Super User

Super User

Bazar ertəsi, 21 Oktyabr 2024 12:13

GÜNÜN STATUSU-nda Narıngül Nadir

“Ədəbiyyat və incəsənət” tanınmış yazar, “Qobustan” dərgisinin əməkdaşı Narıngül Nadirin sosial media statusunu “Günün statusu” rubrikasında təqdim edir. Adi bir epizoda adi yanaşmadır. İnsanların kimliyini necə təyin etmək olar? Əlbəttə ki, öz hərəkətləri ilə verdikləri mesajın köməyi ilə. 

 

Metrodayam. 

Üzbəüz  oturacaqda bir kişi əyləşib. Əyninə bir qədər köhnə, amma səliqəli kostyum  geyinib, boynuna artıq dəbdən düşmüş uzun  qalstuk bağlayıb. Dizinin üstünə şişman bir qovluq qoyub.  Öz-özünə gülümsünür, bəzən qaşlarını çatır, alnını ovuşdurur. Tez-tez əliylə qovluğu sığallayır. 

Hərdən yanında əyləşmiş yaraşıqlı, gənc qadını süzür, gözləri parlayır. Sonra yenidən qovluğu sığallayır, gülümsünür. 

Zənn edirəm ki, bu kişi şairdi. Lənət şeytana.   Kişini müşahidə edirəm. Yox e, bu kişi şairdi, başqa cür ola bilməz. 

Bir qədər sonra kişi qovluğu açır, bir vərəq çıxarır, başlayır ürəyində oxumağa, sonra gözünü yumub nəsə  pıçıldayır. Hiss olunur ki, vərəqdəkiləri əzbərləyir. Vərəqi çevirir. Cəld qatlayıb qovluğa atır. Sonra nəsə fikirləşir, vərəqi çıxarıb pencəyinin döş cibinə qoyur.   

Lənət şeytana, bu kişi yüz faiz şairdi.  Vaqonda bunu məndən başqa heç kim hiss eləmir. Növbəti stansiyada qatardan düşürəm. Eskalatorla yuxarı qalxaraq düşünürəm ki, bu kişi qəflətən bir bənd şeir də deyə bilərdi, demədi. Buna da şükür.

Lənət şeytana, amma bu kişi yüz faiz şairdi.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Füzuli Sabiroğlu, “Ədəbiyyat və incəsənət” üçün

 

Ssenari müəllifi olduğum "Sarı gəlinin sorağında" sənədli filmi Türk Dünyası 9. Belgesel film festivalında Türk Dövlət Təşkilatı Modern İpək Yolu Turizm Kuşağının xüsusi mükafatına layiq görülüb. 

 

Mükafat ötən gün keçirilən təntənəli mükafatlandırma gecəsində filmin rejissoru Mübariz Nağıyevə təqdim olunub.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində Azərbaycan Kinomatoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş tammetrajlı sənədli filmin süjet xətti  “Sarı gəlin” xalq mahnısının mənşəyi, onun yaranması tarixçəsinin aydınlaşdırılması  yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir.

Filmdə Hikmət Babaoğlunun "Akdamardan Sarı gəlinədək" əsəri əsasında qurulmuş bədii səhnələrdə Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Sinan) obrazını isə İsmayıl Cəfərov canlandırıb.

Çəkilişləri Bakıda, İsmayıllıda, Gədəbəy və Kəlbəcərdə aparılmış filmin ssenari müəllifi qeyd etdiyim kimi mən, quruluşçu rejissoru  Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüsseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinomatoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayevdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Bazar ertəsi, 21 Oktyabr 2024 11:46

BİR SUAL, BİR CAVAB Qulu Ağsəs ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

“Qəlbin özünə xas bəzi səbəbləri vardır ki, ağıl onu heç vaxt anlaya bilməz." (Paskal)

 

Qulu bəy, əvvəl Günəş illüziyası yaradıb, sonra közərən ulduza çevrilib, daha sonra da axıb yoxa çıxan  "müvəqqəti ulduzlara" nə söyləyərdiniz?

