, yəqin fikirləşirsiniz ki, kömək etmək mənim xarakterimə ziddir. Xeyr, elə deyil, israrla görüləsi iş "kömək" belə deyil, sadəcə səni "asılı" olduğun nələrləsə təngə gətirməkdir.
2) Zəhər şirinləşib, ilan dəyişib,
saat soldan gedir, zaman dəyişib.
Aman Allah, dünya yaman dəyişib,
söyüd ağacından bəhər asılıb...
( Elvin İntiqamoğlu)
Elvin bəy, gözləriniz “istəmədiyi səhnələri görəndə" dodağınız nə pıçıldayır?
-Həyatdı da, yaşayırıq...
3) F. Dostoyevskinin "Cinayət və Cəza" kitabında belə cümlə ilə rastlaşmışdım: "Sevgidən fərqli olaraq nifrətin saxtası olmaz."
Elvin bəy, saxta sevgi və " təmiz nifrət" - hansı ifadəni seçirsiniz və niyə? Fikrinizi əsaslandırın, zəhmət olmasa.
-Bu sualın cavabı elə istifadə etdiyiniz epitetlərdən məlumdur. Saxta sözünün özlüyündə nə qədər saxtalıq varsa, təmiz sözünün özündə də bir o qədər təmizlik var. İkiüzlü insanların sifəti kimi bu iki sifət də eyni çəkiyə gələ bilməz.
Hə, bir də ki, saxta sevgidə salamat baş saxlamaq hər adamın bacaracağı iş deyil, ancaq təmiz nifrəti oyatmaq da, qazanmaq da su içmək qədər asandır, sadəcə gərək qədərində içəsən...
4) Kişinin həyatı boyu
içindədir kədər payı,
Qadının gözünün suyu
Arazdan Kürəcəndi.
(Elvin İntiqamoğlu)
Elvin bəy, kişilərə niyə ağlamaq “qadağandır"?
Şeirinizdə göz yaşları dərya olan xanımları gördük, bəylərin də ürəyi ətdəndir axı...
-Düzdür, folklorumuzda "Kişilər ağlamaz" cümləsi var. Ancaq atalar bu ağlamağı nə mənada deyib? Çoxumuz bunun fərqinə varmırıq. Mən əminəm ki, "Kişilər ağlamaz" deyən atanın özü belə nə vaxtsa ağlayıb, ancaq gözündən yaş axıtmayıb. Mənə elə gəlir ki, o atalar sözünün sətraltı mənası elə məhz budur. Kişilər içində ağlayır, gözdən yaş axıtmaq qadınlara məxsusdur. Kişinin gözdən yaş axıtmamağı qürur göstəricisidir, kişi-qadın bərabərliyinin tərs mütənasib variantıdır. Məsələn: Şəhidin dəfn mərasimində içində ağlayan şəhid atası bayrağımızı öpüb "Vətən sağ olsun" deyir, ağlamır, şəhid anası içində "Vətən sağ olsun" deyir, ağlayır.
İndi də kişilərin gözdən yaş axıtdığını görmək çətindir, ancaq həssas həyati məsələlərdə bu da anlaşılandır. Məsələn: valideynini itirən kişi daxili aləminə güc gələ bilmədiyindən sarsıntısı göz yaşından hiss olunur.
Gördüyünüz kimi, şəhid atası (və ya doğmaları) və ailə itkisi yaşayan biri "göz yaşı" qadağasından azaddır, ona mənəvi cərimə tətbiq etmək özü bir mənəviyyatsızlıqdır.
5) Şair dostlarınızdan qəlbinizə dəyən olanda sözləri silah edirsiniz, yoxsa, susqunluqda hikmət var deyib, özləri nə vaxtsa, anlayar söyləyirsiniz?
-Mən bir az hay-küylü adamam, amma tez əsəbləşib tez də sakitləşənəm. Hirsli anlarımda hərdən özümdən asılı olmadan, hərdən də haqlı yerə sözü silah edirəm. Məsələn, hansısa şair dostuma səs tonumu qaldıranda deyir: "Elvin, olan şeydi, düzələcək də". Öz-özümə düşünürəm ki, düz deyir də, niyə coşuram ki? Əsas odur ki, kin saxlayan biri deyiləm, gedəndə qapını çırpmıram deyə, qayıdanda da ürəklə döyürəm.
