Super User

Super User

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın 2025-ci il Gənclər paytaxtı seçilmiş Sumqayıt şəhərində yaradıcı insanlarla görüşlərin keçirilməsi ənənə halı alıbdır.

Milli Məclisin deputatı Səbinə Salmanovanın təşkilatçılığı ilə keçirilən “Gənclər Paytaxtı Sumqayıtda Poeziya Günü” adlı tədbir maraqla qarşılanıbdır. 

 

Muğam mərkəzində təşkil olunan görüşdə Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi sumqayıtlıların qonağı olublar.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, Sumqayıt təkcə sənaye şəhəri kimi deyil, həm də mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişaf etdiyi bir məkana çevrilib. Zakir Fərəcov şəhərdə son illərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin, o cümlədən mədəniyyət müəssisələrinin yenidən qurulmasının Sumqayıtda yaradıcı mühitin daha da canlanmasına təkan verdiyini vurğulayıb. Şəhər rəhbəri qeyd edib ki, Sumqayıtda keçirilən bu kimi tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirir, onların ədəbiyyata, incəsənətə marağını artırır.

Deputat Səbinə Salmanova təşkil edilən tədbirin məqsədi haqda ətraflı danışaraq Sumqayıtdakı yaradıcı mühitin xüsusilə son dövrlərdə xeyli canlandığını vurğulayıb, genişmiqyaslı layihələrin gerçəkləşdirildiyi şəhərin sürətli inkişaf dövrünü yaşadığını diqqətə çatdırıbdır.

Deputat qeyd edib ki, son dövrlərdə Sumqayıtın vəsf olunduğu çox sayda şeir, mahnı, bədii və rəsm əsərləri yaradılıb.

Daha sonra çıxış edən Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, həmçinin Rüstəm Behrudi, İbrahim İlyaslı digər natiqlər şəhərin ədəbi həyatı haqqında fikirlərini bildiriblər.

Xalq şairi Nəriman Həsənzadənin videomüraciəti də alqışlarla qarşılanıbdır.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edibdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Çanaqqala” deyiləndə əksər yaddaşsız və məfkurəsiz qövmün uadına yalnız bu addakı məşhur restoran düşür. Amma əvvəl-axır ayılmaq, qafaları işlətmək, milli mənsubiyyət kodlarına əhəmiyyət vermək lazımdır, əfəndi cənab yoldaşlar.

 

 Sizlərə bu gün növbəti ildönümü qeyd edilən Çanaqqala zəfəri barədə danışacağam. “Çanaqqala dəniz zəfəri və 18 Mart-Şəhidlər Anma Günü” – bu gün qardaş Türkiyənin təqvimində bu cür qeyd edilir, amma bu zəfər tək Türkiyə türklərinin deyil, bütün türklərindir.

Bu günlə əlaqədar Türkiyənin Çanaqqala şəhərində ənənəvi olaraq qəhrəman türk övladlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunur. Şəhidlərin xatirəsi ehtiramla yad edilir, abidənin önünə əklil qoyulur. Bu səhər də televiziya xəbərlərində bu mənzərəyə şahid olduq. Azərbaycanda da Şanaqqala zəfəri geniş qeyd edilir. Şəxsən dünən Azərbaycan Dillər Universitetində möhtəşəm bir tədbirə şahidlik etdim.

Çanaqqala 1915-1916-cı illərdə, Birinci Dünya müharibəsi zamanı Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini tam şəkildə həll etməkdə qərarlı idilər. Lakin bu hücumlar uğursuz oldu. Hər iki tərəf də çox ağır itkilər verdi. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də böyük məğlubiyyətə uğradı.

1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşlər müasir Türkiyə dövləti üçün tarixi əhəmiyyət daşıyır. Tarixi mənbələrə görə, Osmanlı ordusu Çanaqqala döyüşlərində 250 min şəhid verib. Döyüş zamanı 3 mindən çox azərbaycanlı da şəhid olub.

Allah bütün şəhidlərə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün 

 

Biz azərbaycanlılar xeyirdə də, şərdə də həmişə bir olmuşuq. Zaman-zaman bu birliyimizi içindən parçalamağa, yox etməyə çalışsalar da istiqanlı insanlarımızın qəlbindəki o ilahi işığı heç nə söndürə bilməyib. Necə deyərlər, xeyir şərə qalib gəlib. 

