
Super User
10 ildə Bərdədə ASANlaşan 3 milyondan çox müraciət!
Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 12 mart 2015-ci il tarixində baş tutub.
Bərdə regional “ASAN xidmət” mərkəzi 29 mart 2015-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Bərdə, Tərtər, Yevlax, Ucar, Ağdam, Ağdaş, Ağcabədi, Mingəçevir, Zərdab, Goranboy, Göyçay, Naftalan, Füzuli, Laçın rayonlarında qeydiyyatda olan vətəndaşlarla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, fəaliyyət göstərdiyi müddət ərzində 3 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Günlük orta müraciət sayı təxminən 1000 nəfərdir.
Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 1300 nəfərdən çox könüllü məzun adını qazanıb.
Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 34 nəfərdir. Bundan başqa, uşaq əyləncə mərkəzi və ana uşaq otağı mövcuddur.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
“ASAN müraciət”in 2024-cü il üzrə hesabatı təqdim olunub
11 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN müraciət” informasiya sisteminin fəaliyyəti ilə bağlı tədbir təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalına agentlikdən verilən məlumata görə, tədbir müvafiq sistem çərçivəsində 2024-cü il ərzində həyata keçirilmiş fəaliyyətin yekunlarına həsr olunub.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyətində vətəndaş məmnunluğunun hər zaman prioritet olduğunu, bu məqsədlə müasir texnologiyalardan və həllərdən istifadə edildiyini vurğulayıb. O, “ASAN müraciət” platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb.
Ardınca müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN könüllülərinə təşəkkürnamələr təqdim olunub.
"ASAN müraciət” informasiya sistemi Prezident İlham Əliyevin 2020-ci il 21 avqust 2232 nömrəli Sərəncamı əsasında ictimai iştirakçılığın təmin edilməsi və elektron xidmətlərdən istifadə edərək vətəndaş müraciətlərinin operativ qaydada dövlət qurumlarına yönləndirilməsi məqsədilə yaradılıb.
Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir.
Hazırda “ASAN müraciət” informasiya sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla) müraciətlərin qəbulunu və aidiyyəti üzrə göndərilməsini təmin edir. Bu günə kimi 25 000-ə yaxın istifadəçi “ASAN müraciət” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib.
Mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərindən yükləmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Fazil Mustafa Eldar İbrahimovun 80 illik yubileyini təbrik edib
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa millət vəkili həmkarı, tanınmış ictimai-siyasi xadim Eldar İbrahimovu 80 illik yubileyi münasibətilə təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda yubilyarın parlament fəaliyyəti xüsusi vurğulanır:
“Hörmətli Eldar müəllim,
Sizi 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirəm!
Siz, tanınmış ictimai-siyasi xadim, iqtisad elmləri doktoru, professor olaraq ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli, səmərəli fəaliyyətinizlə seçilirsiniz.
Parlament fəaliyyətiniz həyatınızda xüsusi mərhələ təşkil edir. On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin bütün çağırışlarının üzvü seçilmisiniz.
Sizin qələmə aldığınız çoxsaylı elmi, publisistik məqalələr və kitablar müvafiq sahə üzrə ictimai-siyasi, elmi fikrin formalaşmasına öz təsirini göstərmişdir.
1961-ci ildən başlayan məhsuldar əmək fəaliyyətiniz boyunca müxtəlif məsul dövlət vəzifələrində çalışaraq, bilik və bacarıqlarınızı xalqımızın rifahına yönəltmisiniz. Harada və hansı vəzifədə çalışmağınızdan asılı olmayaraq, Siz hər zaman peşəkarlığınız, işgüzarlığınız və xeyirxahlığınızla fərqlənmisiniz.
Hazırda Milli Məclisin İntizam komissiyasının sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz.
Dövlət qarşısında xidmətləriniz yüksək qiymətləndirilmiş, Siz 1-ci dərəcəli “Vətənə xidmətə görə” (2025), “Şərəf” (2015) və “Şöhrət” (2005) ordenləri ilə təltif olunmusunuz.
Sizi bu əlamətdar yubiley münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı arzulayıram”!