6) Elvin bəy, bilirik ki, 44 günlük müharibədə Siz də xəsarət almısınız, tağımınızın giziri Həsrət Quliyev döyüş gedən ərazidən şəhid Mədinov Rəşidin nəşini çıxararkən düşmən snayperinə tuş gələndə boğazından yaralanıb, Həsrət bəyi hərbi tibb maşınına aparanlardan biri də siz olmusunuz.
Ölümlə üz-üzə gələn zaman özünüzə sualınız nə oldu? Ya da, həmin anlarda ürəyiniz ritmlərlə nəyi beyninizə nəql edirdi?
-Orada hadisələr elə sürətlə cərəyan edirdi ki, çox vaxt özümə sual vermək bir yana, heç nəyi düşünmürdüm. Yadımda qalanlardan biri odur ki, Cəbrayılda təcili yardım maşınları var-gəl edirdi. Bəlkə də, yeganə o səhnədir ki, özümə sual vermişdim ki: "Görəsən, mən evə necə qayıdacam: təcili yardımla, ya yol maşınıyla?"
Ürəyimin ağlıma pas ötürdüyü yeganə bir cümlə bu idi: Hamımız evə sağ-salamat qayıtmayacağıq. Çünki, 2020-ci ilə qədər baş tutan lənətə gəlmiş müharibələrin heç birində hamı sağ qayıtmayıb. Çox təəssüf ki, yenə elə oldu.
7) Ziqmund Freyd söyləyib ki: "Diqqət görməyən hər şey ölür. Duyğular, münasibətlər hətta çiçəklər."
Nəzərə alsaq ki, Elvin bəy yaradıcıdır, deməli, daha həssas qəlbə sahibdir. Bu həssas qəlb qırılanda ahlar misralarında öz əksini tapırmı?
Elə bu dəqiqə o misraları Elvin bəy söyləyərmi?
-Əslində, şairə şeir yazdıran, rəssama rəsm çəkdirən qəlb qırıntısı deyil, xəyal qırıntılarıdır. Belə deyək də, məsələn, yolda, həqiqətən, pula ehtiyacı olan biri bizə əlini uzadır, biz də onu bəziləri kimi saxtakar bilib əliboş qoyuruq. Biz əl hərəkətimizlə onun qəlbini qırırıq, ancaq o, şeir yazmır, rəsm çəkmir.
Məncə, qəlb qırmaq xəyalların üstündən xətt çəkməkdən yaxşıdır.
Yaradıcılıqla məşğul olan insanın xəyalı (uşaqlıq xəyalı, gənclik xəyalı və s.) alt-üst olur, qəlbinin altı da yaxşı vəziyyətdə qalır, üstü də.
Mənə qaldıqda, xəyal qırıntılarımı xatırlayanda (o ruhda olanda) cızma-qara etməyə çalışıram. Nə dərəcədə alındığını bilməsəm də, rahatlaşıram.
Müəllifini bilmədiyim bu iki misra dilimin əzbəridir:
İndi də peşmanam yox dediyimə,
Ömrümdə bir dəfə hə deməliydim.
8) Günəşə həsrətlə baxır,
Ömrümün cavanlığı.
İşığın yerin tapın,
Söndürün qaranlığı.
(Elvin İntiqamoğlu)
Elvin bəy, təzadsız həyat olmaz. Həyatınızın çətin anlarında səbriniz gücünü göstərirmi, yoxsa, "diz üstə çöküb" imdad diləyir?
-Həyati məsələlərdə, əhəmiyyətli qərar qəbuletmə məqamlarında özümlə yola gedə bilirəm. Təbii ki, hər şey səbirlə yekunlaşmır, ayaq üstündə kömək istədiyim yaxınlarım da olur.
9) Mahatma Qandi söyləyib ki: " İnsanlıq bir okeandır. Bəzi adamlar çirklidir deyə bütün okean çirklənərmi heç?"
Elvin İntiqamoğlu çirklənmiş insanların "təmizə çıxması" üçün nəyi tövsiyə edərdi?
-Həyatı dərk etmək lazımdır... Həyatı sevmək, önəmsəmək, qorumaq, tərifləmək, nazıyla oynamaq lazım deyil, həyatı dərk etmək lazımdır. Yalnız bu halda oyunun hesabını xeyrinə dəyişə bilərsən.
