“Cümə günü Əbülfətqızının 10 sualı ilə”də Namiq Dəlidağlı Featured

“Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının budəfəki qonağı AYB və AJB-nin üzvü, dörd  publisistika kitabının həmmüəllifi, "Ağ gecənin nağılı", "Otel otağından reportaj" və “Əllidə ələnənlər” adlı şeirlər kitabının müəllifi, "Manevr.az" və "Dəlidağ.az" xəbər saytlarının qurucusu, "Dəlidağ" Ədəbi Birliyinin sədri, şair, jurnalist Namiq Dəlidağlıdır. 

  

Xoş gördük, dəyərli yaradıcımız- Namiq bəy. Yaradıcılığınızla tanış olarkən sözlərin əynində poetik donu görüb suallarımı verməyə çox tələsirəm. Elə isə birinci sualımız özünü "qaranəfəs" halda çatdırdı. 

 

 

-Namiq bəy, Kəlbəcərin işğaldan azad olunduğu gün özünüzü necə hiss etdiniz? Olarmı ki, o hissləri sözlərlə ifadə edib bizlərə də bir daha o həyəcanı təkrar yaşadasınız? 

 

- Sözsüz ki, özümü çox xoşbəxt hiss etdim. Elə hisslər, duyğular var ki, gerçəkdən onu sözlə ifadə etməyə, dilə gətirməyə adam çətinlik çəkir. O xoş xəbəri eşidəndə hansı hissləri keçirdiyim barədə çoxlu misallar çəkə bilərəm. 28 il göynəyən, hər gün duz basılan yarama bir anın içində su səpildi, ağrı-acıdan xilas oldum, qanıma, iliyimə işləyən yurd-yuva həsrətimə son qoyuldu, uşaqlıq və gənclik xatirələrim bar verən ata ocağına qayıtmaq fürsətim yarandı – bu xoşbəxt anları yaşadım, gözəl duyğulara kökləndim. 

Bu xoş və xoşbəxt anları, günləri bizə yaşadan əziz şəhidlərimizin ruhu qarşısında baş əyir, igid döyüşçülərimizə can sağlığı diləyirəm.

 

-“Bütün fırtınalar həyatınızı pozmaq üçün gəlməz, bəziləri yolunuzu təmizləmək üçün gəlir." (P. Koelyo) 

Namiq bəy fırtına ilə üz-üzə gələndə ona qəzəbli gözlərlə baxır, yoxsa, "Nə fırtınalar gördüm" - deyib səbrə yoldaş olur? 

 

- Bu fikir bir yazıçı təxəyyülünün məhsuludur. Razılaşmaq da olar. Hər kəsin həyatında fırtınalar, təlatümlər olur. Yəqin ki, yolumuza davam etmək üçün bu od-alovun içindən keçməli, çətinliklərə sinə gərib dözməliyik. Mən də bu sədləri keçmək üçün yaranmışam. 

 

Qarğış da tale payıdı,

nə verdin qəbulum, Tanrım.

Dərd verən əlin var olsun,

böyükdür səbrim, Tanrım – deyib təsəlliyə üz tuturam.

 

-Torpağa bir tabut söz basdırdılar... 

çəkəcək canına sözün qanını,

yeyib dadlanacaq, sözü, şeiri,

gözü doymayacaq bu şirin daddan.

 

Namiq bəy, bu misralar unudulmaz şairimiz Məmməd Aslanın xatirəsinə həsr etdiyiniz şeirdəndir. (Allah rəhmət eləsin.) Onu  xatırlarkən ilk nə yadınıza düşür? 

 

- Yerişi, duruşu sözü qədər ağır olan, bir Türk kişisi, bir Türk şairi yadıma düşür. M.Aslanı dilimizin saflığını qoruyan, şeirimizin, sözümüzün namını çəkən böyük şair, publisist kimi xatırlayıram. Ruhu şad olsun.

 

-“Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün." (Mişel de Monten) 

 Dəyərli Yaradıcımız, gözəl donda yalanla qarşılaşanda hansı misralarınızı qəlbiniz səssizcə səsləndirir?

 

- Mişel de Montenin sitat gətirdiyiniz fikri mənə “Ən acı həqiqət ən şirin yalandan yaxşıdır” deyimini xatırlatdı.

Bəzi hallarda xırda yalanlar danışmağa mən də “məcbur” oluram. Ancaq tez-tez dilimə gətirdiyim bir söz var ki, “doğruya zaval yoxdur, çəksələr, min divana”.

 

-Namiq bəy ənənəvilikdən uzaq, fərqli üslubda yazdığı yazıları ilə qəlblərə toxunur. Gənc yazarlara "çərçivədən çıxmağa" ehtiyat edənlərə nə söyləyərdiniz? 

