Şəmil Sadiq yazır
ANAİB təşkilatının sədri Şəmil Sadiq Şarja şəhərində düzənlənən nəşriyyat işi ilə ilişgili beynəlxalq tədbirdə - Şarja Naşirlər Konftansında iştirak edir. O, öz təəssüratlarını “Ədəbiyyat və incəsənət” portalının oxucularına çatdırır:
-Nəşriyyat sektoru ilə bağlı beynəlxalq tədbirlərdə iştirak etdikcə, adam düşünür ki, biz bu sektorda nə qədər geridəyik ilahi. Təəssüflər olsun ki, uzun illərdir, nə Mədəniyyət Nazirliyi, nə də bu sahədə olan şəxslər maarifləndirici işlər görməyib, məktəb formalaşdırmayıb. Bizdə kitab deyəndə, müəllif və mətbəə xatırlanır, adətən. Amma sektorun o qədər incəlikləri, o qədər dərinlikləri var ki, bu gün bu sahədə mütəxəssilərimiz yoxdur.
Bu gün ölkəmizdə əksər nəşriyyat və ya naşir, sadəcə xaricdən bir-iki müəlliflik hüququ almaqla işini bitmiş hesab edir. Onunla da müəyyən gəlir əldə edib, gününü keçirir. Bizim nəşriyyat sektorunun problemləri o qədər dərindədir ki, yaxın illərdə bunu aradan qaldırmaq belə mümkün deyil.
Kitab İndustiriyasında kitab marketinqi yox, müəllif hüquqları agentliyi yox, kitab satış meneceri yox, dizayn, qrafika məktəbi yox, yox ki yox.
BƏƏ-də keçirlən Şarja Naşirlər konfransında ölkəmizi 5 nəşriyyat təmsil edir. Bu, bildiyiniz kitab sərgisi deyil, bu, naşirlərin üz-üzə görüşü, bir-birinə kitab təklifidir. İlk onu deyim ki, burda naşirlərdən daha çox müəllif hüquqları alıb satan agentliklər üçün daha faydalıdır və dünyanın bir çox ölkəsindən nəşriyyatları təmsil edən agentliklər gəlir. Ağlamalı orasıdır ki, bizim ölkədə müəllif hüquqları alıb satan bir dənə də agentlik yoxdur. Bir iki şəxs var ki, bu mövzuda bir az bilgilidir, vəssalam. Şarja dünyada məşhurdur bu sahədə. Layihənin maraqlı tərəfi həm də odur ki, burda bir-birindən kitab alıb satanlara fond olaraq kitabın öz ölkəndə çapı üçün maliyyə dəstəyi də verilir. Bundan əlavə hər bir ölkənin özünün dəstək proqramı var, yəni öz ölkəsinin ədəbiyatının təbliği üçün dövlət vəsait ayırır ki, sən mənim ədəbiyyatımı öz ölkəndə çap etsən, onun tərcümə və ya digər xərclərini mən qarşılayıram. Bu bir dövlət proqramıdır. Amma və lakin, bizim ölkəmizin dəstək proqramı da yoxdur. Əsərlərimizi təqdim edir, təbliğ edirik, ilk sual budur, ölkənizdə dəstək proqramı varmı, utanaraq, kədərli şəkildə yox deyirik. Azərbaycanı varlı ölkə kimi tanıyırlar, ona görə də ilk sual bu olur, “riili?”. Başımızı sallayaraq deyirik, bəli ‘’riili’’.
Düzdür, kitab da bir biznesdir, amma onun biznes olmasından öncəki funksiyası maarifçilikdir. Ona görə də müəyyən təşviqlər olmalıdır, heç bir zaman bizim naşirlərin, müəlliflərin bu cür tədbirlərə qatılmasına dövlət dəstəyi olmadı. Hər kəs öz imkanı ilə gedir. Heç bir zaman naşirləri yığıb QHT-lər qədər dəstək vermədilər ki, iştirak edin, ölkəmizin mədəniyyətini təbliğ edin, kitab satın. Bununla bağlı ciddi təlimlərə, treyninqlərə, seminarlara ehtiyac var. Bizim məmur yazarlar da bu sahədə heç bir iş görməyib təssüflər olsun ki. Sadəcə öz kitablarını öz siyasi güclərindən istifadə edib tanıdıqları nəşriyyatlarda çap etdiriblər. Bununla da işlərini bitmiş hesab ediblər…
İnanın adamın ürəyi ağrıyır, bu işlərlə bizdən öncəki nəsil yaxından tanış olub, nə AYB-si, Nə Tərcümə Mərkəzi, Nə Mədəniyyət nazirliyi niyə bu institutun, bu sistemin yaradılmasına maraqlı olamyıblar? Axı bizlərdən daha ağıllı, daha bacarıqlı idilər. Adlarını deməsəm də, hamınız yaxşı tanıyırsınız o şəxsləri, biri sinəsini ortaya verib, bunları dövlətə təklif etmədi, nəinki dövlətə, öz imkanları ilə də edə bilərdirlər, amma etməyiblər. Səriştəsizcəsinə, boynubükük şəkildə onun-bunun ağzına baxırıq. Amma ANAİB yaranandan bir-birimizi həvəsləndirir, məlumatlandırır, nəsə etməyə çalışırıq, ümid edirəm, formalaşmaqda olan gənc naşirlər bu proseslərə ciddi şəkildə qol çırmalayıb qoşulacaqlar. Təkcə kitab almağa yox, hazırladıqları layihələrlə, yerli müəlliflərin əsərləri ilə gələcəklər. Bacarmırıq, bizlik deyil demək yanlışdır. MİMTA yayınları Konfransda iştirak edir, Efiyopiyalı bir naşir onların kitablarının üz qapaqlarını görüb, çox bəyənib, təklif edir ki, biz sizə üz qapağı sifariş etmək istəyirik. Qədim Qala Nəşriyyatı öz menecerlərini göndərib, Elnarə xanım bu işlərin çox yaxşı bilicisidir və ciddi əlaqələri var, hamımıza ətraflı məlumatlar verir, bilgiləndirir. Yəni bacarıqsız deyilik, bilgisizik!
Cırmaq-cırmaq Azərbaycan nəşriyatçılığına yeni hava gətirməyə çalışırıq. Ümid edirəm ki, ANAİB-in gənc komandası birlik olaraq bu prosesi çiyninə götürdüyü kimi, şərəflə də daşıyacaq. Sevindirici haldır ki, 5 il bundan öncəyə qədər bu işləri bir, maksimum iki nəşriyya edirdisə, artıq hər dəfəsində 5-10 Azərbaycan nəşriyyatı iştirak edir, nələrəsə cəhd edir. Görürük, götürürük, edəcəyik.
Hazırda BƏƏ-nin Şarja şəhərində tədbirin təəəssüratları ilə Azərbaycan Naşirlər forumunun layihəsini hazırlayırıq.
“Ədəbiyyat və incəsənət”
(31.10.2023)