Qoşar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Zamana qənaət etmək üçün bəzən mən də, bir çoxları kimi, ictimai nəqliyyatdan istifadə edirəm. Bu zaman adət etmişəm ki, radio dinləyim. Bu dəfə isə diqqətimi bir mahnı – daha doğrusu, onun sözləri cəlb etdi. Sözləri tez yadda saxlayıb nəqliyyatdan endikdən sonra qeyd etməyə və araşdırmağa qərar verdim.
Bilirəm, sizi intizarda saxladım, narahat olmayın, həmin sözləri sizinlə də bölüşəcəyəm:
– Məni niyə aldadırsan, danışdığın var,
Səhərə qədər xətdəsən, yazışdığın var.
Bəli, bəli, sözlər tam da belə idi. Bu ifadələr mahnının əsas hissəsini təşkil edir və nəqarət kimi təkrarlanırdı. Doğrusu, ilk eşidəndə üzümdə kinayəli bir təbəssüm yarandı. Araşdırma apardım və YouTube platformasında bu mahnının yarım milyondan çox dinləyicisinin olduğunu gördüm. Şərhləri nəzərdən keçirdikdə bəzi insanların mahnını təriflədiyini, digərlərinin isə tənqid etdiyini müşahidə etdim.
Bəlkə də düşünürsünüz ki, burada qeyri-adi nə var?! Zövqlər müxtəlifdir və bu mahnının da öz auditoriyası olması normaldır. Bununla müəyyən qədər razılaşsam da, narazı qaldığım əsas məqam, mahnı sözlərinin bəsit və keyfiyyətsiz olması, eyni zamanda insan ruhunu zənginləşdirmək əvəzinə, onu boşluğa sürükləməsidir. Axı musiqi ruhun qidası sayılır! Mən hələ bu mahnıya çəkilmiş klipdən danışmıram...
Günümüzdə bu cür mahnılar çoxdur və trendlərdə dolaşmaqdadır. Məsələn, bu yaxınlarda məşhur müğənnimizin ifasında səslənən bir mahnıda belə deyilirdi:
– Yay çıxıbdır oxdan.
Bəlkə də bir çox insan mahnının atmosferinə qapılaraq, bu cümlənin məntiqini dərindən düşünməmişdi. Lakin bu məqam diqqətə çatdırılandan sonra hər kəs fərqinə vardı ki, əslində ox yaydan çıxır, yay isə oxdan yox! Düşünürəm ki, belə mahnılar minlərlə insanın zövqünü formalaşdırırsa, onların müəllifləri və ifaçıları da bunun məsuliyyətini daşımağı bacarmalıdırlar.
Mübariz Tağıyev, İslam Rzayev, Səxavət Məmmədov, Rübabə Muradova, Nəzakət Məmmədova, Polad Bülbüloğlu, Flora Kərimova, Rəşid Behbudov, Müslüm Maqomayev və digər görkəmli sənətkarları dinlədikdən sonra bu cür bayağı mahnılara qulaq asanda insan istər-istəməz mənəvi utanc hissi yaşayır.
Sizə Flora Kərimovanın ifasında səslənən "Necə unudum səni?!" adlı mahnıdan kiçik bir bənd təqdim edirəm:
Ürəyimdə qorundun,
Saçlarımda dən oldun,
Alnımın qırışısan,
Necə unudum səni?
Sözlər həcmcə kiçik, mənaca isə böyük əhəmiyyət daşıyır. Qeyd etdiyim bayağı mahnı sözləri ilə müqayisədə, keyfiyyət baxımından möhtəşəmdir. Böyük hissləri kiçik sətirlərə sığdırmaq peşəkarlıq, ustalıq və məsuliyyət tələb edir ki, bunu da zamanında böyük sənətkarlarımız yüksək səviyyədə bacarıblar. Düşünürəm ki, bayağı mahnıların sözlərinin formalaşması kasad düşüncənin təzahürüdür. Keyfiyyətli misralar yazmaq və yaratmaq yalnız dərin düşüncənin, zəngin mənəviyyatın məhsulu ola bilər.
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)