İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın 2025-ci il Gənclər paytaxtı seçilmiş Sumqayıt şəhərində yaradıcı insanlarla görüşlərin keçirilməsi ənənə halı alıbdır.
Milli Məclisin deputatı Səbinə Salmanovanın təşkilatçılığı ilə keçirilən “Gənclər Paytaxtı Sumqayıtda Poeziya Günü” adlı tədbir maraqla qarşılanıbdır.
Muğam mərkəzində təşkil olunan görüşdə Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi sumqayıtlıların qonağı olublar.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, Sumqayıt təkcə sənaye şəhəri kimi deyil, həm də mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişaf etdiyi bir məkana çevrilib. Zakir Fərəcov şəhərdə son illərdə həyata keçirilən abadlıq və quruculuq işlərinin, o cümlədən mədəniyyət müəssisələrinin yenidən qurulmasının Sumqayıtda yaradıcı mühitin daha da canlanmasına təkan verdiyini vurğulayıb. Şəhər rəhbəri qeyd edib ki, Sumqayıtda keçirilən bu kimi tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirir, onların ədəbiyyata, incəsənətə marağını artırır.
Deputat Səbinə Salmanova təşkil edilən tədbirin məqsədi haqda ətraflı danışaraq Sumqayıtdakı yaradıcı mühitin xüsusilə son dövrlərdə xeyli canlandığını vurğulayıb, genişmiqyaslı layihələrin gerçəkləşdirildiyi şəhərin sürətli inkişaf dövrünü yaşadığını diqqətə çatdırıbdır.
Deputat qeyd edib ki, son dövrlərdə Sumqayıtın vəsf olunduğu çox sayda şeir, mahnı, bədii və rəsm əsərləri yaradılıb.
Daha sonra çıxış edən Xalq artisti Rasim Balayev, Xalq şairləri Vahid Əziz və Sabir Rüstəmxanlı, həmçinin Rüstəm Behrudi, İbrahim İlyaslı digər natiqlər şəhərin ədəbi həyatı haqqında fikirlərini bildiriblər.
Xalq şairi Nəriman Həsənzadənin videomüraciəti də alqışlarla qarşılanıbdır.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam edibdir.
“Ədəbiyyat və incəsənət”
(18.03.2025)