Noyabrın 1-də I Beynəlxalq TÜRKSOY Teatr Festivalı açılacaq

 

Noyabrın 1-dən 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək. Bu möhtəşəm festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək.

 

“Ədəbiyyat və incəsənət” portalına TÜRKSOY-dan daxil olan məlumata görə festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edəcək.

Festivalda, həmçinin Türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri bir araya gələcək, qardaş ölkələrdə bu sahənin inkişaf məsələləri müzakirə olunacaq.

Beynəlxalq tədbir çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, festival münasibətilə TÜRKSOY-un sədri Sultan Rayev sabah Bakıya gələcək. 

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.