Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
İnsan nədir? O, öz düşüncəsinin sahibi olan azad bir varlıqdırmı, yoxsa görünməz tellərlə idarə olunan bir marionet? Tarix boyu filosoflar, yazıçılar və inqilabçılar bu sualın ətrafında dolaşıblar. Ancaq bəzi insanlar bu suala kitab səhifələrində yox, real həyatda cavab veriblər.
Çarlz Manson - onun adı sadəcə bir cinayət tarixçəsi deyil, o, azad iradənin nə qədər kövrək olduğunu sübut edən bir simvoldur.
O, qanunların və cəmiyyətin qadağaları ilə çərçivələnmiş dünyada yaşamadı. O, insanları sadəcə sözlərlə köləyə çevirə bilən nadir insanlardan idi. Onun üçün xaos məhv yox, yaradılışın özü idi. Bəlkə də o, cəmiyyətin təzahürü idi. Maskalarını çıxarıb çılpaq şəkildə bizə göstərən bir güzgü. Bəlkə də biz ona nifrət etmirik, sadəcə onun göstərdiyi həqiqətdən qorxuruq.
İnsan həmişə öz iradəsinə sahib olduğuna inanır. O, düşünür ki, həyatını öz seçimləri ilə formalaşdırır, yaxşı ilə pisi, işıqla qaranlığı özü müəyyən edir. Lakin bu həqiqət deyil. Azad iradə bir illüziyadır. Seçimlərimiz bizə məxsus deyil; onlar bizi formalaşdıran sosial təsirlərin, instinktlərin, qorxuların və arzuların məhsuludur. Biz düşündüyümüz qədər sərbəst deyilik. Bizi idarə edənlər, əslində, bizə seçim etdiyimizi düşündürənlərdir.
Çarlz Manson bunu bilirdi. O, anlamışdı ki, insan doğuşdan manipulyasiya olunmaq üçün yaradılıb. Mansonun yaratdığı "Family" qrupu bunun sübutudur. İnsanlar yalnız bir insanın sözləri ilə düşünə, onun fikirlərini mənimsəyə bilərdilər. O, insan iradəsinin zəifliyini ifşa etdi.
Bəlkə də ona nifrət etmirik, sadəcə qorxuruq. Qorxuruq ki, bizim də iradəmiz bir gün sarsıla bilər. Bəlkə də biz heç vaxt tam azad olmamışıq...
Gəlin, bir insanın necə yaranıb formalaşdığını düşünək. Bütün qəddarların uşaqlıq travmaları var deyirlər. Amma Mansonun hekayəsi sadəcə bir yetim uşağın əzablarından ibarət deyil. Onun həyatı başdan-ayağa rədd edilməkdən toxunmuşdu. O, daha ana bətnində ikən istənilməyən idi, doğulduğu andan etibarən sevgi yerinə zorakılıq gördü. Cəmiyyət üçün artıq o zaman "zərərli" idi, o, sistemin gözündə bir səhv idi və bu səhvi silmək istəyirdilər.
İnsan həyatının ilk illərində şəfqət görməsə, sevgini necə dərk edər? Manson dünyanı yalnız rədd edilmək və istismar olunmaq prizmasından gördü. O, həbsxana divarları arasında böyüdü, amma həbsxanalar insanı yalnız məhdudlaşdırmır, həm də ona həyatın ən çılpaq həqiqətlərini öyrədir. O, gücün haradan gəldiyini gördü. O başa düşdü ki, güclü olmaq üçün əzələlərə yox, insan ruhunun açarına sahib olmaq lazımdır... Və ya onun "azadlığına"..
Azadlıq – insan şüurunun ən böyük yanılsamalarından biridir. Biz seçim etdiyimizi düşünürük, amma gerçəkdən bizə verilən çərçivələr içində hərəkət edirik. Biz iradəmizin sərbəst olduğunu sanırıq, halbuki həyatımız boyunca öyrəndiklərimiz, sosial normativlər və başqalarının təsiri altında yönləndirilirik. Çarlz Mansonun manipulyasiya üsulu da məhz bu prinsipi əsas alırdı. İnsanlara onların azad olduğunu hiss etdirmək, əslində isə onları öz oyununda piyadaya çevirmək. O, insanların zəif tərəflərini tapır, onların ehtiyaclarını, qorxularını və arzularını istifadə edərək onları idarə edirdi. Bu isə sadəcə bir psixopatın strategiyası deyildi. Bu, tarixin ən böyük manipulyatorlarının, filosoflarının və yazıçılarının da təsdiqlədiyi bir həqiqət idi.
