Super User

Super User

Çərşənbə, 19 Mart 2025 09:29

19 mart - Beynəlxalq Atalar Günüdür

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu əlamətdar gün, hər il Azərbaycanda təntənə ilə qeyd olunan Novruz bayramı ərəfəsinə düşür. Xoşbəxt o şəxslərdir ki, bu bayramı atalarının iştirakı ilə keçirəcəklər. Əfsuslar olsun ki, aramızda elələri də var ki, ATAları haqqa qovuşub, bayram süfrələrinin başında olmayacaqlar.

Cavid Qurbanovun qarşıma çıxan "Ay ata" şeirini təqdim etməklə, haqqa qovuşan bütün atalara Allahdan rəhmət diləyirəm:

 

Sən olanda arxalı bir dağ idim

Qaldım sənsiz atasızam, ay ata.

İndən belə sənsizliyin dadını

Səhər – axşam dadasıyam, ay ata.

 

Biz dost idik, ata oğul ikimiz

El yüküydü, ağır idi yükümüz

Cüt olanda gur çıxardı səsimiz

Tək qalmışam susasıyam, ay ata.

 

Ataların yaşı olmur övladçün

Atasından qanad alar həyatçün

Çətin olsa məsləhətçün, imdadçün

Baş daşından tutasıyam, ay ata.

 

Yaşadacam gözlərinin nurunu

Qoruyacam ocağının qorunu

Bu həyatda sən qoyduğun yolunu

Ömür yolum biləsiyəm, ay ata.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Abbas Vəfadağlı 1929-cu il martın 19-da Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi işləmişdir. 1946-cı ildə "1941/45-ci ili şərəfli əməyə görə" medalı ilə təltif edilmişdir.

 

Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə başa vurmuşdur. Texnikumu bitirib qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində müəllim işləmişdir. Sonra Krasnoselo rayon Komsomol Komitəsinə katib seçilmişdir, Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.

Doğma Cil kəndində kolxoz sədri, Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri, Cil kənd sovxozunda direktor işləmişdir. Azərbaycanlılar ellikcə Azərbaycanın Xanlar rayonunun Şəhriyar kəndinə köçdürüldükdən sonra isə orada kənd sovet sədri, Çaykənd kəndində kolxoz sədri, Şəhriyar kəndində sovxoz direktoru, Xanlar rayonunda Kənd Təsərrüfatı İstehsalat İdarəsində rəis müavini olmuşdur.

Hazırda təqaüddədir və fərdi yaradıcılıqla məşğuldur.

 

Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk mətbu şeiri "Arzular" 1965-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxmışdır. Bundan sonra dövri mətbuatda şeir, oçerk və məqalələrlə çıxış etmişdir. İlk qələm təcrübələrini Abbas Mazanov imzası ilə dərc etdirmişdir. 60-cı illərdən Vəfadağlı təxəllüsünü qəbul etmişdir.

General-mayor İlqar Mazanovun atasıdır 

 

Kitabları

1. Göyçə kimi intizarda elim var 

2. Gözləri həsrətli, naləli Göyçə 

3. Ulu Göyçəm

 

Məqalələri

1. Göyçə qətliamı

2. Ustad 

3. Aşıq Alı sorağında

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Baharın gəlişi münasibətilə 18 martda Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə İlaxır çərşənbə olan torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə "Şəkimizə bahar gəlir" adlı şəhər tədbiri keçirilib.

 

"Yuxarıbaş" Milli-Tarixi Memarlıq Qoruğu ərazisində baş tutan tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının  və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, idarə-müəssisə rəhbərləri, Şəhid ailələri, mədəniyyət və təhsil  işçiləri, eyni zamanda şəhər içtimaiyyəti iştirak edib. 

Tədbirdə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansambl, Şəki Dövlət Regional Kollecinin "Rəqs" qızlar ansamblının, "Kvartet ipək qızlar" qrupu, Qax "İmedi" rəqs qrupu, "Nağaraçılar Ansamblı”, “Abay”rəqs kollektivinin ifalarında milli musiqi və rəqs nümunələri təqdim edilib. 

Daha sonra "Qala divarları”nın həyətində Novruz tonqalı alovlandırılıb, Novruzun personajları olan "Kosa" və "Keçəl" məzəli zarafatları ilə bayram iştirakçılarına  xoş əhvali-ruhiyyə yaşadıblar.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2025)

 

Aida Eyvazlı Göytürk, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanlılar hər zaman kərkük bayatı və xoyratlarının aşiqi olub. Analar, nənələr laylalarında, nişanlı qızlar intizarlı mahnılarında, aşıqlar toylarda bu xoyratları səsləndiriblər.

