
Super User
Vaqif Mustafazadənin yubileyinə həsr olunmuş “O, caz-muğam kralıdır!” adlı videoçarx hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində XX əsrin parlaq caz pianoçusu Vaqif Mustafazadə haqqında videoçarx hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, videoçarxda Azərbaycan caz musiqisinin banisi, Azərbaycan caz-muğam hərəkatının memarı Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında məlumat verilir.
Ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin V.Mustafazadə haqqında maraqlı fikirləri yer alır: İsveç, Polşa və ABŞ-da yaşayan XX əsrin məşhur cazmenlərinin, habelə xalq artistləri Rauf Hacıyevin və Rafiq Babayevin, Xalq yazıçısı Anarın Vaqif Mustafazadə haqqında söylədiyi qiymətli fikirlər izləyicilərə təqdim edilir.
Tanınmış caz ifaçısının təltifləri və xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat verilib.
Videoçarx aşağıdakı keçiddə kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:
https://www.youtube.com/watch?v=TbRvWIPKEDU
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10 illiyi qeyd edilib
Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10 illiyi münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın İspaniyadakı Səfirliyinin konsulu Əfqan Xəlili, bu ölkədəki Azərbaycan icmasının üzvləri, Türkiyə və digər türkdilli xalqların diasporlarının, eləcə də yerli ictimaiyyətin nümayəndələri, media mənsubları iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, əvvəlcə “Vətən uzaqda deyil” proqramının Barselona Azərbaycan Evinə və Barselonadakı Azərbaycanlılar Cəmiyyətinə həsr edilmiş buraxılışı nümayiş olunub.
İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrə koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Barselona Azərbaycan Evinin sədri Kərim Kərimov xaricdə yaşayan soydaşlarımıza, diaspor təşkilatlarına, eləcə də cəmiyyətin fəaliyyətinə diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür edib. Tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi barədə danışan Komitə sədri xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu nəzərə çatdırıb. Xaricdəki Azərbaycan icmalarının, diaspor təşkilatlarının, o cümlədən Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin diaspor fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib. İspaniyadakı Azərbaycan icmasının son illərdə sıralarının genişlənməsindən, güclənməsindən məmnunluğunu ifadə edib.
Xaricdəki Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə açılan Qarabağ Azərbaycan məktəblərinin diasporumuzun təşkilatlanmasına, yeni nəsil azərbaycanlıların ölkəmizlə əlaqələrinin möhkəmlənməsinə əvəzsiz xidmətlər göstərdiyi vurğulanıb.
Daha sonra Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü Gülnar Hacıyevanın aparıcılığı ilə konsert proqramı təqdim olunub. Proqrama Azərbaycan, türk, ispan musiqiləri və rəqsləri daxil edilib. Barselona Azərbaycan evinin nəzdində fəaliyyət göstərən rəqs dərnəyinin müəllim və şagirdlərinin, ispan rəqqasların və türk müğənnilərin çıxışını tamaşaçılar sürəkli alqışlarla qarşılayıb.
Komitə adından bədii hissənin iştirakçılarına hədiyyələr təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı DOST-un qonağı olublar
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə görüş keçirilib. Qonaqlar Mərkəzin təlimçiləri və benefisiarlarının hazırladıqları əl işlərindən ibarət ekspozisiyaya baxıb, yaradıcılıq studiyalarında təlim prosesi ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət” portalına DOST-dan verilən məlumata görə, DOST-un direktoru vəzifəsini icra edən Elnarə Ənsari qonaqlara həssas qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Qonaqlar Təsviri incəsənət studiyasında yaradıcılıq prosesinə qoşulub, benefisiarlarla birlikdə bacarıqlarını sınayıblar.
Sonra Mərkəzin istedadları, təlimçiləri və “İnklüziv DOST” könüllüləri müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə birlikdə mahnı və poeziya nümunələri səsləndiriblər. Proqramda qonaqların repertuarından sevilən kompozisiyalar, bəstəkar mahnıları yer alıb. Görüş çərçivəsində qonaqlar birgə layihələri olan “Sənə gəlməyəcəm” adlı kompozisiyanın ilk təqdimatını ediblər.
Layihənin təşkilində məqsəd həssas qruplardan olan şəxslərin incəsənət vasitəsi ilə sosial inteqrasiyasını gücləndirmək, onları motivasiya etməkdir.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
QISA FİKİRLƏR XƏZİNƏSİ - Robin Şarmanın uğura yönəldən kəlamları
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etmək istəyirəm.
1. Ağıl – gözəl qulluqçu, ancaq bərbad ağadır.
2. Bizim ömrümüzdə istənilən insan o zaman peyda olur ki, biz onun özüylə gətirəcəyi dərsə böyük ehtiyac duyuruq.
3. Heç vaxt şikayətlənməyin. Qoy sizi müsbət, güclü, enerjili, entuziazmla dolu şəxsiyyət kimi tanısınlar. Şikayət edən hər şeydə neqativ axtarandır. Beləsi təmasda olduğu insanları qorxudur və çox az halda uğur qazana bilir.
4. Psixoloji nöqteyi nəzərdən hər şey iki dəfə yaranır: öncə fikirdə, sonra realda. Çalışın, müsbət şeylərə konsentrə olasınız. Mənəvi olaraq möhkəm olun ki, heç nə sizi uğura gedən yoldan döndərə bilməsin.
5. Kütlənin ardınca getməyə tələsməyin. Ola bilər, bu, dəfn mərasiminə yollanan kütlə olsun.
6. Nə istədiyinizi təsəvvürünüzə gətirin və möhkəmcə onun baş verəcəyinə inanın. O, mütləq baş verəcək!
7. İnsanlar onlarda xoş əhval-ruhiyyə yaradan insanlarla iş görməyi xoşlayırlar. Çünki, insan – emossional varlıqdır. Biz, həmişə bizə xoşbəxtlik duyğusu bəxş edən insanlarla bir yerdə olmaq istəyirik.
8. Hər günün yeniliklərindən həzz duy və düşün ki, bu gün sənin sahib olduğun yeganə şey məhz bu günündür.
9. Ən varlı adam hamıdan çox varidatı olan adam yox, ən az ehtiyacı olan adamdır.
10. Səndən arxada olan şey də səndən öndə olan şey də, sənin içində olan şeylə müqayisədə heç nədir.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
“Zeqris Mentos” – Vəfa Mürsəlqızının hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Sumqayıt ədəbi mühitindən bir imza təqdim edir. Sizlər Vəfa Mürsəlqızının prozası ilə tanış olacaqsınız. Vəfa Sumqayıtın 8-ci mikrorayonunda dünyaya gəlib. Mehriban Ələkbərzadə, Varis, Elman Eldaroğlu, Elton Hüseynəliyev və digər tanınmışların doğulub boya-başa çatdıqları bu mikrorayon həmişə istedadlıları ilə seçilib.
Sakit iyul gecəsi idi. Havadan iydə ağaclarının iliyə işləyən qoxusu gəlirdi. Şər çoxdan qarışmışdı və hətta gecəyarısına az qalırdı. Buna baxmayaraq, hava işıqlı idi. Adətən, belə gecələrə aydınlıq gecələr deyirlər. Açıq - maviyə çalan gecənin qucağında evlərin aydınca görünən silueti insanı sakitləşdirir, yaxınlıqda adamlar yaşadığından xəbər verirdi. Bakının bu səmtindəki xüsusi evlərdə imkanlı ailələr, adlı-sanlı tanınmış şəxslər yaşayırdı. Yaraşıqlı, irili-xırdalı, səliqə ilə tikilmiş evlər onların içində yaşayanların firavanlığından xəbər verirdi. O uça-uça bir pəncərədən o birinə qonur, maraqla içəridəki adamları seyr edirdi. Bu evlərin bir çoxunun sakinləri hələlik şəhərdəki bina evlərində yaşayırdılar. Bağ mövsümü başlayanda buralara, isti qum və təmiz dəniz qoynuna qaçırdılar. Hələlik isə yəqin ki, sakinlərin çoxu məzuniyyətə çıxmamışdı. Evlərin əksəriyyəti boş idi, səliqəli pərdələri bərk-bərk çəkilmişdi. Bu pərdələrin arxasındakı həyatdan kimsənin xəbəri yox idi. İnsanlar bəzən həyatlarını ömür boyu belə pərdəli yaşayırlar. Bu pərdələr isə o qədər qalın olur ki, onları çox zaman açmaq olmur. Bir anlıq özü haqda düşündü…
…Zegris menestho fəsiləsinə aid kəpənək. Status. Zaqafqaziya endemikidir. Yayıldığı yer. Naxçıvan və Talışın (Zuvand) dağətəyi və dağlıq yerlərinin kserofil bitkilər yayılan zonaları. Yaşadığı yer. Dağ kserofitləri ilə örtülü dərə və yamaclar. Sayı. Sabit, azsaylı növdür.
Fikrə getdi. Ay aman, alimlər onu azsaylı növün nümayəndəsi sayırdılar. Əslində isə o, bir dənə idi. Yəni doğrudan da, Zegris menestho növündən idi, amma bu növdən olan yeganə kəpənək idi ki, gecələr də, gündüzlər də oyaq olurdu. Həm də bu cinsdən olan başqa kəpənəklərin ömrü çox qısa olduğu halda, onun ömrü başqalarından uzundur. Bunu dünyaya gəlişinin ikinci günü kəşf etmişdi. Əslində, birinci günün sonu yaxınlaşdıqca ürəyi əsə-əsə ölümünü gözləməyə başladı. Gün bitdi, gecənin qaranlığında başını itirmiş halda uçurdu. İçində sevinc, kədər və darıxmaq vardı. Düşündü ki, bax insanlar, əslində, xoşbəxtdirlər, çünki öz yaşıdları ilə, demək olar ki, eyni zamanda dünyanı tərk edirlər. O isə artıq dünən tanıdığı kəpənəkləri görmürdü ətrafında. Deməli, bir nəsli ötürmüşdü.
