Super User

Super User

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Xalq yaradıcılığı nümunələrində və soy-qəbilə adlarında ikili (dual) təfəkkürlə bağlı anlayışlara tez-tez rast gəlmək olur. Məsələn, “Qodu-qodu” xalq tamaşasında Qodunun gülməsi-ağlaması; “Günəşi çağırma” mərasim nəğməsində saçlı-keçəl qız; qeydə alınmış bir əfsanədəki ağ-qara at; “Tapdıq” nağılındakı İşıqlı-Zülmət dünya; “Məlikməmməd” nağılında ağ-qara qoç, işıqlı-qaranlıq dünya; atalar sözlərindəki axşam-səhər, xeyir-şər (“Axşamın xeyrindənsə, sabahın şəri yaxşıdır”); “Kitabi-Dədə Qorqud” dastanında Daşoğuz-İçoğuz, Bozoq-Üçoq, sağ bəylər-sol bəylər; müxtəlif deyim, əfsanə, dastan və nağıllarda təsvir olunan ikili səciyyəli quşlar, əjdahalar, ilanlar və s. belə ikili anlayışlardan sayıla bilər.

Qeyd etdiyimiz kimi, xalqımızın soykökündə duran qəbilə birləşmələrinin adlarında da belə ikili anlayışlar öz əksini tapmışdır: Ağqoyunlu-Qaraqoyunlu, Ağsaqlılar-Qarasaqlılar, sağ və sol yabqular və s.

R.Qafarlı “Azərbaycan türklərinin mifologiyası” əsərində göstərir ki, “…İkilik maddi dünyanın istənilən təzahür səviyyəsində özünü göstərir. Dünyamızın fəlsəfi mahiyyəti elə təşkil olunmuşdur ki, onun dual (ikilik) strukturu dərhal gözə dəyir. Ulu əcdadlarımız da bu ikiliyi dərk etmiş və onun əsasında mifoloji dünyagörüşlərini inkişaf etdirmişlər”.

G.Vəkilova “Azərbaycan folklorunda əkizlər mifinin transformasiyaları” avtoreferatında yazır: “Folklorda dualizm problemi kifayət qədər geniş əhatəli və olduqca dərin bir problemdir. Folklorşünaslıqda dualizm obrazı mifdə mövcud olan təbiətin, mədəniyyətin və reallığın əsas strukturudur”.

Bu anlayışlarda xalqımızın düşünmə tərzi, təfəkkür qatı, kosmoqonik görüşləri, qəbilə münasibətləri  və s. öz əksini tapmışdır. K.Mirzəyeva özünün “Estetik fikirdə binar düzənin əski kökləri” adlı məqaləsində yazır ki,  “insan düşüncəsi hər şeydən əvvəl hissi qavrayışa əsaslanır və bəşər adətən, bir şeyi onun zidd (əks) tərəfi ilə daha asanlıqla qavrayır. Hissi qavrayışın təbiətdəki predmetləri eynidir, ona görə ikili qavrayış bütün əski xalqlarda bir-birinə bənzəyir və bunu tipoloji bir hal kimi başa düşmək olar. Digər tərfədən, hissi qavrayışın əsasında müqayisə dayanır - insan iki və daha çox hadisə və predmeti müqayisə etməklə onları bir-birindən fərqləndirə bilir. Insanlar eyni zamanda hadisə və predmetlərə öz münasibətlərini də ifadə edir və həmin münasibət fərqli olur. Burada insanın inanc dünyası, mifoloji baxışları xüsusi yer tutur və bununla o, predmet və hadisələrin mahiyyət və səbəbini izah etməyə çalışır. Predmet və hadisələrin dəyərləndirilməsində də ikili düzən vardır: onların faydalı və ya əksinə zərərli olması. Beləliklə, insanda predmet və hadisələri dəyərləndirmək üçün “yaxşı” və “pis” kimi ikili münasibət yaranır. “Yaxşı” və “pis” qarşılaşması tədricən hissi müstəvidən etik müstəviyə keçir, insanın davranış, rəftar və əməlinin ölçü vahidinə çevrilir. İnanc müstəvisində və mifoloji yöndə etik məna ilə yüklənən daha bir ikili qarşılaşma ortaya çıxır: “xeyir” və “şər”. Bununla da təbiətdə rast gəlinən dual qarşılaşma müxtəlif məna keçidləri ilə etik və əxlaqi, metafizik və estetik səviyyələrdə gerçəkləşir”.

O, “Şərq poetikasında binar düzən” adlı bir başqa məqaləsində isə belə yazır: “Qədim insanlar onu əhatə edən dünya barədə müəyyən düşüncə və təsəvvürə malik olmuşlar. Təbiətlə birbaşa ünsiyyət quran insan həyatda üzləşdiyi bütün hadisə və proseslərdə təzadlı iki tərəf görmüşdür: işıq - qaranlıq, istilik - soyuq, aclıq – toxluq, rahatlıq - narahatlıq və s. İnsan onu narahat edən bütün şeyləri dəf etmək, ətrafında baş verən xaosa qarşı nizamlı bir düzən qurmaq istəmişdir. Onların kainat haqqında baxışları hissi xarakter daşımaqla yanaşı, ikili quruluşa malikdir və bu ikili düzənin ilkin qaynağı təbiət və kosmosdur”.

G.Vəkilova göstərir ki, “Mifologiyada Yaxşı-Pis (yaxşı-yaman) qarşıdurması da aparıcı dual münasibətlər modellərindən sayılır. Bu, folklor mətnlərinə, demək olar ki, eyni ilə transformasiya etmişdir. Bu mövzuda çoxlu nağıllar vardır. Məsələn, “Göyçək Fatma” nağılı müxtəlif əsatiri görüşlərilə zəngin və mürəkkəb mifoloji mətn quruluşuna malik nağıllardan biridir. Bu nağıl demək olar ki, tam şəkildə əkizlər mifinə uyğun olaraq Yaxşı-Pis (yaxşı-yaman) qarşıdurmasını təzahür etdirir. Nağılın mövzusu xeyir və şər qüvvələrin mübarizəsinə həsr olunmuşdur”.

Təbiət hadisələrini “yaxşı” və “pis”ə bölən qəbilə üzvləri “yaxşı”nı dost, “pis”i düşmən kimi qiymətləndirmişlər. Həyatları bu əksliklərdən birbaşa asılı olduğuna görə onlar həmin hadisələri ilahiləşdirmiş və şəxsləndirmişlər. Məsələn, “Günəşi çağırma” mərasim nəğməsində qış-yaz (yay) keçəl və saçlı qız kimi şəxsləndirilmişdir.

Bu ikiliklər, əks istiqamətlər, əks xarakterlər və əks rənglərin xalq yaradıcılığı nümunələrində, qəbilə birləşmələrinin adlarında işlənməsi təsadüf deyil, müəyyən qanunauyğunluqdur. Bu cür ikiliklər mifoloji inamın güclü olduğu bir dövrdə formalaşmış əksliklər görüşü və dual təşkilat quruluşunun qanunlarının tələblərindən irəli gəlmişdir. Bu görüş və qanunlar siyasi və bədii təfəkkürün beşiyi olmuşdur. Ona görə də onların izlərinin xalq yaradıcılığı nümunələrində və soy-qəbilə adlarında özünü göstərməsi təbiidir.

Qeyd olunmalıdır ki, xalqımızın söykökündə duranlar təbii hadisələri anlamağa və təbiəti ram etməyə, ona uyğunlaşmağa səy göstərərkən oradakı əkslikləri də duymağa başlamışlar. Onlar müşahidə etmişlər ki, əksliklər birlikdə mövcuddur, birlikdə yaranır, birgə yaşayırlar. Onların hamısı təbiət hadisələri olduğuna görə kökləri birdir – təbətdir. Dual düşüncənin mahiyyətinə toxunan Əməkdar elm xadimi, professor M.Seyidov yazır: “Əski insana görə, təbiət əksliklərin qaynağıdır. Təbiətdə iki müxtəlif, qarşı-qarşıya durmuş əksliklərin mövcudluğu insan şüurunda, təfəkküründə və onunla bağlı olaraq ibtidai şəkildə olan üstqurumda, kosmik aləmi dərk etməkdə, insanların bir-birinə münasibətində və bunu dürlü-dürlü şəkillərdəki təzahür formalarında, fəlsəfədə, mifoloji, ictimai şüurda, məişətin bəzi sahələrində, təbiət, cəmiyyət hadisələrini aydınlaşdırmaqda ikili-dual münasibət yaratdı”.