 

CAVAB

Mənim üçün illüziya olsa belə, yenə Günəşdir. Mən səhər oyananda yuxarıda Günəş olmasa, tez ona "sms yazıram: işə çıx, mən səni gözləyirəm."

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nəcməddin Mürvətovun şeirləri təqdim edilir. 

 

Ataçaylıya

 

Şair Ataçaylının əziz xatirəsinə

 

Sənsiz qalxdım zirvəsinə Dübrarın,

Köksümdəki sızıltıyla birtəhər.

Göz yaşımla havasını dağların

Aldım, sardı boğazımı bol qəhər.

 

Söz vermişdin birgə gələk buraya,

"Oxqay" deyib qucaqlayaq göyləri.

İlham coşa bəhsə-bəhslə sıraya,

Düzək bir-bir misraları, beytləri.

 

Sanki ovcum içindəydi el, elat,

Seyr edirdim dönə-dönə dörd yanı.

Xəyalımda yanımdaydın həmin vaxt,

Ayılanda çaşıb sordum, "o hanı?"

 

Avqust ayı, yol üstündə lalələr

Gözləyirdi səni şair, hələ də.

Görüb nələr söyləyirdin, ah, nələr...

Necə toxtaq tapım, de də, belədə?!

 

Yada düşdü dediklərin birbəbir,

Bu o dolay, bu o qaya, o bulaq.

Sandım, ruhun bələdçitək hey, çəkir,

Göstərirdi, nələr varsa, bu sayaq.

 

Üşüdürdü yüksəkliyin ayazı,

Nəfəsinin möhtacıydım indi çox.

Çox razıydım "qardaşlardan", çox razı,

Ataçaylı, tək sən yoxdun orda, yox!

 

Şuşanın

 

Burda əllər sığal çəkir torpağa

Sağaltmağa "yarasını" Şuşanın.

Cəhd səydədir çevirməyə düm ağa,

Ruhundakı "qarasını" Şuşanın.

 

Dağıdılan mülklərində hər daşı,

Usta "zərgər" əvvəlkitək yanaşı,

Ehmal düzür axıtmaqla göz yaşı,

Əzizləyib mirasını Şuşanın.

 

Küçələrdə bax səliqə-səhmana,

Xoş bir ahəng bəxş olunub hər yana,

Görəcəksən dönsən hansı ünvana,

Bağ, meydanlı sırasını Şuşanın.

 

Axına bax, qalxan Cıdır düzünə,

Hər anında qucaq açır yüzünə,

Bir gözəldir niqab tutub üzünə

Yaşıl, güllü xarasını Şuşanın.

 

Bu günümçün minnətdaram xilqətə,

Sağlığımda düşmüşəm ki cənnətə,

Gördüklərim saldı məni heyrətə

Seyr etdimsə harasını Şuşanın.

 

Gözəlliyi

 

İstərsən bəyən, ya bəyənmə də heç,

Hərənin məxsusi öz gözəlliyi.

Qəlbinə yatanı duy, fəhminlə seç,

Bacar, qiymətləndir düz, gözəlliyi.

 

Tələsmə deməyə "yoxdur bənzəri",

Ayır saxtasından təmiz dürr, zəri.

Köklə hiss, duyğunla diqqət, nəzəri,

Çaşma, aldatmasın üz gözəlliyi.

 

Həyat eşqinə dal yaşıl pöhrədə,

Parlaq nur şəfəqə Ayda, Zöhrədə

Gözəldə heyrətə salan çöhrədə

Başqa, bambaşqadır göz gözəlliyi.

 

Hərzə danışan çox, təkcə haqq deyən,

Yalanı bəzəkli libas, don geyən.

Döşünə "aqiləm" söyləyib döyən,

Hikmətdən yanadır söz gözəlliyi.

 

Var da doğmalığın, ürək istisi,

Məhrəm baxışların, dilək istisi.

Zəhmət, halallığın çörək istisi,

Ocağa zinətdir köz gözəlliyi.

 

Mümkündür düşməyin çətinə, dara,

Kim bilər, aparar bəxt hardan-hara?!

Keçmə, belədə də, yox ahu-zar,

Ruhun yaşatmağa döz, gözəlliyi.

