“Cümə günü Əbülfəzqızının 10 sualı ilə"də Elvin İntiqamoğlu Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Bu dəfə  "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı yaradıcımız- AYB-nin üzvü, Prezident təqaüdçüsü, "14-cü qızılgül"  şeirlər kitabının müəllifi Elvin İntiqamoğludur.

Xoş gördük, dəyərli Elvin bəy.  Bilirəm ki, Siz də filoloqsunuz və həmkarımla söhbət çox maraqlı olacaq. "Vaxt qızıldır" ifadəsinə riayət edib suallarımıza keçid edirəm.

 

1) " Səssizlik ağacında dinclik meyvələri yetişər." ( A. Şopenhaur)

Elvin İntiqamoğlunun sükutunu pozan hansı amillər ola bilər? Onu özündən nə asanlıqla çıxara bilir?

 

-İlk növbədə bir məsələni qeyd edim ki, mən kimləsə fikir mübadiləsi aparanda çox vaxt dediklərimdən sonra nümunə çəkməyi xoşlayıram. Mənə elə gəlir ki, fikrimi hər hansısa misalla əsaslandırmasam, teorem aksiomsuz qalacaq və qarşı tərəf düzgün başa düşməyəcək. Bu faktı ona görə dedim ki, ümid edirəm siz də "məsələn"lərimdən bezməyəcəksiniz.

Suala gəldikdə, iki amil var ki, onlar məni çox zaman asanlıqla özümdən çıxarmağa qadirdir. Bunlardan birincisi, şəxsi həyatımla bağlı mənə ünvanlanmış lazımsız sual törəmələridir. Məsələn, biri soruşur ki: "Harada işləyirsən?", deyirəm: "Sumqayıt şəhər Poeziya Evi"ndə. Burası təbiidir və gözləniləndir. Sonra əlavə edir ki: "Nə qədər maaş alırsan?" və ya "Orada nə iş görürsən?" Baxın, bunlar artıq törəmələrdir. Maraqlı olan işləməyim və işlədiyim yerdir, ondan sonra deyəcəklərim bekarçılıqdan yaranan vaxt itkisidir.

İkincisi də, mənə aid olmayan işin israrla müsbət qarşılığı olmadan mənə tapşırılmasıdır. Hə, yəqin fikirləşirsiniz ki, kömək etmək mənim xarakterimə ziddir. Xeyr, elə deyil, israrla görüləsi iş "kömək" belə deyil, sadəcə səni "asılı" olduğun nələrləsə təngə gətirməkdir.

 

2) Zəhər şirinləşib, ilan dəyişib,

saat soldan gedir, zaman dəyişib.

Aman Allah, dünya yaman dəyişib,

söyüd ağacından  bəhər asılıb... 

( Elvin İntiqamoğlu)

Elvin bəy, gözləriniz “istəmədiyi səhnələri görəndə"  dodağınız nə pıçıldayır?

 

-Həyatdı da, yaşayırıq...

 

3) F. Dostoyevskinin "Cinayət və Cəza" kitabında belə cümlə ilə rastlaşmışdım: "Sevgidən fərqli olaraq nifrətin saxtası olmaz."

Elvin bəy, saxta sevgi və " təmiz nifrət" - hansı ifadəni seçirsiniz və niyə? Fikrinizi əsaslandırın, zəhmət olmasa.

 

-Bu sualın cavabı elə istifadə etdiyiniz epitetlərdən məlumdur. Saxta sözünün özlüyündə nə qədər saxtalıq varsa, təmiz sözünün özündə də bir o qədər təmizlik var. İkiüzlü insanların sifəti kimi bu iki sifət də eyni çəkiyə gələ bilməz.

Hə, bir də ki, saxta sevgidə salamat baş saxlamaq hər adamın bacaracağı iş deyil, ancaq təmiz nifrəti oyatmaq da, qazanmaq da su içmək qədər asandır, sadəcə gərək qədərində içəsən...

 

4) Kişinin həyatı boyu

     içindədir kədər payı,

     Qadının gözünün suyu 

     Arazdan Kürəcəndi. 

(Elvin İntiqamoğlu)

Elvin bəy, kişilərə niyə ağlamaq “qadağandır"?

Şeirinizdə göz yaşları dərya olan xanımları gördük, bəylərin də ürəyi ətdəndir axı...

