“O bir mələk idi. Yerdə çox yaşaya bilməzdi..." Featured

 

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah, Cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından, ürəyim sərinlik tapar. Inşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyǝm. Allah böyükdü. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.

İmza: İbrahimov Mübariz/18.06.10 

 

Bu gün Zəfər günüdür və mən bu gün Mübarizdən yazmaq istədim. Hansı ki, Qarabağın geri qaytarılması bəlkə də ən çox onun arzusu idi, hansı ki, bunu ən çox bəlkə də o gözləyirdi. Hansı ki, yurd-yuvasından min bir əzabla, min bir işgəncəylə qovulan Xocalı sakinlərinin qisasını bəıkə də ən çox o almaq istəyirdi. O Mübarizdən ki, o, son məktubunda "Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm" yazırdı.

Mübarizi tanıtmaq üçün nə uzun və nə də bəzəkli cümlələrə gərək yoxdur. Mübariz kim olduğunu və nələrə qadir olduğunu bir gecənin içində bütün dünyaya bəyan edib.

Mübariz ermənilərin cəsədindən belə qorxduqları idi.

Mübariz öz amalı yolunda qorxmazlığın, cəsarətin, şücaətin təcəssümü idi.

Mübariz içinə illərlə qəlpələr yığılmış bir qumbara, bir mina kimi idi sanki və hər mina kimi o da əvvəl-axır mütləq bir gün partlamalı və içindəki qəlpələri saçmalıydı. 

 

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonun Əliabad kəndində anadan olub. 1994-2005- ci illərdə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsil alıb. 13 yaşından etibarən idamnın boks növü ilə də məşğul olub.  O, orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılıb.

Hərbi xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı bölüyündə başlıyıb. Xidməti zamanı çavuş rütbəsi alıb və 2007-ci ildə çavuş rütbəsi ilə də hərbi xidmətini başa vurub. Mübarizin Komandiri Zaur Məcidovun sözlərinə görə O Mübarizə xidmət etdiyi bölükdə qalıb onlarla birlikdə xidmətinə davam etməyi təklif edib, lakin, Mübariz ona "Böyük bir məmnuniyyətlə sizinlə birlikdə xidmət edərdim, bu mənim üçün fəxrdir, amma ki, mən ön xətdə xidmət etmək istəyirəm"-, söyləyib.

Valideynləri əvvəl onun hərbiyə getməsinə razı olmadıqları üçün o, bir müddət bankların birində mühafizəçi və daha sonra BibiHeybət məscidində bağban kimi mülki işlərdə çalışdıqdan və  qərarında səbatlı olması ilə  ana-atasını razı saldıqdan sonra 2009-cu ilin avqustunda  gizir rütbəsi ilə hərbi qulluqçu kimi yenidən hərbi xidmətə başlayıb. 

2010-cu ilin aprel ayından etibarən isə öz israrları nəticəsində nəhayət istəyinə nail olub və hərbi xidmətinə Tərtər rayonun N saylı hərbi hissəsində düşmənlə təmas xəttində davam edib.

2010 cu ilin iyun ayının 18-dən 19 na keçən gecə Mübariz ailəsinə xitabən bir məktub yazıb qoyduqda sonra təkbaşına təxminən 1 kilometrlik minalanmış ərazini keçərək erməni tərəfinə sızmış və işğalçı ermənistan ordusunun çoxlu sayda əsgər və zabitini məhv etmiş və onlara məxsus olan silah anbarını partlatmışdır. Təqribən 5-6 saat ərzində bir ordu ilə təkbaşına savaşmış Mübariz bu zaman elə bir şərait yaratmışdı ki, ermənilər onların üzərinə böyük bir ordunun gəldiyini zənn etmişdi. 

Mübarizin təkbaşına  ernənilərə qarşı başlatmış olduğu bu qeyri-bərabər döyüş iyunun 19-da  səhər saatlarında onun şəhadətə qovuşması ilə başa çatır. 

Ermənistan tərəfi bir neçə ay qəhrəmanımızın nəşini qaytarmaqdan boyun qaçırıb, lakin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan noyabrın 6-da Gizir Mübariz İbrahimovun və həmçinin şəhid baş leytenant Fərid Əhmədovun nəşini Azərbaycan tərəfinə təhvil vermişdir. 

2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində  şəhidimizlə vida mərasimi keçirilib və o, ikinci Fəxri Xiyabanda dəfn olunub. 

Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra "Azərbaycanın milli qəhrəmanı" adı verilib.

Biləsuvar şəhərində lisey-məktəb kompleksi  və küçə onun adını daşıyır.

Daha çox dedektiv əsərlər müəllifi olan yazıçı Elxan Elatlı Mübariz İbrahimovun həyatı və şərəfli döyüş yolundan bəhs edən "Qisas gecəsi" adlı roman yazmışdır. 

Yazıçı Varisin 2018-ci ildə Avrasiya Materikinin Ədəbiyyat üzrə 3-cü LiFFt Festivallar Festivalınln qızıl medalına layiq görülən, 2019-cu ildə London Ədəbiyyat Mükafatının şort-listinə düşən məşhur “Metamorfoz” romanında Mübarizdən bəhs edən bircə abzas onun adını beynəlxalq miqyasda oxuculara tanıtmışdır. 

Atası Ağakərim İbrahimov Mübariz  haqqında  danışarkən "O bir mələk idi. Yerdə çox yaşaya bilməzdi..."-, deyib.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.