10) Qadın var ki, şəfəq saçır,
qadın da var, zülmət açır.
Qadın var ki, adam qaçır,
qadın da var, şeir kimi.
(Elvin İntiqamoğlu)
Elvin bəy, çox maraqlıdır, şeirinizdəki "adamı özündən qaçıran" qadın obrazının xarakterik xüsusiyyətləri hansılardır?
-Mən sayım, siz qulaq asın. Zarafat edirəm, həmsöhbətimin qadın olduğunu bilə-bilə uzun siyahı təqdim edərəmmi heç? Həm də ehtiyat edirəm ki, bir-bir saysam, deyərsiz ki, guya siz kişilər də hər şey normaldı da?
Birini desəm, bəs edər. Hansısa mühitdə olmaq istədiyi kimi ola bilməyən qadınlardan qaçıram. Məsələn: deyib-gülməyi xoşlayır, ancaq azsaylı cəmiyyətdə (sinif yoldaşları, tələbə yoldaşları, iş yoldaşları) ciddidir, nəyisə bəyənir, ancaq beş-on nəfər içində bəyənmirəm deyir. Mən buna sünilik kimi baxıram. Onsuz da gec-tez xasiyyət bəlli olur. İkili siyasət məcburdur ki?
-Dəyərli Elvin bəy, rubrikamızın qonağı olduğunuz üçün Sizə minnətdarıq və ənənəvi sual- hansı sualımızı daha çox bəyəndiniz?
-Mən də dəvətə görə sizə öz adımdan minnətdaram, layihənizə də uğurlar arzu edirəm. Ən çox xoşladığım və cavab verməyə nisbətən çətinlik çəkdiyim sual dördüncü mərtəbədə yaşayırdı.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
“Hədis kimi neçə-neçə qız bu savaşda həyatını itirir, amma izləri qalır”
“Hədis” animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş azərbaycanlı qız Hədis Nəcəfiyə həsr edilib. Ekran əsəri gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithafdır.
Lalə Azəri bu cizgi filminin müəllifi, gənc rejissor Nəzrin Ağamalıyevadan müsahibə götürüb.
“Ədəbiyyat və incəsənət” portalı həmin müsahibəni diqqətinizə çatdırır.
NƏZRİNİN TƏQDİMATI
Nəzrin 1999-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bakalavr təhsili alıb. Bir müddət dizayner kimi çalışıb. Daha sonra yaradıcı fəaliyyətini animasiya sahəsində davam etdirib. Praqadakı FAMU Universitetində animasiya kinosu üzrə təhsil alıb. Azərbaycan Animasiya Assosiasiyasının təsisçilərindən biridir. Bu il Bakıda 6-cı dəfə keçirilən “Animafilm” Beynəlxalq Animasiya Festivalının art-direktorudur.
MÜSAHİBƏ
– İxtisasınız iqtisadiyyat olsa da, animasiya və rəssamlığa meyil etmisiniz. Sizi bu sahəyə nə istiqamətləndirdi?
– İqtisadiyyat sahəsini seçməyim ailəm üçün də gözlənilməz olmuşdu. Nədənsə, orta məktəbin son sinfində bu qərara gəldim. Amma birinci kursda oxuyanda başa düşdüm ki, mənim sahəm deyil və incəsənətlə məşğul olmağa başladım. Uşaqlıqdan rəsmlər çəkirdim. Valideynlərim 3 yaşımdan məni rəsm kurslarına qoymuşdular.
– Niyə məhz animasiya?
– Məncə, bir çox rəssamların arzusudur ki, yaratdıqları sənət əsərləri canlansın. Mən də onlardan biriyəm. Hələ uşaq yaşlarımdan cizgi filmlərinin necə çəkilməsi ilə maraqlanırdım, axtarışlar edirdim. Animasiyanı da buna görə seçdim və narazı deyiləm.
– Animator olmaq üçün kino təhsili mütləqdir?
– Animator, animasiya rejissoru olmaq üçün kino təhsili mütləqdir. Bəlkə də ali məktəb olmadan da öyrənmək olar. Amma düşünürəm ki, insanın özünü inkişaf etdirməsi çox önəmlidir. Çünki animasiya sahəsində də ildən-ilə, hətta deyərdim ki, aydan-aya çox maraqlı texniki yeniliklər baş verir. Bu, fərq eləmir; ya ustad dərsi olsun, ya ali təhsil. Mən Praqada Kino Akademiyasında təhsilimi böyük fürsət kimi dəyərləndirirəm.
