
Super User
Unudulmaz Novruz şənliyi OĞUZDA
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz şəhərində Rayon İcra Hakimiyyətinin dəstəyi və Oğuz Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə açıq hava şəraitində "Bahar gəlib yurdumuza" adlı bayram şənliyi təşkil edilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Şənlikdə Oğuz rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdül-Qədirov çıxış edərək rayon ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra, 2-ci Qarabağ müharibəsi Şəhidi Vüsal İsmayılovun oğlu İbrahim İsmayılov Oğuzda Novruz tonqalını yandırıb.
Sonra "Şur" musiqi ansambılının ifasında musiqilər səsləndirilib, bayram əhval ruhiyyəli, şən mahnılar ifa olunub. Musiqilər və mahnılar Oğuz rayon Mədəniyyət Mərkəzinin, Oğuz rayon Musiqi məktəbinin yaradıcı kollekktivlərinin üzvləri tərəfindən ifa olunub.
“Sevinc" rəqs qrupunun ifasında isə milli rəqslər ifa edilib.
Şənliyə qonaq qismində dəvət olunmuş, Günay Şəkilinin ifa etdiyi mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanib.
Bayram şənliyində kosa və keçəl meydana çıxaraq şənlik iştirakçılarına xoş ovqat bəxş ediblər.
Novruz bayramının adətləri (yumurta döyüşdürmək, Novruz alqışları və nəğmələri söyləmək və s.)iştirakçılar tərəfindən də icra olunub.
Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə, rayonun yaradıcı şəxslərinin əl işlərinin, qədim əşyalarımızın, toxunma xalça və tikmələrinsərgisi də təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Möhtəşəm Novruz bayramı şənliyi SUMQAYITDA
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin, bolluğun, bərəkətin və xeyirxahlığın rəmzi olan Novruz bayramı Sumqayıtda xüsusi təntənə ilə qeyd edilib. Baharın gəlişinin sevincini bölüşmək üçün Sumqayıt Bulvarında möhtəşəm bayram tədbiri təşkil olunub.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhər ictimaiyyətinin üzvləri və minlərlə sakin iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bayram münasibətilə şəhər sakinlərini səmimi-qəlbdən təbrik edərək, Novruz tonqalını yandırıb. O, baharın ölkəmizə sülh, firavanlıq, xoşbəxtlik və rifah gətirməsini diləyib, Novruzun xalqımızın qədim tarixində oynadığı əhəmiyyətli roldan bəhs edib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ideyalarını gerçəkləşdirərək, xalqımızın ən böyük arzusunu reallığa çevirdi. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və artıq biz həmin müqəddəs torpaqlarda Novruz bayramını qeyd edirik.
Bayram tədbirində Dədə Qorqud və Bahar qızı öz xeyir-dualarını verərək, Novruzun xalqımıza ruzi-bərəkət, rifah və uğurlar gətirməsini arzulayıblar. Milli geyimli uşaqların şux rəqsləri, Kosa və Keçəlin şən zarafatları, eləcə də qədim xalq oyunları hər kəs tərəfindən böyük maraqla qarşılanıb.
Meydanda qurulan milli üslublu guşələrdə xalqımızın əsrlər boyu qoruyub yaşatdığı mədəni irsin ən gözəl nümunələri – milli geyimlər, qədim el sənətləri, zəngin Azərbaycan mətbəxi, xalq yaradıcılığı və sənətkarlıq nümunələri sərgilənib.
Bir sözlə, bayram şənliyi bütün iştirakçılarda Novruz ab-havası, xoş ovqat yaradıb.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Aləmin yatdığı vaxt – SÖHBƏT NƏDƏN GEDİR?
Nərgiz Mustafayeva, “Ədəbiyyat və incəsənət”
“Aləmin yatdığı vaxt” xalq inancında, qışın sonu və yazın başlanğıc anını göstərən mistik bir zamandır. “Aləmin yatdığı vaxt” gecə gündüzə çeviriləndə, bulaqlar, dərələr, çaylar, yəni bütün axan sular bir anlığına dayanıb, təkrar axanda baş verir.
Həmin an gecə və gündüz bərabərləşir və dünyanın yenidən doğumu olaraq qəbul edilir. O gecə tam o anda bütün təbiət bir anlıq yuxuya gedər. Çaylar bir an üçün dayanar, canlı-cansız bütün varlıqlar bir anlıq yuxuya gedərlər. Başqa bir deyişlə bir an üçün ölüb geri dirilirlər. O bir anlıq vaxt əslində yaradılışdan bu yana o anda keçən bütün zamanları içində saxlayan bir andır. Dünya sanki yeni başdan yaradılır.
Həmin ərəfədə hər şey yeniləndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır. Hələ gün çıxmamışdan sübh tezdən insanlar çeşmə başına gedib, əl-üzünü axar suda yuyar, evə yeni su gətirərlər və ya dəstəmaz alarlar.
Aləmin yatma vaxtı ilin son Çərşənbə günüdür. Başqa mənbələrdə isə Novruz Bayramına açılacaq gecənin gündüzə çevrildiyi anda reallaşır.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Haydı, papaq atmağa – NOVRUZ, XOŞ GƏLDİN!
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Novruz xalqımızın ən sevimli bayramıdır. Həm də çox qədim tarixi və fəlsəfəsi olan bayram. Onu insan iradəsi yaratmayıb. Novruz təbiətin bayramıdır, dindən və siyasətdən uzaq bayramdır. O, günəşlə yerin kainatdakı dövranının xoşbəxt bir anının, ilk növbədə günəşin yerdəki timsalı olan odun-ocağın bayramıdır. Azərbaycanda həmişə torpağın, təbiətin oyanışının, mənəvi saflığın, bərabərliyin bayramı olub Novruz bayramı.
Onsuz da gözəl olan Novruzu daha da gözəlləşdirən və maraqlı edən onun əsrlərlə yaşayan zəngin adət-ənənələridir. Qulaq falı və qapıpusma, tonqal qalamaq və tonqal üzərindən hoppanmaq, göyə yandırılmış lopa (şar) atmaq, səməni cücərtmək, yumurta boyamaq və yumurta döyüşdürmək, milli yeməklər və Novruz bişintiləri hazırlamaq, papaq atmaq, üzük falına baxmaq, süfrələrdə şam yandırmaq, küsülüləri barışdırmaq, Kosa-kosa və kəndibaz oyunu, yeni paltarlar geyinmək, imkansızlara və qohum-qonşuya bayram payı göndərmək, nəğmələr, Novruz alqışları söyləmək və digər bu kimi adətlər onun arxaik ritual elementlərindəndir. Onu da qeyd edək ki, Novruz adətləri dinindən və inancından asılı olmayaraq bütün türklərin mövsümlə bağlı icra etdikləri ortaq rituallardır. Onların heç biri təsadüfdən yaranmayıb və hərəsinin öz yeri, öz fəlsəfəsi var.