 

Bədxah qonşumuz olan ermənilər həmişə bizə qarşı nankorluq nümayiş etdiriblər. Gözəl Qarabağımıza göz dikiblər, Qərbi Azərbaycandan yerli camaatımızı öz dogma ata-baba yurdlarından didərgin salıblar. 30 ilə yaxın işğalda qalan Qarabağ və Şərqi Zəngəzur torpaqları Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sarsılmaz iradəsi və Müzəffər ordumuzun gücü ilə işğaldan azad olundu. Onda biz hamımız uşaqdan böyüyə qarabağlı olduq və bu möhtəşəm Zəfəri qazandıq. Bu gün isə hər birimiz Qərbi azərbaycanlıyıq və məqsədimizə doğru haqqımız, hüququmuz və aydın düşüncəmizlə irəliləyirik, dogma ata-baba torpaqlarımıza yenidən qayıtmaq eşqi, arzusu ilə yaşayırıq. Bu məqsədlə artıq Müzəffər Ali Baş Komandanımızın xeyir-duası ilə Qərbi Azərbaycan icmamız da yaranıb.

İndi qarşıdan xalqımızın qədim, əziz bayramı olan Novruz gəlir. Bu münasibətlə Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması təm-təraqqı ilə möhtəşəm bir tədbir keçirdi. Bu yazını yazarkən də o dinlədiyim, birgə rəqs etdiyimiz Zəngəzur yallısının sədaları hələ də qulağımda səslənir. 

Doğma kəndlərindən ayrılandan düz 37 il sonra Vətən həsrətilə təşkil edilmiş bu unudulmaz bayram tədbiri könül dünyamızda bir təlatüm yaratdı. Bu tədbir həm də bütün dünyaya bir mesaj kimi ötürüldü: Bax belə əl-ələ verib öz yurdumuza qayıdacağıq və bu yolda heç nə, heç bir maneə bizi yolumuzdan saxlaya bilməyəcək... 

Tədbiri Şəki kənd icmasının sədri AYB və AJB-nin üzvü şair-publisist Azadə Novruzova açıq elan edərək Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin soydaşlarına bayram təbrikini çatdırdı. Sonra Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eyni zamanda 37 ildir ki, məzarları ziyarət olunmayan Qərbi Azərbaycanlıların  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Möhtəşəm himnimiz səsləndirildi. Beləliklə, Zəngəzurda, o cümlədən, Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca - ilaxır çərşənbə” adlı tədbir açıq elan edildi. Onu da bildirək ki, bu səsi-sədası hələ uzun illər yaddaşımızda qalacaq tədbirin təşkilatçısı Şəki Kənd İcması idi. Çıxış edən icma üzvləri Məhərrəm müəllim, Yunis müəllim, Ələkbər müəllim, Nazmirə müəllimə, Novruz müəllim, Qadir həkim  qədim ata-baba yurdunda uşaqlıqdan gördükləri, yaşadıqları Novruz adətlərindən danışdılar. Bayram şənliyində Şəki kəndindən olan 13 şəhid ailələrinin doğmaları da iştirak edirdi.  

Tədbirdə öncə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edən süjet nümayiş olundu. Azadə xanım icmanın məqsədi, məramından danışdı. Və bu tədbirin birliyimizi nümayiş etdirən bir tonqal ətrafında toplanıb Şəki kənd icmasının timsalında yeni ilə daha inamla qədəm qoymaq istəyindən yarandığını söylədi. Azadə xanım bildirdi ki, 37 ildə ilk dəfədir ki, Şəki camaatı “BACA-BACA”-nı birlikdə keçirir. İlaxır çərşənbəsi olan “Baca-baca”da uşaq vaxtı nənələrimiz hər il bizə gözəl, naxışlı torbalar tikərdi. Biz də onu qapılara atıb, baca-baca payımızı alardıq. Tonqaldan atlanardıq, yumurta döyüşdürərdik…  

Tədbirdə təkcə Qarakilsə rayonunun Şəki kənd icmasının üzvləri deyil Azərbaycanın bütün bölgələrindən Qarabağdan, Zəngəzurdan, Bakıdan, Şəkidən, Şamaxıdan, Abşerondan, Göyçədən, Borçalıdan, Təbrizdən olan alimlər,  ziyalılar, həkimlər, şairlər, yazıçılar iştirak edirdilər. Bu mənzərəni belə ifadə edə bilərik ki, Şəki kəndinin qaladığı “BACA-BACA” tonqalının ətrafına bütöv Azərbaycan toplaşmışdı. Ocağınız daim belə gur yansın, Şəki İcması!  

