Super User
Daşkənddə Yunus Oğuzun “Əmir Teymur” tarixi romanının təqdimatı olub
Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Yunus Oğuzun paytaxtdakı "Bayaz" nəşriyyatında özbək dilində təkrar nəşr olunan "Əmir Teymur" tarixi romanının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portlı yazara istinadən xəbər verir ko, kitabı məşhur özbək şair və tərcüməçisi, mərhum Usman Kuçkar tərcümə edib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, universitetin professor-müəllim heyəti, şair və yazıçılar, tələbələr iştirak edib.
Təqdimatı filologiya elmləri doktoru Gülbahar Aşurova açaraq Yunus Oğuzun yaradıcılığı haqqında məlumat verib, onun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb.
Universitetin prorektoru Gülnoza Əhmədova bildirib ki, Y.Oğuz Özbəkistanda çap olunan ilk kitabı -"Əmir Teymur" romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Nadir Əlimirzəyev Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələr, tarixi dostluq münasibətləri haqqında məlumat verib, belə əsərlərin yayılmasına və təbliğinə geniş ehtiyac olduğunu qeyd edib. O, Yunus Oğuzun bir neçə kitabının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edildiyini diqqətə çatdırıb, yazıçının əsərlərinin Azərbaycan və Özbəkistanla yanaşı Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə də nəşr olunduğunu bildirib.
Alim və tərcüməçi Babaxan Şərif deyib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində "Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu", "Cığır" və digər romanları işıq üzü görüb və populyarlıq qazanıb. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.
Alim "Əmir Teymur" romanının bədii dəyəri haqqında söhbət açıb, kitabın gələcəkdə tarixi araşdırmaq üçün dəyərli bir mənbə olacağını qeyd edib.
Filologiya elmləri doktoru, professor Boqijon Toxliyev Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğunu vurğulayaraq, romanlarında bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın böyük ustalıqla təsvir edildiyini söyləyib. Elə buna görə də əsərlərində müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri oxucuları özünə çəkir.
Professorlar Səadət Muxammedova, Abdulla Uluqov, Behbud Batirov və başqaları Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar. Deyilib ki, indiyədək yazıçının dünyanın 25-dən artıq ölkəsində 50-dən çox kitabı çap olunub. Yunus Oğuz "Attila" pyesi, "Nadir şah", "Təhmasib şah", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni bir baxış", "Qədim Anadolu və Azərbaycan türkləri" və digər kitabları ilə tanınır.
Sonda müəllif çıxış edərək kitab üzərindəki işindən danışıb. Y.Oğuz əsərin çapına və təqdimat mərasiminə görə universitetə və təqdimatın iştirakçılarına minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
Heç kim unudulmur, heç nə yaddan çıxmır!
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
24 Oktyabr şəhid Quliyev Rəvanın anım günü idi.
Quliyev Rəvan Mərdan oğlu 17.07.2001-ci ildə Şirvan şəhərində anadan olub. Əslən Neftçalalı olan Rəvan Quliyev 2007-ci ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçüb. Ailədə iki qardaş olublar. Anası və özündan iki yaş kiçik qardaşıyla yaşayırdı. Rəvan 2007-ci ildə Bakı şəhər Səbayıl rayonunun 51saylı tam orta mektəbinin 1-ci sinfinə daxil olub. 6il orda təhsil aldıqdan sonra 2013cü ildə aila vəziyyəti ilə bağlı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7ci sinfinə getmişdir. 1il də orda oxuduqdan sonra yenidən Bakı şəhərinə köçmüşdür. 9cu sinfi Bakı şəhər Sabayıl rayonunun 51saylı məktəbində bitirmiş ve bərbərlik sənətinə yiyələnmişdir. Özünün ən böyük arzusu məşhur futbolçu olmaq idi. 2020-ci il yanvar ayının 7-sində Neftçala rayon hərbi komissarlığından Ağcabədi rayonuna həqiqi hərbi xidmətinə getmişdir. 3ay orda xidmət etdikdən sonra Füzuli rayonunub N saylı hərbi hissəsində xidmətini davam etdirməyə başlamışdır. 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinə qatılmış və Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 24-ündə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
25oktyabrda Neftçala rayon Astanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları, Bayraq ordeni ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
İrəvan bazarında satılan nar əraziyə polis çağırılmasına səbəb olub - OLAY
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ bölməsi
İrəvanın mərkəzi bazarlarından birində satılan narın qarşısındakı yazı erməniləri əməlli-başlı narahat edib.