Söz vaxtına çəkər deyiblər. Bu günlərdə artıq 65-70 yaşlı tay-tuşlarla keçən bir məclisdə Novruz bayramından söz düşmüşdü. “Saqqalı uşaqlar”la həsrətlə o günləri, olub-keçənləri yada saldıq. Hətta ağsaqqallardan Elbrus kişi M.Şəhriyarın məlum misralarını da söylədi:
Şal istədim mən də, evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Məclisdəki söhbətlərdən bir daha əmin oldum ki, Novruzda qaladığımız tonqalların, yandırıb göyə atdığımız lopaların (şarların) tüstüsünün iyi uşaqlığımızın ən gözəl ətri, bayram plovunun və bişintilərinin, yumurta döyüşündə qazandığımız yumurtaların tamı damağımızın unudulmaz dadı, Kosa-kosa və kəndbirbaz tamaşaları həyatımızda baxdığımız ən gözəl teatr tamaşası, bayram günlərində başımıza gələn macəralar isə dünyanın ən məşhur macəra romanları kimi hələ də yaddaşlarda yaşayır. Nə xoş bizlərə ki, bu mərasimlərin hamısının şahidi, çoxunun da fəal iştirakçıları olmuşuq.
Bildiyiniz kimi, Novruza aid olan bayram adətlərindən biri də zaman-zaman müxtəlif cür adlandırılan torbaatmaqdır. Mənbələr göstərir ki, bu adətin tarixi çox qədimlərə gedib çıxır. Orta əsrlərə aid yazılı qaynaqlarda “torba atmağın” zərdüştlük dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – Zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir. Deyilənə görə, sonralar bu işi dərvişlər icra edirmişlər.
AMEA-nın Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru A.Əhmədli deyirdi ki, torba atanların üzü görünməli deyildi. Çünki bu şəxslər həm də ruhu imitasiya edirdilər. Əslində aparılan pay ruhun payıdır. Pay yığan həmin il dünyasını dəyişmiş insanların ruhunu imitasiya edirmiş kimi qapıya gəlib o payı aparırdı. O dövrdə yığılan pay dənli bitkilərdən ibarət imiş. İndiki kimi bişintilərdən ibarət deyilmiş. Bu məlum “Kasa çaldı” ritualına bənzəyirdi. Bu gün “papaqatdı” mərasimi əslində qurban vermə ritualıdır. Ruhun payını vermək, təbiətə qurban verməkdir.
Sonralar “torba atmaq” ifadəsi “qurşaqatmaq” və ya “şalsallamaq”, baca-baca, “yaylıqatmaq” və ya dəsmalatmaq”la əvəzləndi. İndi bu adətə daha çox “papaqatmaq” deyilir. Tədqiqatçıların fikrincə, bu ad dəyişmələrinin səbəbi məişət mədəniyyətində baş vermiş dəyişikliklər olub.
Uşaqlıq xatirələrimə istinadən bildirəm ki, ötən əsrin 60-cı illərində biz buna ya “yaylıq atmaq” (əl yaylığı), ya da “dəsmal atmaq” deyərdik. Mərasimə beş-üç gün qalmış uşaqlarla 4-5 nəfərlik dəstələr düzəldərdik. Dəstələr öz “fəaliyyət planlarını” hazırlayardılar. Hər şey əvvəldən dəqiq planlaşdırılırdı. Hardan başlayıb, harda qurtaracağımızı, kimlərin evinə yaylıq və ya dəsmal atacağımızı, son toplaşma məntəqəmizi müəyyənləşdirərdik. Prosesdə əsasən qohum-qonşu, tanış-biliş ailələr “hədəf” alınardı. Hər evə dəstənin adından bir dəsmal və ya yaylıq atardıq. Ev sahibi də dəstənin bir neçə nəfərdən ibarət olduğunu nəzərə alaraq gücü çatan qədər pay qoyardı. Dəsmala qoyulan paylar bir torpada toplanardı. “Əməliyyat” hava qaralanda başlayar, təxminən 3-4 saat çəkər, adətən saat 22-23-ə kimi başa çatardı.
Axırda hamı əvvəldən müəyyən olunmuş yerdə toplanar, torbadaki bayram payı dəstə üzvləri arasında dədə malı kimi bərabər bölünərdi. Sonra digər dəstələrin üzvləri də gələr, bayram sovqatlarından yeyə-yeyə başımıza gələnlərdən danışar, deyib-gülər, sağollaşar və sevinə-sevinə evlərimizə dağılardıq. Evlərdə də bizi maraqla gözləyərdilər. Çatan kimi bayram paylarımıza baxar, nəyi kimdən topladığımızla maraqlanar, söhbətlərimizi maraqla dinləyərdilər. Topladığımız bayram payları evlərimizdəki bişintilərdən daha ləzzətli gələrdi bizə. Onlardan bir neçə gün istifadə edərdik.
Onu da deyim ki, kəndimizdə bizlərlə birlikdə qızlar da yaylıq atırdılar. Amma onları yolda-izdə itdən-pişikdən qorumaq bizim işimiz idi. Bunun üçün qızların valideynlərinə söz verirdik. Və öz borcumuzu şərəflə yerinə yetirirdik.
O vaxtlar “papaqatmaq” ifadəsini çox nadir hallarda işlədilirdi. Lakin 60-cı illərin sonlarından bu ifadə kütləvi şəkildə işlənməyə başlanmışdı. Bizcə, bu, etnoqrafik fonun dəyişməsi ilə əlaqəli olmuşdur. Amma prosesin adı “papaq atmağa” çevrilsə də, əslində uşaqların əksəriyyəti yenə də əvvəlki kimi yaylıq və ya əl dəsmalı atırdı.
Təəssüf ki, son illər bu gözəl Novruz adəti barədə xoş olmayan bir sıra söz-söhbətlər meydana çıxmışdır. Bizcə, belə söz-söhbətlərin yaranmasını təsadüf hesab etmək olmaz. Çünki sosioloq Ə.Qəşəmoğlunun da dediyi kimi, "Xüsusi mərkəzlər var. Onlar müxtəlif cür siyasi yönlü texnologiyalar hazırlayır ki, xalq öz adət-ənənələrinə, folkloruna şübhə ilə, yuxarıdan aşağı baxsın və onu təftiş eləsin. Bu gün ortaya atılanlar hamısı siyasi texnologiyalardır. Maraqlı olan siyasi və dini dairələr adətən, xalqımıza məxsus milli-mənəvi dəyərlərin gözdən salınmasının tərəfdarı olurlar ki, yaranmış boşluqdan istifadə edib, öz dəyərlərini cəmiyyətin beyninə yeritsinlər. Bunun üçün də biz çox ehtiyatlı olmalıyıq”. Adət-ənənələrimizə sahib çıxmalıyıq.
İndi bəzi milli şüurdan kasıb olanlar papaq atmağın yaxşı iş olmadığını, keçmişdən qalmış və artıq köhnəlmiş adətlərdən hesab edirlər. Nəinki öz ovladlarını, hətta qohum-qonşunun uşaqlarını da papaq atmağa getməkdən çəkindirməyə çalışırlar. Hətta “Nə var, konfet, qoğal, paxlava, şəkərbura, yumurta … görməmisən?. Otur evdə, mən bunların hamısını alaram sənə,-” deyənləri də görmüşəm. Yalançı canıyananlıqla “Camaat özünü zorla dolandırır. Nə var qapılara düşüb ortaq olursunuz. Bəlkə, kiminsə pay verməyə heç nəyi yoxdur”,- deyənləri də görmüşəm.