Zəngəzurda Novruz adət-ənənələri, Baca-baca - ilaxır çərşənbə ilə bağlı məruzəni isə BDU-nun dosenti Məhəmməd Məmmədov etdi. 

Sonra söz AYB-nin Cənubi Azərbaycan bölməsinin rəhbəri yazıçı, şair, tərcüməçi Sayman Aruza verildi. Sayman müəllim Cənubi Azərbaycanda keçirilən Novruz ənənələrindən, xüsusilə, Baca-baca bayramından danışdı. Tarix üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhramov bildirdi ki, Şəki kəndinin 2 min il yaşı məlum olsa da onun tarixi hələ lap qədimlərə gedib çıxır. Bu qədim türk yurdunun çox zəngin maddi mədəniyyət abidələri var. Buradakı toponimlərin hamısı türk mənşəlidir. Sonra “Mənim ailəm” filminin ssenari müəllifi, tanınmış telejurnalist Bəhruz Niftəliyev çıxış etdi. Qeyd edək ki, filmin bir buraxılışı Şəki kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Əmir müəllimin (Bayramov Əmir Hətəmxan oğlunun) ailəsinə həsr edilib. Filologiya elmləri doktoru Almaz Ülvi Göyçədə Novruz ənənələrindən danışdı. Bu tədbirin yaratdığı xoş təəssüratlarının, əks-sədasının unudulmaz olacağını vurğuladı. Şəki kənd icmasının ağsaqqalı, Şəki kənd orta məktəbinin direktor müavini, dərs-hissə müdiri vəzifələrində çalışmış Əmir (Talıb) Bayramov da çıxışında qədim adətlərimizdən söhbət açdı. 

İcma ilə həmişə sıx, gözəl münasibətdə olan Xalq artisti Eldost Bayramın çıxışı tədbirə ayrı bir rəng qatdı. Eldost müəllim Qərbi azərbaycanlıların istiqanlılığı, qonaqpərvərliyi, daxili zənginliyindən ürəkdolusu danışdı. Bildirdi ki, bu qədim yurdun insanları söz sərrafıdırlar. Bura istedadlar məskənidi, bu şairlərin şeirləri insana başqa bir zövq verir. O, Azadə xanımım şeirlərinin içdən, candan yazıldığını, özünün də o şeirlərə ürəklə yanaşaraq tamaşaçılara böyük bir məhəbbətlə təqdim etdiyini vurğuladı. 

Tədbirdə Şəki rayonu, Yeni Azərbaycan Partiyası sədrinin müavini  əslən Qərbi Azərbaycandan (Əştərəkdən) olan Ziya Vəliyev də çıxış etdi. O, çıxışında 1918-ci il qırğınları zamanı Qərbi Azərbaycandan didərgin düşmüş və Şəki rayonunun eyniadlı Şəki və Daşbulaq kəndlərində məskunlaşmış icma nümayəndələrinin də təbrikini hər kəsə çatdırdı. “Dədə Ələsgər” İB-nin sədri Xətai Ələsgərli də çıxış edənlər arasında idi. Xətai müəllim hələ uzun müddət bu el şənliyinin xoş təəssüratında olacağını vurğulayaraq, təşkilatçılara öz təşəkkürünü bildirdi.

Bayram tədbirində “Nərgiz” rəqs qrupu milli rəqslərimizi təqdim etdi.    “İrəvan” ansamblı bir-birindən gözəl musiqi nömrələri ilə könülləri oxşadı. Ansamblın rəhbəri professor Maya Qafarova tədbirdə ürək sözlərini söylədi. Vüqar Mövlamovun qədim nəfəs alətləri ansamblı isə bütün iştirakçıları ayağa qaldırdı. Yəqin hələ uzun illər Zəngəzur yallısının səsi bizə bu tədbiri xatırladacaq...