"Qarabağ narı" yazısı yazılan meyvənin haradan, necə gəldiyindən narahat olan erməni sakinlər əraziyə polis çağırıblar.
Qarşısına 1 kq - 1000 dram (Təxminən 2,5 $ - 4.25 Manat) yazılan narın satıcısı polisin sorğu-sualı zamanı məhsulu haradan gətirdiyi barədə məlumat verib. O bildirib ki, bu nar Gürcüstanda satılır, oradan alıb gətirmişəm.
Qeyd edək ki, bu nar Qarabağın dilbər guşələrindən biri olan Ağdam rayonunun Şelli kəndə yetişir. Qarqar çayının kənarında, dağlarla əhatə olunmuş bu kənd respublikamızda gülöyşə narı ilə tanınıb. Ermənistan silahlı bölmələri tərəfindən işğal edilənə qədər Şelli kəndində bağçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. Kənddəki nar bağlarından yığılan məhsul nəinki respublikamızın müxtəlif bölgələrinə, eləcə də keçmiş sovet respublikalarına göndərilirdi. Azərbaycanda narçılığın inkişaf etdiyi Göyçayda nar plantasiyaları salınarkən Şelli kəndindəki gülöyşə nar sortunun qələmlərindən istifadə edildiyi deyilir.
Erməni qəsbkarları 1993-cü ildə Şelli kəndini işğal edən zaman məktəb və uşaq bağçasının binalarını, qədim məscidi və yaşayış evlərini talan edərək dağıdıblar. Kənddəki nar bağlarına isə gəlir mənbəyi kimi istifadə etdikləri üçün toxunmayıblar. Son illərdə Şelli kəndində ermənilər qanunsuz məskunlaşdırma aparırdılar.
Otuz ilə yaxın həsrətini çəkdik, Qarqar, Xaçın çaylarının ruhu dincəldən səsini eşidə bilmədik, hər il payımız budaqlardan özünü asdı, bağrı çatladı gülöyşə narın, intizardan böyürtkən kolları saçını yoldu, almaya, armuda xal düşdü.
Çox şükür ki, işğaldan azad edilmiş Şelli kəndi ərazisində nisbətən salamat qalan 15 min hektar nar bağında bərpa və becərmə işləri aparılıb. Şelli narının keçmiş şöhrətini qaytarmaq üçün gərgin əmək sərf edilir. "Azərşəkər" MMC-nin Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindəki nar bağlarından artıq 3-cü ildir ki, məhsul yığılır. İndiyədək 133 ton məhsul satışı həyata keçirilib ki, bunun 16 tona yaxın hissəsi Sinqapur, Kanada və Rusiyaya ixrac edilib, 117 tonu isə daxili bazara satılıb. Məhsul satışından əldə olunan gəlirin bir hissəsi "YAŞAT" Fonduna ianə ediləcək. Bağbanlar yaxşı bilir, nar ağacı çox həssas, necə deyərlər, dəymədüşər, küsəyəndir. Şaxta, soyuq olan kimi quruyur, qızmar yayda da susuzluqdan yarpaqları saralır, budaqlar büzüşüb quruyur, meyvələri çatlayır. Tək bircə əlacı var, nar ağacı gərək sudan korluq çəkməsin. İlahinin möcüzəsi hesab edilən nar dənələri bir qabığın içərisində sayrışan ulduzlara bənzəyir.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
ƏDƏBİ TƏNQİD - “Deyimlər süjet dolanbaclarında”
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Cavanşir Yusiflinin məqaləsi təqdim edilir.