Görkəmli tədqiqatçı onu da qeyd edir ki, təbiətdəki əksliklərin mövcudluğu insan şüurunda təbiət və cəmiyyət hadisələrini aydınlaşdırmaqda ikili – dual münasibət yaratmışdır. O, sübut etmişdir ki, türkdilli xalqlarda, o cümlədən azərbaycanlılarda da əksliklər təsəvvürü mövcud olmuş, ilkin qəbilələr dual təşkilat quruluşu sistemində yaşamışlar. Başqa sözlə, dual təşkilat quruluşu ibtidai qəbilələrin ilk forması olmuşdur. Dual təşkilat quruluşu və əksliklər təfəkkürünə görə, insanın yaranmasının və təbiət hadisələrinin kökü birdir, ancaq bu birlikdə əksliklər mövcuddur. Məsələn, yuxarda adı çəkilən “Tapdıq” nağılında İşıqlı dünya (“Gülüstani-Baği-İrəm) və Zülmət dünyası əkslikdirsə, bu dünyanın kökü eynidir, yəni birdir – Qaf dağıdır. Çünki məhz həmin dağın bir tərəfi işıqlı, o biri tərəfi qaranlıq dünyadır. Əksliklərin mübarizəsi isə təkamülün mənbəyidir. 

Dual təşkilat quruluşuna görə, ilkin qəbilə iki soya bölünür. Oğuzların Bozoq və Üçoq soyuna bölünməsi buna misal ola bilər. Bu soylar üçün oq (ox) kökdürsə, boz və üç əksliklərdir. Ağqoyunlular və Qaraqoyunlularda isə qoyun kökdür, ağ və qara əksliklərdir. Həmin qəbilə birləşmələrinin adlarının dual təşkilat quruluşunun qanunları əsasında qoyulduğu göz qabağındadır.

Əkslik – ayrılıq ekzoqamlı (qan qohumluğu nəzərə alınan) nigah üçün əsas yaradır. Tədqiqatçıların yekdil fikirlərinə görə, Azərbaycan xalqının soykökünü təşkil edən bütün qəbilələrdə belə nigahlar olmuşdur. Onlar qan qohumu ilə deyil, çox uzaq qohum və ya yad qəbilənin üzvləri ilə evlənmişlər. Bunun bir nümunəsini Ana kitabımız olan “Kitabi-Dədə Qorqud” dastanında da görürük. Burada Bozoqdan olan Beyrək Üçoqdan olan Banıçiçəklə evlənir. Ekzoqamlı nigah fizioloji cəhətdən daha doğru idi və qəbilələrarası əlaqələri möhkəmləndirir, içtimai gücü artırırdı.

E.M.Meletinski də ikiliklərdən bəhs edərək göstərirdi ki, bunlarda “…xüsusilə diqqət ona yetirilir ki, təbiət (gündüzlə gecənin nizamlanması, qışın və yayın qaydaya salınması və sərt soyuqların, bərk istilərin zəifləməsi) və sosial (dual ekzoqamiya, nikah qaydaları və s.) sahələr qaydaya salınsın, eləcə də nizamlayıcı, permanent (daimi) qayda-qanunları qoruyub saxlayan məcburi mərasimlərin fəaliyyəti nizamlansın”.

Deməli, xalq yaradıcılığı nümunələrində, eləcə də qəbilə birləşmələrinin adlarındakı ikili anlayişlar dual təşkilat quruluşunun, əksliklər görüşünün, ekzoqamlı nigah qanunlarının tələblərindən irəli gəlmişdir. Maraqlıdır ki, dual təşkilat qanunları, əksliklər görüşü və ekzoqamlı nigahla bağlı bir sıra adətlər, görüşlər indi də yaşamaqdadır. Məsələn, toy həyətlərində qapıdan qırmızı, yas həyətlərində qara parça asılması, yaxın qohumlarla nigaha yol verilməməsi və s.

Ümumiyyətlə, dual təşkilat quruluşu, əksliklər görüşü xalqımızın həyat tərzi, həyatı dərketmə şəkilləri, adət-ənənləri barədə daha dolğun təsəvvür yaradır.  

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Bir şeirin hekayəti" rubrikasının qonağı şeirləri ilə könül oxşayan Şamil Ənvəroğludur.

Onun söylədiyi şeirin hekayəti çox təsirlidir. Bu şeir dünyada misli bərabəri olmayan varlıq - ana haqqındadır. 

“Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyəcəm: Anamdır” söyləyib Avraam Linkoln.

Şamil bəyin bu şeirində biz onun anasına olan sonsuz sevgisinin şahidi oluruq. Allah bütün analara can sağlığı versin, dünyasını dəyişən analara isə rəhmət etsin.

Gəlin Şamil bəyin dilindən " Bir şeirin hekayəti"- ni dinləyək.

 

Atamı itirəndən bir müddət sonra tale mənim analı halıma da göz qoydu.

Həyat indi də əl-ayağa düşüb məndən anamı almağa cəhd edir hər an üstümə gələrək.

Anamı deyirəm, həyatımın mənası, yaşamımın səbəbi bildiyim bir insandan danışıram sizə.

Gözləri çuxura düşən, tamam əriyib bir dəri, bir sümüyü qalan, amansız xəstəliyin aciz  qurbanına çevrilən, ancaq yaşamaq istəyindən bir an da olsa, qəti vaz keçməyən təmiz ruhlu bir əsl xanımdan danışıram sizə.

Atamla eyni xəstəlik...

Evdəki eyni durum...

Gecələr eyni ağrılar...

Həyat bu qədərmi amansız ola bilərmiş?

Ölüm bu qədərmi insanla iç-içə gəzərmiş?

Və bu zibilə qalmış xəstəliyin heçmi müalicəsi yoxdur dünyada?

Anam artıq arıqlayıb bapbalaca bir yumağa dönüb. "Dağlar qızı" deyib əzizlədiyim, başını dizlərinə qoyub mürgülədiyim qadın indi əl boyda bir uşağa dönüb yatağında...

Qızım kimi sarılıb başını tumarlayıram, başını qatmaq üçün susmadan danışıram, danışıram, danışıram...

Astaca gözlərini mənə zilləyib dinləyir diqqətlə.

Bəlkə də, heç məni dinləmir, bəlkə öz ağrılarının iniltili səsini dinləyir için-için...

Bəlkə də, ən böyük arzusu bu dəhşətli ağrıları çox yaşamadan qəfil ölməkdir?

Yoxxx, anam yaşamaq istəyir!

Ürəyinin döyüntüsü yaşamağı seçir, çırpınır həyat üçün, övladları üçün!

Yastığını bir az dikəldib içimdə deyirəm:

"Canım anam, kaş bütün ağrılarını səndən alıb özüm çəkə biləydim.

 Kaş ki, ömrümdəki bütün sağlam illərimi sənə verə biləydim.

Kaş ki, həyat bizim də üzümüzə gülə biləydi elə bu çətin günlərdə...

Güzgünün önündən darağı götürüb anamın saçlarını daramaq, darıxmasın deyə qonşu qızlardan danışmaq istəyirəm. Ona ən maraqlı mövzulardan biri elə bu olduğu üçün.

Həmişə öz ana mehriban qayğısı ilə deyərdi ki, qonşudakı qızlardan biri ilə evlənərsən, axı, gözümüzün önündə böyüyüb hamısı.

Ancaq daraq tapılmır və birdən yadıma düşür ki, axı, yaylığı anamın saçsız başına bağlamışam.

Saçı töküldüyü üçün artıq daraq bir lazımsız əşya kimi çoxdan unudulub hardasa.

Sonra anamın yatması üçün otaqdan çıxıram.

Yerimə təzəcə uzanan kimi gecənin ən vahiməli səsini duyuram - anamın ağrılı, iniltili səsini...

Qaçıram yanına, tez işığı yandırıb nə istədiyini soruşuram. 

"Can bala, yat dincəl, yuxusuz qalma mənə görə" - deyib səsini və göz yaşını içinə axıdır ki, mən görməyim.

İnadından ağrısının səsini duymayım deyə dişlərini bir-birinə sıxaraq susur.

Yatsın deyə təkrar çıxıram otaqdan.

Və bir müddət səssizlik çökür evə.

Bu dəfə də səssizlik öldürür məni.

Birdən nəsə olar anama - deyib astaca yanına gəlirəm.

Və hər gün eyni durum təkrarlanır bizim evdə.

Allah anam başda olmaqla bütün xəstə yatanlara şəfa versin!

Amin!

