Qazaxıstan Rəssamlar İttifaqına müasir Azərbaycan rəssamlarının tabloları hədiyyə ediləcək

Qazaxıstan Respublikası Rəssamlar İttifaqının 90 illik yubileyi il əlaqədar və birgə keçiriləcək sərgi çərçivəsində Azərbaycan Rəssamlar İttifaqı müasir Azərbaycan rəssamlarının əsərlərini qazax həmkarlarına hədiyyə edəcək. Həmin rəsm əsərləri Abılxan Kasteyev adına Qazaxıstan Dövlət İncəsənət Muzeyi və Qazaxıstan Milli Muzeyi eksponatlarının bir hissəsi olacaq.

 

Azərbaycan Rəssamlar İttifaqından AzərTAC-a bildiriblər ki, noyabrın 7-də Almatı şəhərindəki Qazaxıstan Dövlət İncəsənət Muzeyində qazax rəssamlarının ən yaxşı əsərlərinin təqdim ediləcəyi yubiley sərgisinin açılışı olacaq. Dekabrın 13-də isə həmin sərgi ölkənin paytaxtı Astanada – Qazaxıstan Milli Muzeyində nümayiş olunacaq. Sərginin ekspozisiyasına, həmçinin tanınmış azərbaycanlı rəssamların da rəsmləri daxil ediləcək.

Qazaxıstandakı sərgiyə Nazim Rəhmanovun (“Ana və uşaq”, 2009), Həmzə Abdullayevin (“Abşeronda bahar”, 2023), Bəhram Xəlilovun (“City Red Medit”, 2001), Adil Yusifovun (“Gəmi”, 2020) rəsmləri göndəriləcək.

Azərbaycan Rəssamlar İttifaqı 90 illik yubiley münasibətilə ünvanladığı təbrik məktubunda Qazaxıstan Rəssamlar İttifaqına ən səmimi arzularını çatdırıb və son illər Mərkəzi Asiya regionunun qardaş ölkələri ilə Azərbaycan arasında genişlənən mədəni mübadiləni alqışladığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2013)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.