Hər şeyi maddiyyatla, mədəyə gedənlərin qədəri ilə ölçən bu adamlar anlamırlar ki, papaq atmaq sadəcə sovqat toplamaq deyil. Papaq atmaq həm də sosiallaşmadır, uşaqların ünsiyyət bacarıqlarının formalaşması, kasıb ailələrdən olan balacaların sevindirilməsidir. Sosial paylaşmadır, birlikdir, dostluqdur, yoldaşlıqdır. Həm də qonşuluq, qohumluq münasibətlərində mehribançılıqdır. Bir sözlə, bu adətin o qədər gözəl tərəfləri var ki, sadaladıqca bitməz. Ona görə papaqatmanın düzgün olmaması iradı gülüncdür. Özünüz deyin; uzunlu günü komputerin qarşısında oturmaq, telefonla oynamaq, güzgünün qabağında selfie çəkmək, zərərli vərdişlərlə məşğul olmaq və s. yaxşıdır, yoxsa papaq atmaq?!
Qaldı camaatın kasıb olması söhbətinə. Bəli, kasıb və imkansız ailələr var. Amma bilin və unutmayın ki, xalqımız bayram tədarükünə və hazırlığına bir neçə ay əvvəldən başlayır. Varlı və ya kasıb olmasından asılı olmayaraq, hamı papaqatanları həsrətlə gözləyir. Kasıb dediyiniz ailələr xüsusilə. Şəxsən bizim kənddə kiminsə evinə papaq atan uşaqlar gəlməsə, ev sakinləri bikef olurlar. Hətta bəziləri küçəyə çıxıb uşaqları onlara da papaq atmağa “təhrik edirlər”. Bu da mümkün olmasa, səhər hazırlanmış həmin payları xonçaya yığır, küçəyə çıxıb uşaqlara paylayır və papaq atmağa gəlmədiklərinə görə hətta onları “danlayırlar da.”
“Papaqatmaq” ifadəsi ilə bağlı söylənən daha bir məsələ barədə. Deyirlər ki, papaq namus rəmzidir, onu ayaq altına atmaq olmaz. Düz deyirlər. Papaq qədim türkün, Azərbaycan xalqının qeyrət rəmzi olduğu üçün heç vaxt ayaq altına atılmayıb. Atılmalı da deyil. Amma bunu Novruzun əsas adətlərindən olan “papaqatma” ilə bağlamaq absurd deyilmi? Papaq atmağın namus və qeyrətlə heç bir əlaqəsi yoxdur. Əvvələn, “papaq atmaq” ifadəsinə formal məntiq prinsipləri ilə yanaşmaq düz deyil. Bu ifadə bədii düşüncə məhsuludur və məcazi obraz, rəmzi deyim hesabına formalaşıb. İkincisi, "Namus-qeyrət papağı” deyilən papaqlar ayrı şeydir, bəylər. Folklorşünas M.Qasımlı haqlı olaraq deyir ki, “Balaca uşaqların papağı heç vaxt qeyrət ölçüsü, meyarı olmayıb. Uşaqların papaq atmasında qəbahət yoxdur. Uşaq papağını kim böyük papağı ilə qarışdırırsa, bu, onun özünün qəbahətidir. Bunlar tamamilə fərqli şeylərdir. Əlbəttə, biz heç vaxt imkan vermərik ki, bizim övladımız atasının, babasının papağını götürüb kiminsə qonşusunun qapısına atsın. Çünki böyük papağı qeyrət rəmzidir”.
Ona görə də yersiz fikirlərlə Novruz adət-ənənələrinə laqeyd münasibət formalaşdırmaq heç kəsə başucalığı gətirməz. Hər kefinə düşən də Novruz bayramımızla bağlı əsassız təkliflər verib, insanlarda şübhə yaratmamalıdır. Bu haqqı onlara heç kim verməyib.
“Papaqatma” heç kimin göstərişi və ya komandası ilə yaranan ənənə deyil ki, kiminsə sözü ilə də aradan götürülsün. Xalq gözünüaçandan bunu görüb. Çox qədim dövrlərdən bəri mövcud olub bu adət. Düşünürəm ki, yad təsirlərə uymalı deyilik, necə olur-olsun, Novruz adət-ənənələrimizə sahib çıxmalıyıq. “Halloven”
bizim deyil, Novruz isə dopdoğmaca öz bayramımızdır. Onun bütün adətlərini, o cümlədən papaqatma adətini yaşatmalıyıq. Yaşatmalıyıq ki, gələcək nəsillərə də ötürə bilək.
Artıq papaqatma gününə çox az vaxt qalıb. Nə deyirsiniz Novruzda papaq ataq, yoxsa, atmayaq?! Mən deyirəm ki, papaqatmağı bəyənməyənlərə inad uşaqlarımıza hazır olmaqlarını tövsiyə edək. Müşahidələrim göstərir ki, övladlarımız özləri artıq hazırlıq işlərinə başlayıblar. Gəlin onlara mane olmayaq! Papaqlarına (torbalarına, yaylıqlarına, dəsmallarına) olanımızdan-qalanımızdan bayram sovqatı qoyub sevindirək onları. Axı uşaqları sevindirmək qədər savab və gözəl iş yoxdur.Təki həyətimizə hər Novruzda papaqatanlar gəlsinlər.
Novruz bayramımız mübarək olsun!
Qoy Novruz tonqalımız gur alovlansın, azar-bezarımız bu tonqalda yansın! Ocağımıza nur çilənsin! İlimiz uğurlu, xeyirli-bərəkətli gəlsin! Qaranquşlar elimizə şad xəbərlər gətirsinlər!
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
“Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın...” – NOVRUZ BAYRAMI ƏDƏBİYYATDA
Nərgiz Mustafayeva, “Ədəbiyyat və incəsənət” üçün
Novruz - Baharın gəlişinin müjdəçisi, təbiətin oyanmasının, canlanmasının simvolu hesab edilir. Bu bayram İran və türk xaqlarına aid bir bayramdır. Bayram gecə ilə gündüzün bərabərliyi günündə, yəni mart ayının 20-dən 21-nə keçən gecə və gündüz qeyd olunur.
Ta qədim zamanlardan bəzi xalqlar təbiətin oyanışını müxtəlif şənliklər və mərasimlərlə qeyd ediblər. Bir çox yazılı mənbələrdə istinad edilir ki, Novruz bayramının qeyd edilməsi tarixi Zərdüşt Peyğəmbərin dövrünə gedib çıxır. Bayramın adət-ənənələrinə müxtəlif şair və yazıçıların əsərlərində rast gəlinir. Buna misal olaraq Nizamilmülkün “Siyasətnamə”si, Ömər Xəyyamın “Novruznamə”si, Nizami Gəncəvinin “İsgəndərmə” poemasını nümunə göstərmək olar.