Və aşağıdakı şeir də belə günlərin birində yazılıb.

 

Gözlərimin önündə əriyib gedir anam,

Daşa dönsün ürəyim, buna necə dayansın?

Əyilib dinləyirəm ürəyinin səsini,

Yalvarıram Tanrıya, nolar anam oyansın...

 

Qurumuş əllərində zaman donub elə bil,

Ha edirəm nəfəsim bu əlləri isitmir...

Yanağında ağrının buz bağlamış heykəli,

Göz yaşları ha axır, bu buzları əritmir...

 

Çarəsizlik... ən böyük ağrı buymuş, sən demə,

Heç nə edə bilməmək, donub yerində qalmaq...

Bəzən atası kimi saçlarını oxşamaq,

Körpə balası kimi qucağında uyutmaq...

 

Sonra isə gecənin ansızında oyanıb,

Nəfəs alıb verirmi? Nəbzin sayıb gözləmək...

Sonra yenə başlayan ağrıların səsinə,

İçin-için ağlayıb, ölə-ölə dinləmək...

 

Daş asılır gecələr vaxtın ayaqlarından,

Nə sabahlar açılır, nə ağrılar səngiyir,

Göz yaşıyla etdiyim dualarım cavabsız,

Sanki Tanrıya çatmır, bəlkə yolda ləngiyir?

 

Sonra quyu dibindən gələn bir səsə bənzər,

yorğun bir səs duyuram: "Can bala, yat, ağlama..."

Çəkilirəm otağın bir qaranlıq küncünə,

Anam görməsin deyə bürünürəm yorğana...

 

Ümidsiz durumuma şahidlik edir yataq,

Anamın hər səsinə içimdən min tel qopur.

Göz yaşımla islanan yastığım daşa dönüb,

Səhərəcən ömrümdən ümid əzir, bəxt çapır.

 

Gecənin bir yarısı... Sükutun vahiməsi,

Anamın səssizliyi... Ürəyim düşür yerə...

"Yoxsa..." qara fikirlə tez qaçıram yanına,

Bir əlim tez nəbzinə, bir əlim tez alnına...

 

Bir möcüzə baş verə, elə bir sabah gələ,

Bir baxam anam durub gəzir həyətimizdə.

Ağrıları dəfn edib, əzabları öldürüb,

Yerinə ümid əkib, cücərdək qəlbimizdə...

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

 

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi 

 

Beyləqan rayonunda toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.

Festivala İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından fermerlər qatılıblar.

Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin festivalın ənənəsinə uyğun olaraq kənd təsərrüfatının digər sahələri üzrə ixtisaslaşmış özəl şirkətlər iştirak ediblər.

Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən festivalda RİH başçısı Əziz Əzizov giriş nitqi ilə çıxış edərək qonaqları və iştirakçılarını salamlayıb,belə tədbirlərin keçirilməsinin zəruriliyindən bəhs edib.

  Kənd Təsərrüfatı Nazirliyi eləcə də digər dövlət qurumları iştirak edərək öz xidmətləri barədə fermerləri məlumatlandırıblar.

Festivalda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib.

Festival çərçivəsində Beyləqan rayonunda “Mil-Muğan iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada iqtisadi rayonun prioritet istiqamətlərindən olan pambıqçılıq sahəsi üzrə “Pambıqçılıqda innovativ texnologiyalar: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müzakirələr aparılıb.

Fikir mübadiləsi zamanı aqrotexniki tədbirlərin düzgün və zamanında yerinə yetirilməsi, aqrokimyəvi analizlərin aparılması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacibliyi vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

 

Daşkənddə "Mədəni İrs Beynəlxalq həftəsi" çərçivəsində "Yeni Özbəkistanda mədəniyyət və incəsənət sahəsində islahatlar" adlı forum keçirilib.

Forumda Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər respublikalardan nümayəndələr iştirak edib.

Forumda Azərbaycan tanınmış yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz ilə təmsil olunub. 

“Ədəbiyyat və incəsənət” portalı “Xalq Qəzeti”nin xüsusi müxbiri Qulu Kəngərliyə istinadən xəbər verir ki, forumu Azadbek Nazarbekov açaraq Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Nazir deyib ki, bizim əcdadlarımız maariflənməyi cəhalətdən üstün tutublar, öz ağıl və bacarıqlarını elmin və mədəniyyətin inkişafına sərf ediblər. Xarəzmi, Fərqani, əl-Biruni və Zəməxşari bu torpaqda birdən-birə yaranmayıb. Əlişir Nəvai və Babur Mirzə anadan  şair doğulmayıb. Dünyada tanınan bu böyük alimlər, filosoflar və ədibləri yaşadıqları dövrün elmi və mədəni mühiti yetişdirib.

Sonra Sultan Rayev, Mehmet Surayya Er, Aktota Raimkulova və başqaları mədəniyyət və incəsənət sahəsində Özbəkistanda və digər Türk dövlətlərində mədəniyyət və incəsənət sahəsində aparılan islahatlardan danışıblar.

Sultan Rayev qeyd edib ki, Özbəkistanın Mərkəzi Asiya respublikaları və Türk dünyası ilə bütün sahələrdə apardığı praqmatik xarici siyasət bu dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə, mədəni-humanitar istiqamətdə əlaqələrin dərinləşdirilməsinə xidmət edir. TÜRKSOY çərçivəsində münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyub. Təşkilatın üzvü olan bütün dövlətlərdə, o cümlədən Özbəkistanda və digər qardaş respublikalarda mədəniyyət və incəsənət günləri, gənclər və teatr festivalları, yaradıcılıq forumları və digər bu kimi tədbirlər keçirilir ki, bu da TÜRKSOY-un və bütün Türk dünyası mədəniyyət nazirliklərinin maraq dairəsindədir.

Aktotı Raimkulova Özbəkistanın Türk dünyasındakı tarixi rolundan, bu dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsi yolunda rəhbərlik etdiyi Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi tədbirlərdən bəhs edib. 

Yunus Oğuz Türk dövlətlərində mədəniyyətin inkişafı sahəsində TÜRKSOY-un rolunu yüksək qiymətləndirib, Türk Dövlətləri Təşkilatının bütün sahələrdə, o cümlədən mədəniyyət istiqamətindəki rolundan söhbət açıb, təşkilatın üzvü olan dövlət başçılarının dostluğunu ön plana çəkib. 

Sonra Yunus Oğuz "Əmir Teymur" romanını Azadbek Nazarbekova təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Cümə, 25 Oktyabr 2024 13:42

Sazbənddən saxladığım sirr

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Biri vardı, biri yoxdu; həmişəki kimi. Bir biz idik, bir də dünya. Quyudakı ağ daşı pendir sanıb oraya baş vurmamışdıq hələ, sonra da canımızı qurtarmaq üçün mahnı qoşub, ən birinci öz adımızı çəkmirdik... 

 

Biri vardı... Gəldi ömrümüzə, iki cüt, bir tək xatirə qoyub getdi. Biri yoxdu amma xatirələrin şam işığına baxa-baxa yuxumuz qaçanda... Və sonra,  unutduq nağıl oxumağı da, nağıl qoşmağı da. Bizimçün uydurulanlara inandıq. Həm də, gözəl inandıq. “Ayrı yolumuz yoxdu” deyib çiynimizi çəkir, gülümsəyirik ha, o, yalandır. Həqiqət sonrakı anda gözlərimizin dolmağındadır... 

Biri vardı, hə, Gəncənin küçə işıqlarını  sarı atlas bilib “Səni sevirəm, tanqo...” deyə-deyə gəzə bilirdi. Biri yoxdu, hə, o gəzənə yol yoldaşı olmağa. Və elə anların birində gözəl esselərin müəllifi, fotoqraf, rəssam Zeynəb Münzəvi çıxdı qarşısına. Bərabər içdilər gürcü qəhvəçinin  hazırladığı qəhvəni, bərabər getdilər kilsədəki rəsmlər içərisində qraalı axtarmağa. Sonra həyat girdi araya... Zeynəb Münzəvinin fotoaparatını hər xatırladığında dilindən bu sözlər töküldü: “Mənə ümidləri çək...” Hekayəsini də yazdı bunun, xatirəsini də əzizlədi, amma heç  nə qayıdıb “biri var, biri yox” olan o vaxtlardakı kimi olmadı daha…

 

*

Zeynəb Münzəvi ilə getmişdik sazbəndin yanına. Çəkdiyi şəkillər hələ  yaddaşımdadı... Kompüterimin yaddaşında qalıbmı, bilmirəm. Axtarmaq istəmədim. Tar Abbasdan qalan xatirələrin işığında sazbənd axtarışına çıxmışdım. Kəlbəcərin saz-söz sənətini ruhunda yaşadan Aşıq Elbrusa üz tutmuşdum. Demişdi: “Qohumumdur sazbənd Etibar”.   

