Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Hər bir söz öz informativ mənasında işlənməlidirmi? Bu sözlər əks mənanı bildirmək gücünə malikdirmi? Maraqlı suallara daxil edilən bir sual...
Bəzən beyində öz informativ mənasını sübüt edən sözlər qəlbin gözündə ayrı cür təsvir olunur.
Gəlin bu sözlərdən bir neçəsi ilə tanış olaq.
"Uzaq" sözü. Gözlərinizi yumun, Sizə uzaq olan, amma hər zaman qəlbinizdə olan birini düşünün. Fərqi yoxdur, o dostdur, sağdır, ölüdür, ya qeyri- birisidir. Əsas odur ki, onun varlığı Sizin varlığınızda nişanədir...
Hə, indi O Sizə uzaq oldu, ya yaxın? Düşünürəm ki, uzaq adı altında "pərdəyə bürünən yaxın" oldu.
Keçək "həqiqət" sözünə. Neçə yalan həqiqət pərdəsi ilə həqiqəti sarsıtmaq istədi, lakin əvvəllər bacarsa da, sonra məyusluğa qucaq açdı. Qəlb gözü ilə görənlər "Saxta həqiqəti" bir baxış ilə sezdilər. "Daşqəlbli" çağırdılar. Amma, anlamadılar ki, bu "daşqəlbli" əvvəllər, bəlkə də, ən həssasqəlbli insan idi. Onun qəlbinin yumşaqlığından istifadə edib hər küncünü bərkitmək üçün daş divarlar hördülər. İndi kimdir daşqəlbli? Qəlbi daşla hörülənmi, ya daşları düzənlər?
“Gülən sima" Sizi cəlb etdimi? Bu sima dünyanın ən xoşbəxt siması rolunu mükəmməl oynayırdı, lakin bu simadakı gözlər qəlbdəki ağrını istəməsə də, bildirməkdə idi.
Bəs dil necə? Hər zaman həqiqətimi dedi? Bəzən o , məcbur olduğu üçün danışdı, bəzən isə məcbur qalıb susdu... Nə qəribədir, bəzi anlarda fikrimizi gizlətmək üçün danışırıq.
Eh, suallar, təzadlar elə çoxdur ki, düşündükcə düşüncə dəryasında yoxa çıxırsan. Ən əsas odur ki, Səbri unutmayaq, səbirli davranaq və addımlarımızın istiqamətini "100 ölç 1 biç" prinsipi ilə ataq.
Çox güman ki, bu zaman sözlərin informativ mənası məcazi mənada işlənməz. Kaş ki, bütün məcazlar bədii üslubu "gəlin kimi" bəzəmək üçün işlədilsin!
“Ədəbiyyat və incəsənət”
(30.10.2023)