Gecənin maviliyi hopmuş qanadlarını çırpdı. Bir pəncərənin önündən keçəndə yarıqapalı pərdələrin arxasında tərpəniş və kölgələr hiss etdi. Yavaşca yaxınlaşıb pərdənin kənarına qondu. Pərdənin kənarı kifayət qədər açıq idi. İçərini rahatca görürdü. Otağın səliqəli, zövqlu və müasir görnüşü vardı. Amma heç bir şey onunla müqayisə oluna bilməzdi. Tən ortada, qalın, qarışıq rəngli xalının üstündə mavi geyimli bir qadın dayanmışdı. Qadının şərq qravürlərini xatırladan oval çöhrəsi, düz burnu, qaranquş qanadı kimi gərilmiş, uzun qaşları vardı. Qap-qara, uzun, iri qıvrımlı gur saçları şəlalə kimi kürəyinə və sinəsinə dağılmışdı. Uzun, zərif boynu çini sürahıya bənzəyirdi. Bütün incə, uzun boyunu mavi tül paltar bürümüşdü. Tül, əslində, sanki heç bir yerindən iynə və sapla bənd olunmamışdı. Qadının vücudunun zərifliyi tülün zərifliyindən geri qalmırdı. O rəqs edirdi. Nəsə baletə bənzər, həzin, qeyri - adi lirik bir melodiya altında fırlanırdı. Qarşısındakı güzgüdə özünə tamaşa edirdi. Bədəni də, mavi tül də bir-biri ilə həmahəng şəkildə titrəyirdi. Bu anda qadın zərif bir kəpənəyi xatırladırdı. İkinci kölgə yaxınlaşdı. Cavan, yaraşıqlı bir kişi zərif tül topasına bürünmüş gözəl kəpənəyi qucaqladı. O yavaşca pərdənin arxasında gizləndi. Bu gözəl çütlüyün məhrəm dəqiqələrini nəzərləri ilə faş etmək istəmədi.
***
Şəbnəm yuxudan duranda saat doqquz idi. Fəhmin, yəqin ki, bu vaxta artıq işə çatmış olardı. Həmişə arzulayırdı ki, səhər durub ərini işə yola salsın, amma hər dəfə də yatıb qalırdı. Fəhmin qıymırdı onu oyatmağa. Özü çaydan, qəhvədən içib gedirdi. Tənbəl-tənbəl gərnəşdi, mələfənin sərin tərəfinə fırlandı. Durub duşa girsəydi, gümrahlaşacaqdı, yuxusu da qaçacaqdı. Amma dərd də elə bu yataqdan durmaq dərdi idi. Şəbnəm aktrisaydı. Özü də az-çox tanınan aktrisalardan. Onu bəxti gətirmiş insanlar qəbilindən saymaq olardı. Düzdü, ata-anası uzaqda yaşayırdı, beş ildi evil olmalarına rəğmən, hələ ana ola bilməmişdi. Amma belə, ümumi planda hər şey qaydasında idi. Fəhminlə ən yaxın rəfiqəsinin doğum günündə tanış olmuşdular. Ərə gedəndə Şəbnəmin iyirmi beş yaşı vardı, yəni uşaq sayılmazdı. Fəhmin də iyirmi doqquzu bitirib keçmişdi otuzuna. Tez dil tapdılar, tez sevdilər, tez nişanlandılar, tez də evləndilər. Hər şey nəsə çox rahat gedirdi, arabir Şəbnəm bu rahatlıqdan qorxurdu da. Hardansa oxumuşdu ki, insan həyatındakı xoşbəxt günlərin bədəlini mütləq əzabla, göz yaşıyla, ayrılıqla ödəməlidir. Ya əvvəl, ya da sonra. Fəhminlə o qədər xoşbəxt, o qədər rahat idi ki, uşağının olmaması belə onun bəxtəvərliyinə kölgə sala bilmirdi. Həyatı başa düşəndən sonsuz qadınların əzabları haqda eşitmişdi. Filimlərdə körpə paltarlarına həsrətlə baxan qadın obrazlarına, sonsuzdan uşaqlarını qoruyan zalım ana personajlarına tez-tez rast gəlsə də, heç zaman özünü o vəziyyətdə, o qəhrəmanların yerində hiss edə bilmirdi. Nə olsun axı, uşağı olmur, olmur da. Cavandır, sağlamdır, əla karyerası var. İmkanlı, onu sevən əri, rahat həyatı var. İnanırdı ki, mütləq uşağı da olacaq, lap olmasa da, gedib bir uşaq götürüb saxlayar. Əsas odur ki, Fəhmin bu beş ildə bircə dəfə də ona uşaq barədə güldən ağır söz deməmişdi. Durub duş qəbul etdi, geyinib-kecindi, işə yollandı. Qapıdan çıxanda adəti üzrə evə nəzər yetirsə də, yataq otağının açıq qapısından görünən abajuru söndürmədiyinin fərqinə varmadı. Abajurun altındakı zərif məxluqu da görmədi…
…Ekologiyası – Kəpənəklərin qanadlarının eni açıq halda 40-45 mm-ə çatır. Mayda – iyunun əvvəlində uçurlar. Uçuşları xırıltılı və sürətlidir. Tırtılları iyun-iyul aylarında şüvəran bitkisi yarpaqları ilə qidalanır.
***
Abajurun işığında qanadlarının divara düşmüş kölgəsi elə böyük görünürdü ki. Bir xeyli özünə tamaşa edib ğörünüşündən həzz aldı. Düşündü ki, görəsən, kölgədəki kimi böyük olsaydı, nolardı? Amma bir nəticəyə gələ bilmədi. Axşam yarımqaranlıq otaqda, abajurun mavi işığında rəqs edən qadın elə çox xoşuna gəlmişdi ki... Kaş o qadın onun kimi kəpənək olaydı. O zaman qadını sevə bilərdi. İnsanların sevgisi çox əcaib görünürdü ona. Bu sevgilərdə mütləq təmənna olur, məhdudiyyət olur, şərt olur, bəlkə olur. Amma kəpənəklərin sevgisi qısa, şimşək kimi ani və güclüdür. Onlara sevişmək üçün nə ev, nə yataq, nə pul lazım idi. Ax, kaş o qadın mavi, gözəl bir kəpənək olaydı.
Şəbnəmin bu gün teatrda məşqi vardı. Kinoya çəkilməyi teatrda oynamaqdan daha çox sevirdi. Bəlkə də, teatra gələnlərin azlığı xoşuna gəlmirdi. Həm də nədənsə səhnədə özünü naqolay hiss edirdi. Zalda təkəmseyrək oturan adamlar, elə-belə maraq xatirinə gəlmiş cavanlar ona heç vaxt xoş gəlmirdi. O bu sənətə qədəm qoyduğu vaxtdan teatrları belə görmüşdü. Düzdür, vaxt vardı ki, bu səhnədə oynamağı böyük bir səadət hesab edirdi, amma insan arzuları heç zaman yerində durmur. Bir məqama çatan insan ondan yüksəyinə ucalan kimi öncəki gözündə adiləşir. Kinoya dəvət alanda qorxmuşdu ki, alınmaz. Amma sonra elə bir uğura imza atmışdı ki, uzun müddət hamı ondan danışmışdı. "Hörümçək toru" filmində baş rolu oynamışdı. Həmin filmdən sonra çox rejissorlar onunla işləmək istədilər. Kinoda həm də yaxşı pul vardı. Gün-gündən şöhrət dəlisinə çevrilirdi. Amma insafən, oynadığı rolları çox təbii və gözəl oynayırdı.
Əlvan çətirini açıb səkinin o tərəfinə keçdi. Bir-iki addım atmışdı ki, kiminsə onu izlədiyini hiss etdi. Küçədə, metroda maraq dolu baxışlarla tez-tez qarşılaşırdı. Ona görə də narahat olmadı. Amma adını eşidəndə dayanıb səs gələn tərəfə boylandı. Səkidə yaraşıqlı, cavan bir oğlan dayanmışdı. Oğlan təxminən Fəhmin yaşda olardı. Əynində cins şalvar, ağ, qısaqol kətan köynək var idi. Sarışın, bir az cod və dalğalı saçları sola daranmışdı. Açıq – qəhvəyi gözlərini gün qamaşdırdığından tez-tez qıyırdı. Qız diqqətlə baxıb oğlanı tanımadığına əmin olandan sonra soruşdu:
– Mənimləsiniz? Biz tanışıq?
– Şəbnəm xanım, əlbəttə, sizinləyəm. Minnət qoymaq kimi çıxmasın, düz iki saat otuz yeddi dəqiqədir ki, sizi gözləyirəm.
Oğlanın səsi də, əlləri də titrəyirdi. Həyəcan keçirdiyi bütün vücudundan bəlli idi.
Şəbnəm öz gözəlliyindən xəbərdar olan qadınlar qismindən sayılırdı. Viktor Hüqonun Kozetta haqda dediyi kimi, qadın öz gözəlliyini anladığı an daha da füsunkar olur, fəqət gözəlliyindən bixəbərliyinin cazibəsini itirir. Bu yaşına qədər həyatında çox heyranlara rast gəlmişdi.
Oğlanın həyəcanını gördükcə Şəbnəmi gic gülmək tuturdu.
– Siz niyə məni gözləyirdiniz ki?
– Heç, elə-belə. Yox ey, yəni mən sizin fanatınızam, pərəstişkarınızam. Yəni necə istəyirsiniz, eləcə də başa düşün. Sizin bütün tamasalarınıza gəlirəm. Arxadaca oturub sizi, daha doğrusu, oynadığınız rolları izləyirəm. Son filminizə baxıb – burda oğlan, deyəsən, tərəddüd elədi – ağlamışam hətta. Siz çox gözəl aktrisasınız. Oynadığınız rollar o qədər təbii və füsunkardır ki. Mən söz tapmıram Bu gülləri götürün də, səhərdən əlimdə qalıb.
Oğlan yaylığı ilə alnında puçurlanmış tər damlalarını sildi. Nitqini bitirib qəribə farağat vəziyyəti aldı. Səbnəm bu vaxta qədər heyranları ilə çox rastlaşmışdı. Amma bu qədər qəribə və maraqlı adam ilk dəfə idi rastına çıxırdı. Gül dəstəsini məmnuniyyətlə götürdü.
– İcazə versəydiniz, sizi evə qədər ötürərdim.
– Yox, evə qədər ehtiyac yoxdur. Mən metro ilə gedəcəyəm. Əgər yolunuz metroya tərəfdirsə, o zaman metroya qədər mənə yoldaşlıq edə bilərsiniz. Amma bir şərtlə.
– Nə şərt? Nə şərt olsa, qəbuldur.
– O zaman adınızı deyin, mənim məchül fanatım.
