
Super User
Lilpar Cəmşidqızı “Çeşmə” Ədəbi Məclisini Sumqayıtdan Bakıya daşıdı
Fərhad Dost, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-qəzəlxan Lilpar Cəmşidqızının 2017-ci ildə Sumqayıt şəhərində yaratdığı və eyni zamanda sədri olduğu “Çeşmə” Ədəbi Məclisi məlum Pandemiya səbəbindən 2019-cu ildə öz fəaliyyətini dayandırmağa məcbur oldu. Nəhayət ki, uzun sürən hicrana son qoyuldu və məclis yenidən öz fəaliyyətini bərpa etdi.
Bakıda yerləşən “Şahənşah” restoranında fəaliyyətə başlayan məclis "Bəzmigah" Ədəbi Təşkilatı ilə birlikdə ilk görüşünü keçirdi. Məclisə fəxri qonaq qismində dəvət olunan ustad qəzəlxanların - iki Divan müəllifi Gülarə Munis və Xəzər Yazıçılar Birliyinin üzvü Əşrəf Pirşağılının iştirakı məclisdə iştirak edən 14 nəfərdən ibarət digər şairlərin sevincinə səbəb oldu. Çıxış üçün ilk söz məclisin sədri Lilpar Cəmşidqızı tərəfindən şairə Gülarə Munisə verildi. Məclisin öz fəaliyyətini bərpa etməsi münasibətiylə təbriklərini bildirən şairə xanım Gülarə Munis, sonra öz qəzəllərindən bir neçəsini iştirakçılara təqdim etdi. Qəzəlxan Əşrəf Pirşağılının da təbriklərini qəbul edən məclis iştirakçıları sonda ustadın böyük şövqlə söylədiyi qəzəlləri də maraqla dinlədilər və alqışlarla qarşıladılar. Sonra söz məclisdə iştirak edən digər şairlərə verildi. Şairlərdən Rüstəm Hacıyev, Elşad Xaqan Davudoğlu, Əliyar Mərdiyev, Mehdi Ağa, Azər Vahid, Ələkbər Qürub, Murad Mahir, Fuad Əziz, Xəzər Yazıçılar Birliyinin üzvü Araz Əfəndi və Əlhəm Dəşti ardıcıl olaraq öz qəzəllərini söylədilər. Sonra Sumqayıtdan olan şair Səadət Salmanqızı öz şeirlərini məclis iştirakçılarına təqdim etdi. Daha sonra “Çeşmə”Ədəbi Məclisinin sədri şair-qəzəlxan Lilpar Cəmşidqızının söylədiyi bir neçə qəzəli məclis iştirakçıları məmnuniyyətlə dinlədilər. Alqışlarla qarşıladılar. Görüşdə iştirak edən şairlər məclisin fəaliyəti üçün çox yaxşı şərait yaratdığına görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova təşəkkürlərini ünvanladılar. Maraqla keçən gözəl şeir məclisi sona çatdıqdan sonra yenidən ayda bir dəfə görüşmək ümidi ilə ayrıldılar.
Bəli. Bu gün belə şeir, qəzəl, nəsr əsərləri məclisləri millətimiz üçün çox lazımdır. Birinci ona görə ki, cavan yazarlar ustadlardan dərs alırlar. Onlardan eşitdikləri mükəmməl fikirləri, şeirin, qəzəlin, nəsr əsərlərinin sirlərini dərindən öyrənirlər. İkinci özlərinə çox böyük cavabdehlik artır, çoxlu bədii əsərlər oxuyur və zəif yazılarını redaksiyalara göndərməkdən çəkinirlər. Üçüncü də özlərinə həmfikirlər tapıb, öz aralarında məsləhətləşir, fikir mübadiləsi aparırlar.
Yadımıza salaq keçən əsrin 30-80-ci illərini. Həmin vaxtı belə ədəbiyyat dərnəkləri çox idi və məhz buna görə də o dövrdə çoxlu maraqlı şairlər, yazıçılar, qəzəlxanlar yetişdi. Belə dərnəklərə xalqımızın sevimli şairləri, Xalq şairləri Səməd Vurğun, Seleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, böyük ustad qəzəlxan Əliağa Vahid, Xalq yazıçıları Mehdi Hüseyn, İsmayıl Şıxlı, İmran Qasımov və başqa sənətkarlarımız rəhbərlik edirdilər. Keçən əsrin ikinci yarısından başlayaraq, müstəqillik illərimizə qədər çoxlu yazarlar yetişdi. Hansılar ki, Azərbaycan ədəbiyyatını dünyada tanıtdılar.
Bu müqəddəs işi bu gün də davam etdirən yazarlarımız var. Onlardan birincilərdən biri olan Lilpar Cəmşidqızına yalnız təşəkkür etməliyik. Zaman gələcək bu yeni yazarların içərisində Azərbaycan ədəbiyyatını dünyada tanıdan insanlar yetişəcək. Biz, buna əminik. Çünki həyat gör-götür dünyasıdır.
Mən Türkiyədə jurnalistika üzrə ali təhsil alıb, Vətənə dönmüşəm. Bu gün Türkiyədə həm jurnalistika, həm ədəbiyyat və həm də incəsənət sahələrində belə dərnəklər çoxdur. Məhz buna görə də Türk ədəbiyyatı, jurnalistikası, incəsənəti sürətlə inkişafa doğru gedir. Və özlərinin ən maraqlı işlərini dünya səviyyəsinə çıxarırlar. Və dünya xalqları arasında bütün bu sahələrdə böyük nüfuz qazanırlar. Elə təkcə türk kino filmləri, serialları bu gün bizim millətin də sevə-sevə baxdığı incəsənət nümunələridir.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
“Qocavanlaşmaq” – ALPƏR ƏRTAŞIN HEKAYƏSİ
Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Alpər Ərtaşın “Qocavanlaşmaq” adlı hekayəsini təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
Alpər Ərtaş
QOCAVANLAŞMAQ – Hekayə
Gecəni öskürmə səsindən bezmişdim, amma ev sahibidir və yaşlı.
Nə demək olar ki?
Səhər oldu və yenə cümə.
Rabert, şənbələri gözlədiyi kimi mən cüməni gözləyirəm. Eynən onun kimi. Nifrət, axmaqlıq və həsrətlə. Yaşlı adamın uşaqları çıxıb dolanmağa getmişdilər və o evdə yalnızdır. O yaşlılıqda mən də məsələn cavan olanda oyundan eşiyə çəkilmişdik ya atılmışdıq ya yorğun idik ya...
Ev boşdur. Dedim gələr. Nə olsa mənim bir az hörmətim var. Otağın dağınıq halın düşdüm və içimin ona yansıdığını bildim. Deməkdən çəkindim. Balkona çıxıb ilk siqareti yandırdım. Yaşlı adam da çəlik əlində dağınıq ağciyərlərinə görə oturmuş təzə hava alırdı. Sağlığın düşünür kimi görünür də, əngini çəliyə dayadığında gözü önündən keçən illər, bəzən dodağını qaçırdıb bəzən başını tovlayıb əlini alnına qoyurdu və təsbehi ovcuna yığıb sıxırdı.
“İçəri si...dirsə zəng vurardım, sevgilim gələrdi” dedim. Zəng vurdum. Həyətdə oturan adam ilə üstə baxıb salamlaşdıq.