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Varşava Universitetində görüşlər keçirib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Polşaya səfəri çərçivəsində ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Varşava Universitetin rektoru Aloyzi Novak ilə görüş keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüşdə Fond ilə Varşava Universitetinin Türk xalqlarının mədəni irsinin təşviqi yönündə iş birliyi məsələləri müzakirə olunub. Universitetdə Fondun himayəsi ilə Türk Dünyasının elmi tədqiqat və araşdırmaları mərkəzinin yaradılması müzakirə olunub.
Qeyd edilməlidir ki, Türk Mədəniyyəti və İrsi Fondu və Varşava Universiteti arasında Əməkdaşlıq Memorandumu 2023-cü ildə imzalanıb.
Rektor professor Aloyzi Novak universitetin Türk dünyası ilə elmi və mədəni əlaqələrinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətini vurğulayıb. O, universitetin Şərqşünaslıq Fakültəsində türk dilləri, tarixi və mədəniyyətinə dair aparılan tədqiqatlar və tədris proqramları haqqında məlumat verib. Xanım Raimkulova Fondun geniş fəaliyyət istiqamətləri, türk xalqlarının mədəni və tarixi irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə həyata keçirilən layihələr haqqında danışıb.
Varşava universitetinə ziyarət çərçivəsində Şərqşünaslıq Fakültəsinin tələbələri ilə interaktiv formatda görüş keçirilib, Türk mədəni irsi və Türk dövlətlərinin beynəlxalq mədəni əməkdaşlıq sahəsində rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz növbəti dəfə London Beynəlxalq Kitab Sərgisində zəngin nəşrlərlə təmsil olunur.
AzərTAC xəbər verir ki, bu beynəlxalq tədbir Azərbaycan ədəbiyyatının, tarixi və mədəni irsinin dünyaya tanıdılması baxımından mühüm platforma hesab edilir.
Martın 11-də açılışı baş tutan sərgidə dünyanın 60-a yaxın ölkəsindən 1000-dən çox iştirakçı, o cümlədən tanınmış naşirlər, yazıçılar və media nümayəndələri iştirak edib.
Sərgidə Azərbaycanın milli stendi müxtəlif bölmələrdən ibarət olub. Burada ölkəmizin tarixi və mədəni irsini əks etdirən ən yeni və dəyərli nəşrlər təqdim edilir. Bununla yanaşı, sərgi çərçivəsində bir sıra tanınmış yerli və xarici nəşriyyatlarla əməkdaşlıq imkanlarının müzakirəsi üçün xüsusi guşələr təşkil edilib.
Sərgi martın 13-dək ziyarətçilər üçün açıq olacaq.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında ilk diplomlar təqdim olunub
Qahirədə yeni təsis edilmiş Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında müxtəlif fənlər üzrə keçirilən kurslarda ödənişsiz əsasda təhsil alan 70 uşağa diplomların təqdim edilməsi mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Misir-Azərbaycan Dostluq Cəmiyyətindən verilən məlumata görə, cəmiyyətin nəzdində təsis olunmuş akademiyada hazırda 175 uşaq müxtəlif fənlər üzrə təhsil alır.
Cəmiyyətin sədri, tədqiqatçı alim Seymur Nəsirov qeyd edib ki, bu fəaliyyətlər xalqlar arasında, xüsusilə Misir və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə, mədəni təmasların inkişafına töhfə verir.
Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri bağlı fəaliyyətlərlə məşğul olur. Akademiyada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 642 tələbə ödənişsiz əsaslarda təhsil alır.
Uşaqlara diplomların təqdim edilməsi mərasimi ilə bağlı xəbər ərəb ölkələri mediasında geniş şəkildə dərc olunub.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Gənc jurnalist Südabə Məmmədovanın “Debüt”ü
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədilə “Yazarlar” jurnalı tərəfindən hər il həyata keçirilən “25 yarpaq” layihəsi çərçivəsində daha bir kitab nəşr edilib.
Kitabın müəllifi BDU-nun Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi, gənc yazıçı-jurnalist Südabə Məmmədovadır. Qeyd edək ki, “Debüt” adlı kitab müllifin ilk kitabıdır. Milli mətbuatımızın 150 illiyinə töhfə olan kitab məqalə, hekayə və dram əsərlərindən ibarətdir. Kitabın redaktoru yazıçı, şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, rəyçi və ön sözün müəllifi Qərənfil Dünyaminqızı, məsləhətçi və tərtibatçısı Ayətxan Ziyad (isgəndərov), naşiri isə Tuncay Şəhrilidir.