– Hə, çox üzr istəyirəm, bir daha tanış olaq, Şəbnəm xanım, mənim adım Əlidir.
Əli adı kimi sadə və təvazökar görünürdü. Şəbnəm yol boyu oğlanın bitib- tükənməyən təəssüratlarını maraqla dinləyirdi. Qəribə görünsə də, bu oğlan onun hər bir tamaşasını ən kiçik ayrıntıları ilə yadda saxlamışdı. Həmin tamaşa zamanı baş verən bütün detalları elə maraqla danışırdı ki, qadın daxili bir qürur hissi keçirirdi, həm də təəccüblənirdi. Metroya çatanda əl görüşüb sağollaşdılar.
– Sizə yazmaq olar?
– Harda?
– Sosial şəbəkədə. Mən çoxdandır ki, sizin profilinizi izləyirəm. Maraqlı məlumatlar olur, tamaşalarınızdan, filimlərinizdən parçalar da olur.
– Əlbəttə olar. Buyurun, nə zaman istəsəniz, yaza bilərsiniz.
Evə girəndə bircə arzusu vardı – əynindəki bütün paltarları çıxarıb qapının kandarına tökmək və duşa girmək. Son günlərdə hava yaman isti keçirdi. Başdan-başa kaşı ilə döşənmiş hamama girib özünü ilıq su şırnağının altına verdi. Günün istisi, rütubəti, görüşləri, ayrılıqları, sevincləri, xəbislikləri suya qarışıb ayaqlarının altına tökülürdü. Hamamdan çıxanda ev artıq sərinləmişdi. İçəri girən kimi kondisioneri qoşmuşdu. Ərinə zəng vurdu, amma çox zaman olduğu kimi, Fəhminin nömrəsinə zəng çatmırdı. Keçib uzandı, gözlərini yumdu. Günortakı heyranı haqda düşünməyə başladı. Beləcə də yuxu apardı onu. Oyananda axşam düşmüşdü. Çox yatmışdı. Son vaxtlar nəsə belə gündüzlər yatmağa adət eləmişdi deyə, gecələr yaxşı yata bilmirdi. Fəhmin zəng vurmamışdı. Özü zəng vurdu. Əri gecdən-gec telefona cavab verdi:
– Yat, məni gözləmə, bu gün mal boşaldırıq. İşim çoxdur.
Bax belə! Ömründə ilk dəfə bir körpəsi olmasını ürəkdən arzuladı. İndi birlikdə yatağa uzamardılar. Körpəsinin sarışın... Niyə məhz sarışn? Əşi, nə fərqi var ey, axır ki, saçlarını qoxulaya-qoxulaya yuxuya gedərdi. İçinə ibtidai bir qorxu doldu. Birdən heç zaman ana ola bilməsə? Onda necə? Onda, görəsən, kimin üçün yaşayar? Əri onu boşayarmı?
Səhər gözlərini açanda ilk gördüyü şey Fəhminin qıvrım, qara saçları oldu. Əri gecə gəlib, yerinə girib yatmışdı. Havanı iylədi, havadan yüngül şərab qoxusu gəlirdi. Qalxıb yuyundu, telefonu açdı. Bu gün ad günü idi. Nəsə ad günlərini çox sevirdi. Özünə qarşı diqqəti, hədiyyələri və sairə təmtarağı xoşlayırdı. Əri də oyandı. Səhər süfrəsində bir kəlmə də olsun danışmadılar. Fəhmin qayğılı idi. Gözlədi ki, indi onu təbrik edəcək. Nəsə deyəcək. Amma görünür, Fəhmin onun ad gününü unutmuşdu. Balaca uşaq kimi son çarəyə əl atdı:
– Bu gün ayın neçəsidir?
– İyirmi altısı. Necə məyər?
– Heç, elə-belə soruşdum. İşə gedirsən? Axşama nə planın var?
– İş çoxdur, Şəbnəm, planım-zadım yoxdur. Elə ofisdə olacam, gecə də ola bilsin ki, gec gələcəm.
Qapı Fəhminin ardınca örtülənə qədər hələ də ümid edirdi ki, ərinin yadına düşəcək. Ya da sadəcə, qəsdən özünü bilməməzliyə vurub. Amma qapı örtüldü. Və ümid də söndü. Sonra fikrə getdi. Eh, dünyada minlərlə qadın var ki, normal həyat şəraiti yoxdur yaşamaq üçün. Güya elə hamının əri ad gününü, bayramları qeyd edir? Telefonu açanda çaşdı, ona tanımadığı bir nömrədən ismarış gəlmişdi. “Şəbnəm xanım, sənət günəşi hər zaman başınız üstə parlasın. Doğum gününüz mübarək! Hörmətlə: Əli” Mat qaldı. Əli onun nömrəsi və ad gününün tarixini hardan bilirdi?.. Səhifəsinə baxdı, səhifənin tam ortasında böyük bir buket vardı. Ad gününü təbrik eləmişdi Əli. Məktubu da vardı. Salam, Şəbnəm, necəsən? Xoş gördük. Sənə dostluq göndərirəm. Əgər mümkünsə, qəbul et.
Sonrakı günlər hadisələr daha sürətlə inkişaf etməyə başladı. Əli bahar yağışı kimi, payız leysanı kimi, şimşək kimi, nə bilim ey hansısa bir təbiət hadisəsi və ya təbii fəlakət kimi Şəbnəmin həyatına daxil olmuşdu. Aşırı dərəcədə qayğıkeş, hərdən lap zəhlətökən dərəcədə diqqətcil idi. Teatra gül gətirirdi, sosial şəbəkədə səhifəsində çiçək şəkilləri paylaşırdı. Tez-tez yazırdı. Şəbnəm artıq Əlidən yorulmağa başlamışdı. Hiss etdiklərindən, yəni bu yorğunluqdan utanırdı. Hər səhər Əli ona uzun-uzadı məktublar yazırdı. Bu məktublar bəzən giley-güzarla, Əlinin şəxsi problemləri ilə dolu, bəzən isə xoş ovqatlı olurdu. Arabir şeir də göndərirdi. Şəbnəm vaxt tapıb cavab yazmayanda oğlan küsür, uzun-uzadı gileylənirdi. Qadın nədənsə bu qeyri-adi fanatının ürəyini sındırmağa qıymırdı. Əlinin təkidi ilə bir neçə dəfə çay evində birlikdə çay da içmişdilər.
Sakit bir payız səhəri idi. Şəbnəm teatra tez gəlmişdi. Bir-iki saat oturub çıxdı, yolun sağ tərəfinə keçib taksi dayanacağına tərəf istiqamət götürdü. Arxadan yeyin-yeyin gələn adamın ona çatıb astaca “Sabahın xeyir” deməsindən diksindi. Əli idi.
– Şəbnəm, olar səni bir yerə dəvət edim?
– Salam, necəsən, Əli? Hara dəvət edəcəksən ki? Maraqlıdır, sənin ideyaların bitib-tükənmir.
– Karuselə.
– Hara? Deyəsən, uşaqlığın yadına düşüb.
– Nolar, gedək də. Çoxdandır karuselə minmirəm.
– Yox, Əli, getmirəm. Evə gedəcəm. Bu axşam Fəhmin tez gələcək evə. Yemək bişirməliyəm.
– Nolar, gedək də. Qayıdanbaş nəsə alarıq. Məsələn, qril alarıq, hazır dolma alarıq.
– İstəmirəm, Əli. Hazır yemək də almağı sevmirəm.
Şəbnəm artıq hövsələdən çıxırdı. Əlinin tez-tez yazması, onunla belə əcaib görüşlər təşkil eləməyə meylliliyi qızı əsəbiləşdirirdi.
– Əli, uşaq deyilik axı. Belə tez-tez görüşməyimizə də lüzum yoxdur. Dostuq, anlayıram səni, mənim sənətimi sevirsən, özümə hörmət edirsən. Minnətdaram bunlara görə, amma mənim axı səninlə karuselə minən yaşım deyil. Səni anlayıram, subay adamsan, macəra həvəsindəsən. Amma daha gənc, subay bir xanımla əylənə bilərsən.
– Nə əylənmək, Şəbnəm, sən nə danışırsan?
Əlinin gözləri dolmuşdu. Civə kimi oynaşan bəbəkləri gah yerə, gah da qadının üzünə, dodaqlarına, saçlarına tuşlanırdı. İki damla yaş yanaqlarından üzü- aşağı süzüldü.
– Sən məni niyə yanlış anladın? Hə, niyə? Mən məyər səninlə əylənmək istəyirəm? Mən, mən ifadə edə bilmirəm.
Şəbnəm yumşaldı. Əlini incitmək istəməmişdi. Əyləncə sözünü də elə-belə sözgəlişi demişdi. Yəni sətiraltı mənada yox, elə birbaşa mənasında.
– Əli, mən əyləncə dedikdə, həqiqətən də, əylənməyi nəzərdə tutdum. Yəni demək istəyirəm ki, səninlə belə yerlərə getmək üçün həvəsim yoxdur. Daha həvəsli birini tap. İncimək lazım deyil.
– Bilirəm, sən bunu qəsdən edirsən. Məndən bilə-bilə uzaqlaşmaq istəyirsən.
– Niyə? Bu hardan çıxdı? Yox, inan ki, belə deyil. Niyə uzaqlaşıram ki, biz dostuq, tez-tez danışırıq, yazışırıq.
– Elə bilirsən mən hiss etmirəm? O sənə qarşı biganədir. O səni sevmir. Mən isə... Şəbnəm, mən ölümə də gedərəm sənə görə.
Qadın qızardı. Əslində, Əlinin düşüncələrindən bixəbərdir, desəydi, yalan olardı. Elə ilk gündən bu qəribə oğlanda özünə qarşı nəsə bir meyil duymuşdu, amma buna əhəmiyyət verməməyə, görməzdən gəlməyə çalışırdı.
– Yetər! Əli, biz bir-birimizin şəxsi həyatına bu qədər qarışacaq qədər yaxın deyilik.
– Yox, sən qəsdən belə edirsən, çünki sən də məni mən səni sevdiyim kimi sevirsən.
– Nə gicləyirsən sən? Sənin başın xarab olub? Mən evli adamam, ərimi də sevirəm. İndi sənə iki dəfə salam verdim deyə, səni sevmiş oluram?
