Super User
BU GÜN ZƏFƏR GÜNÜDÜR -Qələbəmiz Ermənistanı dövlət kimi məhv olmaq təhlükəsilə üz-üzə qoydu
Yunus Oğuz, “Ədəbiyyat və incəsənət” üçün
"Zəfər Qələbəsi Azərbaycan xalqının tarixində unikal bir gündür. Çünki 300 ilə yaxın bir müddət idi ki, belə möhtəşəm qələbə əldə etməmişdik. Sonuncu dəfə Nadir Şahın qələbələrinə nağıl kimi baxmışıq. Zəfər Qələbəsi isə faktiki olaraq müstəqil dövlətimizin ilk zəfəridir.
Burada bir paralellik aparmaq istərdim: 1736-cı ildə Nadir şah Gəncədə Rus imperiyası ilə müqavilə bağladı. Müqavilə ona görə bağlandı ki, rus əsgərləri l Pyotrun vaxtında Rəştə qədər gəlmişdilər. 1736-cı ildə isə bir güllə belə atmadan rus qoşunları silahları yerə qoymaq şərtilə Dərbənddən 200 kilometr o tərəfə çəkildilər. Təsəvvür edin ki, bu tarixdən sonra belə bir qələbəmiz olmamışdı. 44 günlük Vətən müharibəsinin nəticəsində eyni kapitulyasiya aktı imzalandı. Laçın, Ağdam, Kəlbəcər bir güllə atılmadan geri alındı. Halbuki müharibə davam etsəydi, çoxlu sayda şəhidimiz ola bilərdi. Mən Ağdamda olmuşam, orada beşqat müdafiə səngərləri qurulmuşdu. O sədləri keçmək kifayət qədər insan itkisi demək idi. Eynilə Laçın və Kəlbəcərin coğrafi relyefi ermənilərə imkan verəcəkdi ki, bizim daha çox şəhidimiz olsun. Amma bunların heç biri baş vermədi, ilk dəfə olaraq Azərbaycan öz ərazisində düşmənə qalib gəldi. 12 ildən sonra 300 il olacaq ki, Azərbaycan belə qələbə əldə etməmişdi. Bu baxımdan hesab edirəm ki, Zəfər Qələbəsi unikal bir qələbədir". Bunu "Olaylar" qəzeti və "Olaylar" informasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz deyib. Bildirib ki, bu qələbə xalqın qüruru olduğu üçün onun namusu bərpa olundu: "Söhbət milli namusdan getdiyindən demək olar ki, bu qələbə çox qürurvericidir. Fəxr edirik ki, bu dövrdə yaşamışıq. Bu həm müstəqillik dövrünə, həm də tarixi qələbəmizə aiddir. Təəssüflər olsun ki, Birinci Qarabağ savaşında biz müharibəyə hazır deyildik, ermənilərə isə bütün dünya kömək edirdi. Bizim bir milyon qaçqın və məcburi köçkünümüz var idi, amma heç kim bu faktı dilinə gətirmək istəmirdi. İndi Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağı Ermənistan pasportu ilə tərk edən erməilərdən ötrü bütün dünya qışqırır. Patrişev deyir ki, Ermənistanda heç 2 milyon erməni yaşamır. Ermənilər isə hadisələri ona görə şişirdirlər ki, dotasiya ala bilsinlər. Beynəlxalq təşkilatlar, erməni diasporu, erməni lobbisi bunlara pul ayrısın. Ona görə deyirlər ki, Qarabağı 100 min erməni tərk edib, ancaq onların hamısı keçid məntəqəsində qeydə alınıb, siyahıya salınıb, vaxt gələndə həmin siyahı ortaya çıxarılacaq. Ermənilər isə say artırmaqla ayrılan pulların həcmini artırmaq istəyirlər. Təsəvvür edin ki, Qarabağda ermənilərə ildə bir milyarda qədər vəsait gedirdi. Ona görə də heç biri işləmirdi, qoyub-qaçdıqları hansı evi açırlar yeyib-içmək çıxır. Belə çıxır ki, onlar qətiyyən işləməyiblər, ancaq xaricdən gələn pulların hesabına yeyib-içiblər. Yalnız təbii sərvətlərimizi, mədənlərimizi istismar etməklə məşğul olublar. Ərazidə olan qızıl və digər mədənləri istismar ediblər, konyak, çaxır istehsal ediblər. Qalan heç bir işlə məşğul olmayıblar, indi bunların hamısı əllərindən alınıb".
Yunus Oğuz qeyd edib ki, 1991-ci ildə müstəqilliyimizi, suverenliyimiz elan etmişdik, 2020-ci ildə isə suverenliyimizi tam bərpa etdik: "Zəfər Gününün əsas qayəsi bundan ibarətdir. Təbii ki, əgər Ali Baş Komandan bizim zərərimizə olan, nazik bir işıq gəlməyən yer görsəydi müharibəyə başlamayacaqdı. Hər şeyə əmin oldu ki, beynəlxalq aləm Azərbaycanın haqq tərəfində olacaq. Belə ki, Rusiyanın başı Ukraynaya qarışmışdı, faktiki olaraq müharibə vəziyyətində idi. Amerikada seçkilər keçirilirdi, Fransa növbəti seçkilərə hazırlaşırdı, Almaniya da eynilə. Prezident İlham Əliyev beynəlxalq siyasi vəziyyəti təhlil edərək qərara gəldi ki, ən uyğun məqam yetişib. Təbii ki, ortada Türkiyə və Pakistan da var idi. Azərbaycan dövləti bilirdi ki, İran bunun qarşısını hər vəchlə almaq istəyəcək. İran da Azərbaycana qarşı heç nə edə bilmədi, amma müharibədən sonra yenə dedi ki, "Qarabağ bizim qırmızı xəttimizdir". Ali Baş Komandan isə Zəfər Gününə arxayın olub, beynəlxalq siyasəti yenə də düzgün hesablayıb antiterror tədbirləri həyata keçirdi. Bununla da artıq suverenliyimiz tam bərpa olundu".
O, əlavə edib ki, indi çoxları Zəfər Gününün mahiyyətini anlamaq istəmir: "Bəziləri anlayır, lakin inanmır ki, Azərbaycan Feniks quşu kimi külün içindən çıxıb, belə bir Ordu yarada bilər. Amma Ordunu yaradan oğullar var idi ki, onlar hər şeyi görür, hər şeyi ölçüb-biçirdilər. Bax, Zəfər Günü Azərbaycan o külün içindən təzədən qalxdı. Təkcə buna görə, Zəfər qələbəsilə qürur duyulmalıdır. Əksini fikirləşənlər isə trollar, beşinci kolonlardır. Onların pulları kəsilir axı, deyirlər ki, siz necə təbliğat aparmısız ki, Azərbaycan torpaqlarını geri ala-ala gedir, indi də Zəngəzur dəhlizindən keçmək istəyir. Azərbaycan dövlətinin Zəngəzur dəhlizi ilə bağlı bir neçə alternativ variantı var. Biri ilə bağlı artıq müqavilə bağlanıb. Bu variantları qəbul etməyənlər özlərinə ziyan edəcəklər. Bu gün məhz həmin Zəfər Gününün hesabına Azərbaycan və onun Ali Baş Komandanı Ermənistan dövlətini dağılma vəziyyətinə gətirib çıxarıb. Zəfər Gününün gücü ondan ibarətdir ki, Ermənistan bir dövlət kimi məhv olmaq təhlükəsilə üzləşib. İranın, Rusiyanın meydanı daralıb. Zəfər Qələbəsindən sonra Türk Dövlətlərinin Təşkilatı yarandı. Türk dövlətləri də qürur duydular ki, tarix boyu vuruşublar, indi niyə qorxmalıyıq, sadəcə olaraq siyasətimizi düz aparmalıyıq".