İraqda yaşayan türkmanlar da Azərbaycan aşiqidirlər. 

 

5 gündür ki, İraqdan -Türkman ellərindən gələn soydaşlarımız, qardaşlarımız Azərbaycanda qonaqdırlar. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xətti ilə vətənimizə təşrif buyuran qonaqların proqramı çox zəngin olub. Bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumunda gələn qonaqları dinləmək, onların arzularını eşitmək şansımız oldu.

Forumda Türkiyə, İraq, Suriyadan olan nüfuzlu türkman QHT-ləri ilə əməkdaşlıq məsələləri müzakirə olundu, təkliflər dinlənildi. 
Forum çərçivəsində İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi ölkəmizdədir, heyət işğaldan azad edilmiş ərazilərə- Xocalı, Xankəndi, Şuşa və Füzuliyə səfər ediblər. 

Dahi Azərbaycan şairi və mütəfəkkiri, İraq daxil olmaqla, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş qüdrətli sənətkar, çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvət olan, anadilli poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmiş Məhəmməd Füzuli şeirləri onun şərəfinə adlandırılan, 2020-ci ildəişğaldan azad edilmiş Füzuli şəhərində türkmanların dili ilə səsləndirilib.
Türkmanlar Qarabağda yol boyu Kərkük şərqiləri də ifa ediblər.
Bu gün türkman təşkilatları ilaxır çərşənbəni Bakıda keçirəcək, Novruz şənliklərinə qatılacaqlar.

Forum barədə geniş yazımı sabah təqdim edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

18 mart 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Novruz Bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. 

 

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri və qazilər, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Ağdam Dövlət Dram Teatrının əməkdaşları və mədəniyyət işçiləri iştirak etmişlər. Heydər Əliyev Mərkəzinin qarşısında tədbir iştirakçılarına milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgi təqdim olunmuş, idmançılar tərəfindən müxtəlif nömrələr nümayiş etdirilmiş, tədbir keçirilən məkana Qarabağ atlarının gəlişi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. 

Heydər Əliyev Mərkəzinin qarşısında davam edən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon əhalisini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, baharın gəlişini müjdələyən, təbiətin oyanışından soraq gətirən Novruzun xalqımızın mənəvi dünyasında özünəməxsus yeri olduğundan, Ümummilli Lider Heydər Əliyevin Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşmasından, Novruz ənənələrini layiqincə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizə və xalqımıza qazandırdığı tarixi nailiyyətlərin bütün dünya azərbaycanlılarına ən qiymətli Novruz hədiyyələri olmasından bəhs etmişdir. Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə əməkdar artist Fehruz Səxavətin, kollecin müəllim və tələbə heyətinin, Gülablı kənd Uşaq musiqi məktəbinin müəllimi Habil Məmmədov və tələbələrinin ifasında rəngarəng musiqi nömrələri, “Nənə Qızlar” folklor ansamblının ifasında nümunəvi çıxışlar tədbir iştirakçılarına təqdim edilmişdir. Həmçinin bayramın personajları hesab olunan kosa və keçəlin iştirakı tədbirə xoş ovqat qatmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

Çərşənbə axşamı, 18 Mart 2025 19:22

Türk Mədəniyyəti və İrsi Fondunda görüş

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan -Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin Fəxri üzvü Xuraman Muradova ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə Türk ölkələri arasında mədəni əlaqələrin inkişafı, ədəbiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və Türk mədəni irsinin qorunması ilə bağlı bir sıra mövzular müzakirə olunub. Həmçinin, gənc yazıçıların yaradıcı fəaliyyətinin dəstəklənməsi və Türk dünyasında ədəbiyyatın təbliği məsələləri gündəmə gəlib.

Görüş, Türk dünyası arasında ədəbi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi və gələcək birgə layihələrin müzakirəsi ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Orada göz görür, könül sevir. Orada oğul qılınc qurşanır baba qeyrəti üçün. Orada el ozanları var əllərində qolça qopuz. Orada yüyrək atlar çapırlar. Orada ərlər, ərənlər bilir ki, Azərbaycanın ən qədim yaşayış yeri Naxçıvan bəşəriyyətin ən sirli tarixini özündə ehtiva edən yurd yeridir.

Qədim rəvayətlərə görə, Nuhun gəmisi Gəmiqayada quruya çıxdıqdan sonra qaranquşun gətirdiyi xoş xəbər gəmi sakinlərinin ən xoş günü olub. Onların quruya çıxdığı həmin vaxt mart ayına təsadüf edib və “Nuhruz” yəni “Nuh günü” adı ilə qeyd olunub. Yeni həyat başlandığı gün səməni cücərdilər, yüksək dağ zirvələrində tonqallar qalanar, sübh günəşi görünməmiş bulaq başına gedilər, su üstündən tullanaraq “Ağırlığım, uğurluğum düş bu suyun üstünə”, yaxud da tonqal üstündən tullanaraq “Ağırlığım, uğurluğum düş bu odun üstünə” kimi sözlərlə bayramın ilk gününü qarşılayırmışlar.