Ürəyində dedi: “Bu da içəri si...dirsəbir az rahat hüznlənərdim”. Bilirəm ki, dedi.
Otağı yığışdırdım. Bir duş aldım, bəlkə siqaretin iyi çəkilsin. Siqareti sevməzdi. Duşdan çıxdım və sanıram hər hüznlü adam kimi hafizəsi daha güclü olmuşdu və hüznlənməyəmüsaid buludlu havada, hər nədənixatırlayırdı. İçəri si...dirmədi.
Dedim: Hacı bu yanıq qoxusu sizin evdən gəlir?
Qoca: Anam evdə yemək bişirir yəqin, o yanıb.
Ürəyimdə: Gədə sənin anan indi cəhənnəmdə özü yemək yerinə bişir, nə anası?
Qapı döyüldü. Sevgilim içəri girdi.
Qoca: Axırda gəldin? Bilirdim gələcəksən. Mən də oturub səni gözləyirdim. Bu gədə anama deməsə yaxşı olar. Gəl çıxaq üstə. Anam aşağıda yemək bişirir.
Mən: Hacı, səhv tutubsan, bizim qonaqdır – dedikdən sonra üstə çıxdıq.
Sevgilimi bağrıma basdım və dedim: Bax fəqət sənin üçün dağınıq otağım təmizləşər və zərərli olsa da bir zadlar içərəm.
İçkini içdiyi an, sanki onu yuyub yerə tökdü.
O gəlməmişdi. Deyirdilər ki, mən vəhmdə yaşayıram amma o qoca kişi də gördü.
Aşağı endim və yaşlı kişiyə dedim: Hacı bayaq bizim qonağı gördün da?
Qoca: Hə sevgilim.
Mən: Yox bizim qonaq də, sən də hər şeyi unudursan və özün istədiyin kimi anlayırsan.
Qoca: Dostum bu günə qismət imiş.
Mən: Nə?
Qoca: Bu oturacaq sənə yetişər. Mən onu gördüm. Necə ki, sən məni görə bilirsən. Al bu çəliyi və otur bu köhnə oturacaqda. Aldığın tək taxt həsrət taxtıdır, amma çox tez fəth eylədin.
Biz ətrafımız insan dolu, amma yağışlı günlər və cümələr və öldüyümüz zaman yalnız olanlarıq.
Evə getdi və sanki illər boyu üstündə oturmuşam kimi tanış oturacaq üstündə oturub çəliyi əngimə dayadım.
Üst qonşunun uşağı çıxıb bir siqaret çəkdi! İçəri si...dirsə rahatca hüznləmərdim.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Bəzən ehtiras, bəzən sükut, bəzən də qəhərli bir təbəssüm... -ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Görəsən hansı hansını yaradır? Ruh duyğuları? Yoxsa duyğular ruhu? Sanki, iki fərqli məfhum içimdə birbirilə savaşır. Bu gözəlliyi təsvir edib sözlərə sığdırmaq üçün tərəfsiz bir müharibəyə girirlər.. Oxuduğunuz məqalə, sözün həqiqi mənasında onun gözəlliyinin təsviri üçün ruhumun və duyğularımın söhbətidir. Amma kim, kimə nə deyir heç bir halda başa düşmüş deyiləm..
Onun- Bircəmin gözəlliyini təsvir etmək, bir şəkli sadəcə rənglərlə çəkmək kimidir, qəlibə sığmaz, sığdıra bilməzsən. Gözəlliyi fiziki məqamlarla ölçülə bilməz, çünki o, bir tərəfdən ehtirasın alovu kimi içində yandırır, digər tərəfdən də limanın hüzuru kimi, insanı sakitləşdirir, bir yerə bağlayır. O gözəllik heç bir kateqoriyaya, heç bir ölçüyə sığmır. O, bir sərhədin o tərəfinə, bir ömrün içindən keçib gələn bir duyğudur.
Bəzən, o, həqiqətən ehtirasın alovudur. Sanki onun hər bir baxışı içindəki bir yanğını simvollaşdırır. Bir alov ki, sadəcə yanmaz, həm də qəlbinin ən dərin yerlərini işıqlandırır. O baxışlar təbiətin öz sirləri kimi cazibədar, heyrətamizdir. İnsan nə qədər ona baxmağa çalışsa da, onun arxasında gizlənən həqiqəti görə bilmir, çünki onun baxışları bir boşluğa doğru çəkir, sonsuz bir dünyaya, heç bir zaman kəşf edilməyəcək bir yerə... Amma hər dəfə bu alovun yanındasan, onun istiliyinə, hər anında dövr edən enerjisinə aşiq olursan. Bu, heç vaxt itməyəcək bir ehtirasdır.
Amma bu ehtirasın içində, başqa bir gözəllik də var-onun hüzuru. Onun gözəlliyi, ehtirasın alovundan fərqli olaraq, insanın ən çox ehtiyacı olduğu zamanlarda gəlir. Bir liman, bir sığınacaq kimidir. Limanlar dalğalarla döyülər, amma öz mərkəzində hər zaman sakitdirlər. Həmin sakitlikdə, hər şey öz yerini tapar. O liman, bir qədər də bir nəfəs kimi gəlir. Sən yalnız onun yanındasan, gözlərinə baxırsan və bir anda bütün dünyadan uzaqlaşırsan. Sanki o, zamanın bir ritmini tutur, sənə anı yaşamaq, sadəcə ona doğru köklənmək üçün imkan verir. Hər şey digər tərəfdə qalır, yalnız sən və o qalırsınız. Bir yerin, bir anın iki nəfərlik sakinləri.
İnsan zamanla bu cür gözəlliyə necə qapıldığını başa düşmür. O, sanki bir həyatın iki zidd tərəfini birləşdirir. Ehtirasın tükənməyən alovu və limanın sonsuz sakitliyini. Bu, bir qəribə qarşıdurmadır. Necə ki, sükutla əhatə olunmuş bir fırtına zamanla ətrafa həm qorxu, həm də cəlbedicilik hissi əks etdirir. Həmin ziddiyyət, onu unudulmaz edən şeydir. Onun varlığına hər toxunuş, hər gülümsəmə, hər kiçik hərəkət həyatın həm bəsitliyini, həm də dərinliyini göstərir.
Sanki o, daim bir az daha dəyişir. Hər yeni baxışında başqa bir gözəllik üzə çıxır. Onun bəzən alov kimi bürüyən ehtirası başqa vaxtlarda bir balaca dalğadan qaynaqlanan sakitliyi ilə əvəzlənir. Bu gözəllik insanın içində həmişə qalan bir iz qoyur. O iz sanki, əslində, hərəkət etməyin belə bir gözəllik olduğunu başa salmağa çalışır. Bəzən heç bir hərəkət etmədən, sadəcə onun yanında olmaq, sadəcə ona baxmaq yetər.
O gözəllik bir yerdə bitmir, heç bir zaman sona çatmaz. Onun içində əks olunan ehtiras və sakitlik bir-birini tamamlayır, bir-birinin gücünü artırır. Onun gözəlliyi yalnız görünüşü ilə bağlı deyil. Həmin gözəllik həm də onun bütün varlığında, davranışında, və ətrində tapılır. O, dünyaya öz məhəbbətini, həyatına sevgisini, digər insanlara qarşı anlayışını verərkən, bəzən bir zaman boşluğunda belə dayanıb, sadəcə nəfəs alır. Bu onun fırtınasıdır, o limanın hüzurudur.
