Super User

Super User

Çərşənbə, 19 Mart 2025 12:43

Qız anası olmaq - İTHAFNAMƏ

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət” 

 

 

 

 

 

Ana olmağın necə möhtəşəm bir duyğu olduğunu ana olduğum zaman anladım. Üstəlik, bu duyğunu sənə bəxş edən bir qız övladıdırsa, hər şey daha da xüsusi və möhtəşəm olur.

 

Qızım dünyaya gəldiyi gündən içimdə anlamadığım bir bağlılıq hiss etdim. Onun varoluşu ilə sanki mən də yenidən doğuldum.

 

 

 

Qızımla keçirdiyim hər an – onun gülümsəməsi, yerişi, baxışları, ilk sözləri – gözümdə unudulmaz xatirələrə çevrilir və bir ömür ruhuma həkk olunur. Qız anası olmaq bambaşqa bir duyğudur. Nə qədər anlatmağa çalışsan belə, kəlimələr yetərsiz qalar. Sanki qarşında özünün bir parçasını görürsən. Ona tamaşa edəndə "Necə də mənə bənzəyir, bir vaxtlar mən də belə idim" deyə düşünürsən. Qarşında böyüyən balaca bir "sən" və onu böyüdərkən yenidən balacalaşan yenə "sən". Sən də onunla böyüyür, onunla daha güclü olursan. O sənə elə bir güc bəxş edir ki, həyatının heç bir anında özünü bu qədər güclü, məğlubedilməz hiss etməmisən – sanki dünyaya meydan oxuya bilərsən.

 

Onun balaca əllərinin toxunduğu hər yer çiçək açır, gözəlləşir. Dünyam onunla daha mənalı, daha anlamlı olur. Sən mənim ən böyük uğurum, sən mənim ən dəyərli varlığım, sən mənim canımdakı cansan, canım qızım. Sən bir gün böyüyəcək, öz yolunu tapacaqsan. Harda olmağından asılı olmayaraq, səni hər zaman çox sevən bir ananın olduğunu unutma! Və sən həmişə mənim "balaca" qızım olacaqsan. Sən sevginin özüsən.

 

Son olaraq yazımı sənə yazdığım qoşma ilə bitirmək istəyirəm. Və bu qoşma, sevgimin sözlərə çevrilmiş halıdır.

 

         

 

YAZ ÇİÇƏYİM

 

 

 

Ay üzünə hər gün qurban olduğum,

 

Günəş doğdu ömrümə sən gələndə.

 

Çiçək açdı bütün bağlar, bağçalar,

 

Gül qoxulu ay çiçəyim gələndə.

 

 

 

Mənim dünyam baxışında gizlidir,

 

Gülüşünlə sanki həyat canlanır.

 

Sən güləndə necə gözəl görünür,

 

Bu cahan da bu aləm də gözümdə.

 

 

 

O qaşlar, kirpiklər necə qəşəngdir,

 

Zülfün kimi incədən də incədir.

 

Oynamağın hamısından gözəldir,

 

Oyna, balam, sən aşığın sazında.

 

 

 

Nəşəsiylə hər tərəfə səs salır,

 

Hər kəlməsi ürəyimi oxşayır.

 

Bu Aynurun halı yaman qaralır,

 

Yaz çiçəyim məndən uzaq düşəndə.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(19.03.2025)

 

                                                          

Çərşənbə, 19 Mart 2025 14:04

Baxın gözlərimə - MƏNSUR ŞEİR

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 

Yenə yaz gəlir.

Çiçək-çiçək arzuların doğulduğu yaz.

Yaşıl-yaşıl ümidlərin bolluğu yaz.

Çovğun, sərt qışın qovulduğu bambaşqa yaz.

Kimlərsə sevinir, sevilir... Amma nədənsə bu dəfə də qəlbimə ayaz gətirir bu yaz. Soyuq-soyuq baxışlar qarışır nəzərimdə. Bəmbəyaz diləklərim sanki asıla qalır biləklərimdən.

Bilərəkdənmi belə olur görəsən? Məni için-için göynədən, inlədən bu yaz nakam ömrümə dumanı, çiskinin çox görür. Görünür, taleyimə yazılan yazıdır deyə, yazın da qüvvəsi dəyə bilmir. Və bundan da bir daha kədərlənir, kədərləndirir bu yaz. Lakin çalışıram, ovqatıma əsl yaz nəfəsi, yaz təravəti gətirim. Yad nəzərlər sezməsin bu yazın da sazağında üşüməyimi, qəmli düşünməyimi.