Dostoyevskinin "Karmazov Qardaşlar" romanında, Böyük inkvizitor səhnəsində belə bir fikir irəli sürülür ki, insan azadlıq istəmir, insanın həqiqətən ehtiyac duyduğu şey itaətdir. O, qərarlar vermək, öz iradəsini reallaşdırmaq istəməz. Çünki azad olmaq qorxunc bir məsuliyyətdir. İnsanlar seçim etmək əvəzinə, öz inanclarına, liderlərinə və sosial normalara tabe olmağı üstün tuturlar. Manson bu həqiqəti çox yaxşı anlayırdı. O, özünü bir rəhbər kimi təqdim etmirdi. O, insanlara onların həqiqətən nə istədiyini öyrətməyi bacaran bir "dost" kimi çıxış edirdi. O, heç vaxt əmr vermirdi, sadəcə istədiyi şeyin onların öz arzusu kimi görünməsini təmin edirdi.
Bu yanaşma nəinki dini və ideoloji liderlərdə, həm də böyük yazıçılarda və filosoflarda müşahidə olunur. Sartr "Varlıq və Heçlik" əsərində insanın azadlığının bir lənət olduğunu yazırdı. O, deyirdi ki, insanlar daim azad olmaq iddiasındadırlar, amma əslində, onların əksəriyyəti bu azadlıqdan qaçmağa çalışır. Manson da bunu bilirdi. Onun ardıcılları özlərini "azad ruhlar" hesab edirdilər, cəmiyyətin məhdudiyyətlərindən qurtulduqlarını düşünürdülər, amma gerçəkdə onlar Mansonun qurduğu bir sistemin içində daha da dərin bir köləliyə sürüklənmişdilər. Onlar azad olduqlarını zənn edirdilər, amma əslində, onların hər bir düşüncəsi və hərəkəti Mansonun əvvəlcədən toxuduğu bir torun içində idi.
Daha bir misal olaraq, Nitşenin "Hakimiyyət iradəsi" nəzəriyyəsini göstərmək olar. Nitşe insanın əsas instinktinin sadəcə yaşamaq və xoşbəxt olmaq yox, güc əldə etmək və hakimiyyət qazanmaq olduğunu iddia edirdi. O, deyirdi ki, cəmiyyət insanları əhliləşdirməyə çalışır, amma əslində, ən güclü fərdlər cəmiyyətin normativlərinə qarşı çıxaraq onları özlərinə uyğun şəkildə formalaşdıranlardır. Manson bu prinsipi dərindən mənimsəmişdi. O, bir cəmiyyətin içində olmadı, öz cəmiyyətini qurdu. O, sosial dəyərləri dağıdaraq, yeni bir sistem yaratdı və insanlara elə gəldi ki, artıq onlar daha "saf", daha "azad" və daha "doğru" bir həyat yaşayırlar. Halbuki, bu sistem də yalnız onun iradəsinə tabe idi.
Eyni prinsipi Orvelin "1984" romanında da görürük. Böyük qardaş insanları manipulyasiya edərkən onlara azadlıq verirmiş kimi görünür, amma əslində, onların düşüncələrini belə idarə edirdi. İnsanlar özləri-özlərinə xəyanət etdiklərini anlamırdılar, çünki sistem onların nə düşünməli olduğunu diktə edirdi. Çarlz Manson da eyni metodu istifadə edirdi. O, öz ardıcıllarına elə bir ideologiya aşılayırdı ki, onlar öz qətillərini belə bir azadlıq hərəkəti kimi görürdülər.
Herman Hesse isə "Yalquzaq" əsərində insanın ikili təbiətini təsvir edirdi. İnsan həm öz daxili instinktləri ilə yaşamağa can atır, həm də cəmiyyətin ona təlqin etdiyi qaydalara boyun əyməyə çalışır. Hessenin qəhrəmanı, Harri Haller, bu iki dünya arasında qalmış, hansı tərəfə aid olduğunu bilməyən biridir. Manson bu ikiliyi insan psixologiyasında çox yaxşı görürdü. O bilirdi ki, hər kəsin içində bir "yalquzaq" yatır, bir tərəfdə cəmiyyətə uyğunlaşmaq istəyən insan, digər tərəfdə isə qanunları və qaydaları pozmağa hazır olan azğın bir ruh var. Onun manipulyasiyası məhz bu tərəfi oyatmağa yönəlmişdi.
Beləliklə, Çarlz Mansonun manipulyasiya metodu sadəcə bir cinayətkarın təsadüfi üsulu deyildi. O, insan psixologiyasını, fəlsəfi ideyaları və sosial mexanizmləri dərindən anlayan biri idi. O, insanların nəyə inanmaq istədiklərini bilirdi və onlara istədikləri şeyləri elə bir formada təqdim edirdi ki, onlar bunun öz seçimləri olduğunu sansınlar. Bu, əslində, bütün tarixi boyunca güc sahiblərinin, siyasətçilərin, dini liderlərin və hətta böyük yazıçıların da istifadə etdiyi bir metoddur.