 

Darıx, yetər

 

Demirəm ki, sev çox, lap çox,

Məndən ötrü darıx, nə olar?

An yanında olmasam, qorx,

Çaş-baş qalıb karıx, nə olar?!

 

Gözün qalsın orda-burda,

Xəyalımla yaşa təkcə,

Bax, belə ol hər dəm darda,

Axtar, ara gündüz, gecə.

 

Hey soraqla röyanda da,

Varlığını sarsın buz tər,

Ruhun gəzsin dağ, aranda.

Bax, açıla belə səhər.

 

Həsrətimi çəkib yaşa,

Dilində ah, aman, Allah.

Düşüncəndə "oxum daşa

dəydi nəymiş məndə günah?!"

 

Ümidini kəsmə amma

Taleyindən küsmə də heç.

"Yetişərəm bir gün kama,"

De, yaşama bu halı seç.

 

Demirəm ki, sev cox, lap çox,

Məndən ötrü darıx, nə olar?

An yanında olmasam qorx,

Çaş-baş qalıb karıx, nə olar?!

 

Hərənin öz xisləti

 

Quduzluqdan bir an məgər canavar

Əl götürüb, fürsət tapsa mal, davar,

Qırıb tökmür tülkülərdə oruc var.

Ya aslanlar göstərmir o qüdrəti,

Var hərənin dəyişməyən xisləti.

 

İnsanlar da bax, belədir hər biri,

Dərki, ağlı, kamalıyla nələri

Bilir, bilmir, var, ya ki, yox hünəri.

Xoş, xeyirxah, ya bəd, çirkin niyyəti,

Var hərənin dəyişməyən xisləti.

 

Böhtan deyib şər yaxmağı bu işi,

Bacaranlar deyir "mənəm ər kişi".

Bu onların adətləri, vərdişi.

Ev yıxmağa gözləyirlər fürsəti,

Var hərənin dəyişməyən xisləti.

 

Saysız haqqa nahaq donu biçənlər,

Ola xeyri, and yalandan içənlər,

Yaşamına tək əyri yol seçənlər.

Ömrü boyu dadan haram ləzzəti,

Var hərənin dəyişməyən xisləti.

 

Az deyil ki, "papış tikən şeytana",

Fitnəsiylə od püskürən hər yana,

Təşnə olan, susayanlar al-qana.

Qəlblərində böyüdənlər nifrəti,

Var hərənin dəyişməyən xisləti.

 

Həm şübhəsiz, dünyamızda saysız fərd,

Aqil, müdrik, saf, səmimi, zəki, mərd,

İnsanlığın hüzuruna çəkən dərd.

Bir kimsəyə qoymamaqla minnəti,

Var hərənin dəyişməyən xisləti.

 

Darılma ki, niyə belə, bu elə,

O da insan, bu da insan tərs felə.

Düşmələrdə səbəb nədir? - hey dilə,

Öyüdünlə "düzəlməzlər" yox, qəti,

Var hərənin dəyişməyən xisləti.

 

Yetər, haqqı söylə 

 

İstəmirəm mənə tərəf çıxmağın,

Gərək deyil, haqqı söylə, bu bəsim.

Üstün gələm, kimsənisə "sıxmağın"

Yox əzəldən belə uğur həvəsim.

 

Ədaləti gözləmişəm həmişə,

Darılmıram uduzsam da belədə,

Pəl vurmuram başqasında bir işə,

Sərt qadağam olur onda dilə də,

 

Öz canımın qüdrətindən ummuşam

Öz ağlımdan çətinlikdə köməyi.

Dərkim tutub yollarıma çıraq, şam,

Artıq olub kimin nəsə deməyi.

 

Maneələr yaradan da olub çox,

Uğurumun qarşısını kəsən də.

Biləm, kimin günahı var, ya ki yox,

Çox saymışam "ya səndədir, ya məndə".

 

İstəmirəm "nə yoğurum, nə yapım",

Diləyimlə əldə edəm "kökə"ni.

Qəbulumdur əzabımla qoy tapım

"Bir tikəni","götür, sən ye yekəni".