“Ədəbiyyat və incəsənət”
(08.11.2023)
İsgəndər Pala, Dmitri Bak, Nana Ekvtimişvili və Anne Tomson - BAKIYA GÖRÜN KİMLƏR GƏLİR
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
IX Bakı Beynəlxalq Kitab Sərgisində 5 gün ərzində 220-dən çox tədbirin təşkili nəzərdə tutulur. Bu reklam anonsundan sonra paylaşacağım xəbərin məğzinə keçirəm.
Xəbər vermişdik ki, noyabrın 11-dən 15-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı və "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək. Sərgi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Noyabrın 7-də keçirilən mətbuat konfransında sərgi ilə bağlı tam məlumatları əldə etdik. Demək, sərgidə 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək. Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır.
(Əlbəttə ki, bu seçim bir qədər tərəddüd doğurur. Ukraynaya silahlı təcavüzə görə bütün dünya ölkələri və əlaqədar qurumlar Rusiyanı tam boykot etdiyi bir dönəmdə Rusiyaya verilən bu avantaj tam əsaslandırılsa gözəl olardı. Və onu da əlavə edək ki, ötən il sərfinin fəxri qonaq ölkəsi qardaş Türkiyə idi)
Sərgi çərçivəsində fəxri yazarların və fəxri qonaq Coxa əl-Harsinin iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər təşkil olunacaq. Ümumilikdə 5 gün ərzində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Sərgidə Azərbaycanın Xalq yazıçıları, şairləri, tanınmış gənc yazarlar ilə yanaşı, məşhur xarici yazıçıların da iştirakı gözlənilir. Belə ki, sərgidə Türkiyədən İsgəndər Pala, Tayfun Atmaca, Yunus Şen, Nimet Yıldırım, Rusiyadan Dmitri Bak, Dmitri Danilov, Aleksey Salnikov, Anastasiya Strokina, Vera Boqdanova, Gürcüstandan 2021-ci il üzrə Buker mükafatının uzun siyahısına daxil olan Nana Ekvtimişvili və ingilis yazıçı Anne Tomson da iştirak edəcək. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində Azərbaycan nəşriyyatları tərəfindən kitablara 30-50 faiz endirim olunacaq.
Diqqətə çatdırılıb ki, ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək. Hər gün saat 10:00-dan 20:00-dək davam edəcək sərgiyə giriş ödənişsizdir.
“Caspian Event Organisers” MMC-nin icraçı direktoru Bəhruz Hidayətzadə sərgidə ilk dəfə Qətərin də təmsil olunacağını bildirib. Qeyd edib ki, sərgidə üç təqdimat zonası fəaliyyət göstərəcək.
Qeyd edilib ki, 9-cu Beynəlxalq Kitab Sərgisinin ziyarətçilərini bir-birindən rəngarəng proqramlar, məşhur simalarla və müxtəlif ölkələrdən iştirak edəcək fəxri qonaqlarla görüşlər gözləyir.
Hamı dəvətlidir! Buyurun, gəlin!
“Ədəbiyyat və incəsənət”
(08.11.2023)
Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
Ramiz Göyüşov, “Ədəbiyyat və incəsənət” üçün
Bizim bayrağımız qürur mənbəyimizdir.
Bizim bayrağımız canımızdır, qanımızdır. (İlham Əliyev)
Tarixdə Azərbaycanda mövcud olmuş bütün dövlətlərdə əsas dövlət rəmzlərindən biri də bayraq olmuş və ən müqəddəs bir dövlət atributu kimi simvollaşmışdır. 1918 –ci ildə uzun mübarizələrdən sonra öz müstqilliyinii əldə etmiş Azərbaycan Xalq Cumhuriyyətinin qəbul etdiyi üçrəngli ay-ulduzlu bayrağımza verilən dəyər daha böyük önəm kəsb etmişir.
Müstəqil Azərbaycanımızın üçrəngli bayrağının keşməkeşli tarixinin bugünkü möhtəşəm səhifəsini Prezidentimiz İlham Əliyev yazır. Hər sahədə olduğu kimi, dövlətçilik sahəsində də, dövlət rəmzlərimizə, bayrağımıza münasibətdə də O, Ümumilli liderimiz Heydər Əliyevin varislik missiyasını öz fəaliyyətində uğurla və müvəffəqiyyətlə davam etdirir.
2004-cü il 8 iyun tarixində “Azərbaycan Respublikası Dövlət Bayrağından istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması, “Bakı şəhərində Dövlət Bayrağı Meydanının salınması haqqında” 2007-ci il 17 noyabr tarixli, “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 2009-cu 17 noyabr tarixli Sərəncamların imzalanması, 9 noyabrın “Dövlət Bayrağı Günü” kimi təssis edilməsi, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və nəhayət, 2010-cu il noyabrın 9-da Dövlət Bayrağı Muzeyinin yaradılması deyilənlərin əyani sübutu və dövlət bayrağına Prezidentin münasibətinin ifadəsidir.
Bu gün ölkəmizin elə bir bölgəsi, rayonu yoxdur ki, orada Azərbaycanın Dövlət Bayrağı əzəmətlə və vüqarla dalğalanmasın. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, gün gələcək, bayrağımız işğal olunmuş torpaqlarımızda - Şuşada, Ağdamda, Laçında, Xankəndində - digər işğal altında olan qəsəbə kənd və şəhərlərimizdə dalğalanacaqdır. Bəli o gün yetişdi. İndi üçrəngli bayrağımız həmin şəhər və kəndlərdə vüqarla dalğalanır və hər bir Azərbaycan vətəndaşı bu mənzərəni seyr edərkən böyük sevinc və qürur hissi keçirir.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yenidən müstəqil dövlətimizin rəmzinə çevrilmiş üçrənli bayrağımıza sevgi və məhəbbət hissi daha qabarıq şəkildə büruzə verdi. Xüsusilə yeni yetişən gənc nəsildə bu sevgi və məhəbbət daha güclü və möhtəşəmdir. İndi Dövlət Bayrağı Gününü bayram etdiyimiz bu əlamətdar gündə bayrağımıza sevgi və məhəbbətin bir nümunəsini - Birinci Qarabağ Müharibəsində Natiq Qasımovun göstərdiyi misilsiz qəhrəmanlıq nümunəsini oxucularla bir daha bölüşmək istədim.
Bu hadisə 1992-ci ilin martında Qarabağın Xramort kəndində baş vermişdir.