Hekayələrin, ümumən istənilən nəsr əsərinin yazılmasının tarixçəsindən başqa psixoloji, yaxud ruhi və ya bizim izah edə bilməyəcəyimiz bir əsası olur (fikrimizdə çırpınır, üzə çıxmaq istəndikdə tam unudulur...), bu məsələni düşünərkən, ilk olaraq "Qətl günü" yadıma düşür, o əsərin bütün ruhunu ən dürüst şəkildə mətnin dəryasında hansı deyim daha mükəmməl şəkildə ifadə edə bilir? ...Görəsən, bu dünyada çörəyi daşdan çıxan insanların məmləkəti hardadır? Müəllif əsər yazılana qədər bu deyimi nə qədər pıçıldayıb, neçə dəfə ürəyindən keçirib? Bu deyim, bu düşüncə insanı ən böhranlı vəziyyətdə küncə sıxışdırır, ona necə yaşadığını sözsüz anladır, elə bir ortam yaradır ki, bu ömür deyilən qatarda başına gələnləri bir-bir nəql edirsən. Yenə də fikrində, sözsüz, sadəcə, ruhunu didən deyimlərin, ayrı-ayrı sözlərin diliylə... Yaxud vaxtilə oxuduğum əsərlərin birində "Dərzinin qızı dərzi göydə ulduzların sayı neçədir", "Padşahın oğlu padşah ləkdə reyhanların sayı neçədir" - kimi deyimlər nağıl tilsiminə bürünüb səni haçansa ac-susuz qaldığın bir yerə sürgün edir...
Əsərdə qəribə, hamının bildiyi, ancaq məhz nasirin təhkiyə prosesinə cəlb etdiyi bir proses var: deyək ki, hansı məkandasa çox faciəvi olaylar baş verir, bir lay onun üstüylə gedir şumlayır, dəniz oyununda - sörfinqdə olduğu kimi, sevinc, kədər, faciə, şadlıq, ah, fəğan, şaqraq səs bir-birini həmin dəli dalğalar kimi əvəz edir, həm də doğurur, hər şey bu amansız qovğada "şahə qalxır" (yaranır...), hər şeyin, ən gözəl nəsnələrin də məzarı elə həmin gərginlik sahəsidir. Bədii əsərdə, nəsr mətnində məkan da, zaman da əslində gərginlik sahəsidir, hər şeyin ən son nöqtəsində qərar tutan hadisələr, süjet yarpaqları məhz gərginlikdən su içir.
Bədii əsərləri meydana, dünyaya gətirən deyimlər bədii əsər mətnində iti yaddaş elementi kimi daim özünü diktə edə bilər, ya da unutdurar, ancaq deyimin süjetə calanması, onu adi kəsikdən böyük maqnit sahəsinə çevirmə işi bir an da olsa, dayanmaz, davam edər. Hər bir əsər, hər bir nəsr mətni həmişə təsadüfən yazılır, ancaq onun süjetinin qurulmasında əlahiddə rola malik deyimlər (yazıçının içinə dolan hiss və duyğuların orda məskən salıb ayrıca "dilə" çevrilməsi...) bu təsadüfü aradan qaldırır. Görəsən, "Tatar çölü" romanında, onun min verstlik dərinliyində gizlənmiş, ordan süjet quruculuğuna təsir edən hansı deyim var? Şübhəsiz ki, burda söhbət mifik yer adı kimi tatar çölünün özündən getmir, adam at belində qarnizona gələrkən düşündüyü hər şey bu mübhəm deyimlə qidalanır, nəfəsini ondan alır. Bir də belə bir situasiya: Kamünün "Yad" romanında əsas məsələ baş verdikdən sonra Mersonun keçmişdən yadına düşənlər onun içini boşaldıb bu dünyaya yadlaşdıran hər şey bir cümləlik deyimi formalaşdırır və bu sözlər Mersonun kamerada keşişlə söhbətində paslı qıfıl kimi açılır, qıfılın səsi onun içində səslənir, o səs Mersonun ömrüboyu demək istədiyi sözü pasa çevirir, artıq yol bitib, artıq arxaya - keçmişə və gələcəyə yol qıfıllanıb.
Yaxud Feyxvangerin Russo haqqında romanında, yaxud İsa Hüseynovun "Saz" povestində, Mövlud Süleymanlının "Yel Əhmədin bəyliyi" süjet sərbəstliyi və kompozisiya bitkinliyi baxımından yeni hadisədir, müəllifin yaddaşını əsir edən deyim vektorları ən müxtəlif istiqamətlərə haçalanır, elə ilk pasajlarda kəpənək qanadlarının tozu, yerlə göyün Nəsimi şeirində təması və ayrılması, sürət obrazı və sükunət... bütün bunlar ilkin deyim molekulunu tanınmaz dərəcədə dəyişdirir.