İçimdə özümü odlayıramsa, çölümdə bambaşqayam. Daxilən ağlayıramsa, xaricən gülürəm. Dilim ağlımın səsinə güc verirsə, qəlbimin aynası gözlərimsə... Gözlərimsə gözləmirəm kimisə yanıltsın, aldatsın.

Baxın gözlərimə. Yaşı ürəyimə axan gözlərimə...

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

Taleyin hökmü ilə ikiyə bölünən Azərbaycanın birləşməsi, otaylı butaylı imperiya zülmündən qurtulması üçün mücadilə aparan şanlı oğullardan biri olmuş Sərratxanın adını unutmağa heç kəsin haqqı yoxdur.

 

1905-1911-ci illər İran inqilabının – buna Məşrutə inqilabı da deyilir və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, Azərbaycan xalqının milli azadlığı uğrunda fədakar mübariz olub Səttarxan.

Azərbaycan Xalq Cümhuriyyətinin (Azərbaycan Demokratik Respublikasının) banisi, müstəqillik uğrunda əvəzsiz xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə vaxtı ilə Səttərxan haqqında çox layiqli sözlər deyib, bu hərakat haqqında filmlər çəkilib,teatr tamaşaları hazırlanıb, əsərlər yazılıb. Ən azından, Məmməd Səid Ordubadinin yazığı “Dumanlı Təbriz” romanını yəqin ki, çoxlarınız oxumusunuz. “Səttarxan” marşı bəstələnib, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov “Səttarxan” mahnısını şövqlə ifa edib.

İndi isə tarixi xronologiyaya nəzər yetirək. 1905-1911-ci illərdə Səttar xanın başçılığı ilə Təbrizdə milli-azadlıq hərəkatı başladı. Tezliklə bu hərəkat Cənubi Azərbaycanın hər tərəfinə yayıldı.

Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilmişdi.

1908-ci ildə şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılmışdır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilmişlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.

Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların qələbəsi bütün İrana təsir göstərir. Bir çox şəhərlərdə, o cümlədən Tehranda "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xanla Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə onların adlarının metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.

Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və imperialist İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından,Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı iləTehrana yola düşür. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.

Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış daşnak Yefrem Davidyansın başçılıq etdiyi Tehranın polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir.

Nəhayət, 1914-cü ilin noyabr ayının 9-da aldığı güllə yarasından Səttar xan 48 yaşında vəfat edir və Tehrannın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur.

Beləcə, birləşmiş mənfur düçmən qüvvələri Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsini qan içində boğmağa müvəffəq olurlar.

Amma biz inanırıq ki, gün gələcək və ikiyə bölünmüş Azərbaycanımız yenidən birləşəcək.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə         Əmin Ər-Reyhaninin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

Əmin Ər-REYHANİ:

 

Məni əhatələyən təbiətin hər parçasında ana mənbəyinə Tanrı və ya Yaradıcı adını verdiyimiz ilahi bir cövhər müşahidə edirəm.

 

***

Çiyinlərinə yüklədiyimiz yükün ağırlığından ah çəkərək inləyən insanların bizə qarşı üsyana qalxmalarından qorxuram.

 

***

Yox olmağımızın səbəbi bölünməyimiz, bölünməyimizin də səbəbi cahil olmağımızdır.

 

“Ədəbiyyat və incəsənət”

  (19.03.2025)

 

 

Londonda yerləşən London Nəqliyyat Muzeyində (London Transport Museum) Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva klassik-caz əsərlərdən ibarət solo konsert proqramı ilə çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müxtəlif ölkələrdən olan bəstəkarların əsərlərinin ifa edildiyi konsertə böyük maraq göstərilib. Proqramda klassik musiqi ənənələri ilə caz elementlərini özündə birləşdirən əsərlər səsləndirilib. İfaçının repertuarında Corc Gerşvinin məşhur “Rhapsody in Blue”, “The Man I Love”, “I Got Rhythm”, Fazıl Sayın “Jazz Fantasy on Mozart”, Nikolay Kapustinin “Etüd No.1”, eləcə də Azərbaycan bəstəkarları Qara Qarayevin “Eskiz” və Sevda Məmmədlinin “Azərbaycan naxışları” kimi əsərlər yer alıb. Soydaşımızın ifaları sonda sürəkli alqışlanıb.

Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı olan Vüsalə Babayeva “Transported by Culture” layihəsi çərçivəsində London Nəqliyyat Muzeyinin artisti seçilib. Konsert də bu layihə çərçivəsində baş tutub. Soydaşımız bir müddət öncə Kral Musiqi Kollecinin magistratura pilləsini bitirib. Hazırda Guildhall Musiqi və Dram Məktəbində “Artist Diploma” təhsili alır.

Bununla yanaşı, pianoçu Londonun müxtəlif nüfuzlu zallarında solo konsert proqramları ilə də çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

Çərşənbə, 19 Mart 2025 12:17

Şəhidlər barədə şeirlər – Ruslan Abbasov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü

Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ruslan Abbasova  həsr edilmiş şeirlə tanış olacaqsınız.

         

RUSLAN HİKMƏT OĞLU ABBASOV

(25.05.2000.-14.10.2020.)

 

Qaradağ rayonunun Sahil  qəsəbəsindən olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

 MƏRD RUSLAN

 

Vardı təbəssümlü üzü,

İnamlı baxışı, gözü,

Mənalıydı hər bir sözü,

Hər kəlməsi  “bəli”, “hə, can”,

Qoçaq, igid, mərd Ruslan.

 

 Dərindi  ağlı, kamalı,

Düzlük idi  saf amalı,

Saysızdı arzu, xəyalı,

Sahil doğulduğu məkan,

Qoçaq, igid, mərd Ruslan.

 

Əsgər oldu –  zirək, cəsur,

Qorxmaz, güclü, mətin, məğrur,

Vətən ondan duyur qürur,

Düşmənlərə uddurdu qan,

Qoçaq, igid, mərd Ruslan.

 

Düz yeddi postu aldılar,

Düşməni dərdə saldılar,

Qəlbdə əbədi qaldılar,

Qisas hissi olur  yaman,

Qoçaq, igid, mərd Ruslan.

 

Hər kəs ola bilməz igid,

Komandirlər buna şahid,

Füzulidə oldu şəhid,

Dağ-dərəni aldı duman,

Qoçaq, igid, mərd Ruslan.

 

Verdi canın torpaq üçün,

Üçboyalı  bayraq üçün,

Xoş gələcək, növraq üçün.

Unudulmaz heç bir zaman,

Qoçaq, igid, mərd Ruslan.

 

“Ədəbiyyat və incəsənətz”

(19.03.2025)

 

 

Çərşənbə, 19 Mart 2025 08:29

Azərbaycanı ata yurdu bilən TÜRKMANLAR

 

Aida Eyvazlı Göytürk, İpək yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri. “Ədəbiyyat və incəsənət” üçün.

 

 

 

İraq Kərkükü deyiləndə ilk ağlımıza ilk olaraq Sinan Səidin və Nərminə xanımın oxuduqları “Ninnə yarım” mahnısı gəlir. Hər birimizin ruhuna, qanına, canına hopmuş bir şərqi.  Sevməmək, özününkü hesab etməmək mümkün deyil. Çünki şərqinin hər ritmi sənsən, özünsən, sənin kimliyini havalandıran bir musiqidir. Budur qan yaddaşı, könül yaddaşı, ruh yaddaşı.

 

 

 

5 gündür ki, İraqdan -Türkman ellərindən gələn soydaşlarımız, qardaşlarımız Azərbaycanda qonaqdırlar. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə vətənimizə təşrif buyuran qonaqların proqramı çox zəngin olub. Ötən gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda gələn qonaqları dinləmək, onların arzularını eşitmək şansımız oldu.