Ümumiyyətlə, müxtəlif xalqlarda Novruz başqa adlarla adlandırılmışdır. Əski türklərdə Ergenekon dastanına əsasən türklərin “Ergenekondan çıxışı və çillələrinin bitməsi ilə yeni bir dövrün başlanması” məhz Novruz bayramı gününə təsadüf edir. Türk Altay mədəniyyətində isə Novruz bayramını İlqayax, Yakutlarda isə İlsıyax adlandırırlar.
İllər keçdikcə bu bayram nəsildən nəsilə ötürülüb və müxtəlif yeni-yeni adət-ənənələr, mərasimlər yaranıb. Günümüzdə Azərbaycanda Novruz bayramının: papaq atmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta boyamaq, qulaq falı və s. adətləri var.
Novruz Bayramının adət-ənənələrinə Azərbaycan ədəbiyyatında da sıx rast gəlinir. Buna misal olaraq yazıçı İsmayıl Şıxlı “Dəli Kür” romanında insanların bayram təlaşını belə qeyd edib:
“Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı.
Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın. Aylarla yığdıqlarını bir gecə üçün xərcləyənlər də var idi”.
“Ədəbiyyat və incəsənət”
(20.03.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Nizami Tağısoyla görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova filologiya elmləri doktoru, professor Nizami Tağısoyla görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə türk ədəbiyyatı mütəxəssisi, professor Nizami Tağısoy Azərbaycan-Qazax ədəbi əlaqələrinin tarixindən və qarşılıqlı ədəbiyyat mübadiləsinin önəmindən bəhs edib.
“Qazax Ədəbiyyatı Tarixi” dərsliyinin nəşrinin vacibliyindən söhbət açan Nizami Tağısoy müzakirələr zamanı Türk xalq dastanlarının müqayisəli öyrənilməsi məsələsinin prespektivlərini diqqət mərkəzinə gətirib.
“Qazax Ədəbiyyatı Tarixi” dərsliyinin Türkologiya fakültəsində təhsil alan, o cümlədən Türk Dünyası ölkələri üzrə Regionşünaslıq fakültələrində oxuyan tələbələr üçün vacib olduğunu qeyd edən A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunda təcrübə keçən müxtəlif universitetlərdən olan tələbələrin dərsliklərlə təmin olunmasının Fond üçün prioritet məsələlərdən olduğunu qeyd edib.
A.Raimkulova Türk xalqlarının ədəbi-mədəni əlaqələrinin dərinləşməsi istiqamətində ortaq dərsliklərin, mədəniyyət kataloqlarının, folklor antologiyalarının, musiqi atlaslarının önəmindən söz açaraq Fondun bu yöndə çoxsaylı layihələr icra etdiyini yada salıb.
Bir sıra elmi, ədəbi və mədəni məsələlərin müzakirəsinin aparıldığı görüşdə Türk xalqlarının mədəniyyətinə aid ortaq nəşr layihələrin icrası məsələsinə baxılaraq, bəzi elmi-ədəbi kitabların Fondun illik tematik nəşr planına daxil edilməsi qərara alınıb.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
“1-ci Uşaq Teatr Festivalı”nın qalibləri elan edildi
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
“Milli Teatr Günü” nə həsr olunmuş Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə “1-ci Uşaq Teatr Festivalı”nın bağlanış mərasimi keçirildi.
Qeyd edək ki, festival çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar yaradıcı çıxışlarını təqdim etmişdilər.
Bağlanış mərasimində çıxış edən Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov festivalın uğurla yekunlaşdığını bildirdi və gələn il 2-ci Uşaq Teatr Festivalının keçiriləcəyini də elan etdi. O, festivalın uşaqlar üçün böyük yaradıcılıq platforması olduğunu qeyd edərək bu ənənənin davam etdirilməsinin vacibliyini bildirdi. Həmçinin, gələcək festivallarda genişmiqyaslı tədbirlərin və yeni teatr elementlərinin tətbiq ediləcəyini vurğuladı.
Festivalın təşkilatçılarından olan “EMEDIA GROUP” Media təşkilatının sədri Elşən Əliyev çıxış edərək festivalın uşaq teatr sənətinin inkişafına böyük töhfə verdiyini söylədi. O, uşaqların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyini vurğulayaraq, festivalın informasiya təminatında və təşviqində rol oynayan media qurumlarına təşəkkürünü bildirdi.
Teatr Xadimləri İttifaqının sədr müavini, Respublikanın Əməkdar artisti, professor Azad Şükürov öz çıxışında festivalın teatr sənətinə yeni nəsil istedadların qazandırılmasına verdiyi töhfədən danışdı. O, uşaqların belə layihələrdə iştirakının onların yaradıcılıq potensialını üzə çıxardığını və gələcəyin aktyorları üçün gözəl imkanlar yaratdığını bildirdi.
Qeyd edək ki, 6 gün davam edən festivalda 6-14 yaş arası 1, 2 və 3-cü yer uğrunda orta məktəblər, mədəniyyət mərkəzləri, dövlət və özəl təşkilatların iştirakı ilə mübarizə aparılmışdı.
Münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblər seçilərək festivalın bağlanış mərasimində ictimaiyyətə təqdim olundu:
I yer – 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi – “Çiçəyim” Uşaq Teatrı.
II yer – 7 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi – “Sənət İnciləri” kollektivi.
III yer – Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəb – “Hop-Hop” kollektivi.
III yer – Azərbaycan İncəsənət Məktəbi – “Səhnənin Ulduzları” kollektivi.
Festivalın xüsusi nominasiyaları üzrə mükafatlandırılanlar:
Ən yaxşı aktyor – “Şahzadənin sərgüzəştləri” əsərində Şahzadə roluna görə Allahverdiyev Yusif.
Ən yaxşı aktrisa – “Göyçək Fatma” əsərində Çirkin qız roluna görə Dəniz Məsiml.i
Ən yaxşı rejissor – “Tənbəl Əhmədin nağılı” tamaşasına görə Bədəlova Yaqut Məsimli.
Ən xarakterik aktyor – “Cik-Cik xanım” tamaşasında Usubəliyev Saleh.
Ən şirin aktrisa – “Şahzadənin sərgüzəştləri” tamaşasında Sarıduman Rabia Sinay.
Ən şirin aktyor – “Tısbağanın yolu” tamaşasında Talıblı Səid.
Ən yaxşı səhnə tərtibatı – “Tənbəl Əhməd” tamaşasına görə Məmmədova Mehparə
Ən yaxşı musiqi tərtibatı – “Cik-Cik xanım” tamaşasına görə Rəhim Rəhimov.
Ən yaxşı səhnə geyimi – “Şahzadənin sərgüzəştləri” tamaşasında Rəna Kərimova.
Ən yaxşı rəqs – “Tənbəl Əhmədin nağılı” tamaşasında Əli Natiqoğlu.
Sonda festivalda iştirak edən bütün uşaq kollektivlərinə sertifikatlar və hədiyyələr təqdim edildi. Bağlanış mərasimi maraqlı musiqi və rəqs nömrələri ilə yekunlaşdı.