Mübariz Örənin "Çinar yazıları" hekayəsinin süjetinin formalaşmasında ana situasiya, personajın itkin düşən qardaşının pasportunu anasının gözündən yayınıb oğurlamasının alt qatında hekayədə, mətndə sərgərdan gəzən və heç cürə üzə çıxa bilməyən bir deyim var. Darmacalda səni qurtaran, sonradan içini kəsib doğrayan hərəkət həmin deyimlə tuş gəlir, bu pasport səni ölkədən çıxarsa da, adının, kimliyinin zamanla itməsinə səbəb olub. İndi bu kəskin suallara cavab vermək çətindir, demək olar, mümkün deyildir. Deyimin üzə çıxmaması, süjet dolanbaclarında itməsi hekayənin kompozisiya quruluşunun bitkinliyini şərtləndirir.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
POETİK QİRAƏTdə Sevinc Həmzəyevadan “Kövrək xatirələrin üstünə getmə”
Sirli-sehirli poeziya dünyasına kim baş vurmaq istəməyib. Bu dünya həm ruh oxşayır, həm duyğulandırır, həm təsirləndirir. “Ədəbiyyat və incəsənət” portalı POETİK QİRAƏT rubrikasında iki gün dalbadal Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Həmzəyevanın şeirlərini təqdim edir. Bəri başdan deyək ki, təqdim etdiyimiz şeirlər sevgi şeirləridir.
Kövrək xatirələrin üstünə getmə
Kövrək xatirələrin üstünə getmə
Hələ üzərindən yel də keçməyib
Nə illər bacardı, işə yaradı
Nə də duyğuları ölüb bitməyib
Yenə həmin baxış, yenə həmin söz
Sənin gözlərindən süzülən sevgi
Yenə həmin nəğmə, yenə həmin köz
Qəlbimin telinə hörülən sevgi
Nə nəğməsi susub, nə şeiri bitib
Donub sükutunun pərdələrində
Yol çəkən gözümün kökündə itib
Yanır aram-aram sənin hicrində
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
Güclü olduğunu gözlərindən də oxumaq olur...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Sovet dönəmində Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmaq və oranı uğurla başa vurmaq digər ali təhsil ocaqlarından çox çətin idi. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılan bu institutda tədris proqramı o qədər ağır idi ki, sonuncu kursadək hər tələbə tab gətirə bilmirdi. Dəqiq elmlərlə yanaşı, tələbələrdən layihə hazırlamaq, dəqiq hesablamalar aparmaq, tez-tez “çertyoj” çəkmək tələb olunurdu. Haqqında söhbət açmaq istədiyim Elmir Tofiq oğlu Vəlizadə də Azərbaycan Neft və Kimya İnstitunun məzunudur. Əslən şuşalı olsa da, 1964-cü ildə Mingəçevir şəhərində anadan olub. Təhsildə fərqləndiyinə görə, təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsinə təyin olunub. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı, institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət də göstərib. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olaraq, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir...
Deyir ki:- “Bugünkü texnologiyalar, xüsusən də süni intellekt əsri jurnalistlərin işini daha da inkişaf etdirir. Süni intellekt vasitəsilə sosial media kampaniyaları yaradılır, əvvəlcədən müəyyən mövzular əsasında yayımlanan məlumatlar formalaşdırılır. Lakin texnologiyalar özü-özlüyündə yalnız vasitədir, jurnalistlərin peşəkar yanaşması və məsuliyyəti informasiya əsrində həqiqəti təbliğ etmək üçün həlledici rol oynayır.”
Etibarlı, güclü və hər cəhətdən ayaq üstə durmağı bacaran bir insandır. Daim hərəkətdədir və bir yerdə dayanmağı bilmir. Planlaşdırdığı uğura nail olmaq üçün sona qədər çalışır və heç vaxt təslim olmur. Kriativdir, həmişə yeni şeylər öyrənmək istəyir. Həm də çox emosional və mərhəmətlidir. Yanında bir dərdli görsə kövrəlməyə bilmir. Azadlığını çox sevir və heç kimin onun gördüyü işlərə qarışmasını xoşlamır...
“İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı texniki vasitələr sayəsində minimum itkilərlə çıxdıq. Texnoloji inkişafa nail olmaq üçün dövlət siyasəti yetərli deyil. Burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı olmadan texnoloji inkişaf fayda verməyəcək. Bu istiqamətdə ölkəmizdə son bir neçə ildə böyük inkişaf mövcuddur. Son illərdə minlərlə Azərbaycan gənci təlimlərdən keçib. Dövlət və özəl sektor, cəmiyyət bu sürət və inkişafa hazır olmalıdır, əks halda geridə qalacağıq. Biz isə geridə qala bilmərik. Bütün qurumlar bunu vəzifə kimi bilməlidir. Dövlət qurumlarından xahişimiz və tələbimiz budur ki, bundan sonrakı fəaliyyətdə daha da səfərbər olsunlar.”
Gördüyü işi yarımçıq qoymağı sevmir. Güclü olduğunu gözlərindən də oxumaq olur. Yalançı, təkəbbürlü insanlara qarşı dözümsüzdür, onlara hədlərini bildirməkdən çəkinmir. Analitik düşüncə tərzi var, hər deyilənə asan inanmır, amma inandığı hər bir məsələni sona qədər inadla müdafiə edir. Sadə və təvazökardır. Özünü reklam, uğurlarını nümayiş etdirməkdən xoşu gəlmir. Qətiyyətli xarakteri bir çox sahədə asanlıqla uğur qazanmasına səbəb olur. Necə deyərlər, ayaq üstə möhkəm dayanmağı bacarır...
Deyir ki:- “Erməni və digər xarici qüvvələrin ölkəmizə qarşı yönəltdiyi məqsədli təxribatlar və dezinformasiyalar davam edir. Azərbaycanın milli maraqları üçün ideoloji təhlükəsizlik daim diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyev ölkəmizin inkişafı üçün vəzifələri və strateji istiqamətləri Milli Məclisin iclaslarında dəfələrlə vurğulayıb. Dövlətimizin başçısı, həmçinin ideoloji təxribatların qarşısını almaq üçün jurnalistlərin mühüm rolunu qeyd edib. Bizə qarşı yönələn təxribatlar xalqımızın güclü iradəsi ilə qarşılanır və onların nəticəsi heç vaxt istənilən effekti vermir. Ancaq buna baxmayaraq, biz hər zaman bu təxribatlara hazır olmalıyıq.”
Maraq dairəsi çox genişdir və araşdırmaçı xasiyyətə malikdir. Sevdiklərinə çox bağlıdır və onlara həmişə sədaqət göstərir. Səyahət etməyi, sevdikləri ilə dinc vaxt keçirməyi xoşlayır...
Söhbətimin sonunda onu da qeyd edim ki, Elmir Vəlizadə 1991-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının EHM və çoxaltma texnikası sektorunda birinci dərəcəli mütəxəssis kimi işə başlayıb. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Prezidentin İcra Aparatında müxtəlif vəzifələrində çalışıb. Sonra prezidentin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İnformasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri, daha sonra Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri təyin edilib. 2007-ci ildə isə bu vəzifədən azad edilərək indiki Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. 2021-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində rəqəmsal media ilə iş sektorunun müdiri vəzifəsində çalışır...
Bu günlərdə Elmir Vəlizadənin 60 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, firəvan həyat, işlərində yeni-yeni uğurlar arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
Heç kim unudulmur, heç nə yaddan çıxmır!
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
24 Oktyabr şəhid Quliyev Rəvanın anım günü idi.
Quliyev Rəvan Mərdan oğlu 17.07.2001-ci ildə Şirvan şəhərində anadan olub. Əslən Neftçalalı olan Rəvan Quliyev 2007-ci ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçüb. Ailədə iki qardaş olublar. Anası və özündan iki yaş kiçik qardaşıyla yaşayırdı. Rəvan 2007-ci ildə Bakı şəhər Səbayıl rayonunun 51saylı tam orta mektəbinin 1-ci sinfinə daxil olub. 6il orda təhsil aldıqdan sonra 2013cü ildə aila vəziyyəti ilə bağlı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orada orta məktəbin 7ci sinfinə getmişdir. 1il də orda oxuduqdan sonra yenidən Bakı şəhərinə köçmüşdür. 9cu sinfi Bakı şəhər Sabayıl rayonunun 51saylı məktəbində bitirmiş ve bərbərlik sənətinə yiyələnmişdir. Özünün ən böyük arzusu məşhur futbolçu olmaq idi. 2020-ci il yanvar ayının 7-sində Neftçala rayon hərbi komissarlığından Ağcabədi rayonuna həqiqi hərbi xidmətinə getmişdir. 3ay orda xidmət etdikdən sonra Füzuli rayonunub N saylı hərbi hissəsində xidmətini davam etdirməyə başlamışdır. 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsinə qatılmış və Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 24-ündə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
25oktyabrda Neftçala rayon Astanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları, Bayraq ordeni ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
“Tozlanıb kitablar həyat rəfində…” – NAİL ZEYNİYEVİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı ötən ay ilk dəfə dərc etdiyi və şeirlərinin geniş rezonans doğurduğu, sevildiyi gənc müəllifin – Nail Zeyniyevin yeni şeirlərini sizlərə təqdim edir.
