Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstanın Ali diplomatik medalı – ölkənin görkəmli dövlət xadimi və diplomatı Nazir Tyuryakulovun adına medal ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, medal Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu tərəfindən Günay Əfəndiyevaya təqdim olunub.
Fondun prezidenti bu medala Qazaxıstanın qədim və zəngin mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması, dəyərlərinin geniş miqyasda yayılması, ölkənin Türk Dünyası ilə inteqrasiyasının gücləndirilməsi yönündə fəaliyyətlərinə, eləcə də xarici siyasətinin uğurla həyata keçirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.
İclasda iştirak edən Türk dövlətlərinin xarici işlər nazirləri və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Türk Dünyasının ortaq irsinin qorunması, təbliği istiqamətində və türk xalqları arasında həmrəyliyinin daha da gücləndirilməsində xidmətlərinə görə Günay Əfəndiyevaya təbrik və təşəkkürlər ifadə olunub.
“Ədəbiyyat və incəsənət”
(08.11.2023)