Emalatxanası kiçik həyətində idi sazbəndin. O bapbalaca məkanda unudulmuş tarix axtarmışdım  xəyalpərəstliyimin işığında. Görmüşdüm ki, unudulmayıb heç nə... Hər şey orada idi - Dədə Qorqudun çaldığı qopuzun səsi də, Koroğlunun Şirinqaladakı göz yaşı da, Aşıq  Zeynalın şikayətini şeirlə dilə gətirdiyi  tavar da... 

İndi, illər sonra yenə həmsöhbətim sazbənd Etibardır. Bu dəfə Zeynəbsizsəm. Zeynəb gedib həyatın qayğı bağçasında ömür sarayının kərpiclərinə qızıyla birgə rəngli xətlər çəkməyə. Gözəldirlər!  

Sazbənd Etibar- Qasımov Etibar Hüseyn oğlu 1969-cu il dekabrın 19-da Kəlbəcər rayonunun Zəylik kəndində anadan olub.   Orta təhsilini  1977-1987-ci illərdə doğma kəndlərindəki məktəbdə alıb.  Dediyinə görə, sazbəndliyi atasından öyrənib.   Həmkəndlilərinin xatirəsində Hüseyn kişi “əlləri qızıl usta” kimi qalıb. Nalbəndliyi də bacarırmış, dəmirçiliyi də, sazbəndliyi də...   Etibar usta sazbəndliyin bir dəfəyə öyrəniləsi sənət olmadığını deyir: 

 

“Əvvəllər  atamın köməkçisi kimi idim. 1993-cü ildən bəri, özüm bu sənətlə məşğulam.   İstər sazbəndlik olsun, istər başqa sənət, əl işlədikcə püxtələşir. Yəni davamlı məşğul olmalısan.  Xammal kimi Şəmkirdən, Goranboydan gətirilən tut ağacından istifadə edirəm. Simlər isə daha çox Bakıdan gətirilir. Sazın çanaq hissəsinin tut ağacından hazırlanması mütləqdir. Çanağın üzü də tutdan olur, bişirib  bu rəngə salırıq. Sazın qolu ən yaxşı qoz ağacından olur. Təzənə də ki, dədə-babadan gilas ağacının qabığından olub. İndi kaprondan da hazırlamaq olur, amma gilas ağacı qabığının səsi ayrıdır də... Bir də, deyim ki, dəmyə  bitən ağacdan daha yaxşı saz olur...”  

 

İndiyədək düzəltdiyi sazların sayının çoxdan 200-ü keçdiyini deyən  Etibar usta əl işlərinin dünyanı gəzdiyindən qürurla söz açdı. Bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Moskvada təşkil etdiyi muzeydə, Milli Koservatoriyada, Kəlbəcər rayon mədəniyyət evində, Güney Azərbaycan aşıqlarında,  Gəncəbasar aşıqlarında üstündə  adı yazılmış sazlardan var.  

Tar Abbasdan öyrənmişdim “tələbə tarı”, “ustad tarı” ifadələrini. Mənim tarım “tələbə tarı” idi. Həkimlər tarı ürəyin üstünə qaldırmağı qadağan edəndən sonra illərlə tarıma baxıb kövrəldim.  Sonra bir qərar verdim: tarım “heç kimə lazım deyil” məhkumluğundan xilas olmalıydı! Ən azından, ayaqüstə 40 dəqiqə mənə tarda “Nədən oldu?”  çalan Hüseyn müəllimin xətrinə tarımın səsi eşidilməliydi! Tarımı verdim bir qələmdaşımın musiqi məktəbində təhsil almağa başlayan oğluna... Hərdən elə bilirəm ki, tarım məndən ötrü darıxır. Sonra özümə təsəlli verirəm: “İşə yaradığına sevinir...” 

Sazbənd Etibardan “tələbə sazı”nı soruşdum. Verdiyi cavab elə xoşuma gəldi ki: 

 

“Sazın da növləri var, əlbəttə! “Cürə” sözü eşitmiş olarsan, qızım, göyçəlisən axı! O “cürə” “tələbə sazı”dır. “Ustad  sazı” daha iri, daha çox imkanlara malik olur. “Tavar sazı” isə  mükəmməl olmalıdır. Yeddi gün, yeddi gecə dastan oxuyan aşıqlar mütləq  “tavar sazı”na sahib olmalıdırlar ki, o müddətdə  rahatca çala bilsinlər”. 

 

Sazbəndlik sənətində şəyirdi yoxdur Etibar ustanın. Buna üzülür... Dedi, mən də üzüldüm.  Bu gözəllikdə bir sənəti öyrənmək fürsəti vermir tale, görəsən, indiki gənclərə, yoxsa? Hə, o “yoxsa” incidir adamı. “Asan qazanc”ın “uğur” olduğunu aşılayan “şəxsi inkişaf  və motivasiya” kitabları bestseller olan dünyada sazbəndlik kimə, nəyə lazımdır axı? Hansı gənc bilə-bilə əllərinin qabar olmasını istəyər? Halbuki, uşaqkən biz əllərimizdəki qabarın sayı ilə öyünür, öyülürdük.  

...Sazbəndlik bizim qayım-qədim el sənətlərimizdəndir.  Dəyərli Musa Nəbioğlunun “Sazımız-sazbəndimiz” (2012) kitabını eləcə vərəqləmək bəs edir ki, bu sənətin “ağ ustad”larını tanıyaq.  Elə həmin kitabda Etibar ustadan da yazıb Musa müəllim. 

“Sazbənd olmaqçün saza bənd olmaq lazımdır”-Etibar ustanın şüarıdır.  Aşıq havalarının gözəl ifaçısıdır Etibar usta. Milli ədəbiyyatımızın “narın üz” şeirlərini əzbərdən bilir.  Düzəltdiyi sazlar içərisində xüsusi xatirəsi olan bir saz var ki, hər xatırlayanda  könlü dağa dönür. Həmin sazı o,  Zəlimxan Yaquba  düzəldib. 

 

“Sazın hissələri 4 dənədir: sinə taxtası, beçə, qol, çanaq...  Beçə çanaqla qolu birləşdirir. Sinə taxtası ən axırda qoyulur. Sinə taxtasını hazırlamaq incəlik tələb edir. Taxtanı yuxaldıram,  qəlibə vururam, bəzən 1 həftə, bəzən 10 gün qurumasını gözləyirəm. Emalatxanamdakı dəzgahları da, qəlibləri də özüm hazırlamışam.  Birdən olur, işin ortasında könlümə bir şeir düşür. Əlimə alıram sazımı, başlayıram oxumağa... Bir görürəm, Bəhmən Vətənoğludan oxuyuram, bir görürəm Dədə Ələsgərdən”.  

 

Sazbənd Etibarın dediyinə görə, usta əlində sazın köklənməsi 2-3 dəqiqə çəkir.   Ondan sonra sazın ürəyi açılır. O ürəkdəki sirr-sehir nə var, gəlib tökülür dinləyənin ruhuna, idrakına.  Usta ilə Kəlbəcərdən də danışdıq.  Bir vaxtlar bizimçün   nağıldakı “əlçatmaz, ünyetməz dağlar” olan  Kəlbəcərə -doğma yurduna etdiyi səfərlərdən də söz açdı: 

 

“Dəfələrlə getmişəm  Zəylik kəndinə.  Orada hiss etdiklərimi deyə bilmərəm. kiminsə məni anlaması üçün o hissi yaşaması lazımdır. Yoxsa anlaşılmaz o illərin həsrətinin bitdiyi an. Saz da çalmışam orada, şeir də oxumuşam... Bir mən bilmişəm, bir doğma yurdum, bir də Tanrı ki, nələr yaşadım orada...” 

 

Bir gün Zəylik kəndində həmsöhbət olmaq diləyilə ayrılıram  sazbənd Etibardan. Amma demirəm ki, məktəb illərindəki ən yaxın rəfiqəm Zəylik kəndindən idi... Və də, onun qohumu idi... Demədim... Bu da, mənim “sirrim” oldu... 