Kitabı gənc həmkarının ilk işi olduğu üçün “Debüt” adlandıran tərtibatçı redakror Ayətxan müəllim müəllifi oxuculara belə təqdim edir: “Südabə Məmmədova. 26 iyul 2005-ci ildə Tovuzda anadan olub. BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsidir. Yazıları "Yazarlar" jurnalı, "525-ci qəzet", "Bütöv Azərbaycan" qəzeti və digər media orqanlarında yayımlanıb. Şərq TV-də aparıcı, Trend Xəbər Agentliyində müxbir olaraq çalışıb. Media İnkişaf Agentliyində BDU üzrə ilk birillik Media Səfiri, TAİB təşkilatında Protokol Komissiyasının rəhbəri kimi fəaliyyət göstərib. BSU-nun "Yaşıl dünya naminə həmrəylik ili" adlı II mərhələli müsabiqəsində hər iki mərhələnin qalibi olub”.
Südabə Məmmədova ilk kitabının nəşri ilə bağlı “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatı ilə təltif olunub. Kitab artıq əsas kitabxanalarımızın fondlarına daxil edilib və bu proses ilin sonuna qədər mərhələli şəkildə davam etdiriləcək. Arzu edənlər kitabı “Kitabevim.Az” kitab mağazaları şəbəkələrindən əldə edə bilərlər. Bundan əlavə kitabı “Novella” kitab evindən simvolik bir qiymətə kirayə də götürüb oxumaq olar.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
“İncəli Kərəməm, dindirdim sazı...”
Ötən gün - mart ayının 11-i azərbaycanda aşıq sənətinin təbliğində və inkişafında xüsusi xidmətləri olmuş ustad Aşıq Kərəm Nəsibovun 80 illik yubileyi günü idi.
“Ədəbiyyat və incəsənət” portalı şair İbrahim İlyaslının ustadın xatirəsinə həsr olunmuş yazısını oxuculara təqdim edirik.
Yaman olur unudulmaq,
Ellər, mənt unutmayın!
Füzuli Sabiroğlu
Unudulmamaq haqqı olan ustad sənətkarlarımızdan biri də Aşıq Kərəm İncəlidir. Son vaxtlar onun haqqında xatırlamaların səngiməsi yağışlı bir yaz günündə yadıma düşəndə, xeyli kövrəltdi məni bu düşüncələr. Aşıq Kərəm dünyaya saz səsinə gələnlərdən, dünyadan sinəsində saz gedənlərdəndir axı. Bütün ömrünü aşıq sənətinin sirlərini öyrənməyə, öyrəndiklərini şəyirdlərinə, eləcə də millətə çatdırmağa həsr etmişdi Kərəm İncəli.
Borçalıda ustad Kamandardan dərs almışdı, Qazaxda ustad Aşıq Ədalət Nəsibovla qoşa görərdik onu el şənliklərində. Sənətdə öz çəhlimi, öz cığırı olduğundan dinləyicilər arasında da öz pərəstişkarları varıydı Aşıq Kərəmin. Saz-söz sərraflarından kimi dindirsən indi də onun haqqında böyük ürəklə, ağızdolusu danışar yəqin. O, bu məhəbbəti dərin biliyi, sahmanlı-sığallı çalğısı, bənzərsiz avazı, toy-düyünlərdə özünəməxsus bir aşıq ədası ilə usanmadan söylədiyi dastanlar ilə, bir sözlə, əsl sənətkar ömrü yaşamağıyla qazanmışdı.
