Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATI SEVDİRƏK layihəsində bu gün sizlərə akademik Nizami Cəfərovun məqaləsi təqdim edilir. 

 

Türk-müsəlman panteizminin əsasında dayanan sufizm öz ideya-məzmunu etibarilə metafizik bir hadisə olduğundan burada hər hansı təkamüldən danışmaq ilk baxışda müəyyən etiraza səbəb ola bilər, ancaq nəzərə alsaq ki, söhbət sufizmin özünün deyil, onun poeziyada təxminən, min illik bir epoxanı ehtiva edən təzahüründən gedir, onda təkamülün keyfiyyətcə bir-birindən seçilən paradiqmalar miqyasında meydana çıxması imkanları, yəqin ki, şübhə doğurmamalıdır. Əlbəttə, türk-müsəlman (ümumən, müsəlman!) sufizminin yalnız ideya-məzmunu yox, həmin ideya-məzmunun ezoterik ifadəsi olan metafora sistemi də metafizikdir. Və şam - pərvanə, nəfs, div, at - araba - sürücü, rəqib, büt, gur(ahu), güzgü, pərdə, vücud şəhəri, qəsr (vadi),vətən, həbsxana, nöqtə, hübab və s. nümunələr əsasında orta əsrlər türk-Azərbaycan poeziyasındakı konseptual (koqnitiv) metaforaları araşdıran professor Mətanət Abdullayeva da "Mətn şərhinin metodoloji əsasları" (Bakı, 2024) adlı çox dəyərli kitabında, tamamilə haqlı olaraq, həmin metafizikaya istinad edir. Ancaq ideya-məzmun qədər onun bilavasitə ifadə-üslub tərəfi olan metafora sistemindəki bu "strateji stabillik" də türk poeziyasında sufizmin təkamülü kimi maraqlı bir məsələnin öyrənilməsinə nəinki mane olur, əksinə, xüsusilə, müqayisə üçün zəngin material (və bəzi hallarda, hətta metodoloji imkanlar) verir. Hər şeydən əvvəl o baxımdan ki, milli ədəbi-ictimai təfəkkürün daim hərəkətdə olan stixiyası (dialektikası) mahiyyət etibarilə ümumbəşəri səciyyə daşıyan sufizmin (panteizmin) hər cəhətdən sabit ideya-məzmun və poetika-forma kanonlarına (metafizikasına) dayanmaqla, bir tərəfdən, öz hərəkət magistralını müəyyən edirdisə, digər tərəfdən, həmin kanonları canlı həyatın müzakirəsinə çıxarmış olurdu. Bununla belə, dəfələrlə qeyd edildiyi kimi, eyni ideya-məzmun (və poetika-forma) ətrafında dolanmaq müəyyən "trafaret" yaradırdı ki, orada yeniliklər edərək öz üslubunu formalaşdırmaq heç də hər qələm adamına nəsib olmurdu. Və həmin "trafaretliy"in müqavimət miqyasını, hətta təkamül paradiqmaları keyfiyyətində fərqləndirdiyimiz klassiklər arasındakı yaxınlıqla da müşahidə etmək mümkündür.

 

Doğrudur, "təsəvvüf poeziyası ezoterik "söz xəzinəsi"dir ki, burada dərk edilməsi üçün yüksək erudisiya tələb olunan sözlərdən, çoxmərtəbəli metaforalardan, anlaşılması bəzən mümkün olmayan söz-kodlardan məharətlə istifadə olunur. Müəlliflər (burada söhbət Nizami, Nəsimi, Füzuli səviyyəli müəlliflərdən gedir - N.C.) əsərlərinin dili haqqında danışarkən mütləq surətdə orada alt mənanın, gizli qalan "cövhər"in olmasına işarə edirlər", eyni zamanda "sözün, metaforik obrazın öz mənasından da artıq məna bildirməsi sözün ilkin dərk səviyyəsindən (yəni linqvistik funksiyasından - N.C.) çıxıb dərin semantik qatlarda yeni məna, fəlsəfi koqnitiv yük qazanması deməkdir" (Mətanət Abdullayeva), ancaq sufi poeziyanın sözügedən "introspektiv təcrübələr"i öz-özlüyündə nə qədər mükəmməl idrak faktı olsa da, hər halda mahiyyət etibarilə mistikadır. Və bu mistika kosmosun intəhasız harmoniyasına nə qədər geniş şərh verməyə, nəticə etibarilə, onu bütünlükdə ehtiva eləməyə çalışsa da, yəni o baxımdan "məhdud idi" ki, öz mühakimələrində hər hansı opponent qəbul etmirdi. Ona görə də orta əsrlər bitib yeni dövr başlayan kimi rassional düşüncə özünün çoxlu sayda ədəbi cərəyan və ya məktəbləri ilə sufizmi (panteizmi) yeganə mükəmməl yaradıcılıq metodu (hətta Nizami, Nəsimi, Füzuli səviyyəsində belə!) olmaqdan məhrum etdi. Və odur ki, türk poeziyasında sufizmin təkamül paradiqmalarından danışarkən yaddan çıxarmırıq ki, "Qurani-Kərim"in (ümumən müqəddəs dini-ruhani mətnlərin) dərki təcrübələrindən biri olan sufizmə (yəni rassional yox, irrassional; ağılla yox, hisslə dərkə!) əsaslanan poeziya insanın ideya-estetik idrakının bütün imkanlarını təmsil edə bilməzdi. Əlbəttə, yeni dövrün ideya-estetik axtarışları bu həqiqəti heç bir nəzəri mülahizəyə yer qoymadan sübut elədi.