Qısa arayış: Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəsi ilə birlikdə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra Mingəçevirdəki texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnib. 1991-ci ildə Sovet ordusu sıralarında xidmətini başa vuraraq Vətəni Azərbaycana qayıdıb və həmin ildə könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. Ağdamda «Qarabağ şahinləri» könüllü dəstəsində ermənilərə qarşı döyüşüb, 1992-ci ilin əvvəllərində evlərinə qayıdıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş müdhiş Xocalı faciəsi Natiqin sonrakı qəhrəmanlıq və acı taleyinin başlanğıcı olub. Döyüş bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa bilməyib və yenidən döyüşə yollanıb. Natiqin qəhrəmanlığının təfərrüatı belədir:
1992-ci ilin mart ayının əvvəllərində könüllü «Qarabağ şahinləri» batalyonunun Natiqin də daxil olduğu 31 nəfərlik dəstəsi Ağdamın Xramort kəndi yaxınlığında qədim Alban kilsəsinin yerləşdiyi stratej bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, döyüşdə komandir və bir neçə nəfər həlak olur. Sağ qalan döyüşçülərin bir hissəsi batalyonun yerləşdiyi qərargaha qayıdır. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Natiqin rəhbərlik etdiyi bölük kilsənin damında Azərbaycan bayrağını ucaldaraq burada möhkəmlənirlər. Ermənilər aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Lakin onların bütün cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Kilsədə böyük bir döyüşçü bölüyünün olduğunu zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən istifadə etmək qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini- bir vaxtlar Xocalıda məktəb direktoru işləmiş Cəfər müəllimi çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. (II Dünya müharbəsinə həsr olunmuş “Uzaq Sahillərdə” filminin finalında əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin son ölüm səhnəsini yada salın.)
22 nəfər Xocalı sakinini xilas etmək xatirinə Natiq əsir düşməyə razılaşır, silahını atır məbədin damındakı Azərbaycan bayrağını götürərək kilsədən çıxır və ermənilərə təslim olur. Natiqin bu misilsiz qəhrəmanlığı keçmiş SSRİ-nin ən məşhur mətbu orqanlarından olan “Oqonyok” jurmalının 1992-ci il tarixli 14-15-ci nömrəsində jurnalist Konstantin Smirnovun “Qorxu”(“Strax”) adlı məqaləsində və italiyalı fotomüxbir Enriko Sarzininin bir fotosunda öz əksini tapmışdır. Fotoşəkildə Azərbaycanın üçrəngli bayrağını əlində tutmuş Natiq Qasımovun saqqallı ermənilərin arasında hərəkətdə olduğu bir məqam əks olunmuşdur. Dərc olunan şəkildə Natiqin simasında olan qorxu qarışıq məğrur görkəmini hiss etmək elə də çətin deyil. Təsəvvür edin, 5 gün ərzində ac- susuz, az bir sursatla təkbaşına böyük bir dəstə ilə vururşaraq ermənilərə xeyli itki verən, onların komandirini cəhənnəmə vasil edən Natiq sonrakı aqibətininn necə sonuclanacağını dərk edərək, əsirlikdə olan 22 Xocalı sakinini xilas etmək xatirinə özünü qurban verir. Natiq hətta bu son dərəcə ağır və psixoloji cəhətdən gərgin bir durumda qarı düşmənin qarşısına Azəraycan bayrağı ilə çıxır. Təbii ki, bir həftə ərzində Xromort kilsəsində ermənilərə dağ çəkmiş, elə təslim olduğu məqamda da Azərbaycan bayrağı ilə onların qarşısına çıxaraq bu bayrağı onların gözünə soxmuş Natiqin taleyi barədə müsbət nə isə düşünmək sadəlövhlük olardı.
Qeyd etməyi zəruri hesab edirəm ki, Natiq Qasımovun bu misililsiz qəhrəmanlığı haqqında çoxsaylı məqalələr, şahid ifadələri, araşdırmalar, bədii yazılar, şeirlər poemalar yazılmış (bu qəhrəmanlığı “Mingəçevir şahinləri “ kitabında ilk dəfə qələmə alan Mingəçevirli şair Alim Dərələyəzli olmuşdur), televiziya verilişləri hazırlanmış, Natiqin bu təkrarsız qəhrəmanlığı orta məktəb dərsliklərinə daxil edilmiş , “Xocalı Soyqırımı”nın 30 illiyi ərəfəsində onun haqqında, Böyük Britaniyanın “Broken Bot Media“ Ltd studiyasının istehsal etdiyi “Oğul” adlı film çəkilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Broken Bot Media”studiyasının və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə 2022-ci il fevralın 28-də və bu il oktyabrın 16-da Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Cənab Prezidentimiz İlham Əliyevin qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım və Arzu xanım Əliyevalar iştirak etmişdir. Ssenari müəllifi və rejissoru Karan Singh olan filmin əsas süjet xətti 1992-ci ildə Qarabağ müharibəsi zamanı məcburi olaraq ermənilərə əsir düşmüş bir OĞULUN- Natiq Qasımovun qəhrəmanlığından, onun ailəsinin ağrı və əzablarından, böyük kədərindən, həqiqət axtarışlarından bəhs edir.
Prezidentimiz İlham Əliyevin bayraq haqqında kəlamları yada düşür: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, qanımızdır.”
Bu mənada bayraq uğrunda canını qurban vermiş Natiq Qasımovun bayraq sevgisinin bərabəri hələlik yoxdur.
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)
17
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Hər birimiz yaşadığımız coğrafiyadan asılı olaraq həmin coğrafiyanın dininə etiqad edirik. Lakin hər bir şəxsin öz daxilində bir sıra mistik inanclar formalaşır ki, bu isə qaçınılmaz bir haldır. Bu mistik inanclar bizim hər zaman daxili mənəviyyatımızda gizlənir. Mən də özümü bu topluluğa aid edirəm və həyatımda 17 ədədinin mövcudluğunu xüsusi olaraq qeyd edirəm. Elə ayın 17-də doğulmağım məni həmin ədədin həm gizli, həm də vahiməli dünyasına səyahət etməyə sövq edir. Bu yazının davamında sizi bu tilsimli ədəd ilə tanış edəcəyəm.
Məncə, real dünya bizi həddindən artıq çox sıxır. Bu yazını oxuduğunuz zaman xəyalınızda gözlərinizi yumun. Niyə məhz xəyalımızda gözlərimizi yummalıyıq?-sualını verməyin. Ona görə ki, indi oxuyacağınız hər şey yalnız mənim və oxucu olduğunuz müddətdə isə sizin xəyal dünyanızın universallığından xəbər verəcək.
17 rəqəmi 1 və 7 rəqəmlərinin birləşməsidir. 1 rəqəmi yeni dövrün başlanğıcını, motivasiya və tərəqqini, fərdiliyi, məqsədlərə can atmağı və uğur qazanmağı təcəssüm etdirir. 7 rəqəmi mənəvi oyanış və maariflənmə enerjiləri, psixi qabiliyyətlər, daxili müdriklik, uğurlar ilə rezonans verir. 17 rəqəmi son dərəcə əlverişlidir, çünki yeni başlanğıcı, uğuru təzahür edir. Yalnız bu nömrənin daşıyıcılarının Kainatın qüvvələrinə göndərdikləri hədiyyələrə görə təşəkkür etməyi unutmaması vacibdir.
17 rəqəmi həyat yolunuzda doğru yolda olduğunuzu göstərir. Ona görə də optimist olmaq üçün hər cür əsasınız var. Təkrarlanan 17 nömrəsi eyni zamanda elə bir mesajdır ki, intuisiyanızın və intuisiyanızın sizə dediklərini dinləməli və müvafiq tədbirlər görməlisiniz, çünki yuxarıdan sizin üçün nəzərdə tutulanı yalnız siz yerinə yetirə bilərsiniz. Həyat dəstinizdə 17 nömrəsi varsa, özünüz üçün ruhani bir karyera seçə və ya bir növ mənəvi təcrübə edə bilərsiniz.