Şəbnəm arxasına baxmadan özünü taksiyə atdı. Taksinin qapısını ona nəsə deməyə hazırlaşan Əlinin düz burnunun qabağında çırpıb evin ünvanını dedi.
Səhər yuxudan duranda Fəhmin əsəbi və sözlü adama oxşayırdı.
– Nolub?
– Sən de. Sən de nolub. Bu nə məktubdur? Gecə yatmışdın, telefonuna gələn mesajı mən açdım.
Kimdir bu Əli? Xəbərimiz olmayan işlər var, deyəsən. Cavab ver!
– Fəhmin, Əli mənim fana...
Kəlmələr Şəbnəmin ağzında qaldı. Fəhminin vurduğu şillənin təsirindən səntirləyib yatağa yıxıldı. Fəhmin qapını çırpıb çıxdı. Əri gedəndən sonra qadın xeyli ağladı. Sonra telefonu götürüb Fəhmini cin atına mindirən mesajı oxudu.
“Gözlərimin qarası, əzizim, həyatım, dünən səni incitdiyimi bilirəm. Sən taksiyə minib gedəndən sonra güclə özümə gəldim. İstədim ardınca sizə gəlim, o adama başa salım ki, səni sevirəm. Sən də mənə qarşı biganə deyilsən. Amma cəsarət...”
Mesaj burda yarıda kəsilmişdi. Qadın başını əlləri arasına aldı. Dəhşətə gəldi. Uzanıb gözlərini yumdu. Sadəcə, yatmaq istəyirdi. Hər şeyi unutmaq üçün yatmaq.
Qanadlarını çırpıb astaca ona yaxınlaşdı. Qadın yatırdı, elə sakit və rahat görünürdü ki. Amma qaşları çatılmışdı. Sanki yuxuda da nəsə düşünürdü. Qanadlarının ucunu Şəbnəmin göz yaşları qurumuş, nəm yanaqlıarına toxundurdu. Kaş böyük olaydı, çox böyük. Fəhminə qalib gələcək qədər böyük. Kaş çox sevdiyi bu qadını qorumağı da bacaraydı. Birdən qeyri-adı bir şey hiss etdi. Gözlərindən balaca, lap balaca, bir xaş-xaş dənəsinin dörddə biri boyda göz yaşı süzüldü. Ağlaya bilirmiş, demə. Adamlar kimi o da ağlamağı bacarırmış. Adamlar ağlayanda həmişə düşünürdü ki, görəsən, niyə ağlayır adamlar? İndi başa düşdü, demək, adamlar bütün hallarda öz acizliklərindən ağlayırlarmış. Döyən də, döyülən də, əzən də, əzilən də. Sən demə, acizlik çox ağır, böyük, güclü bir şey imiş. Qanadlarını qadının saçlarına sərib sakitcə uzandı.
Bir ay idi ki, Fəhmin evdən getmişdi. Fəhmin Şəbnəmə yox, dedi-qodulara inanmışdı. Şəbnəmin sosial şəbəkəsin qurcalamış, ordan tapdığı hər şeyi dəlil-sübut kimi arvadının gözünə soxub evi tərk eləmişdi. Şəbnəm inana bilmirdi, bütün bunların onun başına gəlməsi əcaib bir hal idi. Əli də bir tərəfdən onun günün qara eləmişdi. Oğlan mütləq bir yol tapır, ona elani-eşq məktubları, gül dəstələri göndərməkdə davam edirdi. Qəribə burası idi ki, Əli ciddi cəhdlə Şəbnəmə isbat eləməyə çalışırdı ki, qadın da onu sevir. Əli bəzən bunu sübuta yetirmək üçün elə dəridən-qabıqdan çıxırdı ki, qadın onun fərziyyələrinə inanmağa məcbur qalırdı. Arada Şəbnəm özünə sual verirdi. Bəlkə, hardasa Əliyə ümid verib? Bəlkə, bir ümidverici baxış, bir təbəssüm, bir eyham olub aralarında? Az qala başına hava gələcəkdi. Həmişə ona inanan, onu anlayan Fəhmin sanki dəyişilmişdi. Evdən getdiyi gün Fəhminin gözlərində gördüyü ilan soyuqluğunu hər dəfə yadına salanda içinə uşütmə düşürdü. Sonradan təhqir olunmuş qadın qüruru ona Fəhminə təzədən zəng vurmağa icazə verməmişdi. Dərd orasında idi ki, heç kimə günahsız olduğunu sübut edə bilmirdi. Ölüm hökmünü gözləyən məhkuma bənzəyirdi. Beynində içindən çıxa bilməyəcəyi əcaib bir boşluq var idi. Bəlkə, Fəhmin ilə münasibətləri qondarma imiş? Bəlkə, Əlini sevir? İtki insan ömrünün ən faciəvi hadisəsidir. Bu, təzə fikir deyil, bunu illər boyu hamı deyib. Amma eşitmək başqa, dadmaq başqa. İtki zəhər kimidir, onu əvvəlcə görür, qoxulayır, sonra dadırsan. O zaman bütün bədəninə hakim kəsilir. İnsan bu yaşadığı cəmiyyətin bir parçasıdır, fəqət insan həmin o parçası olduğu cəmiyyətin digər fərdini heç zaman sona qədər anlamır. Ən inkişaf etmiş cəmiyyətlərdə belə insanı son həddə gətirən ictimai qınaq var. Bəzən bunu insanların mədəni səviyyəsi ilə ölçürlər, amma bu, düz deyil. Mədəni səviyyə ancaq qınağın dərəcəsini artırıb-azalda bilər, məzmun və struktur isə olduğu kimi qalır. Bəlkə də, qınaq insanların genindədir, mürəkkəb cihaz kimi kodlaşdırılmış insan içindəkini çıxarıb atmaq gücündə deyil. Çünki insana bu xüsusiyyət özgüvən qazandırır.
Teatrda da dedi-qodu baş alıb gedirdi. Bu cür məsələlərdə həddən artıq köhnə fikirli müdirləri son günlər Şəbnəmlə yaman sərin-soyuq rəftar eləməyə başlamışdı. Şəbnəm başını itirmişdi. Qadın son günlər tez-tez eyhamlı, sözlü baxışlarla qarşılaşırdı. Lakin ən kiçik ehtimalı belə ağlına gətirmək istəmirdi. Bəlkə də, eşidə biləcəklərindən qorxurdu. Amma...
– Şəbnəm, incimə, amma bir söz deyəcəm sənə. Bilirsən axı səni sox istəyirəm.
Ayaqlarını çarpazlayıb kafedəki dəyirmi, qırmızı masanın arxasında oturmuşdu. Qarşısındakı qəhvə fincanının içinə tamaşa edirmiş kimi başını fincana sallamışdı. Amma əslində, heç nə görmürdü.
– Hə, Aytən, bilirəm, de.
– Son günlər dedi-qodu gəzir sənin haqqında.
– Hə? Bəs sən nə düşünürsən bu barədə, yəni nə danışdıqlarını soruşmayacağam, sadəcə, mənə məsləhətin nədir?
– Şəbnəm, sənin də ixtiyarın var kiminləsə münasibət qurmağa. Yəni uşaq deyilsən ki, ola bilər, biri xoşuna gəlsin. Məgər ailədən kənar hiss, bağlantı yaşayan bir tək sənsən? Mən, sadəcə, deyirəm ki, sən bunu elə edə bilər....
– Kəs səsini! Bircə sualıma cavab ver, sən inanırsan danışılanlara?
– Şəbnəm!
– Səninləyəm, inanırsan?
–.............
Qadın hədəqədən çıxmış gözləri ilə qarşısında oturmuş rəfiqəsini süzdü. Heyif, – dedi, – heyif ki, bu vaxta qədər özümü sizə zərrə qədər tanıda bilməmişəm. Xoş getdin.
Günlərin sayını itirmişdi. Vaxt onun üçün qaranlıq quyuda keçirdi sanki. Özünü bu qədər aciz, yazıq bilməzdi. Dözümsüzlüyü onu məhv edirdi. Son vaxtlar teatra da getmirdi. Bülletenə çıxmışdı. Daha Fəhminsiz yaşaya bilmirdi. Ərini nə qədər sevdiyini indi aydınca dərk edirdi. Eybi yox, gedib üzür istəyəcək. Etmədiyi xətaya, səhvə görə ərinə yalvarmağa hazır idi. Verdiyi qərardan yüngülləşdi. Qalxıb geyindi. Gözü güzgüyə sataşanda diksindi, ikicə ayda çox dəyişmişdi. Elə bil ki, qocalmışdı. Üzünə su vurdu. Makiyaj eləmək istədi, amma əli gəlmədi. Qapını çırpıb az qala qaça-qaça həyətdən çıxdı. O tələsiklikdə, təbii ki, tələsik ardınca uçan balaca, zərif məxluqu da görmədi. Yol boyu Fəhminə nə deyəcəyi, necə deyəcəyi haqda düşünür, götür-qoy edirdi. Off, bircə çatsaydı, bu axmaq, bu səfeh ayrılığa, həyatına hardansa gəlib soxulmuş ayrılığa son qoya bilsəydi. Həyəcandan ürəyi bulanırdı. Fəhminin iş yerinə bircə tin qalmış dayandı, qeyri- ixtiyari cibindən güzgü çıxardı. Əvvəllər ərini görməyə gedəndə güzgülənməzdi, özünü arxayın, əmin hiss edərdi. Amma indi elə bil ki, yad kişinin görüşünə gedirdi. Həyatda qəribə təsadüflər çox olur, amma beləsi, yəqin ki, çox az adamın başına gələ bilərdi. Ofisə beş-on addım qalmış Fəhmini gördü. Fəhmin şüşə qapıdan çıxıb yeyin-yeyin yolu keçdi. İstədi ərini çağırsın, amma elə bil nitqi tutulmuşdu. Eləcə sakit-sakit Fəhminin ardınca gedirdi. Qarşı səkidə hündür, yaraşıqlı bir qadın dayanmışdı. Qadının yanında iki-üç yaşlı bir uşaq vardı. Fəhmin yolu keçib mehribancasına əvvəlcə qadını qucaqladı, sonra uşağı ondan aldı. Lap yaxınlaşanda uşağın qırıq-qırıq ata dediyini eşitdi. İçində nəsə qırıldı, yox, yox, qırılmadı, üzüldü. Bu üzülən nə idisə, ona muncuq dənələri kimi çoxlu ümid düzmüşdü və bu ümidlər içinə, yerə, ayaq altına dağıldı. Özü də bilmədi niyə yerə tərəf əyildi, bəlkə də, dağılmış ümidləri yığmaq üçün əyilmişdi. Amma qalxa bilmirdi. Çünki əyilən onun vücudu yox, qüruru, qadınlığı, mənliyi idi. Kəpənək özünü qadının ağırlığının altına verdi. İpək qanadları ilə onu saxlamağa çalışdı.Və alındı. Qadın dikəldi, sanki doğrudan da, qanad taxıbmış kimi evə tərəf səmt götürdü. Yalnız divana çatanda qanadları qırılmış kimi yıxıldı.