 

Sufizmin, "məqsədi Allahla birləşmə olan sakral introspektiv təcrübə" (Mətanət Abdullayeva) olaraq, arxaikləşməsi tədricən getmiş, onun poeziyadakı "hakimiyyət"i də elə həmin tədriciliklə arxasınca, həqiqətən, zəngin bir tarix qoyaraq sona çatmışdır. Doğrudur, günü bu gün də Müsəlman dünyasında sufizmi həm mistika, həm fəlsəfə, həm də din kimi canlandırmaq iddiaları kifayət qədər güclüdür, ancaq bir məsələ var ki, bütün bunlar, çox nadir istisnaları nəzərə almasaq, ədəbiyyatın, poeziyanın fövqündə baş verir. Və o da doğrudur ki, "milli mədəniyyət, ədəbiyyat, fəlsəfi düşüncə tariximizin hələ də metaforik pərdələr altında ("arxasında" daha dəqiq olardı - N.C.) qalan hissələri gələcək şərhçilərini gözləyir" (Mətanət Abdullayeva), ancaq bu halda da söhbət məhz keçmişdən gedir.

 

Sufi-panteist poeziyanın bütöv bir sıra metafora və ya obrazları orta əsrlərdən sonra da türk xalqlarının bədii təfəkkürünü tərk etməmiş, ancaq klassik ezoterik məzmununu tamamilə itirməklə yanaşı, elə bir nəzər nöqtəsi əmələ gətirmişdir ki, oradan hər hansı retrospektiv baxış sufi-panteist poeziyanın həmin metafora və ya obrazlarını "yuxulu" yox, məhz "ayıq" təfəkkürlə şərh etmək imkanı verir. Məsələn, yeni dövr ədəbiyyatımızda baharın gəlişinin təsviri artıq orta əsrlərdəki kimi alleqoriya deyil. Və əsrlər keçdikcə aydın görünür ki, bu cür təsvirlərdə batini gözəlliyin yerini zahiri (təbii!) gözəllik tutur.

Səməd Vurğunun poetik dühası ona "Bahar, istəklimsən başdan-binadan, Ən gözəl qızısan sən təbiətin" misralarını yazdıranda, heç şübhəsiz, şairə klassik bahariyyələrin təsiri olmamış deyildi. Ancaq bu, sonralar həm ictimailəşən, həm də teatrallaşan "Bahar qızı" obrazı ilə birlikdə məhz ekzoterik metafora statusu almaqla öz ezoterik sələfini ən azı populyarlıq baxımından arxada qoydu.

Əgər insanın (ümumən, cəmiyyətin) təkamülü mifdən mistikaya, oradan da rassionarlığa gedirsə, mistikada mif, rassionarlıqda isə mistika "substrat"ının, relikt şəklində olsa belə, qalacağı istisna olunmur.

Türk poeziyasında sufizmin təkamül prosesini müşahidə edərkən, ilk növbədə, aşağıdakı paradiqmalar gözə dəyir:

1) mistik sufizm;

2) ictimai-siyasi və ya ideoloji sufizm;

3) estetik sufizm;

4) mənəvi-əxlaqi və ya didaktik sufizm.

Mistik sufizmin ən qüdrətli nümayəndələri Əhməd Yəsəvi ilə Yunus Əmrədir. Və onların hər ikisində sufi-panteist üslub, ifadə-intonasiya son dərəcə təmkinli, müdrik, öyrədici bir vüsətə malikdir. Türk mütəsəvvüflərinin babası, Türküstan müdriki, Yəsəvilik təriqətinin banisi Əhməd Yəsəvi (XI əsr) sufi mistikasını türkcə danışdıran ilk şair-mütəfəkkirlərdəndir:

 

Qul Xacə Əhməd tutisi pərvaz edədir uçmağa,

Neyləsin miskin kim, ol hökmi-xudadır, dostlarım?!

 

O, çoxsaylı müridlərinə həm "eşq yolu"nun nəzəriyyəsini öyrətmiş, həm də öz həyat tərzi ilə bu yolda yürüməyin təcrübələrini vermişdir. Allahı dərk etməyin ağılla (rassional) deyil, məhz qəlblə (irrasional) mümkün olacağı ondan yadigar qalmış "Divani-hikmət"in ideya əsasını təşkil etməkdədir:

 

Zahid olma, abid olma, aşiq ol,

Möhnət çəkib eşq yolunda sadiq ol,

Nəfsi təpib dərgahına layiq ol,

Eşqsizlərin həm canı yox, imanı yox.

 

Yunus Əmrə (XIII əsrin sonu, XIV əsrin əvvəlləri) öz şeirlərini sələfi Əhməd Yəsəvidən fərqli olaraq daha canlı xalq dilində söyləsə də, sufi mistikanın təfərrüatlarına "terminoloji dəqiqlik"lə varmışdır:

 

Şəriət, təriqət yoldur varana,

Həqiqət, mərifət ondan içəri.

Süleyman quş dilin bilir, dedilər,

Süleyman var Süleymandan içəri.

 

Türk mistik sufizminin XIII əsrdə yaşamış, ancaq əsərlərini farsca qələmə almış bir dühası da, heç şübhəsiz, Mövlanə Cəlaləddin Rumidir ki, onun yaradıcılığı ümumən sufizmin ərəbcə, yaxud farsca, yaxud da türkcə təzahürünə rəğmən, ümumi (vahid) bir "dil"i olduğunu bir daha təsdiq edir. Və bu ümumbəşəriliyi dərindən anlayan Rumi mənsub olduğu dərgahın qapısının hər kəsə açıq olduğunu cəsarətlə bildirmişdir:

 

Yenə gəl, yenə gəl.

Nə olursan ol,

İstər kafir ol, istər atəşə tapın,

istər bütə,

istər yüz kərə tövbə etmiş ol,

istər yüz kərə pozmuş ol tövbəni,

Umudsuzluq qapısı deyil bu qapı.

Necəsənsə, öylə gəl.