Odun müqəddəsliyi və ilaxır tonqalı

Odun, atəşin qeyri-adi güc, qüdrət kəsb etməsi, düşmənə üstün gəlməsi, məğlubedilməzlik keyfiyyətinə sahib olması barədəki mifik təsəvvür Azərbaycan folkloruna zaman-zaman geniş şəkildə sirayət edib. Od adi od kimi, qaladığımız ocaq kimi, əlimizi yandırıb-yaxan istilik kimi xatırlanmır, əksinə, hər zaman müqəddəs duyğularla anılır.

Azərbaycan xalqı odu atəşpərəstlikdən, zərdüştlükdən də öncələrdə qoruduğu, sirlərini ifadə etdiyi, ən əsası, tapındığı vasitə kimi yaşadaraq bu günümüzə çatdırıb. Bu səbəbdən də bayram tonqalını həyətin girəcəyində qalayır ki, həyətə gələn özüylə ağırlıq gətirməsin. Xalqın özü məsəl çəkir:

 

-Od yuduğunu su yumaz

-Odsuz ocaq olmaz

-Oda pənah aparanın ocağı sönməz

-Odu, çırağı yandıran xeyir aparar

-Od küllə gizlənər

-Ocaq sönməyən yerdə məskən salarlar

 

Od həm də ulularımızın and yeri olub: Od haqqı, Gün haqqı, Çıraq haqqı.

İlaxır çərşənbədə odun rolu

Doğrudan da, oddan sonra adam özündə yüngüllük hiss edir. Sanki tonqalın alovu hamıya rahatlıq, dinclik gətirir. Novruz bayramı ərəfəsində elə bil odun ilkinə – doğuluşuna qayıdılır. İçimizdə oda tapınmaq, oda sığınmaq istəyi yenidən və yenidən yaranır.

Bu inanclar zaman-zaman xalq təbabətində öz əksini tapıb. Yeni doğulmuş körpəni külün üstünə qoyardılar ki, xəstəlik tapmasın. Bu inamın izi “Çevir ocağa, al qucağa” atalar sözündə yaşadılır. Həmçinin bununla bərabər yaraya ocaq külü bağlayardılar ki, yara tez sağalsın və yaxud odla dağlayardılar. Ulusumuzda odun qüdrətinə inam o dərəcədə güclü olub ki, Novruzda yataq xəstələri belə yaxınlarının köməyi ilə azı üç dəfə tonqalın üstündən keçirilirmiş. Ahıl insanlar böyük tonqaldan atıla bilmədiyi üçün ocaqdan götürülən və aralıda qoyulan odun üzərindən addımlayaraq keçərmişlər.

Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, ona and içiblər, alqışlar qarğışlara qarışıb. Ulularımız deyir ki, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar.

 

Axır çərşənbə və Novruz tonqalı arasındakı fərq

 

Deyirlər, axır çərşənbə tonqalı ilə Novruz tonqalı arasında fərq var. Bu fərq ona görədir ki, axır çərşənbə tonqalı keçmişi yola salmaq üçündür, Novruz tonqalı isə torpağın oyanışının şərəfinə yandırılır. İnsanlar axır çərşənbənin odu ilə bütün ağırlıqlarını uğurladığı halda, Novruz tonqalı ilə hər cür dərddən-bəladan, ağırlıqlardan, çilədən təmizlənir.

Bu tonqalından atılanda dərd-azarımızın odda yanacağına inanırıq. Novruz türk xalqlarının, bəlkə də, yeganə bayramlarındandır ki, bu əziz günlərdə böyüklü-kiçikli hər kəsin qəlbi bahar təravəti, yaz duyğuları, aşıb-daşan sevinc, yüksək əhvali-ruhiyyə ilə dolur, ruhumuz yenidən oyanır.

 

Odun nurunda Qarabağın bərpası

 

Bu gün tarixin dolanbac künc-bucağında yadelli işğalçıların yağmalarına dözüb divlər sarayında nər igidlər böyütmüş, qoynunda Xudafərini bəsləmiş, əlçatmayan, ün yetməyən, quşqonmayan müqəddəs yurd yerlərimizdə – Qarabağ və Şərqi Zəngəzurda, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə bayram tonqalları qalanıb. Yoxluğunun ağrısında mərd oğulların hicrana dözməyib 30 illik ayrılıqdan sonra başını almış qara buludları od olub yandırdı, şimşək olub doğradı. Bununla da yetinməyib torpağına yeni nəfəs, göyünə sonsuz mavilik qatdı. İndi körpə fidanlar səs-səsə verib qıy vuraraq torpağın, daşın, qayanın yaralarını sarır, incə, xəfif toxunuşlarla ruhuna məlhəm olur.