Arxası üstə çarpayısına uzanmışdı. Həqiqət ortada idi, ərinin başqa ailəsi və hətta uşağı da vardı.Yalnız indi ərinin niyə ondan heç zaman uşaq istəməməsinin səbəbini anlayan kimi oldu. O qadını gözləri önünə gətirdi, müqayisə də etdi özünü onunla. Əlbəttə, o, qadından gözəl idi. Amma o qadının elə bir üstünlüyü vardı ki... Uduzmuşdu, hər şeyini uduzmuşdu. Dəhşət içində ev-eşiyə nəzər saldı. Bomboş idi bu böyüklükdə ev. Yalnız indi filmlərdəki uşaq paltarlarını qoxulayan sonsuz qadınları anladı...
Zegris mentos – nadir kəpənək növü. Sayının dəyişmə səbəbləri. Həvəskar kolleksiyaçılar tərəfindən tutulmasının təmin edilməməsidir. Zəruri qorunma səbəbləri tutulmamasının tənzim edilməsi...
Qadın divana yıxılanda elə bildi qanadları qopub düşəcək. Heç özünü belə güclü bilməzdi. O boyda yolu bu vücudu daşıdığını düşünürdü. İçində dəhşətli bir yorğunluq vardı. Deməli, insanlar belə imiş? İnsanlar yalançı, xəyanətkar, aclaf imiş. Üzünü qanadları ilə öptdü. Nifrət eləyirdi bu dünyaya. Dəhşətə gəldi, cəmi bir aydı yaşayırdı, amma yorulmuşdu bu dünyadan, bəs görəsən, adamlar necə yaşayırlar bunca il? Bezmirlər? Usanmırlar? Mavi işıqlı abajurun altına girdi. Gözlərini yumdu və dərin bir yuxuya getdi. Gözlərini açanda səhər açılmışdı. Evdən səs-küy gəlirdi. Kimsə vurnuxur, ora-bura qaçırdı. Pəncərəyə qondu, həyətdə çoxlu maşın və adam vardı. Maşınların içərisində polis maşını, təcili yardım maşını və Fəhminin gilənar rəngli mersedesi də gözə dəyirdi. İçinə titrək bir qorxu doldu. Qanadları titrədi. Yavaşca uçub o biri otağa keçdi. Ətrafındakı səsi, adamları, ağlayan, danışan kəsləri görmür və eşitmirdi. Gözləri bircə divanda uzanmış Şəbnəmdə qalmışdı. Şəbnəmin əynində o gecə geydiyi mavi paltar vardı. Saçları divanın qoltuqlarından şəlalə kimi döşəməyə doğru axmışdı. Cansız bədəni çoxdan qurusa da, üzü əvvəlki kimi gözəl idi. Bənizi kağız kimi ağappaq olmuşdu. Kirpikləri yanaqlarını kölgələmişdi, sanki yatırdı. Fəhmin bir kənarda dayanıb ağlayırdı. Həsrətlə Şəbnəmə tamaşa eləməyə başladı. Dodaqlarına, saçlarına, qapalı gözlərinə uzun-uzadı baxdı. Bir daha görməyəcəyini bilirdi axı. Dərdin şiddətinə dözə bilmirdi. Başa düşürdü ki, daha yaşaya bilməyəcək. Evdə aləm bir- birinə dəymişdi. Ona görə də heç kim balaca, mavi, zərif məxluqun özünü axşamdan bəri yanan abajurun lampasına çırpdığını görmədi.
Şəbnəmin ölümündən iki gün sonra qəzetlərdə və saytlarda qəribə başlıqlı bir yazı çıxdı: "Gənc aktrisa ailəsindən kənar yaşadığı sevgisinə görə intihar etdi".
Amma kimsə abajurun altında hələ də cansız bədəni ilə yatan aşiq kəpənəyi tapmadı.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Atalar sözlərində “səhv” axtaranlar peyda olub - AKTUAL
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Atalar sözləri şifahi xalq ədəbiyyatının epik növünün ən qədim janrlarından biridir. Onlar əsrlərin sınağından çıxmışdır. “Atalar sözü – elin gözü”, “Atalar sözü – sözün düzü və söhbətin duzudür”. Günbəgün dəyişən dünyada, dəyişməyən qaydalardır. Atalar nə deyibsə, düz deyib. Xalq əzəl-başdan öz atalar sözlərini yazılmamış kitab ayələri kimi qavramışdır. Onlar Qurana girməz, amma Quran yanında gedər.
Təxminən 45-50 il bundan öncə bir kitabda (təəssüf ki, kitabın müəllifi və adı yadımda qalmayıb) belə bir ifadə oxumuşdum: “Səlim müəllim son vaxtlar kitablarda səhvlər tapmağa başlayıb”. İndi də bəziləri Səlim müəllim kimi, sosial şəbəkələrdə, mətbuat səhifələrində və bəzi tədqiqat əsərlərində atalar sözlərinin “təftişini” aparır, “ataların” bəzi yanlışlıqlara yol verdiklərini göstər, “səhvlər” axtarırlar. Hətta “tapırlar da”. Məsələn, son illər “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər”, “Şərikli malın olunca, şərikli arvadın olsun”, “Yol böyüyün, su kiçiyindir”, “Eşşək nə bilir zəfəran nədir”, “Düz düzdə qalar”, “Tələsən təndirə düşər”, Bəlkəni əkiblər bitməyib” və s. kimi onlarla atalar sözlərinin təhrif olunduğu və ya səhv olduğu, fikri çaşdırıb yanlış səmtəyönəltdiyi iddia edilir.
Açığı, maraqlı prosesdir. Amma təəssüf doğuran odur ki, bu iddialar irəli sürülən zaman hərə öz arşınını işə salır, ancaq öz mülahizələrini doğru hesab edir, demək olar ki, ilkin mənbə və istinadları göstərmirlər. Məsələn, bəziləri deyir ki, bizim tez-tez işlətdiyimiz “Şərikli malın olunca, şərikli arvadın olsun” atalar sözünün əsli “Şərikli malın olunca, şərikli arvatın olsun”dur. Burda “arvat” sözü “çəki daşı” kimi mənalandırılır. Yəni şərikli malın olunca, şərikli çəki daşın olsun. Nə dəyişdi ki?! Yenə şərikli (ortaqlı) maldan söhbət gedir də. Halbuki ifadələrdə şərikli malın olması pislənilir. Üstəlik “arvat” sözünün mənasının çəki daşı olmasını təsdiq edən heç bir mənbə yoxdur (biz belə məlumatı tapa bilmədik). Bəlkə də, hansısa dialektdə çox məhdud coğrafiyada bu söz işlənib. Amma onun xalqın yaratdığı atalar sözünün tərkibində ümumişlək söz hüququ qazanması inandırıcı deyil. “Şərikli malın olunca, şərikli arvadın olsun” atalar sözünün mənası isə odur ki, şərikli arvadın olması kişi üçün nə qədər təhqiramiz haldırsa, şərikli malın olması da o qədər pisdir. Bunun nəyi və harası səhvdir?! Sadəcə olaraq, bir az sərt deyilib.
Bir digər nümunə. Deyirlər ki, “Düz düzdə qalar” atalar sözünün orjinalı “Düz düz də qalar”dir. Yenə orjinal mənbə göstərilmir, şəxsi düşüncəyə istinadən mülahizə irəli sürülür. Bəs “Düz düzdə qalar”ın nəyi səhvdir?! Bəyəm, az görümüşük ki, düz adam çox vaxt ortada (düzdə) tək qalır? Müxtəlif səbəblərdən (qorxudan və s. səbəblərdən) çoxları ondan uzaqlaşmırmı?! Amma qələm əyri yonulsa da, düz yazdığı kimi, həqiqi düz adam da öz düzlüyündə qalır. Bizcə, burda mahiyyətcə hər iki variant düzdür. Sadəcə olaraq, variantlaşma baş vermişdir. Bu fikri eyni ilə “Eşşək nə bilir zəfəran nədir / Eşşək nə bilir zər palan nədir”; “Tələsən təndirə düşər / Tələsən tərsinə düşər / Tələsən tələyə düşər”; “Bəlkəni əkiblər bitməyib / Bəlgəni əkiblər bitməyib paralelləri haqqında da demək olar. Unutmayaq ki, atalar sözlərində varinatlaşma qanunauyğun hal, həm də onların konstitutiv xüsusiyyəti kimi qəbul edilir.
Bəzi atalar sözlərində isə dəyişmə orjinal faktlarla müqayisədə öz təsdiqini tapır. Məsələn, “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözünün əsli “İlanın zəhləsi yarbuzdandan gedər, o da yuvasının ağzında bitər” kimidir. Həmin atalar sözü XI əsrdə yaşamış M.Kaşğarinin məşhur “Divani-lüğatit-türk” əsərində belə qeyd olunub: “İlan yarbuzdan qaçar, qanca barsa, yarbuz ötrü gəlir”. Burda “yarbuz” (manqust) səhralarda yaşayan, əsasən quş, xırda gəmirici və ilanlarla qidalanan yırtıcıdır. Və ilanın ondan - öz düşmənindən zəhləsinin getməsi tamamilə təbiidir. Siz də təsdiq edərsiniz ki, indi daha çox “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” ifadəsindən istifadə edirik. Onu da deyək ki, yuxarıda adı şəkilən lüğətdə “yarbuz” sözünün digər mənası bu gün bizim “yarpız” adlandırdığımız bitkinin adıdır. Və artıq sübut edilmişdir ki, ilanın yarpızdan da zəhləsi gedir. İlanın yarpızdan zəhləsinin getməsinin əsas səbəbi isə yarpızın ona pis təsir edən kəskin qoxusudur. Beləliklə, aydın olur ki, “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözü tam məntiqi əsasda formalaşıb. Qətiyyən, qədim “İlanın zəhləsi yarbuzdan gedər, o da yuvasının ağzında bitər” atalar sözünün təhrif olunmuş forması deyil, onun yeni, həm də çox işlək variantıdır.