 

İctimai-siyasi və ya ideoloji sufizmin türk poeziyasında ilk ən görkəmli nümayəndəsi, fikrimizcə, İmadəddin Nəsimidir (XIV əsrin sonu, XV əsrin əvvəlləri). O Nəsimi ki, sufizmi sadəcə təbliğ etməklə kifayətlənməmiş, bu yolda ömrünün sonuna - dar ağacından asılıb dərisi soyulana qədər üsyankar sələfi Həllac Mənsur kimi "ənəlhəq!" deyə ardıcılı mübarizə aparmışdır. Mürşidi Fəzlullah Nəimiyə (XIV əsr) məxsus fəlsəfi təmkindən fərqli olaraq, Nəsiminin həm tərcümeyi-halı, həm də türkcə, farsca, ərəbcə yaradıcılığı göstərir ki, o son dərəcə çılğın xarakterə malik imiş. Şeirlərindəki xitab - müraciətlər, təkrarlar, suallar, hökmlər və s. şairin tək daxili təlatümlərini əks etdirərək qalmır, həm də çox geniş ictimai-siyasi (ideoloji!) rezonans verir:

 

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?!

Tacü təxtü mülkü malü xanimanı neylərəm?!

 

İstərəm vəsli-cəmalın, ta qılam dərdə dəva,

Mən sənin bimarınam, özgə dəvanı neylərəm?!

 

Ey müsəlmanlar, bilin ki, yar ilə xoşdur cahan,

Çünki yardan ayru düşdüm, bu cahanı neylərəm?!

 

Nəsimi sufizmindəki ictimai-siyasi və ya ideoloji motivlər Qazi Bürhanəddin (XIV əsr), Cahanşah Həqiqi (XV əsr), Şah İsmayıl Xətayi (XVI əsr) kimi hökmdar-şairlərin şeirlərində də özünü göstərir. Hər şeydən əvvəl ona görə ki, həmin söz ustalarının dövlət xadimi xarakteri onların yaradıcılığına təsirsiz qala bilməzdi. Və heç ola bilməzdi ki, orta əsrlər şəraitində apardıqları gərgin hərbi- siyasi mübarizələr, hər nə qədər sufi məzmunlu olsa belə, təfəkkürlərində iz buraxmasın. Məsələn, Xətayinin aşağıdakı məşhur misraları onun ictimai-siyasi kimliyinin də təzahürüdür:

 

Allah, Allah deyin, qazilər!

Qazilər, deyin şah mənəm!

Qarşu gəlin, səcdə qılın,

Qazilər, deyin şah mənəm!

 

Uçmaqda tuti quşuyam,

Ağır ləşkər ər başıyam,

Mən sufilər yoldaşıyam,

Qazilər, deyin şah mənəm!

 

...Xətayiyəm, al atlıyam,

Sözü şəkərdən dadlıyam,

Murtəza Əli zatlıyam,

Qazilər, deyin şah mənəm!

 

Kifayət qədər aydın görünür ki, Xətayinin tarixi missiyası onu sufizmin populyarlaşmış yeni təriqətinin - şiəlik, səfəvilik, yaxud qızılbaşlığın emosiyaları ilə coşdurur.

Türk poeziyasında estetik sufizmin ən görkəmli nümayəndələri Şərqdə Əlişir Nəvayi, Qərbdə Məhəmməd Füzulidir. Əgər belə demək mümkünsə, türk sufizmi həmin poeziya dühalarının yaradıcılığı timsalında özünün ən yüksək ədəbi səviyyəsinə çatır. Və əvvəlki əsrlərin axtarışlarını da ehtiva etməklə mükəmməl bir məktəbə çevrilir.

Nəvayi (XV əsr) sufizmində, məsələn, nə Əhməd Yəsəvi, yaxud Yunus Əmrədəki mistizm, nə də Nəsimidəki hiss-həyəcan, çılğınlıq var. Bunların əvəzində isə elə mükəmməl obrazlılıq, metaforik idrak genişliyi var ki, bir çox hallarda sufizmin mistik hüdudlarından kənara çıxaraq gözlərimiz qarşısında məhz estetik meyarlarla dəyərləndirilə biləcək üfüqlər açır:

 

Hər kimin ki bir mələksima pərivəş yarı var,

Nə pəridən ehtiyacı, nə mələkdən arı var.

 

...Məst olub, bixud olub qoy çıxmasın meyxanədən,

Çün mənim tək dövr əlindən dərdi var, azarı var.

 

Ey Nəvayi, yar üzər olsa məhəbbət riştəsini,

Gəlməz olsa ol sənin sarı, sən anın sarı var!

 

Füzuliyə gəldikdə isə, onun estetik sufizmdəki "xidmətlər"i o qədər böyükdür ki, ədəbiyyatda realizm (rassionalizm!) ayaq tutan kimi, ilk növbədə, tənqid hədəfinə məhz o düçar olmuş, Mirzə Fətəlinin xəfif ironiyası ilə "nazimi- ustad" ünvanına layiq görülmüşdür. Füzuli yazır:

 

Nola qan tökməyə mahir olsa çeşmim mərdümü,

Hütfeyi-qabildürür, qəmzən kimi ustadı var.

 

Qıl təfaxür kim, sənin həm var mənimtək aşıqın,

Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.

 

Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə,

Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.

 

Füzuli sufizminin estetikliyində onun (estetikanın!) harmoniyasına xələl gətirməyən mütəvaze (və müdrik!) bir elmilik də var:

 

Füzuli, aləmi-qeyd içrəsən, dəm vurma eşqindən,

Kəmali-cəhl ilə dəvayi-irfan eyləmək olmaz.

 

Nəvayi ilə Füzulidən sonra türk sufi poeziyasında estetizm güclənmiş, mistika get-gedə arxa plana keçməyə, hətta demək olar ki, unudulmağa başlamışdır.