17 ədədinin müsbət xüsusiyyətləri
Həyatın numeroloji kodunda 17 rəqəmi olan insanlar, bir qayda olaraq, anlayışlı və məsuliyyətli insanlardır. Onlar təbiətcə sülhməramlılardır, əhəmiyyətli daxili güclə bütün bəşəriyyətin həyatını yaxşılaşdırmağa çalışırlar. Sadəcə, yadda saxlamaq lazımdır ki, 17 rəqəminin rəqəmlərinin cəmi 8-ə, karma və taleyin sayına bərabərdir və buna görə də buna uyğun davranmaq lazımdır.
17 ədədinin mənfi xüsusiyyətləri
Həyat dəstində 17 rəqəmini daşıyan insanlar çox düzdür, bəzən kobudluq həddinə çatırlar. Onlar son dərəcə müstəqildirlər və öz azadlıqlarını dünyada hər şeydən üstün tuturlar. Bu nömrənin daşıyıcıları azadlıqlarına edilən istənilən cəhdi son dərəcə ağrılı qəbul edirlər, buna görə də bu əsasda tez-tez hakimiyyətlə, dostlarla və ailə üzvləri ilə münaqişələr yaranır.
17 rəqəmi Günəş (1) və yarım planet Ketu (7) birləşməsindən ibarətdir. 17 rəqəmi üçün Ruhun sayı 8 olduğundan, verilmiş nömrə Saturn tərəfindən idarə olunur. Beləliklə, 17 mübarizənin, çətinliklərin, maneələrin sayıdır. Üstəlik, Günəş və Ketu düşməndir və bu, 17-ni daxili münaqişəyə aparır!
MAGESLƏRİN İLK ÖHDƏTİ
17-ci kəmənd çayın kənarındakı sərhəddir. Çay Styx adlanır (bax), ölülər dünyasını ayırır. 17-ci kəməndin kartında sahildə oturaraq küplərdən su tökən Qız təsvir edilmişdir. 17-ci kəməndi keçməyə başlayanda, sehrbazlara təşəbbüs edərkən bir insanın aldığı sevinc və yüngül hissləri yaşayırıq. 17-ci kəmənddə ilk inisiasiya baş verir - bir insanın astral dünyaya daxil olması. 17-ci kəmənddən keçərkən, sehrbaz aşağı astral zonaya daxil olmaq qabiliyyətini əldə edərkən təşəbbüs alır.
17-ci arkanumun enerjiləri dinlər tərəfindən necə istifadə olunur?
Üç böyük din var ki, belə demək mümkünsə, bütün bu dünyanı saxlayır. Hər bir dinin 17-ci kəməndin enerjisini gücləndirən xüsusi ritualları var. Bütün dəfn xidmətləri 17-ci kəmənddə bu enerji cərəyanını yaradır.
Qəbiristanlıqlarda bütün kilsələr, məscidlər, sinaqoqlar tikilir və onlar 17-ci lasso axınını təmin edir.
Yerli ərazidə bu enerjini dayandırmağa çalışan kiçik dinlər var. Bunlar əcdad kultu ilə əlaqəli dinlərdir. Əsas ideya ondan ibarətdir ki, əcdadlar, yəni mərhumlar hələ sağ olan insanların xeyrinə çalışmalıdırlar. Buna görə də onlar heç yerə getməməli, burada qalıb işləməlidirlər. Məhsula, havaya görə məsuliyyət daşımalıdırlar - yəni canlı nəsillər üçün alnının təri ilə çalışmalıdırlar. Məsələn, qədim almanların fikrincə, ölülər ordunun əsas hissəsini təşkil edirdilər və hərbi sistemin qarşısında olduqları üçün onların varlığı ilə düşməni çaşdırmalı idilər. Ölüləri hiss edən düşmən dəhşətə gəlməli idi.
Şamanizm elita üçün bir növ dindir, ona görə bütün ölülər dirilər aləmində qalmağa davam etmir, ancaq mərhum şamanlar: qalanların hamısı ayrılır. Amma burada qalan vəfat etmiş şamanlar hər şeyə cavabdeh olmalıdırlar. Əcdadların kultu ilə əlaqəli bütün rituallar 17-ci kəməndin enerjilərini zərərsizləşdirməyə yönəldilmişdir. Ölü aparmasın deyə, bu çaya bənd qoyublar.
Ölüləri həyata qaytarmaq - reanimasiya
Reanimasiyanın prinsipi nədir? Biz bunu artıq dəfələrlə demişik fiziki bədən proyeksiyası var. Bu cismin proyeksiyasına başqa cismi necə əlavə etmək olar? Bunun necə baş verdiyini başa düşmək üçün incə cismin muncuqların geyildiyi bir iplik olduğunu təsəvvür etmək lazımdır - maddənin molekulları. Ananın bədənində hamiləlik dövründə enerji strukturu maddə ilə böyüyür.
Ölmə prosesi ipin muncuqlardan çıxarılması prosesidir. Bu nöqtədə, muncuqlara başqa bir ip daxil edilə bilər. Orada başqa bir incə bədən də təqdim edilə bilər. Sonra muncuqlar eyni görünəcək, lakin iplik fərqli olacaq. Bu dərhal nəzərə çarpmayacaq, amma sonda insanlar "bu muncuqlarda nəsə səhvdir" deyəcəklər. Beləliklə, bir incə quruluş digəri ilə əvəz olunur, xarici qabıq qorunur. Ancaq ip artıq fərqli olduğundan, zaman keçdikcə insanda fiziki dəyişikliklər baş verir: fiziki olaraq, xarici olaraq dəyişməyə başlayır. Nəticə etibarı ilə onun zahiri görkəmi artıq malik olduğundan çox fərqli olmağa başlayır. Bu, ən çox reanimasiya zamanı baş verir. Bu, adətən, insanın özü artıq ölülər dünyasına getdiyi və bədənində bir növ mahiyyətin yerləşdiyi zaman baş verir. Bəzən belə hallarda onun bədəninə mərhumun ruhu daxil olur. Maraqlıdır ki, adətən belə adamları kilsəyə şamanlar gətirirlər ki, cin ondan qovulsun. Ancaq bunu etmək faydasızdır - nəticə cəsəd olacaq. Bu elementi qovsanız, bədəndə heç kim qalmayacaq, çünki birincisi çoxdan getdi: o, artıq çay boyunca heç kimin hara getdiyini bilmir. Reanimasiya işi prosesində bizdən qaçan Vasyanı tam olaraq tutmaq çox vacibdir. Ona görə də 17-ci lassoya qoşulma qabiliyyəti bizə lazım olan Vasyanı tam olaraq tutmaq imkanı verəcək kimi səciyyələndirilir.
Mərhumun mahiyyətini müəyyən etmək təcrübəsi
İndi biz bu çaya girəcəyik və orada üzməyə başlayacağıq. Bunun üçün xüsusi ağıl lazım deyil - boğulmayacaqsan! Qara laxtalara bənzəyən baramalar üzərinizdən keçir. Onlarla əlaqə saxlamaq üçün nə etmək lazımdır? Siz əllərinizi barama üzərinə qoyursunuz və ora enerji vurursunuz. Bir barama enerjisini nəfəs aldığınız anda o, insana çevriləcək. Bu adam çox letargik görünəcək, amma heç olmasa onun nə olduğunu görə bilərsiniz.