 

Bizim İlaxır çərşənbə gününü qeyd etdiyimiz Novruz, Bahar əyyamında qan qardaşlarımız  ilk dəfə idi ki, iştirak edirdilər. Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panel müzakirələri çox maraqlı keçdi. Türk mədəniyyətini və tarixini araşdıran bir jurnalist və İpək Yolu Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri kimi türkmanları dinləmək mənim üçün çox vacib idi. Panel müzakirələrdə çıxış edənlərin hər biri Azərbaycanı “Ata yurd”, Türkiyəni “Ana yurd” adlandırdılar. Uzun illərin, qərinələrin  sınağında və məngənəsində əzilən, döyülən, sıxılan, zindanlara atılan, lakin ruhları ölməyən türkmanlara – bu türk qardaşlarımızın ürəklərinə güc və qüvvəti sən demə Türkiyə və Azərbaycanın varlığı veribdir. İnanıblar ki, dünyanın düzəni dəyişən bir gün olacaq və Türkiyə də, Azərbaycan da onlara qucaq açacaq.

 

Forumda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman ziyalılarından biri, İraq Parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh öz çıxışında Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılan Füzuli şəhərinə və işğaldan azad edilmiş digər ərazilərə - Şuşa, Xankəndi, Xocalı, Suqovuşana  etdikləri səfərdən, Bakıda Zəfər Parkında, Hərbi Qənimətlər Parkında gəzərkən  30-dan çox vətəndaş cəmiyyəti təmsilçisinin, İraqın tanınmış ziyalıları və tarixçilərinin, Suriya türkmanlarının təmsilçilərinin keçirdikləri qürur hissindən danışdı. Dedi ki, 30 il idi ki, Qarbağ dərdi hər bir türkmanın da qəlbində sağalmaz yara idi.

 

İraq Parlamentinin deputatı, turkmanların millət vəkili Ərşad Saleh onu da dedi ki, Azərbaycanda olmaq hər bir türkman üçün qürur və sevinc mənbəyidir”.
"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda çıxış edən İraq, Suriya və Türkiyədən olan türkman vətəndaş cəmiyyəti təmsilçiləri hər biri çıxışın sonunu bayatı ilə bitirirdi. Bu gün azadlıq eşqi ilə yanan hər bir türk Azərbaycanın Zəfərindən güc alır, bu yolu öz yolu bilir.

 

Forumun digər iştirakçısı  Türkman eli Federasiyası Dərnəklərinin sədri Mehmet Tütüncü çıxışını belə başladı:

 

Qara bax,

 

Daş üstündə qara bax.

 

Könlümdə iki yara:

 

Biri Kərkük, Qarabağ.

 

Mehmet Tütüncü də, Türkman Araşdırmalar Təşkilatının sədri Nebil Salin Kifrili Azərbaycandan umaqcaqalrı olduğunu söylədi. Bildirdi ki, türklərin, kərküklərin çoxluq təşkil etdiyi şəhərlərdə mütləq bir Azərbaycan  evinin,  türk evinin və ya mədəniyyət mərkəzinin açılmasına ehtiyac vardır. Türkmanların məktəb problemi , xəstəxana problemi də vardır.  Türkman məktəblərində yeni texnologiyalar belə tətbiqü olunmur.  Ümid edirlər ki, Azərbaycan burada yaşayan türk balaları üçün nə vaxtsa bir məktəb, təhsil ocağı, Qarabağ Universitetinin filialını açacaq.  Təxminən 20 il bundan əvvəl Azərbaycan dövləti 100-ə yaxın İraqlı tələbəni Azərbaycana dəvət edərək onların ali məktəblərdə təhsil almasına  şərait yaradıb. İndi o tələbələr böyüyüb-yaşadıqları vətənlərinə xeyir verirlər. Bu gün də Azərbaycanın ali məktəblərində oxumaq üçün xəyallar quran yüzlərlə iraqlı, kərküklü türkman vardır. Vaxtilə Azərbaycanda təhsil alan, bu gün İraqda yüksək mənsəb sahibi olan həkim, mühəndislər də Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi forumda söz alıb danışdılar. Nə vaxtsa Azərbaycanda yaşadıqlarını bəxtlərinə yazılan ən gözəl yazı olduğunu dedilər. Onu da dedilər ki, İraqda Novruz şənlikləri demək olar ki, keçirilmir. Ta qədimdən   türk mədəniyyətinin və məişətinin özəyini təşkil edən bu yenilənmə bayramı bir çox türk xalqları yaşayan ölkələrdə keçirilsə də, İraqda yaddaşlardan silinmək ərəfəsindədir. Hətta məruzəçilər onu da dedilər ki, gün o gün olsun ki, Azərbaycan Dövlətinin İraqda turkmanlar üçün yaradacağı Mədəniyyət Mərkəzində ilk keçirəcəkləri şənlik Novruz Bayramı və Zəfər günü olsun.