Türk poeziyasında sufizmin təkamülünün son paradiqması - mənəvi-əxlaqi və  ya didaktik sufizm üçün aşıq sənətinə minnətdarıq. Bu sənət öz köklərini nə qədər qədim dövrlərdən alsa da, orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən başlayaraq məhz sufizmin birbaşa təsiri altında formalaşmışdır ki, onun son klassiklərindən olan Aşıq Ələsgər həmin sənətin hansı ideallar əsasında formalaşdığı barədə demişdir:

 

Aşıq olub, tərki-vətən olanın

Əvvəl başdan pür kamalı gərəkdi.

Oturub-durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdi.

 

Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra,

El içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdi.

 

...Ələsgər haqq sözün isbatın verə,

Əməlin mələklər yaza dəftərə.

Hər yanı istəsə, baxanda görə,

Təriqətdə bu sevdalı gərəkdi.

 

Sufizmin türk poeziyasında (onun həm bütöv etnik, həm də diferensial milli təzahürlərində) mistikadan didaktikaya doğru təkamülü, göründüyü kimi, türk ədəbi-ictimai təfəkkürünün inkişafının strateji istiqamətlərindən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

 

Vyetnamın ən iri şirkətlərindən olan “VinGroup”un təşkilatçılığı və tanınmış azərbaycanlı kulinariya ustası, Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti David İsrafilovun əsas qonaq qismində iştirakı ilə Hanoyda Vyetnamın ilk barbekü qida festivalı keçirilir.

 

AzərTAC xəbər verir ki, şirkətin inşa etdiyi “Ocean city” şəhərciyində təşkil olunan festivalda David İsrafilovun dəvəti ilə beynəlxalq aşpazlarla yanaşı, yerli ekspertlər və ölkənin bölgələrini təmsil edən kulinariya mütəxəssisləri iştirak edir.

Vyetnam ictimaiyyətinin, diplomatik korpus nümayəndələrinin qatıldığı açılış mərasimində çıxış edən festivalın təşkilat qrupunun rəhbəri David İsrafilov (Don David) bildirib ki, Vyetnamda ilk dəfə təşkil olunan barbekü festivalı təkcə bir kulinariya tədbiri deyil, həm də mədəni mübadilə, ölkələrin milli mətbəxinin tanıdılması baxımından əhəmiyyətlidir.

Üç gün davam edəcək festival çərçivəsində tanınmış aşpazlar ustad dərsləri keçəcək, peşəkar və yarımpeşəkar aşpazların müsabiqəsi təşkil olunacaq. Bundan başqa, milli mətbəxlərin təqdimatı olacaq, müxtəlif mədəni və şou proqramlar təşkil olunacaq. Təxminən 60 min nəfərin festivala qatılacağı gözlənilir.

Vyetnamla yanaşı Asiya (Yaponiya, Koreya, Çin, Tailand, Monqolustan), Avropa (Almaniya, Fransa, İtaliya) və Amerika (ABŞ və Latın Amerikası) bölmələrində 60-dan çox pavilyonda müxtəlif çeşiddə barbekü, kabab, qrill yeməkləri təqdim olunur.

Festivalın xüsusi zonasında Azərbaycan pavilyonu yerləşir. Vyetnamdakı səfirliyimizin hazırladığı pavilyonda milli suvenirlər, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və bu ölkənin lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini özündə əks etdirən fotolar, digər təbliğat materialları, Novruz atributları nümayiş etdirilir. Tədbirdə səfirliyimizin tərəfdaşı olan Hanoy Ticarət və Turizm Kollecinin kulinariya ixtisası üzrə tələbələri Azərbaycan pavilyonun fəaliyyətinə kömək göstərirlər.

Festival iştirakçılarının Azərbaycan mətbəxinə böyük maraq göstərir.

Qeyd etmək lazımdır ki, milli pavilyonumuzda hazırlanan yeməklər üçün məhsulların bəziləri Azərbaycandan idxal edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün 

 

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Ədəbiyyatı kafedrası, Multikulturalizm Mərkəzi və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin təşkilatçılığı ilə “Səməd Vurğun yaradıcılığında bəşəri duyğular” mövzusunda dəyirmi masa keçirilib.

 

Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə keçən dəyirmi masada Səməd Vurğunun həyatı, yaradıcılığı, yaşadığı dövr və fəaliyyəti haqqında geniş müzakirələr aparılıb.

Tədbiri açan ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Həmidə Əliyeva Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı rolu və xidmətləri haqqında danışıb. 

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri də tədbirdə geniş şəkildə təmsil olunaraq təşkilati dəstək göstəriblər.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, hərbi jurnalist, Prezidentin fərdi təqaüdçüsü Şəmistan Nəzirli şairin yaradıcılığı ilə bağlı apardığı tədqiqatlardan söz açıb və yeni çap olunmuş, Səməd Vurğun haqqında faktlarla zənginləşdirilmiş “Vurğun keçib bu yerlərdən” kitabını tədbir iştirakçılarına təqdim edib. 

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi, Vurğunşünas Aslan Salmansoy da şairin ədəbi irsi ilə bağlı tədqiqatlarını bölüşüb, ona qarşı yönələn tənqidləri elmi şəkildə təkzib eləyib. 

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı Varis isə Səməd Vurğun poeziyasının özəlliklərindən danışaraq, onun Azərbaycan ədəbiyyatında yeni dövrün əsaslarını qoyduğunu vurğulauıb. Varis tədbir iştirakçılarına Xalq yazıçısı Anarın yeni çapdan çıxmış “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabını təqdim edib. Kitabda Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən - Səməd Vurğun və Rəsul Rzanın ailəsinin istedadlı üzvlərinin həyat və yaradıcılığından, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən bəhs edilir.

Şairin nəticəsi, Səməd Vurğunun Ev muzeyinin direktoru Vurğun Vəkilov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, Vurğunsevərləri muzeyə dəvət edib.

Filologiya fakültəsinin tələbələri Mətanət Şükürova və Fatma Rəsulova şairin “Mən tələsmirəm” və “Şair, nə tez qocaldın, sən” şeirlərini söylədilər.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, neftçi-şair Hacı Zaməddin Ziyadoğlu Səməd Vurğun yaradıcılığından söz açpb. Səməd Vurğuna həsr etdiyi “Vurğuna Vurğun gəlin” dramı haqqında tədbir iştirakçılarına məlumat verib.