Bəzən atalar sözlərində ulularımızın bizə çatdırmaq istədikləri mənanı tapmaq o qədər də asan olmur. Bunun üçün “mənanı daha dərindən başa düşmək bacarığına sahib olmaq” əsas şərtdir.İ.Abbasovun “Atalar nə deyibsə, düz deyib, yaxud “əlində qayçı” qoyun otarmaq nə deməkdir” başlıqlı yazısında dediyi kimi, “… insanlar sadəcə bir amili nəzərdən qaçırırlar ki, atalar sözləri hər şeydən əvvəl bədii düşüncə məhsuludur və məcazi obrazlar, rəmzi deyimlər hesabına formalaşır… Atalar sözünün məğzində, mayasında hifz edilən dərin mənanı, müdrik fikri tam anlamaq, dərk etmək üçün insandan, doğrudan da, müəyyən bir düşüncə potensialı, mütaliə səriştəsi tələb olunur və nəhayətdə başa düşürsən ki, atalar nə deyibsə, düz deyib”.
Bəzən əks mənalı (məsələn, “Dama-dama göl olar (M.Kaşğaridə belədir: “Birin-birin minğ bolur, tama-tama köl bolur”) // Quyuya su tökməklə sulu olmaz” və ya “Bu günün işini sabaha qoyma // Tələsən təndirə düşər” və s. atalar sözlərini “əsas” gətirən bir qrup yenə ataların səhv etdiklərini bildirir. Hətta yazırlar ki, “bir ata deyən, başqa atanın dediyi ilə düz gəlmir”. Amma nəzərə almırlar ki, hər bir atalar sözünün istifadə olunduğu məkan, şərait, zaman və məqam fərqli olur, bəzən bu zaman hətta variantları da bir-birini əvəz edə bilmir. Əks dedikləri, səhv saydıqları atalar sözləri də belədir. Nümunələrə diqqət edək. Alqı-satqı zamanı məbləğin cüzi olduğunu düşünüb kassa çekini almayana kiçik şeylərin zamanla çoxalaraq böyük işlərə vasitə ola bilcəyini anlatmaq üçün “Dama-dama göl olar” atalar sözünü xatırlada bilirik. Burda “Quyuya su tökməklə sulu olmaz”ı işlətməyin yeri yoxdur. Həmin atalar sözünü mədəniyyətsiz, etikadan kənar hərəkətlər edən, inadkar, öz tutduğunu buraxmayan birinə verilmiş nəsihət və məsləhətlərin nəticəsiz qaldığını görəndə işlədirik. Burda da “Dama-dama göl olar” atalar sözünün işlədilməsi qeyri-mümkündür. Deməli, bu hər bir atalar sözünün özünün işlənmə məqamı və şəraiti var. Burdan da görünür ki, həmin atalar sözləri bir-birinə əks olsa da, biri digərini təkzib etmir, hərəsi öz məqamında işlədilir. Beləlikllə, “bir ata deyən, başqa atanın dediyi ilə düz gəlmir” iddiası tamamilə absurddur.
“Qarın qardaşdan irəlidir" kimi atalar sözlərinə istinadən “ataların" öz mülahzələrində səhvə yol verdiklərini, insanları yanlış yönəltdiklərini iddia edənlər də var. Bunlar İ.Abbasovun yuxarıda adı çəkilən məqaləsində yazdığı kimi, nəzərə almırlar ki, “…bu vahidlərə formal məntiq prinsipləri ilə yanaşıb onlardan həmişə oyüd-nəsihət məzmunu gözləmək sadəlövhlük olardı. Atalar sözləri məzmunca xalq bədii təfəkkürünün bütün genişliyini və rəngarəngliyini əks etdirməyə qadirdir. Məsələn, onların sırasında ironiya, hətta sarkazm məzmunlu nümunələrə də rast gəlmək mümkündür. Yuxarıda göstərdiyimiz nümunədə də belədir. Təsəvvür edin ki, əlində yemək yeyən qardaşa həmin anda çox təcili xəstə qardaşına yardım etmək təklif olunur. O isə deyir ki, qoy, yeməyimi yeyim kömək edərəm. Bu vaxt ona istehza ilə “Qarın qardaşdan irəlidir?" (burda intonasiya xüsusi əhəmiyyət kəsb edir) deməyib, nə deyəsən?! Deməli, yenə də hər şey zamandan və məqamdan asılıdır. “Heç bir xüsusi faydası olmayan” atalar sözləri yoxdur. Atalar nə deyiblərsə, düz deyiblər. Sadəcə olaraq, sonrakı nəslin nümayəndələri onların bəzilərini kobud şəkildə təhrifə məruz qoymuşlar.
Həvəskar tədqiatçılar (əsil tətqiqatçılar deyil) bəzən unudurlar ki, folklor mətnləri, o cümlədən atalar sözləri qeyri-sabit və çoxvariantlı olur. Çoxusu həyati təcrübəyə əsaslanan əxlaqi-tərbiyəvi nümunələrdir. Müxtəlif dövrlərdə, müxtəlif məkanlarda və müxtəlif şəraitdə yarandığı üçün də müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Və hərə onu bir cür söyləmişdir. Onların təhrif olunmuş hesab etdikləri və yanlış saydıqları atalar sözlərinin əksəriyyəti orjinalların əsasında formalaşmış variantlardır. Bunları ucdantutma “təhrif” adlandırmaq, səhv hesab etmək günah olar. Çünki, obrazlı desək, “Quran” yanında gedən” hər bir atalar sözünün özünəməxsus bir məqamı və bir yaradılış hekayəsi var. Biri digərini inkar etmir.
Onu da unutmaq lazım deyil ki, variantlaşma atalar sözlərinə xas olan əsas əlamətlərdən biridir. Ş.Nağıyeva özünün “Paremiyaların formal xüsusiyyətləri” məqaləsində göstərir ki, atalar sözlərinin variantlaşması həm dildaxili, həm də dilxarici amillərlə əlaqəlidir. Dildaxili variantlaşma tipində çox vaxt onların tərkibindəki leksik vahidlərin dəyişməsi, yaxud sintaktik quruluşunda qismən dəyişiklik edilməsi əsas rol oynayır. Bu zaman ümumiləşdirilmiş məna saxlanılır. Məsələn, “Tələsən təndirə düşər / Tələsən tərsinə düşər / Tələsən tələyə düşər; Dərd dərd üstündən gələr / Bəla bəla üstündən gələr” və s. Nümunələrdəki təndirə / tərsinə / tələyə; dərd / bəla əvəzlənmələri buna misal ola bilər.
Variantlaşmada dilxarici amillər dedikdə isə dil-cəmiyyət əlaqəsi nəticəsində yaranan sosial faktorlar nəzərdə tutulur. Hansı ki, belə atalar sözlərində variantlılığın yaranmasında zaman və məkan fərqləri ciddi rol oynayır. Məsələn, “Yeməyin ustası, işləməyin xəstəsi –“Yemək görəndə hamıdan irəli, iş görəndə hamıdan geri”; “Kəfənə bürün elinən sürün –Kəfənə bürün qəbirə sürün” və s.
Əlbəttə, biz bəzi atalar sözlərinin zaman keçdikcə müstəqim mənasından uzaqlaşmasını və tamamilə fərqli şəklə düşməsini, fərqli məna kəsb etməyə başlamasını inkar etmirik. Bunun səbəbi isə yuxarıda yazdığımız kimi, onların müxtlif zaman kəsiyində müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etməsi və hərənin onu bir cür söyləməsidir. Bunları “Atalar üçdən deyib”, “Yol böyüyün, su kiçiyindir” və digər atalar sözlərinin nümunəsində də görmək olar. “Atalar üçdən deyib” “Oğuznamələr”də “Atalar ucacan deyib” kimi qeydə alınıb, bu da “bir işi axıradək get” mənasındadır. Bu atalar sözünün hazırkı variantı da müdriklik məzmununa malikdir. Bunu birinci dəfə uğursuzluğa düçar olanlara “Atalar üçdən deyib” deməklə mübarizəyə ruhlandırmaq baxımından deyirik. “Yol böyüyün, su kiçiyin” isə qədim “Oğuznamələr”də “Yol uluqun, suç kiçiqin” formasında qeyd olunur. Yəni kiçik günah işlətsə də, böyük onu bağışlamalı və düz yol göstərməlidir. Gəlin etraf edək ki, bu atalar sözünün sonradan formalaşan variantı da az tərbiyəvi əhəmiyyət kəsb etmir.
Etiraf edək ki, “yontulmamış”, yaradıcı dil və ifadələrlə buxovlanmayan”, fikri çaşdırıb yanlış səmtəyönəldən, ziddiyyətli, defektli atalar sözlərinə çox nadir hallarda da olsa, təsadüf olunur. Məsələn, “El üçün ağlayan iki gözdən olar, Gecənin xeyrindən gündüzün şəri yaxşıdır, Arvadın saçı uzun olar, ağlı gödək, Qızını döyməyən dizini döyər”, “Şər deməsən, xeyir gəlməz” və s.
XX əsrin 20-ci illərinədək belə atalar sözlərinə təkəmseyrək təsadüf olunub. Sovet dövründə isə bu cür halların sayı xeyli artmışdı. Çünki həmin dövrdə nəşr zamanı atalar sözləri ciddi “senzura cərrahiyyəsinə uğradılmış” (R.Hüseynov), onların bir qismi ideoloji mülahizələr baxımından (məşhur “Qaragilə” mahnısında “Təbrizin yolların dolanbadolan” misrasının dəyişdirilərək “Şəhərin küçələri dolanbadolan” edildiyi” kimi) kobud təhriflərə məruz qoyulmuş, kommunist ideologiyasının meyarlarına uyğun şəkildə "islah edilmiş”, xalq müdrikliyinin örnəyi əvəzinə mənasız söz yığını kimi təqdim olunmuşdur (Ə.Hüseynzadə). Fikrimizcə, indi deffektli hesab etdiyimiz bəzi bir sıra atalar sözlərinin movcud olmasının səbəblərindən biri də budur.