Bu dəqiqə görürsən. Vasya necə tutuldu? Müəyyən etmək üçün üzümüz var və siz ardıcıl olaraq bütün baramaları tutmağa başlayırsınız. Onların arasında Vasyanı müəyyən etmək üçün əlaqə saxlamalısınız. Beləliklə, yaxınlıqda olan hər kəsi tutursan, prinsiplə hərəkət edirsən: "Sən Vasya deyilsən?" Tutduğunuz baramalar heç nə deyə bilmir, sadəcə onları görürsünüz. Hərəkətlərinizə cavab olaraq, onlar bir növ ləng hərəkətə sahib olacaqlar. İndi vəzifəniz oynamaq, məşq etmək, bu baramalarda kimin olduğunu görməyə çalışmaq olacaq. Heç bir xüsusi Vasyanı tutmayacaqsınız. Artıq bildiyiniz kimi, gördüyünüz baramalar yaxınlarda vəfat etmiş insanları təmsil edir. Sadəcə onlara baxmaq lazımdır. Sonra onlar götürülür və elementarlar əvvəlki şüursuz vəziyyətinə keçirlər. Onlarla heç bir reanimasiya tədbiri keçirməyə çalışmayın. Bu proses çətin, təhlükəlidir və hazırlıq tələb edir. Məsələn, reanimasiya zamanı iki köməkçi lazımdır: biri mərhumu dirildəcək, digəri isə sizi dirildəcək. Bu iş zamanı canlılıq tez itir. Ən yaxşı halda yarıya bölünür. Deməli, reanimasiyadan sonra siz də sizi özünə gətirməli olacaqsınız. Buna görə də, indi heç bir reanimasiyada oynamamalısınız: ölüləri diriltməyə çalışmayın ki, təsadüfən onların sayını artırmayın.
Egregor ilə işləyirik
Artıq dediyimiz kimi, insanları ən çox qorxudan ölülərin geri qayıtmaması üçün hiyləgər bəşəriyyət belə bir fikrə gəldi: birincisi, bu, yerin qəbiristanlıqlara həsr edilməsidir, ikincisi, ölülər bir növ möhkəm materialdan, bəzi hallarda hətta qıfıllarla hazırlanmış tabutlara qoyulur. İnsanın həyatı boyu etdiyi işlər şəxsi gücün toplanması (ətrafındakı məkanı dəyişdirmək qabiliyyəti) ilə qarşılıqlı əlaqədədir. Şəxsi gücü azdırsa, onu kiçik bir daşla əzmək olar, sonra da çıxmaz. Amma hansısa böyük döyüşçü dəfn olunubsa, onu güclü şəkildə əzmək üçün təpə tökmək lazımdır. Qəbiristanlıqların, ölülərin gətirildiyi və diqqətlə dəfn edildiyi xüsusi yerlərin ideyası onların (ölülərin) geri qayıtmaması ilə bağlıdır. Vəziyyətlər fərqli ola bilər. Məsələn, 17-ci lasso çayının məcrası dəyişəcək və sonra bütün baramalar sahildə yuyulacaq, bundan da ölülərin dünyaya növbəsiz qayıtmaq imkanı əldə edəcəyini ifadə edən bir amil yaranacaq. Onların bəziləri, ən aktivləri, həqiqətən də geri qayıda biləcəklər (klinik ölümdən sonra həyata qayıtmaq).
Əlbəttə ki, işıqlandırılmış yer, hansı ki biz artıq bu barədə danışdıq - egregorun birləşdirilməsindən ibarətdir.
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)
“Kitab oxumaq insana heç bir universitetdə ala bilmədiyi dərsi verir” - MÜSAHİBƏ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu gün portalın oxucularına yazar Ulduz Qasım İmanova ilə müsahibəmi təqdim edəcəyəm. Kimdir o? Özündən soruşaq.
-Xoş gördük, Ulduz xabım. Öncə özünüz haqqında məlumat verərdiniz.
-Mən Ulduz Qasım İmanova Cəbrayıl rayonunun Mehdili kəndində anadan olmuşam. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil almışam. Tələbəlik dövründə respubilkanın qəzet-jurnallarında, radio verilişlərində müxtəlif janrlı yazılarla, şeir və hekayələrlə, oçerk və esselərlə ardıcıl çıxış etmişəm.
-İlham mənbəyiniz nədir?
-İlham mənbəyim Allahın yaratdığı gözəlliklər, rəngarəng lövhələr, vətənimin təkrarolunmaz təbiətidi. Bir də, dünyada baş verən hadisələr. Müharibələr, günahsız insanların, uşaqların əzilməsi, ölümlər, insan alveri, biri harınlayarkən digərlərinin bir loxmaya möhtac qalmasıdı. Zorakılıqlar, zülmlər daim məni yazmağa məcbur edir.
-Əsərlərinizi ən çox nə zaman və harada yazmağı sevirsiniz?
-Doğrusu gecələr yazmağı sevirəm. Sakit və kimsəsiz mühitdə işləmək gözəldi.
-Ümumiyyətlə hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?
-Müxtəlif janrlarda kitablar oxuyuram. Lap uşaqlığımdan bədii ədəbiyyat oxumağı sevirəm. Çətinlik çəkirəm seçim etməkdə. Gözəl yazılmış nə varsa məni özünə valeh edə bilər.
-İlk dəfə nə vaxt böyük bir qətiyyətlə “yazar olacam” demisiniz?
-Yeddi yaşımda olub bu. İlk bir bəndlik şeirimi yazanda yazar olacağıma qərar vermişəm. Və bu istəyimdən məni döndərən olmayıb. Universitetə qəbul olunanda artıq mənim böyük arxivim vardı. Bu arxivdə şeirlər, oçerklər, məqalələr vardı.
-Əsərləriniz haqqında mümkünsə məlumat verə bilərsinizmi?
-“Mən aşiqəm Qarabağda”, “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, “Xocalı şikəstəsi”, “Açılmayan sirlər”, “Solmayan nərgiz”, “Ağ göyərçinlər”, “Qarabağda qiyamət”, “Qaçan Aslan”, “Maral” kimi kitabların müəllifiyəm. “Qürbət zöhrəsi”, “Xocalı şikəstəsi”, “Ağ göyərçinlər” romanlarım Türkiyə türkcəsinə və müxtəlif dillərə tərcümə olunub.
“Xocalı şikəstəsi” (“Xocalı fəryadı”) 2019-cu ildə Türkiyə Mədəniyyət və Turizm nazirliyi tərəfindən ilin yaxşı əsəri seçilib.
-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Kitab oxumaq vərdişinə nail olmaq üçün kitabları sevmək lazımdı. Dünyada baş verənlərə, bədii ədəbiyyata aludə olmalısan. Bunu anlamalısan ki, oxumaq insana çox şey verir. Sən oxumaq vasitəsiylə dünyanı öyrənə bilərsən. Məsələn Drayzerinin əsərlərini oxuyanda Amerika haqqında, Tolstoyu, Dostoyevskini, Puşkini oxuyanda Rusiya barəsində çox biliklər əldə etmiş olursan. O ölkələrin adətini, yaşam tərzini, xarakterini öyrənmiş olursan. İnsanlar, onların talelərini, psixologiyasını öyrənirsən. Kitab oxumaq insana böyük dərs verir. Həm də heç bir universitetdə ala bilmədiyi dərsləri.
-Yeni bir kitab yazmaq fikriniz və ya fəaliyyətlərinizlə bağlı yeni planlarınız varmı?
-Yeni nəşrə hazırladığım əsərlərim çoxdu əslində. Qarabağ mövzusunda, azərbaycanlıların Rusyadakı yaşam tərzləri barəsində romanlarımı çapa hazırlayıram. Bundan əlavə, bir neçə mövzular var planımda. Sağlıq olsun!