Beynəlxalq müsabiqələr qalibi aşıq Ramin Qarayevin Dədə Ələsgərin yaradıcılığından səsləndirdiyi aşıq havaları da iştirakçılara gözəl bir ovqat bəxş etdi.  

Qeyd edək ki, tədbirin fonunda Qərbi Azərbaycanın, o cümlədən Şəki kəndinin qədim adət-ənənələrini özündə əks etdirən geniş sərgi açılmışdı. Sərgidə qədim məişət əşyaları, o cümlədən, xalca, palaz, kilim, xurcunlar, novruz şirniyyatlarına daxil olan İrəvan kətəsi, çöçə, çıppa, lavaş, yuxa, bayram xonçaları, həmçinin M.Dilbazi adına Poeziya Məclisinin rəhbəri, Kələğayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlının kələğayı, millli papaqlar və əl işləri də  nümayiş etdirilirdi.    

Tədbirin sonunda Şəki Kənd İcmasının sədri Azadə Novruzova prezidentimiz İlham Əliyevin çıxışlarına istinad edərək bildirdi ki, biz doğma, qədim ata-baba yurdumuz olan Qərbi Azərbaycanımıza mütləq qayıdacağıq. Öz elimizdə, obamızda, doğma Şəki kəndimizdə füsunkar Şəki şəlaləsinin ətəyində, Güllü bulaqda, Yağlı Güneydə, Darvaza döşündə, Fətişin hasarında qalanan Novruz tonqallarımızın alovu göyə yüksələcək, Baca-baca-ilaxır çərşənbəmizi əvvəlkindən də daha şövqlə qeyd edəcəyik.

"Baca-baca" mız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Murad Vəlixanov,  “Ədəbiyyat və incəsənət”  

 

Bu gün Novruz bayramı öncəsi son çərşənbə olan torpaq çərşənbəsi, başqa sözlə desək, ilaxır çərşənbəni qarşılayacağıq. Torpaq insan yaradılışının əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir rola malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının, baharın gəlişinin mifik kökləri etibarilə  dirilmə, canlanma anlayışını özündə əks elətdirir.

 

Axır çərşənbədə tonqal qalanması, şəkərbura, paxlava, şorqoğal kimi təamların xonçaya düzülməsi, səməni cücərdilməsi, plov bişirilməsi, qulaqpusma, şam yandırma, bayramlaşma, fala baxma kimi bir çox adət-ənənələr yerinə yetirilir. Sonuncu çərşənbə digər çərşənbələrə nəzərən daha maraqlı və təntənəli şəkildə qeyd edilir. Soyuqdan şaxtadan, olmazın əzab-əziyyətindən keçmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır.

Bir çox regionlarda İlaxır çərşənbə  qarşılanma və qeyd edilmə forması ilə  Novruzu belə geridə qoyur. Xüsusən, Qərb regionlarımızda bu belədir.

İlaxır çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gedər, su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və diləklər diləyərlər. İlaxır çərşənbənin gecə mərasimləri də maraqlı və dəbdəbəli keçir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, qapılara papaq atılır, qız-gəlinlər qulaq falına çıxırlar.  

Axır çərşənbədə şamlar yandırılır, bayram xonçası düzəldilir. El-obada camaatın gur yaşadığı və yığışdığı yerlərdə yumurtalar döyüşdürülür, digər xalq oyunları həyata keçirilir. İnsanlar məişətdə və təsərrüffatda köklü dəyişikliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib təmizlənər, yorğan-döşək gün altına sərilər, evdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, havası dəyişilər.

Kişilər də həyət-bacada əsaslı işlərə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-səhmana salınar, ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar,  ağacların dibləri bellənər.

Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazır vəziyyətə gətirilər.

Axır çərşənbənin özündən əvvəlki üç çərşənbədən fərqli qılan  önəmli cəhətlərindən biri də təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət edilməsi onun yekun akt olaraq dəyərləndirilməsi ilə bağlıdır. Çünki ilaxır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş-yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi ilaxır çərşənbəyə həvalə olunur.

BAYRAMINIZ MÜBARƏK!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Çərşənbə axşamı, 18 Mart 2025 12:46

Günün fotosu: Bu gün Tramp Putinlə danışacaq

Günün fotosu: Bu gün Tramp Putinlə danışacaq

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Foto: AP

 

Bu gün - martın 18-də ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışacaq. 