 

-Düzdür, folklorumuzda "Kişilər ağlamaz" cümləsi var. Ancaq atalar bu ağlamağı nə mənada deyib? Çoxumuz bunun fərqinə varmırıq. Mən əminəm ki, "Kişilər ağlamaz" deyən atanın özü belə nə vaxtsa ağlayıb, ancaq gözündən yaş axıtmayıb. Mənə elə gəlir ki, o atalar sözünün sətraltı mənası elə məhz budur. Kişilər içində ağlayır, gözdən yaş axıtmaq qadınlara məxsusdur. Kişinin gözdən yaş axıtmamağı qürur göstəricisidir, kişi-qadın bərabərliyinin tərs mütənasib variantıdır. Məsələn: Şəhidin dəfn mərasimində içində ağlayan şəhid atası bayrağımızı öpüb "Vətən sağ olsun" deyir, ağlamır, şəhid anası içində "Vətən sağ olsun" deyir, ağlayır.

İndi də kişilərin gözdən yaş axıtdığını görmək çətindir,  ancaq həssas həyati məsələlərdə bu da anlaşılandır. Məsələn: valideynini itirən kişi daxili aləminə güc gələ bilmədiyindən sarsıntısı göz yaşından hiss olunur. 

Gördüyünüz kimi, şəhid atası (və ya doğmaları) və ailə itkisi yaşayan biri "göz yaşı" qadağasından azaddır, ona mənəvi cərimə tətbiq etmək özü bir mənəviyyatsızlıqdır.

 

5) Şair dostlarınızdan qəlbinizə dəyən olanda sözləri silah edirsiniz, yoxsa, susqunluqda hikmət var deyib, özləri nə vaxtsa, anlayar söyləyirsiniz?

 

-Mən bir az hay-küylü adamam, amma tez əsəbləşib tez də sakitləşənəm. Hirsli anlarımda hərdən özümdən asılı olmadan, hərdən də haqlı yerə sözü silah edirəm. Məsələn, hansısa şair dostuma səs tonumu qaldıranda deyir: "Elvin, olan şeydi, düzələcək də". Öz-özümə düşünürəm ki, düz deyir də, niyə coşuram ki? Əsas odur ki, kin saxlayan biri deyiləm, gedəndə qapını çırpmıram deyə, qayıdanda da ürəklə döyürəm.

 

6) Elvin bəy, bilirik ki, 44 günlük müharibədə Siz də xəsarət almısınız, tağımınızın giziri Həsrət Quliyev döyüş gedən ərazidən şəhid  Mədinov Rəşidin nəşini çıxararkən düşmən snayperinə tuş gələndə boğazından yaralanıb, Həsrət bəyi hərbi tibb maşınına aparanlardan biri də siz olmusunuz.

Ölümlə üz-üzə gələn zaman özünüzə sualınız nə oldu? Ya da, həmin anlarda ürəyiniz ritmlərlə nəyi beyninizə nəql edirdi?

 

-Orada hadisələr elə sürətlə cərəyan edirdi ki, çox vaxt özümə sual vermək bir yana, heç nəyi düşünmürdüm. Yadımda qalanlardan biri odur ki, Cəbrayılda təcili yardım maşınları var-gəl edirdi. Bəlkə də, yeganə o səhnədir ki, özümə sual vermişdim ki: "Görəsən, mən evə necə qayıdacam: təcili yardımla, ya yol maşınıyla?"

Ürəyimin ağlıma pas ötürdüyü yeganə bir cümlə bu idi: Hamımız evə sağ-salamat qayıtmayacağıq. Çünki, 2020-ci ilə qədər baş tutan lənətə gəlmiş müharibələrin heç birində hamı sağ qayıtmayıb. Çox təəssüf ki, yenə elə oldu.

 

7)  Ziqmund Freyd söyləyib ki: "Diqqət görməyən hər şey ölür. Duyğular, münasibətlər hətta çiçəklər."

Nəzərə alsaq ki, Elvin bəy yaradıcıdır,  deməli, daha həssas qəlbə sahibdir. Bu həssas qəlb qırılanda ahlar misralarında öz əksini tapırmı?

Elə bu dəqiqə o misraları Elvin bəy söyləyərmi?