 

İstəmirəm mənə tərəf çıxmağın,

Gərək deyil, haqqı söylə, bu bəsim.

Üstün gələm, kimsənisə "sıxmağın",

Yox əzəllam belə uğur həvəsim.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Bazar ertəsi, 21 Oktyabr 2024 12:34

SONUMUZ HARA GEDİR? - Sırğalı oğlanlara xitabən

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

2006-2012. 

Biz ki Novruz gəlməmişdən 1 ay əvvəldən tonqal taxtalarını hazır edən, sözün əsl mənasında bayramı coşqu ilə qarşılayan uşaqlar idik. Qonşuluğunda olan hər kəsin dadına çatan hər işini yoluna qoyan uşaqlar idik. Hər şey möhtəşəm idi, ta ki modemlər, sosial şəbəkələr çıxana və  uşaqların real həyatdan virtual həyata keçid etdiyi anadək. 

Zamanında çəkilən "Uşaqlığın son gecəsi" filmi məncə elə 2006-2012-ci illər aralığında çəkilməli idi. Çünki məhz internet həyatımıza girəndən sonra dəyişdik və cılızlaşdıq. Zamanında dostlarımızla bir parkda, kafedə görüşər, halını soruşardıq. İndi isə whatsapp'la bir görüntülü danışırıq və hər şey onunla da bitir. Azərbaycan 2012-ci ildə EuroVision mahnı müsabiqəsinə ev sahibliyi əldə edəndən sonra həmən o saf, gülüşü gözəl uşaqlar yerini başı yolkaya bənzər, özü isə sırğalı "cavanlara" buraxdı. İndi harada hər şeyə rəğmən xasiyyətini və görkəmini dəyişməyən birini görsək bərk-bərk qucaqlayırıq. 

 

2012~2016. 

Vəziyyət getdikcə qəlizləşməkdə idi. Çox şeydən anlayışı olmayan, tək dərdi dizinin qanaması olan uşaqlar indi tamam fərqli məntiq və düşüncəyə sahib bir toplumla qarşı-qarşıya idi. Elə bu ərəfələrdə dadımıza 2016-cı ilin 4 günlük aprel döyüşləri çatdı. Və bəzilərimizin içində hələ də əsl insan qaldığına sevindik. Hər nə qədər qısa çəksə belə 1994-cü ilin Horadiz əməliyyatından sonrakı ilk hərbi qələbəmizə sevindik və bu, bizdə müəyyən dərəcədə sitimul və ayıqlıq yaratdı. Azad olunan ərazilərimizə nə qədər baxıb sevinirdiksə bu yolda canını, qanını fəda edən ŞƏHİDLƏRİMİZƏ bir o qədər üzülürdük. 

 

2016~2020. 

Aprel əməliyyatlarından sonra ölkədəki abu-hava əvvəlki vəziyyətinə qayıtmağa başlayırdı. Yenə sırğalı "kişilər" və yenə də başı kraskalı "cavanlar". 

Bəzilərimizin ağlında bir düşüncə var idi "bir bəhanə ilə bu ölkəni tərk etmək lazımdı". Çünki müharibə şəraitində yaşayan və 1.000.000-dan artıq qaçqını və minlərcə şəhidi olan bir millətin bu cür "insanlarla" rastlaşmağı ağır mənzərə idi. 2020-ci ildə imdadımıza bu dəfə COVİD-19 virusu çatdı. İnsanların sürətli şəkildə ölümü və virusun sərt dalğası AZƏRBAYCANDAN DA yan keçmədi və nəticədə quru sərhədləri bağlandı. Azad yaşam yerini 81:03 icazə tarifinə buraxdı. Bu virusun yayılması yenə də özümüzə müsbət təsir etdi. Gözlərimiz bir müddətlik də olsa "yolkalı insanları" görmədi. Manqol hökmdarı Çingiz xanın bir sözü var, deyir ki "əgər Türklər ayağa qalxsa cəhənnəmdə şeytanı əsir alar", millətimiz və ordumuz bu misala sadiq qaldı və 2020-ci ilin sentyabr ayında içimizi çürüdən və günü-gündən bizi geriyə çəkən erməni vandalizmi izlərinin sonunu gətirdi. 44 gün çəkən Vətən müharibəsi noyabrın 10-unda Ermənistanın ağ bayraq qaldırması ilə bitdi və 30 ilə yaxın ATƏT-in edə bilmədiyini "DƏMİR YUMRUQ" etdi. 