-Yazıçı olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?
-Yeni yazmağa başlayan gənclərə uğurlar diləyirəm. Bir də, onlara yazmağı və sevməyi məsləhət görürəm. Səbr və dözüm. Yazdığınız mövzunu dəqiq və dərindən öyrənin. Sadəcə yazmaq olsun deyə yazmayın. Bu yol zəhmət, dözüm, səbr istəyir. Bunu unutmayın. Çox oxuyun, çox axtarın. Dünyanın bütün yazarlarından öyrənin. Klassikləri çox oxuyun.
-Dəyərli zamanınızdan bizə vaxt ayırdığınız üçün minnətdaram, Ulduz xanım!
-Mən də sizlərə öz dərin təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)
“İkibaşlı əjdaha” təqdim olundu
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Qısa müddət ərzində detektiv həvəskarlarının qəlbinə yol tapan, hər iki kitabıyla (“Son gecə”, “On ikiyə işləmiş”) özünə xeyli auditoriya toplamış
Fəxrəddin Qasımoğlunun müəllifi olduğu "İkibaşlı əjdaha" kitabının təqdimatı keçirildi.
Polis polkovnik-leytenantı rütbəsi daşıyan müəllifin detektivləri niyə belə maraq doğurur və sevilir? Çünki o, şahidi olduğu real hadisələri peşəkarlıqla qələmə alır, təbii ki, real detektiv uydurma detektivdən daha cəlbedicidir.
Tədbiri açan Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis müəllifin yaradıcılığı barədə qeydlər etdi, onun romanlarının əsas məziyyətlərini vurğuladı.
Kitabdan seçilmiş bir parça “book trailer" formatında "M. Teatr" truppasının ifasında gənc aktyorlar tərəfindən səhnələşdirilmişdi və sürəkli alıqşlarla qarşılandı.
Sonda Fəxrəddin Qasımoğlu gələnlərə minnətdarlıq bildirdi və kitabları imzaladı.
Məkan olaraq isə gənclərin və detektiv janrında oxuculara xitab edəcək "CraftAvenue" anti-kafe seçilmişdi.
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)
KİTAB BƏLƏDÇİSİndə “Min möhtəşəm günəş”
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
“Min möhtəşəm günəş” əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyninin 2007-ci ildə çapdan çıxmış ikinci romanıdır.
Müharibə və insan, düşmənlik-dostluq, haqsızlıq-ədalət, nankorluq-fədakarlıq, peşmanlıq, vicdan əzabı, sədaqət və s. - bütün bunlar dünyaca məşhur yazıçı Xalid Hüseyn yaradıcılığının əsas mövzusunu təşkil edir. Onun ikinci böyük əsəri olan "Min möhtəşəm günəş" öz adını XVII əsr Azərbaycan şairi Saib Təbrizinin "Qəndəharnamə" poemasının:
Bu şəhərin nə damını işıqlandıran ulduzları saya bilərsən,
Nə də divarlarının arxasında gizlənən min möhtəşəm günəşi..
beytindən götürmüşdür. Bu poema II Şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunmuşdur. Bundan əlavə, Xalid Hüseyn öz əsərində klassik ədəbi nümunələrə də müraciət edir ki bu da cəmiyyətin normal və firavan yaşamasına mane olan uydurma qanunların mürtəceliyini göstərir.
“Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır. Oxucu qəlbini riqqətə gətirən ağrısı da var sonda, sevinci də.
Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.
Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər. Məryəmin ölümü mənim mənim fikrimcə, haqsızlıq qurbanı olan qadınların mənəvi ölümüdür. Xalid Hüseyni əsərlərini çox vaxt nikbin sonluqla bitirməyə həvəskardır. Bu əsərini də nikbin sonluqla bitirir. Sonda Leyla istəklərinə çatır. Əslində bu həm müəllifin arzusu idi, həmçinin yenə də mənim düşüncəmə əsasən, Məryəmin fədəkarlığı nəticəsində daha açıqlayacı formada desək, burada Məryəm yox Məryəmlər nəzərdə tutulur. Məryəmlərin acı taleyi Leylaların işıqlı gələcəyinə yol aça bilir. Ona görə hər bir qadın gələcək nəsilin gözəl yaşaması üçün bu gün sonunda nə olacağından asılı olmayaraq mübarizəsindən geri qalmamalıdır.
Xalid Hüseynidən oxuduğum iki əsərdən biridir bu əsər. Və müharibənin fəsadlarını adı kimi Min möhtəşəm göstərən əsərlərdəndir.
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)
Nəsimi yaradıcılığı İngiltərə ədəbiyyat portalında işıqlandırılıb
İngiltərənin populyar “My poetic Side” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin ingilis dilinə tərcümə edilmiş “Dünya duracaq yеr dеyil, еy can, səfər еylə!” və “Üzün nuri-təcəlli məzhəridir” qəzəllərinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəllərin ingilis dilinə tərcümə müəllifi tanınmış ingilis tərcüməçisi Piter Tempestdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Ceyn Ostin, Edqar Allan Po, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)
TƏƏCCÜBLƏNDİRƏN MƏKTƏBLİ - “Rahat yatdığımız üçün əbədi yatanlara borcluyuq…”
Cəlilabad rayonu Göytəpə şəhərinin Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Əliyeva Səmanın essesi bəlkə də doqquzuncular arasında ən yaxşı Qarabağ barədə essedir.
“Ədəbiyyat və incəsənət” portalı həmin esseni diqqətinizə çatdırır.
Dağlıq Qarabağ Azərbaycanın doğma və ayrılmaz parçasıdır. 1991-1994 cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı döyüşlər başlamışdır. Ermənilər Qarabağın dağlıq hissəsində 1923 - cü ildə sovetin rəhbərliyi ilə yaradılmış qurumu hər zaman Azərbaycandan ayırmağa, qoparmağa can atmışlar. 1980 - ci ilin sonuna yaxın onlara mühüm olan şəraitdən istifadə edərək Dağlıq Qarabağın və digər Azərbaycan rayonlarının itirilməsi ilə sonlandı. Ermənilər ilk öncə sovet və sonra Rusiya hərbi qüvvələrinin dəstəyindən yararlanaraq Dağlıq Qarabağdakı iyrənc, fitnəkar əməllərinə yol açdılar. Azərbaycan milləti artıq öz torpaqlarından qovulurdu. Beləliklə 1991-ci ilin sentyabr ayında ermənilər tərəfindən qanuni olmayan Dağlıq Qarabağ respublikasının yaradıldığı ortaya çıxarıldı. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafında olan 7 inzibati rayonu işğal altına alındı. İşğal olunmuş bölgələrdə neçə-neçə şagirdin oxuduğu təhsil ocaqları, xəstəxanalar, poliklinikalar məhv olundu. Bunlarla yanaşı Azərbaycanın bir neçə mədəni irs nümunəsinə də ziyan dəydi. Xeyli əsərlərin qorunub saxlanıldığı muzeylər, kitabxanalar, incəsənət məktəbləri ermənilər tərəfindən ələ keçirildi və məhv edildi. Azərbaycana miqyassız maddi-mənəvi zərər dəydi.
Günahsız olan dinc sakinlər, xəbərsiz olan balaca körpələr düşmən tərəfindən amansızcasına qətlə yetirildi. Azərbaycan vətəndaşı, qocası, qadını, günahsız körpələri erməni girovluğuna götürüldü.