 

-Əslində, şairə şeir yazdıran, rəssama rəsm çəkdirən qəlb qırıntısı deyil, xəyal qırıntılarıdır. Belə deyək də, məsələn, yolda, həqiqətən, pula ehtiyacı olan biri bizə əlini uzadır, biz də onu bəziləri kimi saxtakar bilib əliboş qoyuruq. Biz əl hərəkətimizlə onun qəlbini qırırıq, ancaq o, şeir yazmır, rəsm çəkmir. 

Məncə, qəlb qırmaq xəyalların üstündən xətt çəkməkdən yaxşıdır.

Yaradıcılıqla məşğul olan insanın xəyalı (uşaqlıq xəyalı, gənclik xəyalı və s.) alt-üst olur, qəlbinin altı da yaxşı vəziyyətdə qalır, üstü də.

Mənə qaldıqda, xəyal qırıntılarımı xatırlayanda (o ruhda olanda) cızma-qara etməyə çalışıram. Nə dərəcədə alındığını bilməsəm də, rahatlaşıram. 

Müəllifini bilmədiyim bu iki misra dilimin əzbəridir:

İndi də peşmanam yox dediyimə,

Ömrümdə bir dəfə hə deməliydim.

 

8)  Günəşə həsrətlə baxır,

Ömrümün cavanlığı.

İşığın yerin tapın,

Söndürün qaranlığı. 

(Elvin İntiqamoğlu)

 

Elvin bəy, təzadsız həyat olmaz.  Həyatınızın çətin anlarında səbriniz gücünü göstərirmi, yoxsa, "diz üstə çöküb" imdad diləyir?

 

-Həyati məsələlərdə, əhəmiyyətli qərar qəbuletmə məqamlarında özümlə yola gedə bilirəm. Təbii ki, hər şey səbirlə yekunlaşmır, ayaq üstündə kömək istədiyim yaxınlarım da olur.

 

9) Mahatma  Qandi söyləyib ki: " İnsanlıq bir okeandır. Bəzi adamlar çirklidir deyə bütün okean çirklənərmi heç?"

Elvin İntiqamoğlu çirklənmiş insanların "təmizə çıxması" üçün nəyi tövsiyə edərdi?

 

-Həyatı dərk etmək lazımdır... Həyatı sevmək, önəmsəmək, qorumaq, tərifləmək, nazıyla oynamaq lazım deyil, həyatı dərk etmək lazımdır. Yalnız bu halda oyunun hesabını xeyrinə dəyişə bilərsən.

 

10)  Qadın var ki, şəfəq saçır,

qadın da var, zülmət açır.

Qadın var ki, adam qaçır,

qadın da var, şeir kimi. 

(Elvin  İntiqamoğlu)

Elvin bəy, çox maraqlıdır, şeirinizdəki  "adamı özündən qaçıran" qadın obrazının xarakterik xüsusiyyətləri hansılardır?

 

-Mən sayım, siz qulaq asın. Zarafat edirəm, həmsöhbətimin qadın olduğunu bilə-bilə uzun siyahı təqdim edərəmmi heç? Həm də ehtiyat edirəm ki, bir-bir saysam, deyərsiz ki, guya siz kişilər də hər şey normaldı da?

Birini desəm, bəs edər. Hansısa mühitdə olmaq istədiyi kimi ola bilməyən qadınlardan qaçıram. Məsələn: deyib-gülməyi xoşlayır, ancaq azsaylı cəmiyyətdə (sinif yoldaşları, tələbə yoldaşları, iş yoldaşları) ciddidir, nəyisə bəyənir, ancaq beş-on nəfər içində bəyənmirəm deyir. Mən buna sünilik kimi baxıram. Onsuz da gec-tez xasiyyət bəlli olur. İkili siyasət məcburdur ki?

 

-Dəyərli Elvin bəy, rubrikamızın qonağı olduğunuz üçün Sizə minnətdarıq və ənənəvi sual- hansı sualımızı daha çox bəyəndiniz?

 

-Mən də dəvətə görə sizə öz adımdan minnətdaram, layihənizə də uğurlar arzu edirəm. Ən çox xoşladığım və cavab verməyə nisbətən çətinlik çəkdiyim sual dördüncü mərtəbədə yaşayırdı.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.