Fərman Borçalı Səməd Vurğun yaradıcılığında insani keyfiyyətlərdən, bəşəri dəyərlərdən danışpb. Şairin şeirini səsləndirib.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, şair Rafail İncəyurd tədbirin iştirakçılarına “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun salamlarını çatdırıb. Tədbir iştirakçılarına Səməd Vurğunun növbəti doğum günü ilə əlaqədar olaraq keçiriləcək tədbirlərə dəvət edub, 

Tədbirin sonunda aşıqlar Sənan İncəli və İsmayıl İncəli Səməd Vurğunun “Azərbaycan” şeirini ifa ediblər. 

 

“Ədəbiyyat və incəsənət”

(22.03.2025)

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

Bugünkü yumor hansı vəziyyətdədir? Özünü komik aktyor adlandıranlar komedik ssenari yazanların fitnəsi ilə vulqar ifadə, söyüş, tərbiyəsizlik elementləri ilə gülüş yaradırlar. Amma bir vaxtlar komediya ən ciddi incəsənət sahəsi idi, burada ən tanınmış yazıçı-rejissor-aktyor üçlüyü cəlb edilərdi. Həmin pleadada Lütfəli Abdullayevin də öz şəkisi, öz yeri var idi. O, sanki dünyaya insanları güldürmək üçün gəlmişdi. Hər səhnəyə çıxışı tamaşaçı üçün əsl bayrama çevrilirdi.

 

Bu gün Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anadan olmasının 111-ci ildönümü tamam olur.

Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatr yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən arzular”) rollarında çıxış edib.

1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib. Onun zəngin obrazlar qalereyasına Vəli və Soltan bəy (“Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Kəblə Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”), Kərim (“Lənkəran xanının vəziri”), Qulaməli (Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur”), Trufaldino (“İki ağanın bir nökəri”), Hamlet (“Tiflis nəğməsi”), Avo (“Şirin arzular”), Çako (“Keto və Kote”) və digər əsərlər daxildir.

L.Abdullayev həm də populyar kino aktyoru kimi ad-san qazanıb. Kinoda ilk işi “Arşın mal alan” filmində (1945) Vəli rolu olub. Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin “Əhməd haradadır” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.

Sevimli aktyor L.Abdullayevin sənəti yüksək qiymətləndirilib, ən yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.

L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı İkinci Fəxri xiyabandadır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.03.2025)

 

 

 

 

 

 

Şənbə, 22 Mart 2025 15:09

22 mart - Ümumdünya Su Günüdür...

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət

 

BMT-nin Baş Assambleyası vəfatından üç il əvvəl, 47/193 nömrəli qətnaməyə əsasən, onun dünyaya gəldiyi günü "Ümumdünya Su Günü" elan edib. Bilirəm, bu təsadüfdür, amma hər təsadüfdə bir hikmət var, deyiblər. Bəli, SU kimi pak gəldi, SU kimi saf yaşadı, SU kimi coşub, SU kimi yazıb yaratdı. Və əsərlərinə SU ömrü bəxş edə bildi- əbədi bir ömür...

 

Son dərəcə dinamik, enerjili, özünə güvənən, müstəqil düşüncəli, azad bir insan idi. Şəxsi keyfiyyətləri o dərəcədə yüksək idi ki, xalq içində bir şəxsiyyət kimi böyük nüfuz qazana bilmişdi. Dostları üçün çox şeylər etmişdi. İnsanlara yardımçı olmağı və onların problemlərini bölüşməyi sevərdi. Göstəriş almaqdan xoşlanmaz, inadcıl, öz sözündən dönməzdi. Yeri gələndə sərt çıxışları ilə auditoriyanı lərzəyə gətirə bilirdi...

 

1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya gəlmişdi. Kosalar kəndində ibtidai məktəbi bitirib, üç il Qazax pedaqoji məktəbində təhsil almışdı. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işlədikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdi. Oranı bitirərək bir il Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdi. İkinci dünya müharibəsinə qatılmış, sovet ordusu tərkibində ön cəbhələrdə siravi əsgər olmuşdu. Ordudan tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri, Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışmısdı. Daha sonra "Azərbaycan" jurnalında baş redaktor, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olmuşdu. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdi. 1995-ci il iyulun 26-da vəfat edib...

 

O, dünyaya gələndə Azərbaycan Demokratik Respublikası cəmi bir il idi ki, qurulmuşdu. Ölkədə güclü ictimai-siyasi proseslər gedirdi. Atası Qəhrəman kişinin halal müəllim süfrəsində gələcək şöhrətindən xəbərsiz böyüyürdü. Və bir gün, on doqquz yaşında ikən ilk "Quşlar" şeiri "Ədəbiyyat" qəzetində dərc olundu. Bu onda böyük həvəs yaratdı. Başı müharibəyə qarışsa da qələbədən bir il sonra "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə mükəmməl ədəbi yaradıcılığa başladı. O vaxtdan son nəfəsinədək özünü ədəbiyyata həsr etdi...

 

Başladığı işi sona çatdırmağı xoşlayırdı. Möhkəm iradə və fiziki gücə, eyni zamanda idarəetmə qabiliyyətinə sahib idi. Həllini tapmamış problemlərə nifrət edirdi. Davamlı olaraq yenilik arzusunda olması onun ən diqqət çəkən xüsusiyyətlərindən biri olub. Heç zaman özünü məhdudlaşdırmağa çalışmazdı. Ona nəyisə bəyəndirməyə cəhd etmək mənasız olsa da olduqca həssas insan idi...