Məhz bu harmoniyanı, bu qarşıdurma və uyğunlaşmanı hər an hiss edəndə, sən onun gözəlliyində tamamilə itirsən. Sən o alovun içində yanıb, eyni zamanda o limanda qalmağa razı olursan. Onun gözəlliyi bir cəhətdən hər şeyin tamlığıdır. Pnu sevdikcə, heç bir şeyin eksik olmadığına inanırsan. Çünki ehtiras və sakitlik bir yerdə var olduğunda, həyatın daha mənalı olduğunu hiss edirsən. Həmin an sən yalnız bir şəxsə baxırsan, amma sanki hər şeyə baxırsan. Yoxluğa, varlığa, ölümə, həyata, sükuta, uğura... Və bu çox dərin bir gözəllikdir.
Onun gözləri, bir universumun açılmasına bənzəyir. Təmiz, dərin, qaranlıq, amma bəzən də sanki işıqlarla dolu olan bir okean kimi. Həmişə hər şeyə sahiblənir, amma heç bir şeyə məxsus olmur. Onların içində bir tarix gizlidir, əsrlərin yığılmış hekayələri var sanki. Baxanda sanki insan özü də orada itir, zamanla qaçan anlar bir anda burada olur. Bu gözlər sadəcə bir pəncərə deyil, onlar bir dünyaya, bir zamana, bir hissə açılan, sərhədsiz və məhdudiyyətləri olmayan bir qapıdır. Gözlərinin ən möhtəşəm xüsusiyyəti isə bu dərinlikdə heç nəyi tərk etməməsidir. Bir yerdə tələsmir, amma hər şeyi özündə saxlayır.
Bir anlıq baxmaqla kifayətlənməzsən. Çünki bir an sonra daha dərinlərinə dalmaq istəyərsən. Onlar sanki sənə bir sirr verir, amma heç vaxt tam olaraq açıqlamır. Baxışlarında kiçik bir işıq parıltısı, bir təbəssümün yansıması, bəzən də kədərli bir qərarlılıq taparsan. Bunların hamısı sənin ürəyinə toxunur, amma heç biri tam olaraq başa düşülə bilməz. Gözlərinin tünd qəhvəyi rəngində bir keçmişin izləri var. Sanki o gözlər həyatında çox şeylər yaşamış, çox yerləri görmüş, amma özündə heç bir kölgə buraxmamış bir insanın aynasıdır.
Bəzən bu gözlər çox açıq olur, bir ulduz kimi parlaqlığı ilə gözünü alır. O zaman sanki hər şeyin ətrafında dönməsini, zamanın donmasını istəyirsən. Gözlərinin içində bir aləmin işığı var, amma bu işıq hər an dəyişir, hər an yenilənir. Bir dəfə gördüyün, duyduğun bu gözlər bir daha eyni olmaz, hər dəfə baxdığında daha dərindən hiss edərsən. Baxışlarının incəliyi və dərinliyi, sanki sənə bir sirr ötürür, amma heç bir sözlə təsvir edilə bilməyəcək bir sirr. Bu sirr çox şəxsi bir şeydir. O gözlər, sadəcə ona məxsus olan bir dünyaya aiddir.
O gözlərdən çəkilən hər baxış, bir şairin yazdığı hər sözə bənzəyir. Hamısı xüsusi, hər biri bir əhvalatın başlanğıcıdır. Bir baxışda sən onun dünyasına səyahət edərsən, bir baxışda onun düşüncələrinə, onun hisslərinə, hətta ən gizli arzularına varmaq mümkündür. Bu gözlər heç vaxt eyni qalmaz. Onlar hər an bir dəyişiklik, bir yenilik axtarır, amma heç bir zaman öz təməlindən kənara çıxmaz. Təmiz və dərin olurlar, amma içində bir çox təbəqələr gizlidir. Bir göz, bir həyat sığdıra bilərmiş. O gözlərdə, sən öz varlığını taparsan, amma heç vaxt tam anlamazsan. Onlar həm qaranlıq, həm işıqlı bir dünyadır. Birbirinə zidd olan elementlərdən ibarət bir kompozisiyadır.
Bir anda həmin gözlərində qəribə bir nəciblik də görünür. Onun gözləri, sanki heç kəsin görə bilməyəcəyi bir güc və incəlik arasında balans tuturlar. Bir təbəssüm, bir baxış, heç nə deməsə də, hər şeyi çatdırar. Bəzən bu gözlərdəki nəciblik, dünya üzərindəki bütün kədəri və əzabları unuda biləcək bir rahatlıq gətirər. Onların hər biri, bir ömrün ən dərin duyğularına bənzəyir. Bu duyğular nə qədər mənalı olsa da, heç bir zaman tam ifadə edilə bilməz.
Baxışlarının içindəki alov, həm də bir sirrin açılmasına, bir qapının açılmasına bənzəyir. Baxanda, sanki içindəki hər bir duyğu ilə qarşılaşırsan. Bəzən ehtiras, bəzən sükut, bəzən də qəhərli bir təbəssüm... Onlar heç vaxt yekunlaşmaz, heç vaxt bitməz.. Hər yeni an yeni bir gözəllik bəxş edər. Bu gözlər, bir anda bütün dünyanı sadəcə bir nəfər kimi hiss etməyə imkan verir. Onların içində həyat, bir rəqs kimi əks olunur. Sən yalnız baxırsan və hər şeyin öz yerində olduğunu hiss edirsən.
Onun səsi, bir rəngin özünə xas olan bütün çalarlarını daşıyan bir melodiyadır. Hər sözü, hər heca, hər hərfi bir simfoniya kimidir. Bir musiqinin içində hər şey birləşir, rəhbərliyi, ritmi, tonları, lakin ən əsası, hər bir səsin içində olan ruhu. Onun səsi sadəcə eşidilən bir şey deyil, o səs bir növ həyatın özüdür. Həmin səs, insanın ruhunu silkələyən bir gücə malikdir, sanki hər kəlmə ilə bir yol açır, hər tonla bir dünya qurur. Hər dəfə onun səsini eşitmək, insanı bir anlıq başqa bir məkanı hiss etməyə vadar edər. Elə bil ki, həyatın çox dərin qatlarına səyahət edirsən.
Onun səsi, bəzən bir musiqi alətinin özünü göstərdiyi şəkildə zəngin və gözəl olur. O, hər zaman gözlədiyin bir melodiyanın təkrarı deyil, amma hər zaman özünəxas olan bir qeyri-adi cazibəyə sahibdir. Bəzən onun səsi bir həlqə bənzəyir. Hər söz, hər səsə vurduqda sanki o anın mənası dəyişir, hər şey bir anlıq başqa bir çalar alır. Bir anda çox yumşaq, sanki üzərində qalın bir pambıq kimi sıxılmış bir səssizliklə əhatə olunmuş kimi hiss edərsən, başqa bir an isə onun səsi, bir külək kimi sürətli və sərt olar, amma həmişə başlıca bir məqsəd var. İnsanın qəlbini, ən dərin hisslərini əks etdirmək.