Bu barədə Tramp ötən gün jurnalistləri bilgiləndirmişdir. 

Telefon danışığında tərəflər Ukrayna ilə Rusiyanın apardığı müharibədə atəşkəs elan edilməsi, elektrik stansiyaları və yerin təki mövzularını gündəmə gətirəcəklər. 

Kremldə danışıqlar olacağı təsdiqlənmişdir. 

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Yuxu - şüurumuzun sərhədləri aşdığı, zamanın öz hökmünü itirdiyi, məkanın yox olduğu həmin o izafi sahədir. Biz bura düşəndə bədənimiz, eləcə də bütün materiya bizə aid deyil. Hətta düşüncəmiz belə bizə aid deyil.

 

Yuxu bəlkə də Tanrının insana bəxş etdiyi ən sirli, ən paradoksal bir nemətdir. Ölümə bənzəyir, amma həyatın içindədir.. Həqiqətə bənzəyir, amma sadəcə bir illuziyadır..

Bəzən biz yuxularımızda daha real yaşayrığ. Hisslərimiz daha kəskin, daha güclü olur. Qorxularımız daha əzici olur. Orada özümüzə, həyatımıza, bəlkə də, heç vaxt deməyə cəsarət etmədiyimiz həqiqətləri etiraf edirik. Amma səhər açılır, günəş bizimçün yenidən yerini dəyişdikdə bütün o həqiqətlər buxarlanıb yox olur. Biz yuxunu unutmaq üčün tələsirik, çünki əgər onu xatırlasaq, gerçəkliyin saxtalığını dərk edəcəyik.

Görəsən, buz yuxularmıza nə qədər inanmalıyıq? Yuxular bizim şüurmuzla təhtəlşüurumuzun inhikasıdır, yoxsa fövqəltəbii bir hadisədir? Onlar bizə gələcəyi gostərir, yoxsa sadəcə, şüurmuzun bizimlə oynadığı bir hiylədir?

Amma mən düşünürəm ki, yuxular bizim ruhumuzun həqiqətən azadlığda olduğu andır. Biz yatanda o "bədən" adlı qəfəsdən çixır və sərhədsiz bir dünyada səyahətdə olur. 

Bəzən istəyirsən ki, heç oyanmayasan. Çünki yuxular gerçəklikdən daha daha gerçəkdir. O dünya daha az ədalətsiz, daha az qəddar və daha az riyakar görünür. Bəlkə də həyat bir yuxu, yuxular isə bir reallığdır. 

Ya da biz sadəcə ölmədiyimizi özümüzə sübut etmək üçün səhərlər oyanırıq.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

 

 

Çərşənbə axşamı, 18 Mart 2025 14:34

MARAQ DÜNYASI: İki elm sahəsində Nobel alan qadın kimdir?

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

“Maraq dünyası” rubrikasında növbəti söhbətimiz Nobel mükafatçısı barədə olacaq. Mariya Skladovska adı sizə nəsə dedimi? Qeyd edək ki, Polşa əsilli Mariya Skladovska- Küri  iki fərqli elm : fizika (1903) və kimya (1911) sahəsi üzrə Nobel mükafat qazanan ilk və yeganə qadındır.

 

Mariya Skladovska - Küri 1867-ci ildə Polşada dünyaya gəlmişdir, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülmüşdür. 1903-cü ildə Henri Bekkerellə və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel Mükafatı qazanmış və daha sonra 1911-ci ildə kimya üzrə Nobel mükafatının tək laureatı olmuşdur - Radium elementini kəşf etmişdir.

Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Həmçinin, Nobel mükafatına ilk dəfə iki dəfə layiq görülmüş yeganə qadındır. Qeyd edək ki, Polşa əsilli Mariya  Küri  iki fərqli elm : fizika (1903) və kimya (1911) sahəsi üzrə Nobel mükafat qazanan ilk və yeganə qadındır.

 

Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir. Həyat yoldaşı Pyer Küri ilə birlikdə polonium və radium elementini kəşf etmişdir.

Süni radioaktivliyin kəşfindən bir neçə ay sonra, 1934-cü ildə Mariya Küri şüalanmanın doğurduğu qan xərçəngindən (leykemiya) dünyasını dəyişmişdir.