 

Ərsəyə gətirdiyi əsərlər çoxdur. Amma ona ümumxalq məhəbbəti gətirən əsəri isə “Dəli Kür” oldu. Bəlkə də əsərin baş qəhrəmanı Cahandar ağa obrazı onun daxili dünyasının təzahürü idi. Onun vasitəsi ilə Cahandar ağanı sevdik, qəlbimizdə, yaddaşımızda yuva qurdu. Nə qədər ki, Cahandar ağa yaşayır, haqqında söhbət açdığım xalq yazıçısı İsmayıl Şıxlı da yaşayacaq. Bəli, illər ötəcək, əsrlər bir-birini əvəz edəcək, Azərbaycan ədəbiyyatının Cahandar ağası- İsmayıl Şıxlı heç zaman unudulmayacaq...

 

Ruhun şad olsun, USTAD!

 

“Ədəbiyyat və incəsənət”

(22.03.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə əlaqədar qurumlar nə kimi işlər görürlər?

 

Sualla Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına üz tutduq və məlum oldu ki, kitabxanada "Maqsud İbrahimbəyov nəsri - milli kolorit, milli xarakter" adlı virtual kitab sərgisi hazırlanıb. Virtual sərgidə Maqsud İbrahimbəyovun çoxşaxəli fəaliyyəti, zəngin bədii irsi haqqında məlumat verilir, onun istedadlı nasir olması ilə yanaşı dramaturq, kinossenarist kimi də yaddaqalan ekran əsərlərinin müəllifi olması qeyd edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Maqsud İbrahimbəyovun Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən layiq görüldüyü orden, medal və fəxri adlar haqqında məlumat verilir, müəllifin kitablarının 36 xarici dilə tərcümə olunduğu, dünyanın bir çox ölkələrində dərc edildiyi və səhnələşdirildiyi diqqətə çatdırılır. Materialda adət-ənənələrə bağlılıq faktorunun, Bakı mühitinin özünəməxsus, milli koloritili təsvirinin Maqsud İbrahimbəyovun yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlər olması qeyd edilir.

Virtual kitab sərgisində müəllifin “Cəhənnəmə sərinlik gəldi”, “Müharibənin 1001 gecəsi”, “Ondan yaxşı qardaş yox idi”, “Qara paltarlı qadın”, “Qoy o bizimlə qalsın”, “Püstə ağacı”, “Uşaqlığın son gecəsi” kimi kitablarının qısa annotasiyası təqdim edilir və onun haqqında qələmə alınan dövrü mətbuat nümunələri sərgilənir.

"Maqsud İbrahimbəyov nəsri - milli kolorit, milli xarakter" adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.03.2025)

 

Cümə, 21 Mart 2025 16:43

Avropada Novruz bayramı qeyd olunur

 

Avropanın müxtəlif ölkələrində Novruz bayramı coşquyla qeyd olunur. Soydaşlarımız Vətəndən uzaqda milli dəyərlərimizi təbliğ edir, adət-ənənələrimizi yaşadır.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Almaniya, Belçika, Çexiya, Estoniya, Finlandiya, İsveç, Litva və Norveçdə təşkil edilən bayram tədbirlərinə həmin ölkələrdə yaşayan, təhsil alan soydaşlarımız, Azərbaycana dost icmaların və yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçiləri qatılıb.

Berlində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin təşkil etdiyi Novruz bayramı tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. İştirakçılar Novruz bayramının adətlərinə uyğun olaraq yumurta boyayıb, toqquşdurub, şəkərbura hazırlayıblar. Bayram tədbiri müddətində milli musiqilər və rəqslər ifa edilib.

Belçikanın paytaxtı Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi, “Fireland” Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyət gecəsi – Novruz Bayramı” adlı tədbir keçirilib. Tədbirin çoxsaylı iştirakçılarına Azərbaycan mədəniyyəti, eləcə də Novruz bayramının tarixi və ənənələri haqqında geniş məlumat verilib. Bədii hissədə Cavid Səlimov, Emin Sadıqlı, Sadıq Ağamalıyevin ifaları iştirakçıların zövqünü oxşayıb. “Fireland” və “Butam” uşaq rəqs ansambllarının təqdim etdiyi maraqlı səhnəciklər və rəqslər sürəkli alqışlarla qarşılanıb. Həmçinin Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə “Fireland” qrupunun “Arşın mal alan” operettasından rəqsi qonaqların marağına səbəb olub.

Çexiyanın paytaxtı Praqada keçirilən “Novruz təranələri” adlı bayram tədbirində Azərbaycanın özünəməxsus Novruz adət-ənənələri nümayiş olunub, Novruz atributları ilə xonçalar bəzədilib, iştirakçılara təqdim edilib. Tədbir “Land of Fire” cəmiyyəti və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi, Çexiyadakı Azərbaycan icmasının üzvü Gülnarə Əlizadənin təşkilatçılığı ilə baş tutub.

Praqada Novruz bayramı ilə bağlı daha bir tədbir Azərbaycan Mədəniyyət Evində təşkil edilən xüsusi dərs olub. Dərsdə uşaqlara qədim tariximizin və mədəniyyətimizin ən mühüm elementlərindən olan Novruz bayramı, əcdadlarımızın mirası barədə məlumat verilib. Həmçinin, kukla-brelokların hazırlanması üzrə ustad dərsi keçirilib. Təcrübəli rəssam-kuklaçı Vəfa Aşumovanın müəllimliyi ilə uşaqlar maraqlı kuklalar hazırlayıblar.

Estoniyada fəaliyyət göstərən “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzində Novruz bayramı münasibətilə rəsm sərgisi açılıb və xalçaçılıq üzrə ustad dərsi keçirilib. Sərgidə Novruz bayramına həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib. Mərkəzin rəhbəri, rəssam Rövşən Nur iştirakçılara xalçaçılıq sənətinin incəlikləri və Novruz bayramının ənənələri haqqında ətraflı məlumat verib.