...Biri vardı, biri yoxdu həmişə... Biri uzaqdaydı, biri də lap ovcumuzun içində. Amma biz ikisini də tam anlamadıq niyəsə... “Vardı” uzaqlardakı, “yoxdu” ovcumuzun içindəki!  Təsəllimizdir saz da, tar da, xatirələr də... Ümidləri çəkən fotoaparat hələ icad olunmayıb axı... Məktəb illərindəki dostluqlar “Son zəng” günündən sonra davam etməməlidir ki, çərçivəsi xülyadan olsun, sehri itməsin! Və yazmaq istəyəndə yazmalıdır  qələm adamı;  Əzizə Cəfərzadənin Məmməd Aslana dediyi kimi, “hikmət sandığı”ndakılardan hamı faydalansın deyə... 

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində  “İmarət” İntellektual  Klubun təşkilatçılığı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə dəstəyi ilə təşkil olunan “Kitabqurdu” mütaliə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Xatırladaq ki, tələbələrdə mütaliə etmək həvəsini artırmaq üçün müsabiqə elan edilmişdi. Müsabiqənin şərtləri aşağıdakılar idi:

1.Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi olmaq. 

2. 26.09.2024-cü il tarixdən 26.10.2024-cü il tarixə kimi Qriqori Petrovun "Ağ zanbaqlar ölkəsində" əsərini oxumaq.

3. 22.10.2024-cü il tarixdə kitabı oxumuş tələbələrin həmin kitabın məzmunu  ilə bağlı 25 suala cavab verməsi. 

 

Kollecin adları aşağıda göstərilən tələbələri müsabiqənin qalibi olub, Fəxri Fərman və pul mükafatı ilə təltif olunublar:

Cəfərli Ayşən Anar qızı;

Mirzalıyeva Aybəniz Arif qızı;

Əliyeva Ülviyyə Arif qızı;

Ayxan Məmmədli Səxavət oğlu;

Dünyamalıyeva Günel Şamil qızı.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Rejissor Elçin Ağazadə feysbuk hesabında maraqlı paylaşım edib.

O, Xocalı qurbanlarına həsr olunmuş 'Kölgəsiz Adamlar" animasiya filmi haqqında danışıb.

Bildirib ki, olduqca maraq doğuran bu layihə maddi durumdan dolayı yarımçıq qalıb, davam etdirməyə gücləri çatmır: 

 

"Dəyərli dostlar, qürur hissi ilə sizə Xocalı qurbanlarına həsr olunmuş “Kölgəsiz Adamlar” animasiya filmimizin tizerini təqdim edirəm. 

Ümid edirəm ki, yarımçıq qalmış bu layihə tezliklə tamamlanacaq. Soyqırıma məruz qalmış millətimin səsi ola biləcək bu layihə üçün əlimizdən gələni etmişik, lakin bundan artığına gücümüz çatmır.

Filmimiz bu yaxınlarda Türk ölkələri üçün animasiya filmləri tədbirində nümayiş üçün seçilib, lakin təəssüf ki, maddi imkanlar üzündən bu fürsətdən yararlana bilmədik…. 

Hal-hazırda layihəni tamamlayıb işıq üzü görməsi üçün sponsorlar və ya qrant dəstəyi axtarırıq. Ümid edirəm ki, illərdir göz nurunu bu layihəyə həsr edən rəssamlarımızın əməyi yerdə qalmaz.

 

https://www.facebook.com/share/v/pSviTwWRVgydSnuo/

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

Ramil Zeynallı, “Ədəbiyyat və incəsənət” üçün

 

Sumqayıtın bu ilin noyabrın 22-də şəhər statusu almasının 75 ili tamam olur. Sizlərlə Sumqayıt haqqında maraqlı faktları bölüşəcəm. 

 

Sumqayıt gənc şəhərdir, lakin buranın maraqlı tarixi var. İndiki Sumqayıtın ərazisi vaxtilə Corat sakinlərinin ixtiyarında olub. Bir çox qəsəbə sakinləri Sumqayıtın hazırkı mikrorayon və məhəllələrinin ərazisindən ya örüş, ya əkin, ya da digər məqsədlər üçün istifadə ediblər.

Maraqlı olacağını nəzərə alaraq, Sumqayıt şəhərində vaxtilə Corata aid olan ərazilərin əsl, tarixi adlarını təqdim edirik.

17-18-ci mkr. ərazisi – Umacıq

12 mkr.-42 məh. – Abdul yeri

6 mkr.-13mkr. – Möməli yeri

9 mkr. – Dağmaçı yeri

11 mkr. – Qara bəyin yeri

Sumqayıt qəbiristanlığı – Araba duzdaşıyan yer

Saraya tərəf gedən yol - Grım pirinin yeri

Superfosfat zavodunun ətrafı – Zöhrab zəmi

Asqarlar zavodunun yanı – "Ximkombinat"ın yerində – Təkə qumu

(Qumsal bir torpaq olub, 2 iri buynuz şəklində olduğu üçün Təkə qumu adlanıb)

Hacı Zeynalabdin qəsəbəsinin ərazisi – Qızıl qum

Hacı Zeynalabdin qəsəbəsində aerportun yeri - Hacağaminin örüş yeri

Hacı Zeynalabdin qəsəbəsi ilə Yaşmanın arası - Hacı Xalıqın yeri

Təzə və Köhnə Katecin ərazisi – Hacı Dərəsi

Dəmiryolunun yerləşdiyi ərazi – Abasəli zəmi

17 mkr-nun, 53-cü məh. yeri, bağlara birləşən sahə - Dovşan yatağı

17-ci mkr-dakı dayanacağın başlanğıc yeri - Təsdim (əslində Təslim deməkdir. 

Belə bir fakt var ki, monqollar Corat ərazisinə Teymurun vaxtında hücum etmiş və döyüş-döyüşə geri çəkilmişlər. 

17-ci mkr.-kı dayanacağın başlanğıc yerində məğlub olublar, ona görə də ora Təslim adlanır.)

Körpünün sol tərəfi, şoranlıq sahə - Şor yer.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Tural Əlibabayevin şeirləri  təqdim edilir.

 

 

Dənizlə söhbət

 

Susqun dəniz...

Söylə mənə, sən bu sabah,

Gördünmü onu?.. Gizlətmə, danış,

Halıma bax, ah dalınca çəkirəm ah...

Söylə bilim... Sahilinə gəlibmi O?..

Kədərini sənlə birgə bölübmü O?..

Dinmir... Susur...

Məndən öncə sevdiyimi görübsə də,

Xoşbəxtlərin xoşbəxtidir, məncə, dəniz...

Vaxt var idi bu sahildə,

Dənizdən də xoşbəxt idim...

Qucaqlaşıb sevinərdik hər ikimiz...

Sevgimizi bölüşərdik...

Sevilərdik...

Sevişərdik...

Döydükcə dalğalar sahili,

Coşduqca yayın küləyi.

Daha da möhkəm sarınardıq...

Hiss edərdik bir-birini...

Mən onu, o da məni...

Günümüzə rəng qatıb da,

Sevgimizi yaşadıqca,

Qoyardım mən üç nöqtəni...

Nöqtələrin üçündə də,

Sirli mənalar dolaşar...

Eşqim alovlanıb daşar...

 

Sevgi nəğməsi

 

Uzaqda döyünür sənin ürəyin,

Hiss etdim ritmini yaxınımda mən.

Qalıb xatirimdə gülüşün, səsin,

Oxudum sevgini sirli gözlərdən.

 

Süzdüm qamətini, uca boyunu,

Möhtəşəm rəsmisən sən təbiətin.

Çiçəklə bəzədim gələn yolunu,

Sözümlə bəzəndi sevən ürəyin.

 

Sirli nağılısan yanar eşqimin,

Yanıb alovlanır hər səhifəsi.

Qəlbim dediyini yazan qələmin,

Birinci sözüsən - sevgi nəğməsi.

 

Şuşa

 

Qədim şəhərimiz olan Şuşanın 

270 illiyinə həsr olunur

 

İllər öncə bina etdi Pənah xan,

Qarabağın baş tacıdır bu məkan.

Qorudu mərdanə həm İbrahim xan,

Yeni bir həyata başlayır Şuşa!

Zəfərli sevincini yaşayır Şuşa!

 

Cəsarət rəmzidir qəhrəman şəhər,

Yetirib dahilər, böyük alimlər.

Var qədim abidələr, qədim məscidlər,

Yeni bir həyata başlayır Şuşa!

Zəfərli sevincini yaşayır Şuşa!

 

Şəhid heykəlidi bu sarp qalalar,

Amansız hücumlar etmiş yağılar.