 

Bayramın mübarək, odlar yurdu Azərbaycan!

 

Xocalım, Xankəndim, Şuşam, Laçınım, Zəngilanım, Füzulim və daha adlarını çəkə bilmədiyim müqəddəs torpaqların sakinlərinin “Gün o gün olsun, Novruzu öz elimizdə qeyd edək” kimi arzuları artıq bu tonqal başında gerçəkləşib.

And yerimiz – tonqalımız.

Səndə keçən qışın, gələn baharın isti nəfəsi yatır indi. Şölələrinlə göylərə nur saçırsan. Nuru və işığı dünyaya sən salırsan. Qordan doğulmuş, qor olmuş, ocaqlaşmısan.

Mən də bu əziz gündə uşaq kimi sevinir, içimdən gələnləri duaya dönüşdürərək deyirəm: Müqəddəs duyğularla bayram tonqalı başında yaşını yenidən tarixə qatıb, tarix olan, qədimləşən diyarım, bayramın mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

Çərşənbə axşamı, 18 Mart 2025 18:56

Beyləqanda Novruz bayramı böyük coşğu ilə keçirilib

 

Fatimə Xıdırlı, Beyləqan. “Ədəbiyyat və incəsənət” üçün

 

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Beyləqan Rayon Təşkilatının sədri, Respublikanın Əməkdar artisi Ağalar Bayramov, Respublikamızın tanınmış incəsənət nümayəndələri-musiqiçiləri, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir.

 

Tədbir Dədə Qorqud və Bahar qızının iştirakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi ilə açıq elan edilmiş və bununla da beyləqanlıların əhvali-ruhiyyəsinə bayram ovqatı qatılmışdır. 

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər rəsmilər xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə baxış keçirmişlər. Daha sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bayram tonqalını alışdırıb. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Beyləqanda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Bayram tonqalı ətrafında xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır. 

Tədbirin qonaqlarından Respublikanın Əməkdar artisi Ağalar Bayramov beyləqanlıları bayram münasibəti ilə təbrik edərək tədbirin konsert proqramını açıq elan etmişdir. Respublikanın Əməkdar artistləri Zakir Əliyev, Elnur Zeynalov, Qoçaq Əsgərov, Respublikanın Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, Muğam müsabiqəsinin qalibi Güllü Muradova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Səfiyyə Yaqublu, Əvəzxan Əzizov, Cahangir Əliyev və Mədəniyyət işçisi Nazim Çıraqov tərəfindən konsert proqramı təqdim edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Memorandumu Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın rəhbəri Aktotı Raimkulova, Dünya Gənc Türk Yazarlar Birliyi adından isə qurumun sədri İntiqam Yaşar imzalayıblar.

 

Bu mühüm addım, Türk dünyası arasında mədəni əlaqələrin gücləndirilməsi və gənc yazarların birgə fəaliyyətini inkişaf etdirmək məqsədini daşıyır. Sənəd iki qurumun ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində əməkdaşlıq etməsinə, həmçinin Türk mədəni irsinin qorunmasına və tanıdılmasına dəstək verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

Çərşənbə axşamı, 18 Mart 2025 17:50

Oğuzdakı tarix-diyarşünaslıq muzeyində Novruz şənliyi

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyində “Novruz adətləri” adlı tədbir təşkil edilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib. 

Çıxış edənlər xalqımızın qədim və əziz bayramı Novruz münasibətilə tədbir iştirakçılarını təbrik edərək, onlara xoş arzularını çatdırıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində erməni işğalından azad olunmuş torpaqlarımızda Novruz bayramının qeyd edilməsinin böyük mənəvi əhəmiyyəti qeyd edilmişdir.

Şən bayram sədaları altında tonqal ətrafında əyləncəli oyunlar keçirilib, bahara aid şeirlər, tapmacalar və Novruz alqışları söylənilib, mahnılar oxunub, rəqslər ifa edilib. Tədbir iştirakçıları tonqalın üzərindən tullanıb və yumurta döyüşdürüblər.

Muzeyin həyətində qədim milli adət-ənənələrimizi əks etdirən eksponatlardan ibarət sərgi təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

55 -dən səhifə 2129

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.