SALAM
Göydə bir Allahım var,
Yerin yeddi qatından
Bir aciz bəndəsini
Eşidərmi, görəsən?
Hələ çovğun gəlməmiş,
Bu yerlərin soyuğu
Bəs adamı bu qədər
Üşüdərmi, görəsən?
Mənim ahım yağışı
Sel edəcək, tələsmə,
Küləklərə sözüm var:
Əsmə, insafsız, əsmə!
Yenə nəsə istədim,
Yarımçıq bir kəsimdən.
Qulaqlarım tutulur
Maşınların səsindən.
Əzabların canı üçün,
Yol verin, mən gəlirəm.
Çarəm olan ölümün
Qoynunda dincəlirəm.
DEYİLMƏMİŞ ƏLVİDA…
Biryolluq mən gedirəm,
Əlvida, bədbəxtliyim.
Gəlirəm, gözlə məni,
Əbədi xoşbəxtliyim.
Yaşarkən baş daşını,
Mən gəzdirən adamam.
Özümü öz canımdan,
Mən bezdirən adamam.
Bax, taqətim qalmayıb,
Təmiz ruhdan düşmüşəm.
Həyat, həyat söyləmə!
Əlimi ondan üzmüşəm.
Hesaba qatmamışdım,
Fələyin bu işini.
Qazandığım birdisə,
İtirmişəm beşini.
Həqiqəti göstərmir,
Saxtadır güzgülər də.
Mən bir adam itirdim,
Tapmadım güzgülərdə.
Hələ körpə ümidlərin
Məndən sonra,
İsinməyə bir yeri var.
Daha solmuş ümidlərə,
Söz deməyin nə yeri var?
İndi daha gedirəm,
Əlvida, bədbəxtliyim.
Gəlirəm, gözlə məni,
Əbədi xoşbəxtliyim.
BİLMƏRƏM
Nə Bakı qayıtmaz köhnə halına,
Nə də mən xoşbəxtlik tapa bilərəm.
Qaranlıq çökübdür güzəranına,
Şairəm kədərdən qopa bilmərəm.
Doymuşam yalançı, haqsız qəhərdən,
Gözlərim intizar çəkir səhərdən.
Ömürdü fərqi yox acı zəhərdən,
Gözlərim yumulur, yata bilmərəm.
Tozlanıb kitablar həyat rəfində,
Yolumu gözləyir ölüm qəfildə.
İzləri bu evin hər tərəfində,
Yuxuma mən haram qata bilmərəm.
Tənhalıq köksümü sıxıb, sarsıdır
Qırılmış aynalar məni yansıdır.
Bəlkədə taleyin bu son şansıdır,
Fikrini başımdan ata bilmərəm.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
“Ancaq bir yerlərdə, əlbət, yolumuz aydınlığa çıxacaq” - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bəzi günlərdə çox fikirli olsam da, tam olaraq niyə fikirli olduğumu bilmirəm. Elə bu hallarda mütləq başıma hər hansısa bir hadisə gəlir.
Dünən evdən çıxıb universtitetə gedəcəkdim. Çox vaxt magistratura dərsləri gec başladığı üçün işdən çıxıb birbaşa taksi ilə dərsə yollansam da, bu dəfə evdən çıxıb dayanacaqdan avtobusa minməyi planlamışdım. Dayanacaqda dayanıb avtobus gözləyən zaman fikrimin harada olduğunu bilmədən bir-birinə bənzəyən iki avtobusdan yanlış olaraq birinə birtəhər minib düz qapının kənarında dayanmışdım. Sumqayıtda 522 və 523 nömrəli avtobuslardan mütəmadi istifadə edən sərnişinlər bilir ki, bunlar elə bir marşrutlardır ki, oturmağı əsla ağlının ucundan keçirmirsən. Vəziyyət o qədər çətin olur ki, adam tanımadığı adamlarla qucaqlaşmağa məcbur olur adəta. Yerə iynə atsan tapılmaz misalının canlı şahidi olduğum bu avtobusda budəfəki yol yoldaşım iki yeniyetmə abituriyent qız oldu.