 

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda gəldiyim ilkin nəticələr belə oldu:

- Agentlik Azərbaycan Prezidentinin etimadını doğruldur.  Yolumuzdan uzaq, könlümüzə yaxın olan türk xalqarının mədəniyyəti və tarixinin araşdırılmasında Vətəndaş Cəmiyyətlərində ali mövqe tutan alimlər, akademiklər, öz sahəsinin peşəkarları olan ziyalılara arxalanaraq elmi konfranslar, forumlar keçirir. Bu kürsülərdən səslənən fikirlər isə iştirakçıların təmsil etdikləri dövlətdə çağırış kimi, tələb kimi, prioritet məsələ kimi nəzərə alınır;

-Bahar günlərdinə iştirak etdiyimiz forumda bir də Azərbaycan vətəndaşı olduğum üçün qürur hissi keçirdim. Onun şahidi oldum ki, dünyanın hər yerində yaşayan türkmanlar da, azərbaycanlılar da Azərbaycan Prezidenti İlham Əliyevə inanırlar.  Bu gün qonağımız olan Türkman nümayəndə heyyətinin üzvlərinin hər biri, dediyim kimi, Azərbaycanı Ata Yurdu sayır. Onların Azərbaycandan məktəb, xəstəxana, kitabxana, mədəniyyət mərkəzi, təhsil islahatları istəmələrinin özündə belə qeyri–adi heç nə yoxdur. Çünki övlad çatmayan hər şeyini ATAdan istəyər, ATAnı hamıdan güclü bilər. Biz də, turkmanlar da böyük türk ailəsinin budaqları, qollarıyıq. Azərbaycanı Ata yurdu hesab edən türkmanlar həm də Azərbaycanın Ali Baş Komandanı  Zəfərin elçisi  İlham Əliyevə inanırlar!

 

Mən İpək yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri kimi, eləcə də Azərbaycan türkü kimi inanıram ki, Azərbaycan Dövləti ermənilərin viran qoyduqları yurdlarımızda  abadlıq və tikinti işlərini bitirəndən sonra, və ya bəlkə də daha tez bir zamanda ona Ata kimi, böyük kimi, güclü sipər kimi, arxalarında dağ kimi baxan İraq türkmanlarının arzularını da həyata keçirəcək. Tanrı Dövlətimizin bayrağını hər zaman uca etsin! Biz Zəfərimizin sevincini bölüşməyə hazırıq.

  

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

 

 

 

 

 

 

 

Ariz Alpsoy (Həsənov Ariz Arif oğlu) 15 fevral 2001-ci ildə Gəncə şəhərində anadan olub. 2018-2022-ci illərdə Rusiya Federasiyasının Volqoqrad Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə ali təhsil alıb. 2022-ci ildə Çuvaşıstan Respublikasının paytaxtı Şupaşkar şəhərində müəllifin tarixşünaslıqda ilk dəfə tədqiq etdiyi “Azərbaycan-Çuvaş əlaqələri və münasibətləri: antik dövr və müasirlik” mövzusuna həsr olunmuş “Çuvaşıstan – Türk Dünyasının Mərkəzidir” adlı konfransın təşkilatçısı olub. Hazırda Gəncədə yaşayır. “Qurtuluş Sancağı” müəllifin ilk kitabıdır.

Onun şeirlərini “Ədəbiyyat və incəsənət” portalının oxuculrına təqdim edirəm və bəyəniləcəyinə də ümidim böyükdür.

                                                           Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycandır Təbrizim!

 

Bozqurd səsi dağlar aşır,

Əzmi dünyaya yaraşır.

Təbrizimdən qalxan səda

Bozqurd səsinə qarışır:

“Nə mutlu türkəm deyənə!”

...Hayqırıram dönə-dönə,

Bütöv Vətən canım-özüm,

Azərbaycandır Təbrizim!

 

Turanıma gedən yolun

Körpüsü buradan keçir...

Türk tarixi özü yazır,

Yolunu Yaradan seçir,

Haqqıdır türkün öyünə!

...Hayqırıram dönə-dönə,

Bütöv Vətən canım-özüm,

Azərbaycandır Təbrizim!

 

Biz Qafqazın öz doğması,

Ulu yurdun balasıyıq!

