Gördünüzmü, Məmməd həqiqətən ispandı – QULU AĞSƏS Featured

Yazıçı-tərcüməçi Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabı nəşr olundu. Fantastik janrda yazılmış “Yerdələnin birinci mərtəbəsi”nin müəyyən məqamlarda gerçək həyatla səsləşir. Burada hadisələr yerin altında tikilmiş 100 mərtəbəli binada cərəyan edir. Əsərin qəhrəmanı azadlığa can atır, Yerdələndə dolaşan söz-söhbətə inanmır və ən əsası, bədənindən sovrulub çıxarılan müəmmanı geri qaytarmağa çalışır.

 

Kitaba müəllifin retrospektiv tərzdə yazdığı daha bir povesti – “Axırıncı yol qəhvəxanası”, həmçinin üç hekayəsi daxil edilib.

“Zərdabi Nəşriyyatı”nda dərc olunan povest və hekayələr toplusunun Ön söz müəllifi Qulu Ağsəsdir.

“Ədəbiyyat və incəsənət” portalı Qulu Ağsəsin yazdığı ön sözü sizlərə təqdim edir.

 

NƏSRİN ... MƏRTƏBƏSİ

“Diqqət, diqqət! Yupiterin atmosferinə daxil oluruq. Toqquşmaya hazır olun...” – Məmməd Məmmədli povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını mənə çatdıranda gözüm ilk bu cümlələri aldı, ardınca müəllif bərk-bərk tapşırdı ki, əsəri başdan ayağa deyil, ayaqdan başa (!) nəzərdən keçirim. “Qarabasma” janrında qələmə alınmış “Yerdələnin birinci mərtəbəsi” mənə elmi-fantastik-bədii nümunədən daha çox pandemiya günlərini xatırlatdı və özümü yenidən dörd divar arasına məhkum elədim:

“Bu dəmdə,

Quşlar səkidə gəzir,

Adamlar damda...”

Məmmədin yaratdığı əsas obraz torpağın altından üstünə can atır, Günəşi, səmanı, yeri görmək istəyir.

Eynilə karantində:

doğmalarını,

həyət-bacanı,

çayxananı,

hətta sevmədiklərini belə,

bağrına basmağa təşnə olan COVID-19 məhbusları kimi!

Təsadüfdü, ya nəydisə, mərhum alimimiz Arif Əmrahoğlunu xatırladım. Daha doğrusu, onun dilimizdə “hördüyü” “Yeddinci mərtəbə”ni:

adi bir mərəzdən ötrü (yaxşı tanımadığı) şəhər xəstəxanasının yeddinci mərtəbəsində yüngülcə müalicə alan,

hər dəfə bir bəhanəylə aşağı endirilən,

hər qatda sağlıq durumu daha da pisləşən,

birinci mərtəbədə həyatla vidalaşan qəhrəmanın

(bəlkə qorxağın?!)

hekayəti başdan-ayağa

(bu dəfə ayaqdan başa yox!)

rəmzlərlə nağıl olunduğundan uzun müddət onun təsirindən çıxa bilməmişdim.

Söhbət Dino Butsatidən gedir. İtalyan yazıçısından.

Məmməd Məmmədli bu hekayənin astarını yazıb.

Amma Məmməd italyan deyil. İspandı.

Ciddi deyirəm.

Onun gözəl tərcümələri var. “Ulduz” jurnalında da dərc eləmişik, ayrıca kitab kimi də! “Ulduzlu nəşrlər” seriyasında gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin ispandilli ədiblərin yaradıcılığından çevirdiyi əsərləri “Ay işığı” adı altında çapa vermişdik. 2019-cu ildə “Ay işığı” kimlərin üzünə düşməmişdi:

X.Serkas,

Q.Bekker,

V.İbanyes,

X.Rulfo...

Gördünüzmü, Məmməd həqiqətən ispandı.

Tərcüməçi-yazıçı indi defisin yerini dəyişib: yazıçı-tərcüməçi olur.

Olsun.

Yeni kitabını oxumağa dəyər.

Mən bir əsərindən danışdım, siz hamısına baxarsınız.

Kitaba dikiləndə nəzər nöqtəsi dəyişir.

Məmmədə bircə iradım var. Adı soyadındandı. Növbəti kitabda nəhayət ki, özünə təxəllüs götürsün.

Vəssalam.

Nəsrin ... mərtəbəsinə xoş gəldin!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.