Elə iki dayanacaq yol getmişdik ki, sürücü yenidən qapını açıb sərnişinləri doldurmaq istəyən zaman bir xanım özünü basa-basa əlindəki veşləri bizə itələyib qalxmaq istəyəndə dilim dinc qoymayıb dedim :
- Xala görmürsən biz üç qız qucaqlaşıb dayanmışıq və mənim bir ayağım yerə dəymir? Hara soxursan özünü?
-Tərbiyyəsiz.
-Təşəkkür edirəm.
Veşləri ayağımın altından itələyib, səbrimin son həddində özümə dayana biləcək yer açıb sıxıldım küncə ki, sakitcə mahnıma qulaq asıb yolumu gedəm, şagirdlərdən biri əlimdən tutub yıxılmamaq üçün kömək istədi.
-Bacı, sənin nə qəşəng kirpiklərin var.
-Təşəkkür edirəm. Sən məndən də, gözəlsən.
- Sən oxuyursan bacı?
- Hə, oxuyuram.
- Bəs işləyirsən də?
- Hə, işləyirəm də.
- Aaa , bəs necə çatdırırsan ?
- Səhər tezdən işə gedirəm və işimi bitirib axşam magistraturaya gedirəm.
- Sən institutu qutarmısan onda ?
- Aha, qutardım və indi ikinci təhsilimə davam edirəm.
-Xoşun gəlir?
- Səmimi desəm, yoruluram, ancaq xoşum gəlir.
- Mən də universtitetə hazırlaşıram. Hüquqşünas olmaq istəyirəm, amma atam deyir ki, müəllimə ol .
-Məncə sən nə istəyirsənsə ondan da ol. Hədəflərin uğrunda çox çalış.
Bir- iki dayanacaq sonra qızlar mənimlə sağollaşıb avtobusdan düşdülər və qulaqcığımda həzin payız mahnıları ilə yoluma davam edirdim ki, gözüm qapıdan çölə sataşanda Xırdalanda yox, Sarayın ortasında olduğumu anlayıb, heç bilmədiyim bir məhəllədə düşməli oldum.
Dərsin başlamasına cəmi 40 dəqiqə var və mən hələ harada olduğumu da tam dəqiq bilmirəm. Sanki itən mən deyiləm kimi rahatca avtobusdan düşdüm və mənimlə birgə düşən qıza dedim :
-Səhvən 522-yə mindim, indi 523-ü haradan tapa bilərəm ?
- Gəl gedək mən səni magistral yola çıxarım oradan minə bilərsən.
- Səni yolundan etmərəm ?
- Yox, xoşdur. De görüm haralısan ?
- Bakılı, sən ?
-Aaa, "karinnoy" bakılısan ? Mən də, bakılıyam. Atam Biləcərindən, anam Coratdandır. Nə əcəb buralarda yerlimi tapa bildim.
- Bizimkilər də, Novxanıdandırlar. Uşaqlığım Sumqayıtda, Novxanıda keçib. Bakını universtitet illərindən tanımağa başladım.
- Mən də, Sumqayıtda kollec oxuyuram və 17 yaşım var. İstəyirəm bitirəndən sonra universtitet oxuyum. Səncə, oxumağa dəyər? Bəs işləmək necə? Pullu yer haradır? Eyni anda həm işləyib həm oxumaq alınan işdi görəsən? Sən niyə bu vaxtı 523 axtarırsan ki, işə gedirsən?
Sual yağışının ortasında qızın masmavi gülən gözlərini bərəldərək üzümə baxması həqiqətən məni qəribə bir həyəcanın içinə atmışdı. Özümü bu sualların hər birinə tam cavab verməyə məsuliyyət daşıyan biri kimi toparlayıb cavab verməyə davam etdim.