26 fevral 1992-ci il. Qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğlu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında çaş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirək. Həmin gecə Xocalı sakinlərinin üzləşməyə məcbur qaldıqları münasibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə. Şəhərin neçə-neçə sakininin həyatına son qoyuldu bir gecənin içində. Yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibəti ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamamilə sildilər.
Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Burada arzuları gözündə qalan balasını başı üstünə qaldılar ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir bariz nümunəsidir. Hətta xalqımıza qarşı törədilən Xocalı vəhşətini türkiyəli aktyor Nejat İşler belə təsvir etmişdi:
“Herkes uyuyor. Birazdan elektrikler kesilecek ve dünyayla iletişiminiz kalmayacak. Mahallenizin etrafı tanklar ve askerlerle çevrildikten sonra kapılarınız tekmelerle kırılacak. Eğer sizin kapınız kırılmadıysa, silah sesleri duyucaksınız. Eşinizin ve çocuğunuzun korku dolu bakışları sizin üzerinizdeyken cesaretinizi toplayıp onları korumaya çalışacaksınız fakat o esnada sizinde kapınız kırılacak. Size kurşun sıkıp ruhunuzu teslim etmenizi bile beklemeden eşinize silahın kabzasıyla vuracaklar, eğer direnirse tekmeyle devam edecekler. Siz ruhunuzu teslim edene kadar çocuğunuzu bıçakla doğramaya başlayacaklar. Umarım eşiniz hamile değildi, fakat eşi hamile olanlarda var elbet. Hamilelerin karınlarını bıçakla yarıp bebeği çıkaracak, evinizin tahta direklerine çivileyecekler. Evde küçük çocuk varsa da, çocuğun gözü önünde annesinin göğsünü kesip çocuğun ağzına verecekler. Sonra çocuğu da öldürecekler…”
Bu hadisələr qarşısında dünya birliyi hələ də səssiz qalmış, bir xalqa qarşı törədilən genosidi görməzdən gəlmişdi. Lakin ilahi ədalətin geci-tezi olur.
Polad Həşimov hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generaldır. Polad Həşimovun nəşi doğulduğu rayonun Vəndam qəsəbəsinə gətirilir. Azərbaycan xalqı daha bir sarsıdıcı xəbər almış oldu. Xalqımızdan daha bir can qopdu. Daha sonra Polad Həşimov dövlət himninin sədaları altında son mənzilə yola salındı. Davamlı olaraq Azərbaycan xalqı səhərini igid oğulların, generalların şəhid xəbəri ilə açırdı. Neçə evlərin oğulları qanı və canı bahasına torpaq üçün savaşırdılar. Anaların fəryadı eşidildi, yarların gözləri yolda qaldı, körpələr ata intizarında oldular.
İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci il səhər saatlarında başladı. Beləcə, şəhid xəbərləri eşidilirdi. Müxtəlif bölgələrə şəhid gəlirdi, Azərbaycan milləti səssizliyə qərq olmuşdu. Beləliklə Azərbaycan səfərbərlik elan etdi. Qardaş ölkə olan Türkiyə Azərbaycana dəstək verdi. Müharibə sensorların, ağır artilleriyanın, pilotsuz təyyarələrin istifadəsi ilə yaddaşlara vuruldu.
Azərbaycan Silahlı qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. 30 il işğal altında olan torpaqlarımız artıq azaddır! Azərbaycan xalqının 30 il çəkən Qarabağ həsrətinə 8 noyabr 2020-ci il tarixində son qoyulmuşdur. Azərbaycan xalqı bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək. 30 il ərzində öz doğma ev-eşiyindən ayrı düşüb, məcburi köçkün həyatı yaşamağa məcbur qalmışdı insanlarımız. Ermənistan 30 il müddətində işğal altında saxlamış Azərbaycan torpaqlarını darmadağın vəziyyətə salmışdı. İçimizdə olan bu acıya həsrətə 44 gün son qoydu. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü ortaya çıxararaq ölkəmizin, xalqımızın qələbəsi ilə başa çatdı. Zəfər çaldığımız gündə həqiqətən
də uşaqdan böyüyə hər kəs sevinc içində idi. Azərbaycan xalqının sevincinin həddi-hüdudu yox idi. Bu sevinci, bu qələbəni bizlərə bəxş edən Şəhidlərimizə, Qazilərimizə borcluyuq.
Bizlər də şəhidlərimizin ruhunu şad etmək üçün daima Vətən üçün Azərbaycanımız üçün çalışmalıyıq. Xalqımızın "Dəmir yumruq" da birləşərək düşmənə zərbə endirməsi yaddaşlarda qalacaqdır. Ali Baş Komandanımızın dediyi kimi biz bir "Dəmir yumruq" olub əzdik düşmənin başını. Vətənimizin uğrunda şəhid olanları əsla unutmayacağıq, onlar özlərindən sonra gələn nəsil üçün unudulmaz dastan yazdılar. Bu gün Azərbaycan xalqı rahat gözünü yumursa, gözlərini dünyaya əbədilik yumanlara borcludur. Biz bu gün qalib dövlət kimi tanınırıq. Bunun üçün qarşınızda baş əyirik, xalqımızı yaşatmaq üçün öz canını qurban verən igidlərimiz, qəhramanlarımız!
Artıq azadlıqla deyə bilərik Qarabağ Azərbaycandır! Əziz Qarabaq, sən tam Azadsan! Qarabağ biz qayıtmışıq!
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)
Zəfər günü ərəfəsində bir daha müharibə ədəbiyyatı mövzusu aktuallaşıb
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Zaman-zaman müharibə dövrü ədəbiyyatı gündəmə gəlir, amma mövzuya konseptual yanaşmaya az-az rast gəlirik. Bu cəhətdən Azərbaycan Ədəbiyyat Fondu və “Azərbaycan–Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Müharibə dövrü ədəbiyyatı” mövzusunda keçirilən dinləmələr çox əhəmiyyətlidir.
“Nəyimiz var və nəyə ehtiyac duyulur” altbaşlığı ilə keçirilən dinləmələrdə ölkənin tanınmış yazıçıları, jurnalistləri, ictimai xadimləri, şəhid ailələri iştirak ediblər.
BƏS DİNLƏMƏNİN NƏ KİMİ FAYDASI OLUB?
Dinləmələrin ümumi ruhunda özünü qabarıq göstərən başlıca amil o olub ki, bugünkü zəfərimizin gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayan keyfiyyətli ədəbi nümunələrin ortaya qoyulması zəruridir, eləcə də gənclərin vətənpərvərlik ruhunda torpaqlarımızın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə olunmasında dövlət siyasəti ilə paralel olaraq, milli ədəbiyyatın da mühüm rolu var. Məhz Azərbaycan ədəbiyyatı xalqımızın Vətən müharibəsində tarixi Zəfər qazanmasına mənəvi stimul verib. Ali Baş Komandanımız İlham Əliyevin rəhərliyi ilə hər cür igidlik nümunəsi göstərməyə hazır olan yeni nəslin təmsilçiləri üçrəngli bayrağımızı Xankəndinin, Şuşanın, Laçının, Kəlbəcərin ən uca zirvələrinə taxıblar. Bu isə həm də müstəqillik və Vətən anlayışlarının daha dərindən dərk olunması yönümündə milli ədəbiyyatımızın xalq qarşısında xidməti kimi dəyərləndirilir.