Tədqiqatçıların fikrincə, atalar sözünün qavranılması müxtəlif mərhələlərdə baş verir. İlk öncə, eşidilən atalar sözünün ilkin mənası, daha sonra isə onun ifadə etdiyi əsas məna başa düşülür. Ona görə də gəlin, əvvəlcə atalar sözlərinin əsas mənasını başa düşək, sonra onların “deffektli” olub-olmaması barədə danışaq. Yoxsa, ifadənin ilkin mənası fikrimizi çaşdırıb, bizi yanlış səmtə yönəldə bilər. Necə ki, bəzilərini yönəltmişdir!
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “AZƏRBAYCAN”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
“AZƏRBAYCAN”
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!
Eşitmişəm uzaqlardan
Sakit axan arazları,
Sınamışam dostu, yarı...
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hankı səmtə, hankı yana
Hey uçsam da, yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır.
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən-nəsillərə,
Keçən bir şöhrətin vardır.
Oğlun, qızın bəxtiyardır...
Sırа dаğlаr, gen dərələr,
Ürək аçаn mənzərələr...
Ceyrаn qаçаr, cüyür mələr,
Nə çoxdur oylаğın sənin!
Аrаnın, yаylаğın sənin.
Könlüm keçir Qarabağdan
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi
Qarabağın şikəstəsi...
Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin hər nəyin vardır.
Deyilən söz yadigardır.
Bir dön bizim Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə.
Gözəl Vətən! O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın... yarandım mən,
Gülür torpaq, gülür insan,
Qoca Şərqin qapısısan!
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Bu gün Xalq yazıçısı Anarın 87-ci doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan Respublikasının xalq yazıçısı, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ liman”, “Dantenin yubileyi”, “Sizsiz”, “Gürcü familiyası”, “Mən, sən, o və telefon” kimi əsərlərlə Azərbaycan ədəbiyyatının qızıl fondunu zənginləşdirən, minlərlə oxucunun sevimlisi olan Anarın – Anar Rzayev doğum günüdür.
O, 14 mart 1938-ci ildə anadan olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvləri, Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin övladıdır.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilmişdir.
Povestləri
1. Ağ liman (1965)
2. Dantenin yubileyi
3. Macal
4. Dədə Qorqud
5. Əlaqə
6. Ömür yolu.
7. Otel otağı
Romanları
1. Beşmərtəbəli evin altıncı mərtəbəsi
2. Kərəm kimi (sənədli roman)
3. Söz dünyası (5 cilddə)
4. Sizsiz (sənədli roman)
Hekayələr və pyesləri
Sənin nəğmən yaxşıdır (pyes), Keçən ilin son gecəsi, Bayram həsrətində, Asqılıqda işləyən qadının söhbəti, Sabah ayıq olacayıq, Yağışlı gecə, Taksi və vaxt, Vahimə, Əlifba, Yaxşı padşahın nağılı, Yağış kəsdi, Otel otağı, O gecənin səhəri, Mütləq görüşərik, Qırmızı "Limuzin", Gürcü familyası, Sizi deyib gəlmişəm, Şəhərin yay günləri, Mən, sən, o və telefon, Muhakkak görüşürüz — mütləq, görüşərik, Ağ qoç, Qara qoç, Səhra yuxuları, Yaşamaq haqqı, Unudulmaz görüşlər, Qaragilə, Ləyaqət, Təhminənin son sirri.
Mükafatları
1. Azərbaycan SSR əməkdar incəsənət xadimi
2. Azərbaycan SSR Dövlət mükafatı
3. Azərbaycan Respublikasının Xalq yazıçısı
4. "İstiqlal" ordeni
5. "Şöhrət" ordeni
6. "Şərəf" ordeni
7. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüd—11 iyun 2002
8. "Heydər Əliyev Mükafatı"
9. "Humay" mükafatı
10. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
11. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) "Şərəf" medalı
12. "Üzeyir Hacıbəyli" medalı
13. "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı
14. "Əmək" ordeni
15. "Dostluq" ordeni (2023)
16. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024
Allah xeyirli ömür nəsib etsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Dünən Ümumdünya Yuxu Günüydü - EKSPRESS SORĞU
Ötən gün Ümumdünya Yuxu Günüydü, bu münasibətilə Ekspress-sorğunu “Ədəbiyyat və inəsənət” portalının əməkdaşları cavablandırdılar:Yuxu nədir?
Nemət Tahir:
Yuxu – ruhun cismani dünyadan ayrılıb naməlum aləmlərdə dolaşdığı sirli bir səfərdir. Burada zaman əriyir, məkan yox olur, gerçəklik xəyalların içindən keçir. Bəzən unutduğun səslər sənə pıçıldayır, bəzən gələcəyin kölgəsi səni izləyir. Yuxu həqiqətin dumanlı güzgüsüdür. İnsanın içində gizlənən arzular, qorxular, xatirələr, günahlar rəngbərəng naxışlarla yuxu formasında bizə görünür. Yuxu bizi gələcəyə və keçmişə aparan zaman maşınıdır.
Fariz Əhmədov:
Yuxu insanın cismani və psixoloji istirahət etdiyi vəziyyətdir. Yuxu şüurun müvəqqəti olaraq fəaliyyətini tam azaltığı haldır. Yuxu zamanı baş verən proseslər tək ruhla yox, orqanizmlədə əlaqəli olur.
Ülviyyə Əbülfəzqızı:
Yuxu- sirrini açmayan, hələ də tam araşdırılmayan, gözləri yumub özünü film kimi təqdim edəndir. Bəzən məni qorxudar, bəzən sevindirər, çünki gördüklərimi çox keçməz yaşayaram, sirlidir, vahiməlidir, amma çox vaxt həqiqətləri gözlərimi yumub mənə söyləyəndir. Gözlərim yumulu olarkən daha yaxşı görürəm, hiss edirəm, işıq görüntünü görməyimə kömək edir, amma gözlərimi yumarkən daha işıqlı, nurlu mənzərələr görürəm.
Bəzən yuxuda ağrılı anlar yaşayaram, - "Yuxudur da"- deyib özümü ovudaram.. Yuxu- mənim üçün dünya həyatıdır, gözlərim açılanda əbədi yaşayacağıma əminəm...
Aynur İsmayılova:
Yuxu bəzən olmasını istədiyimiz, bəzən də olmasını istəmədiyimiz şeyləri bizə göstərir. Yuxu, sanki ruhumuzun gecə yatarkən yazdığı hekayədir. Bu hekayə bəzən bir nağıl kimi xoşbəxt hiss etdirər, bəzən də bir kabus kimi qorxu və narahatlıq gətirər. O, bizə həm keçmişin izlərini xatırladar, həm də gələcəkdən xəbər gətirər. Bəlkə də, həyatın özü sadəcə bir yuxudan ibarətdir... Kim bilir?
Kübra Quliyeva:
Yuxu — qəlbin dillə deyə bilmədiklərini pıçıltı ilə söylədiyi, zamanın və məkanın sərhədlərini aşdığı bir azadlıqdır. Bəzən itirdiyin insanlarla yenidən görüşdüyün, bəzən isə heç toxuna bilmədiyin arzulara toxunduğun bir aləmdir.
O, qaranlıqda doğulan işıq, gerçəklikdən qaçış və bəlkə də, ruhun əsl evinə qayıdışıdır...
Leyla Ümid:
Yuxu—Mən bu ifadənin geniş məna kəsb etdiyini düşünürəm. Həm ruhsal, mistik, həm dini, həm də psixoloji olaraq şüuraltı baxımdan yanaşmaq istəyirəm. Yuxu insanın ruhuna açılan qapıdır, bəzən qeyb aləminin, bəzən isə tale yollarının, gələcəyin işarəsi olur. Keçmişdə peyğəmbərlər yuxuları bir elmin dili kimi oxuyurdu. Hz. Yusif yuxuları sadə təsadüf kimi deyil, ilahi mesajların kodlanmış forması kimi görürdü. Onun yozduğu yuxular taleləri dəyişdirir, padişahları sınağa çəkir, gələcəyin sirlərini açırdı. O gündən bəri insanlıq yuxuların sadəcə beynin məhsulu deyil, ruhun bilinməyən paralellikdə aldığı dərslər olduğunu dərk etməyə başladı. Bəlkə də, biz hər gecə başqa bir dünyaya səyahət edir, səhər isə həmin dünyanın hikmətini unutmuş oluruq. Həmçinin, yuxu- ruhun kainatla bir növ söhbətidir, bədənin dincəldiyi anlarda ruhun sərhədsiz aləmlərdə azad dolaşdığı mistik bir səyahətdir. Orada hər şey enerjinin axını ilə formalaşır.
Bəzən yuxular keçmişin xatirələrini gətirir. Bəlkə də, yuxular sadəcə təsadüfi xatirələr deyil, ruhumuzun başqa bir reallıqda aldığı dərslər, başqa bir varlıq səviyyəsindən göndərilən kodlardır. Hansı ki, ona “Dejavu” deyilir. Gördüyümüz bir şeyi unudub, yaşayan anda xatırlıyırıq ki, bu hadisə detallı şəkildə tanışdı. Yuxuları oxumağı bacarsaq, həyatımızın axışını dəyişdirə bilərik. Çünki yuxular sadəcə görmək üçün deyil, anlamaq üçündür. Yuxu- İşarədir. Şüuraltı və psixoloji olaraq görülən yuxular isə insanın daxili dünyasının güzgüsü kimidir. Gün ərzində yaşadığımız duyğular, bastırdığımız qorxular, arzuladığımız, amma reallaşdıra bilmədiyimiz hisslər yuxular vasitəsilə üzə çıxa bilər.
Psixoloq Carl Jungun fikrincə, yuxular bizim şüuraltımızla əlaqə qurmağın bir yoludur—orada arxetiplər, kollektiv bilinç və fərdi travmalar özünü simvolik obrazlarla göstərir.
Zəhra Allahverdiyeva:
Yuxu ikibaşlı anlayışdır. Bir mənada yatanda getdiyimiz yuxu, digər mənada isə, cəmiyyətin yuxusudur. Oyanış dövrünə addım atmamışların yuxusudur. Nə bilmək olar? Bəlkə hamımız yuxudayıq?
İmran Verdiyev:
Yuxu mənim gəncliyim imiş.
İnci Məmmədzadə:
Məşhur psixoanalitik Ziqmund Freyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Freydə görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır. Onun fikrincə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.