Bəli, tam-tamına 30 illik həsrət bitmişdi. Çox əziyyət çəkdik, çox ŞƏHİD verdik, amma sonunda içimizdə qanqren olan bu yaranı kəsib atmağı bacardıq. Bütün dünyanın qaçıb gizləndiyi qapanmalara səbəb olduğu COVİD-19-un belə bizim vətən eşqimizi sınamağa hünəri çatmadı. 

 

2020~2025. 

Bu şanlı qələbənin ardından ordu quruculuğu qaldığı yerdən davam elədi. Ermənilərin dinc dayanmadığını görən  xalq və ordu birliyi yenidən işə düşdü. "DƏMİR YUMRUQ" 2023-cü ildə ermənilərin bir daha başını "partlatdı" və üzərində ŞƏHİDLƏRİN qanı olan şanlı bayrağımız XANKƏNDİDƏ, XOCALIDA, cəmi QARABAĞDA dalğalandı. 

Hərşeyi qoyaq bir kənara, ən azından ŞƏHİDLƏRİMİZƏ xatir sırğadan, kraskadan çıxıb kişi kimi, insan kimi yaşayaq. 

Fikirlərimi bir misra ilə bitirirəm: "İnsan deyilən varlıq əgər bilsə insan sözünün hikmətini, bilsə insan nədir, insan deməz insan özünə" 

ALLAHIN yaratdığı vücudu şəkildən şəkilə salmayaq. Nədə olsa o biri dünyada nə başımızda saç rəngi, nə də qulağımızda sırğa olacaq.

 

"Ədəbiyyat və İncəsənət"

(21.10.2024)

II Almatı Beynəlxalq Kukla Teatrları Festivalı bu gün öz işinə başlayır. Ayın 24-dək davam edəcək festivalda Azərbaycan nümayəndəliyi də iştirak edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC Almatı şəhərinin akimliyinə istinadla məlumat yayıb. Məlumata görə, bu il festivalda ev yiyələrindən və Azərbaycandan başqa Çin, Polşa, Çexiya, Bolqarıstan, Gürcüstan, Türkiyə, Özbəkistan və Rusiyanın ən yaxşı kukla teatrı kollektivləri iştirak edəcəklər.

Qazaxıstan Dövlət Kukla Teatrı tərəfindən Almatı şəhəri akimliyinin dəstəyi ilə keçirilən festivalın təşkilatçılarının məqsədi tamaşaçıları müasir kukla tamaşaları ilə tanış etmək, beynəlxalq yaradıcılıq əlaqələrini gücləndirmək və teatr sahəsində yaradıcı ideyaları dəstəkləyəcək platforma yaratmaqdır.

II Almatı Beynəlxalq Kukla Teatrları Festivalı şəhərin mədəni həyatında parlaq hadisə, kukla sənəti ustaları arasında təcrübə və fikir mübadiləsi üçün mühüm platforma olacaq.

Festival çərçivəsində qeyri-adi kukla personajları ilə müxtəlif ab-havada tamaşaların nümayişi ilə yanaşı, maarifləndirici yaradıcılıq görüşləri və ustad dərsləri də keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

 

7.

UĞURLU OLMAQ ÜÇÜN OXUMALISAN !

Müasir dövrdəuğurlu olmaq üçün oxumaq nə dərəcədə önəmlidir? Bunu anlamaq üçün mütaliə prosesini bir qədər incələyək.