Sonda Fərid Bağırov festivalın tərəfdaşlarına - Kinderland Uşaq Əyləncə Mərkəzi, Ailəm Electronics, Mədəniyyət Könüllüləri İctimai Birliyi, Guarden Şirkəti və Ulu 1995 mətbəəsinə tədbirdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
Bozqurd – azadlığın və cəsarətin simvolu
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün
Bu gün dünyada qurdla bağlı külli miqdarda yer adı, heykəl, adət-ənənələr, mərasimlər vardır. Amerikada yaşayan Mayya tayfaları bu gün də qurda sitayiş edirlər, Romanın simvolu kimi qurd qəbul edilir, Cənubi Amerika hinduları qurdu döyüşə aparan sərkərdə kimi qəbul edirlər, Avrasiyada qurd daha çox yol göstərən kimi xarakterizə edilirsə, Qərbi Avropada ona daha çox ilkin başlanğıc kimi münasibət bəsləyirlər.
Qurdlarla bağlı Hans Bidermanın məşhur "Simvollar ensiklopediyası"nda da xeyli maraqlı məlumatlar var. Məsələn, Qədim misirlilər qurdbaşlı tanrılara müharibə tanrısı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə qurda şərin elçisi kimi yanaşılır. Yazdıqlarımızı ümumiləşdirərək belə nəticəyə gəlmək olur ki, bütün hallarda qurd bəşəriyyətin əzəl çağlarından insanların düşüncəsində, arzu və niyyətlərində özünə möhkəm yer eləyib.
Tarix sübut edir ki, qurda ən çox önəm verən türklər olub. Onlar qurd (Bozqurd) kultuna xüsusi bir ehtiramla bağlıdırlar. Təsadüfi deyil ki, türklərdə Bozqurd həmişə müqəddəs tutulmuşdur. Bəzi türk xalqları bozqurdu hörmətlə tanrı oğlu adlandırırdılar. Altay dağlarında, qədin hun məskənlərində çoxlu qurd tanrı heykəlləri, dişlərini qıcırtmış və quyruğunu belinə qaldırmış zolaqlı qurd təsvirləri və petroqlflər vardır. Şəkidə e.ə. III-II yüzilliklərə aid qurqandan tapılmış boyunbağının üzərində qurd şəkilləri təsvir edilmişdir. Qədim türk əfsanə və dastanlarında çoxlu qurd personajlarının və onlara xüsusi ehtiramın olduğunu görürük. Göytürklərin göy bayraqlarında qurd başı rəsmi vardı. Qədim türklərin dini inanışlarından danışan Çin qaynaqlarında Ötüken (kultdur) qurdbaşlı varlıq olaraq xatırlanırdı. Ə.Firdovsi “Şahnamə” əsərində türklərin yaşadığı yerləri “keşvare qorqsar” (“qurdlar məskəni”) adlandırır.
Xalq inanclarında qurd dişinin cibdə daşınmasının nəzərdən qoruyacağına inanılırdı. Yuxuda və ya gəzərkən qurd görmək xeyirə yozulardı. Hamilə qadının nəzərdən qorunması üçün yastığının altına qurd dişi və ya dərisi qoyular, yeni doğulan oğlan uşağının beşiyinin dörd tərəfinə qurd şəkli çəkilərdi. Qurdun parçaladığı qoyun murdar sayılmazdı. Südü kəsilmiş anaların yenidən südünün gəlməsi üçün qurd əli dualarla qadının döşlərində gəzdirilər, bədəninin bir yerində ağrısı olan və ya boğazı gələn uşaqların ağrıyan bölgələrinə “qayıt, qayıt” deyilərək yenə qurd əli sürülərdi. Bizcə, bu örnəklər qurdun əski türk düşüncə və inancında hansı anlam daşıdığını bəlli etmək üçün kifayətdir.
Onu da qeyd etmək lazımdır ki, bu inancların bir qismi indi də yaşamaqdadır. Qurd adı ilə bağlı çoxsylı toponimlərin mövcudluğu, yuxarıda göstərilən inanclarla yanaşı, qurdu söymək və ona qarğımağın günah sayılması, “qurd üzünün mübarək” hesab edilməsi, şansı gətirən adama “qurdu uladı” və ac adama “qurd kimi acımış” deyilməsi, qorxmaz, cəsur, dözümlü və təcrübəli insanlar barədə söylənilən “qurdlarla dolaşır”, “qurd ürəyi yeyib”, “qurd kimiöz qanını yalayır”, “qurdla qiyamətə qalacaq”, “qoca qurd” kimi ifadələr, qurdla bağlı andlar (“Bozqurdun ruhuna and olsun”, “And olsun Bozqurdun mübarək üzünə” və s.), atalar sözləri (“Qurdun adı, yesə də, qurddur, yeməsə də”, “Qurdun səbəbinə quş da yeyər”, “Qurdu nə qədər əhilləşdirsən, gözü yenə meşəyə baxacaq.” və s.), məsəllər (“Kor qurdun qismətini verən Allah mənim də qismətimi verər”, “Qurd getdi yazıya, meydan qaldı tazıya”, “Süfrəmizin qurd payı” və s.), nağıllar (“Kor qurdun qisməti” və s.), oyunlar (“Yoldaş, məni qurd apardı” və s.) , adətlər (“Qurd ağzı bağlamaq”, “Qurd ayağı gətirmək” və s.) və s. qurd barədə əski inancların uzantısı olub, hələ də türkün düşüncəsində boz qurdun öz qutsallığını, Tanrı qatında özəl məqama sahib olduğunu və bu yöndə cağdaş türkün əski türklə düşüncə ortağı olduğunu bildirir.
Əski türk dastan, əfsanə, nağıl, atalar sözü və məsəllərdə, həmçinin yazılı ədəbiyyat nümunələrində (xüsusən poeziya nümunələrində) “qurd” sözünün, o cümlədən “Kitabi Dədə Qorqud” dastanının müxtəlif boylarında rastlaşdıqları “qurd üzü mübarəkdir, qurd ilə xəbərləşim”, “qara başım qurban olsun, qurdum, sana”,”issiz yerin qurdu kibi ulaşdılar”, “əzvay qurd ənügi erkəgində bir köküm var”, “yeni bayırın qurduna bənzər igidlərim”; N.Gəncəvinin “İsgəndərnamə” poemasında “Gəldi qurd ağzından sübhün nəfəsi, Keşikçi itinin kəsildi səsi” beytindəki “qurd ağzı”; “Koroğlu ilə Bolu bəy” qolunda “yeyib qurdlarınla ulaşım, dağlar”, Koroğlu qoşmalarındakı “gərək budur qurddan olan qurd olsun”, “… adım qurd oldu, qurd oldu” deyimləri; atalar sözlərində təsadüf etdiyimiz “Qurd görəndə salavat çevir”, “Qarşına qurd çıxsa, əlinə pay gələr”; müasirlərimizin şeirlərindəki “qurdbaşlı bayrağın balası bayraq” (B.Vahabzadə: “Bayraq”), “Dur, özünü bozqurd eylə” (M.Araz: “Ayağa dur, Azərbaycan), “Bozqurd sənsən, bozqurd mənəm, Bu qurd kimi düşmənimi bir gün yenəm” (X.Rza: ”Bozqurd”), “Namazını qurd üzünə, Yarpaq üstə qılan gəlsin.”, “Yuxumda bir ağız qurd ular keçər” (R.Behrudi: “Vida türküsü” və “Boz qurd”), “Mən bir acıyalquzağam, Qurd ulayır içimdə” (M.Yaqub: “Tənhalığın üsyanı”), “Qorqudun, boz qurdun, türk ulun olum” (F.Böyükkişi: “Mən də sənin kimi təkəm, tənhayam…”) və s. kimi ifadə və cümlələrdəki “qurd” sözü ilə tez-tez rastlaşırıq.