Bir gün Mariya Küri həyat yoldaşı Pyer Küri ilə bir tədbirdən çıxır. Qapıda Mariyanın gözü bir qadının boyunbağısına sataşır. Bu məqam ərinin diqqətindən yayınmır. Evə gələndən sonra Mariya Pyeri kefsiz görür. Mariya nə olduğunu soruşanda Pyer deyir:

- O qadının boyunbağısına necə baxdığını gördüm. Biz sənin də qadın olduğunu tamam unutmuşuq.

Mariya:

- Doğrudan da çox gözəl və bahalı bir zinət əşyası idi. Mən baxıb düşünürdüm ki, bunun puluna nə qədər labaratoriya yaratmaq olar.

 

 “Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Çərşənbə axşamı, 18 Mart 2025 15:09

PORTAL AKADEMİYASINDA - Riçard Brenson, «Çılpaq biznes»

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.

Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək.

 

Riçard Brenson. «Çılpaq biznes»

Tanınmış ingilis biznesmeni, Virgin kompaniyasının sahibi Ser titullu Riçard Brensonun bu kitabı öz biznesinin yaranma tarixinə və onun idarə olunması xüsusiyyətlərinə həsr olunub.

Burada uğura gedən yol hər bir səhvlərlə, nöqsanlarla birgə göstərilib. Kitabın ən dəyərli məziyyəti isə odur ki, o, Ser Riçardın gündəlikləri əsasında yaranıb. Müəllif gündəliklərini necə var, o cür də, bəzək-düzəksiz və ixtisarsız kitab halına gətirərək molyonların ixtiyarına buraxıb. Onun kitabdakı qiymətli sitatları isə beyinlərə çox rahat həkk olunur.

 - Ehtiyatlı olmaq vacibdir, amma astagəl olmaq təhlükəlidir.

 - Hər şeyi mürəkkəbləşdirmək cəhdi sizin düşməninizdir. Mürəkkəb bir  situasiya yaratmağı hamı bacarır. Amma sadə bir şey etmək çox çətindir.

 - Ən nəhəng brend olmaq cəhdi mənasızdır. Daha vacibi ən hörmətedilən brend olmaqdır.

 - Pul müvəffəqiyyətin pis göstəricisidir. Ondan pisi yalnız şöhrətdir.

 - Əsl liderlik keyfiyyəti odur ki, rahat və aydın şəkildə izah edə biləsən ki, nə səbəbə bu və ya digər qərarı qəbul etmisən.

 - Bir dəfə sizi tapmış uğur bütün ömrünüz boyu sizi yemləyə bilməz.

 - Mənəviyyat – biznesdə heç də boş səda deyil. Onda bütün əsas mənalar var.

 - Mənim can atdığım ən vacib şey kiməsə verdiyim sözün üstündə dura bilməyimdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

 

Çərşənbə axşamı, 18 Mart 2025 16:37

Heç bir şey səbəbsiz deyildir - ESSE

Gülnaz, “Ədəbiyyat və incəsənət”

 

Sirli qapılarını üzümüzə açan yuxular aləmi gah bizi real dünyada imiş kimi aldadır, gah fantastik macəralarda gəzdirib əyləndirir. Bəzən duyğularımıza təsir edərək oyandıqdan sonra da bizi tərk etməz, bəzən də sözlərinin bir əhəmiyyəti olmayan insanlar kimi təsirsiz ötüşər.

 

Fani dünyanı da tez-tez xatırladan nağıllara bənzər bu aləmdə insan sonunu anır, nə vaxtsa qapını döyəcləyən o gizlin, həm də aşkar məqam tozlanmış, unudulmuş bir fotoya çevrilib sanki bir cüt göz imiş kimi səni izləyir. Hərdən zoonomik, hərdən mifik varlıqlarla çarpışdığımız olur ki, əksər hallarda şərin xeyrə qalib gələcəyindən qorxub ağ qoça minməyimiz gəlir. Kim bilir, Həyat qorxu üzərində qurulduğu üçün o qorxunu unutmağa icazə verməyən qüvvələrdən biri, dərs götürəcəyimiz kiçik bir kitabdır bəlkə də...

