Ölüm başlanğıcdı… – KİNOBƏLƏDÇİdə Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Ölüm başlanğıcdı.

2 ay ömrü qalmışdı. Yaşamağını sadəcə o yox, ailəsi də istəyirdi. Bunun üçün donor vacib idi. Uyğun ürək nəqli olarsa, o da yaşaya biləcəkdi. Qanuni yollarla bəlkə alına bilərdi. Lakin onlar qeyri - legal olana can atdılar. Və birinin həyatını qurtarmaq lehinə, 3 insanın həyatını söndürdülər.

 

Qadının ürəyini almaqla onun üçün dəyərli olan iki insanı - yoldaşı və qızını ondan məhrum etdilər. Ürək nəqlindən sonra daşıdığı qəlbin kimə aid olduğunu araşdırıb öyrəndi. O təmiz idi və cinayət yolu ilə birinin qəlbinə sahib olmaq ona ağır gəlirdi. Ürək nəqlindən sonra ilk dəfə yuxu görmüşdü. Oyanıb masanın arxasında əyləşdi və günlüyə təxmininən bu sözləri yazdı. "Başqasının qəlbi ilə ilk yuxumu gördüm. Tərtəmiz bir qəlb daşıdığımdan şübhəm yoxdur. Bəs mənim ona nə qədər haqqım var? O qəlb olduğu bu bədəndən nifrət edə bilərmi? Əgər elədirsə bu qorxunc bir haldır. İnsan özündən nifrət edən qəlb ilə qalan ömrünü yaşaya bilərmi? Bunu gözə alarsa o qəlbi də kirlətmiş olmazmı? Buna haqqım varmı? Bu rəzil dünyada 3 gün daha yaşamaq üçün məsum bir qəlbi kirlətməyə haqqım varmı? 

O yaşamaq istəmir, dənizə gəlir və yüksək yerdən atlanaraq intihara təşəbbüs etmək istəyir. Amma bu baş tutmur. Polislər tərəfindən donor sahibinin ailəsi dəniz kənarına gətirilir. lk öncə həyatı əlindən alınan xanımın ürəyi onu həyata döndərmişdi, indi isə həmin qadının qızı sözləri ilə onu ölümdən xilas edir. Həmin gün balaca qızcığaz "anamdan geriyə təkcə qəlbi qaldı, heç olmasa o yaşasın. Nə olar etmə, anam içində yaşasın. Xahiş edirəm bacı, xahiş edirəm" sözləri ilə onu bu həyata bağladı. 

Bu cinayət idi. Birini həyatda tutmaq uğruna birinin həyatını məhv etməyin qəbul ediləcək bir yanı yoxdur. Həyatda elə hallar yaşanır ki, baş verənlər qarşısında nə deyəcəyini bilmirsən. Bu yaxınlarda baş verən ölüm hadisəsində 16-17 yaşlarında iki yeniyetmə arasında baş verən növbə davası birini ölümə digərinə isə həbsə, ya çətin tərbiyə olunanların düşərgəsinə məhkum edir. İnsan ali varlıqdır. Lakin özündə olan bu qədər gözəl xüsusiyyətlərindən həyata töhvə vermək, kimlərinsə həyatını qaradan ağa çevirmək üçün istifadə etmək var ikən o çirkinliklər arxasıyca gedir. Nə xoş həyatını elmə, biliyə və insanların üzünü güldürməyə sərf edənlərə. Onlar bu dünyada daşların arasında özünə yol açaraq baş qaldıran çiçəyə bənzəyirlər. Onlar yaxşı ki vardırlar.

(“Arka sokaklar filmindən təəssüratlar)

 

“Ədəbiyyatvə incəsənət

(18.03.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.