“Hədis kimi neçə-neçə qız bu savaşda həyatını itirir, amma izləri qalır”

 

“Hədis” animasiya filmi 2022-ci il sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş azərbaycanlı qız Hədis Nəcəfiyə həsr edilib. Ekran əsəri gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithafdır.

Lalə Azəri bu cizgi filminin müəllifi, gənc rejissor Nəzrin Ağamalıyevadan müsahibə götürüb. 

“Ədəbiyyat və incəsənət” portalı həmin müsahibəni diqqətinizə çatdırır. 

 

NƏZRİNİN TƏQDİMATI

 

Nəzrin 1999-cu ildə anadan olub. Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bakalavr təhsili alıb. Bir müddət dizayner kimi çalışıb. Daha sonra yaradıcı fəaliyyətini animasiya sahəsində davam etdirib. Praqadakı FAMU Universitetində animasiya kinosu üzrə təhsil alıb. Azərbaycan Animasiya Assosiasiyasının təsisçilərindən biridir. Bu il Bakıda 6-cı dəfə keçirilən “Animafilm” Beynəlxalq Animasiya Festivalının art-direktorudur.

 

MÜSAHİBƏ

 

– İxtisasınız iqtisadiyyat olsa da, animasiya və rəssamlığa meyil etmisiniz. Sizi bu sahəyə nə istiqamətləndirdi?

 

– İqtisadiyyat sahəsini seçməyim ailəm üçün də gözlənilməz olmuşdu. Nədənsə, orta məktəbin son sinfində bu qərara gəldim. Amma birinci kursda oxuyanda başa düşdüm ki, mənim sahəm deyil və incəsənətlə məşğul olmağa başladım. Uşaqlıqdan rəsmlər çəkirdim. Valideynlərim 3 yaşımdan məni rəsm kurslarına qoymuşdular.

 

– Niyə məhz animasiya?

 

– Məncə, bir çox rəssamların arzusudur ki, yaratdıqları sənət əsərləri canlansın. Mən də onlardan biriyəm. Hələ uşaq yaşlarımdan cizgi filmlərinin necə çəkilməsi ilə maraqlanırdım, axtarışlar edirdim. Animasiyanı da buna görə seçdim və narazı deyiləm.

 

– Animator olmaq üçün kino təhsili mütləqdir?

 

– Animator, animasiya rejissoru olmaq üçün kino təhsili mütləqdir. Bəlkə də ali məktəb olmadan da öyrənmək olar. Amma düşünürəm ki, insanın özünü inkişaf etdirməsi çox önəmlidir. Çünki animasiya sahəsində də ildən-ilə, hətta deyərdim ki, aydan-aya çox maraqlı texniki yeniliklər baş verir. Bu, fərq eləmir; ya ustad dərsi olsun, ya ali təhsil. Mən Praqada Kino Akademiyasında təhsilimi böyük fürsət kimi dəyərləndirirəm. 

 

– Dizayner, art-direktor və rejissor. Bu işləri çatdırmağa vaxt olur?

 

– İşləri bölürəm. Məsələn, festival olan il dizayn işi növbədə gözləyir. Daha çox festivalla məşğul oluram. İlin ikinci yarısında rejissor kimi layihələrimi işləyirəm. Çətindir, amma maraqlıdır.

 

– Gələk “Hədis” filminə. Bu film çox uğur qazanıb. O, həyatınıza, sənət yolunuza nə gətirdi?

 

– Əslində, böyük bir təcrübə gətirdi. İlk filmin bu qədər uğurlu olacağını düşünmürdüm. Amma 25-dən çox festivalda təqdim olundu. Bunlardan üçü – Annecy, Busan və “Animest” çox əhəmiyyətli festivallardır. Əgər film bunlardan birində qalib seçilsə, avtomatik olaraq, Oskar mükafatının uzun siyahısına düşə bilərsiniz. Məni ən çox sevindirən filmə baxan insanların geri dönüşləridir. Filmlə bağlı çoxsaylı müsbət fikirlər almağım mənə fərəh gətirir.

 

– “Hədis”in davamı olacaqmı?

 

– Filmdə sonluğu əvvəldə göstərmişik. Bu o deməkdir ki, Hədis kimi neçə-neçə qız bu savaşda həyatını itirir, amma izləri qalır. Hədis sonluqda deyir ki, bu alovdan sənə də bir od düşsün. Bu, əslində, onun bizə bir çağırışıdır. O, etnik və mədəni ayrı-seçkiliyə yox deyir.

 

– Hazırda üzərində işlədiyiniz film varmı?

 

– Çoxlu layihələrim var, hamısını başa çatdırmaq istəyirəm. Bilmirəm, hamısına enerjim çatacaq, ya yox, onu zaman göstərəcək. Hazırda sənədli animasiya üzərində işləyirəm. Bu, psixoloji qadın xəstəlikləri ilə bağlı filmdir.

 

– Builki “Animafilm” festivalı ilə bağlı təəssüratınız necədir?

 

– Altı ilin təcrübəsinə dayanaraq deyərdim ki, komanda və festival artıq tam formalaşıb. Bu, bizi çox sevindirir. Çox yaxşı və səmərəli işlər görülür. Builki festivalda xarici animatorlarla yerli mütəxəssislərin görüşü çox əhəmiyyətli oldu. Peşəkar və həvəskar animatorlar tanınmış mütəxəssislərlə görüşlərindən məmnun qaldılar. Gələcəkdə də bu kimi səmərəli fəaliyyəti davam etdirəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.