Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında çıxışı zamanı Ermənistanın xarici işlər nazirinin Azərbaycana qarşı əsassız və yalan iddialarını qətiyyətlə rədd edirik.
AzərTAC xəbər verir ki, bu fikirlər UNESCO Baş Konfransının 42-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər nazirinin çıxışına Azərbaycanın etiraz bəyanatında bildirilib.
“Ermənistanın Azərbaycanı Ermənistana könüllü getmiş ermənilərə qarşı qondarma “etnik təmizləmə” aparmaqda ikiüzlü şəkildə ittiham etməkdə davam etməsi və bu məqsədlə beynəlxalq platformalardan sui-istifadə etməyə cəhd göstərməsi, eyni zamanda, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətməsi, Azərbaycan Respublikasının qanunlarını pozması qətiyyən qəbuledilməzdir. Ermənistanın 30 illik hərbi təcavüzü ərzində bir milyona yaxın azərbaycanlının insan haqları pozulub”,- deyə cavab bəyanatında vurğulanıb. Qeyd edilib ki, Ermənistanın əsassız iddiaları BMT-nin regiona səfər edən qurumlarının, eləcə də Ermənistanda fəal çalışan nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir.
Azərbaycanın Qarabağ bölgəsində mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialara gəlincə, Ermənistanın bu məsələ ilə bağlı Azərbaycana qarşı iddialar irəli sürməsi qəbuledilməzdir. Çünki Ermənistan özü indiki ərazilərində, eləcə də işğal altında olmuş ərazilərimizdə Azərbaycan mədəniyyət nümunələrini qəsdən dağıtması, mənimsəməsi, dəyişdirməsi və qanunsuz daşınması ilə tanınır.
“Bir daha Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının çoxsaylı beynəlxalq platformalardan yalan və böhtan xarakterli ritorikası ilə davam etdiyinin şahidi oluruq ki, bunun da sülh sazişinin şanslarını sarsıtmaq niyyətində olduğu aydındır”,- deyə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin I katibi Nahid Ömərov etirazını bildirib.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)