Azad iradə həqiqətən varmı? Yoxsa biz sadəcə bizə təqdim edilən seçimlər içindən birini qəbul edirik? Manson bu sualın cavabını bilirdi. Və o, insanlara azad olduqlarını hiss etdirərək onları idarə edirdi. Bu, onun manipulyasiya sənətinin ən zirvə nöqtəsi idi.
Dostoyevski deyir ki, "İnsan hər şeyə öyrəşir". Manson öyrəşmədi. O, uyğunlaşmadı. O, həyatını intiqam fəlsəfəsi üzərində qurdu. Amma onun intiqamı silahlarla, zorakılıqla deyil, insan zehninə nüfuz etməklə həyata keçirdi. O, qisasını fərdi şəkildə almadı. Başqalarına aldırdı.
Mansonun uşaqlığı sevginin, mərhəmətin və qayğının olmadığı bir xaosdur. O, doğulduğu andan etibarən cəmiyyətin ən qaranlıq künclərində yaşamağa məhkum idi. Onun anası bir fahişə idi, atasının kim olduğu isə heç vaxt bilinmədi. O, sevgi görmədi, qayğı görmədi yalnız zorakılıq və cinayət gördü.
Dostoyevski: "Uşaq yaşlarında alınan təsirlər insanın ruhunda silinməz izlər buraxır." Mansonun aldığı təsir nə idi? Bir körpə dünyaya gələndə o, günahsızdır. Amma əgər o, yalnız nifrət, qorxu və səfil həyat görsə, nə olacaq?
Manson küçələrdə, həbsxanalarda böyüdü. O, sevgisiz bir mühitdə yaşadı. O, özünə bir həqiqət yaratmalı oldu. Bu dünyada yalnız güclü olan sağ qalır.
Nitşe yazırdı: "Güc istəyənlər, əslində, gücsüzlükdən əziyyət çəkənlərdir." Bəlkə də Mansonun gücə olan ehtirası, onun keçmişinin bir əks-sədası idi. Əgər sənə heç vaxt sevgi verilməyibsə, sən dünyanı sevgi ilə yox, qorxu ilə idarə etməyə çalışarsan.
Çarlz Mansonun ən qorxunc gücü nəydi? Onun fiziki gücü yox idi, silahı yox idi. Amma insan ruhunu idarə etmək üçün bunlara ehtiyac da yox idi. Onun silahı sözlər idi. O, danışanda insanın içində dərin bir səs oyanırdı. Bu səs əslində daim orada olub, sadəcə susdurulmuşdu. O, bu səsləri oyatdı. O, insanların daxili qaranlıqlarına işıq saldı və onlara dedi: "Bu qaranlıqdan qorxma, onu qucaqla."
Onun yaratdığı "Family" qrupu sadəcə bir dəstə manyak deyildi. Onlar, cəmiyyətin özlərindən kənarlaşdırdığı, qəbul etmədiyi və dünyaya yad olan insanlar idi. Manson onları qəbul etdi, amma bunun əvəzinə onlardan ruhlarını aldı. İnsanlara azadlıq vəd etdi, amma onlardan ən böyük azadlığı, seçim azadlığını aldı.
Dostoyevski "Karamazov Qardaşları"nda deyirdi: "İnsan azadlıqdan qorxur, çünki azadlıqla gələn məsuliyyəti daşımağa gücü çatmır." Manson bu həqiqəti bilirdi və istifadə edirdi. İnsanlara azadlıq hissi verdi, amma onları ona tamamilə tabe etdi. Onlar Mansonun səsi ilə düşünür, onun gözləri ilə görür, onun arzuları ilə yaşayırdılar. Bu, azadlıq deyildimi? Bəlkə də sadəcə fərqli bir köləlik idi. Könüllü köləlik...
Manson, Qərbin müasir azadlıq mifinin üzərində bir bıçaq çəkdi. O, sübut etdi ki, insan iradəsi düşündüyümüz qədər güclü deyil. İnsan azad olmaq istədiyini düşünür, amma əslində idarə olunmaq istəyir. İnsan seçim etməyi yox, seçilmiş yoldan getməyi üstün tutur.
Mansonun metodu sadə idi. O, insanlara onların eşitmək istədikləri şeyləri deyirdi. O, insanlara onların özlərini tapdıqlarını düşündürürdü, amma əslində onları tamamilə məhv edirdi.
Sartr yazırdı: "İnsan həmişə azad olmaq istəyir, amma azadlıqla nə edəcəyini bilmir." Manson isə onlara azadlığın bir illüziya olduğunu öyrətdi. O dedi ki, cəmiyyətin qoyduğu qaydalar boşdur, insanlar cəmiyyətin kölələridir və əsl azadlıq yalnız qanunlardan, əxlaqdan, ənənələrdən qurtulmaqdır.