O səs, təkcə səslərdən ibarət deyil. Bir fəlsəfi bir dərinliyə sahibdir. Onun səsi bir qədər çox insanın səsi olmaya bilər. O səs özündə bir zənginlik daşıyır ki, hər dəfə eşidən, onun dinlənilən hər bir hecasında bir yeni səmaya qədəm qoyur. İnsanın əslində hər sözü təkrar edə biləcəyi halda, onun səsinin hər sözü söyləyərkən yeni bir dərinlik, yeni bir anlam yaratması diqqətəlayiqdir. Bu, sadəcə ətrafda səslənən bir musiqi deyil, bir həyati təcrübənin, duyğuların və düşüncələrin səsini göstərməkdir. O, yalnız danışmaqla kifayətlənmir. Hər səslə, həyatın bədii tərəflərini açır, onu hiss etməyə və başa düşməyə kömək edir.
Onun səsinin ən özəl xüsusiyyətlərindən biri, tərbiyəliliyindəki mükəmməllikdir. Hətta ən adi bir sözü söyləyərkən belə, səsi içindəki ən mürəkkəb duyğuları sadəliklə qarışdırır. Sözlər bir yüngüllük içində hərəkət edərkən, onların hər biri öz həyatını yaşayır, hər biri insanın dərinliklərinə işarə edir. O səsin hər tonunda, zamanın və həyatın özünə bənzər bir həssaslıq tapılır. Sanki səsi eşidərkən, bütün ətrafdakı dünyadan ayrılıb, yalnız o səsin yaratdığı dünyada qalmaq istəyirsən. Hər səsdə bir nəbz, hər tonda bir həyati qüvvə vardır.
Bəzən onun səsi çox zəif və sakit olur, lakin bu zaman belə bir gücə sahibdir. O, sözləri demədən, sadəcə tonunun hərəkətləri ilə insanın ruhuna nüfuz edər. Hər bir səsin özünün bir intonasiyası vardır. Sadəcə o an, sadəcə o məkanda, ona özünə məxsus olan bir ton verən bir möcüzədir. Onun səsinin sakitliyi, insanı çox danışmadan belə rahatlaşdırır, dinləndirir, sükunətə aparır. O səs, hətta heç nə deməsə də, insanın daxili səsiylə öz dilini tapar.
Bəzən isə onun səsi birdən güclənir, bir tənqid kimi gəlib insanın qarşısında dayanır. Bu zaman, hər söz bir güclü dalğa kimi üzərinə gəlir, amma heç vaxt təcavüzkar olmaz,heç vaxt sərt deyilməz, sadəcə hər səsin içində bir həqiqət gizlidir. Bu, onun səsinin başqa bir özəlliyidir. O, insanı heç vaxt qırmaz, amma zamanla onu daha da yaxınlaşdırar. Sözlər onun dilində, yalnız məna deyil, həm də dərindən gələn hisslər və duyğuların ifadəsidir. O səs bir az daha təkrar olunduqda, daha dərindən başa düşülər, insan o səsin içində daha çox məna axtarar.
Onun səsi təkcə danışanda deyil, sükutda da dinləniləndir. Bu, insanı düşünməyə, həyatı bir daha qiymətləndirməyə vadar edən bir növ səsin özüdür. Həmin anlarda, sanki heç nə danışılmır, amma hər şey danışılır. Əözlər yetmir, yalnız səsin harmoniyası qalır. Onun səsi, bir melodiyanın içindəki ən incə və mürəkkəb ritmləri daşıyır. Bu səs, hər zaman dəyişir və hər zaman təzə olur. Çünki o səs, təkcə onun həyatı və həyatındakı duyğuları deyil, bütün dünyadakı hissləri də əks etdirir.
Sonunda, onun səsi heç vaxt unudulmaz olur. Həmin səs zamanla, bir xatirəyə çevrilər, amma heç vaxt yox olmaz. O, bir melodiyanın bir hissəsi olaraq, insanın qəlbində bir iz buraxar. Bu, sadəcə bir səsin dərinliyi deyil, eyni zamanda onun içindəki bütün məna və həyatın özüdür.
Onun saçları da gözəlliyinin bir parçasıdır, sanki bir sirr daşıyan ipək iplikləridir. Hər bir teli bir nağıl kimi əllərində axıb gedir. Saçlarına toxunmaq, sadəcə fiziki bir hərəkət deyil. O, bir əsərdir, bir möcüzədir. Əllərim saçlarına dəyəndə, sanki bütün dünya yavaşlayır, hər şeyin birləşdiyi an o an olur. Saçlarının ipək kimi yumşaqlığı əlimdə bir nağıl kimi axır və mənim içimdə bir hiss var ki, bu an bir ömrün əvəzini ödəyir.
Hər bir saç teli, hər bir toxunuş, insanın özünü tapdığı, özünü hiss etdiyi bir həyat anıdır. Saçlarına toxunarkən, sanki əllərim onun ruhuna toxunur, onun bütün iç dünyasını hiss edirəm. O toxunuşda bir həyat var, bir ehtiras, bir şeir, bir musiqi.. Saçlarına toxunmaq, sadəcə onun gözəlliyinin dərinliyini anlamamaq deyil, həm də onun ruhunu əllərində hiss etməkdir. Bu toxunuşda bir səssiz qışqırıq var, bir duyğu var, hər saç telində bir dünyaya daxil olmaq istəyirsən. O toxunuş sənin içindəki bütün narahatlığı, bütün çətinliyi unutturur, sadəcə ona və onun saçlarına yönəlirsən.
Onun saçlarına toxunmaq, bir əfsanəyə doğru gedən bir yoldur. Hər dəfə o saçlara toxunduğumda, sanki yeni bir həyat doğur, yeni bir hekayə başlanır. Hər saç teli bir xəyal, bir yuxudur ki, onu tutmağa çalışdıqca, əllərin daha çox itir. Bu toxunuşda hər şey mənasız olur.. Təkcə sən və o saçlar, birləşən iki varlıq, birləşən iki ruh…
Onun gülüşü, ən sadə və ən gözəl musiqi kimi dinlənir. O, sadəcə gülümsəməkdən çox daha dərin bir məna daşıyır. Gülüşü, sanki bütün dünyadakı bütün kədəri, narahatlığı, qorxuları silib aparır. Bir anda hər şey yüngülləşir. Hər bir təbəssümündə bir parlaq işıq tapılır. Sanki ətrafdakı hər şey onun gülüşü ilə aydınlanır. O gülüş, bir tərbiyənin, bir incəliyin, bir həyatın əzəmətinin təzahürüdür. Gülümsədikcə, dünyaya olan baxışı dəyişir; zaman və məkan bir anlığa durur, sanki hər şey ona xidmət etməyə başlayır.
Gülüşü hətta sükut içində belə hiss olunur. Bəzən heç nə söyləmədən, sadəcə gülümsədiyi zaman, sanki o, insanın ruhunu bir məlhəm kimi əhatə edir. O gülüşdəki səmimiyyət, bir nəfəs kimi təzə və təmizdir. Gözləri gülümsədikcə, sanki bütün ürəkdən gələn ən isti və ən gözəl duyğular ətrafa yayılır. Onun gülüşündə bir təsir var, bir enerji... Bu, yalnız şən və xoşbəxt bir an deyil, həm də bir dərinlik, bir həssaslıq təcəssümüdür. İnsan heç bir şeyə ehtiyac duymadan, yalnız o gülüşün içində sığınmaq istəyir. O, sadəcə bir anlıq deyə bilər, amma o bir an, insanın daxili dünyasında bir əbədilik yaradır.