Bir Bozqurdun ulaması

Min vahimə salasıdır

Yağıların ürəyinə...

...Hayqırıram dönə-dönə,

Bütöv Vətən canım-özüm,

Azərbaycandır Təbrizim!

 

 

Məhəmməd Əmin Rəsulzadə

 

Vətən fədakarı, elimin oğlu,

Səni anlatmağa sözlər yetərmi?!

Bir əsrin dahisi, zaman uğuru,

Bir şeir söyləsəm, səsim çatarmı?

 

Mən sənə heyranam...

Dahiliyinlə

Bir xalqın yoluna mayak oldun sən!

Haqlı mübarizən xalqın  vüqarı,

Xalqına əzminlə dayaq oldun sən!

 

Banisi olduğun o cümhuriyyət

İz qoydu tarixin  salnaməsində.

“Can Azərbaycan!” söylədiyində

El “Vətən!” duymuşdu sənin səsində...

 

Unutmaq nə mümkün qurd hünərini!

Adın dilimizin ehtiramıdır!

Sənin yaratdığın cümhuriyyətim

Milli kimliyimin ehtişamıdır!

 

Xalq üçün xərclədin sən illərini,

Ömrün xoş günündən seçdin azını...

Tarixin başının tacı eylədin

“Azərbaycan” adlı alın yazını...

 

Ən gözəl şeirin o cümhuriyyət,

Ən gözəl sözündür istiqlaliyyət!

Səndəki əzəmət, səndəki fitrət

Harda bir türk varsa, ona əmanət!

 

Yandırdın şam kimi ürəyini sən

Xalqının, yurdunun azadlığında...

Ariztək nə çoxdur dühana heyran,

Əlləri sinədə, sənə sayğıda...

 

Azərbaycan...

Canımızdan ötədir,

Bayraq ucadadır, ol bundan əmin!

Sənə sevgim şanlı tarix qədərdir,

Xalqın  qürur yeri Məhəmməd Əmin!

 

 

Kürşad

 

Ümidsizlik səhrasında

Bir udum su tapmayanda,

Uçurumun ta dibində,

Göy üzünü görməyəndə

Kürşadım düşür yadıma …

 

Mümkünsüzü mümkün edən,

Keçilməz yolları gedən,

Türkün ali məramını

Ucaltmaq üçün and içən

Kürşad işıqdır daima…

 

Çin zülmünə qatlanmadı,

Düşmən dilinə qanmadı,

Başlatdığı üsyan ilə

Qorxu saldı çin elinə,

Kürşaddır örnək xalqıma…

 

Harda ki, çəkildi adı,

Titrətdi yağını, yadı…

Türk olmağın qürurunu

Yaşadı ömrü uzunu,

Kürşad öndərdir yoluma…

 

Əsarətlə barışmazlıq,

Haqsız işə qarışmazlıq

Simgəsidir türkün oğlu,

Haqqın şanlı türk soyuna

Sevgisidir türkün oğlu,

Kürşad qürurdur adıma!

 

 

İki əsrin o üzündə...

 

“Gülüstan”dan başladı hər şey...

Adına xilaf çıxdı “Gülüstan”,

Gül açmadı Vətənimin sinəsində,

Yara açıldı...

Bir xalq iki yad əliylə

Neçə yerə parçalandı...

Qan axdı, can qurban oldu,

Türkü türkdən ayırdılar...

Sərhəd-sərhəd, məftil-məftil

Canı candan qopartdılar...

Qopmayansa min illərin

Bağrından sıyrılıb gələn

O söz oldu:

“Nə mutlu türkəm deyənə!”

On illərlə yad əlinin

Cücərtdiyi qeylü-qallar

Heç sönməyən bir köz oldu;

Alov-alov yayıldı dərd

Türkün ulu ellərinə...

Sonra...

Sonrası da, “Türkmənçay”dır...

Qafqazların baş tacında-

Gözəl yurdum Azərbaycanda

Bitməyən ah-vaydır...

Erməni köçünün başını çəkən

Yenə  yad əliydi, düşmən məkriydi...

Erməni Qafqazda oldu bir tikan...

Batdıqca batdı hey...

Hər batışında

Qırıldı elimin mərd qızı, oğlu...

Hey qanatdı, hey...

Susdu havadarlar, susmaq nəydi ki?

Olanı-bitəndi dandı, dandı hey...