Hər  bir qayasında tarixlər yaşar,

Yeni bir həyata başlayır Şuşa!

Zəfərli sevincini yaşayır Şuşa!

 

Dilbər bir guşədir, mədəniyyət ocağı,

Yayılardı Cıdıra Xan əminin sorağı.

Suyu canlara məlhəm həmin İsa bulağı,

Yeni bir həyata başlayır Şuşa!

Zəfərli sevincini yaşayır Şuşa!

 

"Şuşasız Qarabağ yox!" sözü dillərdə əzbər,

"Qarabağsız Azərbaycan yoxdur!" -

            demiş Ulu Öndər.

Sənət məbədidir Qafqazda gözəl şəhər,

Yeni bir həyata başlayır Şuşa!

Zəfərli sevincini yaşayır Şuşa!

 

Sədalanır muğam üstdə Natəvan qəzəlləri,

Vəsf edir gözəlləri Vaqifin şeirləri.

Bu yurddan ilham almış Üzeyir bəstələri,

Yeni bir həyata başlayır Şuşa!

Zəfərli sevincini yaşayır Şuşa!

 

Dağlar əzəmətlə verib baş-başa,

"Dəmir Yumruq" gücü ilə başladı Haqq savaşa.

Zəfər məqamı oldu azad olan gün Şuşa!

Yeni bir həyata başlayır Şuşa!

Zəfərli sevincini yaşayır Şuşa!

 

Qələbəni həkk etdi tarixə Baş Komandan,

Qürurla söylədi: "Əziz Şuşa, Sən azadsan!"

Daim bayram sədası gələcəkdir Şuşadan,

Yeni bir həyata başlayır Şuşa!

Zəfərli sevincini yaşayır Şuşa!

 

Müəllimdir həmin 

müqəddəs insan

 

Şeiri ilk müəlliməm, mərhum Xavər Məmmədovanın ruhuna ithaf edirəm

 

Qələm tutub, oxumağı öyrədən,

Şagirdinə məhəbbətin bəsləyən.

Qızıl ömrü bir şamtəki əridən

Müəllimdir həmin müqəddəs insan.

 

Vaqif olubq hər bir elmin sirrinə,

Taparıq yol bilik xəzinəsinə.

Yox dünyada bənzəri zəhmətinə,

Müəllimdir həmin müqəddəs insan.

 

Vətənə məhəbbəti öyrənmişik onlardan,

"Ana" kəlməsini oxutdu Əlifbadan.

Həyat yolumuza çilər parlaq nurundan,

Müəllimdir həmin müqəddəs insan.

 

Xoş soraq alanda yetirməsindən,

Dağa dönər qəlbi onun sevincdən.

Dolar gözü ötən xatirələrdən,

Müəllimdir həmin müqəddəs insan.

 

Yetişdirər Vətənə layiq övladlar,

Usanmaz işindən, böyük zövq alar.

İllərin sınağında saçın ağardar,

Müəllimdir həmin müqəddəs insan.

 

Heç vaxt unudulmaz ötsə də illər,

Dəyişsə də dünyasın, qalar yadigar izlər.

Ruhuna sayğıyla rəhmət dilənər,

Müəllimdir həmin müqəddəs insan.

 

44-cü gün

 

Qəbul oldu anaların duası,

Eşidildi şad ruhların sədası.

Otuz illik ağrıların acısı

Bitdi o gün, həmin 44-cü gün,

Zəfər sorağıdır həmin şanlı gün.

 

Mətin oldu Azərbaycan əsgəri,

Darmadağın oldu düşmən səngəri.

Ürəklərin dərdi-qəmi, qəhəri,

Getdi o gün, həmin 44-cü gün.

Zəfər sorağıdır həmin şanlı gün.

 

Tab etməyib səngərlərdən qaçdılar,

Təslim olub, ağ bayraq ucaltdılar.

30 ildə qurulan sədd, hasarlar,

Çökdü o gün, həmin 44-cü gün,

Zəfər sorağıdır həmin şanlı gün.

 

Qəlbi Vətən, eşqi Vətən igidlər,

Qaya kimi öndə bitən igidlər,

Cənnət adlı nur məkana şəhidlər,

Köçdü o gün, həmin 44-cü gün,

Zəfər sorağıdır həmin şanlı gün.

 

Yumruq oldu, vardı xalqın inamı,

Həsrət ilə gözləyirdi məqamı.

Əldə bayraq sevinclərlə bayramı

Etdi o gün, həmin 44-cü gün.

Zəfər sorağıdır həmin şanlı gün.

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

“Ədəbiyyat və incəsənət” portalı oxucularını adətən şeirləri ilə tanınan Vəfa Mürsəlqızının prozası ilə tanış edəcək. Onun növbəti hekayəsi də yəqin ki,  marağınıza səbəb olacaq.

 

 

Hava küləkli idi. Həmişə küləkli günlərdə qəmgin olurdu. Başqa günlərdə də qəmgin olurdu, amma külək onda nəsə qəribə bir hüzn oyadırdı. Restoranın qarşısında həmişəki kimi çoxlu maşın və adam toplaşmışdı. Məhərrəmlikdə toy olmurdu, orucluqda isə toy edənlərin sayı kəskin azalırdı. Bu gün işə tez gəlmişdi. Adətən, işə düz vaxtında gələrdi, nə gec, nə də tez. Darısqal, yarımqaranlıq, nəm bir evin zirzəmisində kirayədə qalırdı. Bura otaq deməyə adamın dili dönmürdü. Camaat arasında xruşşovka adlanan, sovet dönəmindən qalma beşmərtəbəli evin zirzəmisini hansısa diribaş sakin suvayıb otaqfason bir şey təşkil etmişdi. Hərdən ona elə gəlirdi ki, yaşadığı ömür də ona bir növ kirayə verilib. Avtomobil, mənzil və başqa şeylər kimi. Yox, o, Allahın ona əmanət ömür verməsi barədə uzun-uzadı dini mülahizələr yürüdəcək hövsələdə deyildi. Eləcə ən loru şəkildə ömrünü kirayə yaşadığını düşünürdü. Ona görə də ömrünü belə səliqəsiz şəkildə xərcləyirdi. Necə ki adam kirayə mənzilin suvağı qopmuş divarlarına, xarab olmuş su kranına biganə şəkildə “əh, mənim deyil ki” deyərək münasibət bəsləyirdisə, o da öz ömrünə eləcə yanaşırdı. İndi yadına düşdü ki, deyəsən, heç zaman geniş, işıqlı, təmirli ev arzulamayıb. Arzular, əslində, ümidlərdən doğulur. Yəni əvvəlcə adam nəyəsə ümid edir və başlayır arzulamağa. Düzdür, zamanla insan arsızlaşır və arzular da başlayır böyüyüb hüdudunu aşmağa. Lap keçəlin padşah qızını almaq arzusuna dönür. Onun ümidi olmamışdı deyə, arzusu da yox idi. Köhnə pencəyinə büründü. Payız pencəyin mümkün olan bütün açıq hissələrindən onun bədəninə dolmağa çalışırdı. Həyətdə iki yekəpər kişi durmuşdu. Restoranın müdiri ilə nəsə danışırdılar. Görünür, toy gününün vaxtını təyin edirdilər, çünki müdir telefonunun ekranında təqvimə baxıb nəsə hesablayırdı. Sakitcə onların yanından sivişib içəri girdi. Şəlalə dönüb təəccüblə ona baxdı.

– Buy, Camal nə tez gəlmisən?

