Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün 2023-cü il üzrə qrant müsabiqəsini elan edib. Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının mədəniyyət siyasətini və prioritet sahələrini həyata keçirilməsinə dəstək olmaq üçün innovativ, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Qrant müsabiqəsinin prioritet mövzuları:
1. Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi (Azərbaycanın mədəni, ədəbi irsinin, incəsənət nümunələrinin və milli mənəvi dəyərlərin təbliği istiqamətində təşəbbüslər; Mədəniyyət sahəsində dövlət və özəl sektor arasında faydalı əməkdaşlığın qurulması üçün təşəbbüslər; Azərbaycan mədəniyyətinin təbliğində İKT imkanlarından istifadənin təşkil olunması üzrə təşəbbüslər; Ölkənin regionlarında yerləşən tarixi və mədəniyyət abidələrin innovativ yanaşma ilə məlumat bazalarının yaradılmasına dəstək verilməsi);
3. Mədəni və yaradıcı sənayelərilərin dəstəklənməsi (Mədəni və yaradıcı sənayelərin inkişafı sahəsində dövlət-özəl sektor – vətəndaş cəmiyyəti əməkdaşlıq modellərinin yaradılmasını və sınaqdan keçirilməsini dəstəkləyən təşəbbüslər; Mədəni və yaradıcı sənayelərin rəqabətə dözümlülüyünün artırılması üçün kadr potensialının yüksəldilməsinə dəstək məqsədilə bacarıqların artırılması layihələri; Mədəni və yaradıcı sənayelərin inkişafı, investisiyaların cəlb olunması sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, müxtəlif növ tədbirlərin təşkili üzrə təşəbbüslər);
4. İşğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı (İKT imkanlarından istifadə etməklə işğaldan azad olunmuş ərazilərin mədəni irsi, işğal dövründə mədəni irsə dəymiş ziyan haqqında məlumatlandırıcı resursların yaradılması üzrə təşəbbüslər; Repatriasiyaya hazırlaşan gənclər və uşaqlar üçün işğaldan azad olunmuş ərazilərə işğaldan öncəki mədəni həyat haqqında məlumatlandırıcı layihələr; Beynəlxalq və yerli mediada Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin daha geniş tanıdılması məqsədilə təbliğat layihələri);
5. Mədəniyyət sahəsində könüllülüyün inkişafı (Mədəniyyəti həyat tərzinin ayrılmaz və zəruri parçası kimi təşviq etmək; Mədəniyyətin iqtisadi inkişafa töhfəsini gücləndirmək istiqamətində təşkil edilmiş layihələrdə iştirak; Mədəniyyətimizin müxtəlif sahələrinin və mədəni irsimizin tədqiqi, qorunması, inkişafı və təbliği istiqamətindəki fəaliyyətlərdə iştirak; İnsan və cəmiyyətin mədəni inkişafı ilə bağlı layihələrin təşkilində iştirak);
6. Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, tədqiqi, təbliği, arxiv irsinə dəstək;
7. Azərbaycan mədəniyyətinin beynəlxalq təşviqi (Azərbaycan mədəniyyətinin xarici kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, qlobal onlayn platformalarda və ensiklopedik resurslarda təmsil olunması əmsalının yüksəldilməsi üçün müasir dövrün tələblərinə uyğun mədəni-informasiya resurslarının yaradılması üzrə təşəbbüslər);
8. Mədəniyyət naminə sülh (Peace4Culture) (Sülhün mədəniyyətin inkişafında, mədəni irsin qorunmasıda əhəmiyyəti barədə layihələr; Müxtəlif mədəniyyətlər və ənənələrə qarşı tolerantlıq və anlayışın aşılanması; Bərabərlik və barışın təşviq edilməsi barədə təbliğat; Qəzəb, qərəz, nifrət, müxtəlif fobiyalar və mənfi ictimai təmayüllərin və ehkamların qarşılıqlı hörmətə və inama çevrilməsi mövzusunda təbliğat və layihələr);
9. İnsan və cəmiyyətin mədəni inkişafı (Mütaliə mədəniyyətinin inkişafı və stimullaşdırılması üçün fəaliyyətlər və çoxtərəfli əməkdaşlıqların qurulıması üzrə təşəbbüslər; Rəqəmsal kitabxana xidmətlərin yaradılması və ya təkmilləşdirilməsi; Uşaq və gənclərdə azərbaycanlı milli kimliyinin və mədəni dəyərlərin formalaşdırılması üzrə təşəbbüslər; Dövlət və mədəniyyət müəssisələrində çalışanların İKT və innovasiya sahəsində bilik və bacarıqlarının artırılması).