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Yazıçı-tərcüməçi Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabı nəşr olundu. Fantastik janrda yazılmış “Yerdələnin birinci mərtəbəsi”nin müəyyən məqamlarda gerçək həyatla səsləşir. Burada hadisələr yerin altında tikilmiş 100 mərtəbəli binada cərəyan edir. Əsərin qəhrəmanı azadlığa can atır, Yerdələndə dolaşan söz-söhbətə inanmır və ən əsası, bədənindən sovrulub çıxarılan müəmmanı geri qaytarmağa çalışır.

 

Kitaba müəllifin retrospektiv tərzdə yazdığı daha bir povesti – “Axırıncı yol qəhvəxanası”, həmçinin üç hekayəsi daxil edilib.

“Zərdabi Nəşriyyatı”nda dərc olunan povest və hekayələr toplusunun Ön söz müəllifi Qulu Ağsəsdir.

“Ədəbiyyat və incəsənət” portalı Qulu Ağsəsin yazdığı ön sözü sizlərə təqdim edir.

 

NƏSRİN ... MƏRTƏBƏSİ

“Diqqət, diqqət! Yupiterin atmosferinə daxil oluruq. Toqquşmaya hazır olun...” – Məmməd Məmmədli povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını mənə çatdıranda gözüm ilk bu cümlələri aldı, ardınca müəllif bərk-bərk tapşırdı ki, əsəri başdan ayağa deyil, ayaqdan başa (!) nəzərdən keçirim. “Qarabasma” janrında qələmə alınmış “Yerdələnin birinci mərtəbəsi” mənə elmi-fantastik-bədii nümunədən daha çox pandemiya günlərini xatırlatdı və özümü yenidən dörd divar arasına məhkum elədim:

“Bu dəmdə,

Quşlar səkidə gəzir,

Adamlar damda...”

Məmmədin yaratdığı əsas obraz torpağın altından üstünə can atır, Günəşi, səmanı, yeri görmək istəyir.

Eynilə karantində:

doğmalarını,

həyət-bacanı,

çayxananı,

hətta sevmədiklərini belə,

bağrına basmağa təşnə olan COVID-19 məhbusları kimi!

Təsadüfdü, ya nəydisə, mərhum alimimiz Arif Əmrahoğlunu xatırladım. Daha doğrusu, onun dilimizdə “hördüyü” “Yeddinci mərtəbə”ni:

adi bir mərəzdən ötrü (yaxşı tanımadığı) şəhər xəstəxanasının yeddinci mərtəbəsində yüngülcə müalicə alan,

hər dəfə bir bəhanəylə aşağı endirilən,

hər qatda sağlıq durumu daha da pisləşən,

birinci mərtəbədə həyatla vidalaşan qəhrəmanın

(bəlkə qorxağın?!)

hekayəti başdan-ayağa

(bu dəfə ayaqdan başa yox!)

rəmzlərlə nağıl olunduğundan uzun müddət onun təsirindən çıxa bilməmişdim.

Söhbət Dino Butsatidən gedir. İtalyan yazıçısından.

Məmməd Məmmədli bu hekayənin astarını yazıb.

Amma Məmməd italyan deyil. İspandı.

Ciddi deyirəm.

Onun gözəl tərcümələri var. “Ulduz” jurnalında da dərc eləmişik, ayrıca kitab kimi də! “Ulduzlu nəşrlər” seriyasında gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin ispandilli ədiblərin yaradıcılığından çevirdiyi əsərləri “Ay işığı” adı altında çapa vermişdik. 2019-cu ildə “Ay işığı” kimlərin üzünə düşməmişdi:

X.Serkas,

Q.Bekker,

V.İbanyes,

X.Rulfo...

Gördünüzmü, Məmməd həqiqətən ispandı.

Tərcüməçi-yazıçı indi defisin yerini dəyişib: yazıçı-tərcüməçi olur.

Olsun.

Yeni kitabını oxumağa dəyər.

Mən bir əsərindən danışdım, siz hamısına baxarsınız.

Kitaba dikiləndə nəzər nöqtəsi dəyişir.

Məmmədə bircə iradım var. Adı soyadındandı. Növbəti kitabda nəhayət ki, özünə təxəllüs götürsün.

Vəssalam.

Nəsrin ... mərtəbəsinə xoş gəldin!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

56 -dən səhifə 2129

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.