Bu gün Novruzun axır çərşənbəsidir - torpaq çərşənbəsi Featured

 

Murad Vəlixanov,  “Ədəbiyyat və incəsənət”  

 

Bu gün Novruz bayramı öncəsi son çərşənbə olan torpaq çərşənbəsi, başqa sözlə desək, ilaxır çərşənbəni qarşılayacağıq. Torpaq insan yaradılışının əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir rola malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının, baharın gəlişinin mifik kökləri etibarilə  dirilmə, canlanma anlayışını özündə əks elətdirir.

 

Axır çərşənbədə tonqal qalanması, şəkərbura, paxlava, şorqoğal kimi təamların xonçaya düzülməsi, səməni cücərdilməsi, plov bişirilməsi, qulaqpusma, şam yandırma, bayramlaşma, fala baxma kimi bir çox adət-ənənələr yerinə yetirilir. Sonuncu çərşənbə digər çərşənbələrə nəzərən daha maraqlı və təntənəli şəkildə qeyd edilir. Soyuqdan şaxtadan, olmazın əzab-əziyyətindən keçmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır.

Bir çox regionlarda İlaxır çərşənbə  qarşılanma və qeyd edilmə forması ilə  Novruzu belə geridə qoyur. Xüsusən, Qərb regionlarımızda bu belədir.

İlaxır çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gedər, su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və diləklər diləyərlər. İlaxır çərşənbənin gecə mərasimləri də maraqlı və dəbdəbəli keçir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, qapılara papaq atılır, qız-gəlinlər qulaq falına çıxırlar.  

Axır çərşənbədə şamlar yandırılır, bayram xonçası düzəldilir. El-obada camaatın gur yaşadığı və yığışdığı yerlərdə yumurtalar döyüşdürülür, digər xalq oyunları həyata keçirilir. İnsanlar məişətdə və təsərrüffatda köklü dəyişikliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib təmizlənər, yorğan-döşək gün altına sərilər, evdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, havası dəyişilər.

Kişilər də həyət-bacada əsaslı işlərə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-səhmana salınar, ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar,  ağacların dibləri bellənər.

Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazır vəziyyətə gətirilər.

Axır çərşənbənin özündən əvvəlki üç çərşənbədən fərqli qılan  önəmli cəhətlərindən biri də təmtəraqlı, zəngin ayin və rituallarla müşayiət edilməsi onun yekun akt olaraq dəyərləndirilməsi ilə bağlıdır. Çünki ilaxır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş-yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi ilaxır çərşənbəyə həvalə olunur.

BAYRAMINIZ MÜBARƏK!

 

“Ədəbiyyat və incəsənət”

(18.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.