 

- Yazdıqlarım nə qədər “qəlbə toxunur”, onu deyə bilmərəm. Kiməsə məsləhət vermək, tövsiyə eləmək xarakterimə yaddı. Bu gün gənc yazarlar bizdən yaxşı görüb-götürür, dünyagörüşləri fərqlidi. Çox şeyi biz onlardan öyrənməyə çalışırıq. Məncə, "çərçivədən çıxmağa" ən çox yaşlı nəslin ehtiyacı var.

 

-Ədəbi tənqiddə "qızıl meyar" nədir?

 

- Bu gün bizdə ədəbi tənqid yox dərəcəsindədir. Bunu mənə qədər də dəfələrlə deyiblər və fikirlərini əsaslandırıblar. Bildiyimiz kimi ədəbi tənqidin əsas vəzifəsi ədəbiyyatın inkişafına xidmət etmək, ədəbi prosesləri izləmək, yeni ədəbi hadisələrin təhlilini aparmaq və sairədir. İndiki ədəbi tənqidin “qızıl meyarı” məmur və imkanlı yazıçıları tərifləmək, onları “dahi”, “böyük” yazıçı, şair mərtəbəsinə qaldırmaqdı. Qalanını da özləri bilir... Bu gün tənqidimiz arzuolunan səviyyədə deyilsə, deməli, ədəbiyyatımız da inkişaf etmir.

 

-Payız adam, bu fəsil sənin çiyinlərindən

nimdaş plaş kimi asılı qalıb.

Qış kürkünü görmədim.

Dörd ildi gözlərimdə bir fəsildə qalmısan:

bomboz rəngdə.

(Namiq Dəlidağlı)

 

Namiq bəy, " Payız adam" yenə nimdaş paltarındadırmı?

 

- Yaradıcı adamlar həm də özlərini ifadə edir – yazdıqlarında, yaratdıqlarında. “Payız adam” nimdaş libasında arzularının ardınca hələ də yol gedir...

 

-Bilmirdin ki, qarşına 

namərd - nadan çıxacaq,

zalım dövran çıxacaq?! ...

"Özü yıxılan ağlamaz", 

dur çırp üstünü- başını,

sil gözlərinin yaşını.

"Yaşamağa öyrənginən",

bu dövran sevmir " naşını." 

( Namiq Dəlidağlı)

 

Namiq bəy, namərdləri sözlə "dəyişmək" olur və bacarmısınızmı? 

 

- Nadanlar söz qansaydı, yəqin ki, nadan olmazdı. Bəzi hallarda hansısa bir sözlə onlara təsir etmək olar. Ancaq bu misralar onları tərbiyə etmək üçün yox, öz yaşadıqlarımın, həyatımın bədii tərcümanıdır. 

 

-“Həyat nərdivanlarını çıxarkən insanlarla yaxşı davranmaq lazımdır. Çünki yerə enərkən yenə eyni insanlara rast gələcəyik." (Uliyam Şekspir) 

Namiq bəy, olubmu ki, onlar nərdivanı çıxanda yuxarıdan aşağı baxıb "məndən yoxdur"- deyib, amma nərdivandan enəndə: "Namiq qardaşım, səndən yoxdu da, yeganə dostumsan" - söyləyib. Bəs o zaman Namiq Dəlidağlı o "sadiq" dosta nə söyləyib? 

 

-Şair gözəl deyib:

 

Bu dünya nərdivandı,

Qalxanda mehribandı.

Enəndə nə yamandı.

 

Həyatımız eniş-yoxuşludu. Bizi “göyün yeddi qatına” qaldıran nərdivan-dövran həm də aşağı salır. Ona görə də bu qalxma və enmə növbəlidi. Gərək, pillələri qalxanda enəcəyini də düşünəsən. Dostlarımın yox, doğmalarımın, qohumlarımın “yuxarı qalxanda” “məndən yoxdu”, düşüncəsində olduqlarını daha çox hiss etmişəm. Ancaq kimsə yıxılanda sevinməmişəm. 

 

-Namiq Dəlidağlının özünün özünə tez-tez verdiyi sual hansıdır?

 

-Sualı adətən cavab almaq üçün veririk. Cavabım olmayacaq deyə, özümə sual vermirəm. Sadəcə, bəzi fürsətləri fövtə verdiyim üçün təəssüfləndiyim məqamlar olur.

 

-Dəyərli Yaradıcımız - Namiq bəy, qiymətli şair ömrünüzdən rubrikamıza vaxt ayırdığınız üçün Sizə minnətdarıq, yaradıcılıq uğurları və ən əsas sağlam ömür diləyirik.

Sonda hansı sualımızı daha çox bəyəndiyinizi bilmək istərdik.

 

- Diqqətinizə görə təşəkkür edirəm. Suallarınızın hamısı dillənməyim üçün imkan yaratdı. Birinci sualınız isə həyatımın boşluğunu dolduran doğma yurdla bağlı olduğu üçün daha gözəl idi.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.