Azərbaycan Ədəbiyyat Fondunun Baş Direktoru, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, tanınmış yazıçı, Əməkdar jurnalist Varis dinləmələrin məqsəd və məramını açıqlayaraq qeyd edib ki, 30 illik bir dövr ərzində torpaqlarımızın işğaldan azad olunması mövzusu daha da aktuallaşıb. Bu gün Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin qalibiyyətindən bəhs edən ədəbiyyat nümunələrinin yaradılması əhəmiyyətindən danışaraq, əsrlər boyu müharibə, qələbə mövzularında qələmə alınan “Hərb və sülh”, “Əlvida, silah”, “Qərb cəbhəsində dəyişiklik yoxdur”, Ali və Nino” kimi dünya ədəbiyyatı inciləri ilə bir sırada dayanacaq, Şanlı Zəfər tarixini bütün çalarları, qalibiyyəti ilə təsvir edəcək nəzm və nəsr nümunələrinin yazıldığını və gələcəkdə də yazılacağı əminliyini dilə gətirib.
“Son illərdə bu barədə çoxlu dəyərli əsərlər yazılıb, amma müqəddəs savaşı, xalqımızın mübarizə əzmini, ordumuzun qəhrəmanlığını dünya ədəbi platformasına çıxara biləcək bədii nümunələr hələ yetərincə deyil. Biz bu gün müharibə mövzusunun ədəbi müstəvidə daha dolğun işıqlandırılması ilə bağlı qarşıda duran vəzifələrdən danışaraq bu vəzifələrin reallaşdırılması yollarını aramalıyıq”.
“Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının, UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar Ittifaqının üzvü Nigar Helmi Abbasbəyli Qarabağ həqiqətlərinin dünyada tanınması işində mədəniyyətin ümdə vəzifələrindən bəhs edib, örnək olaraq özünün bir sıra Avropa ölkələrində nümayiş olunan “Qarabağ mirası” sərgisindən danışıb. Qeyd edib ki, mədəniyyətin bütün sahələrində, o cümlədən də bədii ədəbiyyatda müharibə mövzusunun aparıcı rolu daha da gücləndirilməli, bizə qarşı mənfur düşmənin apardığı mədəni soyqırımı faktları hər vasitə ilə ifşa olunmalıdır.
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Filologiya üzrə elmlər doktoru, professor, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı müharibə dövrü ədəbiyyatından bəhs edərkən İkinci Dünya Müharibəsi dövründə Azərbaycanda yaranan ədəbiyyatı bir nümunə kimi qəbul etməyin vacibliyini vurğulayıb, həmin dövrdə ən məhsuldar yazıçı olan görkəmli ədib Mir Cəlalın yaradıcılığından bəhs edib, ədibin müharibə mövzusunda qələmə aldığı əsərlərinin, xüsusən “Vətən yaraları”nın hazırkı ədəbi nəsil üçün əsl örnək olduğunu konkret misallarla əsaslandırıb.
Xalqımızın mübarizələrlə dolu şərəfli tarixi haqqında bir neçə sanballı əsərin müəllifi olan, 44 günlük müharibə barədə “Cığır” kimi sanballı bir roman ortaya qoyan yazıçı, Əməkdar mədəniyyət işçisi Yunus Oğuz müasir ədəbi prosesdə müharibə mövzusunun tutduğu yer, yazılan əsərlərin təbliği, xarici dillərə tərcüməsi kimi ümdə məsələlərdən danışıb. Eyni zamanda ölkə kinematoqrafiyasının müharibə mövzulu ədəbiyyata biganəliyindən söz açıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli müharibə dövrü ədəbiyyatı mövzusunu daha geniş anlamda qavramağın vacibliyinə diqqət çəkib. O, hazırkı Qarabağ müharibəsi, ötən əsrdəki İkinci Dünya Müharibəsi çərçivəsini bir qədər də genişləndirərək ötən əsrin əvvəllərində Azərbaycanın öncə Çar, ardınca bolşevik Rusiyası ilə apardığı mücadilələrə toxunub. Arxiv materialları əsasında araşdırdığı bu dövrdə mücadilələrdə fərqlənmiş Mirzə Nəsrulla Əmirov kimi fədailərən obrazlarını yaratmaqla bədii ədəbiyyatın gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhuna gətirəcəyi töhfələrdən bəhs edib.
Cəfər Cabbarlı adına Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov 200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parça itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin, polad iradəsinin bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin qələmə alınmasından danışıb. Və kitabxananın nəşr etdirdiyi, 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsullarınln toplandığı “Sən azadsan” kitabı haqqında məlumat verərək, bu kimi dəyərli əsərlərin gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini, tarixi araşdırmaq üçün əvəzsiz dərslik olacağını qeyd edib.
Filologiya elmləri doktoru, “Bütöv "Azərbaycan bədii təfəkküründə Şuşa” kitabının müəllifi Esmira Fuad, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan ədəbiyyatı bölməsinin müdiri Sayman Aruz, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü, Səbail rayon Mərkəzi Kitabxanasının direktoru, Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun xanımı Nərmin Xəlilova, Dövlət Qulluğu Müşaviri, Qarabağ müharibəsi veteranı, Əməkdar jurnalist, 1ci və 2ci Qarabağ müharibəsi ilə bağlı çoxsaylı kitabların, eyni zamanda “44 günlük savaşın 444 cəngavəri" 2 cildliyinin müəllifi Əntiqə Qonaq, tanınmış tele-jurnalist, "Xəzərin sahilində" layihəsinin rəhbəri, Sənətşunaslıq üzrə Fəlsəfə doktoru, 1ci Qarabağ müharibəsi Şəhidi Zahid Bayramovun bacısı Fəxriyyə Lilpar, Şəhid Bakir Quliyevin qızı, Milli Qəhraman Seymur Məmmədovun bacısı, Azərbaycan Televiziyasının "Ədəbi abidələr” proqramının müəllifi, 8 il Hərbi vətənpərvərlik Proqramları Baş redaksiyasının redaktoru olmuş, döyüş bölgələrindən reportajları ilə tanınan jurnalist Təranə Bakirqızı, araşdırmaçı jurnalist, Qarabağ müharibəsi Şəhidləri barədə silsilə kitabların müəllifi Aida Eyvazlı çxışlarında mövzuya dair fikirlərini bölüşüblər, maraqlı təkliflər irəli sürüblər.
Habelə, 44 günlük müharibə ilə bağlı ortaya çıxan ən ciddi layihələrdən biri, müharibə iştirakçıları olan şairləri bir araya gətirən “İgidlərin SÖZÜ” layihəsindən söz açılıb, layihənin rəhbəri, tanınmış şair, Dünya Poeziya Hərəkatının koordinatoru Nigar Həsənzadənin bu layihəni yaratmaq zərurəti qabardılıb, layihə üzvü Cavid Qasımov öz səngər şeirlərini səsləndirib.
Dinləmələr zamanı müharibə mövzusunun ədalət və sülh problemi ilə vəhdət təşkil etdiyinə və yazarların bədii nümunələrə məhz bu aspektdən yanaşmalı olduqlarına da diqqət çəkilib. Qələbəni bədii dillə əsaslandıran, təsəlli verən müharibə ədəbiyyatının qəlbləri tərpədə bilməsi, hər kəsi yaxşı mənada həyəcanlandırması üçün yazarların bütün istedad və bacarıqlarını səfərbər etməsinin vacibliyi dönə-dönə vurğulanıb.
Əminik ki, bundan sonra yazıçılarımız ortaya daha sanballı işlər qoyacaqlar.
“Ədəbiyyat və incəsənət”
(07.11.2023)