Türk inanışlarına görə Bozqurdun rolu (funksiyası) üç şəkildədir; ata (əcdad), rəhbər (yol göstərən, hami) və qurtarıcı (xilaskar).
Qədim türklər özlərini təbiətdən ayırmadığı, ətraf mühiti anlayıb dərk etdiyi mifoloji zamanda - ilkin zamanda - əcdadlarının zamanında yaranışlarında, soylarında qurdla qohumluq bağları olduğunu iddia edər, nəsillərinin bu müqəddəs varlıqdan törədiyinə inanardılar. Təsadüfi deyil ki, mifoloji zamanda yaratdıqları çox əski dastanların bəzilərində ana (məsələn:“Bozqurd” və “Asena” dastanlarında), bəzilərində ata (məsələn: “Törəyiş”, “Doqquz Oğuz – On Uyğur” dastanlarında) olaraq görülən Bozqurd türk nəslinin yoxolma təhlükəsi yarananda ortaya çıxır və nəslin davam etməsini saxlayır. Bir hun əfsanəsində doqquz oğuzların törəməsini qurd – insan cütləşməsi davam etdirir. Çou-shu adlı Çin xanədan xronikasında törəyiş əfsanəsi ilə ilgili xəbər, Ərgənəkon dastanı və çox qədim bir türk əfsanəsində dişi qurdun tək qalmış uşağı himayə etməsi, VI əsrə aid bir daş qəbirdə, Kül Tikin kitabələrinin birində qurddan süd əmən uşaq təsviri, 1957-ci ildə (sonuncu fakt) Türkmənistan ərazisində insan övladının qurdlar tərəfindən bəslənilməsi hadisəsinin baş verməsi və dıgər mənbələr də deyilənlərə inam oyadır.
Türklər boz qurdu həm də bir hami, rəhbər kimi qəbul edirlər. Mifoloji materialarda, o cümlədən qədim türk dastanlarında görürük ki, millətin həyatının həlledici anında Bozqurd onlara yol göstəirir, rəhbərlik edir. Məsələn, “Ərgənəkon” dastanında və “Kut dağı” əfsanəsində Bozqurdun rəhbər rolunu aydın görmək mümkündür.”Oğuz Xaqan dastanı”nda Oğuz Xaqana göydən enən işığın içərisindən çıxan göy qurd yol göstərir.
Materiallar Bozqurdun həm də qurtarıcı olduğunu deyir. Türk zor duruma düşəndə bozqurd ortaya çıxaraq onu qurtarır. “Köç”, “Manas”, “Ərgənəkon” dastanlarında bozqurd qurtarıcıdır. İndiyədək qurd mövcud olan bir tatar əfsanəsində görürük ki, meşədə azaraq düşmənlərin mühasirəsində qalan köçəri qəbiləni bir qurd mühasirədən çıxarır, məhv olmasına imkan vermir.
Bozqurdun əcdadlıq funksiyası əsasən Göy Türk xaqanlığında tanınmışdır. Oğuzlarda onun əsas funksiyaları yol göstərən və xilaskardır.
Gerçəklik budur ki, heç zaman bütə tapınmayan türk Bozqurdu simgə olaraq seçib. Bozqurdun simgə olduğu sürəcdə türk yenilməz olub. Məhz bunu çox yaxşı bilən türk düşmənləri Bozqurdu, əslində bozqurd ruhunu türkdən almağa çalışdılar. Bunlar sadəcə düşüncə və gəlişi gözəl sözlər deyil, gerçək tarixi faktlara dayanan məntiqi sonuclardı. SSRİ-nin yarandığı ilk illərdə türkün və türklüyün düşməni olan Lenin türkiyəli araşdırmaçı yazar İlhan Bardakçıya belə demişdi: “Türkiyədə kommünizmi yerləştirmək üçün öncə onlara dinlərini, milliyyətlərini unutdurmak və qafalarına yerləşmiş olan Bozqurd əfsanəsini söküp atmak lazımdır.”
Bəs nə üçün türklər digər yırticıları deyil, məhz qurdu əcdad, rəhbər və xilaskar “seçir”? Bu məsələ türk etnik-mədəni sistemi çərçivəsində aydınlaşdırılmalıdır. Onlar bilməlidirlər ki, qurdların insan düşüncəsi ilə qəbul edilən müsbət cəhətləri hansılardır və onların hansı xüsusiyyətləri şüurlu insanın davranışına daha yaxındır.
Türk ən əski çağlardan fiziki gücə deyil, mənəvi böyüklüyə tapınmışdı. Heç təsadüfi deyildir ki, Səlcuqilər dövründə güney Azərbaycanda yaradılan bir nimçədə yazılmışdı: “Türklə ucuz başla danışmaq olmaz.” Dünyanın cansız əşyalara tapındığı dönəmdə türk yaradıcı olaraq Tanrını tanıdı. Yaradılışdan ruhu ruhuyla tən gələn Bozqurdu məhz əlçatmaz ruhuna görə sevdi, əyilməzliyinə, mərdliyinə, özgür ruhuna görə özünə simvol olaraq seçdi. Türk güc axtarışında olsaydı, aslanı, pələngi və s. simgə seçərdi. Bozqurdu simgə olaraq seçən türk Bozqurdun özü kimi əyilməz yaşadı, özgürlük vurğunu oldu. Bu ruh türkün enerji qaynağı oldu.
Qədim türklərin düşüncəsinə görə, qurdlar heç də insanlara zərər verən yox, əksinə, dünyamızı əyriliklərdən təmizləmək kimi Tanrı missiyasını öz üzərinə götürmüş canlılardır. Tədqiqatçılar (M.Seyidov, M.Həkimov, N.Hacıheydərli, C.Bəydili, C.Bayramlı, O.Salayev, R.Qafarlı və b.) türklərin xarakterik xüsusiyyətlərinin bir çoxunun qurd psixologiyası üzərində qurulduğunu və haradasa onu xatırlatdığını göstərirlər. Məsələn, aşağıda qeyd edilənlərə diqqət edək:
1.Qurd azadılıqsevən heyvandır. Həmişə azadlığa can atır. O, yeganə yırtıcı heyvandır ki, əhilləşdirmək və zəncirləmək mümkün deyil. Pəncəsi tələyə düşəndə belə qurd onu dişləri ilə didib-parçalayıb özünü xilas edir. Əğər bozqurd ona saldıran çox sayda yırtıcının qarşısında çıxılmaz vəziyyətdə qalarsa, əsir olmamak için köksünü parçalayıp özünü öldürür. Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki Bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Yuxarıda sadaladığımız xüsusiyyətlərin böyük əksəriyyətinə Azərbaycan və Anadolu türklərinin, habelə, bütün türklərin psixologiyasında rast gələ bilərik. Türklər hər zaman azad və sərbəst olmağa üstünlük veriblər. Türklər o dərəcədə qorxmaz olublar ki, İslamın 2-ci xəlifəsi Ömər onlar haqqında belə deyib: ”Türkü yaraladınsa, hökmən onun işini bitir. Əks təqdirdə o əlinə düşən ilk imkanda geri qayıdacaq və sizə o zaman aman olmayacaq. Onlar geri çəkilməyi, uduzmağı qəbul etmirlər”; Sonuncu dini insanlara təlqin edən Həzrəti-Məhəmməd isə ərəblərə xitabən bunları söyləyib: “Türklər sizə toxunanadək onlara toxunmayın”.
