“Ədəbiyyat və incəsənət” portalı Zəfər Günündə Poetik Qiraət rubrikasında məhz Zəfər Günü ovqatlı şeir təqdim edir. Şeirin müəllifi şair Elxan Yurdoğludur.
Birini də mənə ver, qardaş, o silahlardan, Qoy oğlum görsün məni – vətənçün silahlanan. Dünənədək tutduğu qələmi silah sanan Şair bu gün əsgərlə yan-yana dayanmalı, Çiyin-çiyinə durub, can cana dayanmalı.
Bir ölsək min dirilək, yüz ölsək milyon olaq, Bir manqa qeyrətiylə coşub batalyon olaq. Biz zəfər yürüşündə lap ölsək də, son olaq, Bizdən sonra gələnlər yaşasın qürur ilə, Ey şəhid övladları, dur, bu xalqı müjdələ.
Mübarizin yazdığı məktuba cavabam mən, Öldürmək günah, amma bu yolda savabam mən. Yaramdan qan axsa da, sanmayın bitabam mən, Gücüm yetər can üstə dirçəlib can almağa, Tökülən qana qarşı qanmazdan qan almağa.
Nə qürurlu mənzərə – düşmən üstə tank gedir, İlahi ədalətdir – haqsız üstə haqq gedir. Ordunun arxasınca yumruq olan xalq gedir, Selə dönən bu xalqın axınını kim saxlar, Qığılcıma bənddilər – şimşəktək çaxacaqlar.
Ey səngər oğlu əsgər, mən də sənin əsgərin, Əmr elə, əmrin ilə düşmənə sinə gərim. Darmadağın eləyim, leşi leş üstə sərim, Bəsdi, səbr edib dözdük, səbrin daşan vaxtıdır, Qanımızın qisasçün artıq coşan vaxtıdır.
Füzuli sevdasında, Cəbrayıl eşqindəyik, Kəlbəcər, Laçın üçün can vermə məşqindəyik. Bu gün xəbər gəlsin ki, Xankəndi köşkündəyik, Zəngilan, Qubadlıdan keçsin zəfər yolları, Bülbülə naz eləsin xarıbülbül kolları.
Sarsın yaralarını Ağdamım, Xocavəndim, Xocalını doyunca qucaqlayım… kövrəldim. Ayaq səslərimizdən gülsün yüzlərlə kəndim, Əsgəran, Ağdərədə türkün səsini duyam, Xanın avazındayam – Şuşa havasındayam.
Hayına Naxçıvandan, Bakıdan ərlər gələr, Qazax, Quba, Lənkəran, Şəkidən nərlər gələr. Kişilərin yanında xanım əsgərlər gələr, Yetər ki, haqq yürüşün zəfərlə müjdələnsin, Dörd tərəfin üçrəngli bayrağımla bəzənsin.
Zəfərlərin müjdəsi Aprel zəfəri olsun, Bu savaş ordumuzun zəfər səfəri olsun. Polad Həşimovun da bundan xəbəri olsun, General şəhidimin yerdə qalmasın qanı, Artıq sevinən görək bütün Azərbaycanı.
Bu, vətən savaşıdır, bu, torpaq savaşıdır, Qarabağçün darıxan bir bayraq savaşıdır, Bu, haqqını istəyən xalqın haqq savaşıdır, Qoy haqqın uğrunda da canımız olsun fəda, Hamı bilsin, Qarabağ Azərbaycandır, nida!
“Ədəbiyyat və incəsənət”
(08.11.2023)