Qrant müsabiqəsinin iştirakçılarına verilən tələblər:
1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı olmalıdır;
2. Müsabiqə iştirakçısı olan qeyri-hökumət təşkilatının mədəniyyət sahəsində layihələrin icrası və tədbirlərin təşkili ilə bağlı müvafiq təcrübəsi olmalıdır;
3. Müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatı aşağıdakı sənədləri təqdim etməlidir:
* Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslinin elektron surəti;
* Dövlət Reyestrindən Çıxarışın əslinin elektron surəti;
* Nizamnamənin əslinin elektron surəti;
* Qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin FİN kodu və əslinin elektron surəti;
1. Mədəniyyət Nazirliyindən əvvəllər qrant almış, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini qrant müsabiqəsinin başlamasına qədər tam yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməz;
2. Eyni qeyri-hökumət təşkilatı tərəfindən qrant müsabiqəsinə birdən artıq layihə təqdim edilə bilməz.
Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinə verilən tələblər:
1. Layihə təklifinin müddəti minimum 2 ay, maksimum 6 ay müddəti əhatə etməklə, Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir;
2. Qrant müsabiqəsinə təqdim olunmuş layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.
Layihə təklifləri ilə bağlı əlavə tələblər:
Aşağıdakı prinsiplərə əsaslanan layihə təklifləri seçim prosesi zamanı əlavə üstünlük qazanacaq:
1. Regional əhatəlilik – Layihə təkliflərində yalnız Bakı şəhəri və Abşeron rayonu ilə kifayətlənməməli, Azərbaycanın digər şəhər və rayonlarını da əhatə etməlidir.
2. Çoxtərəfli əməkdaşlıq – Layihə təkliflərində mütəxəssislərin cəlb edilməsi nəzərə alınmalı, mərkəzi və yerli səviyyədə dövlət qurumları ilə sıx əməkdaşlıq və tərəfdaşlıq şəklində layihələri həyata keçirməlidirlər. Müvafiq olduğu hallarda özəl sektor və maraq qrupları cəlb edilməlidir.
3. İnnovativlik – Layihə təklifləri yeni, indiyədək istifadə olunmayan mexanizmlər və metodologiya əsasında qurulmalıdır. Xüsusilə, inkişaf etmiş ölkələrdə sınaqdan keçirilmiş informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanların istifadəsinə üstünlük verilməlidir.
4. Müxtəliflik və İnklüzivlik – Layihə təkliflərində sağlamlıq imkanları məhdud, risk qruplarında və sosial müdafiəyə ehtiyacı olan şəxslərin, gənclərin, qadınların iştirakçılığının təmin olunması ilə bağlı konkret yanaşmalar öz əksini tapmalıdır.
5. Davamlılıq – Layihə təkliflərinin hazırlanması zamanı nəzərdə tutulan nəticələrin davamlılığı mütləq nəzərə alınmalı və bu meyarın necə qarşılandığı dəqiq və aydın şəkildə layihə təklifində göstərilməlidir.
Müsabiqəyə müraciət üçün son tarix: 23 noyabr 2023-cü il
Sənədlərin qəbulu grants.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir
Müsabiqəyə müraciət üçün tələb olunan sənəd formaları:
1. Layihə təklifi forması
2. İcra planı forması
3. Xərclər smetası forması
Qrant müsabiqəsi ilə bağlı suallarla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına və ya Mədəniyyət Nazirliyin qaynar xəttinə (Tel: 147) müraciət etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(13.11.2023)