İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Atalar sözləri şifahi xalq ədəbiyyatının epik növünün ən qədim janrlarından biridir. Onlar əsrlərin sınağından çıxmışdır. “Atalar sözü – elin gözü”, “Atalar sözü – sözün düzü və söhbətin duzudür”. Günbəgün dəyişən dünyada, dəyişməyən qaydalardır. Atalar nə deyibsə, düz deyib. Xalq əzəl-başdan öz atalar sözlərini yazılmamış kitab ayələri kimi qavramışdır. Onlar Qurana girməz, amma Quran yanında gedər.
Təxminən 45-50 il bundan öncə bir kitabda (təəssüf ki, kitabın müəllifi və adı yadımda qalmayıb) belə bir ifadə oxumuşdum: “Səlim müəllim son vaxtlar kitablarda səhvlər tapmağa başlayıb”. İndi də bəziləri Səlim müəllim kimi, sosial şəbəkələrdə, mətbuat səhifələrində və bəzi tədqiqat əsərlərində atalar sözlərinin “təftişini” aparır, “ataların” bəzi yanlışlıqlara yol verdiklərini göstər, “səhvlər” axtarırlar. Hətta “tapırlar da”. Məsələn, son illər “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər”, “Şərikli malın olunca, şərikli arvadın olsun”, “Yol böyüyün, su kiçiyindir”, “Eşşək nə bilir zəfəran nədir”, “Düz düzdə qalar”, “Tələsən təndirə düşər”, Bəlkəni əkiblər bitməyib” və s. kimi onlarla atalar sözlərinin təhrif olunduğu və ya səhv olduğu, fikri çaşdırıb yanlış səmtəyönəltdiyi iddia edilir.
Açığı, maraqlı prosesdir. Amma təəssüf doğuran odur ki, bu iddialar irəli sürülən zaman hərə öz arşınını işə salır, ancaq öz mülahizələrini doğru hesab edir, demək olar ki, ilkin mənbə və istinadları göstərmirlər. Məsələn, bəziləri deyir ki, bizim tez-tez işlətdiyimiz “Şərikli malın olunca, şərikli arvadın olsun” atalar sözünün əsli “Şərikli malın olunca, şərikli arvatın olsun”dur. Burda “arvat” sözü “çəki daşı” kimi mənalandırılır. Yəni şərikli malın olunca, şərikli çəki daşın olsun. Nə dəyişdi ki?! Yenə şərikli (ortaqlı) maldan söhbət gedir də. Halbuki ifadələrdə şərikli malın olması pislənilir. Üstəlik “arvat” sözünün mənasının çəki daşı olmasını təsdiq edən heç bir mənbə yoxdur (biz belə məlumatı tapa bilmədik). Bəlkə də, hansısa dialektdə çox məhdud coğrafiyada bu söz işlənib. Amma onun xalqın yaratdığı atalar sözünün tərkibində ümumişlək söz hüququ qazanması inandırıcı deyil. “Şərikli malın olunca, şərikli arvadın olsun” atalar sözünün mənası isə odur ki, şərikli arvadın olması kişi üçün nə qədər təhqiramiz haldırsa, şərikli malın olması da o qədər pisdir. Bunun nəyi və harası səhvdir?! Sadəcə olaraq, bir az sərt deyilib.
Bir digər nümunə. Deyirlər ki, “Düz düzdə qalar” atalar sözünün orjinalı “Düz düz də qalar”dir. Yenə orjinal mənbə göstərilmir, şəxsi düşüncəyə istinadən mülahizə irəli sürülür. Bəs “Düz düzdə qalar”ın nəyi səhvdir?! Bəyəm, az görümüşük ki, düz adam çox vaxt ortada (düzdə) tək qalır? Müxtəlif səbəblərdən (qorxudan və s. səbəblərdən) çoxları ondan uzaqlaşmırmı?! Amma qələm əyri yonulsa da, düz yazdığı kimi, həqiqi düz adam da öz düzlüyündə qalır. Bizcə, burda mahiyyətcə hər iki variant düzdür. Sadəcə olaraq, variantlaşma baş vermişdir. Bu fikri eyni ilə “Eşşək nə bilir zəfəran nədir / Eşşək nə bilir zər palan nədir”; “Tələsən təndirə düşər / Tələsən tərsinə düşər / Tələsən tələyə düşər”; “Bəlkəni əkiblər bitməyib / Bəlgəni əkiblər bitməyib paralelləri haqqında da demək olar. Unutmayaq ki, atalar sözlərində varinatlaşma qanunauyğun hal, həm də onların konstitutiv xüsusiyyəti kimi qəbul edilir.