Şəlalə arıq, qara arvad idi. Qabyuyan işləyirdi. Pis adam deyildi. Bir az çoxdanışan idi, vəssalam. Şəlalənin öz keçmişi haqqında danışdıqlarını, bəlkə, üst-üstə iyirmi dəfə eşitmişdi. Şəlalə vaxtı ilə çox gözəl olduğunu, yaxşı vəzifədə işlədiyini, hətda evində qulluqçu saxladığını da deyirdi. O inanırdı. Çünki həyatda daha betər hadisələr görmüşdü. Keçib masanın arxasında oturdu. Saat beşə on beş dəqiqə işləyirdi. Saat beşdə Sünnət toyu başlayacaqdı. Demək, onun işinin başlamasına hələ qırx beş dəqiqə vardı. Başını masanın üstünə qoydu. Axşam yenə Nərgizlə dalaşmışdılar. Gecə yaxşı yatmamışdı. Evdəki gərginlik həmişə birtərəfli olurdu. Çünki Nərgiz heç vaxt ona cavab qaytarmırdı. Adətən, o, evə içkili gəlir və Nərgizi sıxışdırmağa başlayırdı. Söyürdü, acılayırdı, bəzən də yumruqlarını işə salırdı. Bir-iki dəfə qadını buz kimi havada çölə də atmışdı. Nərgiz heç yerə getmirdi. O yaxşı başa düşürdü ki, Nərgizin getməməsinə səbəb getməyə yerinin olmaması deyil. Hər halda, bu gen dünyada bir qadın üçün yer tapılardı. Bu qadına qarşı hiss etdiklərini təsvir edə bilmirdi. Bu qadını sevirdisə, o zaman niyə gününü qara edirdi, yox, sevmirdisə, niyə onunla bərabər idi? Acmışdı. Stola göz gəzdirdi. Bir tərəfdə bir-iki boşqab pendir, göyərti və süfrədən qayıtmış bildircin kababı vardı. Ürəyi sancdı. Həmişə bildirçinlərə yazığı gəlmişdi. Başa düşə bilmirdi ki, dünyada yeməli bu qədər heyvan, bitki və quş olduğu halda niyə insanın gözü bu balaca, çəlimsiz, yazıq quşcuğaclara düşür. Ömründə bircə dəfə də yeməmişdi bu fağır quşun ətini. Ona elə gəlirdi ki, əgər bildirçinlərin seçim hüququ olsaydı, hər şeyə rəğmən, Allah-təaladan onları qarğa yaratmasını arzu edərdilər. Bir də bu toy məntiqi ona çatmırdı. Əşi, bir qız bir oğlanı sevirsə, bu boyda həngaməyə nə lüzum var?..  Eləcə gedib evlənsinlər və yaşasınlar da. O yaxşı bilirdi ki, toya çağırılan üç yüz, beş yüz adamın içərisində vur-tut beş-on adam səbəbkarların xoş gününə həqiqətən sevinir. Gözləri yol çəkdi. Dəhşətli dərəcədə içmək istəyirdi. Amma özünü saxladı. Bir azdan onun növbəsi gələcəkdi.

Evlərində həmişə, demək olar ki, anadan olandan içki və içkili adam görmüşdü. Atası içən idi. Nəinki içirdi, necə deyərlər, lap küpünə girirdi. Tez-tez dava-dalaş olurdu evdə. Anasını həmişə atasından çox istəmişdi. Sonra bir gün anası öldü. Qohum-əqrəba indi də atasının evlənmədiyini, həyatını ona həsr etdiyini danışırdı. Amma bircə o bilirdi ki, evdə atasının varlığıyla yoxluğu bilinmir. Evlənməyə qalanda isə, evlərinə tez-tez cürbəcür qadınlar gəlirdi. Bu qadınlar gecə onun atası ilə bərabər, anasının yatağında yatırdılar. O isə qonşu otaqda ağlayırdı. Beləcə böyüdü, universitetə daxil oldu və sevdi.

Qız ondan bir kurs aşağıda oxuyurdu. Qaragöz, şən, diribaş bir qız idi. Adı da Gülşən idi. Heç özü də bilmirdi ki, Gülşənlə harda, nə zaman yaxınlaşıblar. Gülşənin bir rəfiqəsi vardı. Sonaxanım idi qızın adı. Sonaxanımı yetişmiş qovuna bənzədirdi həmişə. Qızın qabarıq sinəsi, dolu bədəni, gözəl üzü vardı. Əlbəttə ki. Gülşəndən çox fərqli və gözəl idi. Amma o, Gülşəni sevirdi. Sonaxanım bakılı idi. Gülşən isə Sabirabaddan gəlmişdi oxumağa. Rəfiqə olsalar da, qızlar kəskin fərqlənirdilər. Əslində, Sonaxanım Gülşənə nə qədər yaxın görünsə də, bütün hərəkətləri və davranışları ilə fərqli olduğunu göstərməyə çalışırdı. Üstünlüyünü, şəhər qızı olmasını vurğulayır və hətta Gülşəni hər mümkün fürsətdə əzirdi. O, kişi intuisiyası ilə başa düşürdü ki, Sonaxanım ona diqqət yetirir. Bəlkə də, Sonaxanım, sadəcə, Gülşənin acığına ona maraq göstərirdi. Bir bazar günü Sona zəng vurub onu atasıgilin Novxanıdakı bağ evinə dəvət etdi. Sonanın dediyinə görə, uşaqlar da bağa yığışacaqdılar. Özü də bilmədi niyə ürəyinin dərinliyində Sonanın bu uşaqlar haqda dediklərinə inanmadı. Sürücülük vəsiqəsi vardı, amma maşını yox idi. Məhlə uşaqlarından birinin maşınını götürdü. Jiquli markalı köhnə avtomobil bağ massivində irəlilədikcə sanki bədənində qarışqa gəzirdi. Bu aralar Gülşəni də, keçmişdə baş verənləri də, gələcəkdə baş verəcəkləri də unutmuşdu. Eləcə uçurdu, Sonaxanıma sarı uçurdu. Gündüzdən uşaqlarla kafedə bir az içmişdi. Beynində Sonanın kaman qaşları, çoxmənalı baxışları və sinəsi dolanırdı. Gülşənin məsum üzü də bu xəyalın arxasından arabir görünub itirdi.

Bağ evini gec tapa bildi. Gəlib çatanda saat doqquza işləyirdi. Günəş yavaş-yavaş əyilirdi. Dənizdən əsən sərin külək adamı ətri və təravəti ilə bihuş edirdi. Bir-birinə sıxılmış bağlar, meynəliklər, sahil qumları batmaqda olan günəşin şəfəqlərində çimirdi. Bağı birtəhər tapdı. Darvazadan içəri girəndə həyətdə hökm sürən sakitlikdən zənnində yanılmadığını anladı. Sonaxanım içəridən qaça - qaça çıxıb ona yanaşdı. Əynində qarışıq rəngli, göy qurşağını xatırladan sarafan vardı. Sarafan nazik idi və qızın bütün bədəni, demək olar ki, kölgə şəklində hiss olunurdu. Uzun, qıvrım saçları başının ortasında sancaqlanmışdı. Camal arzu olunduğunu anlayan kişi hiyləgərliyi ilə soruşdu:

– Uşaqlar hanı bəs?

– Uşaqlar gəlib çıxmadılar. Zəfərə demişdim, Narıngülə də. Gülşən heç. Xazyaykası onun keşiyini bərk çəkir. Bu vaxt çölə-bayıra buraxmaz. Maması bərk-bərk tapşırıb. Yenə də Gülşəni əzmək həvəsi vardı qızın danışığında. Sonra sanki səhvini anladı. Bu anda Camalın Gülşənə olan hisslərini yada salmaq lazım deyildi. Qız süzgün gözlərini oğlanın enli sinəsinə dikib gülümsündü.

– Əşş, uşaqlar nəyinə lazımdı ey sənin. Mən varam da. Otur çörək yeyək, acından ölürəm.

Sonaxanımla yedikləri kotlet, qarpız yadında idi. Bir də şərab içdilər. Qızın belə sərbəst, rahat şərab içməsi ona hətta xoş da gəldi. Beyni dumanlı idi. Bir də Sonanın dəniz qumu və fransız ətri verən saçlarını, yumşaq bədənini xatırlayırdı. Gözlərini açanda Sonaxanımla eyni yataqda yatmışdı. Qızın uzun, buruq saçları yatağa dağılmışdı. İlk hiss etdiyi şey peşmançılıq oldu. Duman dağılmışdı, onun üçün həyatda müqəddəs olan nə isə sanki sınıb yatağa tökülmüşdü. Bu qırıqlar ona batır, onu narahat edirdi. Telefonunu açdı ki, saata baxsın. Saat dördə on beş dəqiqə işləyirdi. Axşamdan bəri səssizə qoyduğu telefona on səkkiz mesaj, otuz iki zəng gəlmişdi. Zənglər də, mesajlar da Gülşəndən idi. İçini gəmirən peşmanlıq hissi içərisində sabah sevdiyi qıza nə deyicəyini, bu işlərin nəylə bitəcəyini, Sonaxanımın bundan sonra onun həyatında hansı rolu oynayacağını düşünməyə başladı. Qalxıb vanna otağına keçdi. Su şırnağı başından aşağı süzüldükcə yüngülləşirdi. Gülşəndən hər şeyi gizlətməyə qərar verdi. Hamamdan çıxanda telefonu yenidən zəng çalırdı. Özünü telefona çatdırana qədər Sonaxanım artıq telefonu açmışdı. Yəqin ki, qız gecənin bu vaxtı sevgilisinin telefonuna nə üçün rəfiqəsinin cavab verdiyini anlamağa çalışırdı. Bir anlıq çaşqın halda otağın ortasında dayanmış Gülşəni görürmüş kimi oldu. Sonaxanımın son cümləsi ox kimi beyninə sancıldı:

– Gecənin bu vaxtı neynillər ki, Gülşən, yatmışdıq.