1905...

1918...

1937...

1948...

1953...

1988...

Mənim qanlı tarixlərim...

Zülmlərə sinə gərib

Vətənindən bərk yapışan xalqımın alın ağlığı,

Mənim şanlı tarixlərim...

Sonra...

Sonra Göyçə ağladı;

Doğmaları qucağından gen düşdü...

Qarabağım yad nəfsindən üşüdü,

Xocalımsa... ürəyimi dağladı...

Gözümdə göz yaşı oldu Cəbrayıl,

Qubadlı, Füzuli, Zəngilan yaram

Ağdam, Ağdərəylə birgə sızladı...

Şuşa dərd heybəmin ən ağır payı,

“Kəlbəcər” deyəndə axan göz yaşım

“Murov” pıçıldadım, üzdə buzladı...

Bir qərinə...

Bir qərinə boyunca

Qarabağ həsrətim boynumu bükdü...

Mərd xalqım yurd həsrətinin

Bətninə ümid əkdi...

Cücərdi ümidlər  yurd həsrətlisi

Babanın qəlbində,

Nənənin göz yaşında...

Bar verdi ümidlər  oğulun, qızın

Nəvəyə öyrətdiyi “Qan yaddaşı”nda...

Gəldi Qisas günü!

2020...

Yürüdü mərd ordum düşmən üstünə!

Sancıldı üçrəngli qudsal bayrağım

Azadlığı dadan hər yurd yerinə!

Müzəffər elimin zəfər nəğməsi

Yayıldı Qafqazdan bütün cahana!

Zəfər çox yaraşdı Azərbaycana!

...O vaxt ki, başladı hər şey,

“Gülüstan” adına xilaf çıxdı ha,

O vaxt ki, zəmanə əyrinin oldu,

Düşmən yurd yerini bir-bir yıxdı ha,

O vaxtın sabahı-danı çatıbdır,

Zəfərlə tarixim aydınlanıbdır!

Bir gün qovuşacaq yurd parçaları,

Elim bir olacaq, bütöv olacaq...

Gün bir boy qalxana o da olacaq!

 

 

Hər yanlış bir naxış

 

Düyün düşər arzular

Taleyin xanasında...

Qəlbi sarar intizar

Ömrün qəmxanasında...

 

Cavabsız eşq didərgin,

Xəyal dünyası viran.

Ayrılığın  hər rəngi

Kədərə  körpüsalan...

 

Mənim sənə “əlvida”m

Gizlətdiyim baxışdır...

Anladım, yar, anladım,

“Hər yanlış bir naxışdır”.

 

Mən belə çiçəklədim,

Belə oldum rəngbərəng...

Şeirlə bütövləşdim,

Şeirlə oldum həmdərd...

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”

 

İlham Şükür oğlu Hüseynov 1977-ci ildə Qarabağın doğma torpağı olan Ağdam rayonunun Qiyaslı kəndində dünyaya göz açmışdır. Uşaqlığı və gəncliyi el-obasının təmiz havasında, ata-baba yurdunda keçsə də, 1993-cü ildə müharibə onun həyatını dəyişdi. Doğma yurdundan didərgin düşən İlham ailəsi ilə birlikdə Ucar rayonunda məskunlaşdı. Lakin yaşadığı çətinliklər onun vətən sevgisini sarsıtmadı, əksinə, qəlbində daha da alovlandırdı.

 

İlham Hüseynov erkən yaşlarından elmə, xüsusilə tibb sahəsinə böyük maraq göstərirdi. O, orta məktəbi uğurla başa vurduqdan sonra Tibb Kollecinə daxil oldu. İnsanların sağlamlığına xidmət etmək arzusu onu əczaçılıq sahəsinə gətirdi. Peşəsinə olan sevgi və məsuliyyət hissi sayəsində tez bir zamanda uğur qazandı və aptek sahəsində çalışaraq insanlara kömək etməyə başladı. Hazırda o, bu sahədə rəhbər vəzifədə çalışır və yüzlərlə insanın sağlamlığının keşiyində dayanır.

Lakin onun gördüyü işlər yalnız peşə borcu ilə məhdudlaşmırdı. İlham Hüseynov ehtiyacı olan insanlara dərman yardımı edir, şəhid ailələri, qazilər və aztəminatlı ailələri dərman preparatları ilə təmin edirdi. Onun üçün ən böyük qazanc, insanların sağlamlığına qovuşması və onlardan aldığı bir "Allah razı olsun" idi.