Bəs sonra nə oldu? İnsanlar bu fikri qəbul etdilər. Onlar Mansonun dediklərinə inanmağa başladılar, çünki inanmaq istəyirdilər. Onlar Mansonun onlara verdiyi yeni reallığı qəbul etdilər, çünki öz reallıqları çox ağrılı idi.
Dostoyevski yazırdı: "İnsan azadlıqdan qorxur. O, hər zaman kimsə tərəfindən idarə edilmək istəyir." Manson bu həqiqəti başa düşdü və onu öz xeyrinə çevirdi. O, insanlara "sən azadsan" deyirdi, amma əslində onlara itaət etməyi öyrədirdi.
Onun sözləri hipnotik idi. O, insanlara öz düşüncələrini təlqin edirdi. O, bir güzgü idi – insanlar onun dediklərini eşidib özlərini tanıyırdılar, amma heç bilmirdilər ki, bu düşüncələr özlərinə aid deyil. Manson onlara öz zehinlərini dəyişməyi öyrətdi və beləcə onların ruhlarını əsir aldı.
Bəs biz?
Biz əminikmi ki, manipulyasiya olunmuruq? Biz öz iradəmizlə düşünürükmü, yoxsa bizə düşünməli olduğumuz şeylər öyrədilir?
Sartr deyirdi: "Cəhənnəm başqalarıdır." Bəlkə də biz başqalarının yaratdığı bir cəhənnəmdə yaşayırıq və bunu hiss etmirik.
Mansonun metodu əslində siyasətçilərin, dini liderlərin və korporasiyaların metodlarından fərqlənmirdi. O, həqiqət adı altında yalanı satırdı. Amma bir fərqi var idi. O, bunu gizlətmirdi.
O, açıq şəkildə göstərirdi ki, insan manipulyasiya olunmağa meyllidir. İnsan həmişə bir lider axtarır. İnsan həmişə hansısa bir gücə itaət etməyə can atır.
Dostoyevski deyirdi: "Əgər insan Tanrıya inanmasa, o, özünə yeni tanrılar yaradacaq."
Manson yeni bir tanrı oldu. O, xaosun içində bir qayda yaratdı. O, insanlara yeni bir həqiqət verdi. Amma bu həqiqət bir tələ idi. Və bəlkə də bu, bizim üçün bir dərsdir. Bəlkə də biz azad olmağa çalışmaq əvəzinə, kimə və nəyə itaət etdiyimizi dərk etməliyik. Bəlkə də biz öz manipulyasiya olunduğumuzu qəbul etməliyik.
Çünki azadlıq, bəlkə də, elə öz köləliyimizi anlamaqdır.
Bəs Manson kim idi? O, sadəcə bir manyak idimi, yoxsa bir filosof?
O, cəmiyyətin bir səhvi idi, amma bəlkə də bu səhv elə cəmiyyətin özünü başa düşmək üçün bir güzgü idi.
O, insan təbiətinin ən qaranlıq tərəflərini açdı. O, azadlıq və itaət arasındakı sərhədi məhv etdi. O, göstərdi ki, insanın öz iradəsi bir göz qırpımında əlindən alına bilər.
Nitşe deyirdi: "Kim uçuruma çox baxarsa, uçurum da ona baxmağa başlayar."
Manson uçuruma çox baxdı. Amma biz? Biz əminik ki, hələ də həmin uçurumun kənarında deyilik?
Mən bəzən düşünürəm. Manson dahi idimi, yoxsa bir dəlidirmi? Bəlkə o, sadəcə cəmiyyətin kölgəsi idi? Bəlkə biz ona nifrət edirik, çünki o, bizim öz içimizdəki qaranlığı ortaya çıxardı.
O, cinayətkar idi, amma o, bir sistemin içində böyüyən, o sistemin yaratdığı və formalaşdırdığı bir insan idi. O, qanunları pozurdu, amma qanunlar əvvəlcə onu pozmuşdu. O, xaos içində yaşadı və xaosla öldü.
Düşün. Cəmiyyətin yaratdığı dəyərlər əslində bizə məxsusdurmu? Biz nəyə inanırıq və niyə inanırıq? Seçimlərimiz həqiqətən bizə məxsusdurmu?
Manson sistemin bir səhvi idi, amma bəlkə də bu səhv elə sistemin özünü açıq-aşkar göstərmək üçün var idi. Bəlkə də onun varlığı bizi öz həqiqətlərimizi dərk etməyə vadar edir. Mən ona nifrət edə bilmirəm. Mən ondan qorxmuram da. Əksinə, mən ondan öyrənirəm. Çünki insan ruhunun ən dərin sirlərini bilmək istəyən biri üçün Manson ən təhlükəli, amma ən səmimi dərslərdən biridir.
Bəs sən? Sən özünü azad hesab edirsən?
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)