Özünü otağa atdı, telefonu Sonanın əlindən qapıb qulağına apardı. Son eşitdiyi Gülşənin hıçqırıqları oldu. Tələsik geyinib bayıra qaçdı, Sona da onun ardınca yüyürüb son anda maşının arxa oturacağına otura bildi. Elə həyəcanlı idi ki, Sonanın maşında olub-olmamasına da fikir vermədi. Bircə şey düşünürdü, şəhərə tez çatamaq. Ancaq indi etdiyinin necə mənasız, necə axmaq bir şey olduğunu və bəlkə də, bu gün bütün həyatını dəyişdiyini başa düşürdü. Yol bitmək bilmirdi. Yalnız döngələrdən birini dönəndə ona elə gəldi ki, yol qəfil qurtardı. Nə olduğunu anlamadan uçduğunu hiss etdi. Sonanın qışqırığı, sınan şüşələrin cingiltisi və eniş...

Xəstəxanada qəzadan bir həftə sonra özünə gəldi. Sol ayağının baldır sümüyü xıncım-xıncım olmuşdu. Boynu sınmışdı, beyni silkələnmiş, daxili orqanları zədələnmişdi. Sona qəzada ölmüşdü.Yarım ilə yaxın xəstəxanalarda qaldı, atası bir dəfə də yanına gəlmədi. Qohum-əqrəba da eləcə. Xəstəxanadan yarımcan çıxdı. Qaraciyəri zədəli, sol ayağı qüsurlu, üzündə dərin bir yara izi vardı. Axırıncı kursda imtahanları vermədi, ümumiyyətlə, universitetin həndəvərinə də hərlənmədi. Bir-iki dəfə Gülşənin nömrəsini yığdı. Amma görünür, qız nömrəni dəyişmişdi. Bu vəziyyətdə, yəni işsiz, evsiz, iş qabiliyyəti olmayan bir adam hansısa sevgidən, necə danışa bilərdi?

Bu işi ona dostlarından biri tapmışdı. Kloun işləyirdi. Saat hesabı sünnət toylarında, ad günlərində təlxəklik edirdi. Atası evi satıb pulunu tapdığı küçə qadınlarından biri ilə yemişdi. İndi onun harda olduğunu bilmirdi. Özü isə kirayə tutduğu zirzəmidə onunla yaşayırdı. Təsadüfən tanış olduğu, keçmişi ilə əlaqədar heç nə bilmədiyi o qadınla. Nərgizin keçmişindən heç zaman arxayın olmamışdı. Xüsusən başına gələnlərdən sonra bütün qadınlardan zəhləsi gedirdi. İnanmırdı, etibar etmirdi. Amma Nərgiz, deyəsən, doğrudan da, onu sevirdi. Demək olar ki. hər gün evə sərxoş gəlir, içəri girən kimi də ağlına gələn ilk fikir Nərgizin ona xəyanət edə biləcəyi ehtimalı olurdu. Qapıdan girən kimi günahı oldu-olmadı, ona sığınmış, bəlkə də, həqiqətən onu sevən bu qadını döyürdü. Üç il idi bir yerdə idilər. Nərgiz bu üç ildə bir dəfə də şikayət eləməmişdi həyatından. Acıq eləməmişdi, onu qınamamışdı. Əksinə, həmişə döyüləndən sonra ona qısılır, Camal, sənin qızıl kimi ürəyin var, içmə də, nolar, deyirdi. Ona elə gəlirdi ki, Gülşən onun bütün həyatını, uğurlarını və gələcəyini özü ilə aparıb. Gülşəndən başqa qadın sevə bilməz, yaşadıqları da elə-belə, ötəri hisslərdir. Nərgizi isə sevmək üçün yox, sadəcə, sahibsiz, yazıq olduğu üçün yanında saxladığını düşünürdü. Kim idi Nərgiz? Onun sevgisinin tör-töküntüsü ilə doyan, kifayətlənməyə məcbur olan biri. Ərdən boşanmış, tək yaşamış, kim bilir, ona qədər nə oyunlardan çıxmış bir qadın. Gülşənlə müqayisəyə belə gəlməyən bir qadın. Niyə sevirdi onu bu gözəl və yazıq qadın?.. Nəyini sevirdi? Ona həmişə elə gəlirdi ki, göstərdiyi qayğı Nərgizə çoxdur. Nərgizi tumarlamaq olmaz, onu tərfiləmək olmaz, ayağı yer alar. Qudurar, ona xəyanət edər.

Banket zalına girəndə həmişəki kimi səntirlədi. Adətən, təlxək gərək girəcəkdə səntirləyəydi və hətta yıxılaydı da. Qırmızı ağzı, ağappaq sifəti ilə təzad yaradırdı. Uşaqlar bir anda onu dövrəyə aldılar. Əzbərlədiyi mətni mikrofonla oxumağa başladı. Toyu olan uşaq stulda oturmuşdu. Məzəli səslə uşağın valideynlərini çağırdı. Rayon adamına bənzəyən kişi və uzun, tünd-mavi paltar geyinmiş qadın ona yaxınlaşdı. İkinci dəfə səntirlədi, amma bu dəfə ssenaridən kənar. Uşagın anası Gülşən idi. Gülşən dəyişilmişdi, gözləri çuxura düşmüş, üzü uzanmışdı. İllərlə xəyalında yaşatdığı məsum qız yorğun, üzgün bir kənd qadınına çevrilmişdi. Özündə güc tapıb köhnə hisslərinin üstündəki qalın toz təbəqəsini ufurmək, hisslərini alovlandırmaq istədi. Başa düşürdü ki, bundan sonra onun hissləri heç kimə gərək deyil. Bu qadın ölsə də, yanındakı qara, bığlı kişini tərk etməz. Sadəcə, sevə bilmək qabiliyyətini yoxlayırdı. Amma alınmadı. Təəccüb içində kəşf etdi ki, qadın haqqında düşünən kimi xəyalına Nərgizin fağır, cazibədar, əsmər çöhrəsi gəlir. Bu arıq, qayğılı kənd qadınını sevə bilməzdi. Doğma heç nə qalmamışdı Gülşənin simasında. İçində nəsə qırıldı. O gecə, Sonaxanımla özünü bir yataqda gördüyü gecə də belə olmuşdu. Qrimlənmiş üzündəki iri gözlərindən yaş axmağa başladı. Bulanıq su sürüşkən yanaqları ilə üzüaşağı axdıqca balaca bəy təəccüblə ona baxırdı. Tamaşa sona çatmaq üzrə idi. Reqlamentə uyğun işini görmüşdü. Zaldan çıxdı. Ürəyi sancırdı. Fikirli addımlarla restorandan uzaqlaşdı.Yolu yarılayanda yadına düşdü ki, üzündəki qrimi yumayıb. Yanaqlarında göz yaşlarından qalan kirli izlər, dodaqlarında isə təbəssüm. Yolun ortası ilə bir kloun addımlayırdı, ovcunda bu axşam qazandığı pulu vardı. Yorğun gözlərini bir anlığa yumdu. Gülşənlə vidalaşmaq istədi. Çox illər əvvəlki simanı, hər gecə yuxusuna girən, hər səhər xatırladığı simanı onca dəqiqədə unutmuşdu. Gözlərini yuman kimi ağlına Gülşənin əvəzinə bayaqkı yad qadın gəlirdi. Birdən-birə Nərgiz üçün darıxdığını hiss etdi. Üç ildə ilk dəfə Nərgizi sevdiyini dərk elədi. İçində bir ümid pöhrələnirdi. Hiss edirdi ki, hər şey yaxşı olacaq. Yalniz indi yadına düşdü ki, Nərgizlə nişan üzükləri yoxdur.

Qaranlıq döngədən keçib üzündəki qrimə, əcaib görünüşünə məhəl qoymadan sahildəki dükanlardan birinə girdi. Ovcunda tutduğu əlli manatı satıcı qıza verib gümüş üzüklərdən birini aldı.

 

 

“Ədəbiyyat və incəsənət”

(25.10.2024)

 

 

-

        

 

60 -dən səhifə 1841

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.