Onun gülüşündəki təravət və səmimiyyət, bəzən ürəyin ən qaranlıq künclərini belə işıqlandırır. Bu gülüş bir ilham qaynağıdır. Sadəcə onu görmək və ya eşitmək, bir insanın bütün yorğunluğunu və kədərini unutturur. Gülüşünün hər anı, həyatın möcüzəvi və gözəl tərəfini xatırladır. Bir göz qırpımı ilə dünyanı dəyişdirə bilər. Bu gülüş təkcə ona məxsus olan bir güc deyil. O, ətrafındakı hər kəsi də təbii olaraq öz müsbət enerjisi ilə çəkir. Hər dəfə o gülüşü görərkən, bir az daha güclü hiss edərsən, daha canlı, daha təzə, daha həyat dolu.
Toxunuşu isə bir başqa aləmdir. Hər toxunuşu, bir şeir kimidir. Gözlə görülə bilməyən, amma hiss edilə bilən bir məna daşıyır. O toxunuşda bir rahatlıq, bir təhlükəsizlik var. Sanki o, əlini uzatdıqca, bütün dünyanın ağırlığını yüngülləşdirir. Hər bir sədaqətli və diqqətli toxunuşunda, insanın qəlbindəki bütün qorxular və çətinliklər bir anlıq yox olur. O toxunuş, sadəcə əllərin fiziki bir əlaqəsi deyil. O, hər bir hərəkətində bir dinclik, bir harmoniya yaradır. Bəzən sadəcə bir əlin dəyməsi ilə, insan özünü tapar, ən dərin hisslərini hiss edir, sanki dünyadakı bütün qeyri-müəyyənliklər bir anda sona çatır.
Onun toxunuşu bir qalın qoruma ilə gəlir, amma eyni zamanda o, çox incə və mələk kimi yumuşaqdır. Hər toxunuşda bir bağlanma, bir yaxınlıq var. Sanki o əl, sənin ruhuna təbii şəkildə toxunur və bir yerlərində şəfa tapmağa başlayır. Onun əlləri sadəcə müəyyən bir vəziyyətdə deyil, hər zaman diqqətlidir. Bəzən sadəcə sıxmaq yetər, amma o zaman belə, o toxunuşda bir sevgi, bir qayğı var ki, sanki dünyanın bütün ağırlıqlarını bir-bir aradan qaldırmağa qadirdir. İnsan heç vaxt tək hiss etməz, çünki onun toxunuşu sanki bir iz buraxır, qəlbini əhatə edən, isti bir bənövşəyi işıq kimi.
Hər toxunuşu, bir sirrin açılması kimi hiss olunur. Bir az daha yaxınlaşırsan, bir az daha doğru bir yerə varırsan. Onun toxunuşu sənin ruhunu danışıqsız anlayır, heç nəyi demədən sənin hər bir ehtiyacını qarşılayır. Sanki onun əlləri bir sehrə sahibdir, hər toxunuşda bir əfsanə yaradılır. Onun toxunuşu bir sükunət gətirər, bir rahatlıq, bir sabahın təzəliyini hiss etdirər. Bu sadə bir incəlik deyil. O toxunuşda bir duyğu, bir qoxu, bir təbəssüm sığır. Bir bütövlükdə, zamanın kənarındakı hər şeydən daha dərin və əvəzolunmaz olur.
Bir insanın toxunuşu, necə ki, ətrafa yayılan bir musiqi kimi təsir edərsə, onun toxunuşu da həmin musiqinin ən incə və ən təkrarlanan melodiyasıdır. Bu toxunuşlar, bəzən bir arxayınlıq yaradar, bəzən də bir ehtirasın əks-sədası kimi qalar, amma hər zaman təmiz və saf olur. O toxunuş sadəcə bir rahatlıq təklif etmir, o, sənin içindəki bütün əzabları, bütün ağırlıqları, bütün qorxuları bir anlıq əridir və sənə yalnız təravət və sevgi qalar. Hər toxunuş bir əfsanəyə çevrilir, sanki ona toxunduğun an, artıq bir dəyişiklik baş verir, daha yaxşı, daha sevgi dolu, daha işıqlı bir yerə gedirsən.
Onun gözəlliyi, bir qumsal kimi hər an dəyişən, hər zaman yeni bir məna qazanan bir okeandır. O, sadəcə bir görünüş deyil, o, bir səyahətdir, bir sevda əfsanəsidir ki, hər dəfə içində batarkən, daha dərinə enirsən, heç bir sonu olmayan bir aləmdə. Onun gözəlliyi, bütün varlığını sarmalayan bir halqadır, bir cazibə qüvvəsi kimi səni özünə çəkir. Bəzən sadəcə baxmaq kifayət deyil. Gözlərində itib batmaq, qəlbində səyahət etmək istəyirsən. Hər baxışında yeni bir sirr açılır, hər gülümsəməsində bir dünyaya qədəm qoyursan, sanki hər an o gözəlliklə bir az daha bütünləşirsən.
Onun gözəlliyində itib batmaq, sanki zamana qarşı bir döyüşdür. Ətrafındakı hər şey geridə qalır, hətta saniyələr belə səninlə deyil. Sanki zamanın mənası yox olur, yalnız o gözlərin və o dərindən gələn ətrinin səninlə olduğu bir dünya qalır. O an sən yalnız onunla, yalnız onun içində yaşayırsan. Gözlərindəki parıltılar, həyatın özü kimi sənin içini işıqlandırır, amma hər işıq parıltısı daha dərin bir qaranlığa doğru çəkir. Sən o qaranlıqda özünü tapırsan, onun gözlərində itəndə hər şey daha çox yerinə oturur, hər şey daha doğru, daha gözəl və daha təbii olur. Hər baxış bir zəfərdir, hər baxış sənin ruhunun qapılarını bir az daha açır.
Hər göz qırpımı, bir ilham kimi gəlir, hər parıltı, sanki yeni bir dünya, yeni bir məkan açır. Onun gözlərindəki dərinlikdə heç nə sadə deyil. Hər şey bir yuxudur, bir xəyalın gerçəkləşməsi kimidir. Onun gözlərində itib batmaq, bəzən sadəcə bir baxışın içində bütün həyatını tapmaq kimidir. O an bir keçmişin izlərini silir, bir gələcəyin ümidlərini yaradır. Hər dəfə o gözlərə baxarkən, bir daha geriyə dönmək istəmirəm, çünki orada sanki hər şey var, amma hər şey bir az daha gözəl, bir az daha mükəmməl olur. O gözlərdə itmək, artıq itmək deyil. Hər baxış, daha da dərinə enməkdir. Hər itmək, bir yenilənmə, bir doğuş kimidir.