Finlandiyanın paytaxtı Helsinkidəki Azərbaycan Evində Novruzun milli və mənəvi dəyərlərimizdəki önəmi vurğulanıb, bu gözəl bayramın və əvəzsiz ənənələrin gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.

İsveçin paytaxtı Stokholmdakı soydaşlarımız da Novruz bayramını qeyd etmək üçün bir yerə toplanıblar. Bayram tədbiri SAF İsveç-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. SAF-ın sədri Sevda Dadaşova Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fonduna və Beynəlxalq Media Qrupuna göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan və Özbəkistanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, müğənni Ramazan Şərifzadə, Günel Həmidli və Stokholmda yaşayan azərbaycanlı ifaçılar öz çıxışları ilə tədbirə rəng qatıblar.

Litvada fəaliyyət göstərən Klaypeda həftəsonu Azərbaycan məktəbində Novruz bayramına həsr olunmuş dərsdə şagirdlərə bayramın tarixi və ənənələri haqqında geniş məlumat verilib. Uşaqlar bu bayramın rəmzlərini daha dərindən öyrənib, səməni maketi hazırlayıb, həmçinin baharın gəlişini və təbiətin oyanışını əks etdirən rəsmlər çəkiblər.

Novruz bayramı ilə bağlı digər bir dərs Norveçin paytaxtı Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbində baş tutub. Burada məktəbin şagirdlərinə Novruz bayramı haqqında məlumat verilib, adət-ənənələr izah olunub. Uşaqlar Novruza aid şeirlər söyləyib, Kosa və Keçəl obrazlarını canlandırıblar. 

Sonda qeyd edək ki, dünya azərbaycanlılarının hər il milli bayramlarımızı keçirməsi, ölkəmizin milli mədəni dəyərlərini yaşadıqları cəmiyyətlərdə geniş təbliğ etməsi Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və soydaşlarımızın birliyinin nümayişi baxımından olduqca əhəmiyyətlidir.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

 

 

 

 

 

 

 

Qafqaz ölkələri arasında regionun dünya güclərinin xarici təsirindən azad edilməsinə çağıran, güclü siyasi xəttə sadiq və vətəndaşlarının həyatını yaxşılaşdırmağa qətiyyətli ölkə kimi Azərbaycan ən aydın səsə malikdir. Belə bir halda Orta Dəhlizdən istifadə olunması artmaqda davam edərsə, Azərbaycan danılmaz geosiyasi gücə malik çox güclü beynəlxalq mövqedə olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru Mordexay Kedar ABŞ-nin populyar “Jewish News Syndicate” nəşrində dərc olunmuş məqaləsində yazıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan Orta Dəhlizdən bir neçə sahədə əhəmiyyətli fayda əldə etmək niyyətindədir. Onun Qafqazda və Yaxın Şərqdə mövqeyi son vaxtlar güclənməkdədir. Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin normallaşmasında vasitəçi rolunu oynayıb və ümumiyyətlə, özünü regional münaqişələrin həlli prosesində vasitəçi kimi təqdim edir. Bu mənada Orta Dəhlizdən istifadə bu ölkəni Asiya və Avropa arasında yüklərin daşınması üçün başlıca mərkəzə çevirəcək. Dəhlizdə növbəti dayanacaq olan Gürcüstana çatmaq üçün bir çox daşımalar Azərbaycanın yolları ilə reallaşacaq. Bu, müxtəlif sektorlarda, məsələn, tikinti (yolların yaxşılaşdırılması və avtobus dayanacaqlarının tikilməsi), hüquq-mühafizə orqanları (artan nəqliyyat daha çox polis əməkdaşları tələb edir) və liman işçiləri (malların axını ilə əlaqədar olaraq Bakı Limanında əlavə iş yükünün öhdəsindən gəlməli olacaqlar) kimi müxtəlif sektorlarda yeni iş imkanları yaradacaq.

Eyni zamanda diqqətə çatdırılıb ki, Azərbaycan iqtisadiyyatı öz fəaliyyətini ilk növbədə neft və qaz resurslarından logistika və beynəlxalq daşımalara qədər şaxələndirdiyi üçün daha da güclənəcək. Sözügedən ölkənin Orta Dəhlizdən əldə edəcəyi ən mühüm üstünlüklərdən biri onun həm Avropa ölkələri, həm də dəhlizdə iştirak etməyən digər ölkələr ilə bağlı mövqelərinin möhkəmlənməsi olacaq. Bir sözlə, Orta Dəhlizin bütün üstünlükləri Qafqazda regional sabitliyə və onun sakinləri üçün təhlükəsizliyin artırılmasına töhfə verəcək. Bildirilib ki, malların keçidinə mane olan və ya qarşısını alan hər hansı hərbi və ya terror hərəkəti cinayətkarlara qarşı beynəlxalq ittifaqın yaranmasına gətirib çıxara bilər.

 

“Ədəbiyyat və incəsənət” portalı məqalə ilə tanışlıq yaratdığı üçün Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq bildirir.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jns.org/iran-its-adversaries-and-the-middle-corridor/

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 


Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bilirsənmi, Salatın, oxumaq yaxşı şeydir. Adam çox şey öyrənir. Xasiyyəti də dəyişir. Mən oxumuş qızlar görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar...

 

"Quşlar" şeirindən "Ölən dünyam" romanınadək uzanan böyük bir yaradıcılıq yolu... Bu gün klassik Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, tanınmış ədəbiyyatşünas, pedaqoq, ictimai-siyasi xadim, filologiya elmləri namizədi, xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdür.

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini Kosalar kənd məktəbində aldıqdan sonra 1933-cü ildə Qazax pedaqoji texnikumuna daxil olub.

1936-cı ildə texnikumu bitirib, bir il Kosalar kənd tam orta məktəbində baş dəstə rəhbəri və müəllim işləyib. 1937-1941-ci illlərdə təhsilini Azərbaycan dövlət Pedaqoji üniversitetinin dil və ədəbiyyat fakültəsində davam etdirib. 