Qoşqar İsmayılzadə:
Elmə görə yuxu şüuraltının əksidir. Bəzilərinə görə ümid mənbəyi, bəzilərinə görə isə, gələcəyin carçısıdır...
Leyla Səfərova:
Yaşadığımız həyatın çətinlikləri, problemlərindən qaçmaq istədikdə ovucumuzdakı xəyal qırıntılarına baxıram. Düşünə-düşünə yuxuya dalıram və daha da rəngarəng bir aləmlə tanış oluram. "Yuxu nədir" sualına tam elmi və ya bədii bir cavab verə bilmirəm. Amma mənim təsəvvürümdə yuxu gerçəklikdən qaçıb başqa bir aləmə, başqa bir gerçəkliyə sığınmadır. Bəzən bu qorxulu yuxu da ola bilər. Həyatımızda sorğuladığımız nə varsa başqa bir aləmdə başqa bir formada, hətta çox əlaqəsiz şəkildə də qarşımıza çıxa bilər.
İnsanın təfəkkürü nə qədər güclü, nə qədər dolğundursa, yuxuları da o qədər dərin, rəngli olur məncə. Və mən yuxuların mənaları olduğuna, bir işarə olduğuna inananlardanam. Bu dünyada heç nəyin boşa olmadığı kimi, yuxular da boşa deyil.
Bilirdiniz? Real həyatda 1 dəfə belə görmədiyiniz bir üzü yuxunuzda görə bilməzsiniz. Qəribədir ki, xəyal dünyamız ruhumuz, beynimiz olmayan yerləri, əşyaları, canlıları təsəvvür edə bilir. Lakin insanları təsəvvür edə bilmir. Səbəbi nədir bilmirəm, amma məncə bu da bir işarədir. Həyatımıza dair, tanıdığımız və ya tanımalı olduqlarımıza dair bir işarə...
Ümid edirəm yuxularınız şirin, həyatınız ondan da şirin olar. Nə yuxuda, nə gerçək dünyada, aləmdə qorxuya, hüznə qərq olmarsınız.
Xədicə Əliyeva:
Yuxu - insan şüuraltında var olduğu yaşanmışlıqlarının təhlilinin gün sonu - film sonu, kamera arxasının beynin əsas səhnəsində nümayiş olunmasının nəticəsində meydana gələn, bəzən yadda qalan, bəzən isə yaddaşdan silmək istəyəcək həddə gətirib çıxaran prosesdir.
Görülən yuxular bəzən, ən son qaldığımız düşüncələrin beyin ekranında yansıması, bəzən başımıza gələcək olana beynin bizi hazırlaması, bəzən isə unutmaq istəyərək xatırladıqlarımızı bizə xatırladır.
Biz hərdən yuxuların gerçək olmadığını, hərdən də yaşadığımız gerçəklərin yuxu olmasını istəyirik.
"Yuxu kimi" ifadəsini bir cümlə ilə ifadə etməli olsam, "insanların gerçəklik alğısına nəzərən, bəzən qısa çəkən gözəlliklər sonrasında istifadə etdiyimiz ifadələrdən biridir.
Yuxunun sonunda, gözlərimizi açarıq və oyanmaq nəticəsində dünyada var oluruq, bəs yuxu sonu gözlərimiz, dünyaya deyil də, başqa bir yerdə, başqa bir şəkildə açılsa, dünyaya oyanmayaraq nəticələsənsə, biz haradasa oyanacağıq, var olmağa davam edəcəyikmi.. Edəcəyiksə, harada, necə və nə şəkildə?
Aygün Bayramova:
Yuxu dinclikdir, həm də narahatlıqdır mənə görə. Yuxu həm də real həyatdan daha çətin, daha əziyyətlidir, yenə mənə görə. Fiziki olaraq rahat olacağımızı düşünsək də, bəzən bir an içində gördüyümüz olaylar, keçirdiyimiz hisslər mənəvi yorğunluğa da gətirib çıxara bilir. Bilmirəm, bəlkə bu insana görə dəyişir. Bəlkə həssas insanlara aiddir bu dediyim. Məlumdur ki, həyatımız qarmaqarış hadisələrlə doludur və bu bizim yatdığımız, yuxuya getdiyimiz zamanda belə bizi rahat buraxmır. Mən belə insanlardanam, yuxuda belə rahat ola bilmirəm, yuxudan sonra belə rahat ola bilmirəm.
İlhamə Məhəmmədqızı:
Yuxu, məncə, hər kəsdə özünəməxsus olur. Beyinin inikasıdır. Pozitiv və neqativ hisslərlə dolu olur. Hətta yuxu içində yuxu da olur. Yadda qalan və yadda qalmayan olur. Gün olur, insan yuxunun təsirindən çıxa bilmir. Həyat mücərrəd olduğu kimi də yuxular da mücərrəddir. Hər kəsin müxtəlif yanaşması, yozumu var. Bəzən insan şirin yuxudan heç ayrılmaq istəmir. Yuxunun gerçəyə çevrilməsi, yaxud tərsinə yozulması da Tanrının sirridir, məncə...
Nigar Həsənzadə:
Yuxu anlayışı mənim üçün uzun zamandır ki, düşündürən, müəmmalı məsələyə çevrilib. "Biz indimi yuxudayıq ya yatarkən yuxuya gedirik?" ,"Yuxu nədir?","Yaşadığımız həyatmı yuxudur?","Yatarkənmi gerçəkliyə qovuşuruq- yuxu gerçəklikdirmi ya elə bizim bildiyimiz kimi "yuxu"-dur?"...Baxın bunlar müəmmalı məsələrdir. Və məncə yuxu paralel həyatdır. "Biz ana bətnində olarkən bir ayrı paralel dünyada idik, ordan sonra indi bu paralel dünyadayıq, nə şübhə ki sonra fərqli paralel dünya yoxdur?" Bəlkə yuxu o parelel dünyanın bir yoludur, xatırladıcısıdır. Yuxu insanın keçmişi, indisi, gələcəyidir.
*Bu yazdığlarım öz düşüncələrim və araşdırdığlarım nəticəsində nəticəyə gəldiyim hələ də müəyyəm hissəsi müəmmalı olan araşdırmadır.
Murad Vəlixanov:
Yuxu deyəndə nə başa düşülür və onun insan həyatındakı rolu ilə bağlı bir neçə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Yuxu — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"un bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişdilər. Fərqli psixoloqlar, parapsixoloqlar və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişdilər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyib. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz. Elə bil yuxular insanlarla birgə yaranıb. Elə bu baxımdan da yuxular və onların həqiqi mahiyyəti, yaranması həmişə problem olaraq qalıb. Bütün bunlara baxmayaraq, yuxular gündəlik insan həyatının müəyyən bir hissəsinə çevrilib.
Şəfa Vəli:
Yuxulara hamımız heyranıq... Yuxu bizim izaholunmaz yaşantılarımızdandır. Yuxuların xəyallardan fərqi odur ki, xəyalları özümüz yarada bilirik, amma yuxuların məqamını anlamaqda acizik. Yuxu məfhumu öz sirli köynəyinə bürünərək elmin qüdrətinə meydan oxumaqdadır. Yenə də, yuxulara olan heyranlığımız, yuxuda yaşadığımız xoşbəxtlik, qorxu, sevinc, anlaşılmazlıq hissləri bizim duyğularımıza hopmaqdadır.
Yuxunun elə təsiri var ki, duyğularımızda, bəzən bu sözü adi məişətimizə də yönəldə bilirik. Məsələn, kiməsə üstüörtülü bir yalan danışanda deyirik: “Yuxuya vermək”. Bu ifadəni boş vədlərin verilməsinə də aid edirik. Yenə də, unutmaq olmaz ki, yuxu özü qəribəliklərlə doludur. Qədimdə oğuz igidləri yuxunu “kiçik ölüm” adlandırırdılar. Çünki onlar yuxuda olarkən düşmən hücum çəkəndə xəbərləri olmurdu. Mari xalqı yuxunu gələcəkdən gələn xəbər kimi dəyərləndirirdi. İslami görüşlərdə yuxu “ilahi məqamdır”. Diqqət etsək, görərik ki, dastanlarımızda da yuxu ruhun incəliyi ilə izah olunur. Qəhrəmanlara yuxuda buta verilir, onlar yuxudaykən bir çox mətləblərdən agah olur.
Yuxunu yüksəkdə, ucalıqda görən şair ürəyi üçün yuxudan oyanıb istəklərin arxasınca yol başlamaq hünərdir. Yuxulara sarmaşıq kimi sarılırıq bəzən, gecə nə görürüksə, gündüzü onun abu-havasıyla yaşayırıq. Gecə yuxumuzda yaşadığımız hadisələr bizi elə kökləyir ki, sarı sim kimi inildəyə, şaqraq musiqi kimi könülləri oxşaya da bilirik.
...Yuxu bəzən yazdıqlarımız, bəzən yaşadıqlarımız olsa da, əksərən yaşayıb-yaza bilmədiklərimizdir...
Nigar Xanəliyeva:
Yuxu - ruhun özünü tanımadığı, amma hər şeyin tanış olduğu o qəribə məkandır. Burada zaman nə irəli gedir, nə geri – sadəcə qırılmış bir güzgü kimi parçalara ayrılır və sən o qırıntılarda gah keçmişini, gah gələcəyini, gah da heç vaxt yaşamayacağın bir anı görürsən. Bəlkə də, yuxular Tanrının bizə göstərdiyi başqa bir həyatdır – seçmədiyimiz yolların, itirdiyimiz insanların, söyləmədiyimiz sözlərin yaşadığı bir dünya.
Səhər gözlərini açanda isə o dünya uçur – bir an öncə var olan, amma indi mövcudluğu sübut olunmayan bir sirr kimi…
“Ədəbiyyat və incəsənət”
(14.05.2025)
Mədəniyyət naziri Neftçala rayonunda vətəndaşların müraciətlərini dinləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir.
Mədəniyyət naziri Adil Kərimli martın 13-də Neftçala rayon Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Məlumatda bildirilir ki, əvvəlcə nazir Adil Kərimli və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov müasir və müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Neftçala, Salyan, Biləsuvar, Hacıqabul rayonları və Şirvan şəhərindən olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri, əsasən, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələnin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını qeyd edib.
Qəbulda şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)