– Dizayner, art-direktor və rejissor. Bu işləri çatdırmağa vaxt olur?
– İşləri bölürəm. Məsələn, festival olan il dizayn işi növbədə gözləyir. Daha çox festivalla məşğul oluram. İlin ikinci yarısında rejissor kimi layihələrimi işləyirəm. Çətindir, amma maraqlıdır.
– Gələk “Hədis” filminə. Bu film çox uğur qazanıb. O, həyatınıza, sənət yolunuza nə gətirdi?
– Əslində, böyük bir təcrübə gətirdi. İlk filmin bu qədər uğurlu olacağını düşünmürdüm. Amma 25-dən çox festivalda təqdim olundu. Bunlardan üçü – Annecy, Busan və “Animest” çox əhəmiyyətli festivallardır. Əgər film bunlardan birində qalib seçilsə, avtomatik olaraq, Oskar mükafatının uzun siyahısına düşə bilərsiniz. Məni ən çox sevindirən filmə baxan insanların geri dönüşləridir. Filmlə bağlı çoxsaylı müsbət fikirlər almağım mənə fərəh gətirir.
– “Hədis”in davamı olacaqmı?
– Filmdə sonluğu əvvəldə göstərmişik. Bu o deməkdir ki, Hədis kimi neçə-neçə qız bu savaşda həyatını itirir, amma izləri qalır. Hədis sonluqda deyir ki, bu alovdan sənə də bir od düşsün. Bu, əslində, onun bizə bir çağırışıdır. O, etnik və mədəni ayrı-seçkiliyə yox deyir.
– Hazırda üzərində işlədiyiniz film varmı?
– Çoxlu layihələrim var, hamısını başa çatdırmaq istəyirəm. Bilmirəm, hamısına enerjim çatacaq, ya yox, onu zaman göstərəcək. Hazırda sənədli animasiya üzərində işləyirəm. Bu, psixoloji qadın xəstəlikləri ilə bağlı filmdir.
– Builki “Animafilm” festivalı ilə bağlı təəssüratınız necədir?
– Altı ilin təcrübəsinə dayanaraq deyərdim ki, komanda və festival artıq tam formalaşıb. Bu, bizi çox sevindirir. Çox yaxşı və səmərəli işlər görülür. Builki festivalda xarici animatorlarla yerli mütəxəssislərin görüşü çox əhəmiyyətli oldu. Peşəkar və həvəskar animatorlar tanınmış mütəxəssislərlə görüşlərindən məmnun qaldılar. Gələcəkdə də bu kimi səmərəli fəaliyyəti davam etdirəcəyik.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
“Azərbaycan” jurnalının 10-cu nömrəsi çıxıb
Azərbaycan Yazıçılar Birliyinin mətbi orqanı olan “Azərbaycan" jurnalının növbəti nörmrəsi işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalına jurnalın əməkdaşı Vüsal Nurunun verdiyi məlumata görə, jurnalın bu buraxılışı bütövlükdə teatra həsr olunub.
Xüsusi buraxılışda Azərbaycan və əcnəbi teatrları haqqında rejissorların maraqlı söhbətləri, yerli və xarici müəlliflərin pyesləri dərc olunub.
Vüsal Nuru deyir: “Bir sözlə, jurnalı sizin üçün səhnəyə çevirdik, oturun tamaşa eləyin, ləzzət alın.”
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Fuad Muradov: Gələn ilə qədər daha 10 Azərbaycan evi açılacaq
Bu gün 20-dən çox ölkədə Azərbaycan evləri fəaliyyət göstərir. Gələn ilə qədər daha 10 Azərbaycan evi açılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov oktyabrın 25-də “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Azərbaycan–Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbirdə deyib.
Prezident İlham Əliyevin tapşırığı əsasında həm xaricdə yaşayan yeni nəsil diaspor üçün, həm də tanınmış simalarımız üçün xüsusi proqramların və layihələrin həyata keçirildiyini deyən F.Muradov bildirib ki, uşaqların Azərbaycan dilini öyrənməsi üçün 80-dən çox şənbə və bazar məktəbləri təsis olunub.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Tarixi yer hara, pir hara?