Mütaliə özündə “kitaba sevgi”, “oxuya maraq”, “oxuduğunu qavramaq və anlamaq” və “yaradıcı oxu” kimi anlayışları birləşdirir. Kitab və mütaliənin təbliği – günümüzdə hər bir ziyalının, mədəniyyət, ədədbiyyat, kitabxana işçisinin  fəaliyyətinin əsas istiqamətidir. Kitab və mütaliənin təbliği üzrə proqram əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi ilə həyata keçirilir, lakin əsas diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilir. Yeniyetmə və gənc kadrların  mütaliə xarakteri isə hər gün dəyişir. Onlar üçün kitabı müstəqil seçmək heç də həmişə asan olmur. Yeni başlayan oxucu çox vaxt özü də nə istədiyini, nə oxuyacağını bilmir. Demək, bizlərin daim təbliğat işləri aparmasına böyük ehtiyac vardır.

Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki, çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. İşdən evə dönərkən evdə olan boş zamanı adətən televiziya verilişlərinə baxmaqla keçirənlər bu vaxtlarının heç olmasa bir saatını kitab oxumağa ayırsalar, bir çox müsbət keyfiyyətlər qazanmaqla yanaşı, vaxtlarını dəyərləndirmiş olarlar. Ya da internet klublarda, kompüter arxasında, kafelərdə, əyləncə məkanlarında və başqa yerlərdə vaxtlarını keçirən gənclər bu vaxtlarının üçdə birini kitabxanalarda keçirsələr və kitab oxumağa ayrısalar, cəmiyyətin ümumi düşüncə səviyyəsi yüksələr və geri qalan cəmiyyətlər sırasında olmaqdan qurtulmuş olar.

Növbəti: 8. Müatliə nədir?

 

“Ədəbiyyat və incəsənət”

(20.10..2024)

 

 

Bazar ertəsi, 21 Oktyabr 2024 10:43

Akademik Rus Dram Teatrı Şəkidə qastrolda olub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt teatrlarının bölgələrə qastrol səfərləri davam edir. 

 

Oktyabrın 17-də aksiya çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Şəki şəhərində A.S.Puşkinin “Balıqçı və balıq haqqında nağıl” əsərinin motivləri əsasında hazırlanmış tamaşanı təqdim edib.

 

AzərTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və xoreoqrafı Raulya Turkkan, səhnə tərtibatçısı Səmra Axundova, kostyum üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Şəkili sənətsevərlər tamaşanı böyük maraqla qarşılayıblar. Şövqlü aktyor oyunu, nağılvari dekorasiya, təsirli musiqi tamaşaçılara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, ötən ilin əvvəllərindən həyata keçirilən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Bazar ertəsi, 21 Oktyabr 2024 10:28

“Zor olacak” -Ebru Yılmaz

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

“Zor olacak”

 

Ebru Yılmaz

 

Tam unuttum derken,

Ya da unuttum diyerek kendimi kandırırken,

Kimseye bizden bahsetmeyerek

Yaşatıyorum derinlerde seni...

 

Bizi anlatsam anlamıyorlar,

Suçu ikimizde de buluyorlar.

Doğru da diyorlar; ama anılarımızı bilmiyorlar...

Ah, olmasaydı bu anılar!

 

Gezdik seninle birlikte her yeri,

Ama baştan belliydi sonumuzun böyle biteceği.

Duamız belliydi,

Bu hikayenin sonu böyle bitmemeliydi.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Musiqi kimliyimiz" layihəsinin bağlanış mərasimi baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalı Filarmoniyaya istinadən xəbər verir ki, bağlanışda Bəxtiyar Qənbəroğlu, Əfqan Məmmədov, Elbrus Hüseynov, Qalib Babaxanov, Saleh Tağıyev, Bəhruz Bağırov, Qənbər Allahverdiyev, Yaşar Məhərrəmov, Firəddin Mehdiyev, Ərəstun Kamalovun ifasında "Şərili, "Şəqayi Gəraylı", "Təbriz Gəraylısı", "Ofşarı",  "Naxçıvanı", "Baş sarıtel", "Kərəm gözəlləməsi", "Koroğlu dubeytisi",  "Hüseyni" səsləndirilib.

Qeyd edək ki, daha əvvəl "Musiqi kimliyimiz" layihəsi Aşıq Ələsgər və Aşıq Şəmşirə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

 

71 -dən səhifə 1841

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.