Bayraq Gününə töhfə - GƏNCLƏR KİTABXANASI ÖZ AMPLUASINDADIR Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası elə bir əlamətdar gün olmaz ki, həmin gün barədə bir tədbir həyata keçirib xüsusən gəncləri maarifləndirməsin. Bugünkü Zəfər Günü münasibətilə kitabxananın hazırladığı videomaterial və guşə barədə ayrıca sizi bilgiləndirmişdik. 

İndisə sizə sabahkı tarix üçün hazırlanmış töhvə barədə danışacağıq. 

9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar kitabxana videomaterial hazırlanaraq izləyicilərə təqdim edib. Bu materialda Azərbaycanın dövlət rəmzi bayrağımızın yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materialda ümumi məlumatlarla yanaşı, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədikləri dəyərli fikirlər, səs yazıları da öz əksini tapıb. Materialda 30 illik həsrətdən sonra işğaldan azad olunan əzəli Azərbaycan torpaqlarında, Zəfər Paradında vüqarla dalğalanan Azərbaycan Bayrağının görüntüləri də təqdim edilir.

Videomaterialda milli istiqlal şairi Əhməd Cavadın, Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduqları və milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən biri olan Azərbaycanın dövlət bayrağına həsr edilən şeirlərindən parçalar da yer alır. Bundan əlavə izləyicilər materiallarda Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi haqda da maraqlı məlumatlar əldə edə bilərlər.

9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.