Bəzi atalar sözlərində isə dəyişmə orjinal faktlarla müqayisədə öz təsdiqini tapır. Məsələn, “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözünün əsli “İlanın zəhləsi yarbuzdandan gedər, o da yuvasının ağzında bitər” kimidir. Həmin atalar sözü XI əsrdə yaşamış M.Kaşğarinin məşhur “Divani-lüğatit-türk” əsərində belə qeyd olunub: “İlan yarbuzdan qaçar, qanca barsa, yarbuz ötrü gəlir”. Burda “yarbuz” (manqust) səhralarda yaşayan, əsasən quş, xırda gəmirici və ilanlarla qidalanan yırtıcıdır. Və ilanın ondan - öz düşmənindən zəhləsinin getməsi tamamilə təbiidir. Siz də təsdiq edərsiniz ki, indi daha çox “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” ifadəsindən istifadə edirik. Onu da deyək ki, yuxarıda adı şəkilən lüğətdə “yarbuz” sözünün digər mənası bu gün bizim “yarpız” adlandırdığımız bitkinin adıdır. Və artıq sübut edilmişdir ki, ilanın yarpızdan da zəhləsi gedir. İlanın yarpızdan zəhləsinin getməsinin əsas səbəbi isə yarpızın ona pis təsir edən kəskin qoxusudur. Beləliklə, aydın olur ki, “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözü tam məntiqi əsasda formalaşıb. Qətiyyən, qədim “İlanın zəhləsi yarbuzdan gedər, o da yuvasının ağzında bitər” atalar sözünün təhrif olunmuş forması deyil, onun yeni, həm də çox işlək variantıdır.
Bəzən atalar sözlərində ulularımızın bizə çatdırmaq istədikləri mənanı tapmaq o qədər də asan olmur. Bunun üçün “mənanı daha dərindən başa düşmək bacarığına sahib olmaq” əsas şərtdir.İ.Abbasovun “Atalar nə deyibsə, düz deyib, yaxud “əlində qayçı” qoyun otarmaq nə deməkdir” başlıqlı yazısında dediyi kimi, “… insanlar sadəcə bir amili nəzərdən qaçırırlar ki, atalar sözləri hər şeydən əvvəl bədii düşüncə məhsuludur və məcazi obrazlar, rəmzi deyimlər hesabına formalaşır… Atalar sözünün məğzində, mayasında hifz edilən dərin mənanı, müdrik fikri tam anlamaq, dərk etmək üçün insandan, doğrudan da, müəyyən bir düşüncə potensialı, mütaliə səriştəsi tələb olunur və nəhayətdə başa düşürsən ki, atalar nə deyibsə, düz deyib”.
Bəzən əks mənalı (məsələn, “Dama-dama göl olar (M.Kaşğaridə belədir: “Birin-birin minğ bolur, tama-tama köl bolur”) // Quyuya su tökməklə sulu olmaz” və ya “Bu günün işini sabaha qoyma // Tələsən təndirə düşər” və s. atalar sözlərini “əsas” gətirən bir qrup yenə ataların səhv etdiklərini bildirir. Hətta yazırlar ki, “bir ata deyən, başqa atanın dediyi ilə düz gəlmir”. Amma nəzərə almırlar ki, hər bir atalar sözünün istifadə olunduğu məkan, şərait, zaman və məqam fərqli olur, bəzən bu zaman hətta variantları da bir-birini əvəz edə bilmir. Əks dedikləri, səhv saydıqları atalar sözləri də belədir. Nümunələrə diqqət edək. Alqı-satqı zamanı məbləğin cüzi olduğunu düşünüb kassa çekini almayana kiçik şeylərin zamanla çoxalaraq böyük işlərə vasitə ola bilcəyini anlatmaq üçün “Dama-dama göl olar” atalar sözünü xatırlada bilirik. Burda “Quyuya su tökməklə sulu olmaz”ı işlətməyin yeri yoxdur. Həmin atalar sözünü mədəniyyətsiz, etikadan kənar hərəkətlər edən, inadkar, öz tutduğunu buraxmayan birinə verilmiş nəsihət və məsləhətlərin nəticəsiz qaldığını görəndə işlədirik. Burda da “Dama-dama göl olar” atalar sözünün işlədilməsi qeyri-mümkündür. Deməli, bu hər bir atalar sözünün özünün işlənmə məqamı və şəraiti var. Burdan da görünür ki, həmin atalar sözləri bir-birinə əks olsa da, biri digərini təkzib etmir, hərəsi öz məqamında işlədilir. Beləlikllə, “bir ata deyən, başqa atanın dediyi ilə düz gəlmir” iddiası tamamilə absurddur.