- Deməli belə. Bu qədər sual verməyin, bu qədər həyəcanın olduqca xoşdur. Özümdən misal çəkəsi olsam, mən də həm işləyib həm oxuyuram. Universtitet vaxtlarından bəri müxtəlif yerlərdə işləmişəm, könüllü , təcrübəçi, yarımştat işçi, hətta ingilis dili müəlliməsi belə olmuşam. Tələbə stipendiyası, çalışdığım mərkəzlərdən gələn cüzi aylıqlarla yola verməyi bacarırdım və inandırım səni ki, həyatın boyu çox yerdən çox pul qazana bilərsən, amma dişinlə, dırnağınla qazandığın o kiçik məbləğlər ən bərəkətli pullar olacaq. Ona görə tələsmə. Sənə hazırda magistratura oxuyan və 523-ü axşam dərsinə çatmaq üçün axtaran biri kimi az oxuyub çox öyrənməyi, araşdırmağı, yerində bir an durmadan müxtəlif fəaliyyətlərə qoşulmağı tövsiyyə edə bilərəm ancaq.
- Çox sağol. Dediklərini düşünəcəyəm. Yolumuza az qalıb.
-Biz 15 dəqiqədir yol gəlirik. Mən səni yolundan edirəm deyəsən. Bundan sonranı özüm tapa bilərəm.
- Əzizim, mənim evim avtobusdan düşdüyün dayanacaq idi. Məni yolumdan etmirsən. Gəzməyə bəhanə axtarırdım onsuz da.
-Aaaa, evinin ora olduğunu bilsəydim ümumiyyətlə səni yolundan eləməzdim.
-Dedim axı, xoşdur və yolun sonuna gəldik. Buradan sonra yolu keçirik və avtobusa minib gedirsən.
-Yolu özüm keçə bilərəm, gözəl gözlü qız. Mənimlə gəldiyin üçün təşəkkür edirəm. Səninlə tanış olmaq xoş oldu.
- Mənim üçün də, xoş oldu. Allah amanında.
Sağollaşıb yolu keçdim və avtobusa minib doğru yoluma yalnış yollardan çıxıb davam etdim.
Dünən ilk dərsə gecikdim və bu, mənim ilk gecikməyim deyildi. Bəxtimdən müəllim hələ yoxlama aparmamışdı deyə rahatca keçib yerimə oturdum.
Hər dəfə yollarda müxtəlif hadisələrin şahidi olur, müxtəlif insanları müşahidə edirəm. Bu hal artıq məndə vərdiş halını alıb deyə yolda itmək, harasa gecikmək çox vaxt məni məyus etmir. Bura qədər yazdıqlarımı oxuyub oxuduqlarınızı mənasız vaxt itkisi olaraq dəyərsizləşdirə bilərsiniz. İndi düşünün ki, mənim avtobusda rastlaşdığım şagird qız 9-cu sinifdə oxuyan zaman ata-anasına etiraz edə bilməyib hüquq fakultəsindən, vəkil olmaqdan vaz keçən mənim bir başqa həyatda öz ayağı üstündə durmağa çalışan halıdır. Yanlış yolda olduğumu bilib durmadan sual verən qız isə hələ nə istədiyini bilməyən, həm hər şeyə maraq salan, həm də, nəyə həvəsi olduğunu dərk etməyən, mənim əslində qarışıq yollardan sonra səlisliyə qovuşacağını anlayan bir başqa bədəndəki ruhum idi.
Həyat həqiqətən bumeranq kimi dönüb-dolaşıb peşmanlıqlar və yaşanmışlıqlar kitabını qarşımıza çıxarmağa davam edəcək. Bizlər yol ayırıcında azıb qalanlar olacağıq. Ancaq bir yerlərdə, əlbət, yolumuz aydınlığa çıxacaq, gerçəklər və yaşanmışlıqlar kitabı ilə kəsişəcək.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)
BİR SUAL, BİR CAVAB Təranə Dəmir ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Unudulmaz şair-Məmməd Araz söyləyib ki: " İnan ki, ehtiras aldatmayanı,
İnci də, göhvər də aldada bilməz."
Təranə xanım ehtirasın " şirin səsinə" uyub əsiri olanlara nə demək istəyərdi?
CAVAB
Ehtiras insanı uçuruma aparan duyğudur. Bəzən insanlar sevgiylə ehtirası eyniləşdirirlər. Sevgi ləkəsiz olmalıdır. Tərtəmiz. İnsan ağılla sevməlidir, hisslə yox. Əks halda onu xoşagəlməz sürprizlər gözləyə bilər.
“Ədəbiyyat və incəsənət”
(28.10.2024)