2. Qurd heç vaxt təkbaşına hərəkət etmir. Sürü onun üçün kollektiv özünümüdafiə xarakteri daşıyır. Onun öz lideri var. Qurd qurdluğu ilə dərk edir ki, tək əldən səs çıxmaz. Türklər, onun liderləri də hər zaman öz dövlətinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük veriblər.
3. Qurd ailəsinə, evinə sadiqdir. Balalarının, “xanımının” yolunda canını qurban verməyə hazırdır. Dişisi ölən qurd ömrünün sonuna kimi başqa dişi ilə “evlənmir”. Dişisini başqa bir erkəklə görən qurd onu parça-parça edib, yalquzaq kimi yaşamağa belə razı olur.
4. Yaşadığı əraziyə, ailəsinə, öz növündən olan digər qurda təcavüz olarsa, qəzəbli qurdun qarşısını heç bir canlı ala bilməz.
5. Tanrıya sevgi qurdun qanındadır. Üzü hər zaman Tanrıya doğru olan qurd ağzını göyə tutub uladıqda belə gözlərini yumur, bir növ “daxilən saflaşır” və Tanrıya məxsus olduğunu göstərir. Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də Oğuz Xaqan dastanında olduğu kimi ağ işığın içindən çıxdığını görürük. Bütün hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur. Qurdun ulaması birliyə çağırış kimi mənalandırılır .
Sadaladığız xüsusiyyətlərin böyük əksəriyyətinə türklərin psixologiyasında rast gələ bilərik. Türklər özləri də xasiyyət və davranışları ilə qurd arasında elementar oxşarlıqlar görürdülər. Hətta aypara taktikası (və ya Turan türk taktikası) adı verilən yarımçevrə ilə düşməni ortaya götürüb çevrəni qapamaq strategiyasının qurdlardan götürülərək ilk dəfə türklər tərəfindən tətbiq edildiyi ehtimal olunur.
Türk (Oğuz) – qurd münasibətlərinin arxaik semantikasının araşdırıcıları da türklərdə qurd obrazına məxsus mifoloji cizgiləri təsdiqləyirlər. “Kitabi Dədə Qorqud”dakı qurdun Salur Qazan tərəfindən “ər” adlandırılması (“Qarla yağış yağanda ər kimi duran!”) faktı Oğuzun funksiyasının qurdun funksiyasından fərqlənmədiyini göstərir. Hər iki obraz “ər” semantemində birləşır. Türklər də qurd kimi hər zaman qorxmaz, azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük vermiş, “Tanrı Milləti” olduqlarını dəfələrlə sübut etmişlər.
Qurdların növləri çoxdur. Bəs nə üçün türklər ancaq Bozqurdu simgə kimi qəbul edirlər? Çünki qədim türklərin psixologiyası ancaq bozqurdun “psixologiyası” ilə tən gəlirdi.Yuxarıda göstərilən nümunələr də bunun sübutu ola bilər.
“Bozqurd” və ya “göy saçaqlı qurd” adlanan heyvan yalnız müəyyən zamanda zühur edir və yalquzaqdır. Yəni o digər heyvanlar kimi təbiətdə yaşamır, səmavidir. Ancaq ehtiyac olduğunda, türklərin çətin zamanında izə çıxır. Əski türk dastan, əfsanə və deyimlərində Bozqurdla yanaşı göy qurd (gök kurt) və göy börü (gök börü) obrazına da rast gəlirik. Burada «göy» sözü rəng anlamında deyil, «göylərdən enmiş», «göy mənşəli», «qutsal», “qurd” sözü isə “qurtuluş” anlamındadır . Təsadüfi deyil ki, göy qurdun adı keçən dastan və əfsanələrdə onun göylərdən endiyini və bəzən də göydən enən ağ işığın içindən çıxdığını görürük. Əksər hallarda göy qurd (Tanrı tərəfindən göndərilmiş) xilaskar, qurtarıcı obrazında təqdim olunur.
Əski türk isə yalnız qutsal saydığı varlıqlara göy (gök) ismini verirdi. Bir sözlə, əski türklərin Bozqurdu simvol olaraq seçməsinin iki ana səbəbi olmuşdur:
1.Bozqurdun başqa heç bir canlıda olmayan üstün özəllikləri
2.Bozqurdun Göy mənşəli (gök kurt) – müqəddəs olması
Bu xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər.
Yəqin çoxunuz qurd adam, yaxud ay bədirlənəndə bəzi insanların qurda dönməsi barədə əfsanələri eşitmiş və ya oxumusunuz . Dünya xalqlarının, o cümlədən Azərbaycan xalqının mifoloji mətnlərində (məsələn: “Qurd Zalxa” və “Qurd adam”) insanın qurda çevrilməsi barədə kifayət qədər material vardır. Vaxtı ilə tarixin atası sayılan Hedrodot da öz əsərlərində bu barədə söhbət açmışdır. Tarixdə 1520 – 1630-cu illərdə Avropada otuz mindən çox qurd adam hadisəsi qeydə alınmışdır. Son illərdə məlum olmuşdur ki, sovetlər dönəmində Moskva və Sank- Peterburqdakı institutlarda gizli şəkildə insanın qurda çevrilməsi ilə bağlı araşdırmalar aparılırmış.
Elm bu yaxınlara kimi insanın qurda çevrilməsi fonemini rədd edirdi. Lakin son vaxtlar Rusiya Milli Elmlər Akademiyası və Amerika Səhiyyə Assosiasiyası apardıqları ekspedisiyaların nəticələrinə əsaslanan dəqiq faktlar və dəlillərə istinad edərək bəyan etdilər ki, insanın qurda çevrilməsi fenomeni var. Rusiyanın şimallarında məskunlaşmış, əsasən, türk əsilli xalqların şamanları, Şimali Amerika hinduları (əsasən türk əsilli), Yaxın Şərqdəki türk tayfalarının bəzi şəxslərinin yaman ruhlarla döyüşmək üçün qurda dönmələri elmi məqalələrlə təsdiq olunur .
Məqalələrdə göstərilir ki, türk şamanlar arasında müxtəlif dua və ayinlərin köməyi ilə asanlıqla qurda çevrilə bilənlər (onlara “noyd” deyirlər) indi də vardır. Bu zaman onların insan olduqlarını ancaq gözlərindən və səslərindən tanımaq mümkün olur.