1941-1942-ci illərdə Kosalar kəndində dərs hissə müdiri kimi çalışıb.

Yazıçı ikinci dünya müharibəsi dövründə Sovet ordusunun tərkibində sıravi əsgər kimi ön cəbhələrdə - Şimali Qafqazda, Krımda, III Belarusiya cəbhəsində, Şərqi Prussiya istiqamətində düşmənə qarşı döyüşlərdə iştirak edib. 

Ordudan tərxis edildikdən sonra 6 ay yenidən Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib. 

1946-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin filologiya fakültəsinin aspirantı olub, müəllim, baş müəllim, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri kimi  fəaliyyət göstərib. 

1965-1968-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1976-1978-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1981-1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi olub.  1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının Sədri seçilib.

O, həmçinin fəal ictimai fəaliyyət göstərib.  Müxtəlif illərdə Bakı zəhmətkeş deputatları Sovetinin deputatı, Azərbaycan KP Bakı şəhər komitəsinin üzvü,, Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin üzvü, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilib. 1976-cı ildə xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti xəttilə Almaniya Demokratik Respublikasına, 1982-ci ildə Almaniya Federativ Respublikasına göndərilən Sovet nümayəndə heyətinin tərkibində yer alıb.

Müstəqillik illərində milli-azadlıq hərəkatının önündə gedən ziyalılardan biri olub, milli özünüdərkin formalaşmasında müstəsna rolu olub. 20 yanvar, erməni təcavüzü faktorlarına qarşı SSRİ rəhbərliyi qarşısında barışmaz və üsyankar mövqe sərgiləməklə tarixə düşüb.

Haqsızlıqlarla barışmayan, heç bir ideologiyanı şəxsiyyətindən ucaya qaldırmayan, cəsarətli, sözübütöv, mərd bir insan olub İsmayıl Şıxlı. Belələrini tarix yüz ildə bir dəfə yetişdirir.

İsmayıl Şıxlı xidmətlərinə görə müxtəlif orden və medallarla təltif edilib. 

O, "Qızıl Ulduz", "Şərəf nişanı", “Qırmızı əmək bayrağı”,  II dərəcəli “İkinci Dünya müharibəsi” orden və medallarına, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan Respubliksasının "Şöhrət" ordeninə və "Xalq yazıçısı" fəxri adın layiq görülüb.

 

İsmayıl Şıxlının ilk mətbu əsəri olan "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub.

Yazıçı həmin gün:  "Mən həm sevinirəm, həm də kədərlənirəm. Sevinirrəm, nəhayət, şeirim çıxdı. Kədərlənirəm ki, bir də şeir yazmayacağam..." söyləyib və sonrakı yaradıcılığını nəsrə bağlayıb.

Bundan sonra o, ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə gəlib.

İsmayıl Şıxlı  "Konserv qutuları", "Səhəri gözləyirdik", "Kerç sularında", "Haralısan ay oğlan?", "Mənim rəqibim" kimi hekayələri, "Cəhbhə yolları" sənədli povesti, Azərbaycan ədəbiyyatının uğuru hesab edilən "Ayrılan yollar",  Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunələrindən sayılan "Dəli Kür", müasir nəsrimizdə yeni hadisə kimi qələmə verilən "Ölən dünyam" kimi bənzərsiz əsərlər qələmə alıb.

Yazıçı ona böyük şöhrət gətirmiş "Dəli Kür" romanını 8 ilə yazıb. 

1969-cu ildə Hüseyn Seyidzadənin rejisorluğu ilə roman əsasında eyni adlı film çəkilib. Moskva filmin finalındakı Cahandar ağanın ölüm səhnəsini dəyişməyi tələb edib. Operator assistenti kəsilərək atılan səhnəni götürüb saxlayıb və müstəqillik illərində filmin finalı yenidən bərpa olunub. 

"Dəli Kür" əsəri yazıçıya böyük şöhrət gətirməklə yanaşı həmçinin, Sovet ideologiyasının kəskin olduğu bir dövrdə Cahandar ağa kimi milli, ziddiyyətli bəy obrazı geniş əks-sədaya səbəb olub.

O, son romanı olan "Ölən dünyam" əsərini xəstə olduğu üçün özü yaza bilmədiyindən əsəri onun diqtəsi ilə həyat yoldaşı Ümidə xanım qələmə alıb. 

Əsəri bitirdikdən sonra: "İndi rahat ölə bilərəm" söyləyən yazıçı tam 5 ay sonra 1995-ci il iyul ayının 26-da dünyasını dəyişib və fəxri xiyabanda dəfn olunub.

Həqiqətən də, elə insanlar var ki, ölümlərindən sonra da, əbədi olaraq yaşayırlar.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(22.03.2025)

 

 

 

 

Görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, funksional analiz və diferensial tənliklər sahəsində görkəmli alim  Fəraməz  Maqsudovun doğum günü münasibətilə Respublika Gənclər Kitabxanasında vəsait hazırlanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.

 

Fərəməz Maqsudov 1930-cu il martın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından, geniş ictimai fəaliyyətindən, qazandığı nailiyyətlərdən bəhs edən vəsait hazırlanıb.  Materialda professor Misir Mərdanovun “Görkəmli alim, bacarıqlı elm təşkilatçısı və humanist insan” məqaləsinin, akademikın "İstiqlal" ordeni ilə təltif edilməsi, xatirəsinin əbədiləşdirilməsi haqqında imzalanan rəsmi sənədlərin tam mətni təqdim edilir.

Kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilən materialda görkəmli şəxslərin Fəraməz Maqsudov haqqında söylədikləri dəyərli fikirlər, onun layiq görüldüyü təltif və mükafatlar, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur. Vəsaitdə müəllifi olduğu kitabların biblioqrafi təsviri ilə yanaşı qısa annotasiyası, dövrü mətbuat nümunələri də sərgilənir. 

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

 

50 -dən səhifə 2128

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.