“Qarın qardaşdan irəlidir" kimi atalar sözlərinə istinadən “ataların" öz mülahzələrində səhvə yol verdiklərini, insanları yanlış yönəltdiklərini iddia edənlər də var. Bunlar İ.Abbasovun yuxarıda adı çəkilən məqaləsində yazdığı kimi, nəzərə almırlar ki, “…bu vahidlərə formal məntiq prinsipləri ilə yanaşıb onlardan həmişə oyüd-nəsihət məzmunu gözləmək sadəlövhlük olardı. Atalar sözləri məzmunca xalq bədii təfəkkürünün bütün genişliyini və rəngarəngliyini əks etdirməyə qadirdir. Məsələn, onların sırasında ironiya, hətta sarkazm məzmunlu nümunələrə də rast gəlmək mümkündür. Yuxarıda göstərdiyimiz nümunədə də belədir. Təsəvvür edin ki, əlində yemək yeyən qardaşa həmin anda çox təcili xəstə qardaşına yardım etmək təklif olunur. O isə deyir ki, qoy, yeməyimi yeyim kömək edərəm. Bu vaxt ona istehza ilə “Qarın qardaşdan irəlidir?" (burda intonasiya xüsusi əhəmiyyət kəsb edir) deməyib, nə deyəsən?! Deməli, yenə də hər şey zamandan və məqamdan asılıdır. “Heç bir xüsusi faydası olmayan” atalar sözləri yoxdur. Atalar nə deyiblərsə, düz deyiblər. Sadəcə olaraq, sonrakı nəslin nümayəndələri onların bəzilərini kobud şəkildə təhrifə məruz qoymuşlar.
Həvəskar tədqiatçılar (əsil tətqiqatçılar deyil) bəzən unudurlar ki, folklor mətnləri, o cümlədən atalar sözləri qeyri-sabit və çoxvariantlı olur. Çoxusu həyati təcrübəyə əsaslanan əxlaqi-tərbiyəvi nümunələrdir. Müxtəlif dövrlərdə, müxtəlif məkanlarda və müxtəlif şəraitdə yarandığı üçün də müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Və hərə onu bir cür söyləmişdir. Onların təhrif olunmuş hesab etdikləri və yanlış saydıqları atalar sözlərinin əksəriyyəti orjinalların əsasında formalaşmış variantlardır. Bunları ucdantutma “təhrif” adlandırmaq, səhv hesab etmək günah olar. Çünki, obrazlı desək, “Quran” yanında gedən” hər bir atalar sözünün özünəməxsus bir məqamı və bir yaradılış hekayəsi var. Biri digərini inkar etmir.
Onu da unutmaq lazım deyil ki, variantlaşma atalar sözlərinə xas olan əsas əlamətlərdən biridir. Ş.Nağıyeva özünün “Paremiyaların formal xüsusiyyətləri” məqaləsində göstərir ki, atalar sözlərinin variantlaşması həm dildaxili, həm də dilxarici amillərlə əlaqəlidir. Dildaxili variantlaşma tipində çox vaxt onların tərkibindəki leksik vahidlərin dəyişməsi, yaxud sintaktik quruluşunda qismən dəyişiklik edilməsi əsas rol oynayır. Bu zaman ümumiləşdirilmiş məna saxlanılır. Məsələn, “Tələsən təndirə düşər / Tələsən tərsinə düşər / Tələsən tələyə düşər; Dərd dərd üstündən gələr / Bəla bəla üstündən gələr” və s. Nümunələrdəki təndirə / tərsinə / tələyə; dərd / bəla əvəzlənmələri buna misal ola bilər.