Qurda, o cümlədən digər canlılara çevrilmək insan orqanizminin imkanlarının gerçəkdən də, hədsiz olduğunun sübutudur. Mifoloji tədqiqatlar göstərir ki, fərqli coğrafiyalarda yaşayan insanlar ancaq qurda yox, digər canlılara da (məsələn: ayı, maral, bizon, sırtlan (leşlə bəslənən çirkin üzə sahib heyvan) və s.) çevirlə bilirmişlər. Qurda isə daha çox türk əsilli xalqların nümayəndələri dönürlərmiş. Bizcə, türkün digər canlılara yox, ancaq qurda çevirilməsinin əsas səbəbi yuxarıda da qeyd etdiyimiz, kimi ortaq xarakterlərin olması, bozqurda olan ehtiramın təzahürüdür.
Tədqiqatlarda qeyd edilir ki, mifoloji mətnlərdə heyvanın əcdad, soybaşı kimi göstərilməsi, sadəcə, bu adı daşımış insanın keyfiyyətini əks etdirir, yəni soykökündə boz qurd kimi şüsaətə, döyüşkənliyə, lider özəlliklərinə malik bir insanın durduğunu göstərməyə hədəflənir, onun bioloji əcdadı olmasına yox.
Beləliklə, əcdad, rəhbər – yol göstərən, xilaskar – qurtarıcı funksiyalarını yerinə yetirən qurd türklərin ədəbi-bədii təfəkkürdə azadlıq, işıq, mərdlik, yurdsevərlik, sadiqlik, liderlik, ən başlıcası türkçülüyün simvolu kimi anılaraq qəbul edilir və özünün tarixi-fəlsəfi, o cümlədən ideya yükünü hələ də ünvanlara çatdırmaqda davam edir.
Bu gün Bozqurdla bağlı mifoloji elementlər, sözün həqiqi mənasında, milli estetik fikir yatırımına, yetişməkdə olan nəslin azadlıq və istiqlal təfəkkürünün, milli-mənlik şüurunun formalaşması və təkamülünə güclü təsir vasitəsinə çevrilmişdir. 44 günlük Qarabağ savaşında oğullarımızın qəhrəmanlıqları və onların divarlara, qayalara cızdıqları Bozqurd rəsmləri, şəhid gizirimiz X.Yusifzadədən tutmuş qazi polkovniklərə qədər bir çoxlarının Bozqurd işarəsini göstərilməsi bunun ən gözəl sübutudur.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
PORTAL AKADEMİYASINDA - Riçard Brenson, «Hər şey cəhənnəmə, giriş və elə!»
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək.
Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»
Ser Brensonun növbəti kitabını isə həyat manifesti, hərəkət və risk manifesti adlandırırlar. Kitabın məğzi həyatdan nə mümkündürsə hamısını götürməkdir. «İstədiyini etməkdən qorxma!» - deyir Ser Brenson. Buna görə də sənin təhsil səviyyənin, təcrübənin olub olmamasının əsla əhəmiyyəti yoxdur. Həyat – sənə həzz gətirməyən məşğuliyyətlərə sərf olunmaq üçün olduqca gödəkdir.
Müəllif iddia edir ki, əgər sənin çiyinlərinin üzərində başın varsa, döyünən ürəyin varsa, demək istənilən məqsədə çatmaq iqtidarındasan. «Nəsə xoşuna gəlirsə elə, xoşuna gəlmirsə, düşünmədən tulla getsin!», - söyləyən Riçard Brensonun bu kitabının illərdir ki, dünyada əl-əl gəzməsinin səbəbi odur ki, kitab hər bir insana öz imkanlarına inam aşılayır, onu müdrikləşdirir və ona inanılmaz dərəcədə çox optimizm bəxş edir.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)
KİNO BƏLƏDÇİSİndə - Müharibə dəhşətləri- “Gizli silah”
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Rejissor Lan Şarpenin 1990-cı ildə ekranlaşdırdığı “Gizli silah” filmi barədə danışmaq istəyirəm. İkinci Dünya müharibəsi iştirakçısı olmasaq belə, filmlərdən və kitablardan yəqin ki, hamımızın yaddaşındadır və görünür, uzun müddət heç kimin ağlından silinməyəcəkdir.
Rus kəşfiyyatı alman ordusunun əlində “Katyuşa” yaylım-atəş sisteminin olması barədə məlumat əldə edir və sistemin məhv edilməsi üçün 8 nəfərdən ibarət partizan qrupu qurulur. “Katyuşa”nın yerini təsbit edən qrup planın ilk mərhələsini alman ordusunun diqqətini dağıtmaq üzərinə kökləyir və plan uğurla həyata keçirilir.
Partizan qrupunda yaxalanan iki zabitin alman ordusuna verdiyi yanlış məlumatlar rus ordusunun işini bir qədərdə asanlaşdırır və almanların diqqəti əməlli-başlı dağılır. Birinci yalan məlumat rus ordusunun var qüvvəsi ilə irəlilədiyi və alman hərbi bazasına yaxınlaşması barədə olur. Digər yalan isə bazanın rus hərbi hava qüvvələri tərəfindən vurulacağı barədə olur. Nəticə etibarilə söylənənlərin heç biri baş vermir və alman ordusunun loru dildə desək, bildiyi də yadından çıxır.
Rus ordusu böyük planın ilk mərhələsini uğurlu bir şəkildə həyata keçirdərək almanların diqqətini dağıtmağı bacarmışdı. Növbədə planın ikinci hissəsi var idi. Rus ordusu almanların məcbur qalarlarsa “Katyuşa”nı körpü vasitəsilə qaçırda biləcəyini bilirdi. Buna görə də hədəf körpünün partladılması idi. Rus kəşfiyyatçısı göl üzərində hərəkət edə bilən kolluq vasitəsilə kamuflaj olaraq körpüyə bomba bağlamaq üçün hərəkətə keçir. Hər nə qədər təhlükəli və riskli görünsə belə almanların əlini zəiflətməkdən başqa çıxış yolu qalmır. Almanlar ilk baxışda kolluğun öz-özünə hərəkət etdiyini düşünüb çox da əhəmiyyət vemirlər. Kəşfiyyatçı bombanı uğurla qurlaşdırıbmış. Alman əsgəri hər ehtimala qarşı gölə bir neçə atəş açır. Mərmilərdən birinin rus əsgərini ağır şəkildə yaralamasına rəğmən, vəzifə sonuna qədər yerinə yetirilməli idi. Bağlanan bombanın partlamaması rus əsgərini yenidən körpüyə qayıtmağa vadar eləyir. Gölün üzərində görülən qan izləri alman əsgərlərinin hərəkətə keçməsinə səbəb olur. Rus kəşfiyyatçısı öz canı bahasına həm millətinin, həm də döyüş yoldaşlarının canını xilas edir və körpünü özü ilə birlikdə partladır.
Baş verənlərdən də görüldüyü kimi bir insan lazım gəldikdə vətəni üçün, xalqı üçün öz canını düşünmədən fəda etməyə hazırdır və etməlidir. İstər öz ordumuz, istərsə də başqa bir ordu, hər kəsin dilində və fikrində “öncə vətən” düşüncəsi yatır.
“Ədəbiyyat və incəsənət”
(19.03.2025)