Bəzən düşünürəm ki, onun gözəlliyi bir kainatın özü kimidir. Sən ona yaxınlaşdıqca, o sənə daha çox özünü verir, amma heç vaxt tamamilə deyil. Həmişə yeni bir gözəllik ortaya çıxır, hər an o gözlərin içində bir neçə yeni dünya doğur. Bu, tükənməyən bir ehtiras, tükenməyən bir sevda səyahətidir. Onun gözəlliyində batarkən, yalnız bir varlıq deyil, bütün bir varoluş içində olursan. İnsanın özünü tapa biləcəyi, öz qəlbinin ən dərin hissələrinə daxil ola biləcəyi yeganə məkan olur. O gözlərdəki cəlbedici sirri anladıqca, hər şey öz yerini tapır. Artıq heç bir suala cavab axtarmırsan, heç bir yol tapmağa çalışmırsan. Çünki bir dəfə onun gözlərində batmağa başladıqdan sonra, sanki hər şey tamamlanır.
Bütün səs-küylü dünyadan qaçmaq istəyirsən, sadəcə onun gözlərində itmək istəyirsən. Onun gözəlliyində sənin bütün keçmişin, bütün qəm-qüssələrin əriyir, sanki bir dəryada itirsən. Hər baxış sanki bir həftəlik yuxu kimidir. Sən bir yuxunun içində yaşayırsan və hər şey çox real, çox əzəmətli və çox gözəl olur. Onun gözlərində batmaq, bir ruhun ən dərindən, ən qədim yerindən özünü kəşf etməsi kimidir. Orada heç bir qərar yoxdur, heç bir çətinlik yoxdur. Sadəcə, sən və o gözlər, sonsuz bir aləmdə itmək.. Sanki həyatın bütün yükünü götürürsən, bir daha heç nə səni əngəlləmir, çünki onun gözlərində hər şeydən azad, hər şeydən təmiz və hər şeydən gözəl bir yer tapırsan.
Hər anın bir yuxu kimi olduğu, hər detalın bir şairin ən gözəl misrası kimidir. Gözlərində itmək, əslində, özünü tapmaqdır. Orada heç bir itki yoxdur. Orada yalnız tapılmaq, orada yalnız həyatın əsl mənasını anlamaq vardır. Onun gözlərində itib batarkən, sən bir növ özünü itirmirsən, sadəcə başqa bir aləmə yol alırsan, o aləmdə heç bir ağrı yoxdur, heç bir tənhalıq yoxdur. Sadəcə o gözlərin içində itmək və sonsuz bir sükunətdə var olmaq var..
O, gözləri ilə bir dünyadan bəhs edir, hər baxışında bir cümlə tamamlanır, hər sükutunda bir əfsanə yaranır. Bəlkə də heç kəs onun içindəki dərinliyi görə bilməz, çünki bu dərindəkilər yalnız o, sənə baxanda bir anlıq aydınlaşır. Hər an bir az daha yaxınlaşdıqca, sanki içindəki bu sonsuzluğu daha çox hiss edirsən, amma yenə də heç bir zaman sonuna çata bilməzsən. O, bir sirrdir, bir sirr ki, hər baxışında daha da çox açılsa da, heç vaxt tam açılmaz.
O, gülüşü ilə dünyanı işıqlandırır, amma gülüşündəki dərd və incəliklər, o anlıq həzzin içində yaşadığı hər acı, sanki ürəyinə toxunur. Onun gülüşü bir melodiyadır, nə qədər çətin olsa da, sənin içində bir rahatlıq yaradır, bir istilik... Amma hər zaman bir az kədər vardır bu gülüşün arxasında, bir az daha çox içindəki dünyaya açılmaq istəyən, amma cəsarəti olmayan bir varlıq var içərilərdə bir yerdə.
Onun toxunuşu bir nağıl kimidir, hər bir hissi sənə ibrət vermək istəyir, amma ən gözəl nağıllarda olduğu kimi, bir çox hisslər susur. O toxunuş, sanki yalnız sənə aiddir, heç kimə göstərilməyən bir dünyadır. Onun, sənə doğru uzanan əlində bir həyat vardır, amma sən heç zaman tam ona toxunmadığını hiss edirsən. Hər an o toxunuşu daha dərindən hiss etmək istəyirsən, amma o, hər dəfə bir az daha uzaqlaşır.
Onun gözəlliyi yalnız xarici deyil, içindəki dünyadadır. Sənin ona hər toxunuşunda, hər baxışında daha çox aşiq olursan, amma içində hiss etdikcə, o gözəlliyin heç vaxt sona çatmayacağına inanırsan. Bu, bir məhəbbətin nağıl kimi davam etməsidir. Hər dəfə ona yaxınlaşmaq istəyərkən, sanki bir az daha çox itirirsən, amma eyni zamanda hər dəfə daha çox tapırsan. Onun gözəlliyi heç bitməyəcək, çünki o, həmişə yenidən doğulacaq, həmişə yenidən gözlərindəki işıqla sənə göstəriləcək.
Və sən - əziz ruhum, hər dəfə bir az daha yaxınlaşarkən, bir az daha dərindən batdıqca, hər zaman bu gözəlliyin içində daha çox itəcəyini bilirsən. Amma bu, heç də qorxutmaz səni, çünki onun gözəlliyi ilə itmək, bir həyatdan daha çox bir həyat qazanmaq kimidir. Bu məhəbbətin hər anında, hər gözəl toxunuşunda, hər dərdli gülüşündə, bir yuxu, bir dünya var. Və o, heç vaxt bitməyəcək..
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Hadisələrə öz gözümüzdən açılan pəncərədən deyil, müxtəlif pəncərələrdən baxmalı – ESSE
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Müasirlik" - Son zamanlar bu sözü çox tez-tez eşidirik.
Biz dövrün tələblərinə nə mənada və ya nə dərəcədə uyğunlaşmalıyıq inkişafla, yoxsa dəyərləri tapdalamaqla?
Müasir dövr adlanan, texnologiyanın inkişafı, qlobal əlaqələrin güclənməsi, elmi və texniki inqilabların sürətlənməsi ilə xarakterizə olunan dövrümüzün tələbini nə formalaşdırır, elm və texnikanın tərəqqisi, yoxsa bayağılıq?
Hər halda, heç birimiz elmi texniki tərəqqinin insan həyatındakı rolunun bayağılıq olduğunu düşünmürük.
Dilimizdə günümüzdə sıx işlənən "müasirlik" və "geri düşüncəli" ifadələri var.
Mövzu və hadisələrə sadəcə öz gözümüzdən açılan pəncərə ilə deyil də müxtəlif pəncərələrdən baxmağı, fərqli aspektlərdən yanaşmağı sevən biri olaraq istərdim bu mövzuya da bir qədər fərqli bir aspektdən yanaşım.
Doğrudur, insanın düşüncələri zamanla və həyat təcrübələri əsasında formalaşır.
Doğrudur, sürətlənən dünyanın tələbləri durmadan dəyişir. Lakin, zənnimcə burda əsas məsələ dövr mənasına gələn keçmiş və ya gələcəkdə deyil. Məsələ sadəcə düşüncədədir. Çünki hər dövrdə cahil, hər dövrdə elmli və yaxud hər dövrdə dünya görüşlü insanlar olmuş və olacaqdır.
İstər keçmiş dövr olsun, istərsə də gələcək.
