5 min hektarlıq ərazimi geri istəyirəm! Featured

İbrahim Nəbioğlu yazır

 

“Ədəbiyyat və incəsənət” portalı Türkiyədə yaşayan tanınmış jurnalist İbrahim Nəbioğlunun bir zamanlar Qazax rayonunun ermənilərə pay verilmiş torpaqlarından bəhs edən “5 min hektarlıq ərzimi geri istəyirəm!” yazısını təqdim edir. 

 

 

Bir neçə gün idi ki, ağlıma sürəkli Qazağın Kəmərli kəndinin 5 min hektarlıq torpaqları düşürdü. Bu torpaqlar 1985-ci ildə Moskvanın xəyanətkarlığı nəticəsində Qazağın İncə dərəsinin qonşusu olan Ermənistanın Noemberyan rayonuna peşkəş edilmişdi.

O Noemberyan rayonuna ki, onu özü belə 1930-larda Qazaxdan alınaraq ermənilərə verilmişdi. Qazax camaatı o rayona hələ də öz tarixi adı ilə çağırır – Barana…

 

Bu qarşıma ilk çıxan Paşinyanın Azərbaycan və Ermənistan arasında imzalanacaq Sülh Müqaviləsinin 3 prinsipi haqda açıqlaması oldu. “Bakı ilə razılaşdırılmış” Sülh Müqaviləsinin üç prinsipi adlandırıb Paşinyan onları…

I prinsip

Erməni liderin sözlərinə görə I prinsip ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır.

Yəni Bakı Ermənistan Respublikasının 29,8 min kvadratmetr ərazisini, 

İrəvan isə Azərbaycanın 86,6 min kvadratmetr ərazisini tanıyır.

[Paşinyan qeyd edir ki, “rəqəmlərin dəqiqliyi tənqidə səbəb olur... Siyasi müstəvidə razılıq əldə olunub və ideya tərəflərin təsiri altında olmayan mənbəyə istinad etməkdən ibarətdir. Eyni zamanda, tərəflər anlayır ki, sərhədlərin demarkasiyası və delimitasiyası bu mənbəyə istinadən aparılacaq”, - Ermənistan KİV-i Paşinyandan sitat gətirir].

II prinsip

Bu prinsipə görə tərəflər sərhədlərin delimitasiyasını Alma-Ata bəyannaməsinə əsasən razılığa gəlməlidirlər. Yəni, tərəflər ondan çıxış edirlər ki, Sovet respublikalarının inzibati sərhədləri artıq ölkələrin dövlət sərhədləridir, ona görə də onların toxunulmazlığı tanınmalıdır.

[Paşinyan parlamentdəki çıxışında deyib ki, bu məsələdə o dövrün reallığını əks etdirən xəritələrin olması vacibdir və bu xəritələr mövcuddur].

III prinsip

Paşinyan III prinsipin keçdikləri ölkələrin yurisdiksiyasında fəaliyyət göstərməli olacaq regional kommunikasiyaların bərabərlik və qarşılıqlılıq əsasında açılması haqqında olduğunu söyləyib.

 

*

 

Bu sətirləri oxuyan bir çox izləyicimin ağlına təbii olaraq ilk gələn Qazağın 7 kəndi ilə Naxçıvanın Kərki kəndidir. Həm Bağanıs Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızıl Hacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri (Qazax rayonu) və Kərki (Naxçıvan) illərdir erməni işğalı altındadırlar.

Daha əvvəllər də yazdığım kimi əgər Qarabağın tamamı üzərində hakimiyyəti bərpa etmək təkcə bizim məsələmiz idisə, Zəngəzur koridorunun açılmasında maraqlı olan dövlətlər çoxdur  – Türkiyə, Rusiya, İngiltərə, Çin, Hindistan, Ermənistan və təbii ki, Azərbaycan.

Qarabağ məsələsi kökündən həll olunduğu üçün indi nəhayi hədəfimiz Sülh Müqaviləsidir. 

Ancaq mənim narahatlığım ermənilərin son anda bir “qəmbərqulu” çıxardıb anklav və eksklav “labirintlərində boğulan” 7 kəndimizi “danışıqlar bataqlığına” sürükləmə cəhdlərinə təşəbbüsdür.

Ancaq 7 kəndlə bağlı mövqeyimiz qətidir. 

Daha vacib olan isə 1985-də ildə Ermənistanın Noemberyan rayonuna verilmiş 5 min (!!!) hektar ərazidir. 

Zənnimcə, burada diqqət ediləsi xüsus bu səfalı, cənnət sayılan torpaqların Ermənistana rəsmi olaraq fevral 1985 tarixində keçməsidir. Çünki, Paşinyan son parlament çıxışında Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq taniyacaqları torpaqların 1977-ci il Sovet ensiklopediyasından götürüləcəyini bildirib. Belə olan halda 5 min hektar ərarzinin Kəmərli kəndinə aid olduğu o xəritələrdən də bəlli olacaq…

Bu gün əziz eloğlum, dostum Vidadi Akhundovla telefonda xeyli söhbət etmişəm.

Onun üçün bu məsələ ikiqat ağrılıdır. Çünki anası Əksiparalı, atası isə Kəmərlidəndir. Bu vətənpərvər dostumla babalarımın torpaqlarına xəyali səyahət etdim. Telefonun o biri ucunda Vidadi 5 min hektar ərazinin coğrafi adlarını çəkdikcə içimdən keçən giziltini ifadə etməyə çətinlik çəkirəm. 

 

Adların gözəlliyinə bir baxın:

Xanımın Yurdu, 

Battaxlı, 

Ağoğlan,

Bəhməz torpağı,

1-ci vı 2-ci Dərəbəyli, 

Cəvit meşəsi,

Pirə dərəsi,

Qaraqaya, 

Vələsli,

Tənəhli,

Bağman,

Soyuqbulaq,

Daşbulaq,

Almalı bulaq

Qılınckəndi, 

Məlikli meşələri

və adlarını unutduğumuz daha neçə Yurd yerimiz, Türk elimiz, Vətən torpağımız…

 

Unutmamaq lazımdır ki, 1985-ci ilə qədər də Qazağın bir neçə kəndindən də ermənilərə “pay” verilib. Bu haqda tanınmış şair, publisist, hörmətli Fəridə xanım Ləmanın “Qılınckəndin Dastanı” adlı kitabında çox önəmli xüsuslar var. Məncə, hər birimizin kitabdakı faktları öyrənməliyik.

Bir neçə gün sonra Zəfər Bayramını qeyd edəcəyik.

Bu Böyük Bayramı idrak edəcəyimiz bu günlərdə Qazax və Naxşıvanın tarixi torpaqlarının əsil sahibinə qaytarılması üçün məsələni sürəkli gündəmdə tutacağınıza inanmaq istəyirəm...

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.