… Yadımdadı, Azərbaycan Aşıqlar Birliyinin «Ozan» qəzeti yenicə nəşrə başlayanda onunla bir müsahibə hazırlamaq qərarına gəldim. Aslanbəylidə, öz evində qarşıladı bizi, səmimiyyətlə cavablandırdı suallarımı. Çox mətləblərdən danışdıq – ürfan elmindən, ustad məqamından, şəyird təliminqdən, elimizin-obamızın gün-güzəran qayğılarından. Sonra da sazı köynəyindən çıxartdı, zilini zil, bəmini bəm elədi, sinəsində müstəkəm elədi, ürəkləri riqqətə gətirən, könülləri sehriylə süsləyən havalarla baş-başa qoydu bizi. Müsahibə qəzetdə çap olunanda razılıq elədi, düşüncələrini olduğu kimi oxuculara çatdırdığımıza görə təşəkkürünü bildirdi…
Yağışlı bir yaz günündə bu yazının qələmə alınması da mətbuat səhifələrində Aşıq Kərəm İncəlinin xatırlanmasını görmək istəyindən baş qaldırdı ürəyimdə. İstədim ki, yaddaşlarda yaşamaq haqqı olan və yaşayan Aşıq Kərəm İncəli də mətbuat səhifələrindən bir daha pərəstişkarlarına boylansın.
Ruhun şad olsun, qəbrin nurla dolsun, Kərəm dayı! Haqqa qovuşan ulu ustadların sırasında yerin həmişə bəlli olacaq!
Elə bu yazının başlığı da Aşıq Kərəmin öz ifasında dönə-dönə dinlədiyimiz dillər əzbəri olan bir qoşmasından götürülüb:
İncəli Kərəməm, dindirdim sazı,
O gündən açıldı ömrümün yazı...
P.S. Uzun illər öncə qələmə aldığım bu yazını ustadın 80 illik yubileyi ərəfəsində öz arxivimdən tapdım və bu gün də o fikirdəyəm ki, Aşıq Kərəm İncəli kimi ustad heç vaxt unudulmayacaq. O, bunu saz sinəsində əbədiyyətə qovuşmağı ilə daha çox haqq edib. Məqamı behişt, ruhu şad olsun!
Aşıq Kərəm Nəsibov
Tərcümeyi halı
11 mart 1945-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1995-ci ildə 50 yaşında dünyasını dəyişən ustad sənətkar hələ məktəbli ikən aşıq sənətinin sirlərini ustad Aşıq Kamandardan öyrənməyə başlamışdır. 1960-cı illərdən başlayaraq el şənliklərində, dövlət tədbirlərində ecazkar səsi və saz ifası ilə sənətsevərlərin diqqətini cəlb edən gənc istedadlı aşıq əvvəlcə Gəncəbasar, Göyçə, Borçalı mahallarında, radio və televiziyadakı çıxışlarından sonra isə bütövlükdə Azərbaycanda böyük şöhrət qazanmışdır.
Aşıq Kərəm Nəsibov ilk dəfə Qazax rayon Mədəniyyət Evinin nəzdində Aşıqlar Ansamblını və saz dərnəyini yaratmış, Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü, birliyin Qazax Regional bölməsinin rəhbəri olmuşdur. Fəaliyyəti dövründə aşıq sənətini ölkəmizdə, eləcə də xarici ölkələrdə layiqincə təmsil etmiş, dövrünün yüksək mükafatlarına layiq görülmüşdür. Qurucusu olduğu Qazax Aşıqlar ansanblı və saz dərnəkləri bu gün də öz fəaliyyətini uğurla davam etdirir.
Ustad aşığın xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, Qazax rayonundakı Aslanbəyli kənd Folklor klubuna Aşıq Kərəm Nəsibovun adı verilmişdir. Özündən sonra zəngin irs qoymuş yaradıcı aşığın 60, 65, 70 illik yubileyləri Mədəniyyət nazirliyinin dəstəyi ilə yüksək səviyyədə qeyd edilmişdir. Yaradıcı aşıq olan Kərəm Nəsibovun ömür və sənət yoluna həsr olunmuş iki kitab nəşr olunmuşdur. Həmin kitablarda onun poeziyası və ifaçılığı haqqında görkəmli sənətşünas və folklorşünas alimlərin elmi araşdırmaları və publisistik məqalələri də yer almışdır. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qızıl fondunda ustad aşığın çoxsaylı ifaları qorunmaqdadır. Aşıq Kərəm Nəsibov bütün klassik saz havalarının incıliklərinə dərindən bələd olmuş və bu havaların hər birini özünəməxsus ustalıqla ifa etmiş nadir sənətkarlarımızdandır.