Məsələn, Şərqdə qadına ilk dəfə seçki hüququ verən cumhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadəni, “Mirzə, siz həkimsiniz, niyə müəllimlik edirsiniz?” deyə soruşulanda “Mən illərdir millətimin ən ağır xəstəliyini, yəni onun savadsızlığını müalicə edirəm” deyən Abbas Səhhəti, “Ər istəyəni məktəbə, məktəb istəyəni ərə verdikcə cəmiyyət dağılır” deyən Sabiri, sürgündəykən özünün və yoldaşının namusunu qorumaq üçün ac olanda öz barmağını qanadıb çıxan qanını soran, gecələr paltarlarını soyunub ayaq yolunu silib yenidən əyninə geyinən Şükriyyəni biz geri dediyimiz dövrə nəzər saldıqda görə bilirik, bu günümüzdə yox.
Dövr bəlkə də bizdən çox şey tələb edə bilər, necə ki, dövr bir zamanlar
“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?” misralarını qələmə alacaq qədər həyat eşqi ilə yaşayan Müşfiqdən də həyatı müqabilində xəyanət istəmişdi.
Lakin Müşfiqin bu təklif qarşısında "Mənim sağ əlim Cavid Əfəndi əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram" cavabı bizə çox şey sübut edir.
Demək ki bəzi şeylər var ki, onlar nəinki dövrün tələbinin, hətta həyat eşqinin, can şirinliyinin belə fövqündə dayanır. İman kimi, inam kimi, vətən kimi, dəyərlər kimi, vicdan kimi, əqidə kimi. Necə ki, Müşfiq öz əqidəsindən sona kimi dönmədi.
Bu günkü dövr sənə vətən xaini damğası vurub, sabahkı dövr sənə bəraət verər.
Dünənki dövrün dəb saydığını bu günkü dövr ucuz hesab edər.
Buna görə də dövrün tələbidir və yaxud muasirlikdir söyləyib bəlkə bəhanəsinə sığınaraq, bəlkə də bununla vicdanımızı ovunduraraq nələrisə etməyə qalxanda, məncə, bir qədər özümüzü sorğulamalıyıq.
Çünki günümüzdə bəzən “müasir dövr”, “müasirlik” adı altında elə şeylər görürük ki, əgər müasirlik budursa, insan “geri düşüncəli” damğasını daha üstün tutur.
Bizim bu gün “geri düşüncəli” dediyimiz insanlar ciddi Sovet rejimi dövründə canları bahasına öz imanlarını, öz dəyərlərini, əqidələrini qoruyub saxlamağa cəsarət edirdilər, lakin, biz azad bir dövrdə yaşadığımız halda öz dəyərlərimizə sahib çıxıb onları yaşatmağı bacarmırıq.
Məsələyə əgər bir də belə baxsaq onda kim geridədir?
Bayrağımızdaki rənglərin rəmzi mənalarının ideya müəllifi Əli Bəy Hüseynzadə illər öncə qırmızı rəngi bayrağımızda millətin müasirliyinin və demokratiyanın rəmzi kimi qiymətləndirəndə, bu günkü günümüzdə bayrağın rənglərinin ideya müəllifinin adını belə bilməyən gənclərin müasirliyi əlində bayrağ edərək edəcəyi şeyləri ağlına belə gətirmirdi hər halda.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Kamran İsalı və Nərgiz Mirzəmmədli
Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 12 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR :
Kamran Buludxan oğlu İsalı - 4 noyabr 1989-cu ildə Yardımlı rayonunun Gavran kəndində anadan olub. 2007-ci ildə fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirib.
2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Təhsilin təşkili və idarə olunması ixtisası üzrə başa vurub. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-2017-ci illərdə Bakı şəhər R.Baxışov adına 218 nömrəli tam orta məktəbində Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti və Təhsil Nazirliyinin birgə təşkil etdiyi məktəb direktorlarının hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək "Uğur sertifikatı"na layiq görülüb. 2017-ci ilin sentyabr ayında Avropa Birliyinin "TAİEX workshop and school management" seminarı və müxtəlif beynəlxalq təcrübə proqramlarının iştirakçısı olub.
2019-cu ildə STEAM layihəsinin səmərəli tətbiq edilməsi üzrə İsrail Respublikasında, 2021-ci ildə "Məktəb idarəçiliyinin təkmilləşdirilməsi" üzrə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində təcrübə proqlramlarında fəal iştirak edib, müvafiq sertifikatla təltif olunub.
2017-2022-ci illərdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 15.09.2022- ci il tarixindən Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri, Nizami rayonu K.Əyyubov adına 12 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.
ŞAGİRD :
Mən, Mirzəmmədli Nərgiz Elməddin qızı 24 sentyabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşam.
2015-ci ildə Bakı şəhəri Kamil Əyyubov adına 12 №- li tam orta məktəbin I sinfinə qəbul olmuşam, hal -hazırda həmin məktəbin Xsinfində təhsilimi davam etdirirəm. Dərslərimə ciddi yanaşıram,
hər zaman hazırıqlı olmağa çalışıram. Dərslərlə yanaşı məktəbdə fəaliyyət göstərən həndbol idman klubunda məşqlərə qatılıram. Milli Həndbol komandasına üzvlüyə namizədəm. Boş vaxtlarımda bədii
ədəbiyyat oxumağı sevirəm.
ESSE:
26 Fevral – Xocalı faciəsi
1992 – ci il fevralın 25 -dən 26 -na keçən gecə Ermənistan Silahlı Qüvvələri Xocalı şəhərinə hücum etdi. Rayon ağır atəşə tutuldu və dinc əhali qaçmağa məcbur oldu. Qətliam zamanı qadınlar, uşaqlar, qocalar və dinc sakinlər də daxil olmaqla 613 nəfər qətlə yetirildi. İnsanlar yaşamaq üçün ayaqyalın meşələrə qaçdılar. Bəziləri canını qurtara bildi. Bəziləri əsir düşdü. Əsir düşənlərə işgəncə edirdilər. Bəziləri də erməni vəhşiləri tərəfindən qətlə yetirildi. Onların arasında qocalar, körpələr, cavanlar da var idi. Görün, bu necə dəhşətli bir hadisədir. Lakin bütün ölkələr bu faciəni səssizcə izləyirdilər. İnsanların cəsədlərini ayaqlar altına qoymuşdular.
Xocalıda yaman qırğın edildi...
Ananın bətnində körpə didildi.
Mən necə aləmə haray salmayım,
Açın gözünüzü. Budur soyqırım..
Xocalı faciəsinin şahidlərindən biri olan Dürdanə Ağayeva deyir ki “Şəhər atəşə tutulan zaman mən ailəmlə qaçdım. Çox soyuq idi, tanıdıqlarımızın gözümün önündə ölməsi mənə çox pis təsir edirdi. Uşaqların fəryadı, anaların naləsini hələ də unuda bilmirəm. Mən özüm də, yaralandım amma, sağ qaldım. Tanklarla yaxınlarımın üzərindən vəhşicə keçməklərini heç vaxt unuda bilmərəm. Bəzi insanlar da düşmənin əsiri olmamaq üçün özlərini öldürürdülər.”
Düşmən əlinə keçməmək üçün
Doğma balasını boğan da oldu..
Qeyrət namusunu qorumaq üçün
Özünü qayadan atan da oldu..