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Sizə ərz eləyəcəyim bu vaqeə baş verib Qazax rayonunun Cəfərli kəndində. Kəndin tam orta məktəbində.
Müəllimin yuxarı sinif şagirdlərini tarixi yerlərə ekskursiyaya aparacağı xəbərinə hər bir şagird ürəkdən sevinib.
Amma onları gətiriblər bu şəkildəki nəhəng ağacın yanına. Mövhumata görə Dilək ağacı adlanan bu ağac yerli əhalinin pir bilib səcdə elədiyi bir ünvandır.
Burda kim nə diləyirsə yerinə yetir - illərlə bu inam mövcuddur.
Bizim işimiz Dilək ağacı ilə deyil əsla.
Bizim işimiz uşaqları ora aparan müəllim ilədir.
3-cü minillikdəyik, ay müəllim. Pir hara, tarixi yer hara?
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Günün fotosu: Azərbaycan-Türkiyə birgə hərbi təlimi
Günün fotosu: Azərbaycan-Türkiyə birgə hərbi təlimi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Budur, oktyabrın 23-25-də keçirilən “Mustafa Kamal Atatürk - 2023” Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimi başa çatdı.
İki qardaş ölkə sərhədlərindəki düşmənlərə güc və birlik nümayiş etdirdilər.
Mən şəxsən qürur duydum.
Foto: AzərTAC
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ
S/n |
Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri |
Qəbulun keçirildiyi şəhər, rayon |
Əhatə olunan şəhər və rayonlar |
Qəbulun keçirildiyi gün |
1. |
Baş prokuror Kamran Əliyev |
Abşeron |
Abşeron, Zəngilan |
02 |
2. |
Ədliyyə naziri Fikrət Məmmədov |
Cəlilabad |
Cəlilabad, Biləsuvar, Cəbrayıl |
03 |
3. |
Mədəniyyət naziri Adil Kərimli |
Tərtər |
Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa |
03 |
4. |
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev |
Naftalan |
Naftalan, Goranboy, Xocalı |
04 |
5. |
Gənclər və idman naziri Fərid Qayıbov |
Zaqatala |
Zaqatala, Balakən |
07 |
6. |
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev |
Salyan |
Salyan, Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar |
14 |
7. |
Daxili işlər naziri Vilayət Eyvazov |
Gəncə |
Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Kəlbəcər, Xocalı |
15 |
8. |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev |
Beyləqan |
Beyləqan, Füzuli, Xocavənd |
17 |
9. |
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov |
Şirvan |
Şirvan, Hacıqabul |
22 |
10. |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev |
Ağdam (Quzanlı qəsəbəsi) |
Ağdam, Bərdə |
22 |
11. |
Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov |
Şəki |
Şəki, Qax |
23 |
12. |
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev |
Şəmkir |
Şəmkir, Gədəbəy |
23 |
13. |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı |
Sabirabad |
Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd |
23 |
14. |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov |
Ağdam (Quzanlı qəsəbəsi) |
Ağdam, Ağcabədi, Laçın |
23 |
15. |
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev |
Quba |
Quba, Qusar |
23 |
16. |
Elm və təhsil naziri Emin Əmrullayev |
Naxçıvan |
Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur |
24 |
17. |
Energetika naziri Pərviz Şahbazov |
Sabirabad |
Sabirabad, Şirvan, Hacıqabul, Saatlı, İmişli |
24 |
18. |
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov |
Quba |
Quba, Qusar |
24 |
19. |
İqtisadiyyat naziri Mikayıl Cabbarov |
Yevlax |
Yevlax, Mingəçevir |
24 |
20. |
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov |
Ağsu |
Ağsu, İsmayıllı |
24 |
21. |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova |
Şirvan |
Şirvan, Hacıqabul |
24 |
22. |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov |
Bərdə |
Bərdə, Naftalan, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın, Xocalı |
24 |
23. |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov |
Sumqayıt |
Sumqayıt, Qubadlı |
24 |
24. |
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli |
Qax |
Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən |
24 |
25. |
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov |
Şabran |
Şabran, Siyəzən |
24 |
26. |
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev |
Tovuz |
Tovuz, Ağstafa, Qazax |
24 |
27. |
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev |
İmişli |
İmişli, Beyləqan |
30 |
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Zamanın şikayətləri - ESSE
Gülnaz, “Ədəbiyyat və incəsənət”
Ey insan övladı, axı sizə neyləmişəm?! Əqrəblərim ki sizi sancmayıb. Nə günah iş tutmuşam ki, məndən bu qədər giley-güzar edirsiniz?! Mən ki heç bir saniyə də dayanmayıram, öz işimi layiqincə yerinə yetirirəm. Bəsdir daha məndən şikayətləndiniz. İndi növbə mənimdir. Qulaq verin sözlərimə.