İlham Hüseynov təkcə öz işinin peşəkarı deyil, eyni zamanda böyük bir vətənpərvərdir. Onun Vətənə olan sevgisi sadəcə sözlərdə deyil, əməllərində də özünü göstərir. O, illər ərzində qazandığı nüfuz və imkanlarını daim xalqının rifahı üçün istifadə edib.

Bu vətənpərvər ruh və cəmiyyətə göstərdiyi xidmətlər sayəsində İlham Hüseynov bir çox mükafatlarla təltif olunmuşdur. O, "Fədai", "Vətən naminə", "Vətənpərvərlik" medalları və 5 fəxri fərmanla mükafatlandırılmışdır. Lakin onun üçün ən böyük mükafat Vətənə xidmət etmək, insanların qəlbində özünə yer qazanmaqdır.

İlham Hüseynov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər təşkil edir, onların problemləri ilə maraqlanır, onlara həm mənəvi, həm də maddi dəstək göstərir. O, şəhidlərin anım günlərində və mövlud mərasimlərində iştirak edərək onların əziz xatirəsini uca tutur. O, Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların ailələrini öz ailəsi kimi görür və onların yanlarında olmaqdan qürur duyur.

İlham Hüseynov 2006-cı ildə ailə həyatı qurmuşdur və iki oğul atasıdır. O, ailəsini sevən, dəyərlərinə sadiq, övladlarına düzgün tərbiyə verməyə çalışan bir insandır. O, öz nümunəsi ilə övladlarına vətənə sevgi, insanlara hörmət və xeyirxahlıq kimi dəyərləri aşılayır.

İlham Hüseynovun həyatı insanlıq və fədakarlıq nümunəsidir. O, hər zaman ehtiyacı olanlara əl uzadan, Vətən və millət üçün çalışan bir insan olmuşdur. Onun gördüyü işlər təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də bir örnəkdir.

Vətən sevgisi onun qəlbində tükənməz bir alovdur. O, vətənpərvərliyi sadəcə sözlərlə deyil, əməli işləri ilə sübut etmiş, daim xalqına, millətinə fayda verməyə çalışmışdır. O, inanır ki, millətin rifahı və Vətənin güclənməsi üçün hər kəs öz sahəsində var gücü ilə çalışmalıdır.

İlham Hüseynovun həyatı bizə göstərir ki, insanın böyüklüyü onun tutduğu vəzifədə deyil, gördüyü xeyirxah işlərdədir. O, ömrünü insanların sağlamlığına, Vətənə və millətə xidmətdə keçirmiş və bu yolda daim addımlamağa davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

Çərşənbə, 19 Mart 2025 11:29

Soyuq sözün kölgəsi - ESSE

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Deyirlər, insanın içini üşüdən qış deyil, soyuq bir sözdür. Çünki havanın soyuqluğuna bədən öyrəşər, amma qəlbin donduran bir kəlməyə heç vaxt tam alışmaz.

 

Əvvəlcə hiss etməzsən, sadəcə, bir anlıq diksinərsən. Amma zaman keçdikcə anlayarsan ki, o söz səni dəyişib. Gözlərindəki işıq bir az azalıb, səsin əvvəlki tonda çıxmır, gülüşlərin artıq əsl gülüş deyil.

Bəzən unudursan. Günlər keçir, illər axır, yeni baharlar gəlir. Hətta elə bilirsən ki, tamam sağalmısan. Amma birdən bir mahnı, tanış bir qoxu, ya da təsadüfi bir baxış yenidən o günü xatırladır. Soyuq sözlərin səni necə titrətdiyini, bir cümlənin bir ömrü necə dəyişə biləcəyini anlayırsan.

İnsanın ən böyük yanılması isə budur: düşünür ki, zaman hər şeyi düzəldir. Amma bəzi sözlər zamana tab gətirmir, nə qədər illər keçsə də, onların izi hələ də ordadır. Və sən hər baharda, hər günəşli gündə bir anlıq özünü yaxşı hiss edirsən, amma bilirsən ki, içində bir yer var ki, qırx yaz da gəlsə, isinməyəcək…

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

 

53 -dən səhifə 2128

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.