Ermənilər rayonu tamamilə darmadağın etmişdi. Xocalı - faciədə iştirak edən insanların düşüncələrində silinməz izlər olaraq qaldı. Orada həlak olan insanların bəlkə də, gələcəkdə etmək istədikləri xəyalları var idi. Amma bu xəyallar ermənilərə görə puç oldu. Nəticəsi heç də yaxşı olmadı. 8 ailə tamamilə həlak oldu. Onlar Azərbaycanın Şəhidləridir.
Heç vaxt Xocalı soyqırımı Şəhidlərini unutmayacağıq. Gələcək nəsillərimizin də bu faciədən, qətliamdan xəbəri olacaq. Allah rəhmət eləsin! Hər birinin məkanı cənnət olsun! Amin! 33 ildir ki, biz hər 26 Fevralda onların ruhunu bir dəqiqəlik sükutla yad edirik.
Onları heç vaxt unutmadıq, unutmuruq, unutmayacağıq.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Gəncədə Aygün Səmədzadənin mahnılarından ibarət konsert izdihamla keçib
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, öz bəstələri ilə qəlbləri fəth edən bəstəkar Aygün Səmədzadənin mahnılarından ibarət konsert proqramı baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, gecədə Xalq artistləri İlqar Muradov, Eyyub Yaqubov, Teyyub Aslanov, Əməkdar artistlər Gülüstan Əliyeva, Abbas Bağırov, həmçinin Ayaz Qasımov, Kəmalə Əhmədova, Zaur Gəray, Zəminə Rəhimova, Səttar Qəmbərov, Sehri Əliyeva, Vüsal Hacıyev, Yeganə, Nazim Məmmədov, Emil Bədəlov, Elnaz Eyvazlı, Leyla İdrisova, İlkin Dövlətov, Zabitə, Pəviz Abdullayev, Leyla Rəhimova bəstəkarın sevilən mahnıları ilə çıxış ediblər.
"Tut ağacım", "Arzular limanında", "Gecikmiş etiraf", "Bayatılar", "Eşq yağışı", "Peşmanam" və digər mahnılar gəncəlilər tərəfindən hərarətli alqışlarla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Şəhid Milli Qəhrəmanın doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün indan danışacağıq: - Bəhruz Mənsurovdan.
Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. Sonrakı yaşayıç yeri Sumqayıt olmuşdur.
1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olmuşdur.
1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı həlak olub. Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası, oxuduğu orta məktəb və Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq–abidə kompleksi onun adını daşıyır.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Onu sevənlərmi çoxdur, sevməyənlərmi? - SÜLEYMAN RÜSTƏMİN DOĞUM GÜNÜNƏ
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün onun doğum günü idi.
Onu ittiham edən, qınayanlar çoxdur. Bəziləri Müşfiqə, Cavidə, Cavada qarşı satqınçılıqda ittiham edirlər. Bəziləri bu sayaq şeirlərinə görə:
Layka uçur göyə, edir ham-ham,
Mən də ona baxıb alıram ilham.
Amma bu adam Azərbaycan sovet poeziyasında sosialist realizmi cərəyanının ən qüdrətli nümayəndəsi kimi tarixdə qalacaq.”Ana və poçtalyon” kimi ədəbiyyatımızın qızıl fonduna verdiyi töhfə ilə da unudulmayacaq. Bir də, Cənub həsrətli şeirlərin ən mükəmməl müəllifi kimi xatırlanacaq.
Xalq şairi Süleyman Rüstəmin anadan olmasından 119 il ötdü.
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.
Qeyd etdiyimiz kimi, Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.
Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.
“Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.
Onun şeirlərinin coğrafi genişliyini də ayrıca qeyd etməyə dəyər. Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb.
İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.
Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
XOŞ TƏƏSÜRATLARLA - Şimali Makedoniya Prezidenti Xalça Muzeyi ilə tanış olub
Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, muzeyin direktoru Əminə Məlikova ali qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının “qızıl fondu”nu Azərbaycanın 7 regionunun – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Ali qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib və xalçatoxuma təcrübəsində iştirak edib.
Sonra Şimali Makedoniya Prezidentinə Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib. Qordana Silyanovska-Davkova kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.
Daha sonra Şimali Makedoniya Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Sonda ali qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə edilib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Şimali Makedoniya Prezidentində xoş təəssürat yaradıb.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Polşaya səfəri təfərrüatı
Bir neçə gündür ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Polşada səfərdədir.
Səfər Azərbaycanın Polşadakı səfirliyinin dəvəti və təşkilatçılığı ilə baş tutub.
Səfər çərçivəsində A.Raimkulova Polşa parlamentinin yuxarı palatası olan Senatda vitse-spiker Mixal Kaminski, Varşava Universitetinin rektoru Aloyzi Novak və Polşanın Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetinin rektoru Piort Yedınak ilə görüşlər keçirib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Varşava müxbirinə istinadən xəbər verir ki, Görüşlərdə Fonda üzv ölkələrin Polşada akkreditə olunan diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları xanım A.Raimkulovanı müşayiət ediblər.
Görüşlərdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə genişmiqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindən bəhs olunub.
Görüşlərdə, həmçinin Fond və Polşa arasında mədəni əlaqələrin dərinləşdirilməsi və ortaq layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Polşada Türk dünyasının zəngin mədəni və tarixi irsinin qorunması, tədqiqi və tanıdılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Habelə, Polşada yaşayan türkəsilli tatar və karaim icmalarının mədəni irsinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən mədəni abidələrin bərpası, elmi araşdırmalar və beynəlxalq sərgilər haqqında məlumat verib.
Krakov şəhərinə səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Yaqellon Universiteti arasında elmi əməkdaşlıq və akademik mübadilələri təşviq edən Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd iki qurum arasında birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili və ümumi iş birliyi məsələlərini özündə ehtiva edir.
Qeyd edək ki, Fond ilə Polşa ali təhsil müəssisələri arasında ilk belə memorandum 2023-cü ildə Varşava Universiteti ilə imzalanıb.
Görüşlərdə A.Raimkulovaya Polşanın tarixi və mədəni irsin qorunmasına verdiyi böyük önəm, Türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyəti, Varşava və Yaqellon universitetlərinin Şərqşünaslıq fakültəsində türk dilləri, tarixi və mədəniyyətinə dair aparılan tədqiqatlar və tədris proqramları haqqında məlumat verilib.
Fondun prezidenti, həmçinin Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin və Yaqellon Universitetinin Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti ilə görüşərək onlar qarşısında mühazirə ilə çıxış edib. A.Raimkulova rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, Türk dünyasının zəngin tarixi, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb.
Eyni zamanda, Fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlarından olan Novruzun tarixi, özündə ehtiva etdiyi ülvi dəyərlərdən bəhs edib. Varşava Universitetinin tələbələri Fonda üzv ölkələrdə Novruz bayramının qeyd edilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər.
Sonda tədbir iştirakçılarına türk dövlətlərinin Polşada akkreditə olunan səfirliklərinin birgə təşkilatçılığı ilə hazırlanmış Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.
Qeyd edək ki, Fond ilə Polşanın akademik və mədəni qurumları, eləcə də bu ölkənin tatar və karaim icması arasında sıx əməkdaşlıq mövcuddur.
“Ədəbiyyat və incəsənət”
(13.03.2025)