Daima mənə əmr edirsiniz. Axı mən sizin qulunuz deyiləm. Gah deyirsiniz: "durma, qaç,", gah: "elə buradaca qal, heç yana tərpənmə", gah da: "elə yavaş get ki, qarışqalar həsəd aparsın" - buyurursunuz. Anlamayırsınız ki, məni idarə etmək sizə yaraşmaz. Siz mənə uyğun hərəkət edəsiniz gərək.
Adətən,: "zaman yetişmədi" - deyə məni şərləyirsiniz. O dəmdə mən özümü təhqir olunmuş sayıram. "Axı mən gəlmişdim, siz harada idiniz?" deyib qışqırmaq istəyirəm.
Keçmişə də, indiyə də söz edirsiniz. Keçmiş olmasaydı, bu gün gələcəyin planlarında təcrübəli olmazdınız.
Bəlkə də bəziləriniz sözlərimi qəbul etmirsiniz. Eyib etməz. Mən zamanam. Siz qocalanda mən də müdrikləşərəm...
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)
Qarabağda aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın təmin olunması məsələləri müzakirə edilib
Oktyabrın 25-də Qarabağ Dirçəliş Fondunun və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə "İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda tədbir keçirilib.
AzərTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə təməlini qoyduğu və açılışını etdiyi obyektlərə, ümumilikdə həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dair videoçarx nümayiş etdirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini də cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir. Ölkədə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir.
Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə də dövlət vəsaiti hesabına, o cümlədən QDF-in maliyyə dəstəyi ilə icra olunan layihələrdə şəffaflıq və rəqabətlilik prinsiplərinin qorunması xüsusi önəm daşıyır. Qarabağ Dirçəliş Fondu özü də bütün mal və xidmətləri dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq açıq tender və digər müvafiq üsullar şəklində həyata keçirir. Biz, ilk növbədə, mədəni-tarixi abidələrin, ekologiyamızın bərpa olunması istiqamətində çalışırıq.
Milli Xalça Muzeyinin Şuşa filialının binasının bərpa olunduğunu bildirən R.Hacıyev deyib: “Bundan əlavə, “Şahbulaq” qalası bizim maliyyə dəstəyimiz hesabına bərpa olunur, qalanın ətrafında müasir turizm infrastrukturu yaradılacaq. Həmçinin Ağdamda olan Pənahəli xanın İmarət kompleksi layihəsinə də start verilib”.
Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib ki, Agentliyin yaradılması Vətən müharibəsindən sonra formalaşan yeni geosiyasi reallıqlar fonunda qeyri-hökumət təşkilatlarının inkişafı üçün yeni mərhələnin başlanğıcıdır.
Onun sözlərinə görə, dövlət qurumları vətəndaş cəmiyyətinin ən yaxın tərəfdaşıdır. Özəl sektorla da vətəndaş cəmiyyətinin əməkdaşlığının genişləndirilməsi çox önəmlidir. 2024-cü il qrant müsabiqələrinə Cənubi Qafqazda sülh və etimad quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi məsələsinin salınması növbəti il üçün bu istiqamətlərdə maraqlı təşəbbüslərin dəstəklənməsinə şərait yaradacaq.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov və digər çıxışçılar da işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən danışaraq, şəffaflığın və rəqabətliliyin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Çıxışlardan sonra Qarabağ Dirçəliş Fondunun 2023-cü ildəki fəaliyyətinə dair qısa videoçarx nümayiş etdirilib.
Sonra tədbir müzakirələrlə davam edib. Müzakirələr zamanı işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi, bunda vətəndaş cəmiyyəti institutlarının rolu və digər mövzular ətrafında fikir və təkliflər səsləndirilib.
Müzakirələrin yekunu olaraq cəmiyyətdəki neqativ hallara qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi qərara alınıb.
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)