Ustad Aşıq Kərəm Nəsibov 11 mart 1995-ci ildə, 50 illik yubiley günündə dünyasını dəyişmiş və Qazax rayonunun Aslanbəyli kəndində dəfn olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
70 il şeir, 70 il şair – CABİR NOVRUZ
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
“Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri”- deyib, hamımızı o gözəl tələbəlik illərinə aparan, “mənim nəslim”- deyib davamlı öz nəslimizi yad etməyi bizə xatırladan Xalq şairimiz Cabir Novruz üçün bəzən çox darıxırıq.
Bu gün onun doğum günüdür. O, tanrının ona verdiyi ömür payını bütövlükdə poeziyaya sərf edərək, milli poetik prosesdə fasiləsiz iştirak edib. Ümimiyyətlə, Cabir Novruzun şeirləri onu oxuyan hər kəsi məftun edir desək yanılmarıq. Azərbaycana vurğun ən böyük şairlərdən biridir o.
Tək yaşamaq istəmirəm özüm üçün,
Anam üçün, oğlum üçün, qızım üçün.
Qoyun məndən inciməsin əzizlərim,
Qəlblərinə toxunmasın bu sözlərim.
İstəmirəm bir onlara gərək olum,
İstəyirəm milyonlara gərək olum.
Gərək olum mən yada da, yaxına da,
Adamların qarasına, ağına da.
Lazım olum insanların bu gününə,
xoş vaxtına,
Xəstəsinə, sağlamına, bədbaxtına,
xoşbaxtına.
Poeziya ruha sirayət edən bir sənətdir. Ona görə yox ki, o söz sənətidir. O peşəkarlıqdan başqa ilahi vergi, istedad istəyir. Poeziya şairdən qəlbini və idrakını həmçinin bütün həyatını tələb edir. Əgər verə bilmirsənsə, deməli sən əsl şair deyilsən.
Azərbaycanın Xalq şairi, əməkdar incəsənət xadimi Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil alan şair 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. Təhsilini davam etdirmək üçün Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilir. 1958-ci ildə “Bakı” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi vəzifəsində çalışıb. Onun qələmindən çıxan nümunələr mövzu rəngarəngliyi ilə seçilir. “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Səsim səsinə öyrəşib”, “Ömür keçir”, “Məhəbbət ölməyəcək”, “Sən oldun”, “Gecikmiş məhəbbət” və başqa şeirlərinə bəstələnmiş mahnılar musiqisevərlər tərəfindən həmişə zövqlə dinlənilib.
Cabir Novruz vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında da mühüm xidmətlər göstərib. Şairin şeirləri müxtəlif xalqların dillərinə tərcümə edilərək nəşr olunub. Həmçinin onun bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyasının bir çox qiymətli nümunələri ilə tanış olub.
Vətən üçün aktiv fəaliyyəti ilə seçilən Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçildi. Lakin dönüb siyasətçi olmadı, elə orada da şair ömrü yaşadı.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov 2002-ci il dekabrın 12-də ömrünün 70 yaşında gözlərini həyata əbədi yumur.
Qırx illik poetik fəaliyyətində o, ancaq şair olaraq, özü də lirik şair olaraq yaşadı. O, heç kəsə bənzəmədi. Bənzərsiz təhkiyə, lirik özünüifadə tərzi ilə daima seçildi.
Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində əvəzsiz rolu olan Xalq şairi Cabir Novruzun söz dünyası və qəlbləri fəth edən həzin mahnılara dönmüş şeirləri onu sevənləri, onu hiss edənləri daima şairi xatırlayaraq yad etməyə səsləyəcək.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)
Şəkidə "Beynəlxalq Daun Sindiromlu Uşaqlar Günü" münasibətilə tədbir keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
11 mart tarixdə Şəki şəhər Heydər Əliyev Mərkəzinin, Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi, Şəki şəhər MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin və Şəki şəhər Reabilitasiya Mərkəzinin dəstəyi ilə "Beynəlxalq Daun Sindromlu Uşaqlar Günü” münasibətilə musiqili-əyləncəli tədbir keçirilib.
Tədbirin məqsədi uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq, onlara diqqət və qayğı göstərmək, eləcə də cəmiyyətə inteqrasiyasına kömək etmək olub.
Tədbirin sonunda daun sindromlu uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(12.03.2025)