Variantlaşmada dilxarici amillər dedikdə isə dil-cəmiyyət əlaqəsi nəticəsində yaranan sosial faktorlar nəzərdə tutulur. Hansı ki, belə atalar sözlərində variantlılığın yaranmasında zaman və məkan fərqləri ciddi rol oynayır. Məsələn, “Yeməyin ustası, işləməyin xəstəsi –“Yemək görəndə hamıdan irəli, iş görəndə hamıdan geri”; “Kəfənə bürün elinən sürün –Kəfənə bürün qəbirə sürün” və s.
Əlbəttə, biz bəzi atalar sözlərinin zaman keçdikcə müstəqim mənasından uzaqlaşmasını və tamamilə fərqli şəklə düşməsini, fərqli məna kəsb etməyə başlamasını inkar etmirik. Bunun səbəbi isə yuxarıda yazdığımız kimi, onların müxtlif zaman kəsiyində müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etməsi və hərənin onu bir cür söyləməsidir. Bunları “Atalar üçdən deyib”, “Yol böyüyün, su kiçiyindir” və digər atalar sözlərinin nümunəsində də görmək olar. “Atalar üçdən deyib” “Oğuznamələr”də “Atalar ucacan deyib” kimi qeydə alınıb, bu da “bir işi axıradək get” mənasındadır. Bu atalar sözünün hazırkı variantı da müdriklik məzmununa malikdir. Bunu birinci dəfə uğursuzluğa düçar olanlara “Atalar üçdən deyib” deməklə mübarizəyə ruhlandırmaq baxımından deyirik. “Yol böyüyün, su kiçiyin” isə qədim “Oğuznamələr”də “Yol uluqun, suç kiçiqin” formasında qeyd olunur. Yəni kiçik günah işlətsə də, böyük onu bağışlamalı və düz yol göstərməlidir. Gəlin etraf edək ki, bu atalar sözünün sonradan formalaşan variantı da az tərbiyəvi əhəmiyyət kəsb etmir.
Etiraf edək ki, “yontulmamış”, yaradıcı dil və ifadələrlə buxovlanmayan”, fikri çaşdırıb yanlış səmtəyönəldən, ziddiyyətli, defektli atalar sözlərinə çox nadir hallarda da olsa, təsadüf olunur. Məsələn, “El üçün ağlayan iki gözdən olar, Gecənin xeyrindən gündüzün şəri yaxşıdır, Arvadın saçı uzun olar, ağlı gödək, Qızını döyməyən dizini döyər”, “Şər deməsən, xeyir gəlməz” və s.
XX əsrin 20-ci illərinədək belə atalar sözlərinə təkəmseyrək təsadüf olunub. Sovet dövründə isə bu cür halların sayı xeyli artmışdı. Çünki həmin dövrdə nəşr zamanı atalar sözləri ciddi “senzura cərrahiyyəsinə uğradılmış” (R.Hüseynov), onların bir qismi ideoloji mülahizələr baxımından (məşhur “Qaragilə” mahnısında “Təbrizin yolların dolanbadolan” misrasının dəyişdirilərək “Şəhərin küçələri dolanbadolan” edildiyi” kimi) kobud təhriflərə məruz qoyulmuş, kommunist ideologiyasının meyarlarına uyğun şəkildə "islah edilmiş”, xalq müdrikliyinin örnəyi əvəzinə mənasız söz yığını kimi təqdim olunmuşdur (Ə.Hüseynzadə). Fikrimizcə, indi deffektli hesab etdiyimiz bəzi bir sıra atalar sözlərinin movcud olmasının səbəblərindən biri də budur.
Tədqiqatçıların fikrincə, atalar sözünün qavranılması müxtəlif mərhələlərdə baş verir. İlk öncə, eşidilən atalar sözünün ilkin mənası, daha sonra isə onun ifadə etdiyi əsas məna başa düşülür. Ona görə də gəlin, əvvəlcə atalar sözlərinin əsas mənasını başa düşək, sonra onların “deffektli” olub-olmaması barədə danışaq. Yoxsa, ifadənin ilkin mənası fikrimizi çaşdırıb, bizi yanlış səmtə yönəldə bilər. Necə ki, bəzilərini yönəltmişdir!
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)